Super User
Nə qədər çalışsan da ömrü-ömrə, günü-günə, qəlbi bir başqa qəlbə calaya bilmirsən - ESSE
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Əgər təməl zəifdirsə o təməl üzərində qurulan bina əvvəl-axır çökməyə məhkumdur. Kənardan hər nə qədər bəzək vurmağa çalışsan da, kənardan hər nə qədər xoşbəxt görünməyə çalışsan da, almanı qurd içindən yediyi kimi bəzək vurub örtməyə çalışdığın həqiqətlər də eyni ilə bir qurd kimi səni yavaş-yavaş içindən gəmirəcək.
Üstünü torpaqlayıb çiçək əkərək örtməyə çalışdığın o məzarqlıqlar isə hər gün xəlvətdə ən az bir damla göz yaşını içəcək.
Və itirəcəyini ağlına belə gətirmədiyin insanları faydasız peşmanlıqlar geri gətirməyəcək.
Ömürdən ötüb keçən upuzun illərin xatirəsini oturub vərəqləmək bir günə sığarkən, bir günü ilə bərabər olan insanlardan uzaq illər ötür..
Nə qədər çalışsan da ömrü-ömrə, günü-günə, qəlbi bir başqa qəlbə calaya bilmirsən...
Onsuzda bunun belə olacağı əvvəldən bəlliydi deyə öz-özünə mən sənə demişdim ədasıyla tənə vurub, məyusluğunu çiyninə atıb ünvanı ayaqlarına həvalə edirsən. Yorğun ruhunda baş qaldıran barışmaq duyğusu artdıqca mübarizə duyğusu azalmağa başlayır. Və sən yavaş-yavaş hissizliyin, laqeydliyin əsirinə çevrilirsən.
Halbuki bir dəfə ayaq basdınsa o laqeydlik bataqlığında boğulacağının özündə fərqindəsən əslində. Özün belə nə istədiyini heç bir zaman bilmirkən, daim insanların səni anlamasını təmənna edirsən.
Hər nə qədər beynin sənə reallıqları diqtə etsə də, qəlbin də bir yandan qırıqlarının onu incitməsinə rəğmən ümid deyə çırpınmaqdan vaz keçə bilmir.
Sən də öz növbəndə bu iki əks qütb arasında qalıb küncə sıxışdıqca və üfüqdəki o məchulluq dumanı israrla çəkilmədkcə, sanki intihar arzusuyla dalğaları qovub özünü boz qayalıqlara çırpan sərgərdan küləklər kimi hara gəldi əsirsən.
“Ədəbiyyat və incəsənət”
(15.05.2024)
Beynəlxalq qonaqlar “ASAN xidmət”də
Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbərliyi və Laos Xalq Demokratik Respublikasının nümayəndə heyəti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olublar. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Qonaqlara “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb. Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi də vurğulanıb.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi bildirilib.
Qonaqlar “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib və Dövlət Agentliyi tərəfindən dövlət xidmətləri və sosial innovasiyalar sahələrində həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildiriblər.
Laos tərəfi ilə keçirilən görüş zamanı “ASAN xidmət” təcrübəsinin paylaşılmasına dair ilkin razılığa gəlinib.
Nümayəndə heyətləri "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.
“Ədəbiyyat və incəsənət”
(14.05.2024)
“ASAN xidmət" modelinin ixracı ilə bağlı 22-ci memorandum imzalanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəvəti ilə Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirinin müavini Temesgen Tirunehin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Məqsəd Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin çatdırılması, sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr ilə yerində tanış olmaq, eləcə də “ASAN xidmət” konsepsiyasının Efiopiyada tətbiqi istiqamətində əməkdaşlıq sənədinin imzalanmasıdır.
“Ədəbiyyat və incəsənət” portalı “ASAN xidmət”ə istinadən xəbər verir ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb. Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi də vurğulanıb.
Ülvi Mehdiyev 2023-cü ilin avqust ayında Efiopiyaya səfərini məmnunluqla xatırladıb, dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan təcrübəsinin bölüşülməsi istiqamətində dəstəyə hazır olduqlarını bildirib.
Temesgen Tiruneh əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində Azərbaycanın qabaqcıl təcrübəsi olan “ASAN xidmət” konsepsiyası ilə tanışlığının onda xoş təəssürat yaratdığını bildirib, eyni zamanda Dövlət Agentliyinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Memorandum ölkəmizin “ASAN xidmət” konsepsiya əsasında Efiopiyada dövlət xidmətlərini həyata keçirəcək mərkəzlərin yaradılması, müvafiq istiqamətdə təlim və təcrübə proqramlarının həyata keçirilməsi üzrə birgə əməkdaşlığı nəzərdə tutur.
Nümayəndə heyəti “ASAN xidmət” mərkəzi, Səyyar ASAN xidmət, “Bilim Bakı” və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə də tanış olub.
Ümumilikdə səfər çərçivəsində qonaqların azərbaycanlı dövlət rəsmiləri ilə bir sıra işgüzar görüşlərinin, tanışlıq səfərlərinin və digər tədbirlərin təşkili planlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(14.05.2024)
“Niyə türk dünyasına elm günəşi Azərbaycanda doğmasın?” - MÜSAHİBƏ
I Türk İnteqrasiya Olimpiadasının finalının Bakıda keçirilməsi xəbərini alınca “Ədəbiyyat və incəsənət” portalı Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiqə müraciət edərək ondan açıqlama aldı.
-Şəmil bəy, olimpiadanı keçirnək ideyası haradan yarandı?
-Andiçmə mərasimində cənab Prezident İlham Əliyevin dediyi tarixi fikirlər Türk İnteqrasiya Olimpiadasının mayakı oldu: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir”.
Azərbaycan Respublikasının yürütdüyü dövlət siyasəti Türk Dövlətləri Təşkilatına baxışımızı çox aydın şəkildə göstərməkdədir. Məhz bu məqamı vurğulayan dövlət başçımız Türk Dövlətləri Təşkilatını yeganə ailəmiz adlandırdı: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
-Bəs niyə inteqrasiya olimpiadası?
-TİO 10 ildən çoxdur ki, Hədəf Şirkətlər Qrupu tərəfindən keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. Bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqındadır.
Bu gün dünyada elmin bütün sahələrində inteqrasiya prosesi gedir. Hazırda fənn kurikulumlarında inteqrativ yanaşma üstünlük təşkil edir. Bu proses elmlər arasında olduğu kimi xalqlar arasında da vacib şərtlərdəndir.
-Əsas məqsədi nədir bu olimpiadanın?
-300 milyonluq türk xalqının ortaq dilə, elmə, mədəniyyətə, tarixə, coğrafiyaya, sahib olduqlarını nəzərə alaraq bu ortaqlığı elmlə vəhdətdə təqdim etmək məqsədilə yolan çıxıb bizim olimpiada.
Olimpiadanln dörd əsas məqsədi var:
1. Türk xalqlarının ortaq dil, əlifba və dərslik ideyasına dəstək;
2. Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;
3. Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;
4. Türk xalqlarının “işdə, dildə, əməldə birliy”in fərqində olmaları və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etmələri.
-Olimpiadanın əhatə dairəsi çoxmu genişdir?
-Olimpiadanın əhatə dairəsi – Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Cənubi Azərbaycan, Quzey Kıbrıs, Tatarıstan, Krım, Qaraçaylar, Qaqauziya, Çuvaşıstan, Bolqarıstan, Başqırdıstan, Altay, Tuva, Saxa-Yakutiya, Xakasiya, Qərbi Trakiya, Kərkük türkləridir.
-Demək, ümdə vəzifəniz Azərbaycanın bu bilik yarışmasına paytaxt olmasıdır.
-Bəli. Amma tək bu yarışmaya yox, daha geniş anlamda. Ölkəmizin regionda elm mərkəzi olmaq şansı çoxdur və belə addımlarla biz bunu sürətləndirə bilərik. Niyə türk dünyasına elm günəşi Azərbaycanda doğmasın və bunda bizim də dəstəyimiz olmasın?!
-Hazırda olimpiada hansı mərhələdədir?
-Artıq TİO-nun ölkə mərhələləri bitib, 27 may tarixində Bakıda final turu və Türk Dünyası Ortaq Mədəniyyət Festivalı keçiriləcək; olimpiadada 10-dan çox ölkədən 100-ə yaxın şagird iştirak edəcək.
Qeyd edək ki, Türk İnteqrasiya Olimpiadası (TİO) türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında keçirilən olimpiadadır.
-Uğurlar sizə!
“Ədəbiyyat və incəsənət”
(14.05.2024)
Komitə sədri qocaman jurnalistə təbrik məktubu ünvanlayıb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasının Əməkdar jurnalisti Qədir Aslanı 80 illik yubileyi ilə bağlı təbrik edib. “Ədəbiyyat və incəsənət” portalı təbrik məktubunun mətnini təqdim edir:
"Hörmətli Qədir müəllim,
Sizi - tanınmış jurnalisti 80 illik yubileyinizlə bağlı təbrik edir, sizə möhkəm can sağlığı diləyirəm!
Siz Azərbaycan Dövlət Universitetinin (BDU-nun) Jurnalistika fakültəsini bitirmisiniz. Bakıda təhsilinizi başa vurduqdan sonra doğma Göyçəyə qayıdıb, Basarkeçərdə yayınlanan “Bolluq uğrunda” qəzetində çalışmağa başlamış, 20 il həmin qəzetin məsul katibi olmusunuz.
1988-ci ildə dədə-baba yurdumuz Göyçəni tərk etməyə məcbur qaldıqdan sonra Bakı şəhərində yaşayıb-yaratmış, müxtəlif mətbu orqanlarda çalışmış, öz məhsuldar əməyinizlə seçilmisiniz. Artıq 24 ildir “Respublika” qəzetinin Diaspor şöbəsinin müdirisiniz.
Sizin “Göyçə şəhidləri”, “Qədim Oğuz yurdunun Milli Qəhrəmanları”, “XX əsrin Koroğlusu”, “Goranboy qartalları” – ümumilikdə 10-dan çox kitabınız gün üzü görüb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncam əsasında Əməkdar jurnalist fəxri adına layiq görülmüsünüz.
Sizi yubileyiniz və yaradıcılıq uğurlarınızla bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm"!
“Ədəbiyyat və incəsənət”
(14.05.2024)
Mayın 20-dən 26-dək II Bakı Müasir Musiqi Günləri keçiriləcək
Mayın 20-dən 26-dək Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “II Bakı Müasir Musiqi Günləri” festivalı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festivalda yerli musiqiçilərlə (Cadenza Orchestra, BCMS Ensemble) yanaşı, Avstriya, Almaniya, Macarıstan, Norveç, ABŞ və Rusiyadan dəvət olunmuş ifaçıların da iştirakı nəzərdə tutulur.
Festivalın proqramı səhər, gündüz və axşam sessiyalarından ibarətdir – konsertlərin hamısı ictimaiyyət üçün açıqdır. Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Beynəlxalq Muğam Mərkəzində ustad dərslərinin, seminarların və mühazirələrin keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda, Beynəlxalq Muğam Mərkəzində və Muzey Mərkəzində “Portretlər” adlı yaradıcılıq gecələri keçiriləcək. Festivalın hər bir günü ya Beynəlxalq Muğam Mərkəzində, ya da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında axşam konserti ilə başa çatacaq.
“Ədəbiyyat və incəsənət”
(14.05.2024)
BİR SUAL, BİR CAVAB İbrahim İlyaslı ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Aşiq Yunus söylər sözü,
Qan-yaş dolu iki gözü.
Bilməyən nə bilsin bizi,
Bilənlərə salam olsun.
(Yunus Əmrə)
İbrahim İlyaslını "bilənlərin", yoxsa "bilməyənlərin" sayı çox?
-Yunus Əmrəyə varmaq ağır söhbətdir. İbrahim İlyaslı bu konuda uzağı iynə ulduzu boyda bir zərrədir. Əslində, mən heç bilinmək də istəmirəm. Heyif deyil sirr olaraq qalmaq...
Qadam, sənlə nə işim var? –
Mənim işim fələknəndi.
Yerin təkində iblisnən,
Göy üzündə mələknəndi.
Sizindi yer-göy arası,-
Abadanı, xarabası.
Qurun, dağıdın... sonrası
Şadaraynan, ələknəndi.
Düyün vurulmaz ilməknən,
YAZI pozulmaz silməknən.
Sənin azarın bilməknən,
Mənimki bilməməknəndi.
“Ədəbiyyat və incəsənət”
(14.05.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Dərviş Təbrizlinin “Küçənizdə”si
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Nurvəş “Güney Azərbaycan poeziyası antologiyası”nda sizlərə şair Dərviş Təbrizlinin şeirlərindən seçmələr təqdim edəcək.
Dərviş Təbrizli
Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadi 1992-ci ildə Təbriz şəhərində anadan olubdur. 2007-ci ildən türkcə şeir və ədəbiyyat sahəsində çalışır. İndiyə kimi 3 kitabı işıq üzü görübdür. 10-dan artıq nəsr kitabını Azərbaycan əski əlifbasına köçürübdür. Bir ildən artıqdır ki, pyes və ssenari yazmağa üz gətiribdir. Azərbaycanın böyük sənətkarı Cəfər Cabbarlının pyes yazılarını köçürüb və çapa hazırlayıbdır. İndi isə Təbriz şəhərində gülüş tamaşasının səhnəyə çıxmasının, yazarı və baş yazarıdır.
KÜÇƏNİZDƏ
Gördüm səni mən ilk dəfə öz küçənizdə,
Dil tutmadı heç bir yol atam söz küçənizdə.
Salxımla bitib gözlərim üstündə məhəbbət,
Gəl, əl uzadıb bircəsini üz küçənizdə.
Göstərmə gözəl gözlərini hər kəsə, vallah,
Çox qorxuram axir vuralar göz küçənizdə.
Min gənc o qara gözlərinin bəndinə düşmüş,
Çək zəncirə bir-bir hamısın düz, küçənizdə.
Sal sevgi odun könlümə bağrım başı yansın,
Bu sevgidən arzumdur olam köz küçənizdə.
Axşamdan inan sübhəcə səndən danışırdıq,
Tanrımla gəzirdik o gecə biz küçənizdə.
Təbriz dolusu sevgi gətirdim qucağımda,
Tökdüm, qapızda qoy qala Təbriz, küçənizdə.
Tək qoyma, amandır, ürəyi incə bu Dərviş,
Addım ata bilməz daha sənsiz küçənizdə
“Ədəbiyyat və incəsənət”
(14.05.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Dünya özü boyda şirin almadı...” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə yenidən çox bəyəndiyiniz, çox sevdiyiniz ustad şair, Cəlilabadda yaşayıb yaradan Əlizadə Nuri görüşəcək, “Dünya özü boyda şirin almadı...” deyəcək.
“Dünya özü boyda şirin almadı-
Hərə bir yanından dişləyib keçir...”, -deyir şair.
Razılaşın ki, çox gözəl deyir.
Xoş mütaliələr!
Dünya özü boyda şirin almadı...
Sən demə, ölüm də əkinçi imiş-
Torpaq ömürləri xışlayıb keçir.
Dünyada nə qədər köçəri quş var,
Mənim ürəyimdə qışlayıb... keçir.
Şeytana daş atan özü də cinmiş,
Sonuncu ümid də dünən keçinmiş...
Göy üzü üstümdən gəlib keçibmiş
Heyif ki, yanıma düşməyib keçib...
Deyəsən, o qızın SU idi adı,
Hara axıb getdi, niyə qalmadı?
...Dünya özü boyda şirin almadı-
Hərə bir yanından dişləyib keçir...
“Ədəbiyyat və incəsənət”
(14.05.2024)
GÖZLƏNİLMƏZ - Yunus Oğuzun şairliyi
Rubrikanı aparır: Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu dəfə mənimçün gözlənilməz olan tarixi romanlar müəllifi, siyasi icmalçı kimi tanıdığım Yunus Oğuzun şeir yazması oldu. Buyurun, siz də təəccüblənin.
SONUNDA
Göy üzünü ha dəlsən də, dəlinməz,
Əməlinə nə yazdınsa, silinməz.
Əzrayıldı, Cəbrayldı biinməz,
Bir mələyə tuş olarsan son anda,
xxx
Sən insansan, nə heyvansan, nə sürü,
Qəzəbindən doğra çayı, yıx Kürü!
Əməlini sovur göyə, dağ kürü,
Fəryadına gələ bilməz sonan da.
xxx
Yığılacaq qalaq-qalaq daş indi,
Hər əməlin göz görməyən daşındı.
Yığış atam, yığış, ruhun daşındı,
Haqq-hesab var, tərəzi var sonunda.
“Ədəbiyyat və incəsənət”
(14.05.2024)