Super User

Super User

 

Gülnarə Camaləddin, “Ədəbiyyat və incəsənət” üçün

 

Bilmirəm bu təsadüfdürmü, yoxsa alın yazısı. O məhz bu gün - Ana dili günündə dünyaya gəldi. Ana dilinin bütün gözəlliklərini iliyinəcən duydu. Azərbaycan ədəbiyyatının söz yaddaşına SÖZ ustası kimi hopdu.

Sözləri cilaladı, nizama saldı. Bəlkə də ayrı planlar qururdu, alayı şeylər düşünürdü, amma Tanrı onun üçün alayı plan qurdu. Onu sözə bənd elədi. Yəhya Kamalın təbirincə desək, tarix hər vaxt öz hökmünü icra edir, vəssalam. O da tarixin övladıydı, alnına yazılanları, baxtına düşənləri yaşayırdı, yaşamağa məhkumdu... Çünki biz hamımız ömrün sürgünündə azadə məhbuslarıq.

Söhbət gözəl şair, ruh adamı, bu dünyanın cikini- bikini ovcunun içi kimi bilsə də:

 

Bizə düz görünür ən ağ yalan da,

Bir az cəhd eləyən aldadır bizi.

Siz niyə gülürsüz biz ağlayanda,

Sizi güldürənlər ağladır bizi.

 

Deyərkən bəlkə də, həyata, dünyaya, gözünün içinə baxa - baxa onu aldatmağa cəhd edənlərə qarşı bir şairanə üsyan edirdi. Amma Məmməd İlqar gerçək bir şair ömrü yaşayır... Sözə, qələmə xəyanət etmədən... Bu gün onun günüdür. Günü mübarək! Ömrü uzun, canı sağ olsun həmişə!

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2024)

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi  nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda 247 nömrəli tam orta məktəbdir. 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR:

Bakı şəhəri A.Rəhimov adına 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Uğurlu qızı Abbasova 10.12.1978 –ci ildə Qərbi Azərbaycanda Ağbaba mahalında anadan olmuşdur. Tam orta təhsilini  1995-cı ildə Bakı şəhərində bitirmişdir və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan dili-ədəbiyyat” fakültəsinə qəbul olmuşdur. Həmin fakültənin 2000-ci ildə bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini bitirmişdir.

2001-ci ildən Bakı şəhərində pedaqoji fəaliyyətə başlamış, Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işləmişdir. 2016-cı ildən məktəb direktoru vəzifəsində çalışır. İşlədiyi dövrdə bir sıra nailliyyətlər əldə etmişdir. 2011-ci ildə “100 ən yaxşı müəllim” müsabiqəsinin,  2018-ci ildə “İnteraktiv əlifba” layihəsi ilə Təhsildə inkişaf və innovasiyalar üzrə II Qrant müsabiqənin, 2019-cu ildə “Məktəbdə sağlam mənəvi-psixoloji mühit” mövzusu ilə Pedaqoji mühazirələr müsabiqəsinin qalibi olmuşdur. Rəhbərlik etdiyi məktəbin şagirdlərinin olimpiada və müsabiqələrdə uğur qazanmasına görə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bir neçə dəfə Fəxri fərmanla təltif olunmuşdur.

 

ŞAGİRD:

 Mən, İmanov Fəqan Fərahim oğlu 7 dekabr 2008-ci ildə Lənkəran şəhərindən anadan olmuşam. 2015-ci ildə 247 nömrəli tam orta məktəbdə təhsilə başlamışam və hal-hazırda  həmin məktəbin 9-cu sinfində oxuyuram. Ədəbiyyata marağım böyükdür, esse yazmağı xoşlayıram. Duyğularımı cümlələrə çevirmək çox gözəl hisslər yaradır.

 

ESSE

“Şah İsmayıl Xətai”

Əsil adı Əbül Müzəffər İsmail İbn Heydər əs-Səfəvi olub, Şah İsmayıl Xətai kimi tanınan, Səfəvi dövlətinin banisi və ilk şahı, şairi olub. O, 1501-ci ildə taxta çıxıb. Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda on iki İmam Şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətə birləşdirmişdir.

Bədii əsərlərini  “Xətai” təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar Şah İsmayıl Xətai olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkcəsində, qismən də fars və ərəbcə yazmışdır.

Bütün kainatı ilahi, mütləq varlıqla bir sayan, yaradıcı ilə yaradanı, insanla Allahı eyniləşdirən və bu eyniliyi vəhdət gülzarı, özünü isə bu vəhdət və birlik gülzarının bülbülü, şairi adlandıran Xətai özünü “mütləq həqiqət” (“həqqimütləq”) deyə vəsf edir:

 

Ənəlhəq sirri uş könlümdə gizli

Ki, həqqi-mütləqəm, həq söylərəm mən.

 

Böyük mütəfəkkir şair Nəsimi kimi Xətai də görünən hər şeydə, о cümlədən insanın simasında ilahi varlığı görməyə çağırır:

 

Yəqin bil əhli-iqrarın yanında

Yerü gög cümlə həqdir, оlma gümrah...

Ta səni gördü Xətayi valehi şeydayidir,

Xansı gözdür həq yüzün görgəc ki, 

bidar оlmadı?

 

Xətainin şeirlərində insan, lirik qəhrəman məğrur, azad fikirli, öz qüdrətinə inanan bir varlıq kimi tərənnüm оlunur, оnun ölməzliyi, əbədiliyi, ən ağıllı bir şəxs оlması, düşmənlərin canına vəlvələ salmağa qadir оlduğu dönə-dönə nəzərə çatdırılır. 

“Gəldim imdi” rədifli şerində şair əsrin rəngarəng şərinə qarşı bu yeni insandakı güclü nifrəti əks etdirir.

 

Mən оl məsti-liqayəm gəldim imdi,

Həmişə ba xudayəm, gəldim imdi.

Cahan içində bir aqil məni bil,

Mən оl sidqü səfayəm, gəldim imdi.

Məni, zinhar, sən bir qeyri bilmə,

Haman оl dilrübayəm, gəldim imdi.

Münafiq canına ba zərbi-şəmşir,

Bu gün həqdən bəlayəm, gəldim imdi.

 

Şah İsmayıl məğlubiyyətin acısını ilk dəfə Çaldıranda dadıb.

Deyilənə görə, Şah İsmayıl öz məğlubiyyətindən qəzəblənərək qılıncını zərblə topun lüləsinə çırpır, zərbədən lülə qopub yerə düşür. Bunu eşidən Sultan Səlim həmin qılıncı gətirdir. Qaldırıb var gücü ilə topun lüləsinə vurur. Lülə yerindən tərpənmir. Sultan bunun həmin qılınc olmadığını söyləyir. Bunu eşidən İsmayıl “Qılınc həmin qılıncdır, əfsus ki, qol həmin qol deyil”, - deyir.

Bu məğlubiyyətdən sonra Şah İsmayıl hərbi yürüşlərini dayandırır, ömrünün qalan hissəsini mədəniyyətin inkişafına, ölkənin abadlığına həsr edir.

Şah İsmayıl Xətai bədii yaradıcılığa yeniyetməlik dövründə başlayıb. Əsərlərinin çoxunu ana dilimizdə yazıb. O, “Dəhnamə” poemasını, “Nəsihətnamə” məsnəvisini qələmə alıb. “Divan”ına əruz vəznində yazılmış qəzəllərlə bərabər, ilk dəfə heca vəzni nümunələri - qoşma, gəraylı və bayatılar daxil edib. Şair Xətainin şeirlərində Azərbaycan dilinin şirinliyi, gözəlliyi çox qabarıq hiss olunur.

Şair ruhlu qüdrətli hökmdar 1524-cü ildə 37 yaşında vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2024)

Bu gün Nizami Kino Mərkəzində CINEMO mobil film festivalının açılışı olacaq. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına festivalın rəhbəri Ruslan Sabirli məlumat verib. 

 

Ruslan Sabirli deyib: “Fikir çəkmə, telefona çək!” devizi ilə keçiriləcək mobil film festivalı ilə ölkəmiz adına böyük bir uğura imza atdıq. Bəli, bu gün bir neçə aydır üzərində sıx işlədiyim ölkənin ilk mobil film festivalı olan CINEMO Film Festivalı Günləri başlayır. 

Festival ölkədə bir ilk olmaqla yanaşı həm də Azərbaycanda ilk tədbir olacaq ki, TikTok tərəfindən dəstəklənəcək. Belə ki, canlı olaraq Şərqi Avropa və Mərkəzi Asiya üzrə TikTok yayımçıları icmasının rəsmi səhifəsində https://www.tiktok.com/@tiktoklive_cis yayımlanacaq. Bu canlı yayım Azərbaycan, Qazaxstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Belorusiya, Moldaviya, Gürcüstan və s. ölkələrdə kəşfetə çıxarılacaq.

 

Oxucularımız üçün festivalın proqramını təqdim edirik:

21 fevral, 14:00-17:00 – Bədii filmlərin nümayişi;

22 fevral, 14:00-17:00 – Sənədli filmlərin və sosial çarxların nümayişi;

23 fevral, 19:00 – Qala Gecə | Qaliblərin elanı və Mükafatlandırma Mərasimi.

Məkan: Nizami Kino Mərkəzi (Bülbül pr. 20)

 

Xatırladaq ki, Ruslan Sabirli kinoda öncə aktyor kimi parlayıb, o, yazıçı Varisin eyniadlı romanı əsasında səhnələşdirilmiş və “Xəzər” TV-də nümayiş olunan “Sənə inanıram” teleserialında Həmid rolunu məharətlə oynayıb. 

Sonradan o, daha çox prodüsser fəaliyyəti ilə diqqət çəkib, kifayət qədər uğurlu Buktreyler festivalı layihəsi ilə ad eləyib. 

CINEMO film festivalı Ruslan Sabirlinin növbəti uğurlu layihəsidir. 

Xatırladaq ki, festivalın təşkilati dəstəkçiləri arasında AR Mədəniyyət Nazirliyi və AR Kino Agentliyi, informasiya dəstəkçiləri arasında  Trend, Milli.az, Day.az saytları var. 

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2024)

Çərşənbə, 21 Fevral 2024 13:15

“Xəzər” dərgisinin yeni sayı çıxıb

“Xəzər” dünya ədəbiyyatı dərgisinin yeni sayı nəşr edilib. “Ədəbiyyat və incəsənət” portalı dərgidə gedən yazıları təqdim edir: 

 

-Cəlil Məmmədquluzadənin felyetonları;

-Alber Kamyunun Nobel nitqi, “Sənətçi və onun zəmanəsi” mühazirəsi və “Susqunluq” hekayəsi;

-Fyodr Dostoyevskinin “Böyük inkvizitor” hekayəsi;

-Fransisko de Kevedonun seçmə şeirləri;

-Çingiz Aytmatovun müsahibəsi və “Üz-üzə” povesti;

-Ceyms Coysun ən qəddar əsəri: “Uliss” yazısı;

-Tove Alsterdalın “Görüş” hekayəsi;

-Kamilo Xose Selanın miniatürləri;

-Mixail Bulqakovun “Zoykanın mənzili” pyesi;

-Andrey Platonovun “Çevenqur” romanının davamı.

Xoş mütaliələr!

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2024)

Mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Xorvatiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyində siyasi məsələlər üzrə Dövlət katibi Frano Matuşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Görüşdə nazir Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin inkişafından danışıb. Bildirilib ki, iki ölkənin rəhbərləri arasında mövcud səmimi münasibətlər geniş spektrli faydalı əməkdaşlıq üçün zəmin yaradıb.

 

Qeyd olunub ki, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün əhəmiyyət kəsb edir. Nazir bu il mayın 1-3-də Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib, Xorvatiya tərəfinin bu mötəbər tədbirdə iştirakından məmnun olacağımızı deyib.

 

Frano Matuşiç Xorvatiya ilə Azərbaycanın uzun illərdən bəri səmərəli iqtisadi-ticari əlaqələrə sahib olduqlarını diqqətə çatdırıb. Bildirib ki, xalqlarımızın yaxınlaşması, tarixi-mədəni mirasımızın tanıdılması üçün qarşılıqlı mədəniyyət layihələrinin həyata keçirilməsi zəruridir.

 

Söhbət zamanı Azərbaycan-Xorvatiya birgə Hökumətlərarası Komissiyanın Bakıda keçiriləcək növbəti iclası və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdə Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç və Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov da iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2024)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Qardaş Türkiyənin daha bir dəyərli yazıçısı ilə müsahibəni sizlərə təqdim edirəm.  Qonağımız Filiz Avçı xanımdır.

 

-Salam Filiz xanım! Necəsiniz? Zəhmət olmasa azərbaycanlı oxuculara haqqınızda məlumat verərdiniz.

 

-Salam, yaxşıyam, təşəkkür edirəm. Əslən Ordulu bir ailənin ikinci övladıyam, İstanbulda doğulub böyümüşəm. “Karma” kitabının müəllifiyəm.

 

-Ədəbiyyata marağınız necə yarandığını bilmək istərdik.

 

-İbtidai sinifdə müəllimimiz bayramda oxumaq üçün kitabxanadan kitab seçməyimizi istədi və mən bir kitab seçdim, detektiv roman idi. Kitab mənə çox təsir etdi və o vaxtdan kitab oxumağı çox sevirəm. Həmçinin uşaqkən Maksim Qorkinin “Uşaqlıq” kitabını böyük məmnuniyyətlə oxuyurdum, o, məni tamam başqa aləmlərə aparır, təxəyyülümü canlandırırdı. Ailəlikcə kitab oxumağı çox sevirik, əvvəlcə illüstrasiyalı ensiklopediyalarla başladıq, sonra dünya klassikləri deyəndə kitab oxumağa marağım yazıçılıq səviyyəsinə çatdı.

 

-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?

 

-İlk dəfə “Karma” adlı kitabımı 2023-cü ildə nəşr etdirmişəm. Kitabım beş ayrı hekayədən ibarətdir. 

Qəhrəman Kamalın taleyi; Əsgər Kamal xidmətdə olarkən başına gələn bəzi fövqəltəbii hadisələrdən bəhs edir.

Pırasa Turşusu; İllər sonra kəndlərinə qayıdan Nüsrət və uşaqlarının bəzi macəraları.

Fridanı kim vurdu? Gənc yaşlarında gəlin olmaq istəyən Rimanın kədərli, lakin ümidverici hekayəsi.

Çavuş Yusif; Qurtuluş Müharibəsi zamanı baş vermiş ağrılı hadisə.

Mələyin yuxusunda isə müharibənin acı üzünü və uşaqların saf arzularını paylaşırıq.

 

-Xəyallarınızın genişlənməsinə hansı hadisələr səbəb olur? 

 

-Gündəlik hadisələr və əlbəttə ki, öz təcrübələrim. Məsələn, mən insanları və ətrafımı müşahidə etməyi, hətta dinləməyi çox sevirəm. Ətrafımda baş verən bütün bu hadisələr təxəyyülümü genişləndirir və mənə yazmaq üçün dərin mənalar verir. Gah yaşadığım hadisə, gah xəbər, gah mahnı, gah oxuduğum kitab, gah da baxdığım film...

 

-Zaman sizin üçün nə deməkdir və yazarkən hər hansı bir rutininiz varmı?

 

-Zaman mənim üçün çox dəyərlidir, amma işlədiyim üçün yazmağa vaxtım çox məhduddur. İşdən tramvayla evə gedərkən yazıram. Tramvay xəyal dünyamı həmişə canlı tutur. İzdiham arasında öz hekayələrimə diqqət yetirmək məni bir növ motivasiya edir. Yazarkən həm də xəyal qururam, kitabımdakı personajlarla yolda gəzirəm, kafedə oturub kofe içirəm, ya da ağlayıb gülürəm. Bir dəfə yanımda oturan bir xanım “siz yazıçısınız” deyə soruşdu. Daim nəsə yazıram və bu çox xoşuma gəlir.

 

- Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır? 

 

-Gündəlik kitab oxuma rejimi yaradılmalıdır. Məsələn, bir ailə olaraq bunu edə, sonra oxuduqları kitabı bir-birlərinə şərh edə bilərlər. Oxucu kitab oxuyarkən darıxırsa, ilk növbədə qalın kitablar əvəzinə daha nazik (daha az səhifəli) kitablar oxumalıdır.

 

-Türkiyədəki mütaliənin vəziyyəti sizi qane edirmi? 

 

-Mütaliə nisbəti kifayət qədər aşağıdır deyirlər, amma ətrafımda kitab oxuyan, kitaba dəyər verən çox adam tanıyıram. Bu baxımdan ilk növbədə ailələrin, sonra isə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. İnsanları mütaliəyə həvəsləndirmək lazımdır və məncə kitab qiymətləri kifayət qədər münasib olmalıdır.

 

-Gələcək planlarınız haqqında mümkünsə bilmək istərdik. 

 

-Ən böyük arzum odur ki, yazdığım bütün hekayələr kitab olsun. Kitab layihələrində, ədəbi müsabiqələrdə iştirak edirəm və daha yaxşı yazıçı olmaq üçün həmişə özümlə yarışıram. Bütün əsərlərimin insanlar tərəfindən bəyənilməsini və verdikləri mesajın yaxşı qəbul edilməsini çox istəyirəm.

 

-Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz? 

 

-Hər ikisini faydalı hesab edirəm, amma kitabı götürüb onun üz qabığına və səhifələrinə toxunanda özümü daha yaxşı hiss edirəm. Müəllifin yazı mərhələsində göstərdiyi zəhmət, çap mərhələsindəki yaşantılar və müəllifin öz kitabını əlinə götürdüyü zaman hissləri... Mən də onlar qədər həyəcanlanıram və zövqlə oxuyuram.

 

– Bir gənc yazar olaraq digər yazarlara məsləhətləriniz nədir? 

 

-Xəyallarınızın ardınca gedin. Heç vaxt təslim və ümidsiz olmayın. Proses nə qədər çətin olsa da, kitabın çapdan çıxıb bizə çatdığı ilk an hiss edirik ki, bütün bu zəhmət boşa getməyib, getməyəcək də. Xəyallarımıza gedən yolda ilk addımı atmağımızla qürurumuzu haqq etdik və onlar arzulara gedən yolda heç vaxt ümidlərini kəsməsinlər. Mustafa Kamal ATATÜRK-ün dediyi kimi, “Ümidsiz vəziyyətlər yoxdur. Çarəsiz insanlar var. "Mən heç vaxt ümidimi itirmədim."

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2024)

Çərşənbə, 21 Fevral 2024 15:15

Bir sual bir cavab - Musa Ələkbərli

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

1) Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa? 

Bivəfa aləmdə sən yari-vəfadar istəmə!(Nəsimi) 

Musa bəy üçün daimi olan nədir? 

 

-Hegel deyib ki, “şeir rəssamlıq və musiqidən də üstündür”. Şairləri dilə gətirən, ilhamını xaosdan, ritmə, harmoniyaya kökləyən elə bu inamdır. Ölməz şairimiz M.Müşfiq də bir şeirində yazırdı ki, “Kainat olduqca, şeir olacaq”. Bu mənada mənim üçün daimi olan, insanlığın ən ali hissi poeziyadır. Mən gözümü açandan, dünyadan baş çıxarmaq istəyən anlardan (on dörd yaşımdan) könlümü şeirə vermişəm. Şeir mənim ilk məhəbbətimin, ən bakirə hisslərimin müqəddəsliyini yaşadan, qoruyan nemətdir. Bu ayrı söhbətdir ki, onunla yaxınlığım, doğmalığım mənə nə verib... Qazanmışammı, itirmişəmmi?! Əlbəttə, bunu zaman göstərəcək. Yəqin ki, mən dünyada olmayanda... 

Sualınızın  cavabını mükəmməlləşdirmək fikri ilə dahi şairimiz M.Füzuliyə istinadən yazdığım “Söz” qoşmamdan sizə sətirlər oxumaq istəyirəm. Üzrlü sayın, ilk dəfədir ki, təvazökarlıq həddimi aşıb, yazdıqlarıma bu qədər üz tuturam. Yaşımın bu ixtiyar çağında üzə tutalğac ayrı nəyim var ki?! 

 

 Mətniylə, məğziylə mənzilə çatmaz 

Duyğu ələyindən ələnməyən söz. 

Hər könlü oxşamaz, hər qəlbə yatmaz 

Sevgiyə, istəyə bələnməyən söz. 

 

Qəlbə yük gətirər, qəlbdən yük atmaz, 

Birinə çatanda, beşinə çatmaz. 

Dilində heç zaman sığala yatmaz 

Könlünə göylərdən çilənməyən söz. 

 

Əks etməz tanrıdan gələn gücümü, 

Seçilməz təpəri, olmaz hücumu. 

Dərin dəryaların dibinə cumub, 

Əngin səmalara millənməyən söz. 

 

 Aydan adlayammır, il aşa bilmir, 

Ariflər yanında dil aça bilmir. 

Əsrin yaxasında gül aça bilmir 

Təşbehlə, məcazla güllənməyən söz.  

 

Qayğıları belə cəmləndirərmi, 

Könülləri belə qəmləndirərmi? 

Sənin kipriyini nəmləndirərmi, 

Mənim ürəyimdə sellənməyən söz?! 

 

Özünü atmısan qanlı sellərə, 

Hansı şeirin çatdı görən ellərə? 

Ay Musa, çox çətin düşər dillərə 

O uca eşqinlə dillənməyən söz! 

(Musa Ələkbərli)

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün və sabah, saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur rus yazıçı-dramaturqu Zinovıy Saqalovun "Aysedoranın üç həyatı" pyesi əsasında hazırlanan "Aysedora" mono tamaşası təqdim olunacaq.

 

Yəqin ki, istəkli oxucularıma Aysedora adı tanış gəldi. XIX-XX əsrlərdə yaşamış məşhur amerikalı rəqqasə Aysedora Dunkanın kəşməkəşli həyatı kimi özünə biganə saxlaya bilər ki? Bu həyatdan bəhs edən tamaşanın rejissoru və bədii redaktoru teatrın baş rejissoru Cavid İmamverdiyevdir.

Səhnə əsərində Aysedoranın dahi rus şairi Sergey Yeseninlə, məşhur teatr xadimi Qordon Kreq və o dövrün müəyyən görkəmli simaları ilə münasibətləri obrazlı şəkildə göstərilir.

“Sevgi və yaradıcılıq” mövzusunun ön plana çəkildiyi bu tamaşada Aysedora obrazını teatrın istedadlı solisti Olqa Georgiyevna canlandırır.

Səhnə əsərinin bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, musiqi rəhbəri Əməkdar artist Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, musiqi redaktoru Nigar Süleymanovadır.

Sergey Yeseninin şeirlərinin səsləndirildiyi bu tamaşada dünya şöhrətli bəstəkarlar Sergey Vasilyeviç Raxmaninov, Lüdviq van Bethoven, Frederik Şopen, Entoni Nyuli, Artur Hamilton, Lesli Brikas, Astor Pyazzolla, Corc Gerşvin, İqor Stravinsky, Tomas Albinoni, İsak Şvartsın (sözləri Bulat Okudjavaya məxsusdur) və Xalq artisti Sərxan Sərxanın (sözləri Yuriy Rubtsova məxsusdur) əsərlərindən istifadə olunub.

Teatrın kiçik səhnəsində nümayiş olunacaq monotamaşaya biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “Iticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.

Və elə bu yerdə deyirəm, teatra gedin və ruhən dincəlin, mənən qidalanın.

 

Qapaq şəklində: Sergey Yesenin və Aysedora Dunkan. 

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2024)

Çərşənbə, 21 Fevral 2024 16:30

Mənə salam vermə!

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Allah sənə rəhmət eləsin, Sabir Bəşirov! 2008-ci ildə qəzetlərdə işıq üzü görən bu yazın təsadüfən qarşıma çıxdı. Ruhuna ehtiramla həmin yazını burada paylaşmaq istəyirəm. Yəqin ki, Mark mən öləndən sonra da onu qoruyub saxlayacaq…

 

ELMAN ELDAROĞLUNUN «MƏNƏ SALAM VERMƏ, SALAM GÖZLƏMƏ» ŞEİRİ VƏ BƏZİ MƏTLƏBLƏR HAQQINDA DÜŞÜNCƏLƏR

 

Kim nə deyir, desin: heç bir quruluş, heç bir idarəetmə forması insan xislətindən bəzi cəhətləri dəyişə bilmir: sərvət və hakimiyyət hərisliyini, yaltaqlığı, qorxaqlığı… SSRİ dövründə əvvəl-axır «yeni insan tərbiyəsi»ndən danışıldı. Ancaq bu «yeni insan» tərbiyə oluna bilmədi ki, bilmədi. Bir maraqlı və düşündürücü fakt da odur ki, qanunları, qaydaları, normaları «aşağılardan» daha çox «yuxarılar» pozur…

 

Bir faktı xatırlayaq: Korrupsiyaya Qarşı Mübarizə İdarəsi nə üçün yaradılıb? Rüşvəti kim alır? Adi vətəndaş, yoxsa vəzifəli şəxs?..

 

Dünyanın – bəşər tarixinin ilk cinayəti məlumdur, özü də bu cinayəti törədən Peyğəmbər övladı idi. Dünyanın ilk cinayətinin nəfsilə bağlı olması da təsadüfi deyil…

 

Dünyanın ilk yaltağı kimdir? Bu sual da cavabsızdır. Ancaq orası dəqiq məlumdur ki, bu cəmiyyətin məhsuludur…

 

Əvvəllər yaltaqları da Şərq və Qərb yaltaqlarına bölürdülər. İndi vəziyyət xeyli dəyişib. «Qlobal dünya» o qədər inkişaf edib, əlaqələr o qədər genişlənib ki, qarşılıqlı tərcübələr Şərq-Qərb yaltaqları arasındakı fərqi də çox azaldıb…

 

Bir sıra əməl və xarakter sahiblərinin Vətəni olmadığı kimi yaltaq və qorxağın da Vətəni yoxdur…

İlk baxışda birinin digərinə yaltaqlanması adama qəribə görünsə də diqqət ediləndə bunun da mayasında məqsəd, məna, təmənna olduğu aydınlaşır. Yaltaqlığın mayasında mənafe, məqsəd dayanır – nəyi isə əldə etmək…

 

Yaltaq xüsusi bir canlıdır. Böyük şairimiz Rəsul Rzanın aşağıdakı qənaəti nə qədər dəqiqdir:

Yaltaqlığı da özünə sənət edən var,

Bu da bir döldür – yaltaqlar!

 

Yaltaq yaltaqlanana qədər azaddır, yaltaqlanan kimi qorxağa çevrilir, çünki nə üçünçə yaltaqlanır, nəyi isə əldə etdikdən sonra onun əldən çıxmasından qorxur…

Ədəbiyyatın əbədi mövzularından biri də yaltaqlıq və qorxaqlıqdır.

 

Üz-üzə gələndə, yad adam kimi,

Mənə salam vermə, salam gözləmə.

Gedib söyləyərlər, çuğullar çoxdur,

Mənə salam vermə, salam gözləmə.

 

Bir elin yoxdursa ər oğulları,

Arxa boş qalar nər oğulların.

Hələ meydandadır yurd çuğulların,

Mənə salam vermə, salam gözləmə.

 

Zəng edib arasam, açma telefonu,

Çatar qulağına bu xəbər onun…

Yazıqsan, yetişər vədəsiz sonun,

Mənə salam vermə, salam gözləmə.

 

Heyif o dağlardan, heyif o düzdən,

Ərəni yoxdursa, düşəcək gözdən.

Salam! Utanıram vallah, bu sözdən,

Mənə salam vermə, salam gözləmə.

 

Bu, Elman Eldaroğlunun «Mənə salam vermə» şeridir. Qorxaq məxluq haqqındadır. Ancaq bu şeir E.Eldaroğlunun ən yaxşı şeirlərindən olmasa da ədəbiyyatın və dünyanın əbədi mövzularından biri haqqındadır. Qorxaqlıq və yaltaqlıq əxlaqi eybəcərlikdir. «… əxlaqi eybəcərliyi düzgün təsvir etmək həmin eybəcərliyin əleyhinə edilən çıxışların ən qüvvətlisidir…» «V.Belinski. Seçilmiş məqalələri». Bakı, «Gənclik», 1979, səh., 121).

Böyük ruç tənqidçisi V.Q.Belinski yazırdı ki, elə iyrənc və çirkin şeylər var ki, onlara qarşı nifrət hissi oyatmaq üçün onları əslində necə varsa, olduqları kimi göstərmək və ya onları öz adları ilə adlandırmaq kifayətdir, lakin elə şeylər var ki, bütün eybəcərliklərinə baxmayaraq öz xarici parıltıları ilə bizi aldadırlar.

Yaltaqlıq da bizi – bütünlükdə cəmiyyəti aldada bilən eybəcərlikdir. – fərdlər yaltaqlıqla irəli çəkilir və vəzifə pillələrində inamla irəliləyirlər…

Yaltaqlıq – ən geniş yayılmış «ucuz» rüşvətdir…

 

Nədənsə taleyinə

Əzəl gündən çən düşüb.

Cücərməyib istəyin

Uğur səndən gen düşüb.

Ey mənim ata yurdum!

Sən hələ də ölkəmin

Sirlə dolu üzüsən.

Tarixləşmiş tarixin

Yazılmamış sözüsən.

Sənsən ulu babamdan 

Mənə yetişən miras.

Sənsən ruhuma qida,

Sənsən dərdimə əlac…

Ey mənim ata yurdum!

Yoxdursa Səni duyan

Ya silkələ tarixi,

Ya da tarixdən oyan!..

 

Bu da Elman Eldaroğlunun «Ata yurdum» şeiridir və müəllifin yaxşı  şeirlərindəndir. Şeirdə giley də var, qürur da. Ancaq neyləyəsən ki, şairin fəxr etdiyi, qürur duyduğu bu ata yurdunda qorxaqlar və yaltaqlar da var…

 

*

Ekzistensialist filosoflar deyirdilər ki, insan hər hansı bir kollektivlə, qurumla, təsisatla bağlıdır və insanlar özlərinin yaratdığı, ancaq nəzarətdə saxlaya bilmədikləri qurumlar, təsisatlar qarşısında köməksizdir. İnsan öz-özlüyündə azaddır, özü öz ixtiyarındadır, lakin cəmiyyət hər vasitə ilə ona qarşıdır…

 

Əlbəttə, ekzistensialistlər günümüzün reallığı olan, indi daha çox mətbuatı bürüyən təhqir, yalan, böhtanı… nəzərdə tutmurdular. Azadlıq həm də məsuliyətdir, cavabdehlikdir. Hər bir insanın (xüsusən qələm adamının) daxilində bir senzor olmalıdır – əxlaq, mənəviyyat, məsuliyyət, cavabdehlik senzoru…

 

Ancaq çox təəssüf ki, bəzən haqlı, obyektiv, cəmiyyətin xeyrinə olan tənqid, nöqsanların göstərilmçsi aqressiv münasibət doğurur. Çox təəssüf ki, çıxış yolu «güzgünü sındırmaq» götürülür…

 

Özünə hörmət edilməsinin ən düzgün yolu başqalarına hörmətlə yanaşmaqdır…

 

Demokratiyanın birinci öhdəliyi fikir azadlığına dözümlülükdür (təbii ki, bu fkir həqiqəti əks etdirirsə).

 

*

 

Azad düşüncəyə qarşı müxtəlif növ təzyiq, müxtəlif təsirlər, repressiv metodlar təkcə fərdlər üçün yox, cəmiyyət üçün də təhlükəli meyldir.

Azad fikrin, düşüncənin qarşısının alınması yaltaqlıq və qorxaqlıq üçün münbit zəmin yaradır.

Cəmiyyət o zaman inkişaf edir ki, azad fikrə, düşüncəyə imkan və meydan verilir. İnsan özünü asılı, təbəə yox, vətəndaş hiss edir. İnsanın ən gözəl duyğularından biri məhz vətəndaşlıq duyğusudur.

Keçmiş SSRİ tarixinin ən qanlı, ən qorxulu, ən utancverici (adamları elə məsələlərdə ittiham edirdilər ki, o məsələlər heç o adamların yuxusuna da girməzdi – indi gülünc görünən o ittihamlar o zaman insan üçün əsl faciə idi) səhifəsi hes şübhəsiz ki, repressiya illəridir. İqtisadiyyatdakı geriliyi, dağıntını və s. aradan qaldırmaq olar. Dəhşətli təbii hadisələrin – sel, qasırğa, zəlzələ… nəticələri də aradan qaldırılır. Ancaq o məsələ ki, insan itkisi ilə bağlıdır onu nə aradan qaldırmaq olur, nə də əvəz etmək mümkün deyil. O itkilər ki, əxlaqla, mənəviyyatla, mədəniyyətlə bağlıdır, onun nəticələrini də uzun müddətə aradan qaldırmaq lazım gəlir…

İkinci dünya müharibəsi zamanı və sonralar keçmiş SSRİ-dəki aclıq artıq çoxdan unudulub, hətta o illəri yaşamış insanlar bunu ara - sıra xatırlayırdılar. Ancaq repressiyanın məhv etdiyi insanlar – M.Müşfiq, H.Cavid… yüzlərlə ziyalılar insan cəmiyyəti yaşadıqca unudulmayacaq…

 

*

 

N.Nərimanov «Nadir şah» əsərində obrazların birinin diliylə deyirdi: «… həmişə padşah ilə millətin arasında olan pərdə dövlətin viran olmağına və millətin bədbəxtliyinə ən birinci səbəb olubdur. Bu pərdə vəzirlərdən ibarət bir şeydir ki, həm padşahı və həm də milləti qaranlıqda saxlar. Nə padşahın millətdən və nə millətin padşahdan xəbəri olmaz. Millətin zülmdən ah və nalə səsini padşah eşidərsə, vəzirlər deyərlər: - “qibleyi-aləm! Səni millət alqışlayır, alqışlayır… Ağılsız, fərasətsiz, öz vəzifəsini anlamayan padşah bu sözlərə inanar, inanıb da zavalı millətin daima göz yaşına və axırda vətənin puç olmağına səbəb olar…”

Bu mətndə dövlət-fərd, dövlət-cəmiyyət münasibətləri o qədər dəqiq ifadə olunub ki, bir-iki adı dəyişməklə bu fikri bütün zamanlara aid etmək olar (padşah, vəzirlər). Padşahlıq iddiasında olan bir sıra vəzifə sahiblərinin ağılsız və fərasətsiz hesab etmək olmaz. Vəzifələrini anlamaq məsələsi isə çox çətindir. İndi əksər vəzifə sahibi vəzifəni öz şəxsi mənafenin təmin olunmasına yönəldir – danışıqda gurultulu ifadələr, yalan, gerçəklikdə öz mənayeləri…

Yaltaqlıq və qorxaqlıq ifadələri ən çox «padşahla» millət arasında «pərdə» olanlara aiddir. Çox təəssüf ki, bunların kökü kəsilməkdənsə  daha da artır. «Pərdələr» istədikləri faktı, adamı, hadisəni istədikləri – özlərinə sərf edən formada təqdim edirlər. Özlərinə görə şeytanı mələk, mələyi şeytan edirlər…

Azərbaycan ədəbiyyatında repressiya mövzusunda çox dəyərli əsərlər yaradılıb və bu əsərlərdən ikisi xüsusi qeyd edilməlidir – Elçinin «Ağ dərə» və «Ölüm hökmü» romanları. Hər ikisi romaqda başqa məsələlərlə yanaşı çuğulluq, satqınlıq, xof, qorxu, səksəkə çox dəqiq və real təsvir olunub. «Ağ dərə» romanında belə bir epizod var: məlumat əsasında Əliabbas kişinin evində axtarış aparırlar. Hər yer axtarılır: un kisəsi,yastığın və döşəyin içi… Əliabbas kişinin arvadının büründüyu yorğanı qadın and içdikdən sonra axtarmaqdan vaz keçirlər. Evin zirzəmisinə gizli qapı var, onun yerini ancaq ailə üzvləri bilir. Əliabbas kişinin oğlu taxtı güclə kənara çəkir və qapını gələnlərə göstərir. Zirzəmidə bir mücrü var, zirzəmiyə düşüb o mücrünü də çıxarırlar. Mücrünün içindən əl boyda – ovuca yerləşən «Quran» çıxır. Ən dəhşətlisi isə odur ki, çuğulluq edib atasını satan Əliabbas kişinin doğma oğlu Məmmədbağırdır (Məmmədbağır elə bilirmiş ki, mücrünün içində qızıl ola bilər). Əliabbas kişi oğluna bəd qarğış edir, oğlu isə həmin gecədən evdən gedir. Qumarbazlar, nəşəxorlar pul uduzub qaçmış Məmmədbağırı tapıb  bıçaqlayırlar və Məmmədbağır özünü güclə məhəlləyə çatdırıb qoşa tut ağacının dibində ölür.

Əliabbas kişi oğlu üçün təziyə saxlamır və heç kimdən başsağlığı da qəbul etmir. Oğlunu isə məhəllənin adamları dəfn edir.

«Hələ meydandadır yurd çuğulları» ifadəsi yadıma repressiya mövzusunda yazılan əsərləri, o cümlədən bu epizodu da saldı. Çuğulluğun, satqınlığın necə fəlakətlərə səbəb olduğunu izah etməyə ehtiyac yoxdur.

«Zəng edib arasam, açma telefonu» - xəbərdarlığı adamdarı çuğullardan, satqınlardan qoruma cəhdidir ki, zərbə altında qalmasınlar.

Diktatorlar ölüb gedir (Hitler, Stalin…), ya hakimiyyətdən zorla salınır, ya da öldürülür (Tunis, Misir, Liviya prezidentlərinin taleyini xatırlayaq), ancaq diktatura üsulları qalır.

Çuğullar, satqınlar ölüb gedir, ya öldürülür, ancaq çox təəssüf ki, çuğulluq və satqınlıq davam edir.

 

*

 

İnsanın doğulduğu, boya-başa çatdığı yer böyük Vətənin bir parçasıdır və insan üçün əzizdir. Torpağı Vətən edən səbəblərdən biri (bəlkə də birincisi) də insanlardır – doğma, əziz, dost, səni tanıyan və sənin tanıdığın, səni sevən insanlar.

Yurdu, Vətəni tanıdan məşhur edən də insanlardır: məşhur sənət adamları, şairlər, yazıçılar, alimlər, məşhur sərkərdələr, dövlət xadimləri, Vətənin sadə, ancaq mərd, cəsur övladları.

N.Gəncəvinin yaşadığı dövrdə nə qədər hökmdar olub? – bunu çox az adam bilir. Ancaq Papa II İohann Pavel Bakıya səfər edəndə çıxışında bir neçə dəfə N.Gəncəvinin adını dahi həmyerlimiz kimi çəkdi və onun fikirlərinə istinad etdi.

Mübariz İbrahimovun qəhrəmanlığı qısa müddətdə doğulduğu yeri ziyarətgaha – qəhrəmanlıq, igidlik, mərdlik məbədinə çevirdi.

Onlarla belə misal çəkmək olar:

 

Heyif o dağlardan, heyif o düzdən,

Ərəni yoxdursa düşəcək gözdən.

 

Şairin bu qənaəti də doğrudur. Dağların özü kimi ərənləri də olmalıdır.

Axı çuğulun, namərdin, yaltağın, satqının törəməsi olduğu kimi mərdin, ərənin də varisi olmalıdır, özü də çox olmalıdır. Niyə yoxdur? Nə qədər ki, yaltağın, çuğulun, satqının dediyi həqiqət kimi qəbul ediləcəksə, qorxaqların da sayı da durmadan artacaq.

 

Kasıb olub, mərd olub!

Qoçaq olub, mərd olub.

Bəy olub, mərd olub,

Qaçaq olub, mərd olub.

Bəs bu namərdlər hardandı?

Bax bu mənə dərd olub.

 

Görkəmli şairimiz Fikrət Qoca haqlıdır: həqiqətən də böyük dərddir.

(Sabir BƏŞIROV, Fəlsəfə doktoru)

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Bəxtiyar Vahabzadə Sovet dönəminin sonlarında və müstəqilliyimizin ilk illərində poeziyamızda parlayan ən parlaq ulduz olub. Onun bir neçə şeiri poeziyamızın qızıl fondunu təşkil edir. Vətəndaşlıq mövqeyi Bəxtiyar Vahabzadə şeirlərinin əsas qayəsidir. 

 

Deyirlər, çox azdır yüz il, əlli il,

İnsana bir ömür kifayət deyil.

Hələ isitməmiş öz yerimizi

Ölüm cəllad olub haqlayır bizi.

 

Deyirlər, şirindir dadı dünyanın,

Kaş iki olaydı ömrü insanın.

Nola, çalışsaydıq ömrün birində,

Sonra əylənəydik biz digərində. 

 

Hərə öz ömrünə bir cürə baxmış,

Hərə bu dünyanı bir cürə anlar.

Cahanda bəs nədən zövq alacaqmış

Zəhmətin özündən zövq almayanlar?

 

Yüz-yüz ömür belə azdır doğrusu

Bir ömrü insana az sayanlara

Haramdır bu hava, haramdır bu su

Əylənmək eşqilə yaşayanlara.

 

Yaşamaq, yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır

Şam əgər yanmasa, yaşamır demək

Onun da həyatı yanmağındadır.

 

Ömrü az olsa da, qartal yenmədi

Dedi, səmalarda öz oylağım var.

Ömrün azlığından gileylənmədi

Ömrü insan kimi başa vuranlar.

 

«Bu dünya beş gündür»,- deyib hər yerdə

Sağ ikən qəbirdə uzanan da var.

Öz alın tərilə bircə ömürdə

Yüz insan ömrünü qazanan da var.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.