“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində meydan ədəbi tənqidindir. Zülfiyyə Ziya Əli Nəcəfxanlının poetikasından söz açır.
“Ələmdən nəşəyə”! Söhbət heç də Xalq şairi Süleyman Rüstəmin 1926-cı ildə yazdığı və sovet dövründə məktəblərdə tədris olunmuş eyni adlı şeirindən getmir. Mən şair Əli Nəcəfxanlının yaradıcılıq uğurlarından danışmaq istəyirəm. Daha doğrusu, məqsədim onun 30 illik işğal dövründə Qarabağ həsrəti ilə qovrulan ürəyinin poetik döyüntüləri və artıq azadlığına qovuşmuş “əsir” torpaqlarımızın vəsfinə həsr etdiyi şeirlərinə diqqət çəkməkdir. Çünki onun ən qəmli misralarından belə ümid boylanıb və o ümid, nəhayət ki, inama dönüb, şairin arzusu gerçəkləşib.
Bəri başdan deyim ki, Əli Nəcəfxanlının bir şeiri ilə təsadüfi tanışlıq oxucunu onun bütün yaradıcılığı ilə maraqlanmağa səsləyir. Şairin lirikası şeirsevərlərin gözləri qarşısında dumduru bulaqlardan su içib qaynaqlanan, tərtəmiz dağ havasını ciyərlərinə çəkib o ab-havanı misralara hopduran və nəticədə ədəbiyyatımıza yeni poetik nəfəs gətirən söz adamını canlandırır.
Onun yaradıcılığında Vətən mövzusu böyük yer tutur. Əli üçün Vətən anlayışı doğulduğu Sumqayıtdan başladı. Bu sevgi onunla birgə ata yurdu Yardımlıdan ana yurdu Laçına qədər boy atdı. Dağlara olan sonsuz sevgisinə görə Əli Nəcəfxanlını “Dağlar şairi” də adlandırmaq yerinə düşər. Şair dağ başında taxt qurub, dağlara vurulub, onlarla əhd-peyman bağlayıb:
Ucaldım, elə ki boyuna baxdım,
Başına dolandım, ruhuna axdım.
Mənim könül taxtım, sevgi paytaxtım,
Eşqimin bəyanı – Vətən dağları!
Əli Nəcəfxanlının poeziyasına nüfuz etdikcə aydın olur ki, əzəmət, vüqar rəmzi olan dağlar onun ilham mənbəyidir. Şair qartaltək yüksəklikdə qanad çalmağı xoşlayır. Qarabağa qovuşmaq eşqilə qanadlanaraq ən gözəl uçuşun azad Vətən səmasında, ən şərəfli ölümün azad Vətən torpaqlarında olduğuna and içir:
Ən gözəl pərvazım – başının üstə,
Ən gözəl ölümüm – dizində,Vətən!
Özün sınağa çək məni bu sözdə,
Hökm də sənindir, izn də, Vətən!
Şuşa dağlarının başı üzərini qara duman bürüyərkən Vaqifin, Natəvanın ruhu dolaşan o yerlərə əli çatmadığına şair çox təəssüflənir, özünü qınayır. Beləliklə, “Şuşanı görmədim gözüm dolusu” şeiri yaranır:
Şuşanı görmədim gözüm dolusu,
Vaxtında getməyə vaxtım olmadı.
Vaqifin məzarı qənimim olsun –
Şuşanın dağları taxtım olmadı.
“Laçınsız” şeirində şair sinəsi yaralı qartaltək çırpınır dağlarsız. Qartal zirvəsiz yasaya bilmədiyi kimi, şair də Laçınsız yaşaya bilmir, Laçınsız keçirdiyi mənasız həyatdan gileylənir:
Dağlara qonmuşdu, dağlarda qaldı...
Ürəyim çırpınan quşdu Laçınsız.
Bu necə qovğadı, bu necə qaldı,
Ruhum havalandı, uçdu Laçınsız.
Çapam səməndimi, çatam dağlara,
İlham kəməndini atam dağlara,
Sinə dağlarımı qatam dağlara,
Günüm-güzəranım puçdu Laçınsız.
Şair ucalarda, zirvələrdə görməyə alışdığı xalqının yerə enməyinə, çadırlarda yaşamağına dözə bilmir, onları yenidən o yüksəkliklərə səsləyirdi:
Ey çadır sakini, çadırdan sıyrıl,
Şanlı keçmişini xatırla, sıyrıl,
Dağlara hücum çək, zirvədə qıy vur,
El desin, laçınlar coşdu Laçınsız.
Vətən torpaqları yad əllərdə olarkən şair qəlbi dinclik bilmir, nisgilini, ağrı-acısını misralara köçürür və bir gün Qarabağa qovuşacağına, ulu türkün zəfər nəğməsinin səslənəcəyinə, azadlığın Azərbaycan səmasında bir günəş kimi doğacağına ümid edir:
Beşikdən məzara əhdi pozmayan,
Zəfər nəğmələri oxuyandı türk!
Nağıl uydurmayan, yalan yazmayan,
Göydə günəş kimi şaxıyandı türk!
Elə də oldu. Yanılmadı şair qəlbi və Qarabağın azadlığına qovuşması ilə ələmdən nəşəyə keçdi! Türkün Zəfər nəğmələri dağlara yayıldı! Şuşa dağlarını gözü dolusu görə bilməyən dağlar şairi 30 illik həsrəti ovutmaq üçün dağlara sarı yol aldı. O, yerə-göyə sığmayan Qarabağ sevincini oxucuları ilə paylaşdı:
Qarabağım – açılan qaş-qabağım,
Ay dan üzüm, ay gündüzüm, xoş gördük!
Doymuram ki, cəlalına ha baxım,
Gülə-gülə dolan gözüm, xoş gördük!
Müxənnətlər özlərini öyərdi,
Anam qəmli bayatılar deyərdi...
Arzularım birər-birər göyərdi,
Qaralmayan odum-közüm, xoş gördük!
Dağlarını sinə dağım bilmişəm,
Mən xırmanda həsrət döyən vəlmişəm...
Dizin-dizin sürünmüşəm, gəlmişəm,
Qurban ollam sənə özüm, xoş gördük!
Laçına həsr etdiyi şeirində isə yazdı:
Görüşünə imrənmişdim,
İzim düşdü yoxuşuna.
Diklərinə dirənmişdim,
Aldı məni ağuşuna.
Laçında yer göyə yaxın,
Mələklər göydəndüşmədi.
Gözüm öpdü bu növrağı,
Sözə yad ilmə düşmədi.
Həkəriçay dəcəl-xata...
Yüyənsiz at kimi çapır.
Elə bil ki, adam burda
Əziz itiyini tapır...
Artıq yurd ünvanlı ələmdən çıxan Əli Nəcəfxanlının nəşə dolu bir şeirinin də qəhrəmanı Laçına köçüb orada bəxtəvər günlər yaşayan bir qızdır. Görün bu nəşəni, fərəhi necə qələmə alıb:
Bir qız arzuların qanadlarında
Bakını tərk edib, Laçına gedib.
Şəhərli qızların diliylə desək,
Dünyanın o biri ucuna gedib.
Bir Laçını seçib quş adlarından,
Quş kimi səkib də, o şadlanıb da.
İslanıb sevincin gürşadlarında,
Az qala uçuna-uçuna gedib.
Günə gülümsəyir, aydan yaşmanır,
Baxtı yamanlamır, vaxtı daşlamır.
Gül-çiçək içində gəzib xoşlanır,
Çələng hörüb, qoyub saçına, gedib.
Yaşayır il boyu baharı orda,
Həyatın dadını çıxarır orda,
Dünyada yermi var yuxarı ordan?
Qovuşub taxtına-tacına, gedib.
…Nə yaxşı ki, kədərli seirlərdən sevinc dolu nəğmələrə keçid aldın, şair!
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)