Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğludan növbəti 10 aforizm təqdim edir. 

 

1.Təbiətdə hər yaradılanın möcüzə olduğuna inansan, özünü də möcüzə kimi görəcəksən.

 

2.Daxilən azad olmayan insana verilən xarici azadlıqlar əhəmiyyətsizdir.

 

3.Ən xoş ümid, kiminsə sənin haqqında düşündüyünə ümid etməkdir. 

 

4.Fərqlilikləri görə bilən fərqli insan olur.

 

5.Günü yaşamırsansa, itirirsən.

 

6.Uçmağın xoşbəxtlik olduğunu heç bir quş toyuğa sübut edə bilməyib.

 

7.Əlinlə günəşi örtə bilərsən, amma bunun səndən başqa heç kimə aid olmadığını da unutma.

 

8.Çox düyünlər qucaqlaşmaqla açıla bilir.

 

9.Allah insana ağıl və danışmaq qabiliyyəti verdi, insan bunları birləşdirib yalan danışmağı kəşf etdi.

 

10.Həyat kitab deyil, xoşun gəlməyən səhifələri cırıb ata bilmirsən.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

AMEA Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli türk dünyasının bir incisi olan Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri barədə dəyərli bir tədqiq işi ortaya qoyub. 

Mahmud Kaşğarinin bu ensiklopediyasında türksoylu xalqların dil özəllikləri, ləhcələri, milli-mədəni varlıqları toplanıb, dövrünə uyğun qrammatika və yazı qaydaları müəyyənləşdirilib.

Nadir Məmmədlinin “Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri” adlı tədqiqat işini diqqətinizə çatdırırıq. 

 

I.

“Divanü lüğat-it-türk” - 950

Oba-oba, addım-addım Türk dünyasını gəzib-dolaşan Mahmud Kaşğari "Divanü lüğat-it-türk" ensiklopediyasında türksoylu xalqların dil-ağız özəlliklərini, ləhcələrini, milli-mədəni varlığını toplamış, dövrünə uyğun qrammatika və yazı qaydalarını müəyyənləşdirmişdir. "Divan" ərəblərin diqqətini çəkmək, ərəb dili qədər güclü bir dil olan, ictimai əhəmiyyəti ilə bu dildən geri qalmayan türk dilini öyrətmək məqsədi ilə 1072 - 1074-cü illərdə ərəb dilində yazılmış, lüğət maddələri, sözlüyü, qrammatik məlumatları klassik ərəb leksikoqrafiyasının prinsiplərinə uyğun tərtib edilmiş, bu dilin xüsusiyyətlərinə görə bölmələrə ayırımışdır. Müəllif mükəmməl bir lüğət ortaya qoymaq üçün "ən fəsih türk ləhcəsi"nə sahib olduğu, türk dilini çox gözəl bildiyi halda, bununla qane olmamış, bütün türk elini oymaq-oymaq gəzmiş, məlumatlar toplamış və bunları müqayisəli şəkildə lüğətdə əks etdirmişdir. "Divan"ın girişində yazır: "Mən bunların dilcə ən fəsihi, danışıqca ən aydın ifadəlisi, ağılca ən incəsi, soyca ən şərəflisi, nizə işlətməkdə ən mahiri olduğum halda, yenə də türk, türkmən oğuzları, çigil, yağma və qırğızların şəhər və obalarını gəzib onların ləhcə və qafiyələrini topladım. Beləliklə, ən düzgün bir şəkildə bütün bu tayfaların ləhcələri məndə qərarlaşdı. Bu kitabı mən yetkin təlif və ən gözəl tərtib üzrə yazdım. Daimi xatirə və tükənməz bir azuqə olsun deyə Allahdan kömək diləyib bu kitabımı "Divanü lüğat-it-türk" adlandırdım." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. Bakı, "Elm və təhsil", 4 cilddə, I cild, s. 55.) Müəllif ümumşərq üslubunda əsəri "mehriban, rəhimli Allahın adı ilə" yazmağa başlayıb,"təmiz, parlaq və gözəl övladı Məhəmmədə (s.ə.)" salavat və salamlarını çatdırır.

Əsər yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə fərqlərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini öyrənməyə imkan verir. M.Kaşğari bu barədə yazır: "Mahmud ibn əl Hüseyn ibn Məhəmməd" deyir: Allah-təala dövlət günəşini türklərin burclarında parlatdı; hökmranlıqları ilə fələklərin çarxını dolandırdı, onları türk adlandırdı, ölkə hakimliyini onlara tapşırdı, zəmanə padşahlarını onlardan yetirdi, dünya xalqlarının idarəsini onların əllərinə tapşırdı, onları hamıya ağa etdi və doğruluqda möhkəmləşdirdi. Onlarla yaxın olanları, onlarla birgə çalışanları əziz tutdu, bunlar onların sayəsində bütün arzularına çatdılar və pis adamların şərrindən qorundular. Buna görə də onların oxlarından salamat qalmaq üçün ağıllı adamlar onlara tabe olmalıdır. Bunun üçün ən yaxşı vasitə, onların öz dillərilə danışmaqdır, çünki onlar, öz dilləri ilə danışan adama diqqətlə qulaq asırlar və ona qarşı rəhmdil olurlar. Əgər biri onlara sığınarsa, onu öz tayfalarından sayıb onu öz tayfalarının təhlükəsindən qoruyarlar; bununla birgə gələnlər də qoruna bilir." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. 4 cilddə, I cild, Bakı, "Elm və təhsil", 2024, s. 55.)

Türk olmağı ilə qürur duyan M.Kaşğari bu adın Allah tərəfindən verildiyinə və onların üstünlüyünə inanır. Fəxrlə deyir ki, bu, sadəcə lovğalanmaq deyil, zamanla gerçəkliyin ifadəsidir. Türk dilinin ərəb dili qədər zəngin bir dil olduğunu göstərən M.Kaşğari "Divan"ın girişində bu dilin ərəb dili ilə birlikdə "qoşqulu yarışan at" kimi getdiyini bildirir, türk mədəniyyətinin zənginliyini, eləcə də söz varlığını nümayiş etdirir: "Türk dillərinin də ərəb dili ilə qoşquda yarışan iki at kimi yanaşı ola biləcəyini bildirmək istədim".

Lüğətdə türklərlə bağlı peyğəmbərin iki hədisini xatırladır. Həmin hədislər türk dilinin və türklərin hökmranlığının uzun sürəcəyi ilə bağlıdır. Bu fikirləri sübut etmək üçün şahid Buxara və Nişapurdan olan iki fərqli alimdən eşitdiyini bildirir: "Mən, Buxaranın inanılmış alimindən və başqa bir Nişapurlu alimdən, hər iki tərəfin isnadla rivayət etdikləri bir hədisi eşitdim ki, peyğəmbər - Allahın salavat və salamı ona olsun - qiyamət şərtlərini, axir-zəman fitnələrini və ğuz türklərinin çıxışını zikr edəndə demiş: "Türk dilini öyrənin, çünki onların sürəkli hökmranlığı olacaqdır. Bu hədis doğru isə - vəbalı söyləyənlərinin boynuna - türk dilinin öyrənilməsi vacibdir; yox, hədis düz deyilsə, əql bunun öyrənilməsini lazım bilir." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. 4 cilddə, I cild, Bakı, "Elm və təhsil", 2024, "Giriş", s.20) Məhəmməd peyğənbərə həmd ifadələrindən sonra, diqqət etdiyimiz kimi, türkləri və türkçülüyü digər yazılı əsərlərdə tez-tez rast gəlinməyən bir tərzdə tərifləyir və türk dilini öyrənməyin zəruriliyini hədislə əsaslandırır.

"Divan"da türk sözü həm ədəb, hörmət, böyüklərə ehtiram, təvazökar, igid, mərd xüsusiyyətlərə malik bir boyun adıdır, həm də "gənc", "güc" mənalarını bildirir. M.Kaşğariyə görə, iyirmi qəbilədən ibarət türklər Nuh peyğəmbərin oğlu Yafəsdən qaynaqlanır və bu adı Tanrı özü verib. M.Kaşğari türklərin hər qəbiləsinin fərqli kök, ana boylarından, yalnız böyük qəbilələrdən və onların əsas qollarından bəhs etdiyini, hər bir boyun şaxələnmiş bir çox oymaqları olduğunu, onların sayını ancaq ulu Tanrı bildiyini qeyd edir: "Əsl türklər iyirmi qəbilədən ibarətdir. Onların hamısı "türk-ibni-Yafis-ibni-Nuh" peyğəmbərin (Allahın səlavatı ona olsun) nəslinə mənsubdurlar ki, bunlar da "Ərrum-ibni-İysu-bini-İshaq-bini-İbrahim (Allahın səlavatı ona olsun) oğulları dərəcəsindədir. Bunlardan hər qəbilə bir çox oymaqlara ayrılır ki, onların sayını ancaq Allah bilir." Qəbilələrin əksəriyyətinin Rumdan başlayıb şərqə qədər uzanıb getdiyini, Çin, Tavğaç, Maçin yaxınlığındakı çigil, tuxsı, yağma, çaruq, çumul, uyğur, tənüt, xatay qəbiləsi olduğunu, onların şimal ilə cənub arasında, orta zonada yerləşdiklərini bildirir. Uyğurların isə özlərinə məxsus saf türk dilləri olduğu kimi, aralarında danışdıqları ikinci bir dili və 24 hərfdən ibarət əlifbaları olmasını, "bununla yazışma işlərini apardıqları"nı, qıfçaq, oğuz, tuxsı, yağma, çigil, ığraq, çaruq tayfalarının saf türk dilləri olmasını, yəmək və başğırt tayfalarının dilləri də bunlara yaxınlığı, Rum ətrafına qədər olan bulğar, suvar, peçənək tayfalarının dillərinin isə. bir qayda üzrə, yan-yövrəsi qırıq türk dili olması haqqında məlumat verir: "Dillərin ən yüngülü ğuzların ("Divan"da oğuz sözü bu formada da işlənir.) dilidir; ən düzgünü isə yağma, tuxsı və uyğur şəhərlərindən başlayaraq, İtil, Yamar, Artış (Irtiş) və İlə (İli) çaylarının boylarında yaşayan tayfaların dilidir. Ən fəsih dil Xaqani padşahlarının və onların ətrafına toplaşanların dilidir." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. 4 cilddə, I cild, Bakı, "Elm və təhsil", 2024,, s.20) Vətəni olan Balasağun əhalisi soğdi və türk dillərində danışdıqlarını, Arğudan Balasağun şəhərlərinə qədər yaşayan xalqın dilində "pozuqluq" olduğunu da bildirir, həmçinin Kaşğarda Kənçək dili ilə danışan kəndlərin "varlığı"ndan, şəhər əhalisinin Xaqani türkcəsində danışdığından da bəhs edir.

"Divan"da türk ad kimi təkdə işləndikdə bir adamı, övladlarının adı olduqda isə bəşər sözü kimi çoxluq və cəm bildirir. Bunun İbrahim peyğəmbərin oğlu İshaqı, İshaqın oğlu Esavı, onun oğlu Romu və Romdan gələnlərin nəslini necə adlandırdığına bənzədiyini göstərir. Vurğulayır ki, boyların birincisi və böyüyü oğuzların qınıq qəbiləsidir, hətta zəmanənin padşahları da bunlardandır. Ümumiyyətlə, Mahmud Kaşğari oğuzlara xüsusi diqqət yetirmiş, rəğbət bəsləmiş, onların bir türkmən qəbiləsi və iyirmi iki boyu (kunık, qayığ, bayundur, yıvva, salğur, afşar, bəktili, bükdüz, bayat, yazğır, eymür, qərabölük, alqabölük, igdər, ürəkir, tutırqa, ulayonduluğ, tükər, pəçənəg, çuvaldar, çəbni, caruqluğ) olduğunu, damğaları ilə birlikdə ətraflı şəkildə təqdim etmişdir: "Oğuz türklərdən bir qəbilədir; bunlar türkmənlərdir. Onlar iyirmi iki boydur. Hər boyun heyvanları üzərində damğa və nişan vardır. Bununla onlar bir-birini tanıyarlar. Bunların birincisi və böyüyü "qınıq"dır; zamanımızdakı padşahlar bunlardandır". Onun təbirincə oğuz boylarının adlarının necə yaranmasından bəhs edərkən, ərəblərdə olduğu kimi, "onları qurmuş olan babalarının adlarından" götürüldüyünü qeyd edir: "Bu qəbilələri tanımağa xalqın ehtiyacı olduğundan, onları lazımınca söylədim. Bütün bu damğalar onların heyvan və atlarının nişanələridir: hər oba öz heyvanlarını başqalarının heyvanına qarışdığı zaman bu damğalar vasitəsilə tanıyar. Bunlar qəbilələrin əslini bildirir. Sonra bu qəbilələrdən hər birinin qol-budaqları və boyları vardır. İxtisarla qol-budaqlarını azaltdım. Bu qəbilələrin adları qədim zamanlarda bunları törədən babalarının adlarıdır ki, onlara nisbət verilmişdir." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. 4 cilddə, I cild, Bakı, "Elm və təhsil", 2024, s.50) Oğuzlara çox böyük əhəmiyyət verməsinin səbəbi "Divan"ı yazdığı dövrdə onların arasında olması və sayca çoxluq təşkil etdiyi, Səlcuqlu Sultan Alparslanın ordusunun Anadoluda irəliləməsi və siyasi qüvvəyə çevrilməsi ola bilər. Hər kəsin "Oğuzların əllərinə və heyvanlarına döydükləri damğanı bilməli"dir - deyən M.Kaşğari türklərin ən bəlağətli nitqi, ən ağıllı, ən savadlı və nəcib olması ilə öyünür. "Uzun sözü qısaltmaq faydalıdır" deyə, əsərdə "türk tayfalarının dillərindən söz törədən köklər aldı"ğını bildirir. Bu xüsusiyyətləri sayəsində türk, türkmən, oğuz, cigil, babax, qırğız dilləri haqqında şifahi məlumatları kitabında ən uyğun formada yazdığını, illərlə bu səfərə hazırlaşdığını, bir çox çətinliklərin öhdəsindən gəldiyini söyləyir.

Lüğətdə sözləri müəyyən bir qaydada sıraladığını qeyd edən M.Kaşğari onları axtaranların asanlıqla tapa bilməsi üçün atalar sözləri, deyimlər və şeirlər kimi dördlüklər, beytlərdən ədəbi vasitə kimi türk dilinin ifadə dərinliyini göstərir, kitaba türklərin davranışlarını və biliklərini nümayiş etdirmək üçün söylədikləri şeir nümunələri seçib, çətin və ya sevincli günlərdə yüksək düşüncələrlə səslənən və bundan əvvəl söylənən, sonra nəsildən-nəslə ötürülən atalar sözlərini də daxil edib: "İctimai yaşayış və əməkdə söylədikləri şeirlərdən nümunələr saçdım (seçdim sözünü həm Xalid Səid, həm də redaktorlar saçdım işlətmişlər). Söylənənlərdən nəql edənlərə və onlardan da daha sonrakılara çatdırılmaq üçün söylənmiş xoş və yaman günləri əks etdirən dərin məzmunlu atalar sözlərini də saçdım. Beləliklə, burada söylənmiş şeyləri və məşhur sözləri topladım. Bununla da kitab saflıqda son nöqtəyə və gözəllikdə son mərtəbəyə yüksəldi. Ürəyimin arzusuna və niyyət etdiyim şeyə Allahdan müvəffəqiyyət dilərəm." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. 4 cilddə, I cild, Bakı, "Elm və təhsil", 2024, , s.50) Bu metod bu gün də müasir leksikoqrafiyada istifadə olunur.

A.N.Kononov Mahmud Kaşğarinin "Divan"ını müxtəlif türk xalqları, tayfaları və türk poetik yaradıcılığı barədə zəngin məlumat verən bir xəzinə adlandırır. Əsər XI əsrin əvvəllərində türk tayfalarının ləhcələri haqqında məlumat verən dialektoloji-etnoloji əsər olmaqla yanaşı, bir çox şəhər, qəsəbə, kənd, dərə, göl və dağların adlarını, toponimlərini xəritədə göstərən, haqqında qısa məlumatlar verən türkün coğrafiyası, insanların adlarını da əhatə edən onomastik bir araşdırma, bəzi türk əfsanələrini, köhnə və yeni inancları, əyləncə, oyunlar, adətləri əhatə edən folklorşünaslıq mənbəyi, dövrün peşə-sənətkarlıq, ovçuluq, geyim, zərgərlik əşyaları və silahlar, atlar, müxtəlif ərzaq, qida məhsulları və içkilər, xəstəliklər, müalicəvi otlar və dərmanlar haqqında məlumat verən etibarlı və yeganə mənbə, əcdadlarımızın bədii-estetik, poetik antologiyasıdır. Lüğəti araşdırarkən ailə və dövlət quruluşu, ictimai həyat, iqtisadi əlaqələr, nəqliyyatı, bir sözlə, türklərlə əlaqəli hər şeyi aydınlaşdıran bənzərsiz bir qaynaqla qarşılaşırıq. Mahmud Kaşğarinin türklərin qarşısında ən böyük xidməti budur ki, onların varlığını təxminən min il əvvəl mövcud olan türk icmalarının nümunələri fonunda nümayiş etdirir.

"Divan"ın tərtibi ilə bağlı M.Kaşğari "Giriş" hissədə ətraflı məlumat verərək onu səkkiz bəhsə ayırdığını qeyd edir: həmzə (həmzəli sözlər), salim (kökündə hərfi-illət, əlif, vav, yə, həmzə və qoşa samit olmayan sözlər), müzaəf (həmcins qoşasamitli sözlər), misal (ilk hərfi hərfi-illət, əlif, vav, yə olan sözlər), üçlülər (üç hərflilər), dördlülər (dörd hərflilər), ğünnəlilər (burun samitli olan sözlər), müxtəlif cinsli qoşasamitli sözlər. Bu bəhslərdən hər birini isim və feillərə ayırmış, öncə isimləri sonra feilləri əlavə etmişdir. Mahmud Kaşğari lüğəti ərəb dili qrammatikası üsulunda hazırlasa da, məqsədi müsəlmanlara, əsasən də ərəblərə türk dilini öyrətmək olmuşdur. Hər bəhs ikihərfli sözlərlə başlayır, daha sonra üçhərfli, dörd, beş və daha artıq hərfdən ibarət sözlərlə davam edir. Müəllif sözlərin formalarını ərəb dilində bablar şəklində göstərmiş, lüğət vahidlərini ərəb qrammatikasına aid terminlərlə izah etməyə çalışmışdır.

Sovet dövründə uzun müddət "Divanü lüğat-it-türk"ün çapına qadağa qoyulmuş, onu tərcümə edənlər repressiya qurbanı olmuşlar. Yalnız 1956-cı il, İ.Stalinin ölümündən sonra qadağalarda güzəşt və yumşalmalar, ictimai-siyasi mühitdə bir qədər mülayimləşmələr baş vermişdir. Bu qadağa və maneələr heç də təsadüfi deyildi, Sovet totalitar idarə sistemində türk xalqlarının milli qüdrət və əzəmətini ifadə edən belə bir ensiklopediyanın nəşr edilməməsinin bir çox amillərlə izahı vardır. Əvvəla, bu kitab türklərin genetik kodunu, şəcərəsini, tarixi inkişaf mərhələlərini və milli kimliyini özündə ehtiva edir. Qəhrəmanlıq və cəngavərlik salnamələri ilə dolu olan türk xalqlarının dil, tarix və mədəniyyətinin məhz keçmiş SSRİ xalqlarına çatdırılması, onların qüdrət və əzəmətinin böyüklüyünün görünməsi arzuolunan deyildi. Keşməkeşli tarixi keçmişi olan türklərin klassik ədəbi-mədəni irsinə nihilis münasibət Sovet imperiyasının xislətindən doğurdu. Çünki "Divan"da türkün geniş miqyasda bütün tərəfləri ilə görünən və böyük əraziləri əhatə edən coğrafiyası, türk xalqlarının yaşam tərzi, onların müstəqil idarəçilik qabiliyyətləri, hərb sənətinə dərindən yiyələnmələri və dövlətçilik ənənələri öz əksini tapmışdır. Bütün bunların geniş oxucu kütlələrinin istifadəsinə verilməsi Sovet imperiyasının maraqlarına tamamilə zidd idi. İkincisi, M.Kaşğarinin təqdim etdiyi dünya xəritəsində Rusiya böyük güc və qüdrət sahibi olmadığı kimi, belə geniş ərazilərə də malik deyil, adi və gücsüz dövlətlərdən biridir. Üçüncüsü, bu kitab hər şeydən öncə türklərin zəngin və qədim tarixə, eləcə də misilsiz mədəniyyətə malik olduqlarına şahidlik edir. Sovet imperiyası isə onun əyalətlərinin, xüsusilə də türklərin ruslardan daha qədim tarixə və mədəniyyətə malik olduğuna qısqanclıqla yanaşır və xislətini gizlətmirdi. Daha doğrusu, türkü türkə və dünyaya tanıdan belə bir qədim və möhtəşəm kitabın müxtəlif dillərə tərcümə olunaraq işıq üzünə çıxması imperiyanın müstəmləkəçilik maraqlarına uyğun deyildi. (ətraflı bax: C.Qasımov. Xalid Səid Xocayev. Bakı, "Şirvannəşr", 2021, s. 253-255.)

"Divan"da yer kürəsinə işarə olaraq dairə şəklində türk icmalarının yaşadığı əraziləri göstərən ilk tematik dünya xəritəsi də təqdim edilir. Xəritənin dairəvi formada çəkilməsi göstərir ki, XI əsrdə türklər yerin bu formada olduğunu bilirdilər. Burada türk tayfaları və coğrafiyası haqqında vacib məlumatlar öz əksini tapır. Müasir kartoqrafik metodlarla müqayisədə ibtidai hesab edilə bilən bu xəritə XI əsrin coğrafi bilik və metodları ilə dünya kartoqrafiyasına öz töhfəsini vermişdir. Xəritədə türk hökmdarlarının iqamətgahı olan Balasağun yaxınlığında yerləşən M.Kaşğarinin atasının şəhəri Barsğan və dövrün əhəmiyyətli mədəniyyət ocağı olan Kaşğar mərkəz olaraq qəbul edilmişdir. Barsğan yaxınlığında göstərilən, lakin adı çəkilməyən göl İssık gölüdür. Digər türk şəhərləri və əraziləri bu şəhərə görə düzülmüş və istiqamətlər Orxon kitabələrindəki qədim türk adətlərinə görə təyin edilmişdir. Türklərin yaşadığı ərazilərdəki şəhərlər, dağlar, səhralar, çaylar və dənizlər, Şərq, Qərb, Şimal və Cənub istiqamətləri müxtəlif rənglərlə göstərilir. Xəritədə 6 çay (onların bəzisi vadisinin adına əsasən məlum olur), iki dağ, bir dəniz adı verilir.

Dəniz (yaşıl rəngdə): Bəhri-Abisgun;

Çaylar (mavi): Ceyhun, Seyhun, İla (vadisi), İrtış (vadisi), Yəmar (vadisi), İtil (vadisi);

Dağlar (qırmızı): Qaraçuq, Sərəndib;

Səhralar (sarı): səhralar adla deyil, ümumi olaraq "qumluq" şəklində göstərilmişdir.

Türklərin yaşadığı ərazilər: oğuz torpağı və məskənləri, qıpçaq, başqırd çölləri, Xarəzm, Azərbaycan adları ilə xəritənin əsas mərkəz hissəsindədir. Xəritədə çay və dağların adları çiçəklərlə göstərilir. Burada Böyük Çin səddi, dağıdılmış Kumluk bölgəsi, vəhşi heyvanlar və ibtidai insanların yaşadığı torpaqlar, şimal-qərbdə şiddətli soyuq hava səbəbindən məskunlaşmayan ərazilər də yer almış, türk yaşayış məntəqələrindən savayı eyni bölgədəki qonşu ölkələr və icmaların da adı çəkilmişdir.

Digər yerlər: Cabarqa, Cafu, Bəldətül-Ələviyyə, Ünas-kəsirə minət-türk, Beşbalıq, Canbalıq, Xatun sini, Biladu-Uyğur, Sülmi, Qoço, Maçin, Ardu-kəlim kuşan, Bəldeyi-Nəsa, Çömül məskəni, Ötükən, Qayaqı-Yəmak (Yəmak qayalıqları, bozqırı), Qay məskəni, Qayaqı-Başqırt, Qayaqı-Basmil, Qayaqı-Tataq, Bulğar, Bəldeyi-Saqal-muhdəsə, Qıfçaq və ğuz məskəni, Biladül-ğuziyyə, Suvar, Nəsnaslar yaşadığı söylənən qayalıqlar, Vəhşilərin məkanı, soyuq olduğu üçün bəşər yaşamayan yer, Qıpçaq məskəni, Çənd, Manqışlağ, Rus, Saqaliba, Vərənk, Əməc, Bəçənək, Dərbəndi-Xəzaran, Təbəristan, Xarəzm, Diyari-Dəyalimə, Ardu-Azərabadagan, Ardul-Əkrad (Ərzul-Əkrad - Kürd torpağı), Arduş-Şam, Hüdudu-Misir, İskəndəriyyə, Ardu-Xorasan, Ardul-İraqeyn, Ardul-Hicaz, Ardul-Qeyrəvan və ğeyrihə, Ərzail-Məğaribə və Əndəlus (Məğrib ölkəsi olan Əndəlus), Hədsiz isti olduğundan insan yaşamayan yerlər, Biladi-Fars, Biladi-Xuzistan, Biladi-Sicistan, Biladi-Kirman, Ardul-Yəmən, Diyari-Zənc, Biladi-Həbəşiyyə, Biladi-Zat, Biladi-Bərbər, Biladi-Sin, Biladi-Hind, Sərəndib, Adəm əleyhissəlamın ayaq basdığı yer, Səddi-Zülqərneyn, Ardu-Yəcuc Məcuc, Şaş, İsbəncab, Kümi Talas, İkki Öküz, Yafınc, Nəzil, Təraz, Balasağun, Barsğan, Koca, Barman, Uc, Qoçinkar başi, Şancu, Cürcan, Xotən, Yarkəng, Kaşğar, Özçənd, Marginan, Xocənd, Səmərqənd, Qışmir, Kaşan, Biladi-Sind, Ğəznə.  

Yaponiyanı dünya xəritəsində göstərən ilk şəxs M.Kaşğaridir, bu əsərinin əhəmiyyətini daha da artırır. O, Yaponiyanın Şərqdə Çabarqa adlı bir ada olduğunu söyləyir: "Hər tayfanın dilini ayrıca göstərirəm; lakin, uzaqlığı və Maçin ilə aralarındakı böyük dənizin olması üzündən, Çabarqa xalqının dili naməlumdur." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. 4 cilddə, I cild, Bakı, "Elm və təhsil", 2024, s.50)

Tarixi mənbələrə əsasən, Yaponiyanın ikinci xəritəsi "Divan"dan dörd əsr sonra çəkilmişdir.

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

 

Yolun sol zolağına keçib sürəti artırdıqdan sonra əlimi uzadıb Stepanın əlini sıxdım:

-Salam, əziz qardaşım.

-Salam, Baxa.

-Nə qədər vaxtımız var?

-Məni sizin nazirliyin yaxınlığında düşür. O vaxta qədər lazım olanı sənə izah edəcəyəm. Sonra rahat görüşüb oturmağa vaxtımız olacaq. Sabah axşamadək buradayam.

-Onda, başla.

Stepan çox uzatmadan mətləbə keçdi.

-Söhbət Bakıda törədiləcək terror aktından gedir.

Bu gözlənilməz məlumat idi. Bəs belədirsə, niyə bu işlə Moskva Cinayət Axtarışı İdarəsi məşğul olur? Fikirləşdiklərimi ucadan səsləndirdim:

-Bildiyimiz qədər belə məsələlərlə başqa dövlət qurumları məşğul olur.

Stepan bu sualı gözləyirdi.

-Elə olmağına elədir, Baxa. Ancaq bu dəfə vəziyyət bir qədər başqadır. Altı ay əvvəl bizim Federal Təhlükəsizlik Xidməti olduqca maraqlı bir məlumat alıb. Beyrutda yerləşən, diversantlar hazırlayan tam məxfiləşdirilmiş bazada bir il müddətində ən yüksək səviyyəli mütəxəssislərdən təlim almış rus millətindən olan üç vətəndaşımız Moskvaya qayıdıb. Həmin ölkədən gəlmiş yüzlərlə rusiyalını təhlil edən federallarımız, nəhayət ki, bir ay gərgin çalışmalardan sonra onların kimliklərini müəyyən edə bilib və gizli nəzarətə götürüblər. Bu adamlar hələ ki, sakit həyat tərzi yaşamaqdadırlar. Daha doğrusu onlardan ikisi. Biri isə iki həftə əvvəl qəfildən yoxa çıxmağı bacarıb. Bunun nə demək olduğunu sən gözəl başa düşürsən. Deməli o, aktiv hərəkətə keçməyə hazırlaşır.

«Koroğlu» metrosunun yanından keçib sürət həddini endirməyə başladım. Vəziyyət heç yaxşı olana oxşamırdı. Söhbət hansısa adi cinayətdən yox, hər an gözlənilən terror aktından gedirdi. Hədəf isə Bakıdır. Stepanın dedikləri buna dəlalət edirdi. Lazım olan sürətə endikdən sonra mənə məsələnin ən maraqlı olan tərəfini izah etməsi üçün gözlərimi yoldan ayırmadan dedim:

-İndi bütün bu danışdıqlarının mənim doğma şəhərimlə nə əlaqəsi olduğunu açıqla, dostum.

Stepan birdən-birə qanımın necə qaraldığını hiss etdi. Əlini çiynimə qoyub dedi:

-Darıxma, Baxa. Bakı mənim üçün də doğmadır. Hər şey yaxşı olacaq. Sonra davam etdi: kolleqalarımız o üç nəfərin kimliyini müəyyən etdikdən sonra onlardan birinin bizim «müştəri»miz olduğu məlum olub. Başqa sözlə, üç nəfərdən biri, ömrünün on doqquz ilini Rusiyanın ən ağır rejimli cəzaçəkmə müəssisələrində keçirmiş, iki dəfə ölüm hadisəsi törətdiyinə görə cəza çəkmiş, indiyənə qədər heç bir həbsxana rejiminin, hətta təkadamlıq kamera şəraitinin «sındıra» bilmədiyi «Koramal» ləqəbli qatı cinayətkar İvan Andreyeviç Solomindir. Təəccübləndin?

Stepan bunları dedikcə bəzi şeyləri təxmin etməyə başlayırdım. Ancaq hələ ki, çox az şeyi. O isə cavabımı belə gözləmədən davam etdi:

-Mən də çox təəccübləndim, Baxa. Biz öyrəşmişik ki, cinayətkarlar, xüsusilə, «Koramal» kimi residivistlər yalnız öz qanunları ilə yaşayır, terror və sair kimi işlərə heç vaxt qarışmırlar. Ancaq bayaq dediyim kimi, burada vəziyyət bir qədər başqadır. Elə ona görə də, kolleqalarımız bizim də bu işə qatılmağımızı istəyiblər və məsələ ən yüksək dairələrdə razılaşdırılıb. Digər iki nəfər, hətta günü bu gün uçub Bakıya gəlsələr belə, onların bizə heç bir aidiyyəti yoxdur. Onlarla federallar məşğul olurlar. Söhbət sırf Solomindən gedir. Qatı cinayətkar kimi onun xarakterinə, vərdişlərinə, işləmə üsullarına yaxşı bələd olduğumuzu nəzərə alan rəhbərlik tam məxfiləşdirilmiş belə bir əməliyyatda qüvvələrimizi birləşdirməyi məqsədəuyğun hesab edib. İndi isə, sənin sualına cavab verim: İvan Andreyeviç Solomin, əlli üç yaşındadır, düz otuz beş il əvvəl, on səkkiz yaşında olanda yaşadığı Moskva şəhərindən hərbi xidmətə çağırılıb. Ermənistanın Spitak rayonunda hərbi xidmətdə olub. Yeri gəlmişkən, məsələyə dəxli olmasa da, hərbi xidmətdə olarkən Spitakda baş vermiş dəhşətli zəlzələnin də canlı şahidi olub. Orada ermənilərlə möhkəm dostlaşıb və hərbi xidməti başa vurduqdan sonra da əlaqələrini saxlayıb. Bu səbəbdən də tez-tez oraya gedir. Əlbəttə, həbsdə olduğu illər istisna olmaqla. Fiziki cəhətdən olduqca sağlam, psixoloji cəhətdən son dərəcə iradəli biridir. Elə bundan və ermənilərə olan sonsuz sevgisindən istifadə edib onu əməkdaşlığa cəlb ediblər. Buna könüllü razılıq verib, yoxsa məcburiyyət qarşısında qalıb, hələ ki, müəyyən etmək olmayıb. Ancaq fakt faktlığında qalır-Solomin Ermənistan xüsusi xidmət orqanları, yaxud da müstəqil fəaliyyət göstərən erməni terror təşkilatlarından biri tərəfindən xüsusi məqsədlərlə istifadə edilmək üçün Beyrutda hazırlıq keçmiş üç nəfərdən biridir. Bundan başqa, kolleqalarımız müəyyən ediblər ki, Beyruta göndərilməzdən əvvəl o, qısa müddət ərzində iki dəfə turist kimi Bakıya gəlib və bir neçə gün qaldıqdan sonra geri qayıdıb. Görünür, çox uzağa gedən planın tərkib hissəsi kimi şəhəri tanımaq, lazım olan məkanları bələdləmək tapşırığı alıbmış. Hansı məkanları, təəssüf ki, bunu da müəyyən etmək mümkün olmayıb. İki ay ərzində bunları öyrəndikdən sonra analitiklərin gəldiyi yekdil qənaət həmin üç nəfərin məhz Bakı şəhərində terror aktı törətmək məqsədi ilə hazırlanıb müvəqqəti «konservləşdirildikləri» oldu. Çünki həm də müəyyən olunub ki, digər iki nəfərin də Ermənistanla sıx əlaqələri var. Belə təsadüf olmur, özün bilirsən. Dörd ay əvvəlki gəlişim də məhz bununla bağlı idi. Aprel və mayaylarını təhlillərə həsr etmiş ən güclü mütəxəssislərimiz bu qənaətə gəliblər ki, onsuz da dünya ölkələri tərəfindən terrorçu dövlət kimi tanınan Ermənistanın, son illərdə siyasi arenada dayaqlarının çox zəiflədiyi də nəzərə alınarsa, belə bir addıma hazırlıq görməsinin arxasında konkret səbəb dayanır. Yəni, məsələnin olduqca maraqlı tərəfi var. Onlar axmaq deyillər, Baxa, gözəl başa düşürlər ki, indi doxsanıncı illər deyil. Ancaq bununla belə hər şey onların bu addıma hazırlaşdıqlarını təsdiqləyir. Bu halda, belə bir addım atacaqlarının çox tutarlı səbəbləri olmalıdır. 

Səməd Vurğun bağının tuşuna çatanda tıxaca düşdük. İçəri bir qədər hava gəlməsi üçün pəncərənin şüşəsini endirdim. Ancaq hava əvəzinə içəri avtomobillərin buraxdığı qazların dolduğunu görəndə tez də fikrimi dəyişib şüşəni qaldırdım. Bunu görən dostum gülümsədi:

-Bütün böyük şəhərlərin ən böyük problemi. Moskvada bəzən kilometrlərlə ölçülən tıxaclar olur, buna uyğunlaşmaqdan başqa çarəmiz yoxdur.

Stepanın sözlərinə əhəmiyyət verməyib soruşdum:

-Belə başa düşdüm ki, o üç nəfəri «götürməməkdə» məqsəd, onların atacaqları addımları öyrənmək və sonra adekvat addımlar atmaq olub.

-Məsələ heç də tək bu deyil,-dostum fikirləşmədən cavab verdi. Əvvəla, nə qədər ki, aktiv addımlar atmayıblar, onlara qarşı əlimizdə heç bir konkrek sübut-dəlil yoxdur. Sadəcə, bir il müddətinə Rusiyanı tərk edib yenidən geri qayıdıblar. Buna görə heç kimi ittiham etmirlər. Kolleqalarımızı narahat edən başqa şeydir. Onlar fikirləşirlər ki, eyni məqsədlə hazırlanmış, diqqətimizdən kənarda qalmış ikinci belə qrup da ola bilər. Hər-halda belə bir şey varsa da, onlar eyni mərkəzdən idarə olunmalıdırlar məntiqlə. Bu üç nəfəri nəzarətdə saxlamaqla vəziyyəti nəzarətdə saxlamağı düşünüblər bizimkilər. Ən azından indi bilirik ki, Solomin Bakıdadır və qabaqlayıcı addımlar ata bilərik. Başqa sözlə, Solominə «çıxmaqla» onların Bakıdakı rezidentinə də «çıxa» bilərik. Elə mən də, dünən axşamkı reyslə gəlmiş digər xidmətin əməkdaşları da buna görə buradayıq.

-Başqa sözlə, öz səhvinizi düzəltmək üçün?- çönüb zənlə dostuma baxdım.

 

 “Ədəbiyyat və incəsənət”

(15.02.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Nəsr saatıdır, sizlərə Çinarə Ömrayın “Sarı kişi” hekayəsi təqdim olunacaq.

 

 

Bu, sarı "PAZ" avtobusuydu, bir kənd adamı öz çiynində büdrəyə– büdrəyə üzü şəhərə qaçırdırdı. O qədər ağır-ağır gedirdi ki! Avtobusda biz uşaqlardan başqa hamı ağlayırdı, gülən təkcə biz üç-beş uşaq idik. Dayım qızı məndən bir neçə yaş böyükdü. 

 Heç ağlıma gəlməzdi ki, şəhərə belə avtobusla gedəcəm, – dayıqızı dedi. 

Xalam qızı:

 Avtobusa bax e. Biz düşüb qaça-qaça getsək, bundan tez çatardıq şəhərə.

O biri dayım qızı:

– Görən, şəhər çox qəşəngdi?

Mən:

– Avtobusa bax e, elə bil qocalıb öskürə-öskürə gedir.

Bu sözümə uşaqlarla gülüşdük. Kiminsə anası uşağının böyründən bir çimdik götürdü, uşaq da böyüklərə qoşulub ağlamağa başladı.

Həmin sarı avtobus öskürə-öskürə bizi Sumqayıt avtovağzalına gətirdi. Hələ üç gün bizə ev sahibliyi də elədi. Sürücüdən başqa hamı qadındı. Yazıq sürücü düşüb hardansa telefon aparatı tapmışdı, bir– bir gəlib avtobusdakıların qohum– əqrəbalarının nömrələrini alıb gedirdi. Hərənin ardınca şəhərdə yaşayan bir qohumu maşınla gəlir, yığıb aparırdı. Üç günün sonunda bir biz qalmışdıq, bir də qoca avtobusla sürücüsü. 

Sürücü dedi ki, sizin heç kiminiz yoxdu burda. Bütün doğmalarınızı, başıpapaqlılarınızı orda qoyub gəlmisiniz. "Siz mənim əmanətimsiniz” deyib, bizi elə o avtobusla da uçuq-sökük evin həyətinə gətirdi.

"Hələlik burda qalın, sizə bir yer düzəldəcəm" – deyib getdi. İki gün yenə o avtobusda qaldıq. Hər yeri sökülmüş evin pəncərələrini, qapılarını köhnə adyal, sellafon paketlərlə bağladı. Avtobusunu bizə, bizi isə o qapı-pəncərəsiz evə əmanət edib "Kişilər burda yox, öz torpağında olmalı, ölməlisə, ölməli, qalmalısa, qalmalıdır”, –  deyib halallaşaraq getdi. 

Avtobus o evdən daha rahat olduğu üçün bir neçə gün o qoca avtobusda yaşayası olduq. Sonra kişilər gəldi. Bizə sürücü dayının təzədən kəndə qayıdanda yolda əsir düşməsi xəbərini də gətirdilər. Babamgil canlarını güclə qurtarıb gəlmişdilər. 

Sonra yavaş-yavaş uçuq evi düzəltdik, orda yaşamağa başladıq. Böyüdük... Həm ailə, həm də yaşca. Bircə böyüməyən o sarı avtobus idi. Bu illər ərzində babam nənəmin xətrinə dəyən kimi nənəm küsür, gedib o avtobusda otururdu. Biz uşaqlar da evcik-evcik oynayanda o avtobusu özümüzə ev seçirdik. Hamı kənddəki evimizin iyini də, qoxusunu da o avtobusdan alırdı. Babam da həmişə "Bizi kəndə elə bu sarı kişi aparacaq deyirdi”. Avtobusa ad qoymuşdu:

Sarı kişi!

Təkərlərinə sığal çəkərdi, güzgülərini silərdi, faraları ilə dərdləşərdi. Avtobusla o qədər danışırdı ki, hərdən elə bilirdim avtobus indi hövlündən bir siqaret yandırıb çəkəcək. Ya da bizi gətirəndəki kimi xırıltılı– xırıltılı öskürəcək. 

Hamımızın böyüdüyü vaxtlar idi. Bir gün əmim dedi ki, bu avtobus həyətdə yer tutur, rədd edək getsin. 

Babamı heç bu qədər əsəbi və hövsələdən çıxan görməmişdim. Üzünü əmimə tutub rişxəndlə dedi:

– Məni də aparıb qojalar evinə verin, rahatlaşın, yeriniz genəlsin.

– Ay ata, o nə sözdü? Niyə özünü o dəmir parçasıyla bir yerə qoyursan axı?

– Nə??! Dəmir parçası??? Bax sənin kimilər heç vaxt torpaq qədri bilməyəcəklər, dəyər nədi anlamayacaqlar. Sürük burdan, gözüm səni görməsin, – deyib, üzü avtobusa sarı getdi. Həmin gün babam nahar yeməyini də avtobusda yedi. Heç kim cürət edib ona nəsə deyə bilmirdi. Mən getdim yanına. 

– Niyə burda oturursan? Gəl evə də, baba. 

– Bura da evimdi də, bala. Evimizi bu Sarı kişiylə daşımışıq bura, elə bununla da geri aparacağıq. Anlamırlar, qızım, anlamırlar. Bunlar dəyəri anlamadıqca o torpaqları Allah bizə qaytarmayacaq, bala. Heç kim bilmir ki, bu bizim ailənin geri dönmək ümididir. Məni ayaqda saxlayan bu ümid də bu həyətdə artıq yer tutursa, mən nəyə gərəyəm axı? 

O gündən sonra o avtobusa "gözün üstə qaşın var” deyən olmadı. Babam doğmalarını, dostlarını itirdikcə avtobusa daha çox sığınırdı. O avtobus babamı dünyada tək qalmaqdan qoruyan yeganə varlıq idi. 

27 sentyabr idi. Hamını müharibə təlaşı bürümüşdü. Babam atama, əmilərimə zəng edirdi ki, nə durmusuz, gedin, könüllü yazılın, nəsə edin, irəliləmək vaxtıdır. 

 

***

 

…Bir gecə hamımız həyətdən gələn səsə oyandıq. Nəydisə, səsin ardınca çölə çıxan heç kim geri qayıtmırdı. Mən də çıxdım. Bütün ailə üzvlərimiz heykəl kimi həyətin ortasındaydı. 

Beş gün qabaq həkimlərin "yaşlı kişidir", "ölüm haqdır" deyib susduğu, xəstə yatağında yatan babam əlindəki dəmirlə avtobusun təkərlərini açırdı. Sonra kənarda dayanan bir maşını əl işarəsi ilə yanına çağırdı. Hamımız nə baş verdiyini anlamağa çalışırdıq. Gələn maşının işığı babamın üzünə vurduqca üzündəki sevinci, xoşbəxtliyi, fərəhi, yəqin ki, təkcə mən görmürdüm. Sarı kişinin təkərlərini tanımadığımız adamlarla tanımadığımız maşına yüklədilər. Tanımadığımız adamlar babamın əlini sıxıb qucaqladılar. Yenə gələcəklərini, onu həmin böyük görüşə aparacaqlarını deyib getdilər. 

Babam həvəslə:

– Nə baxırsız, bir çay dəmləyin içək, –ardınca mazutlu əlini həyətdəki soyuq su axan krantda yuyub dedi: – Səngərə gedir ey. İnşallah, igidlərim torpaqlarımızı alacaqlar bu dəfə. Mütləq alacaqlar. 

Səhəri gün babam əmimi çağırıb ona bir büklüm pul bükülüsü verib dedi:

– Dar günlüyüm idi, kəfən pulum. Amma hələ ki sağ olsun, Allahdan möhlət almışam. Bununla Sarı kişiyə dörd dənə təzə təkər al. Bir də bunu işə salmaq üçün lazım olan hissələri. Gətir, yavaş-yavaş başlayım. Bizi o müqəddəs torpaqlara bu Sarı kişi aparacaq. O da, elə mən də son borcumuzu orda tamamlayacağıq. 

 

***

 

Ondan sonra düz 45 gün hər səhərimizi babamın taqqıltı səsinə, ardınca şəhid xəbərlərinə, torpaqlarımızın müjdə xəbərlərinə açırdıq. 

Xəbərlərin səngidiyi, səhərlərin qələbəyə açıldığı bir sübh çağı hamımız babamın hönkürtü səsinə oyandıq. 

Gözlərindən tanımışdım mən onu. Qışın şaxtasında, meşənin dərinliyində tapdığı dənə sevinərək işıldayan sərçə gözlərindəki yorğunluqqarışıq sevinc çökmüş gözləri ilə gülümsəyirdi. Bizə bu daxmanı tapanda görmüşdüm o sevinci, ordan tanıdım onu.

Sarı kişinin sürücüsüydü. Əsirlikdən qayıtmış, vədinə xilaf çıxmayıb gəlmişdi.

Əmimin alıb gətirdiyi o ehtiyat hissələrini qurdalayaraq uca və şaqraq səslə deyirdi:

– Yır-yığış eləyin, avtobusu dirildim, sizi gəldiyiniz kimi geri qaytaracam...

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

 

TANINMIŞ TÜRK YAZARI İLƏ MÜSAHİBƏ

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Qardaş Türkiyənin daha bir dəyərli yazıçısı ilə müsahibəni sizlərə təqdim edirəm.  Qonağımız Betül Fırat xanımdır.

 

-Salam Betül Fırat xanım! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında azərbaycanlı oxuculara məlumat verərdiniz.

 

-Salam Habil bəy. Mən Betül Fırat. Mükafatlı yazıçı və şairəm. Türkiyədə yaşayıram. Əsas peşəm “Kənd təsərrüfatı mühəndisidir”. Hazırda dövlət müəssisəsində çalışıram. Yazıçı və şair olmaqla yanaşı, həm də müxtəlif jurnallarda köşə yazarı, lirik yazıçı, hekayə və esse müəllifi kimi fəaliyyət göstərirəm. Əlil olduğum üçün “Uğur Hekayəsi” kimi tanınıram. Əsərlərimə 8 kitab, 7 lirik və bir çox köşə yazılarım daxildir. Bu əsərləri müxtəlif platformalarda dərc edirəm. Kanalımda şeirlərimi və sözlərimi dərc edirəm. Şəxsi saytımda da köşə yazılarımı və ədəbiyyat sahəsində gördüyüm hər şeyi dərc edirəm. 

 Ədəbiyyat və İncəsənət Meltemi Platformasının baş redaktoruyam. AKSED İdarə Heyətinin üzvü və Avrasiya Mətbuat və Nəşrlər Birliyinin İç Anadolu Bölgəsi  vitse-prezidentiyəm. Türkiyə Yazarlar Birliyinin üzvü, Yazşaderin nümayəndəsiyəm.

 

-Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı.

 

-Ədəbiyyata marağım orta məktəbdə başlayıb. Spontan sətirlər bu günə qədər yığılıb. Ona görə yazıçı oldum demirəm, yazıçı doğuldum deyirəm. Müxtəlif janrlarda əsərlərim olduğu üçün “Elm yazıçısı” kimi tanınmağımda heç bir zərər görmürəm. Hər şeyi yaza bilmək ayrı bir zövq verir. Şeir yazanda niyə köşə yazmayım, hekayələr yazanda niyə roman yazmayım deyə fikirləşdim. İndi isə hər cür əsərim var. Lirik yazıçı olmağım bir təsadüf idi. Onların hər biri ilə ayrıca davam etmək istəyirəm.

 

-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?

 

-2020-ci ildə ilk kitabım “Mavinin Fecri” esse kitabım, 2021-ci ildə isə “Mihrinin hicranı” şeir kitabımla oxucuların qarşısına çıxdım. Ədəbiyyat sahəsində davamlı olaraq çalışaraq 2022-ci ildə “Heybemden Dökülen Öyküler” hekayə kitabı və “Siyah Şapkalı Adam” detektiv romanı ilə yenidən oxucularımla görüşdüm. 2023-cü ilin əvvəlində “Derin Mevzu Konuşacaklarımız Var” esse kitabı və “Kayıp Lapis Lazuli” uşaq romanı ilə yenidən oxucuların qarşısına çıxdım. Yenə 2023-cü ildə 7-ci kitabım olan “Öykü Muhiti” kitabı ilə oxucularımla görüşdüm. İndi isə 8-ci kitabım olan “Ay Işığında Hikâyeler”i oxucularıma təqdim etməkdən sevincliyəm. Ümumiyyətlə kitab fantaziya, detektiv və sehrli reallıq hekayələrindən ibarətdir. Orta məktəbdən başlayaraq bütün tələbələrə, gənclərə və kitabsevərlərə müraciət edir.

 

-Xəyallarınızın genişlənməsinə səbəb olan hadisələr hansılardır və bizlərə bu haqda bəhs edə bilərsinizmi?

 

-Bilirsən ki, içində bir cövhər var və o, üzə çıxmaq istəyir. Öz potensialınızın fərqindəsiniz. Yenə də bəzən insanlarda cəsarət olmur. Ətrafım çox kömək etdi. Nə ailəm, nə də dostlarım dəstəklərini əsirgədilər. Hələ xəyallarımın ən başındayam. Hekayələrim film, uşaq romanlarım cizgi filmi olmadan rahat ola biləcəyimi düşünmürəm.

 

-Zaman sizin üçün nə deməkdir və yazarkən hər hansı bir rutininiz varmı?

 

-Zaman çox dəyərlidir və onu nəyə xərclədiyimizə diqqətli olmalıyıq. Mütaliə və yazı saatlarım mənim üçün çox dəyərlidir və vaxtımı onlara ayırmaq istəsəm, heç nə mənə mane ola bilməz.

Bəli, köşə yazılarım həftəlik və rutindir. Şeirlər ürəyim istəyəndə yazılır. Hekayə və roman üçün nəzərdə tutduğum fantastikanın davamını gözləyirəm. Beynimdə nəhəng bir kinoteatrın olduğunu hiss edirəm, baxıram və qeyd edirəm.

 

- Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır? 

 

-Kitab oxumaq da peşəkarlıq və vaxt tələb edir. Boş vaxtlarımda kitab oxuduğumu deyil, kitab oxumağa vaxt ayırdığımı söyləmək gərək. Təbii ki, hər kəsin sevimli janrı var. Kitablar başqa dünyalara açılan qapılardır. Orada xəyal gücü var və azadsan. Kitabların içindəki həyatı kəşf etməyi bacarmaq lazımdır.

 

-Türkiyədəki hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi? 

 

-Kitab qurdu dediyimiz insanlar da var. Həm də heç oxumayan.  Kitabımı oxuyub münasibət bildiriləndə çox sevinirəm. Mənimlə maraqlanılanda çox şad oluram. Bütün oxuculara yetişənə qədər təqdimatları davam etdirmək istəyirəm. Yaratdığınız əsərlərə görə təqdir edilmək təsvirolunmaz bir zövqdür.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-Təbii ki, Azərbaycan ədəbiyyatından bir az məlumatım var. Bizim tanıdığımız və ölkəmizdə təbliğ etməyə çalışdığımız azərbaycanlı yazıçılarımız var. Qardaş xalqımızın dəyərləri bizim də dəyərlərimizdir.

 

-Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi? 

 

-Əsərlərimə əsərlər əlavə etməyə davam edirəm. İşlərim tam sürətlə gedir. Allah nəfəs verdiyi qədər yazacağımı hiss edirəm. Hekayələrimdən ibarət filmlərə baxmaq istəyirəm. Fərqli şəkildə qiymətləndirilmək məni xoşbəxt edərdi.

 

-Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz? 

 

-Təbii ki, mən fiziki kitabları sevir və onlara üstünlük verirəm. Aylıq oxumaq və alış-veriş siyahım aydındır. Mən də vaxtaşırı elektron kitablar oxuyuram, xüsusən fiziki mühit normal kitab oxumaq üçün uyğun deyilsə. Gündəlik tapşırığım olsa və fikrimi yayındırmasa belə, audio kitablara qulaq asıram. Günümün hər anını kitablarımla keçirdiyimi deyə bilərəm.

 

– Bir gənc yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?

 

-Yazıçılığa məşhurlaşmaq vasitəsi kimi baxan yazıçılarımız var və bu, məni kədərləndirir. Yazıçı qələmi bir dəfə ələ aldısa, onu bir daha buraxmamalıdır. Ağlımızın və təxəyyülümüzün həddi-hüdudu olmadığını düşünürəm. Sağlam olduğumuz müddətcə yazmaq sevgi ilə edilə bilən bir işdir. Məcburi yazar olanların bir neçə əsəri keçə bilmədikləri görünür. Yazıçı olduğunu söyləmək üçün bu işlə daim məşğul olmalısan. Başlayırlarsa buraxmasınlar. Diqqətiniz üçün təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luğa nəzər yetirək:

 

Ayn Rend. «Atlant çiyinlərini düzəltdi»

 

Ayn Rendin bu kitabını, təsadüfi deyil ki, hətta Qərbdə «İncir» kitabı ilə eyni səviyyəyə qaldırmaq tendensiyası müşahidə edilməkdədir. Çünki yüz minlərlə sahibkarlar öz sahibkarlıq fəaliyyətinə məhz bu 200 səhifəlik kitabı oxumaqla başlayıblar. Bu kitab dünyagörüşünü dəyişir, insan həyatının əsl anlamını açıb göstərir, sahibkarlığın əlifbasını öyrədir. Və həm də bu kitab cəsarətli, güclü və qətiyyətli olmağa da bir çağırışdır.

 

Əsl adı Alisa Rozenbaum olan bu xanım insanlara öyrətmək istəyir ki:

 

 - İnsan düşüşünün yeganə forması məqsədi itirməkdir.

 

 - «Mən səni sevirəm» söyləmək üçün ilk öncə «Mən» söyləməyi öyrənməlisən.

 

 - İnsan yumor hissini itirəndə hər şeyini itirir.

 

 - Öz qəlb məbədində insan tənhadır.

 

 - Xüsusi adlardan başqa hər bir söz abstraktdır.

 

Ayn Rend yazır ki, özü nə istədiyini bilməyən adam üçün pul xoşbəxtlik gətirə bilməz. Yazır ki, öz yolunu gözübağlı seçən şəxsə pul məqsədi göstərə bilməz. Ayn Rendə görə, pulla səfeh özünə ağıl, ağıllı özünə şərəf, naqis özünə hörmət ala bilməz.

 

O yazır ki, əgər siz pul vasitəsilə özünüzü reklam edib özünüzdən yüksəkdə duran və özünüzdən ağıllı olan adamlarla əhatələnmək istəyirsinizsə və bununla nüfuz qazanacağınızı düşünürsünüzsə, onda əmin olun ki, sizdən aşağıda duranların qurbanına çevriləcəksiniz. Zira, ziyalılar dərhal sizdən üz döndərəcək, fırıldaqçı və oğrularsa pulunuzun işığına əhatənizə toplaşacaqlar ki, sizdən bir şeylər qopartsınlar. «İnsan heç vaxt öz pulunun həcmindən kiçik olmamalıdır. Əks halda, onu taptalayarlar».

 

“Ədəbiyyat və incəsənət”

 

(16.02.2024)

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Məlik Zülfüqarova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

MƏLİK KAMRAN OĞLU ZÜLFÜQAROV

(27.07.2001.-21.10.2020.)

 

Əslən Kürdəmir rayonunun Karrar qəsəbəsindən olan, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

 ƏBƏDİ YAŞAR MƏLİK

 

Anan səni böyütdü Min bir əziyyət ilə.

Sən də sevdin ananı, Sonsuz məhəbbət ilə.

Qəlbin tər-təmiz idi, arzuların bir ümman.

Taleyi heç kim bilmir,onu yazır yaradan.

 

İllər keçdi, dolandı, oldu on səkkiz yaşın.

Əsgərliyə yollandın, hər əsgər bir qardaşın.

Cəsur bir əsgər oldun, razıydı komandirin.

Yerinə yetirirdin ləyaqətlə hər əmrin.

 

Müharibə başladı, Vətən qorunmalıdır.

Məqam gəlib, yağının burnu ovulmalıdır.

Atıldın döyüşlərə minlərlə əsgərtəki,

Heç qorxmadaın ölümdən Vətən yaşasın, təki.

 

Füzulinin uğrunda  göstərdin çox rəşadət.

Tanrım özü vermişdi,  sənə mərdlik, şücaət.

Sən  şəhid oldun, Məlik, əbədi yaşar, ölməz…

Adın xalqın qəlbində ürəklərdən silinməz.

 

Əziz anan Yeganə, bilirsən, nə eylədi?

Məlik qəhrəman olub, başqa yol yox, söylədi.

Şəhid müavinətin bağışladı orduma:

-Ordum qüvvətli olsun, müjdə versin yurduma.

 

Dünyaya gəldin,  Məlik, Karrar adlı bir eldə.

Səni sevənlər vardır indi artıq hər yerdə.

Məlik, səni həmişə xatırlayar xalqımız.

Mərdləri unutmağa yoxdur bizim haqqımız.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

İstedadlı gənc yazar Nemət Tahirin ilk kitabı işıq üzü görüb. "Kəpənək ümidlər" adlanan kitaba müəllifin şeir və hekayələri daxil edilib. “Mücrü” nəşriyyatında çıxan kitabın naşiri Müşfiq Xandır. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Rüstəmli Nemət Qəzənfər oğlu (Nemət Tahir) 1987-ci ildə Ağdam rayon Qiyaslı kəndində anadan olub. 1995-ci ildə Mingəçevir şəhərində yerləşən Ağdam rayon 128 saylı köçkün tam orta məktəbinin 1-ci sinfində təhsil almağa başlayıb.

2006-cı ildə orta məktəbi bitirib, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub.

Müxtəlif zamanlarda mətbuatda dərc edilib. Üç il "168 saat" qəzetində reportyor kimi fəaliyyət göstərib. Son illər həmçinin xarici mətbuatda da şeir və hekayələri çap olunub.

2020-ci ildə Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş "Ədibin evi" hekayə yarışmasında 8 ölkədən 549 hekayə arasında hekayəsi 3-cü yerə layiq görülüb.

“Kəpənək ümidlər” adlndan da göründüyü kimi, geniş anlamda ümidlərdən, onların qanadlanıb pərvazlanmaslndan bəhs edir. Bəyəniləcəyinə əsla şübhə etmirik.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

Cümə, 16 Fevral 2024 10:15

Əlişir Nəvainin 583 illiyi qeyd edilib

Əlişir Nəvainin 583 illiyi Özbəkistanda - TÜRKSOY və yeni yaradılmış Kokand Universi­teti (KU) tərəfindən beynəlxalq elmi-nəzəri konfrans çərçivəsində təntənə ilə qeyd edilib. 

Azərbaycanı bu mötəbər tədbirdə filologiya elmləri doktoru, nəvaişünas alim Almaz Ülvi (Almaz Binnətova) təmsil edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Almaz Ülviyə istinadən xəbər verir ki, konfransın işində TÜRKSOY-un Baş katibi Sultan Raev də iştirak edib.

Bir çox nəvaişünas alimlərin - Vahit Türk,  Jabbor Eshonkul, Nurboy Jabbarov, Zeboxon Qobilova, Ergash Оçilov, Maqsud Asadov, Zokirjon Mamajonov və digər qazax, qırğız, özbək alimlərinin qatıldığı konfransda iştirakçılar biri-birindən məzmunlu, elmi dəyərli gözəl məruzələr dinləyiblər, yeni dostlarla tanış olublar,  konfrans gəzi proqramı ilə davam edib. 

TÜRKSOY bütün natiqləri Təqdirnamələrlə mükafatlandırıb. 

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

Bakı Modern Beynəlxalq Məktəbində şair Səlim Babullaoğlu ilə maraqlı görüş təşkil olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Nadir Yalçına istinadən xəbər verir.

 

Nadir Yalçın deyir: “Tədbirdə çıxış edən məktəblilər çox sərbəst, kompleksiz, enerjili idilər, hamısı ingilis dilində rahat ünsiyyət qururdular. Səlim müəllimin şeirləri ilə yanaşı ingilis ədəbiyyatından poetik nümunələr səsləndirdilər. Səlim Babullaoğlunun ana dili ilə bağlı şagirdlərə verdiyi tövsiyələr xüsusi əhəmiyyət kəsb edirdi. Belə bir səviyyəli təhsil ocağında ədəbiyyatın təbliği çox mühüm hadisədir və təqdirəlayiqdir. 

Bakı Modern Beynəlxalq Məktəbinin direktoru Sevinc Seyidovaya xüsusi təşəkkür düşür.”

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.