Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
O axşam ulduzsuz qalmışdı səma,
O axşam Təbrizə hey qar yağırdı.
Doğrusu gəlməzdi o gün ağlıma
Ömrümə həsrətli ömür doğurdu.
Dörd təkər üstündə keçirdi anlar,
Arxada qalırdı daşlı küçələr.
Sanki arxamızca boylanırdılar
O axşam gözləri yaşlı küçələr.
Arxada qalırdı dalanlar, yollar,
Arxada qalırdı evlər, binalar.
Ayrılıb gedirdi qızlar, oğlanlar,
Bir həsrət qalırdı, bir də analar.
O gün üşüyürdü bütün yer üzü,
Arxada qalırdı bağ, bağça, meydan.
Sınayırdı sanki o axşam bizi
Şaxta bir tərəfdən, həsrət bir yandan.
Odlu nəfəsimiz əritdi qarı,
Donmadıq, şahiddir buna yaxın, yad.
Keçdikcə şaxtalı, qarlı yolları
Həsrəti əridə bilmədik heyhat.
Körpə balaların gözündə sual,
Anaya, ataya and yeri olduq.
Yəqin ki, kiminə acı bir xəyal,
Kiminin dilinin əzbəri olduq.
Çinar gövdəsində yazımız qaldı,
Bir də səngərlərdə qaldı yerimiz.
Elə bil üfüqlər, göylər daraldı
O gün ki Təbrizdən ayrılırdıq biz...
Şərəfdir müqəddəs səngər ölümü,
Ağ gün bəxş edəsən Vətənə, elə.
Ölmədik səngərdə ölənlər kimi,
Qaldıq bu arzunun nisgilləriylə.
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)