Super User
BİR SUAL, BİR CAVAB Təranə Dəmir ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Dəyərli Yaradıcımız, A. Şopenhaurun gözəl bir deyimi var: " Hər ayrılıq ölümün əvvəlcədən dadılması kimidir, yenidən qovuşmaq da yenidən dünyaya gəlməyin əvvəlcədən dadını hiss etmək kimidir."
Bəs hər xırda səbəblərə görə küsüb-barışan, münasibət qura bilməyib, " sevgi yoxdur" - deyib sevgini ucuzlaşdıran kəslərə nə söyləyərdiniz?
CAVAB:
Ayrılıq sevgisizlikdən, sevgi tükənəndə düşür ortalığa mənim aləmimdə.
Sevmək səbir, dəyanət, dözüm istər. Əgər bir yola qoşa qədəm qoyursansa, demək, onun bütün çətinliklərini, ağrılarını da gözə almalısan. Əks halda, bu sevgi deyil. Tutqudur. Alışdın və söndün. Bir də sevgi iki ruhun qarşılıqlı hissidir. Biri bitirsə, o biri bunu yürüdə bilməz. Həm də cütlər arasında hörmət, qayğı, diqqət əsasdır. Laqeydlik də sevgini kül edən amillərdən biridir. Hətta ən mükəmməl eşqləri belə soyuda bilir.
Ədəbiyyat və incəsənət”
(21.05.2024)
“Bir doğma ürəyi daşıya bilmədim…” - CAVİD FƏRZƏLİNİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə sevimli şairimiz Cavid Fərzəlinin şeirləri təqdim edilir.
Kamança
Bir qumru dərədə
Bir ana küləyin dilində,
Qarğı qamışlar nəğmə deyəndə,
tikanlı məftillərin üstünə sərdim səsimi.
Səni bülbül səsindən soruşdum, kamança!
Oxuyanda tənha divarlarımı,
hərifləyəndə tanrı barmaqlarımı.
Qulağımın dibində
sular danışanda
dilini öyrəndim çayların...
Məhbəs çiçəklərdə
yağışlar ölümünü sənintək oxuyur,
buludlar sevdasından havalanır.
Yenə ayrılıq düşdü üzümə
Boynuma dolanan kor çöllərdə
Ağaclar ölüm gətirdi əllərimə.
Üsyanım nəğməyə döndü
Küçələrin göz yaşında,
Qapımızın üzünü sevmə daha.
Ovuclarımın azad günündə,
Barmaqlarımın başına dönmə daha, kamança!
Qadın
Səni hər fəsil sevdi,
Mən payızı xatırladım.
Baxdım payızdan sənə;
Ömrün, qız yağışlara,
Ana buludlara qucaq açdı.
Güzgülər üzünü sevərkən,
Sular balıqların dilini öyrənərkən.
Bir kişi üzündən yol saldın ayrılığa.
Dəniz də itirdi gülüşünü,
Sahil də kirlətdi ləpirini.
Hələ canından doymadı çiçəklər,
hər bahar dərildi əllərin,
Qarımış kölgələrin üstünə.
Sonra gözəlliyinə qəfəs qurdu qanadsız küçələr.
Qanadlarının kəklik vaxtı.
Barmaqlarının azad günü.
Üzünü aya bənzətdilər sənin,
Ay deyildin ki, qara pərdələrdən damasan.
Sən elə qadınsan, qadın,
Dəyişə bilmədim ayrılıq adını,
Dəyişə bilmədim kəpənək üzünü.
Mənim
Məni bağışla anamın üzü.
Həyat anam oldu mənim,
Bir doğma ürəyi daşıya bilmədim,
Çiyinlərim ata oldu mənim.
Hər oğul üzünü
bir ana bağışlayır
Vətən boyuna.
Məni bağışla anamın üzü
atam müharibə qədəhində,
Qardaşımın taleyini içdi,
saçların sərxoş oldu sənin.
Qadın olmaq Tanrı adından ayrı düşməkdirsə,
Bəs niyə üzündə yükəm sənin...
Bir də doğulsa gözlərim,
Küçələrə ana deməyəcək əllərim,
Qapımıza ata deməyəcək ayaqlarım.
Axı bir ağac ağrılarıma ana demədi mənim.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)
Tacikistan Mədəniyyəti Günlərinin açılışı mərasimində Adil Kərimli çıxış edib
Mayın 20-də Heydər Əliyev Mərkəzində Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Tacikistan Mədəniyyət Günlərinin açılış mərasimi keçirilib.
AzərTAC xəbər verir ki, əvvəlcə qonaqlar Tacikistan rəssamlarının rəsm sərgisinə, xalq sənətkarlığı və milli geyim nümunələrinə baxıblar, Tacikistanın milli geyimləri və milli mətbəxinin yeməkləri ilə tanış olublar.
Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli Tacikistan Mədəniyyət Günlərinin Azərbaycanda təntənəli açılışı münasibətilə tədbir iştirakçılarını salamladığına görə çox məmnun olduğunu bildirib: “Biz əminik ki, Tacikistan Mədəniyyət Günlərinin Azərbaycanda keçirilməsi bütün sənətsevərlər üçün mühüm və əhəmiyyətli hadisədir. Əsrlər boyu Azərbaycanla Tacikistan arasında tarixi-mədəni və mənəvi bağlara əsaslanan güclü əlaqələr mövcud olub. Bu bağlar mədəni mübadilə və birgə təşəbbüslər üçün maraqlı perspektivlər yaratmağa davam edir. İkitərəfli əməkdaşlığın inkişafında dövlətlərimizin başçıları - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon arasında dostluq münasibətləri xüsusi rol oynayır”.
Hər iki ölkənin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda fəal əməkdaşlığını qeyd edən mədəniyyət naziri ikitərəfli səviyyədə görkəmli mədəniyyət nümayəndələrinə həsr olunmuş tədbirlərin təşkil olunduğunu, təcrübə mübadiləsinin və ədəbi əsərlərin Azərbaycan dilindən tacik dilinə və əksinə tərcüməsinin həyata keçirildiyini vurğulayıb. Nazir əlavə edib ki, Tacikistanda əsərləri məktəb proqramına daxil edilmiş böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına dərin ehtiramla yanaşılır.
“Ekspozisiyada azərbaycanlı heykəltəraş Fuad Əbdürrəhmanov tərəfindən 1964-cü ildə yaradılmış əsəri gördüyüm üçün çox şadam. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyinə də qeyd etmək istərdim. Tacikistan Mədəniyyəti Günləri Bakıda və Gəncədə keçiriləcək ki, bu da geniş ictimaiyyətə qardaş tacik xalqının qədim tarixi, zəngin mədəniyyəti, ənənələri, mənəvi dəyərləri ilə tanış olmağa imkan verəcək. Mədəniyyət Günləri çərçivəsində müxtəlif maraqlı tədbirlərin keçirilməsi planlaşdırılır. Mədəniyyət Günlərinin yekun tədbiri isə Gəncə Dövlət Filarmoniyasında konsert olacaq”, - deyə Adil Kərimli bildirib.
Tacikistanın mədəniyyət naziri Matlubahon Sattoriyon Tacikistan Respublikasının mədəniyyət xadimləri adından tədbir iştirakçıları salamlayıb: “Xoş fürsətdən istifadə edərək, ilk növbədə, demək istəyirəm ki, iki ölkənin hökumətlərinin və liderlərinin, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi sayəsində ikitərəfli münasibətlərimiz, xüsusilə mədəniyyət sahəsində əməkdaşlığımız ildən-ilə inkişaf edir.
Diplomatik münasibətlərin qurulmasından bəri Tacikistan-Azərbaycan əməkdaşlığı ənənəvi olaraq qarşılıqlı faydalı və bərabərhüquqlu tərəfdaşlıq istiqamətində qurulub və ümumilikdə siyasi, ticari-iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf edib. Maraqlıdır ki, məhz mədəniyyət sahəsində Tacikistanla Azərbaycan arasında əlaqələr getdikcə daha əlamətdar, daha geniş və yaxın olur. Tacikistan və Azərbaycan son illərdə mədəniyyət sahəsində kifayət qədər intensiv mübadilələr həyata keçiriblər.
Xalqlarımız arasında möhkəm mədəni əlaqələrin bariz nümunəsi həm taciklərin, həm də azərbaycanlıların qürur mənbəyi, XII-XIII əsrlərin böyük Azərbaycan mütəfəkkiri, şairi və görkəmli filosofu Nizami Gəncəvidir. Nizaminin “Xəmsə”si, yəni beşlik adlanan poemaları bənzəri olmayan ədəbiyyat nümunəsidir. Tacikistanda Azərbaycan xalqının məşhur etnik xüsusiyyətləri ilə seçilən özünəməxsus milli mədəniyyətini yaxşı tanıyırlar, sevirlər və qiymətləndirirlər.
Əsrlər boyu Azərbaycan xalqı zəngin, rəngarəng ənənəvi mədəniyyət nümunələri yaradıb və böyük yaradıcılıq uğurlarına imza atıb. Qeyd etmək lazımdır ki, Mədəniyyət Günlərinin keçirilməsi xalqlarımızın mədəni sərvətlərini nümayiş etdirən böyük bayramdır. Şübhəsiz ki, mədəniyyət günləri ölkələrimiz arasında dostluğun möhkəmlənməsinə xidmət edir. İcazə verin, sülhsevər Azərbaycan xalqını Tacikistanın mədəniyyəti və incəsənəti ilə tanış etmək imkanı yaratdığınıza görə bir daha minnətdarlığımızı bildirək”, - deyə Tacikistanın mədəniyyət naziri bildirib.
Mədəniyyət Günləri çərçivəsində respublika incəsənət xadimlərinin konsert proqramını, rəssamların və xalq sənətkarlarının sərgisini, Tacikistan xalqının tarixindən, mədəniyyətindən, adətlərindən və Tacikistanın paytaxtının - gözəl və bənzərsiz təbiəti olan Düşənbə şəhərinin cəlbedici obrazından bəhs edən milli geyimləri, bədii və tarixi filmləri özləri ilə gətirdiklərini qeyd edən nazir deyib: “Fürsətdən istifadə edərək, Tacikistan xalqına, çoxəsrlik və müasir mədəniyyətimizə göstərdiyi dəstəyə, səmimi hörmətə görə Tacikistan Mədəniyyət Nazirliyi adından Azərbaycan Respublikası Hökumətinə və Mədəniyyət Nazirliyinin rəhbərliyinə səmimi təşəkkürümü bildirirəm”.
Çıxışlardan sonra Tacikistan incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı təqdim edilib. Tacik ifaçılarının təqdim etdiyi musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.
Açılış mərasimində hər iki ölkənin rəsmi şəxsləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri mayın 23-də başa çatacaq.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)
Sultan Rayev: “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının məqsədi gənclərə dəstək verməkdir”
Mayın 20-də TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib.
AzərTAC xəbər verir ki, TÜRKSOY-un rəhbərliyi, türkdilli ölkələrdən festivala qatılan ali məktəblərin rektorları və münsiflər heyəti festivalla bağlı məlumat veriblər.
TÜRKSOY-un Baş katibi Sultan Rayev festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Universiteti, T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının Teatr Kolleci, Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu, Türkiyədən isə Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasının hazırladıqları tamaşaların göstəriləcəyini bildirib. Baş katib festivalın məqsədinin gənclərə dəstək vermək olduğunu diqqətə çatdırıb, bu cür tədbirlərin gənclər arasında əlaqələrin intensivləşməsinə töhfə verdiyini qeyd edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova universitetin keçirdiyi önəmli tədbirlərdən və layihələrdən bəhs edib. Qeyd edib ki, “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı universitet üçün böyük əhəmiyyət kəsb edir.
Qeyd edilib ki, mayın 20-dən 22-dək davam edəcək festival günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Akademik Rus Dram Teatrında iştirakçı tələbələrin tamaşaları təqdim olunacaq.
Mayın 22-də Gənc Tamaşaçılar Teatrında festivalın rəsmi bağlanış və mükafatlandırma mərasimi keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)
Bakıda “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
Bakıda “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək.
Festival çərçivəsində elan olunmuş müsabiqənin qalibləri mükafatlandırılacaq!
Mayın 24-də Xətai Rayon İcra Hakimiyyətinin qarşısında “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı işə başlayacaq. Festival Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan nümayəndəliyi və Beynəlxalq Suluboya Cəmiyyəti, Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə keçirilir.
Xətai Sənət Mərkəzindən AzərTAC-a bildirilib ki, festival 28 May-Müstəqillik Gününə həsr olunub.
Qeyd edək ki, festival çərçivəsində elan olunmuş müsabiqənin qalibləri də mükafatlandırılacaq. Müsabiqənin sərgiləri mayın 13-dən 17-dək növbəli şəkildə Xətai Sənət Mərkəzində açılıb. Akvarel texnikasında və mövzusu güllər olan müsabiqəyə 2500-ə yaxın 8-21 yaşarası Azərbaycan gəncləri ilə yanaşı, Türkiyə, İran, Peru, Litva, Gürcüstan, Yaponiya, Vyetnam, Hindistan vətəndaşı qatılıb və bu sərgilərdə 800-ə yaxın əsər yaş qrupuna uyğun sərgilənib. Bu sərgilərdən hər yaş qrupu üzrə 10 əsərin müəllifi festivala dəvət alıb. Sərgilərdə iştirak edən xarici vətəndaşlar sertifikatla, festivala seçilən əsərlərin müəllifləri isə diplomla mükafatlandırılacaq.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)
REPRESSİYA QURBANININ 140 İLLİYİ - Respublika Gənclər Kitabxanasında virtual sərgi
Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan xalqının çox işıqlı şəxsiyyətlərini qırmızı sovet repressiyası məhv edib. Onlardan biri də dünən 140 illiyi qeyd edilən görkəmli ədəbiyyatşünas Salman Mumtazdır. Respublika Gənclər Kitabxanasında Salman Mumtazın 140 illik yubileyi ilə əlaqədar virtual sərgi yaradılıb və söhbətim də bu barədədir.
Ötən gün milli ədəbiyyatımızın tanınmasında böyük xidmətləri olmuş, şair, ədəbiyyatşünas, mətnşünas, biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı Salman Mumtazın 140 illik yubileyi tamam oldu. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Salman Mumtazın həyat və yaradıcılığına həsr edilən silsilə materiallar- “Türk dünyasının Mümtaz oğlu” adlı biblioqrafik icmal və “Ədəbiyyatımızın Mümtazı” adlı geniş videomaterial hazırlanıb.
Hazırlanan materiallarda şairin gənclik illəri, ədəbiyyata gəlişi, “Molla Nəsrəddin” jurnalında, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Azərbaycan Dövlət Muzeyində xidmətləri, Abbas Səhhət, Mirzə Ələkbər Sabir kimi Azərbaycan ədəbiyyatının görkəmli simaları ilə birgə fəaliyyəti haqqında məlumat verilir. Videomaterialda onun 1920-ci ildə Azərbaycan ədəbiyyatının bərpası üzrə komissiyanın təşkilatçısı və sədr olması, uzun illər Azərbaycanı gəzərək yazıçıların əlyazmalarını toplaması, 200 kitab, məqaləni “Unudulmuş yarpaqlar” başlığı altında dərc etdirməsi, klassiklərin əsərlərinin toplanıb, yenidən nəşr olunmasında nümayiş etdirdiyi müstəsna əməyi haqqında məlumatlar təqdim edilir.Materiallarda Salman Mumtazın repressiya dövründə “Xalq düşməni” damğası altında həbs edilməsi, topladığı 270-ə yaxın əlyazmaların məhv edilməsi, sürgünlük həyatı və xatirəsinin əbədiləşdirilməsi haqqında faktlar da əks olunur.
“Türk dünyasının Mümtaz oğlu” adlı biblioqrafik icmalda görkəmli şəxslərin mədəniyyət tariximizin fədakar tədqiqatçısı haqqında söylədikləri dəyərli fikirlər, müəllifi olduğu və onun haqqında qələmə alınan “Salman Mümtazın şəxsi fondundan folklor mətnləri”, “Azərbaycan ədəbiyyatının qaynaqları”, “El şairləri”, “XX əsr Azərbaycan ədəbiyyatşünaslığı məsələləri”, “Salman Mümtaz arxivinin təsviri”, “Salman Mümtazın ədəbi və elmi fəaliyyəti” kimi 20-ə yaxın kitabın biblioqrafik təsviri və qısa annotasiyası təqdim edilir.
Görkəmli ədəbiyyatşünas Salman Mumtazın 140 illik yubileyi ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib. Maraqlananlar tanış ola bilərlər.
Sonda deyilənlərə onu da əlavə etmək istəyirəm ki, Salman Mümtazın ədəbiyyat tariximizdə xidmətləri o qədər böyükdür ki, onun 140 illiyini digər qurum və təşkilatların da anması arzuolunan idi. Axı 140 dəyirmi rəqəmdir.
Ancaq əfsus.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)
Bu beş şərtə diqqət edək!
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bütün əvvəlki hissələrdə uğura aparan konkret yollardan bəs etdikcə özümüzə əxz edə bildik ki,
1) «Hər şey arzulamaqdan başlayır»;
2) «Uğura doğru getməkçün mütləq özündə möhkəm xarakter formalaşdırmalısan»;
3) «Sizə maneçilik törədən axmaq vərdişlərdən mütləq yan qaçmalısınız»;
4) «Məqsədə doğru iləriləyərkən ən kreativ üsullardan istifadə etməlisiniz»;
5) «Kifayət qədər gödək olan ömrü dəyərli yaşamaqla, dəyərsiz işlərə vaxt ayırmamaqla bir qədər uzatmalısınız».
Mən niyə məhz bu beş şərtlərin adını çəkdim? Çünki bu şərtlərlə bağlı ən mükəmməl hesab etdiyim motivasiya təlimlərini sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bunlar da Barbara Şer, Riçard Vaysman, Devid Şvarts, İrina Xakamada və Den Valdşmidtə məxsusdur.
Bacardığınız qədər hər bir frazaya diqqət etməyi sizdən rica edirəm. Beləliklə, sıra ilə Barbara Şerin «arzulamalarından» başlayıb ta ki, Den Valdşmidtin «6 il əlavə yaşamaq» sirrinə qədər davam edirik.
Sabah “Arzuları necə həyata keçirməyin Barbara Şer təlimatı” sizlərə təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)
İntizar ədəbiyyatı - Mədinə Gülgün, "Mənim, ey dost, o sahildə neçə nəğməm, sözüm qaldı" qəzəli
Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Mənim, ey dost, o sahildə neçə nəğməm, sözüm qaldı.
Bahar fəsli alovlandı, bağım, bağçam, düzüm qaldı.
İnan ki, doymamışdım mən vətənin, laləzarından
Yar oldu ömrümə həsrət, o torpaqda gözüm qaldı.
Əmək çəkdim səhər-axşam, çiçəkli, güllü bağ saldım,
O bağda gözləri yaşlı bənövşəm, nərgizim qaldı.
Vətən dərdi yaman dərddir, əsir yarpaq kimi qəlbim,
Haray ellər, yad əllərdə sevimli Təbrizim qaldı!
Deyin ki, Gülgünə gəlsin, alışdım, yandım həsrətdə,
Fəqət məhv olmadım, ey dost, kül altında
gözüm qaldı.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)
“XEYİRXAHLIQ” - Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlər
Zahirə Cabir yazır
“Ədəbiyyat və incəsənət” portalı publisist Zahirə Cabirin Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlərinin dərcinə başlayır. Məqsəd - uşaqlara bu dahi şəxsiyyəti daha yaxından tanıtmaqdır.
Xeyirxahlıq
Həyata, ətrafımıza nəzər salsaq, hər şeyin qoşa yaradıldığının şahidi olarıq: isti-soyuq, hündür-alçaq, gecə-gündüz, güclü-zəif, zəngin-yoxsul. Görürük ki, Tanrı birisinə göz vermiş, başqasını kor yaratmışdır; biri sağlam, digəri xəstə, yaxud əlildir. Əgər insanlar hamısı bərabər yaradılsaydılar, onların bir-birinə yardım etmə ehtiyacı olmaz, o zaman da insanlar arasında heç bir əlaqə olmazdı, insan toplum, cəmiyyət halında yaşaya bilməzdi. Kimsə başqasına yardım, kömək etməsə, həyatın dadı, mənası olmazdı. Əgər güclü zəifə, gözü olan kora, tox olan aca yardım etməyəcəksə, o zaman bizə insan deməyin mənası vardırmı?
Məmməd Əmin dünyaya gəldiyi evdə həmişə xeyirxah, gözəl insanlar görmüşdü. Atası Axund Hacı Ələkbər ibadətlərinə həssaslıqla yanaşar, dostları ilə heç bir dini söhbətdən qalmaz, malını insanlığa yardım yolunda xərcləyərdi. Analığı Maral xanım da onun kimi. Məmməd Əmin də çalışırdı ki, həyatda onlar kimi olsun, insanların xidmətində dursun, yalnız halal dalınca gedib, haramdan çəkinsin.. Oxuduğu rus-tatar məktəbinə getdiyi yol dalanların arasından keçirdi. Məktəbdən evə qayıdanda dalanların qarşısından keçərkən həmişə yaşlı insanlara kömək edərdi. Zənbili apara bilməyən qadınlara yaxınlaşıb onu daşımaqda kömək edər, su daşıyanın vedrəsini alıb gücü çatan yerə qədər aparardı.
Bir dəfə möhkəm külək əsdi. Ağacların budaqlarını sındırdı. Qapılarının yanındakı qollu budaqlı söyüd ağacı qırılıb yola düşdü. Səhər işə gedən insanlar məcbur qalıb yıxılan ağacın üstü ilə adlayırdılar. Daha yaşlılar isə ağacın üstünə çıxa bilmədiklərindən yollarını dəyişib başqa dalanlardan getdilər. Məhəmməd məktəbə getməyə tələsirdi. Küçədə qonşu kişilərin mişar axtardıqlarını eşitdi. O qayıdıb evə gəldi, mişar götürüb onlara apardı. Qonşu kişilər köməkləşib yıxılan söyüd ağacını hissələrlə mişarladılar. Məhəmməd onlara kömək edib ağacın kəsilmiş balaca budaqlarını dalanın bir tərəfinə yandırmaq üçün yığdı.
Məhəmməd məktəbə çatanda artıq ikinci dərs qurtarmaq üzrəydi. Müəllim onun təlaşlandığını görüb soruşdu: - “Nə olub Məhəmməd, niyə dərsə gecikmisən?” – soruşanda Məhəmməd əhvalatı danışdı. Müəllim onun başını sığallayıb dedi: Oğlum, düz eləmisən, yolumuzu təmiz saxlamaq, insanların qayğısına qalmaq hər birimizin ümdə işi olmalıdır.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)
“YÜK” – Orxan Fikrətoğlunun film ssenarisi (7-ci paylaşım)
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
YÜK
Tammetrajlı bədii filmin ssenarisi
7
Həbsxananın qarşısındakı birmərtəbəli kiçik tikilidə yerləşən istintaq otağı.
Elşad müstəntiqin otağındadır. Ayaq üstündə dayanıb. Əlləri arxasında qandallanıb. İki erməni əsgəri də içəridə, qapının ağzında farağat dayanıb.
Erməni müstəntiq: – Əzizim Elşad. Buyurun içəri. Mən də Bakıdanam da, sən bilmirdin bunu? Montinskiyəm mən də!
Elşad susur.
Erməni müstəntiq üzünü qapının ağzında dayanmış əsgərlərə tutur: – Siz gedin!
Erməni əsgərlər otaqdan çölə çıxırlar.
Erməni müstəntiq: – Mən səni incitmək istəmərəm, a bala, yəqin, sən bunu hiss eləyirsən. Peterburqdan ekspertizanın cavabı da gəlib. Düz deyirsənmiş. Cəsəd sənin atana aiddir. Erməni meyiti deyil. Mən görürəm axı, sən düz adamsan. Gəl səninlə belə bir iş eləyək. Yaxşı iş eləyək də... Elə eləyək ki, səni də burdan buraxdıra bilim! Məni düzgün başa düş! Mən də burda qəribəm. Bunlar bizi sevmirlər. Məni də sizə görə sevmirlər. Baxma ki, erməniyəm. Bunlar özlərini “osobennı” erməni sayırlar. Sənə bir iş deyəcəm. Sən də dediyim kimi elə, getsin. Heç fikirləşmə də. Gerisi ilə isə işin olmasın. Səni özüm sərhəddən Azərbaycana ötürəcəm.
Elşad: – Neynəməliyəm?
Erməni müstəntiq:– Burda, lap elə bax mənim bu otağımda gəl sənin üçün bir xudmani mətbuat konfransı təşkil edim!
Elşad: – Nə təşkil edəcən?
Erməni müstəntiq: – Mətbuat konfransı da... heç nə... oturub başına gələnləri bura çağırılan adamlara bir-bir danışacaqsan!
Elşad: – Aktyor-zadam səninçün... bir də mənim başıma nə gəlib ki, danışam da. Əsir düşmüşəm də!
Erməni müstəntiq:– Ay dilbilməz müsəlman, mənə qulaq as da bir dəqiqə. Sənə burdan çıxmağın yolunu öyrədirəm. Mən beş-altı adamı yığıram bura, otağıma. Denən, hə. Sən də onlara deyirsən ki, Qarabağda olan bütün tarixi xristian qəbirlərini sökmək tapşırığını mənə komandirim verib. Bu qədər asan. Burda nə var ki ? Deyirsən ki, mən xristian mədəniyyətinin düşməniyəm. Erməni köpəyoğlanları da xristianları Qafqazda qoruyurlar deyə onların da qəbirlərini açıb sümüklərini yandırmışam. Lap yaxşı eləmisən yandırmısan. Müsəlmanları sənə demirəm ki söy... gör sənə nə deyirəm də ...deyirəm ki, ermənilərin gorunu eşdiyini de. Səndən ancaq bu sözləri deməyini istəyirəm. Desən, qapın da açılacaq, atanın sümüklərini də qaytaracam özünə. Bax, ordadır, dolabdadır! Götürüb gedərsən evinə. Nə deyirsən?
Müstəntiq oturduğu masanın yeşiyindən bir qırmızı alma çıxarıb Elşada yaxınlaşır.
Müstəntiq almanı Elşada uzadıb: – Razısan? – soruşur.
Elşad: – Tapançan var?
Erməni müstəntiq: – Makarov!
Elşad: – Səndən bir xahişim var.
Erməni müstəntiq: – Buyur!
Elşad: – Məni o “Makarov”la vur. Sonra da otur krosvordunu həll elə!
Erməni müstəntiq: – İki həftədir səni eşşək kimi döyürlər, yenə ağlın başına gəlmir, hə?
Erməni müstəntiq qəfil tapançanın arxası ilə Elşadın başına var gücü ilə zərbə endirir.
Elşadın başı həmin an partlayır. Açılmış yaradan axan qan gözlərinin içinə qədər dolur. Damcı-damcı boynuna, boğazına, sinəsinə doğru süzülür.
Elşad ağrısını udub: – Mənə şərt qoyma, dığa! Mən ancaq öz iradəmlə yaşayıram! Öldür məni, bitsin bu iş! Mən sənin kimi suka deyiləm yalan danışam!
Müstəntiq cibindən çıxardığı əl dəsmalı ilə Elşadın gözlərinə dolan qanı silir.
Araya lal sükut çökür.
Erməni müstəntiq sakit-sakit əlində tutduğu almaya bir dişləm vurub otaqda gəzişməyə başlayır.
Erməni müstəntiq: – Sənin qanın halaldır, türk! Qorxmağına qorxursan, dediyindən də dönmürsən! Sənin kimiləri sındırmaq mənə xüsusi zövq verir. Tələsmə, hələ atanın sümüklərinin itlərə necə yem olduğunu da görəcəksən! Özünü yığ. Həmin o yüklə hələ illər boyu yaşayacaqsan. Mən bilirəm sizinçün ölünüzün çöldə qalması nə deməkdir. Ölüm səninçün nədir ki? Mən səni belə öldürəcəm. Saniyə-saniyə...
Erməni müstəntiq yaxınlaşıb otağın qapısını açır.
Dəhlizdə Elşadı gətirən gözətçi əsgərlərə: – Aparın! – qışqırır.
Erməni əsgərləri qaça-qaça otağa girirlər. Elşadın başını aşağı əyib otaqdan qaça-qaça da eşiyə çıxarırlar...
***
Elşad karserdə ağzı-burnu qan içində kürəyini divara söykəyib oturub.
“Qarabağ şikəstəsi”ni oxumaq istəsə də, dodaqları şişdiyindən tərpənmir.
O, bir neçə dəfə oxumağa cəhd etsə də, alınmır.
Gözlərini yumur.
Gözlərindən yanağına bir damçı yaş süzülür...
***
Daşkəsən. Elşadın qaçqın şəhərciyindəki evinin qapısını döyən iki polis nəfəri.
Elşadın bacısı qapını açır.
Polislərdən biri: – Səfərov Elşad Qafar oğlu bu ünvanda yaşayırdı?
Elşadın bacısı ağlamsınır: – Bəli! Yaşayır da... nə olub ki ona?
Polis: – Ananızın rəsmi ərizəsinə cavab olaraq Elşad Səfərov barəsində axtarış elan olunmuşdu. Məlum olub ki, o, erməni əsirliyindədir. Azərbaycan tərəfi onun azadlığa çıxması üçün əlindən gələni edir. Bu da sorğuya rəsmi cavab!
Polis əlindəki məktubu Elşadın bacısına uzadır.
Elşadın bacısı məktubu polislərdən alıb qapının qarşısında dizi üstə yerə çökür.
Elşadın bacısı qapının ağzında hönkür-hönkür ağlayır.
Polislər məktubu Elşadın bacısına verib geri qayıdırlar.
Ancaq polislər getdikdən sonra Elşadın bacısı sanki yuxudan ayılıbmış kimi: – Bəs atam hanı? Atam necə oldu? – deyə yenidən qışqırır.
Polis maşını artıq görünmür...
***
Elşad təkadamlıq kameradadır.
O, dar kamerada əsəbi-əsəbi gəzişir.
Əvvəlcə dəhlizdə ayaq səsləri eşidilir. Sonra kameranın qapısı şaqqıltı ilə açılır.
İçəri iki erməni əsgərinin müşayiəti ilə gözəl geyimli və baxımlı bir qadın girir.
Elşad istər-istəməz qadının qarşısında farağat dayanır.
Bu jest qadının xoşuna gəlir. Qadın gülümsünür.
Qadın əlinin işarəsi ilə əsgərlərdən çölə çıxmaqlarını xahiş edir.
Erməni əsgərləri istəməsələr də, kameranın qapısını açıq qoyub dəhlizə çıxırlar. Onlar dəhlizdə dayanırlar. Amma nəzərləri yenə də içəridədir.
Qadın Elşada yaxınlaşır. Onunla Azərbaycan dilində danışmağa çalışır: – Mən baronessa Mari Van de Kertxofam. Qırmızı Xaç Komitəsindənəm. Ermənilər mənə sizin tarixçənizi danışıblar. Onlar düz deyir?
Elşad: – Sizə nə deyiblər?
Qadın: – Deyiblər ki, siz tapşırıqla Azərbaycandan Qarabağa göndərilmisiniz. Kəşfiyyatçısınız. Xüsusi təlim keçmisiniz. Ərazidə olan qədim xristian qəbirlərini açıb sümüklərini kimyəvi maddə ilə əritmisiniz. Həmin qəbirlərə müsəlman sümükləri qoymusunuz. Atanızın sümüklərini də özünüzlə gətirmisiniz ki, qədim xristian kilsəsi Ağoğlanın təməlinə basdırasınız. Bu, vəhşilikdir. Vandalizmdir. Bunu başa düşürsünüz?
Elşad: – Siz axirətə inanırsınız, xanım?
Qadın: – Mən insana inanıram!
Elşad: – Mən isə axirətə inanıram. Biz yalan bilmirik. Çünki hər addımımıza görə axirətdə cavab verəcəyik. Sizə yalan deyirlər. Mən adi fəhləyəm. Qızıl mədənində işləyirəm. Siyasətdən çox uzağam. Biz min ildi ağdamlıyıq. Babalarımız orda dəfn olunub. Atam öləndə dedi ki, oğul, məni Ağdamda basdırarsan. Mən də yollar açılan kimi onu qəbrindən çıxarıb gətirmişdim Ağdama. Sonra da ermənilərə əsir düşdüm. Atamla mənim qanımı yoxladılar. Eyni çıxdı. Sənəd onlardadır. Biz bir dəfə söz verdiksə, onu tuturuq. Bu, bizim ənənəmizdir. Mən, sadəcə, atamı öz torpağımda basdırmaq istəyirəm. Heç kimlə də işim yoxdur.
Qadın bərəlmiş gözləri ilə Elşada baxır.
Qadın: – Sən atanı öz əlinlə qəbrindən çıxartmısan ki, gətirib başqa bir yerdə torpağa basdırasan?
Elşad: – Vətənində!
Qadın: – Mən sizi də, elə erməniləri də anlaya bilmirəm. Özün də deyirsən ki, axirətə inanıram. Deməli, o zaman sən hamıdan yaxşı bilməlisən ki, atanın ruhu göydədir, qəbrində deyil. Sənin üçün nə fərqi var atanın sümüyü harda çürüyəcək? Bunun sənə, ya onun özünə nə xeyri var? Sizi də, erməniləri də dərk etmək olmur. Təpədən-dırnağa absurdsunuz. Sanki sizi İonesko yazıb, Allah yaratmayıb. Natamamsınız. Hər ikiniz. Əvvəl dolma üstə savaşırdınız, indi isə sümük davasına keçmisiniz? Ermənilər də ölülərini Qarabağdan çıxarıb Yerevanda basdırmağa aparırlar! Sevgiləri tükənmiş yarımadamlar... bicarələr.
Elşad: – Onlar niyə?
Qadın: – Bunu çiynində atasının sümükləri ilə əsir düşmüş adam məndən soruşur?”
Elşad: – Mən atama söz vermişdim!
Qadın: – Qərbdə Allah ölüb. Şərqdə isə sağdır. Və avtoritardır. Əzicidir. Ata Şərqdə Allahın təcəllasıdır. Sənin üçün atana verdiyin söz Allaha verdiyin sözdür. Sən primitiv şərqlisən. Ermənilər düz demir. Səndən xristian dünyasına ziyan dəyə bilməz. Sən avamsan! Və səni idarə etmək ermənidən asandır! Səni vətəninə göndərəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)