Super User

Super User

Çərşənbə axşamı, 13 Fevral 2024 15:30

Müəllim qələmi olan yox, sərvəti olandır - AKTUAL

Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”

 

Müəllim... Nədir mənası? Kimdir müəllim?

Müəllim - biliyin qapılarını üzümüzə açan, ilk dəfə balaca əllərimizdən tutub bizə oxumağı, yazmağı öyrədən insandır.

Müəllimlərdən bəhs edərkən ağlımıza ən çox öz məktəb illərimiz düşür. 

Bizə dərs keçən müəllimlərin ən çox işlətdiyi sözlər, ən çox sevdiyimiz dərs, sinif yoldaşlarımız, müəllimlərimizin siması gözümüzün önündə canlanır.

Bilmirəm, bu düşüncə necə yaranıb, bu fikri kim irəli sürüb, amma Azərbaycanda ikinci müəllim anlayışı da var. 

Məsələn, pullu adamlar, bir çox iş yerlərindəki müdirlər, loru dildə desək, rusiyətdən qayıtmış daydaylar hamısı müəllimdir.

Özü də ki, fərqi yoxdur, ali təhsilli, ya orta məktəb bitirmiş işçilər müdirə müəllim deyirlər. 

Bu hələ harasıdır ki, məktəblərin çoxunda şagirdlər kitabxanaçı, katibə ilə müəllim fərqini anlaya bilmir, müəllim deyir onlara da və bu şagirdlərin günahı deyil.  

Mənim fikrimcə, 1-ci sinifdən etibarən şagirdlərlə müəllimlər tərəfindən xadimə, kitabxanaçı, katibə və digər işçilər kimdir və onlara necə müraciət, rəftar etmək lazımdır öyrədilməlidir.

"Müəllim" adı müqəddəsdir.  Bu adı ilk növbədə elə müəllimlər özləri qorumalıdır.

Məişət mövzusu olaraq davam edək. 

Uşağın yanında müəllimi söyüb, müəllim nə desə cavabını qaytar deyən valdeyinlər də var. Həmən adamlardı hansısa yekəqarın, bahalı maşından düşən, cibində oynayan pulların hardan gəldiyi məlum olmayan adamın qabağına baş əyib deyir ki, “Ay müəllim, sən mənim canım orda oturma, burda otur.”

“Ay uşaq, bax filənkəs müəllim böyük adamdır ha neçə yerdə evi var.”

Daha söz tapa bilmirəm. Nə deyim, kimə deyim, kim anlayacaq?

Söhbət açılsa, oturub saatlara bu mövzunu müzakirə etsəm belə insanlarla, dəyişən tək şey səs tonum olacaq.

Bəli, ölkədə "müəllim qələmi olan yox, sərvəti olandır".

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Çərşənbə axşamı, 13 Fevral 2024 10:45

“Himayədar” üçün himayədarlar

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Azərbaycan tarixində elə şəxsiyyətlər olub ki, onlar barədə durmadan romanlar yazılsa, filmlər çəkilsə, yenə də kifayət etməz. Elə Hacı Zeynalabdin Tağıyevi götürək. Milli burjuaziyanın bu nümayəndəsi həqiqətən də böyük himayədar olub, mədəniyyətin, elmin, səhiyyənin himayədarı olub. 

 

Bakı Media Mərkəzinin istehsalı olan çoxseriyalı “Himayədar” filminin çəkilişləri yekunlaşıb.

Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman və Zaur Qasımlı, rəssamı Vüsal Rəhimdir.

Ekran əsəri Hacı Zeynalabdin Tağıyevin vəfatının 100-cü ildönümü ilə əlaqədar çəkilib. Filmdə XIX əsrin sonu – XX əsrin əvvəlində Bakıda və bölgədə baş verən mühüm tarixi hadisələr də əks etdirilir.

Daha öncə Bakı Media Mərkəzinin yaydığı məlumatda da bildirildiyi kimi, “Himayədar” filminin on beş aylıq hazırlıq və çəkiliş dövründə rəssam komandası tərəfindən 150-dən çox əsas qəhrəmanın geyim eskizləri və geyimləri, 400-dən çox geyim növləri, 100 aksesuar – zərgərlik nümunələri hazırlanıb. Səkkiz seriyadan ibarət olması nəzərdə tutulan filmin çəkilişləri 70-dən çox məkanda aparılıb.

Bəli, Zeynalabdin Tağıyev dövrünün himayədarı olub. İndi də Bakı Media Mərkəzi səlnaməçi kimi o böyük şəxsiyyət barədə film çəkməklə, bir növ, ona himayədarlıq edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Çərşənbə axşamı, 13 Fevral 2024 12:15

“Yazıqlar olsun!” - Güneyli Vüqar Nemətin şeirləri

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu hün sizlərə növbəti Güney şairini təqdim edir: Vüqar Neməti. 

 

 

KİMDİ BU DƏLİ?

 

Görəsən kimdi bu dəli?

Biz keçdik, bizi söymədi.

O tanrını qaraladı,

İt-pişik payı qoymadı.

 

Söydü, yeri-göyü söydü,

Döydü, kölgəsini döydü,

Hamının ağzını əydi,

Zorbaya, zora əymədi.

 

Getməz, o üzdən getmədi,

Bilmədik davası nədi?!

Birazdan çaldı, oynadı,

Artıq heç kəsi saymadı.

 

Ağıl axtara-axtara,

Gör bir gəlib çıxıb hara?!

Bu dünyaya, pula, vara,

Uymaz, heç nəyə uymadı.

 

Həm buralı, həm oralı,

Görəsən kimdir bu dəli??

Hamı yolun çaşdı, vəli

O öz yolunu caymadı!..

 

 

EŞQİN PƏRDƏ ARXASI

 

Gör bir kimi sevdim mən arxadaş!

Üzümə, üzümə durdu.

Gözləri əsla eşitməz

Və qulaqları kordu!..

 

Durdum gecə boyu yoxluğunun qapısında

Uçdum sözcüklərin qanadlarında

Özgə-özgə düşünüb

Ağladım öz yerimə

Heç bir kimsə bilmədi

Gülüşlərim qanadı

Mən bir sevda yolçusuydum

Uyur-gəzərlər kimi.

Sətir-sətir gəzərdim

Bu yağış ölkəsini.

Yoluma işıq tutardı onun gözləri

Gözlüyünü saxlamaq üçün

Yaxşıca tasarlanmışdı

Qulaqları və burnu!..

 

Həsrətdir, kədərdir, acıdır, qəmdir

Eşqin pərdə arxası cəhənnəmdir.

Durmadan qaralar qanlar

Özünü div aynasında görən bunu nə anlar?!

Göy üzünü dilə-dişə saldılar

Ölü göz adamlar.

Aktyor adamlar.

Bir də, adı pisə çıxmış bir ölüm!..

 

Gör bir kimi sevdim mən arxadaş!

Üzümə, üzümə vurdu.

Gözləri əsla eşitməz

Və qulaqları kordu!..

 

 

YAZIQLAR OLSUN

 

Mən bir fidan əkdim, “tutmaz” – dedilər,

Mənsə tutan bildim, yazıqlar olsun!

“Bu hicran, bu həsrət bitməz” – dedilər,

Nəsə bitən bildim, yazıqlar olsun!

 

Mənim o ulduzum, de, harda qaldı?

Ya göyə çəkildi, ya yerdə qaldı,

Mənə “Tən” deyənim bəs harda qaldı?

Mən onu tən bildim, yazıqlar olsun!

 

Sənə nə “Get” – dedim, nə də ki, “Qayıt”,

Buna göy şahiddir, buna yer şahid,

Bu yolda hər zaman özümü şəhid

Səni vətən bildim, yazıqlar olsun!..

 

 

İNSAN HEÇ NƏYƏ BƏNZƏMƏZ

 

İnsan heç nəyə bənzəməz yavrum mənim

Gülü, güldür

Tikanı, tikandır dünyanın.

Amma insan

Özünə belə bənzəməz.

Baxarsan

Adam kimi adam

Əl uzadsan yanar əllərin

Yaxınlaşsan ürəyin üşüyər!..

 

Qış, qışdır

Yaz da yazdır, bilirsən.

Yaz

İnsan heç nəyə bənzəməz mənim gülüm

Hər şeyə bənzədiyi kimi!..

 

 

QARĞA

 

Yenə nə qar-qar edirsən,

Qoy get öz işinə qarğa!

Həp öz sözünü deyirsən

Bəxtəvər başıma qarğa!

 

Sən ağa, mən ağa ancaq,

Buludları kim sağacaq?

Tələsmə, qar da yağacaq,

Bu qalan işinə qarğa!

 

Bəxtin qara, üzün qara,

İnanma qarla ağara,

Ağlıq nədir ay avara?!

Düşübsən peşinə qarğa!

 

Sən yatarsan, səsin yatmaz,

Heç kimin ağlına batmaz,

Əlin çatar, ağlın çatmaz,

Dünyanın daşına qarğa!

 

Payız gəlir, əsin düşür,

Küləklə də bəhsin düşür,

O səsindən ağ dən düşür,

Mənim də başıma qarğa!

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Çərşənbə axşamı, 13 Fevral 2024 17:00

Layla dedim, yatasan...

Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”

 

Layla dedim, yatasan,

Qızılgülə batasan…

Hardan gəlir bu səs-səda?

Bəlkə, illər arxasında

Layla çalır gəlin ana?  

(X.R.Ulutürk)

 

Dünənki kimi yadımdadır, həmin zaman məktəbə yeni qəbul olmuşdum. O vaxtlar ailəmlə babamgilə tez-tez gedib-gəlirdim, onlara yaman bağlı idim, hətta həftəsonları babamgildə qalmağa təkid edirdim. Elə Xocalı soyqırımının 20-ci ildönümü günü 2012-ci ilin 26 fevral gecəsində də onlarda idim, babama qısılıb efirdə göstərilən proqrama baxdığım da yadımdadır. Proqramda göstərilən səhnədə bir qadın fəryad dolu səslə qucağındakı körpəsinə layla çalırdı. Bütün nəzərim televizora cəmlənmişdi ki, babamın xırıltılı öskürəyi və “Qəribə həyatdır...” deyə səslənişi ilə dik atıldım. “Həyatın nəyi qəribədir?”, “Babam niyə elə dedi?”, “Niyə layla bu gün belə ağır səslənir? O ki çox həzin bir nəğmədir.” deyə düşüncələr 6 yaşlı mənə hələ aydın deyildi. Sonra anladım ki, həmin fevral gecəsində laylanın belə ağır, nalə dolu səslənişi onun özündə 20 ilin yorğunluğunu daşımasından irəli gəlir. Axı həmin gecə onlarla ailə son axşam yeməyini yedi, atalar son dəfə övladları ilə oynadı, analar son dəfə öz körpə balalarına layla çaldı, axı o gecə bir çox ailənin birlikdə son gecəsi oldu. Bəlkə layladakı bu yorğunluğun səbəbi bizdən inciməsidir? Bəlkə beşikdə ruhunu Yaradanın haqq dərgahına təslim edən uşaqlar üçün sona qədər səslənmədiyinə görə incidi bizdən layla? Bəlkə elə Xocalıda əsir götürülən, valideynini itirib fəryad edən uşaqların dilində son dəfə səslənib sonra Xocalı uşaqlarının ruhu ilə göylərə uçdu? Bəlkə nəğmələr gülüstanı Qarabağa küsdü layla?

“Xocalıdakı günlərimdən danışanda anamın qoynunda yatmağım, atamla qarajda gördüyüm it yadıma düşür. Mən Xocalıdan qaçanda beş yaşım var idi. Həmin faciədə gözümü açanda bir kişinin kürəyində meşənin içi ilə getdiyimizi gördüm. Geri dönüb baxanda Xocalımdan qalxan qara tüstü və alov ilə üzləşdim. Həmin qocaya yük olduğuma görə kürəyindəki şalı açıb məni buraxdı və meşədəki dərəyə doğru yuvarlandım. O dərədə dəfələrlə “ay ata” deyə səslənişim də yadımdadır. Sonradan öyrəndim ki, atam da həmin zaman “Mehdi” deyə qışqırıb nalə çəkirmiş. O dərədən məni 6-7 saat sonra erməni hərbçiləri tapdı. Qaranlıq otaqda oyananda əsirlərin qışqırıq səsləri gəlirdi. Gözümü işıqlı dünyanın qaranlıq otağında neçə dəfə yumub-açdığım, neçə günün keçdiyini bilmirəm. Daha sonra əsirdəyişmə məntəqəsində mən də qaytarıldım. Babamla birlikdə Bakıya gəldim. Nənəmlə, dayımla yaşamağa başladım. Nənəmi özümə ikinci ana bilirdim...”-bu sözləri Xocalı faciəsinin qaranlıq üzü, beş yaşında bütün ailəsini itirən Mehdi Əliyev o gecəni xatırlayarkən dilə gətirir. O, Xocalıda ailəsinin hər bir üzvünü itirən 25 uşaqdan biridir. Onun indi 36 yaşı var. Bu yaşında hər gün beş yaşlı uşağı axtaran Mehdi heç böyümədi. İllər keçəcək, amma Mehdi daim o uşağın axtarışında olacaq...

 

Xocalı soyqırımından sonra doğulan uşaqlar Xocalıda öldürülən uşaqlardan indi daha yaşlıdı. Onlar qocalacaq, amma Xocalıdakı uşaqlar elə o yaşda da qalacaqlar. Mənim isə o uşaqlar üçün əlimdən gələn tək bir şey varsa, o da pıçıltı ilə bizdən küsən Laylanı yenidən oxumaqdır.

 

Layla dedim, yatasan,

Qızılgülə batasan.

Qızılgülün içində

Şirin yuxu tapasan...

 

İndi Xocalımız azaddır. Bir zamanlar kiçik qiyamətə şahid olan bu torpaqlar indi küllərindən yenidən doğulan simurq kimi canlanır, bu ərazilərdə geniş quruculuq  tədbirləri həyata keçirilir. Bəs görəsən bizdən küsən Layla yenidən bu ərazilərdə doğulacaq körpələrə xatir bir daha Xocalıya qədəm qoyacaqmı?

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Çərşənbə axşamı, 13 Fevral 2024 15:00

Siçan tələsi

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

DİALOQ

-Əziz tələbə, sizdə bu depressiya axı necə ola bilər? Həyat bunca gözəldirsə?

-Əziz müəllim, bəs sizdə astma xəstəliyi necə ola bilər, ətrafda bu qədər hava varsa? 

 

AKSİOM

Ağıllı olmaq odur ki, suallara düzgün cavab verə biləsən. 

Müdrik olmaq odur ki, düzgün suallar verə biləsən. 

 

REALLIQ

İnsan hər şeyi bacarır, amma bir işi başlayana qədər. 

 

QAYDA

Pulsuz pendir ancaq siçan tələsində, özü də ikinci siçan üçün olur. 

 

SUAL

Tənha adam kimə şikayət etsin ki?

Bir tərəfdən də, kimdən şikayət etsin ki?

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Əvəlik şorbasının hazırlanması qaydasını şərh edəcəyik. 

 

DÜSTUR:

§ Əvəlik – 50 qr

§ Un – 80 qr

§ Soğan – 35 qr

§ Yağ – 30 qr

§ Duz – 6 qr

 

HAZIRLANMASI:

Qaynar suda əvəliyin qara rəngi çıxarılır. Üzərinə təmiz su əlavə olunub sıxılır. Soğan yağda qızardılır, üzərinə su və ya işgənə əlavə olunur. Daha sonra umac hazırlanıb suya əlavə edilir. Qaynadıqdan sonra əvə- lik əlavə olunur və bişirilir.

 

Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Çərşənbə axşamı, 13 Fevral 2024 16:30

POETİK QİRAƏTdə Rafail İncəyurdun “Günah” şeiri

Poetik Qiraətdə bu gün sizlərə sazlı-sözlü Qazax mahalının şairlərindən olan Rafail İncəyurdun “Günah” şeirini təqdim edəcəyik. 

 

Hərdən bada verib qumral közləri,

Küllüyün altında qor gəzirik biz.

Töküb həqiqəti görən gözləri

Əlindən tutmağa kor gəzirik biz.

 

Hərdən haray vaxtı susur qələmlər,

Hərdən də ağ yalan qusur qələmlər.

Özünü asdıqca qısır qələmlər

Edam ağacında bar gəzirik biz.

 

Tale enişləri və diklərində,

Buraxma sevginin dediklərində...

Gedib Ərzurumun gədiklərində

Utanmaz-utanmaz yar gəzirik biz.

 

Varmadıq el haqqı güdən yollara,

Yenə süvar olur gödən yollara.

Niyə genişliyə gedən yollara

Əngəllər uydurub, dar gəzirik biz?

 

Pazlara doğrayır dor ağacını,

Sazlara doğrayır bar ağacını,

Hələ sığallayır dar ağacını,

Hələ uzaqlarda tor gəzirik biz.

           

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Çərşənbə axşamı, 13 Fevral 2024 10:00

Və tanınmış şair İslam Səfərlinin 101-ci ildönümünə

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün tanınmış şair İslam Səfərlinin anadan olmasının 101-ci ildönümü tamam oldu. 

İslam Səfərıi çox az yaşayıb - cəmi 51 il. Amma mənalı yaşayıb, özündən sonra böyük irs qoyub. 

Şairin poetik nümunələrinə 200-ə yaxın mahnı bəstələnib, pyesləri dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyularaq tamaşaçı rəğbəti qazanıb. Və dünən də onu qədirbilənlər andılar…

 

İslam Səfərli 1923-cü il fevralın 12-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində dünyaya gəlib. Naxçıvandakı 1 nömrəli məktəbi bitirdikdən sonra könüllü olaraq 1941-1945-ci illər müharibəsində iştirak edib. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapıb. İslam Səfərli dramaturq kimi də böyük uğur qazanıb. O, oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınıb. Həmçinin tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. A.S.Puşkin, M.M.Svetlov, S.Marşak, M.Kərim, M.Tursunzadə, K.Koladze, Y.Dolmatovski kimi tanınmış sənətkarların əsərlərini müvəffəqiyyətlə tərcümə edib.

Tanınmış şairin adını əbədiləşdirmək məqsədilə Xəzər dənizində üzən gəmilərin birinə “İslam Səfərli” adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi-xatirə lövhəsi vurulub. Həmçinin Naxçıvanda oxuduğu 1 nömrəli məktəb onun adını daşıyır.

Özünəməxsus böyük istedad sahibi olan İslam Səfərli ustadı kimi qəbul etdiyi Səməd Vurğun məktəbi ənənələrinə yaradıcı münasibət bəsləyib.

18 kitabı işıq üzü görən İslam Səfərlinin şeirlərində ictimai motivlərdən çox təbiiliyi, səmimiyyəti, duyğu və düşüncələri - lirikanı ön mövqeyə çəkməsi diqqəti cəlb edib. Professor Əkbər Ağayev bu barədə yazıb: “Vətən də, onun təbiəti də İslam Səfərlinin tərənnümündə tam bir poeziyadır, incədir, xəfifdir, gözəldir”.

İslam Səfərli 1974-cü il noyabrın 6-da uzun sürən xəstəlikdən sonra əbədiyyətə qovuşub və Fəxri xiyabanda dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Çərşənbə axşamı, 13 Fevral 2024 13:00

San Remo festivalının qalibi Ancelina Mango

Ülviyyə, “Ədəbiyyat və incəsənət”

 

Yaşlı insanlar danışır ki, sovetlər dönəmində qərb musiqisi ekran və efirlərə yasaq idi, bununla belə, italyan musiqisinə kommunistlər yasaq qoymağa qıymırdılar. Və bütün San Remo festivallarını canlı nümayiş etdirirdilər. 

İtalyan musiqisini bütün dünya sevir. Ordakı lirika həqiqətən qəlbi qiqqətə gətirir. 

 

Musiqisevərlərin diqqəti İtaliyaya cəmlənmişdi. Angelina Mango San Remo festivalında qalib gəldi və İtaliyanı "Eurovision"da təmsil edəcək. Bu barədə Euronews-un reportajını böyük maraqla izlədim.

 

22 yaşlı müğənni Angelina Mangoya İtaliyanın ən nüfuzlu musiqi mükafatını  "La Noia" ("cansıxıcılıq") kompozisiyası gətirdi, o, 

şənbə gecəsi 74-cü dəfə düzənlənən, Adriano Çelentano, Toto Kutunyo, “Matia Bazar”, Al Bano və Ramina Pauer, Rikardo Folyi, Rafaella Karra kimi dünyaşöhrətli ifaçıların qazandığı çox nüfuzlu mükafatı qazandı. Siz görərdiniz, qalib qalibiyyəti xəbərini necə qarşıladı. 

Və mən bu gənc xanımı bir vaxtlar dünya kişilərinin sevimlisi olan Ramina Pauerə bənzətdim. Bəli, həyat yoldaşı Al Bano ilə “Feliçita” oxuyan Raminanı deyirəm. 

 

Xatırladaq ki, San Remo qalibi ənənəvi olaraq İtaliyanı "Eurovision"da təmsil edir. 

Bu il Avropa pop musiqi müsabiqəsi mayın 7-dən 11-dək İsveçin Malmö şəhərində keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Çərşənbə axşamı, 13 Fevral 2024 14:00

Ülvi duyğular, nəcib ideallar şairi Yusif Nəğməkar

Nizami Cəfərov, Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-ın həqiqi üzvü

 

“Ədəbiyyat və incəsənət” portalı görkəmli ədəbiyyatşünas və tənqidçi Nizami Cəfərovun şair Yusif Nəğməkara həsr etdiyi yazını diqqətinizə çatdırır. 

 

 

Tanınmış istedadlı və sevilən şair Yusif Nəğməkar yaradıcılığı barədə ara-sıra yazılarım olub. 60 illiyi ərəfəsində onun kitablarını yenidən vərəqlədim və məmnuniyyətlə təsir gücündən yaxa qurtara bilmədiyim yazılara, mövzulara bir də qayıdası oldum... Həqiqətən də kitabdan-kitaba daha da püxtələşən, müdrikləşən, ilhamı ovxarlı bir şairin oxuduğum əsərləri məni dərindən-dərinə düşündürdü. Əslində isə tək məni yox... 

Illər öncə Yusifin şeirləri, ümumən ədəbi yaradıcılığı, şəxsiyyəti haqqında mötəbər müəlliflərin yazdıqları, dedikləri də bir kino lenti kimi yaddaşımın gözləri önündən keçdi... 

Yusif Nəğməkar ədəbiyyata keçən əsrin 70-ci illərində yalnız sıravi oxucuların deyil, həm də «ədəbiyyat generalları»nın diqqətini cəlb edən şeirlərilə qədəm basmışdır. Xalq yazıçısı Mirzə Ibrahimov gənc şairi dinlədikdən sonra «şairlik Yusifin genində, damarlarındakı qanında, sümüyündə, iliyindədir» demişdi. Hər şeiri, hər şairi bəyənməyən xalq şairi Rəsul Rza isə onun poetik təfəkküründəki novatorluğu görüb «Təsadüf» adlı məqaləsində («Ədəbiyyat və incəsənət» qəzeti, 30 may 1977-ci il) təqdir etmişdi. 

Ustadların xeyir-duasını almaq, əlbəttə, gənc şair üçün nə qədər böyük xoşbəxtlik idisə, ondan da qat- qat böyük məsuliyyət idi. Və Yusifin 70- ci, 80- ci illərdə nəşr olunan «Sazın işığında», «Bilsəydim ayrılıqdı» şeir kitabları da göstərdi ki, o, ədəbiyyata, poeziyaya təsadüfən yox, xüsusi missiya ilə gəlmişdir… Həmin missiyanın ideya- estetik məzmununu gənc şair özünəməxsus sadəlövh bir iddia ilə belə ifadə edirdi ki, 

 

Mən inadam,

Yanar odam.

Yanma desən, yanacağam,

Unut desən,

Hər vaxt səni anacağam.

Gəlmə desən, gələcəyəm,

Görmə desən, görəcəyəm

Sevmə desən, sevəcəyəm.

Görmək - inad,

Sevmək - inad,

Getmək - inad

Bir məqsədə yetmək - inad.

Inad - uca bir zirvəyə

Üçmaq üçün qanadımdır.

Hər qələbəm, hər zəfərim

Elə mənim inadımdır.

 

Özünün bu dünyadakı yerini, tarixi missiyasını öncədən duymaq peyğəmbərlərdən sonra şairlərə verilmiş ilahi bir hissiyatdır. Və ona görə də şairlər əllərinə qələm alandan, nə qədər böyük maneələrlə qarşılaşsalar da, çiyinlərində nə vaxtsa asılacaqları dar ağacını daşısalar da, sinələrində güllə yerinin giziltisini hər an hiss etsələr də inadla irəli gedirlər. Yusifin inadı da belə bir inad idi… Lakin onun iddiası, qüruru ilə yanaşı səmimi (və məsuliyyətli!) bir təvazökarlığı da vardı… 

 

Bir xəyal atımla min dağ aşıram,

Dağlar sırasında dağ olmaq üçün.

Gecələr ulduzla ulduzlaşıram

Səhərlər səhərlə doğulmaq üçün.

Qınayan dostlar da var məni tək- tək…

Arzudan doğulur hər təzə meyil;

«Nəğməkar» sözünü təxəllüs etmək

Özümdən müştəbeh olmağım deyil…

 

70- ci, 80- ci illərdə Yusif Nəğməkarın qələmindən (qəlbindən!) süzülmüş elə şeirlər var ki, ya ayrı- ayrı misraları, ya da bütöv məzmunmündərəcəsi ilə, həqiqətən, bədii tapıntı sayıla bilər… Məsələn, «Bu evə oğul gərək» şeiri kimi… 

 

Otaqlar bürünüb ipəyə, ala,

Divarlar alışıb qız gülüşünə.

Bacılar min təbə düşür az qala,

Qardaş yox, «qarışa şəxsi işinə».

…Dibçəkdə çiçəyin, torpaqda şivin

Hər fəsil nəfəsi yazxasiyyətdir.

Qızları qoynuna alan bu evin

Həyət- bacası da qızxasiyyətdir

 

Şeirdə oğul həsrətində olan ailənin ovqatı o qədər dəqiq obrazlarla təsvir edilir ki, onun gənc bir şairin qələminin məhsulu olduğuna inana bilmirsən. Burada təbii- insani hisslərin birbirindən doğan bütöv bir kompleksi, üzvü vəhdətdə olan mükəmməl polifoniyası - möhnət, təəssüf, nisgil, ehtiyat, ümid, inam… mövcuddur ki, bütün bunları bir yerə yığmaq, oğulsuz evin mənəvi- psixoloji mənzərəsini canlandırmaq üçün dahi Lütfi- zadənin «qeyri- səlis məntiq»ilə hərəkət etməyi bacaran bir rəssam fırçası lazım gəlir… 

 

Subay oğlanların söz xəzəlləri

Yağar pəncərəyə, yağar qış- bahar.

Fəqət niyyətində şux gözəllərin

Bu evin nə adı, nə ünvanı var.

…Ana gözlərinə dolan möhnəti

Vaxt olur, bir istək silib itirər;

Tanrı gətirməyən bir səadəti

Bu evə elçilər müjdə gətirər.

Ev də əzizləyər pilləkənini

Kişi ayağına asmaqdan ötrü.

Ata qız köçürər,

kürəkənini

Oğul tək bağına basmaqdan ötrü.

 

Yusifin yaradıcılığının hələ «təcrübəsiz» dövründə yazılmış «Narlı gecə» şeiri də kifayət qədər təcrübəli, sözün ən gözəlini arayıb axtaran (və tapan!) bir qələmin məhsuludur…

 

Deyəsən, kölgəmiz düşüb irəli,

Ürək sözümüzdə yatıb bu dünya.

Əlləri şirəli, dili şirəli,

Nar şirinliyinə batıb bu dünya.

Deyəsən, bu gecə dünya başqadır,

Bir gözəl ayılıb bal yuxusundan.

Deyəsən, bu gecə dünya nar dadır,

Məstəm çiçəklərin nar qoxusundan…

 

Yusifin 70- ci, 80- ci illər şeirlərində Nəriman Həsənzadə, Əli Kərim, Nüsrət Kəsəmənli poeziyası ilə səsləşən məqamlara təsadüf olunduğu kimi bilavasitə Rəsul Rzadan gələn poetik təəssüratlar, ideyalar, intonasiyalar da var… 

 

Dünyada ad nə çox,

Amma

Adın adamı yox,

Adamın adı gərək.

Adların rəngsizi,

rənglisi,

Asanı, cənglisi

olur.

Adları ananda

bahar- bahar göyərir,

Anmayanda

payız- payız solur…

 

Yaxud, müəllifin “Qanun” şeirindəki təzadların döyüşü axarında uğurla nəticələnən poetik fikir, yeni bədii nəfəs çalarları, qeyri-adi duyğu, düşüncə, orijinal müqayisə predmetlərinin (tikan, yaşıl, sığallı yarpaq) tapılması (tapıntısı), cavabı yalnız ana təbiətin sirrində olan sualabənzər nəqli misra sonluğu və bu məcmuun dəruni idrakı dünyaya, həyata müdriklik güzgüsündən boylana bilmək qismətidir: 

 

Qızılgülün budağında

tikan bitib,

Qaratikan kolunda

yaşıl, sığallı yarpaq.

Zərifliyi qoruyan sərtliyə,

Sərtliyi gizlədən

zərifliyə bax!..

 

Heç də təsadüfi deyildir ki, Yusifin adi bir təbiət hadisəsinə belə fəlsəfi yanaşması bir vaxtlar görkəmli filosof-şairimiz Bəxtiyar Vahabzadənin də diqqətini cəlb etmiş, onu, necə deyərlər, heyrətləndirib, vəcdəyə gətirmişdir. 

Bununla belə Yusif Nəğməkarın istər 70- ci, 80- ci illərdə istərsə də xüsusilə yaradıcılığının 90- cı, 2000- ci, 2010- cu illəri əhatə edən kamil dövründə elə bir şeirinə, poemasına rast gəlmək mümkün deyil ki, ümumən təqlid, yaxud kimdənsə gəlmə olsun… ,çünki onun orijinal, özünəməxsus (və daim axtarışda olan, narahat!) poetik təfəkkürü ilk qələm təcrübələrindən öz dastanını (üslubunu!) yaradır. 

XX əsrin sonu XXI əsrin əvvəllərində - Azərbaycan (və dünya) tarixinin təbəddülatlarla zəngin bir dövründə Yusif Nəğməkar, elə bilirik ki, taleyinə yazılmış şairlik missiyasını həm istedad-la, həm məhsuldarlıqla, həm də ləyaqətlə davam etdirmişdir. Və davam etdirməkdədir… «Mənə azadlıq verin», «Alın yazım», «Zal ağacı», «Vəslin edamı», «×ingiz çini», «Sevgim- mələklər yuxusu», «Bəsirət gözəli», «Qələm səsi» və s. şeir və poema kitablarında şair üçün mövzu məhdudluğu olmasa da, tamamilə təbiidir ki, milli bir şair olaraq əsasən, xalqı düşündürən, narahat edən, ağrıdan, eyni zamanda qürurlandıran, ruhunu yüksəldən mövzulardan yazır… Və təsadüfi deyil ki, Yusif Nəğməkarın lirik şeirləri ilə yanaşı, vətənpərvər mövzularda yazdığı əsərlərin bir qismi də bəstəkarlarımız tərəfindən nəğmələşdirilərək nota alınmış, həmin nəğmələr sevilən səs sənət- çilərimizin - müğənni və xanəndələrimizin ifasında xalqın bədii yaddaşına köçürülmüşdür. Nəzərə alsaq ki, bu gün bəsit, tutarsız söz yığınından ibarət, dinləyiciləri təngə gətirən mahnı mətnləri də az deyil, onda Yusifin aydın, duru, məntiqli, örnək ola biləcək şeirlərinə daha çox ehtiyac hiss olunur. 

Hər bir böyük şairdə daxildən, içdən, ruhdan gələn bir Vətən sevgisi olur… Səməd Vurğun, Məhəmmədhüseyn Şəhriyar, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə kimi böyük sələflərindən dərs almış Yusif Nəğməkar da vətənpərvər və bu mənada böyük, nəcib ideallarla yaşayan, həm də narahat bir şairdir. Və onun poeziyasının baş qəhrəmanı Vətəndir desək səhv etmərik…

 

«Can» söyləyib verməsək can,

«Can»dan Azərbaycan olmaz.

Qovuşmasa nəfəslə qan,

Qandan Azərbaycan olmaz.

…Qüdrət yoğrulsun cürətdən,

Vətən baxmasın qürbətdən.

Əsli yox, quru şöhrətdən,

Şandan Azərbaycan olmaz.

Araz xalı- ulduzla Ay,

Qoşa Nura arama tay.

Birləşməsə o tay, bu tay,

Ondan Azərbaycan olmaz.

 

Azərbaycanın çətin, ağrılı-acılı günlərində şair Vətənin tərcümeyi- halını öz tərcümeyi-halı kimi yaşayır. Və yazır: 

 

Dostlarımla şərtimiz var,

Mənə nəğməkar deməyin.

Nəğmədən çox dərdimiz var,

Mənə nəğməkar deməyin.

…Bəla bəhri-qəm daşlarım,

Hələ fikir savaşlarım.

Qurumayıb göz yaşlarım,

Mənə nəğməkar deməyin.

Bilsin haqqı düzənləyən,

Yaralıyam, hüznlüyəm.

Ey qazilər, sizinləyəm,

Mənə nəğməkar deməyin.

 

Şair yuxarıdakı misralarla açıq-aydın bildirir ki, o, həm də ağrının, həsrətin, kədərin, göz yaşlarının, düzlüyün, gerçəyin, haqqın, ədalətin nəğməkarıdır. 

80-ci illərin sonu 90-cı illərin əvvəllərində - Azərbaycan xalqının taleyinin həll olunduğu fövqəladə dərəcədə məsuliyyətli (və tarixi!) günlərdə millətin bütövlüyünü, mükəmməlliyini pozan, onu çaşbaş salan, mənhus təfriqələr, daxili qarşıdurmalar, mənəm- mənəmlik Vətən təəssübü çəkən şairi düşündürməyə, həyəcanlandırmaya bilməzdi… Odur ki, Yusif Nəğməkar hisslərini (və mövqeyini) gizlətməmişdi… 

 

Özgələrdən nə qorxu var, nə qınaq,

Allah bizi özümüzdən saxlasın!

Düşmənimiz nə qıraxdı, nə qonaq,

Allah bizi özümüzdən saxlasın!

…Bir- birindən artığımız az deyil,

Hazıryeyən ortağımız az deyil,

Yalağımız, yaltağımız az deyil,

Allah bizi özümüzdən saxlasın!

Özgəsini nə güdək, nə izləyək,

Özümüzə qənimik, nə gizləyək?!

Özümüzü özümüzdən gözləyək,

Allah bizi özümüzdən saxlasın!

 

Bu misralar dahi Sabirin məşhur «öz qövmümüzün başına əngəl kələfiz biz» deyimetirafını yada salır. Ancaq dahi sələfi kimi «Allah bizi özümüzdən saxlasın» şeirinin müəllifi dəbədbinliyə qapılmır. Əksinə, «daxili problemimizi» cəsarətlə açıb göstərməklə sağlam, iradəli, inamlı bir mənəvi ab- hava, güc təbliğ edir… Və bunun üçün özündə qüdrət (səlahiyyət!) duyur. 

 

Ona görə ki… 

Gözlərimdən həsrət baxır,

Mən Vətənə oxşayıram.

Içimdən qara qan axır,

Mən Vətənə oxşayıram.

…Ağ günüm qara bağlanıb,

Gümanım hara bağlanıb?!

Vücudum Qarabağlanıb,

Mən Vətənə oxşayıram.

…Qızıl hikkəm, göy cəngim var,

Yaşıl məslək ahəngim var,-

Bayrağım tək üç rəngim var,

Mən Vətənə oxşayıram.

 

Vətənin, xalqın, el-obanın ruhunun tərcümanı olmaq, onun dərdiylə dərdlənib, şadlığıyla şadlanmaq, qüruruyla qürurlanmaq hər bir Şairin xoşbəxtliyi, daxili, mənəvi zənginliyidir. Yusif Nəğməkar da vətənimizin bu cür xoşbəxt, daxilən, mənən zəngin şairlərimizdən biridir. Və onun «mən bu elin nəğməkarıyam» deməyə haqqı vardır… 

Müstəqillik dövrü yaradıcılığında Yusifin əsas qəhrəmanı azadlıq, bütövlük, özgürlük uğrunda mübarizə aparan Vətən olsa da, onun mövzuları, ideya- estetik maraq dairəsi, ilhamının cövlanmeydanı genişdir. «Yanıq Kərəmi»yə oynama, «Sən şeir yazmağı tərgit, Füzuli», «Ay qatar!..», «Səndən özgəsini sevə bilmirəm», «Xudafərin körpüsü», «Kişilər aldanır göz yaşlarına», «Gözəllik müsabiqəsi», «Qıpçağım- Oğuzum», «AtaAna dilimiz», «Araz» və s. onlarla lirik şeirlərində şair yalnız yeni mövzu- motivlər kəşf etmir, eyni zamanda dəfələrlə müraciət olunmuş, işlənmiş mövzulara bugünkü düşüncə, zövq səviyyəsindən baxır… Məsələn, «Sən şeir yazmağı tərgit, Füzuli» şeirindəki kimi… 

Məlumdur ki, Azərbaycan xalqı duyğusal, həssas, emosional xalqdır. Və xalqımızın nəzərində şair, bəlkə də, dünyanın ən böyük adamıdır. Tarix boyu biz Nizamilərin, Nəsimilərin, Füzulilərin, Vaqiflərin, Aşıq Ələsgərlərin, Cavidlərin, Səməd Vurğunların hörmətini (şöhrətini!) istənilən ən böyük dövlət və ya din xadiminin nüfuzundan yüksək tutmuşuq… ancaq zaman- zaman şairlərin şöhrətinə şərik çıxmaq istəyən şeir dələduzları da olmuşdur ki, belələri barəsində dahi Füzuli təxminən belə demişdi: çoxları məni təqlid etməyə çalışa-çalışa həm də mənimlə yarışmaq istəyirlər; gərək unutmasınlar ki, mindikləri at qamışdandır… 

Qamış at minib şeir meydanına çıxmış «şairlər» Azərbaycanda tarix boyu olduğu kimi bu gün də kifayət qədərdir… Və bu cür «şairlər»in həm artdığını, həm də səslərinin çox müxtəlif mövqelərdən gəldiyini görən Yusif Nəğməkar dahi sələfinə müraciət edir: 

Kimsəyə haqqım yox yazma deməyə,

 

Sən şeir yazmağı tərgit, Füzuli.

Ulu yaradanı çağır köməyə,

Sən şeir yazmağı tərgit, Füzuli.

Alim də, fəhlə də şeir azarında…

Təbii löyün- löyün hər yazarın da…

Elə ucuzluqdu söz bazarında…

Sən şeir yazmağı tərgit, Füzuli.

…Kimi sərsəm yazır, əlüstü yazır,

Öz kor aləmində «səlist»də yazır.

Prokuror yazır, polis də yazır,

Sən şeir yazmağı tərgit, Füzuli.

 

Heç də təsadüfi deyildir ki, şairin vaxtında (və bədii sözün təəssübünü çəkmək missiyasını cəsarətlə öz üzərinə götürüb!) yazdığı bu şeiri böyük ədəbiyyatşünas, akademik Bəkir Nəbiyevin «Ədəbiyyat və incəsənət» qəzetində çap olunmuş «Nəcib missiya» məqaləsində təqdir etmişdi.

 Qətiyyətlə deməliyik ki, Yusif Nəğməkar xalq yaradıcılığından, folklorumuzdan, klassik ədəbiyyatımızdan bəhrələnən müasir şairdir. Həmçinin onun Ana dilimizin doğmalığına, zənginliyinə bələd orijinal üslublu ülvü duyğular şairi olması şəksizdir. Bundan başqa, Yusifin istər lirik sevgi şeirlərində, istər təbiət mövzularında, istərsə də fəlsəfi-psixoloji əsərlərində (uşaqlar üçün yazdığı şeirlərində belə) dil, ifadə aydınlığı, xəyal, idrak-məntiq dərinliyi bərqərardır. 

“Qələm səsi” kitabının açılış vərəqində yazdığı dörd misraya nəzər salaq: 

 

Səslər işığıdır ürək deyənin,

Onsuz gözlər görən çinlənə bilməz.

Qələmin səsini eşitməyənin,

Könlünün sədası dinlənə bilməz.

 

Atalar sözü təsiri bağışlayan bu misralar Yusifin yaradıcılıq kredosudur. Müəllif təkidlə bəyan edir ki, əlində tutduğu qələmin səsi var və qələmin səsini eşitməyi bacaranlar şair ola bilər yalnız. Bu poetik hökmə (həm də səmimi) sözə oxucu necə inanmasın?! 

Bircə bəndlik “Lövhə” şeiri isə şair təsəvvürünün, təxəyyülünün yaratdığı mükəmməl rəsmdir:

 

Yağışa dönübdür göyün qolları...

Min dastan bəs etməz belə çağlara;

Şimşək qələmiylə yazıb yalları,

Bulud avtoqraf verir dağlara.

 

Yusifin şeirlərini yaddaqalan edən və yaşadan onun fərqli obrazlı düşüncə və ifadə tərzidir:

 

Təkcə zəfər dilində

Qan dadı şirin olur...

(“Qan dadı”)

 

Başqa bir misal:

 

Sənə həsrət gileyimi

xatirənə büküb saxla,

Sevgimiztək itirmə.

Şərti, məcazi, fəlsəfi deyim:

Bu yer mənə yer vermədi,

Məkansız məkana düşdüm.

(“Məkansız məkanım”)

 

 Müəllif bu misralarla Yerin yersizliyinə yox, Yerdə məkanın, məkandakı “mən”in yerdə yer aramasına işarə edir. 

Yaxud: 

Gözlərə səpilən elə bir ovuc

torpaq görkəmində işıqdır insan.

(“Bir ovuc”)

Yəni ölən insanın gözlərinə səpilən torpaq insan qəlbinin nuruna bələndiyindən torpaq adilikdən çıxıb bir ovuc işığa çevrilir. Ona görə də şair insanın bir ovuc torpaq, bir əlçim işıq olduğuna özü inandığı qədər bizi də inandıra bilir. 

Yaxud: 

 

Sözün sahilinə çıxdım,

Bu sahilin sözü bitib...

 

Ardınca:

 

Ayağıma cığır geydim,

Bitməyən sözüm ölçüdə.

(“Bitməz ölçü”)

 

Bu misralarda isə şair bitmək və bitməmək, son hədlə bitməzlik əksiliklərində sonsuz ölçüsüzlükdə səfərə çıxan təxəyyülünün sanki qanaqlarını çırpır. 

Yaxud: 

 

Sözündən şəhid olmayan

şairi torpaq götürməz.

(“Götürməz”)

 

Yenə başqa bir misal:

 

Qalxan, özünə yer tapar,

Düşənlər özündən düşüb...

Qərib ayrılıq nəğməsi

Durna boğazından düşüb.

(“Düşüb”)

 

Lirik şeirlərdən də bəzi parçalar maraq doğurur: 

 

Eşqimizdən

gücsüzdür ruzigarlar;

Bizi titrədə bilmir...

 

Yaxud: 

Müəllifin lirik “mən”inin sevgilisini aparan qatara söylədiklərindən: 

 

Gedirsən, ay qatar, qəlbimi dinlə,

Ürəyim atəşlə, ahla doludur.

Qayıtmaq istəsən qollarımda gəl,

Uzalı qollarım dəmir yoludur...

Və son müraciət:

Nə olar, qurbanın olum, ay qatar,

Sərnişin qəlbimi özümə qaytar.

(“Ay qatar”)

 

Yaxud: 

 

Göz qapaqları kimi

gecələr görüşürük...

 

Və son olaraq: 

 

Hicranın qəm yükündən

Qorxuram qəlbim sına;

Bürünüb həsrətinə

Üşüyəm yana-yana.

(“Sevgi şeiri”)

 

Bu və buna bənzər saysız poetik nümunələr bucağından baxanda bir daha yəqin edirik ki, artıq bu gün Yusif Nəğməkarın Azərbaycan poeziyasında (ədəbiyyatında) özünəməxsus, xüsusi əhəmiyyətli yerinin olduğu tamamilə inkaredilməzdir!.. 

Yusif Azərbaycan şeirinin bütün vəznlərində şeirlər yazır, hər vəznin də tələblərinə uyğun qanunları, qanunlar içərisində öz üslubi keyfiyyətlərini qoruyub saxlamağı bacarır. 

Onun çoxcəhətli yaradıcılığında ənənəvi formada yazdığı bir sıra fərqli cəhətləri ilə seçilib yadda qalan yeni ruhlu qoşma, gəraylı, təcnis və qəzəlləri də xüsusi yer tutur və ayrı-ayrılıqda onların hər birindən çoxlu sayda nümunələr gətirmək mümkündür. 

Yusif Nəğməkarın yalnız şeirləri deyil, poemaları da mövzusundan, həcmcə kiçik və ya böyüklüyündən asılı olmayaraq bir nəğmə kimi oxunur. Hər şeydən əvvəl ona görə ki, xalq ədəbiyyatının, xüsusilə poeziyasının ruhunu dərindən mənimsəmiş şairin daxilindən gələn poetik ritmlər, intonasiya, bədii sintaksis, təhkiyə məharəti (və mədəniyyəti!) janrın (poemanın) miqyasına da yüksələ bilir. «Sizli», «Ah- naz- Şahnaz», «Şər şənbə», «Zal ağacı», «Vəslin edamı», «×ingiz çini», «×anaqqala», «Qurbannamə» və «Bəxtiyar» poemalarının kifayət qədər aktual olan ideya- mövzularını bir tərəfə qoyub təkcə sənət-karlıq məziyyətlərinə diqqət yetirsək görərik ki, Yusif Nəğməkar poema yaradıcılığı sahəsində nə qədər yenilikçi, nə qədər müasirdir. Onun hər bir poemasının ümumi janrından başqa «xüsusi» janrı da var: poema- anım, poema- elegiya, poema- esse və s. Bu isə o deməkdir ki, şair ənənəvi janr modelinin tələblərini gözləməklə yanaşı ideyamövzunu daha optimal poetik texnologiyalarla təqdim etməyin üsullarını, formalarını axtarır və özünəməxsus yaradıcı üslub nümayiş etdirir. 

O, poemalarında ənənəvi olaraq “proloq”, “epiloq” adlandırılan giriş və sonluq əvəzinə ilk dəfə olaraq “ən ön ün”, “ön ün”, “ünləmə”, “sonlama”, “son ün” və “ən son ün”-lər yaratmışdır. Bunlar da həm məzmun, həm də quruluş (struktur) baxımından təqdir olunmalı yeniliklərdir.

 Onun bu yenilikləri özündə əks etdirən “×anaqqala” adlı poeması tarixi ×anaqqala zəfərinin yüz illiyi münasibətilə keçirilən ədəbi müsabiqənin qalibi oldu. Bu əsər də müəllifinə sağlam ideyası, yeni bədii mündəricəsi ilə geniş oxucu auditoriyası qazandırdı. Türkün şanlı zəfərinin uca tərənnümü Yusifi həm də ümumtürk dünyasının öyümlü, sevimli nəğməkarına çevirdi! 

Əsərin maraq doğuran təqdirəlayiq bir cəhəti də müəllifin ×anaqqala savaşı ilə Qarabağ dərdimiz arasında bədii paralellik yaratmağa can atmasıdır: 

 

Dərdli Odlar yurdum sərdar qaladır,

Neçə döyüş burda, neçə iz burda.

Bu gün Qarabağım çanaqqaladır;

Seyid Onbaşıyla Mübariz burda...

Son məntiq isə “ən ön ün” də ifadə olunmuş haqlı bir tənənin nidasıdır: 

Həyat ki şirindir, acı bəs olmaz;

Dünyanın bir ovuc noğulu yoxdur?!

Oğlu şəhid olan torpaq basılmaz,

Torpaq şəhiddirsə, oğulu yoxdur!..

 

Xalq şairi, milli mücahid, böyük mütəfəkkir Bəxtiyar Vahabzadəyə həsr olunmuş irihəcmli «Bəxtiyar» poeması Yusif Nəğməkarın, həm də müasir Azərbaycan ədəbiyyatının bu mövzudakı ən mükəmməl əsərlərindən biri, hətta demək olar ki, birincisidir. 

Əsərin ən azı üç mühüm məziyyətini qeyd etmək mümkündür: 

birincisi, müəllif, şair-mücahidin həyatının, yaradıcılığının və milli istiqlal uğrunda mübarizəsinin ictimaiyyətə məlum tərəflərilə yanaşı naməlum tərəflərini də təsvir etmiş, onun kamil bədii obrazını yarada bilmişdir; 

ikincisi, böyük tarixi şəxsiyyətin obrazı təcrid olunmuş şəkildə yox, müasir Azərbaycan tarixinin mürəkkəb hadisələrlə zəngin kontekstində təqdim edilmişdir; 

nəhayət üçüncüsü, ustad- şagird münasibətlərinə həmişə müqəddəs baxan müəllif ustada öz şagirdlik borcunu verməyə çalışmışdır. Özü də aşağıdakı ehtiram ifadə edən poetik misraların dili ilə: 

 

Göytürk Səməndəri, məslək qanında,

Turan zirvələnər zirvə sanında,

Qartal xəritəmin yurd dəhanında,

Azərbaycan adlı dildi Bəxtiyar.

Səksən dörd daş hördü bir ömür qəsrə,

Səksən dörd can qoydu zamana, ərzə,

Səksən dördü vurub səksən dörd əsrə,

Xalqın arzusuna böldü Bəxtiyar!..

 

 “Zal ağacı” poeması Yusif Nəğməkarın həm öz əsərləri arasında, həm də ümumən ədəbiyyatımızda istər mövzusu, istərsə də dili, müəllif manevri, təhkiyəsi, improvizə yenilikləri baxımından daha fərqli bir sənət nümunəsidir. Elat-tərəkəmə həyatına bu qədər dərindən bələdlik bir yana, bu zəngin (tarixilik baxımından vacib) köçərilik adət-ənənələrinin, elat vərdişlərinin yüksək poetik tərənnümü, müasir libaslı qədim (xeyli arxaik) bilgilərə qapı açmaqla, mübaliğəsiz desək, oxucusunu heyran edir! 

Şair əsərdə qoynunda yaşadığı torpağını, kəndini itirmiş, həyatda qaçqın, didərgin statusu ilə yaşayan müdrik, ixtiyar el ağsaqqalı, Zal kişinin dilindən yazır: 

 

Bəllidir taleyim, bəxtim dünyaya,

Neyçün şimşək olub çaxa bilmirəm?!

A kəndim, gözündən baxdım dünyaya,

Dünyadan gözünə baxa bilmirəm!..

 

Təkcə bu poetik fikir poemanın bütün fəsillərinin uğurlu bədii həlli üçün zəruri təməl-başlanğıc-nəticə bərabərliyi rolunu oynayır. 

Müəllifin, adlarını təkrarən xatırlatmağı vacib bildiyimiz, Azərbaycan musiqisinin ecazkarlığını ilhamla (həm də səriştəli) tərənnüm edən “Şahnaz-ah-naz”, unudulmaz xalq şairləri Rəsul Rzavə Nigar Rəfibəyli sevgisinə və yaradıcılığına həsr olunmuş “Sizli”, Bakıda 1990-cı ilin 20 yanvar şənbə gecəsindəki qətliamları, günahsız axıdılan, haqq yolunda tökülən qanları əks etdirən “Şər-şənbə”, torpaqlarımızın zorla işğalından bəhs edən “×ingiz çini” (bu əsər haqqında əvvəllər də qeydlərimiz olub), “Vəslin edamı”, XX əsrdə Qazax rayonunun Ikinci Şıxlı kəndində yaşayıb yaratmış müdrik el şairi, fəal maarifçi, parlaq ziyalı Qurban Musayevin mənalı ömür və yaradıcılıq yoluna işıq saçan “Qurbannamə” və sair poemalarının hər biri geniş, hərtərəfli təhlil tələb edən maraqlı əsərlərdir ki, onlar haqqında da bu kiçik qəzet məqaləsində mükəmməl, əhatəli məlumat vermək, təbii ki, çətin olardı. Və bu barədə gələcək yazılarımızın bu istiqamətdə mövzulanacağı istisna deyil. 

Müşahidələrimdən belə qənaətə gəlirəm ki, bir xeyli müddətdir, Yusif Nəğməkarın yaradıcılığı barədə mətbuat səhifələrində silsilə elmianalitik məqalələr çap olunur. Bu da onun əsərlərinin elmi-ədəbi araşdırmalar üçün öz tədqiqatçılarını gözləyən yeni mühüm ideyalar ünvanı olduğunu göstərir... 

Yusif Nəğməkarın poeziyası neçə on illərdir ki, həm oxucuların zövqünü oxşayır, cəmiyyətə humanizm, milli-mənəvi dəyərlər, vətənpərvərlik təbliğ edir, həm də ədəbi-ictimai mühitdə böyük rəğbətlə qarşılanır… Onun yaradıcılığını hələ gənclik illərindən başlayaraq əgər Mirzə Ibrahimov, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Teymur Bünyadov, Anar, Elçin, FikrətQoca, Musa Yaqub, Ramiz Rövşən, Nizaməddin Şəmsizadə, Nizami Cəfərov, Qəzənfər Kazımov, Vaqif Yusifli, Asif Rüstəmli, Buludxan Xəlilov, Qurban Bayramov, Əli Rza Xələfli, Bədirxan Əhmədov, Alxan Bayramoğlu, Qulu Ağsəs, Əsəd Cahangir… (bütün adları sadalasaq uzun bir siyahı olardı...) kimi müxtəlif nəsillərdən olan ədəbiyyat adamları təqdir etmişlərsə (Yusifin yaradıcılığı və şəxsiyyətinə heyran olan bir çox qələm dostları da ona şeirlər həsr etmişlər), deməli, Yusif Nəğməkar öz dərin məzmunlu insanpərvər, vətənpərvər nəğmələrini hələ uzun illər istedadla, inamla, eşqlə oxuya bilər… 

Beləliklə, qələminin səsinin qəlbdən, bəsirətdən süzülüb gəlməsi bizə bir daha onu deməyə inam və əsas verir ki, hələ Yusif Nəğməkar yaradıcılığına dönə-dönə müraciət edəcəyik. 

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.