Fəsil dəyişikliyi zamanı allergik əlamətlər – EVDƏ HƏKİM Featured

“Ədəbiyyat və incəsənət” portalı “Evdə həkim” rubrikasında bu dəfə actual suala cavab verəcək. Fəsil dəyişikliyi zamanı hansı allergik əlamətlər müşahidə olunur? Axı yazdan yaya keçməyə hazırlaşırıq?

 

Rubrikanı Kənan Məmmədli aparır.

 

Baharın ilıq havasını hiss etdikcə park və açıq havada gəzmək istəyi baş qaldırır. Ancaq allergiyası olanlar həmin mövsümdə narahatlıqla üzləşirlər. Çiçək açmağa başlayan ağaclarda gedən tozlanma prosesi ağız, burun və ciyərlərə qıcıqlandırıcı təsir göstərir. Lakin allergiya təkcə tozlanma ilə əlaqədar olmur.

Həkim-allerqoloq Ramin Nəriman həssas insanların diqqət yetirməli olduğu məqamlara toxunub: "Yaz mövsümündə məişət tozu gənələri çoxalır və onlar istənilən yaşayış sahəsində var. Allergiyası olanların yatdığı otaqda yun əşyalar yığışdırılmalı, yorğan-döşək və yastıq dəyişdirilməldir. Yaxşı olar ki, onlar küləkli havada bayıra çıxmasınlar. Bayıra çıxarkən baş örtükləri, gün eynəkləri və qoruyucu maskalardan istifadə etmək lazımdır. Evə qayıdandan dərhal sonra duş qəbul olunmalı, üst geyimlərini yataq otağına aparmamalıdırlar".

Qidaların qəbulu zamanı kəskinləşən allergik reaksiyaların fəsil dəyişikliyi ilə bağlılığı yoxdur. Belə hal bəzi mövsümi qidaların - çiyələk, alça, böyürtkən və digər giləmeyvələrin həddindən artıq qəbulu zamanı baş verir. Fəsil dəyişikliyi olan ərəfədə allergik əlamətlər burun və boğazda da üzə çıxır.

Qulaq-burun-boğaz cərrahı Nuray Şükürova deyir ki, burundan selikli ifrazatın olması qaşınma və tələffüzün çətinləşməsi zamanı ilk olaraq cərraha yox, allerqoloqa müraciət edilməlidir: "Kimin allergiyasının nəyə olduğunu bilmək üçün xüsusi testlər var və onun aparılması allerqoloqlar tərəfindən idarə olunur. Xəstələri pandemiyadan əvvəlki və sonrakı dövrlərə bölsək, daha çox aşkarlanan udlaqda və sərt damaqda qaşınma hissi indi daha çoxdur. Şikayətlər daha da kəskinləşərsə, əsasən xəstəni burun tənəffüsünün pozulması narahat edirsə, onda xəstəyə cərrahiyyə əməliyyatı edilməsi məsləhət görülür".

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.