Super User

Super User

Çərşənbə, 14 Fevral 2024 09:00

Şəhidlər barədə şeirlər – Kamran Kazımov

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Kamran Kazımova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

KAMRAN QURBANƏLİ OĞLU KAZIMOV

(07.12.1990.-05.10.2020.)

 

Əslən Ucar rayonunun Bərgüşad kəndindən olan Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsini şəhidi.

 

               “KOBRA” LƏQƏBLİ KAMRAN

 

Necə  qorxmaz idi, cəsarətliydi,

Məğrurdu, cəsurdu, mətanətliydi,

Dostluqda saf idi, sədaqətliydi,

Düşməni məhv etdi, vermədi aman,

Baş leytenant, “Kobra” ləqəbli Kamran.

 

Bu peşəni uşaqlıqdan seçmişdi,

Pillələri addım-addım keçmişdi.

İntiqamı almağa and içmişdi,

Torpaq intiqamı olur çox yaman,

Baş leytenant, “Kobra” ləqəbli Kamran.

 

Atası da onun zabit olmuşdu,

Qeyrətli, namuslu  igid olmuşdu.

Atadan nəsihət, öyüd almışdı,

-Çalış oğlum, çalış, dayanmır zaman,

Baş leytenant, “Kobra” ləqəbli Kamran.

 

Kamrangil məhv etdi nankor düşməni,

Azad eylədilər ana Vətəni,

Qovdular biryolluq “Yoldanötəni”

Dağıldı buludlar, çəkildi duman-

Baş leytenant, “Kobra” ləqəbli Kamran.

 

Necə vətənpərvər, necə də ərdi,

Şəhidlik  qismətmiş, onu da gördü,

Cənnətdən solmayan çiçəklər dərdi,

Oldu çox yaraya, mərəzə dərman-

        Baş leytenant, “Kobra” ləqəbli Kamran.

 

Kamranlar anlatdı  nədir ləyaqət?

Vətən üçün ölüm – şərəf, səadət.

Qalıb üç övladı bizə əmanət,

Ərtoğrul, Kamrana, bir də ki, Aydan,

Baş leytenant, “Kobra” ləqəbli Kamran.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

 

Çərşənbə, 14 Fevral 2024 12:30

“Səslər” - SİRLİ-SEHİRLİ DÜNYA

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Səkkiz-doqquz yaşlarındaydım. Sıradan bir yay gecəsiydi və hər şey o gecənin səssizliyində başlamışdı. Yatağıma daxil olduqdan bir neçə dəqiqə sonra, baş vermə səbəbinin hər zaman sirli qalacağı səslər eşitməyə başlamışdım. Həm də necə səslər... Heç kəsin bircə dəfə də eşitmək istəməyəcəyi müdhiş səslər... 

Qorxudan tab gətirə bilməyib atamdan soruşmuşdum:

 

-Bu nə səslərdir ata?

 -Nə səsləri oğlum?

-Eşitmirsənmi, ata?

-Xeyr, oğlum.

-Axı mən eşidirəm. Özü də olduqca dəhşətli səslər...

  - Məsələn nə? Hansı səsləri, oğlum?

  - "Yanıram, kömək edin", "İlahi bağışla bizi", "Öldüm Allah", “Offf bu nə bəladır biz düşmüşük” və yüzlərcə fərqli səslər, bağırtılar, fəryadlar...

 

 Atam heç bir səs eşitmədiyini israrla vurğuladıqca mən daha da həyacanlanmaqdaydım... 

  -Oğlum, heç bir səs falan yoxdur deyərək, bir neçə dəqiqə saçlarımı tumarlayan atam məni yatızdırmağa çalışırdı. 

Hər nə qədər sağa-sola vurnuxsam da səslər getdikcə çoxalmaqda, fəryadlar daha da yüksəlməkdəydi... 

 

 Səsləri eşitdiyim ilk gün hər nə qədər təəcüblənsəm də özümə təsəlli verərək hər şeyin keçib gedəcəyini düşünmüş, yuxulamışdım... Amma ertəsi gün yanıldığımı anlamış, eşitdiklərim ikiqat artmışdı...

 

  - Ana, sən də eşidirsənmi? 

  - Nəyi oğlum? 

  - Ehhh, doğrudan heç nə eşitmirsən? 

  - Səndən başqa nə eşitməliyəm ki... 

Atama dediklərimi anama da söyləmiş, o da eyni reaksiya verərək məni zərif barmaqları ilə sığallayaraq yatızdırmağa çalışmışdı... 

Səsləri güc-bəla ilə yuxulayana kimi eşitməyə davam etmişdim... 

Artıq iki gündür ki, o vahiməli səsləri eşitməkdəydim və bu minvalla beş-altı gün daha sürəcəkdi... Və hər şey anidən başladığı kimi bir andaca  bitmişdi… 

Aradan otuz iki il keçməsinə baxmayaraq  o səslərin nə olduğu, haradan gəldiyi məni hələ də düşündürməyə vadar edir və çox güman ki, məzara kimi də vadar edəcəkdir... Bir çoxlarına yaşadıqlarımı anlatsam da heç kəsdən tutarlı cavab ala bilməmək daha da üzməkdədir məni... Tanrıdan başqa kimsənin bilməyəcəyi, milyardda bir insana nəsib olacağı və bəlkə də məndən başqa heç kimsəyə qismət olmayacaq bir şeylə qarşılaşmışam mən... (Özümü digərlərindən fərqləndirmək niyyətim yoxdur, üstünlükdən söhbət belə gedə bilməz. Sadəcə və sadəcə yaşadıqlarımı qələmə almaq, sizlərlə paylaşmaq və sizlərdən hər hansı bir məsləhət almaqdır məqsədim…)

 

Görəsən nə idi o səslər? 

 

Hər hansı bir texniki cihazı sadəcə mənim qulağıma yönləndirərək müəyyən məqsədlərlə istifadə edirdilərmi? Mən bir eksperiment obyektinəmi çevrilmişdim? Azyaşlıdan nə istəyə bilərdilər ki... 

Kim bilir bəlkə də bir istədikləri varmış və məqsədlərinə nail olduqdan bir neçə gün sonra yaxamdan əl çəkmişdilər...

Ehtimallarım içində səma qapılarının üzümə açıldığı  və cəhənnəm sakinlərinin fəryadlarının mənə eşitdirilməsi də xüsusi mövqe tutmaqdadır. Hər nə qədər uşaq olsam da ilahi bir güc tərəfindən mənə xəbərdarlıq edildiyini zənn edirəm...

Həyatını doğru yaşa ki, oradakı əzablara düçar olmayasan xəbərdarlığını... Və ən əsas da insanları bu həqiqətlərdən agah et. Kim mənə inanacaq ki, hətta öz valideynlərim belə bu səslərin sadəcə ötəri bir şey olduğunu, ümumiyyətlə heç olmadığını söyləməkdəykən... 

 

“Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!”

(Bəqərə surəsi/ayə 7)

 

 Amma bir həqiqət var ki, eşitdiklərim bir həqiqət idi... Onu inkar etmək günəşin varlığını danmaq qədər kor olmamı gərəkdirir... Və Tanrı şahiddir ki, bu həqiqətləri yaymaqdan heç zaman bir addım da geri atmadım və atmayacağam da... 

Mənim həqiqətim bir çoxlarının cənnətini cəhənnəmə çevirəcək və bir çoxlarının cəhənnəmini cənnətə... 

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

Çərşənbə, 14 Fevral 2024 10:30

Gödək ayın 13-ü… - ƏKBƏR QOŞALI YAZIR

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair və publisit Əkbər Qoşalının növbəti siyasi şərhini diqqətinizə çatdırır. 

 

Ermənistan yenə atəşkəsi pozdu; Dəmir Yumruğun cavabı  yenə gecikmədi.

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Ermənistan ordusunun (Qafanın Nerkin-And yaşayış məntəqəsi yönündən) açdığı snayper atəşi ilə əsgər Pərviz Xəlilzadənin yaralanmasına cavab olaraq “qisas əməliyyatı” həyata keçirib. Təsirli “qisas əməliyyatı” nəticəsində məhv edilmiş erməni hərbçilərinin adları da artıq bəllidir. Ermənistan tərəfi özü etiraf edib ki, fevralın 13-ü - gödək ayın nəhs günü əvəzçıxma qara sevdalıları üçün doğrudan da nəhs gün olub (Necə ki olmalıydı)!

Zərərsizləşdirilən erməni hərbçiləri bunlardı:

Qaqik Varazdatoviç Manukyan (1982),

Eduard Hamletoviç Arutyunyan (1974),

Arsen Qaqikoviç Hambartsumyan (1979),

Hraçya Talışeviç Hovhannisyan (1957).

Üstəgəl, daha bir erməni hərbçisi yaralanıb (Bu sətirlər yazılarkən başqa bir erməni hərbçisinin – “Yerkrapa” Könüllülər Birliyinin üzvü, 1984-cü il təvəllüdlü Qor Razmikoviç Asatryanın da cəhənnəmə vasil olma xəbəri yayıldı). –

Belə bir sual yaranır: ilin-günün bu vaxtında bu itkilər Ermənistana lazımıydımı? Lazımıydısa, Ermənistanda hansı zümrə, hansı qol, hansı qanad bunu edib və nə üçün? Ağla gələn ilk üç versiya belədir:

1)      Bu, Paşinyan hökumətinin, Ermənistan siyasi-hərbi rəhbərliyinin bilgisi daxilində baş tutub;

2)      “Beşinci kolon” – “Köçəryan-Sarkisyan qanadı” qanadlanmağa çalışıb;

3)      Bu, bir özfəaliyyətdir – lokal olaydır.

 

Bəlkə, dördüncü bir versiya da bulmaq olar; ancaq dördüncü-beşinci versiya olsun ya olmasın – bizə atəş açılıb və atəş özünü müstəqil ölkə hesab edən Ermənistan dövlətinin ərazisindən açılıb. Biz öz versiyamızı səsləndirə bilərik, bir başqsı ayrı bir versiyaya üstünlük verə bilər – bunlar durumu dəyişməz. O atəş açan ermənin əlinə avtomatı, ağzına siqareti mənmi vermişəm? Ona postu mənmi qurmuşam və mənmi onun adını “ştatka”ya salıb, maaş verirəm? “Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa”! – Müzəffər Ali Baş Komandan İlham Əliyevin hələ 2020-ci ilin 20 noyabrında dediyi bu sözlər öz güncəlliyini saxlayır. Və məsələn, bizdən fərqli olaraq, 1918-ci ildən daha çox 1991-ci il vurğusu edən Ermənistan hakimiyyəti siyasi varisi olduğu ilk müstəqil erməni dövlətinin hansı ərazilərə malik olduğunu unutmamalıdır. 1918-ci ildə zar-zor 9 min kv.km ərazidə qurulmuş ilk erməni dövlətinin 1991-ci ilədək necə 29 min kv.km-ə yaxın əraziyə sahib olması sualının idrakı üçün bütün erməni ictimai-siyasi mühiti, Ermənistan cəmiyyəti düşünməlidir. Bununçün onlara nə lazımdır, görəsən? Bəlkə, Dəmir Yumruq? Yoxsa, yenə giyişir, qaşınırlarmı?

 

Bu arada, Avropa Şurasının baş katibi Ermənistan-Azərbaycan şərti sərhədində baş verən son atışmalarla bağlı rahatsızlığını bildirib. Xanım Mariya Pejçinoviç-Buriç “X” sosial şəbəkəsindəki paylaşımı mənə köhnə havaları – üç onillik boyu işğalçıyla işğala məruz qalanın bərabər tutulmasını xatırlatdı. –“Ermənistan-Azərbaycan sərhədində atışma xəbərləri bizi rahatsız edir. Biz hər iki tərəfi güc tətbiq etməkdən çəkinməyə çağırırıq. Dialoq davamlı sülhə aparan yeganə yoldur”.  Aha!.. Dialoq davamlı sülhə aparan yeganə yoldu da, bəs nə əcəb, ilk atəşi kimin açmasının üstündən belə xəfif-xəfif keçilir? Bəs həmin Avropa Şurasının Parlament Assambleyası ötən ay sanki “erməni yuvası”na dönüb də, Azərbaycanın səsvermə hüququnu məhdudlaşdırınca, əcaba, nə düşünürdü? – Davamlı dialoqmu? Barışıqmı? – İşğalçını əzizləyib, illər sonra daxili imkanlar hesabına işğala son vermiş dövləti dışlamaq çoxmu ühulət-suhulətli hərəkətdir?

Bəs bir daha belə halların baş verməməsi üçün nə etməli?

Bu sətirlərin yazarı hələ II Qarabağ müharibəsi başlamamışdan öncə yazıb-paylaşdığı, dövri mətbuatda yayımlanan “Ermənistanın qeyd-şərtsiz Təslim Aktı”nda “bufer bölgə” və b. vurğular etmişdi.

Hesab edirik ki, Ermənistan uzaqvuran toplar, uzunmənzilli (idarə olunan) raketlər saxlamaq hüququndan məhrum qalmalıdır.

Ermənistanın Azərbaycanla sərhədləri boyu 20 km dərinliyində silahsızlaşdırılmış bölgələr olmalıdır. Silahsızlaşdırılmış bölgələrdə yalnız yerli əhalinin sosial-məişət planında asayişini təmin etməkçün sınırlı yüngül silahlı polis patrul xidmətinin mövcudluğu qəbul edilə bilər.

Ermənistan 4 minə yaxın azərbaycanlı əsir-girovun taleyinə konkret zaman zərfində tam aydınlıq gətirməli, müharibə canilərini, o cümlədən Köçəryan-Sarkisyan cütlüyünü Azərbaycan ədalət məhkəməsinə təhvil verməlidir.

Ermənistan işğala, dağıntılara, insan təlafatına görə Azərbaycandan üzr istəməlidir.

Ermənistan öz ərazisindəki terrorçu abidələrini, o cümlədən qondarma “erməni soyqırımı abidəsi”ni sökməlidir. Ermənistan dövləti struktur, ideologiya, vəzifə-məqsəd və digər kateqoriyalar, əməli çalışma sahələri üzrə zəruri söküntüyə uğramalıdır.

Ermənistan tərəfi beynəlxalq erməni diaspor və lobbi güclərinin hər hansı pozuculuq hərəkətlərində iştirak etməyəcəyinə, onları belə hərəkətlərdən çəkindirəcəyinə dair öhdəlik götürməlidir.

Ermənistan tərəfi qəti şəkildə üzərinə götürməlidir ki Azərbaycan torpaqlarının bir hissəsini işğal altında tutduğu illər üzrə dəymiş maddi, mənəvi ziyanın qarşılınmasını və (neytral qiymətləndiricilərin də daxil olduğu xüsusi komissiyanın müəyyənləşdirdiyi miqdarda) təzminat ödənilməsini təmin edəcək.

Ermənistan tərəfi rəsmən etiraf etməlidir ki, onilliklər boyu Ermənistan ərazisində (və işğal altında tutulmuş Azərbaycan torpaqlarında) bir çox toponimlər dəyişdirilmişdir və mümkün olan ən qısa zaman içində (maksimum 2 ayı keçməmək şərti ilə) toponimlərin bərpasını Ermənistan hüdudları içində təmin edəcək, Azərbaycan hüdudları içində Azərbaycan Respublikası yetkili orqanlarının almış olduğu, bundan sonra alacağı qərarları qəbullanacaq.

Ermənistan tərəfi öz üzərinə götürməlidir ki, Xocalı soyqırımını, Qaradağlı, Ağdaban, Bağanis-Ayrım və digər soyqırım aktlarını, hərbi cinayətləri törədənləri, o cümlədən əsirlərə, girovlara işgəncə verənləri (yaşayan iştirakçıları bilavasitə, ölmüş cinayətkarların isə adlı siyahısını) Azərbaycan tərəfinə təhvil verərək, müvafiq məhkəmə qərarlarının çıxarılmasına maraq göstərəcək, zəruri materiallar, şahid ifadələri üçün imkanlarını əsirgəməyəcək.

Ermənistan hökuməti Xocalı soyqırımını və Qarabağın Azərbaycana aid olmasını inkar etmənin Ermənistan Respublikası ərazisində suç sayılması haqqında Qanunun qəbulu üçün bütün imkanlardan istifadə etməlidir.

Ermənistan tərəfi, Ermənistan Respublikası ərazisindəki bütün elm-mədəniyyət, təhsil müəssisələrində, dərslik proqramlarında Azərbaycanla bağlı təhrif olunmuş, saxta məlumatların yayılmasının, öyrənilməsinin, öyrədilməsinin məqsəduyğun olmadığını qəbul etməlidir; və bu yöndə Azərbaycan tərəfini təmin edən şəkildə davranmalıdır. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi ilə bağlı tarixi həqiqətlərin dərsliklərdə əks etdirilməsi də Ermənistanın öhdəlikləri içərisindən olmalıdır.

Zəngəzur, Göyçə, İrəvandan və digər (tarixi Azərbaycan torpaqlarından) zor, qorxu və hədə ilə didərgin salınmış azərbaycanlılar üçün ləyaqətli geridönüş haqqı tanınmalıdır.

Ermənistan Respublikası tarixi öhdəliyini bir daha təzələyərək, heç bir zaman, heç kəsin təhriki və heç bir şərt daxilində Azərbaycan Respublikasına torpaq iddiasında bulunmayacağını rəsmən açıqlamalı, qanuniləşdirməli – hüquqi akta çevriməlidir.

Ermənistan tərəfi qəbul etməlidir ki, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının, digər Azərbaycan əraziləri ilə birbaşa quru əlaqəsinin kəsilməsi tarixi ədalətsizlikdir, Naxçıvanın dinc əhalisi uzun illərdir bundan əziyyət çəkir. Ermənistan materik Azərbaycanla Naxçıvan arasında gərəkli parametrlərlə və Azərbaycanı təmin edəcək təhlükəsizlik şərtlərinə uyğun dəhlizin 2024-cü il içində açılmasını öz öhdəsinə götürməlidir.

(Ola bilsin, Azərbaycan xoşməram nümayiş etdirərək, Zəngəzur dəhlizinin Ermənistan Respublikası ilə İran İslam Respublikasını birləşdirən magistralla kəsişməsində (yalnız bir kəsişmədə) neytral ərazi sayılmasına etiraz etməz. – Həmin kəsişmə yerində hərəkətin davamlılığnı təmin etməkçün Azərbaycan tərəfi xoşməram nümayiş etdirərək, dəhlizin körpü vasitəsi ilə davamına etiraz etməyə bilər. Kəsişmə yerinin genişliyi eninə-uzununa 200-250 m. ərazini aşmamalıdır).

Əgər Zəngəzur dəhlizin keçdiyi yerdə mülki yaşayış evləri, fərdi təsərrüfatlar varsa, onların köçürülməsi xərcləri Ermənistanın Azərbaycana ödəməli olduğu təzminatdan çıxıla bilər; ərazidəki dövlət (o cümlədən hərbi) obyektlərin köçürülməsi Ermənistan Respublikasının daxili imkanları hesabına təmin edilməlidir.

Azərbaycan hüdudları içində erməni hərbçilərinin basdırdığı və hələ müəyyənləşdirilməmiş minaların yerini dəqiq demək öhdəliyi də Ermənistanın üzərindədir.

Ermənistan silahlı qüvvələrinin (və ya hər hansı bir hərbi qüvvənin) öhdəliklərə uyğun hərəkət etmədiyi təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələri cəza (qisas) tədbirləri görmək və ya digər zəruri hesab etdiyi addımları atmaq hüququna malikdir.

 

P.S: Bunlar Ermənistanın xoşuna gəlməmiş ola bilər. Xub! O zaman, o bayraq o dirəkdən bir dəfəlik enməli, Xankəndi və çevrəsində mövcud olmuş keçmiş qondarma rejim misali, Ermənistan dövləti də özünü buraxmalıdır.

 DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun 

Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi  nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda 247 nömrəli tam orta məktəbdir. 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

Direktor:

 

Bakı şəhəri A.Rəhimov adına 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Uğurlu qızı Abbasova 10.12.1978 –ci ildə Qərbi Azərbaycanda Ağbaba mahalında anadan olmuşdur. Tam orta təhsilini  1995-cı ildə Bakı şəhərində bitirmişdir və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan dili-ədəbiyyat” fakültəsinə qəbul olmuşdur. Həmin fakültənin 2000-ci ildə bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini bitirmişdir.

2001-ci ildən Bakı şəhərində pedaqoji fəaliyyətə başlamış, Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işləmişdir. 2016-cı ildən məktəb direktoru vəzifəsində çalışır. İşlədiyi dövrdə bir sıra nailliyyətlər əldə etmişdir. 2011-ci ildə “100 ən yaxşı müəllim” müsabiqəsinin,  2018-ci ildə “İnteraktiv əlifba” layihəsi ilə Təhsildə inkişaf və innovasiyalar üzrə II Qrant müsabiqənin, 2019-cu ildə “Məktəbdə sağlam mənəvi-psixoloji mühit” mövzusu ilə Pedaqoji mühazirələr müsabiqəsinin qalibi olmuşdur. Rəhbərlik etdiyi məktəbin şagirdlərinin olimpiada və müsabiqələrdə uğur qazanmasına görə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bir neçə dəfə Fəxri fərmanla təltif olunmuşdur.

 

Şagird:

 

Mən - Sənəm Vüqar qızı Daşdəmirova 27 iyun 2009-cu ildə Bakı şəhərində anadan olmuşam. 2015-ci ildə  Bakı şəhəri  314 nömrəli  tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam. 2020-ci ildən Bakı şəhəri  A.Rəhimov adına 247 nömrəli tam orta məktəbdə təhsilimi davam etdirirəm.  Hazırda Bakı şəhəri A.Rəhimov adına 247 nömrəli tam orta məktəbin 9-cu sinfində təhsil alıram. Məqsədim Bakı Dövlət Universitetinin tələbəsi olmaqdır. Ədəbiyyat fənnini çox sevirəm. Bu fənn mənə mütaliə etməkdə və oxuduğum əsərlərin həyatımızla əlaqələndirilməsində, dünyagörüşümün formalaşmasında yardımçı olur.

 

Esse:

 

“Vətənin qəhrəman oğlu-Abdulla Rəhimov”

 

Heç düşünmüsünüzmü, Vətən sevgisi nədir ?

“Vətəni niyə sevirsən?“ –sualının cavabı varmı?

Vətən sevgisi intəhasız, bəhanəsiz, sorğu-sualsız, təmənnasız sevgi deyilmi ?!

Məhz bu sevginin gücü deyilmi sadə bir vətəndaşı Vətənin qəhrəman oğluna çevirən?!

Onun ürəyinə, canına, biləyinə sıldırım qayalara bir nəfəsdə dırmaşacaq qədər güc verən ?! Qazan xanın, Cavanşirin, Babəkin, Koroğlunun davamçısı olub qılınc mübarizəsi aparacaq qədər şücaət verən elə bu sevgi deyilmi?!

Sizə Vətəni alınmaz qala edən, canı-qanı bahasına sal qaya kimi düşmənin qarşısını kəsən, öz qanından bu torpağa qatıb onu yenilməz “Vətən” edən  mərd oğullardan  biri - Abdulla Rəhimov haqqında danışacağam.

Abdulla Rəhim oğlu Rəhimov 1958-ci ildə Bakı şəhərində  anadan olmuşdur. Hələ kiçik yaşlarından Azərbaycanı azad və müstəqil  görmək arzusu ilə yanıb-tutuşmuşdur. Məhz içindəki bu hisslərdən yaranan igidlik duyğusu ilə könüllü olaraq 1992-ci ildə Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzuli, Şuşa, Laçın, Qubadlı, Ağdam, Goranbay, Ağdərə və Tərtər uğrunda gedən döyüşlərdə əvvəlcə kiçik leytenant, daha sonra 776 saylı reyd dəstəsində qrup komandiri olaraq ağır döyüşlərdə igidlik göstərmişdir. 11 may 1992-ci ildə Şuşanın Zarıslı, Tursoy kəndləri  uğrunda gedən döyüşlərdə öz dəstəsi ilə düşmənə qarşı güclü müqavimət göstərmişdir. Kiçik bir qrupla düşmənin arxasına keçərək kəşfiyyat işləri aparmış, eyni zamanda düşmənin 10- 15 canlı qüvvəsini təkbaşına məhv etmişdir. Kəşfiyyat əməliyyatından qayıdarkən mühasirəyə düşmüş və yüksək bacarığı sayəsində əməliyyat qrupunu mühasirədən çıxarmağı bacarmışdır. 

29 may 1992-ci ildə reyd dəstəsinin adı dəyişdirilib, “Əlahiddə kəşfiyyat batalyon”u adını almışdır. Füzuli bölgəsində bir çox döyüş əməliyyatlarında iştirak etmiş və bölük komandiri vəzifəsini icra etmişdir. Beyləsi kəndi, Qovşadlı kəndi, Məngəlmaqa yüksəkliyi uğrunda gedən döyüşlərdə rəhbərlik etdiyi bölük düşmənlə dəfələrlə açıq döyüşlərə girmiş və düşmənin 1 tankını, şəxsən Abdulla özü 30-35 nəfərə yaxın canlı qüvvəsini məhv etmişdir. 1994-cü ildə  ağır döyüş bölgəsi olan Tərtər, Ağdərə bölgəsində, həmin ilin yanvar ayında Gödəkburun, Jezniqumer, Qlobus yüksəkliyi uğrunda gedən döyüşlərdə misli görünməyən qəhrəmanlıqlar göstərmişdir. Düşmənin bir çox mövqelərini darmadağın edərək erməni quldurlarının cəsədləri üzərindən özü öndə gedərkən düşmən gülləsinə tuş gəlmişdir. 1994-cü il yanvarin 30-da Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Abdulla Rəhimov ölümündən sonra Bakı şəhəri, 9 oktyabr 1994-cü il tarixli 218 №-li fərman ilə "Azərbaycan Bayrağı ordeni" ilə təltif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 124 nömrəli qərarına əsasən Bakı şəhəri 247 nömrəli tam orta məktəbə Abdulla Rəhim oğlu Rəhimovun adı verilmişdir.

Bəlkə də, ona  ölümlərin ən şərəflisi qismət oldu. Onun ölüm xəbəri çoxlarını sarsıtdı, çoxları inanmadı. Heç kim bu gülərüz, ağıllı, təmkinli oğlana ölümü yaraşdırmırdı. Amma Abdulla ölümü ilə əbədi olaraq ölümsüzlüyə qovuşdu. Nə yaxşı ki, vətənimizin Abdulla kimi mərd, qeyrətli, Vətən məhəbbəti ilə coşub-daşan övladları var.  

Xalqının qəhrəman oğulları haqqında danışmağa o qədər söhbətimiz, sözümüz var ki...

Əziz qəhrəmanım, indi sənin ruhun azad edilmiş doğma torpaqlarda dolaşır. Ruhun rahatdır. Çünki üzərində qan tökdüyün, canından keçdiyin bu torpaqlar mənfur düşməndən təmizləndi. Sən və səni kimi   minlərlə Vətən oğulları yeni tarix yazdınız. ”Qarabağ Azərbaycandır!” şüarını reallığa çevirdiniz.

İndi mən fəxrlə deyirəm:

 

Arzularım, əməllərim cücərdi, 

O ruhdan biz yarandıq,

O qələmdən biz çıxdıq,

Köləliyi biz yıxdıq,

Yazdıq öz qanımızla,   

Daha şanlı bir tarix,   

Yazdıq qayaya, daşa       

Qanla yuduq vətənin,                       

Sızlayan yarasını.

Qanla əkdik torpağa,

Neçə arzu, neçə istək.                             

İnşallah cücərəcək,  

Biz Arazı keçəcəyik,

O tay bizə, biz o taya köçəcəyik...

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

Çərşənbə, 14 Fevral 2024 11:30

Sevgi və uşaq oyuncaqları - ESSE

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

“Bəzən sevgi uşaqlarla oyuncaqlar arasındakı münasibətə bənzəyir...”

 

Bəzən sevgilər də uşaqlarla oyuncaqları arasındakı münasibətə bənzəyir. Bəzi uşaqların ən sevimli oyuncaqları olmaz, onlar ən sevimli oyuncaqlarına hər gün sadəcə küçənin qarşısındakı dükanın pəncərəsindəki vitrində baxarlar. Və bir gün o balaca uşaqlar hər gün dükanın pəncərəsindəki vitrində izlədikləri ən sevimli oyuncaqlarının satıldığını görərlər. Ən sevimli oyuncaqlarını başqa bir uşağın alıb getdiyini görərlər. 

Bəzi uşaqlar diqqətlərini çəkən yeni bir oyuncaq görənə qədər və ya maraqları bitənə qədər əvvəlki ən sevimli oyuncaqlarını əziz tutar, yanında gəzdirər, qısqanar, paylaşmaz, sonra... Sonra isə çarpayının altı, köhnə, heç yada düşməyən oyuncaqların yığıldığı qutu, ayaqaltı - fərq etməz... 

Bəzən tərəddüd etmədən qırıb bir tərəfə atarlar hətta bir vaxtlar ən sevimliləri olan o oyuncağı...

Bəzi uşaqların isə ən sevimli oyuncağı hər zaman eyni olar, gecələr ona sarılıb yatar, böyüsələr də o oyuncağı heç bir zaman unutmazlar. 

Bəzən də, kəpənək dalınca qaçan uşaqlara bənzəyir sevgilər. Uşaq kəpənəyin arxasınca qaçdıqca kəpənək daha da uzağa uçar, elə ki, uşaq daha kəpənəyin dalınca qaçmaz, kəpənək özü gəlib qonar onun ovcuna. 

Bəzi insanlar uşaq olmaz, bəzi uşaqlar böyüməz. 

Kimi ən sevimli oyuncaq olmağı bacarmaz, kimi vitrindəki oyuncaq olar, kimi də artıq çarpayının altındakı qaranlıqda unudulan, tərəddüdsüz qırılıb atılan...

Hansı ki, biz hələ uşaqkən öyrənmişdik bunları əslində, uşaqla səndəl şeirində...

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

 

​12-14 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən 11-ci Dünya Hökumət Sammitində iştirak edir. Bu barədə “Ədəbiyyat və incəsənət”   portalına “ASAN xidmət”dən məlumat verilib. 

 ​Sammitin məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaların və texnologiyaların təşviqi, süni intellektin insan həyatına təsiri və dünyanın gələcəyi ilə bağlı ən son tendensiyaların müzakirəsidir.

 ​“Gələcək hökumətlərin proqnozlaşdırılması” şüarı altında keçirilən sammitdə 5000-dən çox qonaq iştirak edir. Onların arasında dünyanın 100-dən çox ölkəsindən olan dövlət və hökumət başçıları, aparıcı beynəlxalq təşkilatların rəhbərləri, nazirlər, görkəmli ictimai-siyasi xadimlər, alimlər və ekspertlər var.

 ​Sammitin ilk günü Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “İnsan Resurslarının Gələcəyi” mövzusunda dəyirmi masa formatında təşkil olunan sessiyada çıxış edib. Ülvi Mehdiyev inkişaf edən qlobal dünyada yeni texnologiyaların, o cümlədən süni intellekt və data əsaslı qərar qəbuletmə mexanizmlərinin tətbiqinin insan resurslarının bacarıqlarının arıtırılmasına verdiyi töhfədən bəhs edib.  Eyni zamanda əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi məqsədilə “ASAN xidmət”də istifadə olunan xüsusi platformanın önəmi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 ​Müvafiq sessiyada BƏƏ, Qətər, Kolumbiya, Braziliya, Çili, Misir, Peru, Özbəkistan, Cənubi Afrika Respublikasının müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri, eləcə də nüfuzlu beynəlxalq şirkətlərin nümayəndələri çıxış ediblər.

 ​Dövlət Agentliyinin sədri “Dayanıqlı İnkişaf Məqsədləri (DİM) 2024” platforması çərçivəsində “2045-ə gedən yolda İnkişaf İstiqamətləri: Dünyanın Gələcəyinin Yönləndirilməsi” mövzusunda baş tutmuş Nazirlər Toplantısında da çıxış edib.

 ​Toplantıda 2024-cü ilin ölkəmizdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan olunduğu qeyd edilərək Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi barədə tədbir iştirakçıları məlumatlandırılıblar. “Dayanıqlı İnkişaf Məqsədləri (DİM)” və ondan sonrakı dövr üzrə qoyulan hədəflərə çatmaq üçün bütün sahələr üzrə tərəfdaşlıq fəaliyyətlərinin icrasının və bu istiqamətdə birgə səylərin genişləndirilməsinin zəruriliyi vurğulanıb. Eyni zamanda DİM-lərə nail olunmasında Dövlət Agentliyi tərəfindən reallaşdırılan ağıllı hökumət həlləri və “ASAN xidmət” təcrübəsi vurğulanıb.

 ​Toplantıda Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri ilə yanaşı, BƏƏ, Rumıniya, Albaniya, Ruanda, Misir, Qırğız Respublikasının müxtəlif sahələr üzrə nazirləri, həmçinin BMT-nin ixtisaslaşmış təşkilatlarının və bölmələrinin, eləcə də müvafiq beynəlxalq təşkilatların rəhbər heyəti iştirak edib.

 ​Dövlət Agentliyinin nümayəndə heyətinin BƏƏ-yə səfəri davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Əgər “istedad” sözü “fitri qabiliyyət” mənasını özündə ehtiva edirsə, bu kəlmənin heç bir peşəyə aidiyyətı yoxdur. Məsələn, “istedadlı insan” deyiləndə şair, yazıçı, rəssam və s. fitri qabiliyyətli adamlar yada düşməlidir. Aktyorluq istedadın məhsulu deyil, daha doğrusu, aktyorların istedadlısı olmur, mahiri olur. O da Azərbaycanın mahir aktyorlarından biridir. Yazıçıların yaratdıqları obrazları məharətlə canlandırmağı bacarır...

Uşaqlıq illərində aktyor olmağı ağlından belə keçirməyib. Arzusu ingilis dili tərcüməçisi olmaq idi. Məktəbdə oxuyarkən ingilis dili müəllimi ona deyib ki, tərcüməçi qadın peşəsidir, sən aktyor olmalısan. Və dərs dediyi müddətdə müəllimi ona yavaş-yavaş aktyor olmağı aşılayıb. Nəhayət inandırıb ki, ondan yaxşı aktyor alınar. O da orta təhsilini bitirəndən sonra bu inamla sənədlərini incəsənət universitetinə verib və iki il dalbadal qəbul imtahanlarından kəsilib. Üçüncü il imtahanları verərək nəticədə universitetə daxil ola bilib. Beləliklə, 1994-cü ildə universitetin teatr-kollektivinin rejissoru fakültəsini başa vuraraq ali təhsilə yiyələnib...

Deyir ki,- “Universitetə imtahan verən zaman məni aktyorluq imtahanından kəsən müəllim tamaşaların birində ayağımın altına gül qoyanda təəccüblənmədim. Bilirdim ki, imtahandan kəsəndə, o, məni tanımırdı. Əslində, məni imtahandan kəsməklə böyük kömək etmişdi. Daha da püxtələşmişdim, daha çox şeyləri öyrənmişdim. Ömrüm boyu ona minnətdaram.” 

Haqqında söhbət açdığım Pərviz Məmmədrzayev əvvəlcə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən, 2000-ci ildən dövlət statusu alan Pantomima teatr-studiyasında çalışıb. 2001-ci ildən həm də ADMİU-nun “Xoreoqrafiya sənəti və səhnə plastikası” kafedrasında (Səhnə hərəkəti, səhnə döyüşü, qılınc təlimi, plastika və pantomima fənnləri üzrə) və həmçinin "Musiqili teatr aktyoru" kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2010-cu ildən müstəqil fəaliyyətə başlayaraq "Simsar" teatr-studiyasını yaradıb. Teatr-studiya "Vaqa" adli ilk tamaşasını 2011-ci il yanvar ayında nümayiş etdirib. 2013-2016-cı illərdə Akademik Milli Dram teatrının studiyasında ritm və plastika üzrə müəllim və eyni zamanda həmin teatrın aktyoru kimi çalışıb. 2017-ci ildən Azərbaycan Dövlət Muisiqili teatrında aktyor kimi fəaliyyət göstərir. 2006-cı ildən əməkdar artist, 2018-ci ildən isə xalq artistidir...

Gənclik dövründə idmanın taekvando növü ilə də məşğul olub. Bu məşğuliyyət onu cəngavər kimi yetişdirib. Necə deyərlər, çevik adamdır. Bu çeviklik onun düşünmə tərzinə, hadisələri təhlil etmək qabiliyyətinə də sirayət edib...   

“Bir gün zalda məşq edirdim. Bəxtiyar Xanızadə içəri daxil oldu və mən məşqi dayandırdım. Bəxtiyar müəllim xahiş etdi ki, məşqi davam edim. Mən də dayanmadan öz çıxışımı bitirdim. Sonra o, məni yanına çağırıb çıxışımı çox bəyəndiyini dedi: "Səni indiyə kimi idmançı kimi tanımışam, bu gün səndə əsl aktyorluq gördüm". Ardınca da soruşdu ki, nə vaxtsa teatr yaratsa, məni dəvət etsə gedərəmmi? Təbii ki, böyük məmnuniyyətlə təklifini qəbul etdim. Beləliklə, bir müddət sonra Pantomima Teatrı yarandı və biz orada çıxışlara başladıq.”- söyləyir...

Güclü improvizə bacarığına, yüksək səhnə mədəniyyətinə, rolu məharətlə ifa etmək səriştəsinə malikdir. Geniş dünyagörüşü var. Məzmunlu və maraqlı adamdır...

Deyir ki,- “Sənət mənim yaşam tərzimdir. Hər dəfə səhnəyə çıxanda sevgilimlə görüşə çıxırmış kimi qəribə bir həyəcan və həzlə çıxıram. Səhnə mənim üçün başqa meydandır. Səhnəyə- içimdəki o sevgiyə, o sevgiliyə heç vaxt xəyanət etmərəm. Özünə, sənətinə xəyanət edən adam heç zaman yüksələ bilməz. Teatr ailəmdən sonra mənim rahat nəfəs aldığım, bütün gözəl hisslərimin, duyğularımın yaşandığı bir məkandır. Teatr mənim üçün həqiqətləri demək, ağrı-acılarımı dilə gətirmək və ən əsası sevgimi göstərmək üçün mükəmməl yerdir...”

Bu gün - fevralın 13-ü xalq artistinin doğum günüdür, 53 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayıram...

Bəli, yalnız MAHİR aktyorlar İSTEDADIN yaratdığı obrazları məharətlə canlandıra bilirlər...

Yeni yaşınız mübarək, Pərviz bəy!

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Hazırda dünya kino industriyasında yalnız fantastika və savaş janrlarının gəlir gətirməsini ortaya qoyan kino tənqidçiləri dram janrının mövqelərini itirməsindən, art kinonun isə tam fiaskosundan dəm vururlar. 

Bəs onda bu gətirəcəyimiz fakta necə don geydirmək olar? 

Rus yazıçısı Mixail Bulqakovun eyniadlı romanı əsasında rejissor Mixail Lokşinin çəkdiyi  “Ustad və Marqarita” filminin gəlirləri rekord həddə çatıb. Rusiya mənbələri xəbər verir ki, film 1,4 milyard rubldan çox gəlir əldə edib.

Dram janrında çəkilən ekran əsərində əsas rolları Yevgeni Tsıqanov, Yuliya Snigir və Avqust Diehl canlandırıblar. 

Yeganə interpretasiya - fentezi çalarları ilə filmin zənginləşdirilməsi sayıla bilər. 

“Ustad və Marqarita” cari il yanvarın 25-dən ekranlara çıxıb. Və çox qısa müddətdə triumf əldə edib.  Nəzərə alın ki, “Ustad və Marqarita” roman olaraq da öz quruluşu və məzmunu cəhəti ilə xeyli mürəkkəbdir, geniş kütlə üçün əlçatan deyil. Onda roman əsasında çəkilən filmin belə kütləvilik qazanması təəccüb doğurur və insanların kino zövqünün heç də primitiv olmadığını sübut edir. 

Xatırladaq ki, “Master və Marqarita” romanına buna qədər də müraciət olunub, 1972-ci ildə İtaliya və Yuqoslaviya kinematoqrafiyasının birgə istehsalı olan eyniadlı film də kifayət qədər uğur qazana bilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Çərşənbə axşamı, 13 Fevral 2024 10:15

Teatra əsaslanan pedaqoji təlim sınaqdan keçiriləcək

Gənclərin ən böyük və mütəşəkkil təşkilatı olan “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Act2Learn – Teatr əsaslı təlim vasitəsilə tədrisin təkmilləşdirilməsi” layihəsinə start verilir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə İctimai Birliyin mətbuat xidməti məlumat yayıb. 

 

Layihənin əsas məqsədi təhsildə yeni yanaşmaların tətbiqi üzrə müəllimlərin bilik və bacarıqlarını artırmaq, eləcə də təhsilverənləri öz peşə fəaliyyətlərində yaradıcı və innovativ strategiyalardan istifadəyə hazırlamaqdan ibarətdir.

Layihə çərçivəsində ilkin mərhələdə 30 pedaqoqun təlim kursuna cəlb olunması nəzərdə tutulur. Kurslar martın 23-dən 27-dək Lənkəranda keçiriləcək.

Proqram qeyri-formal təhsilin əsas istiqamətlərdən biri kimi teatra əsaslanan pedaqoji texnikanın istifadəsi ətrafında müzakirələr, eləcə də bu sahədə təlimlər və seminarlardan ibarət olacaq.

Layihə müddətində istifadə olunacaq metod olan teatr əsaslı təlim güclü, əyləncəli və cəlbedici bir öyrənmə mühitini əhatə edir. Teatra əsaslanan öyrənmə öyrənənlərin ehtiyacları nəzərə alınmaqla hazırlanır, real ssenarilər yaratmaq üçün peşəkar aktyorlardan istifadə edilir. Sessiya zamanı nümayəndələr səhnələrin təqdim etdiyi problemin həlli üçün müxtəlif strategiyaları araşdıra bilirlər. Müsahibə vermək və ya personajların “isti oturacaqları” tamaşaçılara “xarakter” nöqteyi-nəzərindən məsələ haqqında düşünməyə imkan verir.

Həmçinin layihənin faydalılığının artırılması və daha çox şəxsin məlumatlandırılması məqsədilə iştirakçı müəllimlərlə birlikdə teatr əsaslı təlim mövzusunda əl kitabçası hazırlanacaq. Bu kitabçada müəllimlərin tədris müddətində istifadə edə biləcəkləri qeyri-formal təhsil üsulları, əsasən də teatr əsaslı təlim metodikası barədə ətraflı məlumat veriləcək. Bu kitabçaların daha sonra çap olunaraq, paytaxt və bölgələrdə yerləşən ümumtəhsil məktəblərinə paylanılması planlaşdırılır.

İlk baxışdan çox maraqlı layihədir, uğur qazanacağı şübhə doğurmur. 

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Nyu-York şəhərindəki “Karneqi-holl” zalının səhnəsində Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi, Azərbaycanın Əməkdar artisti, professor, tanınmış pianoçu Nərgiz Əliyarovanın konserti olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, dünyaşöhrətli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun 90 illiyinə həsr olunmuş musiqi axşamı anşlaqla keçib.

 

Nərgiz Əliyarova Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən fortepiano üçün pyesi ifa edib. Baletin süjet xətti və bu əsərin Arif Məlikovun yaradıcılığında mərkəzi rolunu qeyd edən pianoçu vurğulayıb ki, bu əsər dünyanın onlarla ölkəsində səhnəyə qoyulub və musiqi sənəti xəzinəsinə daxil edilib. Proqramda, həmçinin Bethoven, Şopen, Debüssi və Metnerin əsərləri səsləndirilib.

 

Tamaşaçılar musiqiçinin ifasını maraqla qarşılayıblar. Nərgiz Əliyarova, həmçinin alqışlar altında təkrarən Şopenin valsını ifa edib. Konsert musiqi həvəskarlarının sürəkli alqışları ilə başa çatıb.

 

Nərgiz Əliyarova Nyu-Yorkda yaşayan dünyaşöhrətli azərbaycanlı pianoçu və klassik musiqişünasdır. O, doqquz yaşında verdiyi ilk konsertindən bəri dünyanın 40-dan çox şəhərində solist qismində, kamera və simfonik orkestrlərlə çıxış edib. N.Əliyarova Azərbaycan Respublikasının Əməkdar artistidir və 2010-cu ildə Polşa hökuməti tərəfindən “Şopen irsinə verdiyi görkəmli töhfəyə görə” mükafatına layiq görülüb. Nərgiz xanım 25 il Bakı Musiqi Akademiyasında professor kimi dərs deyib. O, bu müddət ərzində fəlsəfə doktoru elmi dərəcəsi alıb və 20-dən çox elmi məqalənin, eləcə də bir neçə kitabın müəllifidir. Pianoçu, həmçinin Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisidir.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.