Super User

Super User

Bazar ertəsi, 19 Fevral 2024 13:30

Yağmasan da guruldamağı bacarmalısan - AKTUAL

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Demək, təkamülün belə bir xassəsi var ki, verilən şəraitə ən yaxşı uyğunlaşmağı bacaran növ, canlı həyatda qalmağı bacarır. Ana təbiətdə humanist yanaşmadan çox, daha ağıllı, daha çevik, daha güclü və adaptivlər qalib gəlməyi bacarırlar. Bir sözlə adaptiv kamuflyajlıq lazımdır. Homolar isə istifadə, taktiki gediş əmsalını təmsil edir.

 

Həyatda qeyri istəklərə "yox" demək mühüm elementlərdən biridir. "Yox" deməyə çoxumuz qorxuruq. Qorxuruq ki, qarşı tərəf bizdən inciyər, yaxud biz kobud təsiri bağışlayarıq. Etdiyimiz yüz yaxşılıq bir yanlış addım qarşılığında unudulmağa məhkum qalır. Əgər, özümüzün yazdığımız həyat ssenarimiz yoxdursa, o zaman başqalarının yazdığı ssenari ilə davam etməyə məcburuq. Hər zaman verilən "hə" cavabı, səni üzüyola, qeyri - ciddi  görkəm modelinə bənzədir və beləliklə də, hər dəfə ifadə olunan fikir daha zəif təsirə məruz qalır. Elə bil cəmiyyətdə daha yüksəkdən, daha mübaliğəli, daha pafoslu danışdıqda daha çox diqqət cəlb edirsən və səni daha ciddi qəbul etməyə başlayırlar. Bu daha çox kollektiv iş mühitlərində belədir.

 Yağmasan da guruldamağı bacarmalısan. 

 

"Yox" cavablarına keçid etdikdə, artıq həmin şəxs və ya şəxslər sizdən daha əvvəlkitək istifadə edə bilmədikləri üçün standart olaraq "dəyişilmisən, daha əvvəlki kimi deyilsən" damğasını vurmağa başlayırlar. İnsan mühiti onsuz da dəyişkəndir. Niyə axı ürəkdən istənməyən bir şeyə təsdiq verməlisiniz və ətrafa yalançı görkəm formalaşdırmalıyıq?! 

Hər dəfə verilən "necəsən?" sualına niyə yorğun olanda yorğun, xəstə olanda xəstə, pis olanda pis demirsiniz?!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Poetik Qiraətdə bu gün sizlərlə Yardımlıda yaşayıb yaradan şair İqbal Nəhmət görüşür. O, sözünü deyən adam olduğunu vurğulayır. Düzü, indi çoxları özgə sözü dediyindən, şairin qaldırdığı məsələ günümüzdə önəm kəsb edir. 

 

Çörəyimi öz suyumda, 

İsladıb yeyən adamam!

Bir tək olan Allahıma,

Başımı əyən adamam!

 

Halsızam hallar içində,

Qalmışam lallar içində, 

Bu qədər kallar icində,

Yetişib, dəyən adamam!

 

Yaşam yox ürək atmasa,

Yuxum yox gözüm yatmasa,

Heç kimə gücüm çatmasa,

Özümü döyən adamam!

 

Alışmaram ,,döz" deməyə

Özgə mala ,,öz" deməyə,

Söz taparam söz deməyə 

Sözümü deyən adamam!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Əsgərlikdə olarkən, günlərin birində anasının ölüm xəbərini alır. Tez gedib hadisəni komandirinə məruzə edir və təcili evə getməyinə icazə istəyir. Komandiri isə teleqramın üzərində Qazax rayon hərbi komissarının imzası və möhürü olmadığını bəhanə edib, ona icazə verməkdən boyun qaçırır. Anasından başqa kimsəsi olmadığını nə qədər desə də, komandir eşitmək istəmir. Əsəbləri gərilir, necə deyərlər, özünü saxlaya bilmir. Çiynindəki avtomatı komandirin üstünə çəkir. Komandir qorxusundan əllərini qaldırıb, onun çıxıb getməsini işarə edir. 

 

Binadan çıxanda görür ki, onu mühasirəyə alıblar. Avtomatı yerə qoymasını tələb edirlər. O da: “heç kim yaxın gəlməsin, vuraram!”- söyləyərək, oradan qaçıb uzaqlaşır. Qazaxa çatanda silahı qohum evinə qoyub qəbiristanlığa, anasının dəfninə yollanır. Dəfndən sonra xidmət etdiyi hərbi hissəyə qayıdır və əzablı günləri başlayır...

 

Bu ərəfədə hərbi hissədə şairlərin görüşü keçirilirmiş. Nigar Rəfibəyli, Rəsul Rza da bu görüşdə iştirak edirmişlər. Nigar Rəfibəyli onu tanıyıb tədbirdə şeir oxumasını təklif edir. O da ağlayaraq oxuya bilməyəcəyini söyləyir. Sonra baş verən hadisəni Nigar xanıma danışaraq, ondan kömək istəyir və bildirir ki, bu görüşdən sonra onu ağır cəza gözləyir. Azadlıqdan məhrum oluna bilər. Nigar xanımın israrlı xahişindən sonra hərbi hissənin komandanlığı onu bağışlayır...

 

Qəribə hekayədir, deyilmi? Bunu ötən gün  93 yaşını qeyd edən, qosqoca şairimiz Nəriman Həsənzadə söyləyib. Onun yaradıcılığı, davranışı adama həzin bir musiqini xatırladır. İnsanı düşündürən, xəyalən uzaqlara apara bilən musiqiyə. Bəlkə də ondan irəli gəlir ki, şairin söz-söhbəti, səsi də həzindir…

 

1931-ci ildə anadan olub. Bir yaşında atasını, iyirmi üç yaşında isə anasını itirib. Erkən gəncliyindən həyata təkbaşına atılıb. Həsən bəy Zərdabi adına indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnib. Sonra SSRİ ordu sıralarında hərbi xidmətdə olub. Daha sonra Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı ikiillik ədəbiyyat kursuna göndərib. Bu kursu başa vuraraq Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. Beş il də orada təhsil alıb. Uç il Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspiranturasında oxuyub.  "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 

Ötən müddətdə müxtəlif vəzifələrdə çalışıb. Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsinədək yüksələ bilib. Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. Azərbaycanın xalq şairidir. "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenlərinə layiq görülüb. Prezidentin fərdi təqaüdçüsüdür. İndiyədək 30-dan yuxarı kitabı işıq üzü görüb…

 

Deyir ki,- "Şair olmaq bədbəxçilikdir. Daim öz aləmində olursan, qəm-qüssə çəkirsən, duyğularla yaşayırsan..." 

 

Yəqin ki, bütün xoşbəxtlər kimi, onun da öz xoşbəxtliyindən xəbəri yoxdur. Erkən gəncliyindən kimsəsiz qalsa da, necə deyərlər, bütün ömrü boyu kimsəsizlər KİMSƏSİNİN kimsəsi olub. Allah ondan heç nəyi əsirgəməyib- İstedad, ailə, ağıllı övladlar, rahat həyat, şan-şöhrət və ən başlıcası uzun ömür. Uzun ömür isə Allahın bəndəsinə olan  xüsusi mərhəmətidir. Elə bil, səni can borcunu geri qaytarmağa heç kim tələsdirmir…

 

Bəli, xalq şairi Nəriman Həsənzadə ömrünün ixtiyar çağlarını- qocalığını yaşayır. Elə yaşayır ki, ağlı, yaddaşı, nitqi, ədəb-ərkanı, davranışı, düşüncə və hərəkətləri ilə QOCALIĞI insanlara sevdirə bilir. Necə deyərlər, qoca olanda da Nəriman Həsənzadə kimi QOCA olasan...

 

Xalq şairinin növbəti ad günü oldu, hələlik bir əsrdən yeddi il balacadır. Ona can sağlığı, ağrı-acısız günlər arzulayırıq. 

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Bazar ertəsi, 19 Fevral 2024 13:00

“Pulqabı“ - İlkin Əbəlfəzin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının poçtundan İlkin Əbəlfəzin “Pulqabı” hekayəsini diqqətinizə çatdırırıq.

 

1-ci hissə

Dünəndən başladığım kitabın bir neçə səhifəsini oxuyub kənara qoydum. Artıq kitab oxumağa da əvvəlki kimi həvəsim qalmamışdı. Deyəsən, hər şey kimi bunun da dadı qaçmışdı. Hərəkətli bir günün sonunda üstümə çökən ağırlıq məni yatağa pərçimləmişdi. Nə qədər ürəyim çay içmək istəsə də, ayağa durmağa heyim yox idi. Yorulmuş gözlərimi qan çanağına dönənə qədər ovxalayıb dərindən gərildim. “Heç bir qadına, heç bir kişiyə oğurluğu yaraşdırmıram. Qəhbəliyin və oğurluğun ömrü qırx gündür. Sən o boyda yalan danış, oğurluq elə, sonra da yalandan yalvar ki, nolar məni bağışlayın?! Ay hay, haradadır o bəxt səndə? Hamı necə, sən də elə. İndi cəzalanarsan, ağlın başına gələr...”

Oxuduğum əsərdəki obrazları beynimdə mühakimə elədiyim vaxt telefonuma zəng gəldi. Tanımadığım nömrədən idi.

- Salam. Emin bəylə danışıram?

- Salam. Bəli, Emindir. Buyurun.

- Sizi polis şöbəsindən kapitan Əmir Əmirov narahat edir. Sizin barədə axtarış var. Siz bir həftə qabaq...

Dəstəyin o biri tərəfindən gələn səsi artıq eşitmirdim. Şiddətli ürək döyüntülərimin yaratdığı həyəcandan qulağımda yaranan uğultu onu tam eşitməyimə əngəl olurdu. Əllərim buz bağlamış, telefon qulağımda, gözümü bir nöqtəyə zilləyib hərəkətsiz dayanmışdım. Son sözündə polis məni sabah polis şöbəsinə dəvət etmişdi.

Onun telefonda şifahi verdiyi izahatla beynimdə yadıma düşənlər tam üst-üstə düşürdü. Yerimdən cəld sıçrayıb gödəkcəmin döş cibini yoxladım. Bəli, pulqabı orada idi. “Necə unutmuşam bunu! Çox pis. Amma yaxşı oldu ki, rəis zəng elədi. Sabah aparıb özlərinə təhvil verərəm.”

Ayağa durmuşkən ağlıma ilk gələn şey çay tələbatımı ödəmək istəyi oldu. Yaxşı ki çaydan isti idi. Bir fincan çay süzüb pəncərimin altındakı qızdırıcının yanında oturub qaranlığa baxdım. Çay qutarana qədər düşünməyə vaxtım var idi.

 

2-ci hissə

Bir həftə əvvəl...

Yanvar qış ayı olsa da, bu gün özünü yaz ayı kimi aparırdı. Səhərin hələ erkən saatlarına baxmayaraq, havada ilıq istilik vardı. Ancaq dünən günortadan başlayan çiskinli hava axşama doğru yağışa çevrildiyindən yollarda, səkilərdə su çalalarını görmək olurdu. Bununla belə hava gözəl idi. Avtobusdan düşüb iş yerimə qədər olan məsafəni iti addımlarla gedirdim. Saat doqquz olmağına beş dəqiqə qalmışdı. Yeni müdirimizin xasiyyəti o qədər pisdir ki, maksimum beş dəqiqə işə gecikən hər kəsi pulla cərimələyirdi.  Maksimum gecikməni də nəzərə alsaq, mənim hələ doqquz dəqiqəm vardı. Onuncu dəqiqəm cərimə idi. Qarşıdakı binanın tinindən sola dönəndə bizim ofis idi.

Maşın yolunu keçib bir mağazanın qarşısından keçirdim ki, yerdə xaki rəngli pulqabı gördüm. Ətrafımda heç kimin olmadığına əmin olduqdan sonra pulqabını götürüb içini yoxlamadan cibimə qoydum. Bir daha geriyə boylandım. Mənim beş addımımdan sonra bir yaşlı qadın nəvəsinin əlindən tutub nəsə danışa-danışa gəlirdi. “İnşallah, içərisində vəsiqə filan olar. Kimindirsə, ya polisə verərəm, ya da bacardığım qədər özüm tapıb yiyəsinə təhvil verərəm. Zavallı, bəlkə də, indi bunu axtarır” düşüncələri ilə işə çatdım.

Yenə eyni işlər, eyni insanlar, eyni ssenarilər. Monoton teatr səhnəsinin ruhsuz və ya əcəmi aktyorları kimiyik bu aralar. Ətrafımdakılardan heç kim ona verilən həyat rolunu ürəklə, can-başla oynamırdı. Hər hərəkətin sonunda mütləq bir narazılıq, bir hüzn hiss olunurdu. Ancaq hansısa başqa teatr səhnəsində hansısa başqa bir aktyor, mütləqdir ki, indi öz rolunu həvəslə, uğurla oynayır və həyat da buna görə həmin aktyorunu mükafatlandırırdı. Hədiyyənin isə “böyüyü-kiçiyi olmaz” deyiblər. Bir gün bu həyatın mənə də verəcəyi hədiyyənin ümidi ilə yaşamışam indiyə qədər...

 

3-cü hissə

Dedikləri vaxtda polis bölməsinin qarşısında idim. Telefonla son danışığımı yekunlaşdırıb binaya daxil oldum. “Əslində, nə qədər xoşum gəlməsə də, yaxşı ki, bu polislər var. Yoxsa ölkədə gör nə qədər problemlər olardı. Polis olmasa idi pul qabının yiyəsi də tapılmazdı. Görəsən, mənə zəng edən polis haradadır? Bunu verib, tez də gedərdim.”

Geniş girişdən irəliləyib bir sağ, bir sol dəhlizə boylanıb, otaqların üstünə göz gəzdirdim.

- Vətəndaş, dayanın. Siz kimi axtarırsınız?

Böyük şüşəli otaqdan bir polis əməkdaşı məni səslədi. Şüşənin üstünə “Növbətçi hissə” yazılmışdı.

- Mən Əmir bəyi axtarırdım, müəllim. Dünən zəng eləmişdi ki, bu gün üçün burada görüşək.

- Müəllim sənin dərs aldığın məktəbdə olur. Görmürsən ulduzları? Mən leytenantam.

- Bağışlayın, rütbənizə fikir vermədim, yoldaş leytenant.

Yaxşı yer deyil ki, adamın yolu tez-tez düşə, necə hərəkət edəcəyini, hara gedəcəyini və kimə necə xitab edəcəyini biləsən. Amma səhv məndə idi. Gərək rütbəsinə baxardım.

- Ə, yaxşı. De görək niyə gəlmisən? Şikayətin nədir?

Cibimdəki pulqabını çıxarıb ona uzatmaq istəyəndə bu vaxt dünənki nömrədən telefonuma zəng gəldi. “Əmir müəllimdir” deyib zəngi açdım.

- Sən şöbədəsən?

- Bəli, müəllim. Elə indicə çatdım. Siz haradasınız?

Cümləmi bitirməmiş zəngi söndürmüşdü. Heç beş saniyə keçmədi ki, qənşərimdə dayanan leytenanta zəng gəldi.

- Bəli, yoldaş kapitan... Yanımdadır... Emin sənsən, ə? - astaca başımı yellədim.- Dünənki oğru bu imiş, deməli?... Oldu, yoldaş kapitan.

Zəngi bitirən kimi uca səslə yanındakı köməkçisinə göstərişlər verdi:

- Tez ol, bunu sal kameraya. Ə, elə bil ki, üç gün olar, bunun işini mən araşdırıram.

Yerimdə donub qalmışdım. Dünən danışmışdıq ki, pulqabını təhvil verib gedəcəyəm. İndi rastlaşdığım mənzərə tamam başqa idi. Nəsə demək istəsəm də bayaqkı leytenant məni susdururdu.

- Vətəndaş, rəis kameradan bizə baxır. Zəhmət olmasa, cibinizdə nə qədər metal əşya varsa çıxarın buraya qoyun. Açar, telefon, boyunbağı...- Köməkçisi nisbətən mülayim tərzdə davranırdı. Bəlkə bu, mənə düşdüyüm vəziyyətdə kömək edə.- Kəmərinizi də çıxarın, zəhmət olmasa.

“Növbətçi hissə” ilə üzbəüz iki otaq var idi. Məni sağ otağa saldılar. Deməli, kamera bura imiş. Qorxu və qəhər məni boğdu. Çox keçmədi ki, bayaqkı polisin simasını dəmir barmaqlıqlar arxasından gördüm.

- Deməli, həminki oğru sənsən, ə? Neçə gündür biz də səni axtarırıq.

- Rəis, bu qoçaq neyləyib ki?

Köməkçisi ilə leylenant əl-ələ verib gülüşdülər.

- Ə, kameralardan tapdığımız oğru budur da. Niyə yadından çıxıb ki? Camaatın pulqabını, obyektləri “şumon eləyib”.

- Ay müəllim, sizin qadanız alım, nə “şumon”, nə oğurluq? Mən hansı obyektdən oğurluq eləmişəm? Kimin pulqabını oğurlamış?

Səsimdəki qəhərdən çox danışa bilmədim. Nəmlənən gözlərimi silib əllərimlə dəmir barmaqlıqlardan bərk-bərk yapışdım.

- Mən heç bilmirəm ki, siz məni buraya niyə saldınız? Mən Əmir müəllimi görüb gedəcəkdim.

Əlbəttə, sözümə məhəl qoymadan telefonu ilə məşğul idi. Köməkçisi əlindəki kağızı oxuya-oxuya otaqdan dəhlizə çıxdı:

- Zərərçəkmiş burada qeyd edib ki, pulqabımda üç yüz əlli dollar pul, yüz manata qədər milli valyuta, şəxsiyyət vəsiqəsi və bank kartları olub. Rəis, bax gör hamısı yerindədir?

- Əlbəttə, yerindədir. Mən heç onun içini açıb baxmamışam. Heç kimə aid olduğunu da bilmirəm.

Leytenant pul qabını yoxlayaraq yenidən gülməyə başladı:

- Ə, Fuad, mən sənə deyirəm bu oğrudur, camaatı “şumonlayır”, sən hələ deyirsən ki, pulqabını yoxla? Ə, mənə inanmırsan ki, sən bəs niyə? Budur bax, burada iki yüz dollar, qırx beş manat da xırda pul var.

Nə deyəcəyimi bilmirdim. Bu mümkünsüzdür. Dedikləri ağ yalandan başqa bir şey deyildi. Dəqiq yadımdadır ki, həmin gün mən o pulu tapanda heç içini açıb baxmamışdım, nəinki içindəki pulu götürəm. Mən bunu eləməmişəm axı.

 Özləri üçün danışıb gülüşürdülər. Diqqətimdən bir şey də qaçmadı. Bayaqdan bəri “rəis” deyən köməkçi, “ə”lərini sıralayan leytenantdan yaşca böyük görünürdü.

- Gedib pulları dəyişdirib bir həftədən sonra üzə çıxmısan. Dünən biləndə ki, buraya gələcəksən, tez pulları qoydun yerinə? Ə, bəs xərclədiyin pullar hanı? Onları gətir ey, buraya.

İnsan nə qədər həyasız olarmış?! Göz görə-görə üzə durmaq belə olurmuş. Eləmədiyim bir günahın əvəzini ödəyirdim. Onlara pula əl vurmadığımı sübut edə bilmirdim. Gücüm yalnız yalvarış dolu ifadələrə çatırdı.

- Mən o pulqabını kiminsə cibinə girib oğurlamamışam. Bəli, yerdən tapmışam. Gördüm, götürdüm qoydum cibimə. Yadımda idi ki, yiyəsini tapıb təhvil verim. Sonra necə oldusa, yadımdan çıxdı. Pulu cibimə necə qoymuşdumsa, elə də indi sizə verdim. Mənim heç bir suçum yoxdur, yoldaş... Adınız yadımdan çıxdı.

- Mənim adımı neyləyirsən ki? Ə, Həsən, tutaq ki. Sonra? Kameralara bir-bir özüm baxmışam ey. Pul qabını görürsən. Əyilib yerdən götürüb xəlbətcə cibinə qoyursan. Ətrafa da boylanırsan ki, heç kim görməsin. Sonra tez oranı tərk edirsən. Özüm incələmişəm ey, bir-bir.

- Bəli, düz deyirsiniz. Mən o pulu oğurlamamışam, yerdən tapmışam. Mənim yeganə səhvim həmin vaxt polisə məlumat verməməyimdir. Sonradan isə...

Leytenantın iti baxışlarının arxasında ilan görürdüm. Sanki bəbəklərinin kənarı boyu sürünən ağ ilan nifrətini düz üstümə sıçradırdı. Məni baxışları ilə zəhərləmişdi.

- Mən dünən Əmir müəllimlə danışmışam. Xahiş edirəm, məni onunla görüşdürün.

- Bu gün bazardır. Kapitan işə sabah gələcək. Bugünlük qonağımızsan.

Köməkçi deyəndən sonra yadıma düşdü ki, bu gün bazar günüdür. İş günü deyil axı. Yəqin ki, Əmir müəllim, həqiqətən, bu gün işə gəlməyəcək, sabah gələcək.

- Qardaş, ağlayıb özünü çox üzmə. Onsuz da bu gün buradayıq. Gəl otur, söhbət edək.

Arxadan gələn səsə diksindim. Sən demə, kamerada məndən başqa da adam var imiş. Necə fikirli olmuşam ki, heç onu görməmişəm.

 

 

4-cü hissə

  Bir gün yaranan, bir gün də ölüb gedəcəkdir. Həyatda milyardlarla insan var və bu o deməkdir ki, ən az milyardlarla da həyat tərzi var.

Bir nəfər düşünün. Bütün həyatı boyu çalışır, vuruşur, dişi ilə, dırnağı ilə crımaqlaya-cırmaqlaya nəsə qazanmağa çalışır. Onun alın təri ilə qazandığı bir qarın çörək dünyanın başqa bir yerində başqa bir adamın zəhmətsiz qazandığı var-dövlətdən daha dəyərli olur. Çünki başqa yerdəki həmin adam topladığı var-dövləti könül xoşluğu, can rahatlığı ilə yeyə bilmir. Hər dəqiqəsində başının üstünü alacaq qara buludların onu üstələyəcəyini bilir. Ancaq bizim düşündüyümüz zəhmətkeşin isə hər tikəsi ona halaldır və yediyi çörəyin dəyərini anlayır. Həyat, məhz, belə insanlara görə dəyərlidir. Necə deyərlər, dünya onlara görə hələ də fırlanır....

İş rejimim, işim nə qədər çətin olsa da, gördüyüm işi sevirdim. Səhərin qaranlığından axşamın qaranlığına qədər çöldə olur, Bakı küçələrini qarış-qarış gəzirdim. İşim şirkətin məhsullarını müştərilərə təqdim etmək və satışını həyata keçirməkdən ibarət idi. Aylıq maaşım o qədər çox olmasa da, əlavə bonuslarla birlikdə özümü dolandıra bilirdim. Bu yerdə subaylığın xeyrini görürdüm.

Havalar da bizim kimi dəyişkən keçirdi. Gün ərzində dörd fəslin dördünü də yaşamaq mümkün idi. Səhərlər payızı xatırladan sərin külək və soyuqluq, günortaya doğru aprelin, mayın mülayim istiliyi, günorta beşə kimi əsl yay havası, axşama doğru isə dönən hava, alatoranlığın içində zəif küləklə müşahidə olunan sulu qar və qar havası insanların həyat tərzinə təsirsiz ötüşmürdü. Küçədə kimi nazik pencəkdə, qalın gödəkcədə, kimi də paltoda, uzun plaşda o yan-bu yana var-gəl edirdi. Bu aralar mən də geyimimi bir neçə dəfə dəyişmiş, ən sonda çox sevdiyim boz rəngli paltoda qərar tutmuşdum. Bu paltonu iki-üç il əvvəl almışdım. Çox keyfiyyətli çıxmışdı. Havalar açılsa idi, nazik pencəyə keçərdim. Qalın gödəkcələr, soyuq havalar mənlik deyil.

 

 

5-ci hissə

- Səni niyə tutublar?

- Öz səhvimin ucbatından. Kaş eləməzdim.

- Kim öz xoşundan bura gəlir ki? Hamı bir səhvə görə bura düşür də.

Sözüm kamera yoldaşımı məmnun eləməmişdi. Üzünü turşudub, əlləri ilə başını tutdu.

Cavabın gəlməyəcəyini görüb gözümü ondan çəkdim. Kamera dedikləri balaca dəmir çərçivəli nəfəslikdən və iki matrasdan ibarət idi. Matrasın biri dəmir taxtın üstünə, digəri isə quru döşəməyə sərilmişdi. Matrasların rəngi çirkdən qaralmışdı, üzərlərində ayaqqabı izləri aşkar görünürdü. Bir neçə yeri cırılmış, siqaret yanıqları var idi. Nəfəsliyin altındakı qızdırıcının üzəri siqaret kötükləri ilə dolu idi. Qızdırıcı işləyirdi, ancaq içəridə ağır hava vardı.

- Məni xoruz döyüşdürdüyümə görə tutublar.

- Xoruz döyüşdürdüyünə görə? Bu cinayətdir ki?

- Hmm...- kamera yoldaşım başını yellədi.- Deyirlər qumardır, qumar oynamısan. Adım Seyrandır. Bu tərəflərdə hamı məni Sako kimi tanıyır.

- Mən də Emin. Şad oldum.

- Birinci dəfə deyildi xoruz döyüşdürürdüm. Qazancımız bundan çıxır, neyləyim? Bu dəfə kimsə polisə xəbərçilik elədi.

- Yəni qumar oynadığını boynuna alırsan?

Cavab vermədi. Bir az keçmiş növbəti sualımı verdim:

- Heç bir yerdə işləmirsən ki? Ali təhsilin yoxdur?

- Yox. İş var ki, işləyəm? Hara gedirəm sənət istəyirlər, diplom istəyirlər. Qaqaş, iyirmi üç yaşımda da ata əlinə baxmalıyam? Mən də belə dolanıram da, neyləyim?

Səs tonunun qalxdığını hiss edib tez yavaşladı. Nəsə demək istəsə də, bu dəfə susdu.

- Səsini eşidərlər. Yavaş danış. Yaxşı, bəs həmişə elədiyin şeyi indi niyə xəbərləyirlər ki?

- Bilmirəm, amma mən qonşumuzdan şübhələnirəm. Bu aralar qazancım yaxşı olurdu. Yaxşı pul qazanırdım. Bir-iki gün qabaq da məndən borc istəmişdi. Verməmişdim. İndi fikirləşirəm ki, yüz faiz o deyib.

 Dayandı. Altdan yuxarı sərt baxışlarla süzüb davam elədi:- Bəs sən niyə tutulmusan? Eşitdiyimə görə oğurluq eləmisən.

- Oğurluq eləməmişəm. Yerə düşən pulqabını tapmışam. Sadəcə yadımdan çıxıb qalıb başqa gödəkcəmin cibində. Səhvim də odur ki, vaxtında polisə deməmişəm.

Matrasın bir tərəfində də mən oturdum. Həyəcandan nəfəsim daralırdı. “Allahım, nə olar məni bağışla. Mən bir səhv elədim. Sən məni əfv et. Sən bağışlayan və mehribansan. Nolar məni bu quyudan xilas elə!” Bayaqdan bəri bildiyim bütün surələri, duaları gah pıçıltıyla, gah da uca səslə deyirdim. “Əstəğfurullah”, “sübhənallah”, “Lə həvlə və lə quvvətə illa billah” zikrləri dilimdən düşmürdü.

- Qaqaş, sən canın bəsdir. Bayaqdan eləmədiyin dua qalmadı. Bu işlər dua ilə, aminlə düzələn işlər deyil. Dayan, görək neyləyirik.

Dediyi kimi də elədim, susdum. Ancaq içimdə hələ də bir qorxu, həyəcan var idi. Gecəni bu dörd divar arasında qalmaq istəmirdim. Ümumiyyətlə, burada qalmaq istəmirdim. Bilmədən elədiyim bir səhvə görə burada idim. Heç evdəkilərin də xəbəri yoxdur ki, mən buradayam. Kaş onlara zəng edə bilərdim.

- Qaqaş, elə bilirəm ki, səni tez buraxacaqlar. Sənə atamın nömrəsini deyəcəyəm. Çölə çıxan kimi atama zəng edib deyərsən ki, Sakonun vəziyyəti pisdir. Onu bu gün mütləq oradan çıxardın. Mütləq!

Sonra üç-dörd dəfə telefon nömrəsini təkrarladı. Ona “yadımda qaldı” desəm də, yerindəcə unutdum. Çünki bu dəqiqə hansısa rəqəmləri yadda saxlayacaq halda deyildim. Kaş Əliyə zəng edə biləydim. Əli mənim uşaqlıq dostumdur. Bir-birimizə çətin vaxtlarımızda az dəstək olmamışdıq. Ən azından olduğum yeri bilərdi. Yanıma gələrdi. Məni buradan çıxardardı. 

Vaxt keçdikcə başımın ağrımasından aclığımı da hiss edirdim.

Vaxt ağır gedirdi. Qolumdakı saatı da bura girəndə çıxarıb köməkçiyə təhvil vermişdim. Saatdan xəbərimiz yox idi. Bura çox ağır bir yer imiş. Bir anlıq fikrim beşillik, onillik, ömürlük cəza çəkənlərə getdi. Görəsən, onlar nə düşünürdülər indi? Bura hələ normal şəraitli kameradır. Bəs, görəsən, ağır şəraitdə cəza çəkən dustaqlar nə edirdilər? Mən bir gün burada dözə bilmirəm, illərini həbsxanalarda çürüdənlər nə fikirləşirlər, görəsən?

Gözüm divardakı yazılara sataşdı. “Ruslan Biləcəri”, “Namiq Nasosnu”, “Lənkəranlı Əli”, “Oruc Qazax 11.01”... Oruc dörd gün qabaq burada olub. Ay Oruc, sənin nə işin var axı buralarda ki, gəlib kameraya düşəsən? Gör nə qədər yazılar var. Hər kəs də bir yazı yazıb gedib. Bakı mavi balina kimi ağzını açaraq minlərlə insanı bu qaranlıq sularda udmağa davam edir. Bir də ki, Bakının nə günahı var axı, sən əgər düzgün yaşaya bilmirsənsə?

 

***

Kamera artıq doğmalaşır, yaşadığım dəqiqələr adiləşirdi. Kamera yoldaşım Seyran qardaşının gəlişi ilə azadlığına qovuşmuşdu. Çıxarkən mən də ona dostumun nömrəsini əzbərlətmişdim. Artıq bir saatdan çoxdur ki, Əlidən xəbər yox idi. Yəqin ki, Seyran da mən elədiyim kimi etmişdi, nömrəni unutmuşdu.

Yandakı kameraya ayrı-ayrı vaxtlarda iki nəfər gətirdilər. Birincisi taksi sürücüsü idi. Yardımlıya getmək istəyən xanım müştəriyə əxlaqsız təklif edibmiş. Müştəri də bütün danışıqları gizli kameraya çəkib yerindəcə polisə şikayət edib. İndi xanımın rayonundan zəng gözləyirdilər ki, onu oraya yola salsınlar. Taksi sürücüsünün isə heç nə vecinə deyildi. Bayaqkı leytenantın suallarına dilucu cavablar verirdi.

- Xoşum gəldi, danışmaq istədim.

- Dedim nömrəni ver, əlaqə saxlayarıq. O da vermək istəməyəndə, məcbur zor tətbiq elədim.

- Dədəmin goru, boş ev də var. Razı olsa idi, ürəyi istədiyi qədər kirayə qala bilərdi. Səydi da.

Çox maraqlı insandır. Buna baxanda mənim elədiyimə şükür. 

Digər tutulan isə ağac kəsdiyinə görə kamerada idi. O, nisbətən günahsız idi. Dediyinə görə, adi fəhlədir. Müştərisi mağazasının qarşısına talvar qurmağı tapşırıb. Bu da dəmir sütunları betonla bərkitdikdən sonra talvarın üstünü bağlamaq üçün mağazanın qarşısındakı ağacın budaqlarını kəsməli olub. Və sonra da bura gətirilib. Əslində, bir neçə saatın içində burada çox şey öyrəndim. Dar çərçivəli həyat tərzindən çıxıb ətrafa geniş düşüncə ilə baxmaq lazımdır. Həyatda gərək hər zaman diqqətli olasan.

Bir neçə saat da keçdi. Artıq növbə dəyişir, işçilər şöbəni tərk edirdilər. Bu müddət ərzində çox xahişdən sonra bir dəfə telefonla danışmağıma icazə vermişdilər. Əliyə burada olduğumu və özünü təcili yanıma çatdırmağını demişdim. Nəfəslikdən çöldəki havanın artıq qaraldığını görmək olurdu. Qızıdırıcının sağ tərəfində ürəyin içərisində yazılmış yazı isə məni bir az da məyus eləmişdi. “Anam xəstədir. İllərdir iynə-dərmanını güclə alıram. Tək övladı mənəm. Atam bizi tərk edib. Axırda gücüm çatmadı. Aptekə girib soyğunçuluq elədim. Aptekçinin üstünə bıçaq çəkərək, anama lazım olan dərmanları artıqlaması ilə götürdüm. Sonra da özüm polisə təslim oldum.” Allah köməyin olsun. Gör necə həyatlar var dünyada?! Bu günümüzə nə qədər şükür etsək azdır!....

 

6-cı hissə

Metro həmişəki kimi basabas idi. Monitorda “Dərnəgül” yazısı yazılanda hamı gələn qatara minmək üçün irəli şığıdı. Mən irəlidə olduğum üçün çox da əziyyət çəkmədim. Kütlə özü məni içəri itələmişdi. İki stansiyadan sonra boş yerlərin birində oturdum. Günün verdiyi müdhiş yorğunluq ayaqlarımdan süzülüb bədənimi tərk edirdi. Bütün varlığımla, ruhumla bu gün həyəcan və qorxu hisslərinə təslim olmuşdum. Tamahıma məğlub olub ondan qat-qat ali olan qürur hissimi tapdalamışdım. Özüm öz gözümdə zəifləmiş, alçalmışdım.

Oturduğum yerdə başımı qaldırıb heç kimin üzünə baxa bilmirdim. Hamı məni günahkar hesab edirdi. Hamının beynində bir fikir var idi: “Gərək vaxtında polisə məlumat verərdin.” Elə bil hamının mənim bugünki göz yaşlarım və yalvarışlarımdan xəbəri var idi. Utanırdım. Kiminsə üzünə baxmağa utanırdım. Üzbəüzümdə oturan yaşlı kişi sərt baxışlarla düz gözümün içinə baxırdı. Elə bil o baxışlarla mənə “Əgər sənin şəxsi marağın olmayıbsa, mənim ölümə-dirimə lənət olsun!” deyirdi. Yanımda oturan qadın hərdənbir çevrilib mənə baxır, başını yelləyirdi. Bu da yəqin ki, “Boynundan, buxunundan utanmırsan? Bu yaşda oğurluq edirsən? Ayıb olsun!” deyirdi. “Bu, niyə başını yelləyir? O, niyə mənə elə baxır? Yoxsa bunların da bu gün olanlardan xəbəri var?”

Operatorun çoxdan gözlədiyim səsini, nəhayət ki, eşitdim. “Qapılar bağlanır! Növbəti stansiya “Memar Əcəmi”!”

Çox şükür bir stansiya qaldı. Artıq bunların əzici baxışlardan azad olurdum. Azadlıq çox gözəl şeydir. Gərək qədrini biləsən. Ancaq, həqiqətən də, bəzi şeylərin ömrü çox qısa olurmuş!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Ədəbi tənqid zamanıdır, sizlərə filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun Xalq yazıçısı Mehdi Hüseynin “Nizami” pyesi barədə yazdığı məqaləsi ilə tanışlıqdır.

 

 

 Mehdi Hüseynin “Nizami” pyesi:

 “DÜNYADA ƏBƏDİ OLAN BİR ŞEY VARDIR: MƏHƏBBƏT!..”

 

Mehdi Hüseyn “Nizami” pyesində Nizaminin dili ilə bu sözləri deyir: “Dünyada əbədi olan bir şey vardır: Məhəbbət!..” Pyesdə memar obrazı olan Əbdək Nizamidən soruşur ki, dünyada səadət varmı? Nizami deyir:, “İnsan olan yerdə səadət də vardır, gözəllik də!” Bu zaman Əbdək “Lakin bu gözəllik əbədi deyildir” söyləyir. Nizami isə belə cavab verir: “Dünyada əbədi olan bir şey vardır: Məhəbbət!.. Bu gözəlliyi məhəbbət yaşadacaqdır”. Nizami əlini qardaşı Qivaminin çiyninə qoyaraq aşağıdakı şeiri oxuyur:

 

Bərdə nə gözəldir, oh, nə göyçəkdir!

Yazı da, qışı da güldür, çiçəkdir!

Yayında dağlara lalələr səpər;

Qışını baharın nəsimi öpər...

Oxuyur kəkliyi, ötür turacı,

Qırqovul yuvası hər sərv ağacı...

Səssizlik içində dincəlir gülşən,

Torpağı azaddır qayğı, kədərdən...

Quşlar yığılırkən bu gözəl yurda,

Quş südü istəsən, taparsan burda…

Belə şux, sevimli gülşən harda var?

Harda var xəzinə saçan bu diyar?!

      

Nizaminin bu sözləri Əbdəkin qəlbinin kədərini artırır. Nizami ona deyir ki, qəhrəman insanların ən böyük düşməni məyusluqdur. Əbdəkdən soruşur ki, onun kədərinin səbəbi nədir? Əbdək öz kədərinin səbəbini açıqlayır. Qeyd edir ki, bu görünən sarayları quran, onlara baxdıqca ən çox sevinən odur. Ancaq ürəyinin dərdi odur ki, gözəl Bərdəni fəlakət gözləyir. O deyir ki, Xəzərlər onun yaratdığı bu sənət abidələrini uçurub xarabaya döndərməyə gəlirlər. Əbdək Nizamiyə söyləyir: “Budur, dünəndən bəri at belində Bərdənin istehkamlarını gəzərək yoxlayırıq... Ümidimizi yalnız öz qolumuzun gücünə bağlayırıq... Dedilər ki, Şirvan hökmdarı Bərdəyə ova çıxmışdır. Biz onunla görüşüb kömək istəyəcəyik. Dərbənd əmiri bizə kömək verməkdən boyun qaçırtdı. Bərdənin dostu yoxdur”. Nizami Bərdənin kimsəsiz olmadığını deyir və bu torpağın oğullarının hər şeydən yoxsul olsalar da, namusdan yoxsul olmadıqlarını söyləyir. Nizami özü Gəncədə yaşasa da, Bərdə cəngavərlərinə qüvvət verir, onların qəlbinə yaxın olduğunu belə söyləyir: “Eşidirsinizmi? Ölərik, amma basılmarıq! Siz də eşidin, igid dostlarım. Nizami yalnız Azərbaycan igidlərinin eşqilə yaşayır”. Cəngavərlərə ruh verən Nizami təkcə şair kimi deyil, həm də ovçu kimi mahirdir. O nişan alır və ceyran ovlayır. Bu zaman Şirvan şahı öz adamları ilə gəlir. Vəzir Şirvan şahına deyir ki, o ovçulara (yəni Nizami, Əbdək və Nizaminin dostu Yusifə) deyərik ki, vurulmuş ceyranı sizə bağışlasınlar. Şirvan şahı belə bir ovun heç bir qiyməti olmadığını söyləsə də, vəzir bu yerlərə onların bələd olmadığı üçün belə bir ovun məqbul olduğunu deyir. Birdən Şirvan şahı ovçuların (Nizami, Əbdək və Yusifin) onlara tərəf gəldiyini görür. Vəzir onların Şirvan sarayından olduqlarını deyir. Bu məqamda Nizami vurulmuş ceyranı gətirir və deyir: “Alın! Hər şeydə taleyim belə gülsə, xoşbəxtlikdə heç kim mənimlə rəqabətə girişməz...” Yusif xəncərini qınından çıxararaq Nizamiyə uzadır və deyir ki, al, ceyranın başını kəs. Nizami “Şair baş kəsməz” deyir, bu işdə Yusifin məharətinin daha çox olduğunu ona deyir. Şirvan şahı görür ki, o, şair Nizami ilə üz-üzədir. O, Nizamidən soruşur ki, sən şair Nizamisən? Nizami deyir ki, bəli, ancaq mən hələ özümü şair adlandırmağa cəsarət etmirəm. Şirvan şahı Nizamiyə deyir: “Yox, belə təvazökar olma! Bu ad sənə layiqdir. Xaqani səni təriflədi. Mən sənə ürəkdən vuruldum”. Nizami Şirvan şahına Xaqani ilə məktublaşmasından, Bərdəyə xəzərlər tərəfindən hazırlanan hücumdan danışır. Nizami Şirvan şahını düşündürməyə çalışır. Bu baxımdan Mehdi Hüseynin “Nizami” pyesindən Nizaminin fikirlərini xatırlatmaq yerinə düşər: “Xaqanini mən hələ görməmişəm. Mən onu yalnız məktublarından tanıyıram. Böyük şair nədənsə son məktublarını mürəkkəblə yox, göz yaşları ilə yazır…Onun sözlərindən Azərbaycanın dərin kədəri oxunmaqdadır… Ey şah, Bərdəyə hazırlanan hücumdan xəbərdarsınızmı?” Şirvan şahı isə Nizamiyə deyir ki, şair bütün dərdini unut, sarayıma gəl. “Məcnun eşqinə dair dürr kimi bir söz de! Bacarsan, bakirə Leyli kimi iki-üç kəlmə bakirə söz yarat!” Vəhşi xəzərlərin Bərdəyə hücum edəcəkləri xəbəri şah üçün təzə xəbər olsa da, “...Bərdə Şirvan hökmdarının ixtiyarında deyildir” deyə söyləyir. Bu məqamda Nizami ilə Şirvan şahı və vəziri arasındakı fikir mübadiləsini Mehdi Hüseyn belə verir:

“Nizami (dərindən köksünü ötürərək). Elədir, Odlar yurdu on yerə parçalanmışdır. Hər dərənin bir hökmdarı var! Nə üçün, ey şah? Məgər bir insanın qəlbi belə xırda hissələrə bölünərkən, yaşaya bilərmi?

Şah. Əzəldən belə olmuşdur, şair… Bunun günahı məndə deyil, tarixdədir.

Nizami. Əsl qüvvət də, tarixin səhvini düzəldən hökmdardadır. Azərbaycanın belə bir hökmdara ehtiyacı vardır. Siz də çalışın, bir ürək on yerə parçalanmasın. Bunu sabah sizdən bütün xalq tələb edəcəkdir!

Şah. Səndən cavab gözləyirəm, şair, sənin kimi mahir bir şeir ustadı sarayda, naz-nemət içində yaşamalıdır!

Nizami. Məncə, şair hər şeydən əvvəl insanların qəlbində yaşarsa, daha gözəl olar, ey şah! Bir də, mən də bu yerlərdə ötən quşlar kimi azadə nəfəs almaq istərdim. Mən bu yerləri sevirəm. Sevgi isə mənim ən böyük ilham mənbəyimdir.

Vəzir. Sizcə, bu yerlərdən uzaqda yaşayan saray adamlarının hamısı bədbəxtdirmi?

Nizami. Baxın, bu gün mənim bəxtimdən ceyran sürülərinin sayı-hesabı yoxdur. İzninizlə biz gedək.

Şah. Buyurun, mən sizi saxlamıram. Amma yaxşı düşün!..

Nizami. Mən ömrüm boyu düşünəcəyəm... Dünyanın, həyatın sirlərini kəşf etmək istəyən bir insan üçün düşünmək həm ilk, həm də son vəzifədir. Yusif, qardaşım, gəl! (Gedirlər)

Şah. Vəzir, Nizami saraya gəlib mənim qanadım altında böyüməlidir. O, Gəncədə nə qədər çox qalarsa, bizə bir o qədər də ziyan verə bilər. İndi biz buradan Gəncəyə gedirik. Demək, qət olundu. Qoy Nizaminin şöhrəti mənim sarayımla bağlansın...”

Nizami Gəncəvini Odlar yurdunun, yəni Azərbaycanın on yerə parçalanması narahat etdiyi halda, Şirvan şahı bunun günahını tarixdə görür və əvvəldən belə olması ilə təsəlli tapır. Nizami tarixin səhvini düzəldən hökmdara ehtiyac olduğunu bildirdiyi halda, Şirvan şahı şairin naz-nemət içində yaşamalı olduğunu deyir. Nizami şairin insanların qəlbində yaşamasını, azad nəfəs almasını, sevginin (yaşadığı yerə sevginin) ən böyük ilham mənbəyi olduğunu təsdiq etdiyi halda, Şirvan şahının vəziri bu yerlərdən uzaqda yaşayan saray adamlarının heç də bədbəxt olmadıqlarını söyləyir. Nizami hər bir insanın ömrü boyu həyatın sirlərini kəşf etmək istəyi ilə düşünməsini ilk və son vəzifə hesab etdiyi halda, Şirvan şahı Nizaminin sarayda yaşamasını, onun qanadı altında böyüməsini, bununla da sarayının şöhrətinin artmasını istəyir. Bütün bu söhbətlərdən sonra yenə də məhəbbət və gözəllik hər şeyin fövqündə dayanır. Nizaminin "İnsan olan yerdə səadət və gözəllik vardır, dünyada əbədi olan bir şey məhəbbətdir, gözəlliyi məhəbbət yaşadacaqdır" fikirləri Mehdi Hüseyn tərəfindən pyesdə bir daha qabardılır. Belə ki, Afaqın (O, Əbdəkin bacısıdır), Dəstəgülün (Bərdə cəngavəri Toğrulun bacısı), Bərdə qızlarının ceyran ovundan sonra Nizami, Qivami və Yusiflə qarşılaşması səhnəsini verir. Bir daha səadət, gözəllik, məhəbbət dünyanın fövqündə dayanan nemətlər kimi təqdim olunur. Nizami qızlara yaxınlaşaraq Bərdənin gözəlliklərini salamlayır, dağları, dərələri gəzib yorğun düşmüş qərib ovçulara su vermələrini istəyir. Afaq el-obasının qonaqsevər olduğunu deyir, qərib ovçuların onların gözləri üstündə yeri olduğunu söyləyir. Bardağı su ilə doldurub Nizamiyə verir. Nizami Afaqı süzür, onun gözəlliyinin qarşısında sarsılır və öz-özünə deyir: “Aman Allah, onun gül yanaqlarına, dağ çeşməsi kimi qaynayan gözlərinə baxdıqca ürəyimin çırpıntılarını nə qədər aydın eşidirəm! Bəlkə, o, göydə axtardığım ulduzdur? (Afaqa) Pərilər sultanı, sən bir həqiqətsən, yoxsa xəyal?” Təbii ki, bu, (yəni Afaq) xəyal deyil, həqiqətdir. Bu həqiqətin qarşısında Nizaminin əli titrəyir, bardaq əlindən yerə düşüb qırılır. Pərilər sultanı Afaqın verdiyi su ona qismət olmur. Onun eşqi, məhəbbəti şərab kimi qədəhə tökülsə də, əlindən düşüb daşlara toxunur. Afaq belə olan vəziyyətdə Nizamiyə ovcunda su vermək istəyir. Ancaq Nizami yox deyir və ona belə söyləyir: “Sən səadət timsalı olan bu qara gözlərindən mənə həyat suyu verdin... Sağ ol...” Afaq qəmgin bir görkəm alır. Dəstəgül ona təskinlik verir, deyir ki, təki sınan bardaq olsun. Afaq deyir: “Yox, sınan o deyil, Dəstəgül, sınan ürəyimdir! O gözlər… o baxışlar... ömrümün sonuna kimi mən o gözləri unutmaram! Görəsən, o, həqiqətdir, yoxsa xəyal?!” Bəli, o, həqiqətdir. Bəli, Nizami də, Afaq da həqiqətdir. Onların hər ikisinin qəlbində bir-birinə məhəbbət var.

Mehdi Hüseyn Nizaminin “Dünyada əbədi olan bir şey vardır: Məhəbbət!..” fikrinə aşağıdakı açıqlamalarla aydınlıq gətirir.

a) Yer kürəsi böyükdür. Yer kürəsini gəzdikcə hər budaqda bir bülbülün səsini eşidirsən , çiçəklərin dilini öyrənirsən;

b) İnsanın gözləri heç zaman İlahinin yaratdğı gözəllikdən doymayacaqdır;

c) İlahinin yaratdığı ən böyük gözəllik insandır;

ç) İnsan olan yerdə səadət, gözəllik və məhəbbət vardır. Gözəllik əbədi olmasa da, məhəbbət əbədidir və o, gözəlliyi yaşadacaqdır;

d) Nizami Gəncəvi Azərbaycan igidlərinin eşqi ilə yaşayır, Odlar yurdunun, yəni Azərbaycanın parçalanması onu narahat edir. Ona görə də Nizami Azərbaycanın tarixi səhvləri düzəltməyi bacaran hökmdarlara böyük ehtiyacı olduğunu bəyan edir;

e) Nizamiyə görə, dünyanın, həyatın sirlərini kəşf etmək istəyən insan üçün düşünməyin ilk və son vəzifə olduğu unudulmur;

ə) Nizami insanların qəlbində yaşamağı, azad nəfəs almağı sarayda naz-nemət içində yaşamaqdan üstün tutur;

i) Nizami gözəllik və məhəbbət qarşısında acizdir. O, insanın gözəlliyi və məhəbbəti ömrünün sonuna qədər unutmayacağı bir nemət və bir həqiqət hesab edir.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

 

Bazar ertəsi, 19 Fevral 2024 08:30

Tarixə düşən seçkilər - ADƏM İSMAYIL BAKUVİ

“Ədəbiyyat və incəsənət” portalı yazıçı, politoloq Adəm İsmayıl Bakuvinin 7 fevralda keçirilən prezident seçkiləri barədə yazdığı “Bu il fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkiləri tarixə düşdü!” başlıqlı məqaləsini təqdim edir. 

 

 

Bu il fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkiləri tarixə düşdü!

Nadir dinamizm, yüksək səviyyəli təşkilatçılıq və seçicilərin misilsiz mənəvi impulsu ilə möhkəmləndirilmiş prezident seçkilərinin aşkar şəffaflığı dövlətimizin gələcək taleyinin müəyyənləşdirilməsində öz iradələrini ifadə etmək üçün uzun növbələrə düzülərək gün boyu fasiləsiz insan axını yaratdı.

Ən yüksək vəzifə uğrunda mübarizə aparan 7 namizəddən yalnız birinin - Əliyev İlham Heydər oğlunun şəxsiyyətinin möhtəşəmliyinin mütləq üstünlüyünə demək olar ki, heç kimin şübhəsi yox idi!

Bu seçkilərin nəticələrini oxucuya xatırlatmağa ehtiyac yoxdur, belə ki, onlar bütün dünyaya yalnız xalqın son iki onillikdə həm daxili, həm də xarici siyasətdə saysız çətinliklərlə, toqquşmalarla sınanan ümumilli liderinə olan ən yüksək güvənini yox, həmçinin qədim, sevimli Azərbaycanımızı yüksəltdiyi bəşəriyyətin planetar inkişafının bu hipostazına görə açıq-aşkar sevinc, dərin minnətdarlıq nümayiş etdirdi...

Bununla yanaşı, seçkidə qalib gələn və onun keçirilməsi zamanı vəzifədə olan Prezident İlham Əliyevin şəxsiyyətinə dönərkən, onun triumfual uğurunun təməl daşlarına diqqət yetirmək məsədəuyğundur – uzun illər işğalda qalan Azərbaycan Respublikası ərazilərinin 20%-nin azad edilməsi, ölkənin dövlət-ərazi kompleksinin bərpası üçün hərtərəfli zəmin yaradan şəxsin reputasiyası! Bir sözlə, öz xalqını kiçikdən ən böyük, möhtəşəm qələbələrə aparan, Ermənistanın təcavüzünə qarşı uzun, israrlı tarixi dramatizmlə dolu mübarizədə mütləq Qalib.

Lakin qədim latın ifadəsində “Amat victoria curam”, yəni “Qələbə hazırlığı (səyləri, qayğını) sevir” deyilir.

İlham Əliyev Azərbaycan xalqının məkrli, güzəştsiz, qəddar düşməni - erməni militarizmi üzərində, beynəlxalq aləmdə ən mürtəce siyasi qüvvələrin və hər cəhətdən cinayətkar xarici erməni diasporunun körüklədiyi böyük Qələbəni təmin etmək yoluna haradan başlayıb?

 

XX-XXI əsrlərin kəsişməsində Azərbaycanda hərbi-siyasi və sosial-iqtisadi vəziyyət 90-cı illərin əvvəllərində yenidən yaradılmış Azərbaycan müstəqil dövlətçiliyinin hərtərəfli inkişafına mane olan ziddiyyətli amillərin konqlomeratı idi.

Demokratik sistemin və bazar iqtisadiyyatının formalaşdırılmasının bütün yükü, müasir tarixin ən böhranlı illərində, faktiki olaraq suveren dövlət anlayışının özünü bərpa edən, ona vətəndaş qarşıdurması uçurumuna düşməyə və etnosiyasi zəmində parçalanmağa imkan verməyən Böyük Lider, planetar miqyaslı dövlət xadimi və siyasi xadim Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan xalqının öz çiyinləri üzərinə düşdü.

Unutmaq olmaz ki, dövlətçiliyimizin inkişafının o mərhələsi ciddi hərb-siyasi toqquşmalar fonunda baş verirdi. Respublikanın ərazi bütövlüyünə, bir milyona yaxın qaçqına səbəb olan qəsd, cəmiyyətdə müəyyən sosial gərginlik yaratmaya bilməzdi.

Heydər Əliyevin, sonradan isə onun davamçısı İlham Əliyevin Azərbaycanın dövlət-ərazi bütövlüyünün bərpası yönündə sülh yolu seçmək üçün prinsipial arzusu ilə aşılanmış istənilən danışıqlar prosesi, ilk növbədə, güclü müdafiə qabiliyyətinə, Silahlı Qüvvələrimizin güclənməsinə dayanmalı idi.

Müxalifət qüvvələri respublikada ictimai-siyasi sabitliyi sistemli şəkildə pozmağa çalışırdılar. Onlar Qərbin ən mürtəce siyasi qüvvələrinin iştirakı ilə, Qərb modeli üzrə “bazar demokratiyası cənnəti”nə nail olmaq üçün faktiki olaraq “zərbəçi kommunist əməyi” zərurətində israrla respublika rəhbərliyini demokratik islahatların aparılmasında fəaliyyətsizlikdə ittiham edirdilər. Eyni zamanda, onların kritik nəsihətləri respublikanın geosiyasi, sosial-iqtisadi və hətta mental xüsusiyyətlərini nəzərə almaqdan tamamilə məhrum edilmişdi.

Dövlətin siyasi sisteminin və sosial-iqtisadi modelinin islahatının embrional inkişafı vəziyyətində siyasət, diplomatiya və iqtisadiyyat sahəsində ən dərin nəzəri biliyə, o cümlədən neft-qaz, nəqliyyat-enerji strategiyalarının həyata keçirilməsində, respublika üçün əhəmiyyətli xarici siyasət tədbirlərinin həyata keçirilməsində təcrübəyə malik olan İlham Əliyev 2003-cü ildən müasir dövlətçiliyinin böyük heykəltəraşı Heydər Əliyev tərəfindən müəyyən edilmiş Azərbaycanın tərəqqisi və sivilizasiyanın intibahına aparan dahiyanə yolu davam etdirdi.

 

Kifayət qədər məntiqli və məqsədyönlü şəkildə Respublika Prezidenti kimi fəaliyyətinə, siyasi və iqtisadi düşüncəsinin konstruktivliyini nümayiş etdirərək, Azərbaycan dövlətçiliyinin Heydər Əliyev tərəfindən yaradılmış optimal inkişaf ənənələrinin həyata keçirilməsinin innovativ formalarının işlənib hazırlanmasından başlayır.

AŞPA-nın ən mühüm sənədlərini formalaşdıran, nəhayət ki, o zaman Qarabağ separatizmini və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını tanıyan və bu məsələni BMT Baş Assambleyasının müzakirə obyektinə çevirən xarici siyasət arenasında danılmaz uğurları daxili siyasət xarakterli pozitivə çevrilmək potensialına da malik idi. Üstəlik, bunun təməli artıq qoyulmuşdu. Prezidentin respublikada korrupsiyanın qarşısının alınması, ölkənin qanunvericilik və maliyyə bazasının möhkəmləndirilməsi istiqamətində atdığı addımlar daxili siyasətdə uğur qazanmaq üçün real ilkin şərait yaradırdı.

Amerikalı esseist Edvard Abbey düzgün qeyd edirdi ki, “Siyasətdə olduğu kimi tarixdə də “gələcək” dövlət adamlarının əməlləri ilə doldurulmasını gözləyən zaman boşluğudur”. İlham Əliyevin uzun illər prezidentlik fəaliyyətindən sonra cəsarətlə deyə bilərik ki, o, bu boşluğu təkcə Azərbaycanın deyil, həm də beynəlxalq münasibətlər tarixinin salnaməsinə dərin iz buraxmış əməllərlə doldurur.

Bu əməllərin əhatə dairəsi dövlət idarəçiliyi anlayışının özünün diapazonunun genişliyinə dair heç bir təsəvvürlərə uymur. Transmilli, regionlararası yanacaq-energetika layihələrindən, Silahlı Qüvvələrin hərbi-texniki modernləşdirilməsindən tutmuş, Azərbaycan cəmiyyətinin müasir simasını simvolizə edən Azərbaycan xalqının tarixi, mədəni və mənəvi-psixoloji ənənələrinə əsaslanan multikulturalizmin yetişdirilməsinədək.

Eyni zamanda, Prezidentin dövlətçilik təfəkkürünün uzaqgörənliyi və miqyaslılığı respublikanın neft və qaz ixracından əldə etdiyi milli gəlir, o cümlədən iqtisadiyyatın neft-qaz sənayesi ilə əlaqəli olmayan və Azərbaycan iqtisadiyyatı üçün çox vaxt qeyri-ənənəvi olan sənaye sahələrinin və yüksək texnologiyalı sektorlarının yaradılması vektorunda nəqliyyat və enerji layihələrinin fəaliyyətindən əldə etdiyi gəlirlər istiqamətində təcəssüm olundu.

İlham Əliyevin qeyd olunan maliyyə-sənaye strategiyası, şübhəsiz ki, Azərbaycan iqtisadiyyatının inkişafının əsaslarının fundamentallığının və diversifikasiyasının möhkəmləndirilməsinə töhfəsini verir, respublikanın enerji ehtiyatları tükəndiyi halda onun neft-qaz kompleksindən asılılığını azaldır, gələcək tərəqqinin yüksək templərini təmin etmək imkanını saxlayırdı.
İlham Əliyevin fəaliyyətinin diplomatik sahəsi, başqa sözlə desək, təhsilinin təməl peşəkarlığı, şübhəsiz ki, Amerika tarixində əfsanəvi prezident Avraam Linkolnun çıxartdığı formulda öz əksini tapmışdır: “Mən düşmənlərimi dosta çevirməklə məğlub edirəm”.

 

Bu isə dəyişməz həqiqətdir, Prezidentin rəhbərlik etdiyi illərdə misli görünməmiş bir zirvəyə yüksəlmiş bütün Azərbaycan diplomatiyasının alfası və omeqasıdır! Axı bir vaxtlar Azərbaycanla informasiya-təbliğat qarşıdurmasında üstün olan erməni dezinformasiya fəaliyyəti dövlətlərarası münasibətlər və o vaxtkı başıbəlalı Qarabağ probleminə baxışlar sferasında xalqımızın ətrafında mənfi ab-hava yaradırdı.

Müasir Azərbaycan Respublikasının əsl yaradıcısı Heydər Əliyevin Qarabağ erməni separatçılarının qondarma “dövlət müqəddəratını təyinetmə” və "Dənizdən dənizə Böyük Ermənistan” ideyası tərəfdarlarının uydurmalarının ifşası üçün başladığı son dərəcə dəqiq işi Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla təkmilləşmiş və səmərəli şəkildə davam etdirilmişdir. Azərbaycan xalqının dünya ictimaiyyətinin şüurunda əvvəllər erməni tarixi saxtakarlıqları ilə yönünü itirmiş siması erməni informasiya təxribatının hiyləgərliyi nəticəsində yaranan irinli təbəqələrdən təmizlənməyə, Qarabağ problemi isə öz həqiqi obyektiv məzmununda aydınlaşmağa başladı.

Azərbaycanın dövlət başçısının beynəlxalq nüfuzu gündən-günə artdı və digər dövlətlərin rəhbərlərinin əksəriyyəti tərəfindən həqiqi dövlət müstəqilliyinin qorunub saxlanması, ərazi bütövlüyünün davamlı şəkildə müdafiəsi, dünyanın bütün ölkələri ilə hərtərəfli dövlətlərarası qarşılıqlı faydalı əməkdaşlıq mövqeyi ilə şərtləndirilmiş nüfuzunun tanınması aydın şəkildə özünü göstərdi.

Bu kontekstdə maraqlı olan odur ki, məşhur yamaykalı hüquq müdafiəçisi, ictimai xadim Markus Qarvinin fikrincə, «... indiki dövlət xadimləri bütün bəşəriyyətə qarşı bərabərlik və ədalət olmadan hər hansı bir sülhün mümkün olduğuna inanırlarsa, dövrlərinin ən böyük səhvini edirlər». Lakin İlham Əliyev dünya siyasi fikrinin inkişafındakı bu tendensiyanın əksinə olaraq, beynəlxalq aləmdə istənilən vəziyyətdə məzlum xalqların müdafiəsi, ərazisinin böyüklüyü və əhalisinin sayından, beynəlxalq siyasi və iqtisadi həyatdakı yerindən və rolundan asılı olmayaraq dünyanın bütün dövlətləri arasında ədalətli, qarşılıqlı hörmətə əsaslanan münasibətlər mövqeyində dayanan dövlət xadimi ruhunda çıxış edir. Bu, onun Qoşulmama Hərəkatında aparıcı rolunu müəyyənləşdirdi.

Təbii ki, bütün bunlar bütövlükdə Azərbaycan dövlətinin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və beynəlxalq qüvvələrin Dağlıq Qarabağ problemi ətrafında yerləşdirilməsində Azərbaycanın xeyrinə olan köklü dəyişikliyə təsir etməyə bilməzdi.
Eyni zamanda, İlham Əliyevin respublikanın dövlət-ərazi kompleksinin bərpası üçün seçdiyi strategiyanın konstruktivliyi, ona təkcə diplomatik münasibətlər sahəsində deyil, həm də hərbi-texniki və siyasi əməkdaşlıq sahəsində müttəfiqləri və strateji tərəfdaşları düzgün və dəqiq seçməyə imkan verirdi. Bu rakursda ikitərəfli əsasda səmərəli şəkildə qurulmuş əlaqələr qardaş Türkiyə, Cin , Rusiya, İsrail, Pakistan, BƏƏ və Səudiyyə Ərəbistanı ilə müttəfiqliyi və strateji tərəfdaşlığı təmin etdi.

İlk iki dövlətlə qarşılıqlı münasibətlər “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsi və “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” 2022-ci il 22 fevral tarixli Bəyannamənin imzalanması yolu ilə sonradan hərbi-texniki və siyasi müttəfiqliyə çevrildi.

İlham Əliyevin Respublika Prezidenti postunda bütün fəaliyyətinin apofeozunun onun rəhbərliyi və titanik səyləri ilə otuz ilə yaxın qədim əzəli Azərbaycan torpaqlarını əlində saxlayan təkəbbürlü işğalçı, Azərbaycanın çoxəsrlik sivilizasiyasının bütün irsini məhv edən ölümcül qasırğa üzərində Azərbaycan xalqının parlaq, dönməz, mütləq qələbəsində təcəssüm etdiyinə heç kəs şübhə edə bilməz.

Təbii ki, ölkəmizin ərazi bütövlüyünün və bütün torpaqları üzərində suverenliyinin bərpası naminə xalqımızın arzusu və məqsədi, qarşısıalınmaz qətiyyəti, İlham Əliyev tərəfindən ciddi təşkilati, zəfərli qalibiyyətlə yekunlaşmasını metodik olaraq müəyyən edən istiqamətə yönəldilmişdir.

Əyani olaraq dövlət xadimi üçün əvəzsiz xarakter keyfiyyəti üzə çıxdı: xalqa verilən vədləri dəqiq və sarsılmaz bir şəkildə yerinə yetirmək! Axı hələ böyük Napoleon Bonapart qeyd etmişdi ki: “Döyüşü yaxşı məsləhət verən yox, onun yerinə yetirilməsinin məsuliyyətini öz üzərinə götürən və yerinə yetirən uddu”.

2003-cü ildə prezidentlik karyerasının hələ lap əvvəlində dövlətin ərazi bütövlüyünü bərpa edəcəyinə söz verərək, Azərbaycan Prezidenti İlham Əliyev, 2021-ci ilin noyabrında Şuşada Qarabağın azad edilməsi uğrunda Vətən Müharibəsində Qələbə Günü şərəfinə Azərbaycan hərbçiləri qarşısında çıxış edərkən verdiyi sözün nəticələrini təntənəli şəkildə xülasə etdi: “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. İstər sülh yolu ilə, istər müharibə yolu ilə və belə də oldu”.

Dünyada bəşər sivilizasiyasının mövcudluğunun ən yüksək məqsədlərini müəyyən edən dəyərlər var. Onların məzmunu, ödənilməsi cəmiyyətin normal fəaliyyəti və inkişafı üçün ayrılmaz şərt olan əsas insan ehtiyacları meyarı ilə qiymətləndirilir. Siyasi dəyərlərin dəyər piramidasının zirvəzsində humanizm dayanır. Respublika Prezidenti dünyanın, humanizmi incəliklə, ardıcıl və dönməz şəkildə siyasətə daxil edən, nadir dövlət başçılarındandır.

Rəhbərlik etdiyi dövlətin milli təhlükəsizliyinin təmin edilməsi ilə bağlı sferalarda apardığı siyasətin sərtliyi və barışmazlığı, sosial-mədəni sahədə, insan və vətəndaş hüquqları ilə bağlı məsələlərdə, yaradıcılığı və əməyində rifahı və özünü ifadə etməsi üçün çoxşaxəli şəraitin yaradılmasında, mükəmməl humanizmlə ahəngdar şəkildə uzlaşır.

 

Hesab edirəm ki, Prezident İlham Əliyevin illərlə işləyib hazırladığı və təkmilləşdirdiyi sosial siyasətin mahiyyətini, motivasiyasını və əldə etdiyi nailiyyətləri üzə çıxaran statistik rəqəmlərlə oxucunu bezdirməyə ehtiyac yoxdur. Ölkəmizə gələn hər bir qonağın Azərbaycan cəmiyyətinin rifah səviyyəsinin sistematik şəkildə yaxşılaşdığına əmin olmaq üçün real imkanları var ki, yeri gəlmişkən, xarici qəzet, jurnal və elektron nəşrlərin səhifələri bu məlumatlarla doludur.

Buna Prezidentin siyasəti ilə müxalifətin ictimai-siyasi fəaliyyəti üçün, hətta onun azğın destruktivliyinə baxmayaraq, tamamilə plüralist şəraitin təmin edilməsi, eləcə də etnik və ya dini zəmində hər hansı terror və seqreqasiya təzahürlərinin qarşısının alınması müddəasının əlavə edilməsi məqsədəuyğundur.

Bütün bunlar isə ölkəmizdə, BMT-nin mənəvi relativizmi fonunda, yarandığı dövrün mənəvi aydınlığı ilə indiki deqradasiyaya uğramış dövlət arasında baş vermiş soyqırım və terrorizmin dünyada aşkar təzahürləri qarşısında baş verir. Yeri gəlmişkən, İlham Əliyev bu fikri dəfələrlə və müxtəlif səviyyəli beynəlxalq forumlarda dünya ictimaiyyətinin diqqətinə çatdırır. Təsvir edilən mənzərəni fəaliyyətində qərarların qəbulu prosesində qərəzliliyin aydın şəkildə göründüyü, açıq anti-islamizm və Azərbaycan da daxil olmaqla bir sıra ölkələrə qarşı ayrı-seçkiliklə dolu olan AŞPA tamamlayır.

Şübhəsiz ki, Lion Feyxtvangerin məşhur “İstedadlı insan hər şeydə istedadlıdır” aforizminin mənbəyi ona insan intellektinin, ağlının və üfüqlərinin tam gücünün dərk edilməsindən gələn ilham olub! İstedad – Allah vergisidir! Xəlvət və gizli bəxşişdir! Məhz elə o, istedadlı musiqiçiyə eyni dərəcədə istedadlı şeir yazmağa, musiqi yaradıcılığından və şeir sənətindən asudə vaxtlarında parlaq rəsmlər yaratmağa imkan verir.

Uca Yaradanın səxavəti haqqında düşünəndə isə doğma Azərbaycan torpağının nə qədər istedadla zəngin olduğuna heyrətlənməkdən vaz keçmirsən!

Bəli, Respublika Prezidenti İlham Əliyev milli istedadlarımızın ən parlaq təcəssümüdür! Çünki onların təzahürü Azərbaycan tarixində son iki onillikdə əldə edilmiş bütün nailiyyətlərin əsasını təşkil etmişdir.

 

Bununla belə, xalqın inamı, İlham Əliyevin görkəmli şəxsiyyəti ilə bağlı bütün arzu və diləkləri Azərbaycan dövlətçiliyinin inkişafında yeni dövr – bütün dünya nizamının qlobal konvergensiya şəraitində onun daha da çiçəklənməsi dövrünü yaradır. Respublika Prezidenti təbii ki, istənilən qlobal toqquşmalara və ziddiyyətlərə baxmayaraq Azərbaycanın dinamik, münaqişəsiz, hərtərəfli ahəngdar inkişafının əsas təminatçılarından biridir.

Bunun təminatı Azərbaycan dövlətinin həqiqi müstəqilliyi haqqında milli ideyaların maddi təcəssümündə onun mükəmməl təcrübəsi, sosial-iqtisadi və mədəni tərəqqisi; təbii zəkasının və əqli mükəmməlliyinin dərinliyi, geniş iş qabiliyyəti; dünya tarixinin nadir şəxsiyyətlərinin panteonunu bəzəyən dahi Heydər Əliyev şəxsiyyətindən, Sovet dövründə Azərbaycanın görkəmli dövlət xadimi və siyasi xadim kimi milli tarixə düşmüş, o çətin, ziddiyyətli dövrün ən sərt şəraitində xalqının mənafeyini güzəştə getmədən müdafiə edən ana babası Əziz Əliyevdən irsən keçmiş əsas genetik təbiətidir.

Bu kontekstdə hindistanlı ictimai xadim, milyarder Adi Qodreyin “Dünyada olduqca çox siyasətçi və olduqca az dövlət xadimi var” fikri maraq doğurur. Xalqımızın isə fəxr etməyə haqqı var ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyev, eyni sağlam düşüncəni dünya siyasətinə gətirən, bəşər cəmiyyətinin deqradasiyasına yol verməyən və müasir sivilizasiyanın gələcək inkişafının ümidverici perspektivi ilə vəd verən əsl dövlət xadimləri sırasındadır.

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luğa nəzər yetirək:

 

Toni Şey. «Xoşbəxtlik gətirərək. Sıfırdan milyardadək»

Öncə sadaladığım 5 kitabdan fərqli olaraq bu kitab konkret əhvalatlardan bəhs edir. Yəqin ki, Zappos adlı kompaniyanın adını eşitmisiniz. Son dövrün ən gənc milyardçısı, amerikalı Toni Şey bu kitaba topladığı əhvalatlarda öz avtobioqrafiyasını qeyd edir, doqquz yaşından biznesə necə başlamasını, Zappos-u necə qurmasını açıqlayır, bu kompaniyanın öz əməkdaşlarına firavanlıq, müştərilərə isə bol rahatçılıq gətirməsi sirlərini açır, kompaniyasının fəaliyyəti dövründəki inanılmaz uğurları (təkcə birini qeyd edim: 1998-ci ildə onun yaratdığı LinkExchange adlı banner mübadiləsi şəbəkəsini Microsoft 265 milyon dollara satın alıb), eləcə də səhvləri, kuryoz hadisələri göstərir. Toni Şey bu kitabında həm də müasir dövrdə kompaniyaların qurulması, fəaliyyəti, möhkəm biznesin qurulması qayda-qanunlarını şərh edir.

Toni Şeyin xoşbəxtlik anlayışı isə baxın belədir: «Mən həyatımın ən xoşbəxt anlarının siyahısını tutdum və başa düşdüm ki, bu anların heç biri  pulla bağlı deyil. Mən dərk etdim ki, özümü ətrafıma komanda toplayanda, qurub yaradanda xoşbəxt saymışam. Səhər ertəyədək dostlarımla təmasda olanda, onlarla Günəşin doğmasını seyr edəndə xoşbəxt olmuşam. Sinif yoldaşlarımla məktəbdə oyunlar oynayanda özümü xoşbəxt hiss etmişəm, sirkəyə qoyulmuş xiyar yeyəndə özümü xoşbəxt hiss etmişəm».

Bəli, bəli! Məhz belə!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

 

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

 

-Haqlı sözün qarşısında nə demək olar. Solomin yoldaşların gözündən yayınmağı bacarıb.

-Bəs niyə belə əminsiniz ki, o Bakıya gəlib, bunu təsdiqləyən nəyiniz var əlinizdə? Əlbəttə, buradasansa, deməli, bu sualın konkret cavabı var. Mən bunun necə müəyyən olunduğunu bilmək istəyirəm.

-«Koramal»ın «yoxa çıxdığı» gündən bu günədək Rusiyadan Bakıya səfər etmiş bütün şəxsləri yoxladıq. Əlbəttə, tək birbaşa reyslərlə gələnləri yox. Gürcüstan vasitəsilə gələn Vasiliy Dımok adlı birinin adı diqqətimizi çəkdi. Yoxlamalar zamanı Dımokun evsiz-eşiksiz biri, bizim dildə desək, «bomj» olduğu məlum oldu. Belə birisinin birdən-birə təyyarə ilə Gürcüstana, oradan da Bakıya uçmaq həvəsinə düşməsi heç ağlabatan deyildi. Axtarışlar nəticəsində Dımokun yeri müəyyən edildi. Məlum oldu ki, bir neçə il əvvələdək normal həyat tərzi keçirən, evi, özünə görə maddi imkanı, səfərlər etmək üçün xarici pasportu olan və sonradan spirtli içkiyə aludə olub hər şeyini itirmiş Dımok heç yerə getməyib. Moskvanın Noqinsk vilayətində məskunlaşıb və oradakı zibil qutularına atılmış boş şüşələri toplayıb təhvil verməklə başını girləyir. Sənədlərinin harada olmasından isə xəbəri yoxdur.

-Düşünürsünüz ki, yüksək hazırlıq keçmiş biri «bomj» dediyiniz birinin sənədi ilə ölkəni tərk etməklə belə sadə bir səhv buraxıb? Solomini hazırlayanlar bu qədərmi axmaqdırlar? Axı, onlar Solomin yoxa çıxdıqdan sonra bütün halların yoxlanacağını hesablamalı idilər?

 -Razıyam. Amma əvvəla o da, onu hazırlayanlar da tərəfimizdən deşifrə olunduğu və izlənməsi barədə məlumatsızdırlar. Bu səbəbdən, sənin «yoxa çıxmaq» dediyin, onun üçün sadəcə evini tərk etməkdir. Evinisə, hər ehtimala qarşı kəşfiyyat məktəbində ona öyrədildiyi kimi, özünə məlum olan üsulla tərk edib. Kəşfiyyat məktəbi keçmiş biri əməliyyata başlaması haqqında tapşırıq alarkən belə də etməli idi. Moskvadan da ki, bilirsən, müxtəlif istiqamətlərə yüzlərlə reyslər var. Bu reyslərlə on minlərlə sərnişin uçur. Bu dediyim hələ təkcə hava yollarına aiddir. Təkcə həmin sərnişinləri yoxlamaq üçün yüzə yaxın əməkdaş günlərlə fasiləsiz yoxlamalar aparıblar. Fikrimi tutdun?

-Başa düşürəm. Onun terrorçu kimi hazırlandığının tam məxfi qaldığına əmin olduqları üçün bu tapşırığı verənlər əldə etdikləri o sənəddən belə arxayınlıqla istifadə ediblər. Həm də Dımokun sənədi yalnız bir dəfəlik, ölkəyə giriş məqsədi ilə istifadə olunub. Əminəm ki, buradakı rezidentləri onu çoxdan başqa sənədlə təmin edib.

-Tamamilə doğrudur, dostum.

-Saxta «Dımok»un Gürcüstandan Bakıya gəldiyi təyyarə reysi məlumdur. Hava limanının və onun sonrakı marşrutu boyu olan kameraların həmin tarixdəki görüntüləri heç nə verməyib?

-Kamera qeydləri var, amma nəticə yoxdur. Eynilə mənim kimi gəlib təyyarədən düşür, sonra avtobusa minib mərkəz istiqamətində gedir. Bundan sonra izi itir, harada avtobusu tərk etməsi məlum deyil. Böyük ehtimalla avtobusda hiss etdirmədən qiyafəsini dəyişdirib.

-Bəs, şəkli əlimizdə olan birinin yerini, bu günü saymasaq, son on iki gün ərzində müəyyən etməyə nə mane olub?

-Bu sualın iki cavabı var. Ya o zərurət olmadığı üçün qaldığı məkandan çölə çıxmır, ya da ki, gəldikdən sonra qrimlənib özünü burada ona verilmiş saxta sənəddəki şəkillə eyni görkəmə salıb rahatca gəzir. Özün başa düşürsən, adi bir süni saç insanı nə qədər dəyişdirir. Yəqin bütün indi dediklərimizi onlar nəzərə alıblar.

Nazirliyin yerləşdiyi binaya çatmağa az qalmışdı. Stepanla yenə görüşməyə vaxtımız olduğunu bildiyim üçün ona hələlik son sualımı verdim:

-İndi planın necədir?

-Vəziyyətlə bağlı digər Nazirlikdə qərargah yaradılıb. Hazırda kolleqalarımız oradadırlar. Sizin general qərargah rəhbərinin müavinidir. Bir azdan onun yanında müşavirə olacaq. Müşavirədən sonra istiqamətlər bilinəcək.

Daxili İşlər Nazirliyinin arxa küçəsində maşını saxladım.

-Onda zəngini gözləyirəm.

-Hələlik.

-Hələlik.

Stepan düşüb Nazirliyin girişinə tərəf getdi. Burada maşın saxlamaq qadağan idi. Mənə tərəf gələn polis nəfərini görüb əlimlə ona işarə etdim və maşını yerindən tərpətdim. Tərpənməzdən əvvəl güzgüdə məndən xeyli arxada gəldiyim küçədə dayanmış qara maşına baxdım. Bu maşın yol boyu arxamca gəlmişdi. Maşındakıların Stepanı müşayiət etmək üçün göndərilmiş əməliyyatçılar olduqlarını bilirdim. Belə də olmalı idi. İstənilən halda Daxili İşlər Nazirliyinin belə yüksək vəzifəli qonağı müşayiət olunmalı idi. Hətta, özü bundan imtina edibsə belə. Protokol qaydaları bunu tələb edirdi. Nazirliyin binasının tinindən sola dönüb sürəti artırdım. Evə qayıdacaqdım. Hələ ki, edəcək bir şey yox idi.

 

 “Ədəbiyyat və incəsənət”

(19.02.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Əhməd Qəşəmoğlunun şeirlərini təqdim edir.

Əhməd Qəşəmoğlu şair, publisist, sosioloqdur, 1988-ci ildən AYB-nin üzvüdür, iqtisad elmləri doktoru, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısıdır.

O, fevral ayının 15-də 74 yaşını qeyd etdi, yenə də gənclik şövqü ilə yazıb yaradır. Əslən Naxçıvanın Babək rayonunun Vayxır kəndində olan müəllif ilk dəfə 1977-ci ildə Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində dərc edilib, bundan sonra onun şerləri müntəzəm olaraq respublika mətbuatında çap olunub. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunub.

Ə. Qəşəmoğlu 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nın laureatı olub. Buna görə də onun "Vlyublennıy veter" (Aşiq olan külək)  kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunub. Razılaşın ki, o dövrdə belə uğur hər kəsə nəsib olmur. Üstəlik, Əhməd Qəşəmoğlu SSRİ Yazıçılar İttifaqına üzv də seçilib. O, həm də "Rəsul Rza" adına ədəbi mükafatın laueratıdır.

Yubiley yaşına doğru səmt götürən Əhməd müəllim redaksiyamıza xeyli şeir təqdim edib. Olduqca maraqla oxunan və əksəriyyəti lirik olan bu şeirlər həm də düşündürücüdür, günümüz üçün aktualdır.

Yaxın bir neçə gündə oxucuları Əhməd Qəşəmoğlu poeziyası ilə baş-başa buraxacağıq.

 

 

Mən sənin özünlə sevirəm səni...

 

Təkcə ürəklə sevmək nədi ki...

qəlbimin kökləndiyi

yerlə, göylə sevirəm səni...

 

min illərin səsi gəlir hər yandan...

min illərin

ruhuyla sevirəm səni...

 

ayağımı basdığım

hər qarış torpağın

duaları ilə sevirəm səni...

 

bilirsən anamı

nə qədər sevdiyimi...

anamın baxışları ilə sevirəm səni...

 

ulduzların, kəhkaşanların,

qaynayıb daşan aləmlərin

sirri ilə sevirəm səni...

 

...çiçəkli ağacların üstündə

ilahi nəğmə oxuyan

ay işığıyla sevirəm səni.

 

ürəyimin parçasısan,

səndən axıb gəlir üzümün nuru,

mən sənin özünlə sevirəm səni...

 

 

Səndən sonra

 

Eşqindən dərviş oldum,

Sirr oldum səndən sonra.

Dünyaları dolaşdım,

Sovruldum səndən sonra.

 

Axı, nədən, de nədən

Yer oynadı yerindən?

Mən şah idim əzəldən,

Devrildim səndən sonra.

 

Tərlandım, göydən endim,

Qanadım didim-didim...

Daha dünyadan bezdim,

Yoruldum səndən sonra.

 

 

Ay işığında

 

ay işığına bürünən gözəl,

mələk kimi görünən gözəl

üzülmə

       yer üzünün qayğılarından,

nə işin var yerinən, gözəl?!

 

...ay işığı nə gözəl yaraşır sənə?!

 

heç bir paltar belə sirli,

belə gözəl görünməz...

ay işığına heç bir gözəl

belə gözəl bürünməz...

gözlərinin işığı

yaraşıq verir ay işığına.

 

sənin qəlbin göy üzünə köklənib,

göy üzünün

             sehri var səndə,

göy üzünün ətri gəlir səndən...

 

titrəmə,

üzülmə

       yer üzünün qayğılarından...

 

 

Ülvi dünya

 

çiçəkdən istədiyimi

istəsəm səndən,

məni çiçəkdən də incə

                    dindirərmisən?

 

günəşdən istədiyimi

istəsəm səndən,

ömrümə günəşdən tək

                  nur yayarmısan?

 

anamdan istədiyimi

istəsəm səndən,

ruhumu anam tək

                 oxşayarmısan?

 

taledən istədiyimi

istəsəm səndən,

qoşulub taleyimə,

         üzümə  gülərmisən?

 

göy üzündən

yağan işıqdan istədiyimi

istəsəm səndən,

                     eşidərmisən?

 

tənha darıxıram

bu yer üzündə...

hayana  üz tutum?

                  sən deyərmisən?

 

 

Nisgil

 

Sən bu dünyadasan,  duyuram bunu,

üfüqün rəngindən, çiçəklərin ətrindən,

küləklərin səsindən

                               bilirəm bunu...

 

sən bu dünyadasan, bilirəm bunu,

bəlkə,  qonşu binada, bəlkə, qonşu küçədə,

bəlkə, başqa şəhərdə, kənddə,

                          bəlkə, başqa ölkədə...

 

hərəmizin öz dünyası, işi-gücü,

            bir kövrək kədər içində, intizarda

bu dünyalıq arzuları...

 

bəlkə də, üz-üzə gəlmişik

                                     neçə dəfə,

bəlkə, nəsə soruşmuşuq bir-birimizdən,

bəlkə, nəsə anlamışıq

                          gözlərimizdən...

aramızda bir tül kimi axan tilsim

alıb bizim xoşbəxtliyi

əllərimizdən?

 

bu dünya uçdu daha, gecdi daha...

heç üzə çıxma daha...

öyrəşdim nisgilinə...

bax, qaldım hansı günə...

vurula bilmədim sənə,

vuruldum nisgilinə...

 

 

Bu qəfil sevda

 

Mən bu qəfil sevdaya

baxıram ürkə-ürkə,

bu, Allahdan bir paymı,

ya imtahandı, bəlkə?

 

dörd bir yanda duman var,

gün çıxmağa güman var,

darıxma, sınma könlüm,

hələ öndə zaman var.

 

göy üzündə bir şəfəq

nəsə söyləyir mənə,

nə gözəl işıq yağır,

İlahi, kədərimə...

 

xəlvət hönkürən nəğmə

kimi ağlayır elə?

o nəğmədə nə səsdir,

nə deyir gülə-gülə?

 

alma mənim canımı,

alma, nisgilim, alma,

ömrümdəki soyuğu

salma, yadıma salma.

 

mən bu qəfil sevdaya

baxıram ürkə-ürkə,

bu, Allahdan bir paymı,

ya imtahandı, bəlkə?

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

 

Bazar ertəsi, 19 Fevral 2024 09:30

Şəhidlər barədə şeirlər – Mənsur Ağayev

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Mənsur Ağayevə həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

MƏNSUR AĞA OĞLU AĞAYEV

(29.07.1994.-09.11.2020.)

 

Əslən Kürdəmirin Sığırlı kəndindən olan, Hacıqabul rayonunun Padar kəndində doğulmuş Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

 

                 MƏNSUR

 

Vətən uğrunda candan keçdi nə qədər igid,

Onlar ölmədilər ki, oldular canlı-şəhid.

Belə aslanlar ilə duyuruq fəxr, qürur,

Bu igidlər nə qədər? - tanıyaq -  biri Mənsur.

 

Əslən Sığırlıdandır, Padarda yaşa doldu,

Vaxt gəldi, gün yetişdi, orduda əsgər oldu.

Əsgərlikdə hamının  qazanmışdı hörmətin,

Gizlədə bilməyirdi kafirlərə nifrətin.

 

Qurtarıb əsgərliyi  qayıtsa da evinə,

Nə eyni açılırdı, nə bilirdi sevinə.

Hər gün həyəcan ilə xəbərlər izləyirdi,

Ali Baş Komandanın əmrini gözləyirdi.

 

Nəhayət, o gün gəldi, çatdı intiqam vaxtı,

Mənsur döyüşə getdi, düşündü, gülür baxtı.

Necə də hünər ilə, ürəklə savaşırdı,

Azğın düşmən özünü itirirdi, çaşırdı.

 

Kafirlərin üstünü  cəngavərtək almışdı,

İblisgöz düşmənləri pərən-pərən salmışdı.

Şəhid olan zamanı sanki ulduz yağırdı.

Fikirləşdi  bir anlıq - Göylər məni çağırdı.

...Ən böyük arzum idi, çatdım, Şuşanı gördüm,

Ana, nigaran olma, daha yoxdur bir dərdim.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.