Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasından daha bir xəbərimiz var. Filarmoniya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə "Musiqi kimliyimiz" layihəsini növbəti dəfə təqdim edib.
“Ədəbiyyat və incəsənət” portalnın filarmoniyadan aldığı xəbərə görə, layihə bu dəfə
XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, el havaları və dastanların mahir ifaçısı, əbədiyaşar Aşıq Şəmşirin əziz xatirəsinə həsr olunub.
"Musiqi kimliyimiz" layihəsinin ilk günü Gəncə şəhər Fikrət Əmirov adına 1 saylı uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin, o cümlədən bir sıra aşıqların iştirakı ilə konsert proqramı keçirilib.
Tədbiri giriş sözü ilə açan Gəncəbasar Aşıqlar Birliyinin sədri Aşıq Saleh keçirilən layihəni yüksək qiymətləndirdiyini, zəngin irsi olan aşıq sənətini bugünkü nəslə çatdırdığı üçün təşkilatçılara təşəkkürünü bildirib.
Layihənin ilk günü Aşıq Rafiq, Aşıq Ramin, Aşıq Bəhruz və başqalarının çıxışı ilə yadda qalıb.
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)