Super User

Super User

Cümə axşamı, 22 Fevral 2024 16:57

Sultan Raevin “Pusqu”su Türkiyədə çıxdı

 

Qırğız ədəbiyyatının görkəmli xadimi, xalq yazıçısı Sultan Raevin “Pusqu” romanı Türkiyədə, "Bengü” yayın evində çap olunub. Romanı türk dilinə Kamal Gez çevirib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu məlumat verib. 

 

“Pusqu” tənhalıq və cəmiyyətin təzyiqi, decks xəstəliyi ilə mübarizə aparan bir qadının necə tələyə düşdüyünü izah edən maraqlı tale dramıdır. Bu, qadını qaranlıqda saxlayan zülmü, anidən keçən işıqla cəmiyyət arasındakı əlaqəni izah etməyğ çalışır. Cəmiyyətin qaranlıq tərəfində kibritlə İşıqlandırılan işıqları niyə yandıra bilməyəcəyimizi biz insanlardan soruşur.

Raev sual edir: "Niyə qadın təkdir?"

Qadının cəmiyyətdəki rolunu və kişilərin bu tənhalıqdakı təsirini nəzərə alaraq sualına cavab axtarır. O, əsərində tənha qadının düşdüyü psixoloji dilemmanı böyük ustalıqla əks etdirir.

Romandan bir fraqmentə baxaq: 

"Mən nə etdim? Nə edə bilərdim? Yaşadığım vaxtdan mənə nə qalıb? Yəqin ki, bu suallara cavab tapa bilməyəcəyəm. İndi kənddəki evimdə sonuncu dəfə nə vaxt olduğumu xatırlamıram. Tək səyahət etməkdən narahatam. Niyə "hələ evli deyilsən?" sayaq suallarınızı eşitməli oluram hər zaman. 

“Yazıq qız, həyatında heç bir şansı yoxdur, amma çox yaxşı bir qız idi” - haqqımda deyiləcək. Amma indi insanlar məni kədərləndirərək məni aşağılayırlar, bu da mənə pis hiss edir və özümü hara qoyacağımı bilmirəm. 

Xeyr! Xeyr! Mənə yazığı gələn insanlara nifrət edirəm. Bu mərhəmət ürəyimi deşir, ruhumun ən ucqar guşələrinə nüfuz edir... Xeyr! Xeyr! Xeyr! Xeyr! Xeyr! Xeyr! 

Həmişə qürurlu olmaq istəyirəm, amma bəzən özümü niyə və necə aşağı endirməyimi anlamıram...”

 

Azərbaycanlı oxucuların kitabı əldə etmək və əlavə məlumat almaları üçün:

Bengü Kitabevi

Hacettepe Mahallesi Hamamönü Sokak No:8/A Altındağ/Ankara

İletişim: (0312) 311 70 62

(0312) 311 70 52

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

https://www.instagram.com/bengukitabevi/

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

 

Kulis.az Ülvi Bahadırın Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimindən reportajını dərc edib. “Ədəbiyyat və incəsənət” həmin reportajı Daycest bölümündə sizlərə təqdim edir. 

 

 

Yadımdadı...

Nənəm ustufca çəliyini pəncərədən çıxarıb bərkdən hayladı məni:

- Pal-paltarı teldən götür, bir azdan bir leysan yağacaq ki, Babadağı yuyub aparacaq.

Kitabı qoltuğuma vurub həyətə düşdüm.

Bir-bir atırdı...

“Bura belədisə, gör indi Babadağda necədi...”

*
Kubinkanın yazılı-şəkilli divarlarının müşayiəti ilə gedirik.

Bu küçələr də bizim kimi qəribdir.

Tək-tək adamlar gözə dəyir.

Ayaqların altında söndürülmüş siqaret kötükləri bir-bir atan yağış damcılarının ilığında uyuyur...

Maşından düşüb asta addımlarla irəliləyirəm.

Qərib-qəribə qoxu evlərin pəncələrindən boylanır.

*

Qanadın yorulmasın, 
Məndən sonra uçan Quş, 
Sağlığa uçasan səni. 
Məndən sonra gələn Qış, 
Soyuğun sünbülə dönsün, 
Gül kimi açasan səni.

*

Mövlud Süleymanlının evinin qarşısındayam.

Təkəmseyrək adamlar göz dəyir.

İrəlilədikcə yaddaşımın tozlu rəfindəki əsərlərini vərəqləyirəm…

Səmti bilinməyən sazaq var.

Ağ yeldənmi?

Qara yeldənmi?

*
Çingiz Abdullayevlə Sayman Aruz yanaşı dayanıb nədənsə danışırlar.

Salam verib cənazə yerinə yaxınlaşıram.

*

Yadımdadı...

Paltarlar əlimdə darvazaya qaçdığım...

Qapı açılan kimi qonşumuz teylənmiş qaranquş kimi özünü həyətə atdı.

Dalınca da qızı...

İçəri girən kimi qapını bərk bağlayıb cəftəsini keçirdi:

- Gəlir.

Darvazadan boylandım. Əri səndələyə-səndələyə qapımıza tərəf gəlirdi.

“İçki girən evdən bərəkət qaçar” demişdi nənəm.

Yağış ulduz kimi axırdı onda…

*

Xatırlamağa çalışıram:

“Mənə axırıncı dəfə hansı ölüm, hansı itki bu qədər təsir eləmişdi?”

“Hansı ölüm, hansı itki yaddaşımın yad küçələrində azdırmışdı məni?”

*

Mövlud Süleymanlı…

Bu böyük yazıçı “bütün canı ilə görə-görə dünyanın üstüylə addımlayıb” köçünü sürdü bu fanilikdən…

Onu son mənzilə isə bir ovuc adam yola salır.

*

Məndən sonra axan Su, 
ruhumdan keç. 
Beləcə bütöv, sağlam, duru, 
Aranımdan, Dağımdan keç... 
Məndən sonra gedən Yol, 
Mən sənə vardım getdim... 
səni başa varasan. 
Məndən sonra gələn Söz, 
səni aradım, getdim, 
həmişə uca durasan!...


*
Fotolar…

Mikrofonlar…

Kameralar…

Gözüm ustad yazıçının qələm yoldaşlarını axtarır.

Haman anda əvvəlcə Rəşad Məcidi, sonra da Xalq yazıçısı Anarı görürəm.

Sakit, təmkinlə bizə doğru yaxınlaşırlar. Daha sonra kənara çəkilib yazıçı ilə xatirələrini bölüşürlər.

*

Yadımdadı...

Həyətin ortasındakı o kitab...

“Dəyirman”...

Zoğal ağacının çətirlənib qoruduğu “Dəyirman”...

Onu ildırım sürətilə götürüb paltarımın altına salmağım...

Həyəcanla ora-burasına baxmağım...

*

İllərini ədəbiyyata, sözə həsr eləyən bir yazıçıya beləmi vida edəcəkdik?

Belə səssiz-səmirsiz?

Heç nə olmamış kimi…

*

Sabir Rüstəmxanlı gəlir.

Rəşad Məcid ona yaxınlaşıb jurnalistlərlə danışmağını istəyir.

O da asta səslə jurnalistlərin suallarını cavablayır.

Qarşı tərəfdə isə Orxan Fikrətoğlu Mövlud Süleymanlı ilə bağlı fikirlərini bölüşür.

*

“Aramızda yalan olmadı... 
Biri üzündən aldı, 
Biri tozundan aldı, 
Özündən alan olmadı... “

*

Tədirgincə ətrafda dolaşıram.

Haqqında yazılar yazan adamların heç biri gözümə dəymir.

Alik Əlioğludan savayı…

O, özünün də dediyi kimi, dostunu fanidən əbədiyə yola salmağa gəlib.

*

Yadımdadı...

Mövlud Süleymanlı adı hələ taaa o vaxtlardan...

Evimizin qabağından rəngbərəng atların keçdiyi simli-mizrablı zamanlardan...

Fəqət mən, sən, o...

Bəs başqaları?..

Digərləri...

Ədəbiyyatın sərin mehinin insanımızdan uzaq düşməsidirmi yaşadıqlarımızın səbəbi...

*
Bir hönkürtü ayırır məni keçmişdən.

Orta yaşlı bir qadının hönkürtüsü.

Qapıdan çıxarırlar cənazəni…

“O yamacın o gülünnən, bu yamacın bu gülünə sevgi gətirən yellərin” laylasında…

Cənazəni çiyinlərdə gətirib yerə qoyurlar.

*

Yadımdadı...

Unudulmuş adamların gözləri...

Zəncirotunun sovrulan tükləri...

Yadımdadır...

Unudulmuş adamların əlləri...

Nimdaş paltarda əriyən qar dənələri...

Dərə ağaclarının çəhrayı yuxusu...

Yadımdadı...

Don Kixotun küt qılıncı...

Darvazamızı bərk-bərk bağlayıb ürkək-ürkək pəncərəmizdən baxan gəlinin quluncu...

*

Molla hamımızı qibləyə doğru dayanmağa çağırır.

Hamımız bir nəfər kimi qibləyə dayanıb sonuncu duanı edirik.

Dua oxunduqca fikrimda sıra dağlar…

Kələ-kötür yol-yolaclar…

Dua bitir. Gözlərimi açıram.

Şəhərin daş, beton çığırtısı qulaqlarımı batırır, amma özümü o yerə qoymuram.

Karlığımı ələ verməyib salamlaşıram hamı ilə…

*

Mən heç nəyi unuda bilmədim...

Yadımdadır rəngini itirmiş saçlar və ağaclar...

Tel paltarları...

Babadağ...

Paslanmış cəftə...

Spirt qoxusu...

Çatlamış pəncərədən görünən zoğal ağacları...

Nəm “Dəyirman”

Süleymanlı Mövlud...

Mən heç nəyi unuda bilmədim...

Bəs başqaları?..

Digərləri?..

*

Yavaş-yavaş dağılır hamı…

Yavaş-yavaş uzaqlaşır keçmiş…

Yavaş-yavaş “iri-iri açılan göyümsov gözləri”ni ovuşdurur indi …

Üç yüz ilin başından çıxan köç Mövluddan da keçib gələcəyə gedir.

“Məndən sonra gələnlər, 
Sağlıqla yaşayın, 
Amma bilin ki, 
Doğulan kimi vaxtın oğlu olur Adam, 
Bilin ki, gedənlər də elə-belə getmir, 
Gedəndə də qalır Adam...”

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

Cümə axşamı, 22 Fevral 2024 16:55

Bu dünyada Ağabəy adlı bir alim vardı...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Elə adamlar var ki, özlərini bu dünyada qonaq kimi yox, ev sahibi kimi aparırlar. Paxıllıq, xəbislik, kin-küdurət, hərislik imkan vermir ki, əsl insan kimi ömür sürsünlər. Hamı nə vaxtsa öləcəyini yaxşı bilir, amma yenə də mərdiməzarlığından, nakəsliyindən, alçaqlığından, acgözlüyündən, hərisliyindən, təkəbbüründən əl çəkməyən adamlar var...

Ağabəy Sultanovu bütün ölkə tanıyırdı. Uşaq kimi sadə, şən və mehriban adam idi. O qədər "sehirli qutuda" görünürdü ki, artıq hər bir evdə onun hörməti vardı, öz sahəsinin ən böyük alimi kimi sevilirdi. Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının, Psixiatrların Dünya Federasiyasının həqiqi üzvü, BMT-nin psixiatriya üzrə Azərbaycandakı koordinatoru idi. "Şöhrət" ordeninə layiq görülmüşdü...

Hanı indi Ağəbəy Sultanov? İslamın buyurduğu kimi, Bərzəxdə Axirət Gününü gözləyir ki, sorğu-suala cavab versin. 

Bir halda ki, bütün qazandıqlarını və hətta qamarladıqlarını bu dünyada qoyub Ağabəy müəllimin yanına gedəcəksə, insanlar niyə bir-birinə "can" deyib, "can" eşitməyə səy göstərmirlər?..

Bu yazını niyə belə başladım, bilmirəm. Yəqin ki, hardasa bir səbəb var. Axı mən 1936-cı ilin bu günündə- fevralın 22-də dünyaya gələn, unudulmaz psixiatrdan söhbət açmalıydım. Amma düşünürəm ki, nə mənası var? Bir yaşanmış ömürə insanların verdiyi son qiymət- Allah rəhmət etsin və ya Allah lənət etsindirsə, mən də söhbətimi müxtəsər edib Ağabəy Sultanova Allahdan rəhmət diləyirəm. Rəhmətlik doğrudan da yaxşı adam idi. Yaşasaydı, bu gün 88 yaşı tamam olacaqdı...

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

Cümə axşamı, 22 Fevral 2024 13:48

Türk İnteqrasiya Olimpiadası keçiriləcək

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki,  türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında ilk dəfə Türk İnteqrasiya Olimpiadası keçiriləcək.

 

 Türk İnteqrasiya Olimpiadası(TİO) türk xalqlarının “Dildə, fikirdə, işdə birlik” şüarının fərqində olmaları və gənclərin qardaş xalqların nümayəndələri ilə təhsil yolu ilə birləşməyi hədəfləyib.

Olimpiada Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. FDO 2009-cu ildən Hədəf Şirkətlər Qrupuna daxil olan Hədəf Nəşrləri tərəfindən təsis edilib. 13 buraxılışı baş tutan FDO-da suallar inteqrativ formatda hazırlanır. Belə ki, bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqında olacaq.

Olimpiadanın dörd əsas məqsədi var:

1. Türk xalqlarının ortaq dil, əlifba və dərsliklərinin ideyasına dəstək;

2. Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;

3. Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;

4. Türk xalqlarının “İşdə, dildə, əməldə birliy”in fərqində olması və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etməsi.

Olimpiadanın əhatə dairəsi – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, QKTC, Tatarıstan, Krım, Qaraçaylar, Qaqauzya, Çuvaşıstan, Özbəkistan, Balqariya, Başqurdustan, Altay, Tuva, Saxa Yakutiya, Xakasiya, Qərbi Trakya, Uyğurstan, Güney Azərbaycan, Kərkük türkləri.

 

Olimpiadada bu şərtlərlə iştirak mümkündür:

1. Hər bir türkdilli ölkə öz seçim mərhələsini təşkil edəcək;

2. Seçim mərhələsində 40 %-dən çox nəticə göstərən şagirdlər finalda iştirak haqqı qazanacaq;

3. Hər komandanın rəhbəri olacaq;

4. TİO-nun son qeydiyyat günü 13 yaşı tamam olmuş və yaşı 16-dan çox olmayan məktəblilər iştirak edə biləcəklər.

 

TİO iki mərhələdə baş tutacaq:

1. Seçim mərhələsi (milli raund) – fevral – aprel ayları;

2. Final mərhələsi (qlobal raund) – may ayı.

Olimpiada 20 sualdan ibarətdir. Qiymətləndirmə isə sualların çətinlik dərəcəsinə aparılacaq:

1) 5 asan sual 4 bal;

2) 10 orta sual 5 bal;

3) 5 çətin sual 6 bal.

Maksimum bal 100-dür. İmtahan müddəti 60 dəqiqədir.

Əlavə məlumat üçün:  

(+994) 77 220 03 02

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə  Mustafa Şeyxpurun şeirlərini təqdim edir.

 

1.

Gözlərinin göy məscidini unutdum

Əllərini qaldıran minarə idi xiyabanda

Yaşasın...

Küçələrdə oynayan uşaqlar

Və Saat qabağında unudulan Mustafa.

 

Adını bu adaların birinə qoyacaqdım

Olmadı

Səsini sonra eşitdim

İlk adaya verdim səsini

Quşlar və balıqlar sənin səsinə gəlir

Günəş sənin səsində batır

Ay sənin səsində doğur

Mən hər gün səsinlə oyanıram

Və işlədiyim hər an səsin gözümdən ayrılmayır

Sənin səsində yaşayıram.

 

Gəl birlikdə oxuyaq o sevdiyimiz mahnını

"Özüm özünə qurban, gözüm gözlərinə..."

Bu dağlarda maral gəzməyir xanım

Nə dağları, nə qəbiləsi, nə şəhəri

Heç biri gözümdə deyil.

 

Əli boş gəlməyəcəkdim

Qız qalası baqajıma sığmadı

Səni yanımda gətirə bilmədim

Dünya bir adaya sığmaz ki,

Ən son bir gəmi gördü məni

Və ən son mən o gəmini gördüm

Qalan hər şey mavi

Qalan hər şey boş

Sonra mən də itdi, bu mavi də

Sənin səsin qaldı fəqət...

 

Ədəbiyyat və incəsənət”

(22.02.2024)

AMEA Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli türk dünyasının bir incisi olan Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri barədə dəyərli bir tədqiq işi ortaya qoyub. 

Mahmud Kaşğarinin bu ensiklopediyasında türksoylu xalqların dil özəllikləri, ləhcələri, milli-mədəni varlıqları toplanıb, dövrünə uyğun qrammatika və yazı qaydaları müəyyənləşdirilib.

Nadir Məmmədlinin “Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri” adlı tədqiqat işini diqqətinizə çatdırırıq. 

 

IV

Xalid Səid Xocayev və "Divanü lüğat-it-türk"

(İnsanlar bəzən sevdikləri işin qurbanı olurlar)

 

Yeni qurulan Azərbaycan Sovet Sosialist Respublikası kadr azlığından 1923-cü ilin əvvəllərində Ankara Böyük Millət Məclisi Hökumətinə müraciət edərək Bakı Ali Pedaqoji İnstitutu və Azərbaycan Dövlət Universitetində türk dilindən dərs demək üçün mütəxəssislərə ehtiyac olduğunu bildirmişdi. O zaman türkiyəli alimlərin Azərbaycana dəvət olunması, onların elmi-mədəni, ədəbi-pedaqoji həyatda fəal iştirakı 1921-ci ildə Sovet Rusiyası ilə Türkiyə arasında bağlanan "Sovet - Türkiyə sazişi"nin və Zaqafqaziya Federasiyası respublikaları ilə Türkiyə arasındakı "Qars müqaviləsi"nin mədəniyyət sahəsində əlaqələrlə bağlı müqavilələr əsasında tənzimlənirdi. Azərbaycan Dövlət Universitetində milli kadrlarımız çatışmadığı üçün başqa ölkələrdən də alimlər dəvət edilirdi. Respublikada elmin və mədəniyyətin inkişafında böyük rol oynayan bu alimlər arasında Ə.S.Qubaydulin, B.V.Çobanzadə, M.F.Köprülzadə, A.N.Aşmarin, X.S.Xocayev, A.Samoyloviçin adı çəkilir. Ancaq X.S.Xocayev bu sıraya aid deyildir. 1926-cı ildə ADU-ya dəvət edilib, Şərq fakültəsində mühazirə oxuması və praktik dərslər aparan X.S.Xocayev Bakıya xeyli əvvəl gəlmişdi. "Əksinqilabi-millətçi təşkilatın işində iştirak etdiyi" və türkün ana kitabı Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsərini tərcümə etdiyinə görə həbs olunan X.S.Xocayevin məhkəmədə şəxsi qovluğundakı ifadələrində qeyd edilir ki, 1893-cü ildə Daşkənddən 25 km aralı məsafədə yerləşən  Qoş-Kurqan qışlağında anadan olmuşdur. Daşkənddə mədrəsə təhsili almış, tale elə gətirir ki, 1911-ci ildən sonra cəmi 1 il öz vətənində yaşamışdır. Həmin il Xocayevin həyat və fəaliyyəti köklü surətdə dəyişir: o, Türkiyəyə İstanbul Universitetində oxumağa göndərilir. 1917-ci ildə universitetin Tarix-filologiya fakultəsini bitirdikdən sonra vətənə yox, Azərbaycana gəlir - 1918-ci ildə İstanbul Universitetinin bir qrup tələbəsi ilə birlikdə Nuru Paşanın türk ordusunun tərkibində Azərbaycana göndərilir. Bunu Xalid Səidlə bağlı Azərbaycanda ilk monoqrafiyanın müəllifi, görkəmli alim, tanınmış publisist, filologiya üzrə fəlsəfə doktoru, sözün əsl mənasında millət cəfakeşi Azər Turan Xalid Səid Xocayevin qızı Bəhicə xanımla söhbətində də qeyd edir. Bəhicə xanım atasının adından: "...Demişdi ki, mən ona görə Nuru Paşanın əsgərlərinə qoşulub gəldim ki, gəlmək üçün başqa yolum yox idi. Universiteti qurtarsa da, Türkiyədə onun pasportu, sənədi yoxdur. Məhz o günlərdə gəlmək üçün münasib şərait yaranıb və o da türk ordusuna qoşulub gəlib...". (Azər Turan. "Xalid Səid Xocayev - Şəhid türkşünas". Bakı, "Elm və təhsil", 2009, s.50.) Xalid Səid Xocayevin AMEA arxivindən tapılmış 1934-cü ildə Dilçilik İnstitutuna işə qəbul olunarkən yazdığı ərizədən sətirlər: "Mən Üzbəkistanın Taşkənd şəhərindən olub, orta və ali təhsilimi İstanbulda ikmal etmişəm. 1918-ci ildən indiyə qədər Azərbaycanın orta və ali məktəblərində türk dili və ədəbiyyatı tədrisilə məşğul olmaqdayam. Hazırda dəxi İctimai-İqtisadi İnstitutunun Hüquq fakültəsində Türk dili (Azərbaycan dili - N.M.) və Ali Pedaqoji İnstitutda ərəbcə və farsca tədrisilə məşğulam." (Xalid Səidin DTX arxivində saxlanan cinayət işi materiallarından: №: 12493/72.) Bəhicə xanımın Aşninə göndərdiyi atasının 1935-ci ilə aid anket vərəqində qeyd edilir: "1922-ci ildən həbs olunduğum günə kimi Bakıda ali məktəbərdə dərs demişəm (v.8). Qayıtdıqdan sonra azaərbaycanlı xanımla ailə qurmuşam, bu da məni həmin şəhərə daha çox bağlayıb, qızım Bəhicə 1925-ci ildə anadan olub. Müxtəlif illərdə Azərbaycanın bir çox ali məktəbində: Azərbaycan Dövlət Universitetində, Pedaqoji Universitetdə, İndustriya Texnikumunda, Hidrotexnikumda, rabfaklarda dərs demişəm. Pedaqoji fəaliyyətə Bakının neft rayonu və fəhlə qəsəbəsi sayılan Balaxanıda başlayıb, ömrümün sonuna kimi pedaqoji fəaliyyətimi Ağamalıoğlu adına texnikumda, Bakının ali təhsil ocaqlarında, aspirantlar üçün kurslarda davam etdirmişəm". (F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov. Repressirovannaə törkoloqiə. Moskva, İzdatelğskaə firma "Vostoçnaə literatura" RAN, 2002, s.98.) Ərizədə daha sonra məlumat verilir: "Hal-hazırda Akademiyada müqavilə ilə lüğət üzərində işləyirəm". (Azər Turan. "Xalid Səid Xocayev- Şəhid türkşünas". Bakı, "Elm və təhsil", 2009, s.50.) Tərcümədən öncə "Divan" əsasında hətta SSRİ Elmlər Akademiyası Azərbaycan filialının tapşırığı ilə XI əsrə aid "Türk dilinin tarixi qrammatikası"nı yazdığı da məlum olur. 12 çap vərəqi həcmində əlyazma şəklində olan kitab "1937-ci ildə Xalid Səidin evindən NKVD-nin müsadirə edib götürdüyü sənədlərin arasında gedib və sonra da digər əsərləri kimi "itkin" düşüb." (Azər Turan. "Sirli" seyfin tilsimini kim qıracaq, yaxud "Divanü Lüğat-it-Türk"ün Azərbaycanda ilk tərcüməsi niyə üzə çıxarılmır? "Ədəbiyyat qəzeti" 10 sentyabr 2022)

Türkologiya tarixində bu möhtəşəm ensiklopedik əsərin ərəb dilindən latın qrafikası ilə ilk tərcüməsi məhz Xalid Səid Xocayevə məxsusdur. (O, təkcə dilçii yox, şair, peşəkar tərcüməçi idi. Təsadüfi deyildir ki, Füzulinin qəzəllərini, sonralar repressiya qurbanı olmuş Abdulla Qədrinin bir neçə romanını, Rəşad Nuri Güntəkinin "Çalı quşu" əsərini ilk dəfə Azərbaycan dilinə çevirmişdir).  O zaman onun "Divan"ın başqa nəşrləri ilə tanışlığı olmayıb. Əlimizdə olan nəşrlər və tədqiqatlarla müqayisə etdikdə ərəb dilinə necə dərindən bələdliyinə, tərcümənin orijinallığına heyrətlənməmək olmur - sözlərin oxunuşunda tarixi və müqayisəli araşdırmaların nəticələrindən ustalıqla istifadə etməyi bacarıb. Məktublarının birində qeyd edir ki, 1936-cı ildə lüğətin ərəb dilindən tam tərcüməsi bitsə də, nəşri baş tutmamışdır. Xalid Səid məhz bu kitaba görə həbs edilmiş, ona pantürkist damğası vurulmuş, tələm-tələsik 13 oktyabr 1937-ci ildə 15 dəqiqəlik şahidsiz və sübutsuz məhkəmə qərarı ilə ona güllələnmə hökmü verilmişdir. 1937-ci il iyunun 5-də SSRİ EA-nın Azərbaycan filialının Tarix, Dil və Ədəbiyyat İnstitutu direktorunun əmrinə əsasən Xalid Səid Xocayev iyunun 4-də institut əməkdaşlarının siyahısından çıxarılmışdır. Bəhicə xanımın Azər Turanla müsahibəsindən: "Mən yatmışdım. Gecə saat 12 radələri (hələ bir az da gec) olardı. Qəribə səslər eşidib yuxudan oyandım. Gördüm ki, ev adamla doludur. ...Demək olar ki, səhərə qədər axtarış apardılar. Yazı stolunda çoxlu yazılar vardı. Onları da götürdülər. Kitab dolabındakı kitabların da hamısını apardılar. Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsərinin tərcüməsini də, yəni o iki qovluğu da həmin gecə götürdülər." (Azər Turan. "Divanü lüğat-it-türk"ün ilk tərcüməçisi Xalid Səid Xocayevin qızı Bəhicə xanımla söhbət". "Ədəbiyyat qəzeti", 14 noyabr, 2008)

Bu fakt dəqiqdir ki, NKVD-nin apardığı "Divan"ın tərcüməsinin üzü köçürülmüş əlavə nüsxələridir, çünki lüğətin heç bir naqisliyi olmayan 3 cildinin hər biri 3 qovluqdan ibarət 9 qovluğun latın qrafikalı əlifba ilə orijinalı məhz onun işlədiyi yerdə - Dilçilik İnstitutunun arxivində qorunub saxlanılıb. Mətnlər, lüğət maddələri makinada yazılmış, müxtəlif rəngli qələm, kiril qrafikalı əlifba, əl yazısı ilə redaktə olunmuşdur. Əlyazmanı institutdan kənara çıxarmaq olmazdı. Həm də Xalid Səid məktubda qeyd etdiyi kimi, "Divanü lüğat-it türk"ün AzFAN-da olan yeganə nüsxəsidir. Elə buna görədir ki, Xalid Səidin başqa əsərləri də müsadirədən yayınıb.

Xalid Səidin əqidəsi də, məfkurəsi də türkçülük idi. İstintaqda suallara da M.Kaşğarinin "Divanü lüğat-it-türk"ünün təsiri altında cavab verib, hətta türkologiya sahəsində apardığı işləri fəxrlə sadalayıb.

İstintaq materialından.

Sual: Siz əbəs yerə verilən suala cavab verməkdən çəkinirsiniz. İstintaqa məlumdur ki, siz əksinqilabi pantürkist təşkilatın üzvüsünüz. Bunu etiraf edirsinizmi?"

Cavab: Qəti surətdə rədd edirəm.

Sonrakı istintaqlarda X.S.Xocayev artıq "peşəkar pantürkist" kimi suallara cavab verir:

Cavab: Bəli, mən etiraf edirəm ki, 1916-cı ildən həbs olunanadək pantürkist mövqeyində dayanmışdım. ...Mən tələbə-gənclər arasında pantürkist təbliğat apararaq Sovet hakimiyyətinə qarşı pantürkist kadrlar hazırlayırdım. ...Mən pantürkist təbliğatı öz əsərlərimdə əks etdirmişəm, xüsusilə Mahmud Kaşğarinin "Türk sözləri lüğəti" kitabının tərcüməsində.

...Sual: Azərbaycandan, türk ordusundan tərxis olunduqdan sonra sizin Türkiyə kəşfiyyatı ilə əlaqəniz barədə istintaqın kifayət qədər məlumatı var.

Cavab: Bəli. 1924-cü ildə mən yenidən Türkiyə kəşfiyyatı ilə əlaqə yaratdım və təxminən 1937-ci ilədək onunla əlaqə saxladım.

Sual: Türkiyə kəşfiyyatının verdiyi hansı tapşırıqları yerinə yetirirdiniz?

Cavab: Türkiyə kəşfiyyatının tapşırığı üzrə mən təşkilatımızın özəyini İngiltərəyə meyildən uzaqlaşdırmaq üçün üzvlər arasında türkofil iş aparırdım.

Verilən işgəncələrdən bəzən faktlar təhrif olunur. Məsələn, Bəkir Çobanzadənin dindirilmədə aspirant kimi qələmə verilməsi inandırıcı deyil, o, I Türkoloji Qurultay dövründə və ona yaxın olan əvvəlki zamanlarda professor olmuşdur. Xatırladaq ki, istintaq işinə dair sənədlərdə Xalid Səid Xocayev elmi ad və vəzifə ilə təqdim olunmur, həmin ərəfədə professor B.Çobanzadə Xocayevi dosent və dissertasiya müdafiə etmədən elmlər namizədi elmi dərəcəsi almağına dair məsələ qaldırmışdı. (Bax: F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov. Repressirovannaə törkoloqiə. Moskva, İzdatelğskaə firma "Vostoçnaə literatura" RAN, 2002, s. 100.)

Xalid Səid əksinqilabi pantürkist təşkilatın üzvü kimi Türkiyənin xeyrinə kəşfiyyat işi apardığı üçün 1937-ci il sentyabrın 13-də yeni ittihamla təqsirləndirilir. (Bax: Ziya Bünyadov. Qırmızı terror. Bakı, səh.154-155.)

Xalid Səid güllələnən gün həyat yoldaşı Sara xanım həbs edilir, islah-əmək düşərgəsinə göndərilir. 8 il əvəzinə 5 il sonra dustaq həyatından azad olunsa da, ona Bakıda yaşamaq qadağan edilir. Ərinin sağ qalmasına sidq-ürəklə inanan Sara xanım respublika prokuroruna məktubla müraciət edərək işinə yenidən baxılmasını, bəraət verilməsini və ev əşyalarının qaytarılmasını xahiş edir. Zaqafqaziya hərbi prokurorunun köməkçisi Çesnakovdan bəraətlə bağlı müsbət cavabı gəlir, bir neçə nüfuzlu, tanınmış şəxsin şahid qismində ifadəsi ilə işdə cinayət tərkibi olmadığı üçün SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar iclasının qərarı ləğv edilir və 16 may 1957-ci ildə ölümündən sonra Xalid Səidə bəraət verilir. Məsələn, çıxışçılardan:

1. Professor Sultanlı Əli Abdulla oğlu:

- O, (Xalid Səid - N.M.) indi də əhəmiyyətini itirməmiş olan "Türk dillərinin müqayisəli qrammatikası"nı yazmışdır. Bu kitab qohum dillərin müqayisəli qrammatika sahəsində çox qiymətli əsərdir. Onun üslubiyyata dair əsəri orta məktəb müəllimləri və ali məktəb tələbələrinin uzun müddət yeganə vəsaiti olmuşdur. Son illər Azərbaycan dilinin tarixini öyrənmək üçün ərəb mənbələrini dilimizə tərcümə edirdi. Onun bütün əsərləri göstərir ki, özünü, bütün gücünü və enerjisini Azərbaycan dilçiliyinin inkişafı işinə həsr etmişdir.

Xalid Səid təvazökar, az danışan, öz işinə həmişə vicdanla yanaşan bir adam idi.

2. Professor Feyzulla Səməd oğlu Qasımzadə:

- Xalid Səidin müəllim və tələbələr arasında böyük nüfuzu var idi. Onu tələbələr çox sevirdi. Mən onda antisovet, əksinqilabi meyil görməmişəm. Habelə, onun bu istiqamətdə təbliğat apardığının da şahidi olmamışam. Mən belə hesab edirəm ki, o namuslu, vicdanlı və təvazökar bir sovet pedaqoqu idi.

3. Professor Məmmədağa Şirəliyev:

Mən Xalid Səidi 1933-cü ildən tanıyıram. Həbs olunana qədər o mənimlə köhnə mətnlərin oxunması məşğələlərini aparmışdır. Dərsdə olduğu kimi, məsləhət saatlarında da heç vaxt antisovet hərəkətlərə yol verməmişdir, habelə millətçi ruhda olan fikirlər söyləməmişdir. Mən Xalid Səidi vicdanlı, namuslu bir sovet vətandaşı kimi tanıyırdım.

4. Professor Mikayıl Rəfilı:

Əbdülrza Salamzadə, Seyid Hüseyn Sadıqzadə, Xalid Səid Xocayev, Vəli Xuluflu, Hənəfi Zeynallı, Əli Kərimov haqqında həmişə müsbət fikirdə olmuşam. Onlar heç vaxt əksinqilabi- millətçi təşkilatın üzvü olmamışlar. (Bax: DTX arxivində saxlanan cinayət işi. №: 12493/72.)

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

Poetik Qiraətdə bu gün sizlərlə gənc şair Cavid Qasımov öz qəzəli ilə görüşür. Cavid Nigar Həsənzadənin “SÖZ” layihəsi ilə parlayıb. Əminik ki, onun bu qəzəlini bəyənəcəksiniz.

 

Kim deyir hicr yolu vəslə gedib çatmaq imiş? 

Hicr bir namə kimi ahını yollatmaq imiş. 

 

Qocalıq saçına düşmüş dənin ağırlığına

Dözmüyüb, torpağacan başını sallatmaq imiş.

 

Mən bu dünyayə gələndən bəri bəxtin işi də,

Yuxulu görsənib öz sahibin aldatmaq imiş.

 

Düşdü gözyaşları hər gün çəkisin bilmək üçün,

Sanmıram niyyəti boş-boş yanaq islatmaq imiş.

 

Sevgi bayquşların avazını laylay bilib, 

Yarı görmək ümidiylə gecələr yatmaq imiş.

 

İndi bildim, qoca aşiqlər üçün tənhalıq, 

Eşq dəryasına sınmış ürəyi atmaq imiş.

 

Bu fələklə o qədər oynadı Cavid, sonda

Fələyin bildi işi hamını oynatmaq imiş.

 

Ədəbiyyat və incəsənət”

(22.02.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Qatıq aşının hazırlanma qaydasını təqdim edəcəyik. 

 

DÜSTUR:

§ Qatıq – 200 qr

§ Düyü – 20 qr

§ Şüyüd – 10 qr

§ Keşniş – 10 qr

§ İspanaq – 20 qr

§ Cəfəri – 10 qr

§ Kərəviz – 10 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ balqabaq çiçəyi və ya yerkökü – 5 qr

 

HAZIRLANMASI:

Düyü suda bişirilir, üzərinə doğranmış keşniş, şüyüd, ispanaq, cəfəri, kərəviz əlavə olunur və bişirilir. Alınmış şilə (qatı şorba) soyudulur. Şilə soyuduq- dan sonra qatıqla çalınaraq, süfrəyə verilir. Üzərinə balqabaq çiçəyi əlavə edilir, son illərdə isə balqabaq çiçəyi yerkökü ilə əvəz olunub.

Səkinə Bağırova (İrəvan şəhəri, Zəngibasar rayonu) eyni nüsxədə göstərir ki, qatıq aşının hazırlanması üçün göy soğandan başqa əksər göyərtilərdən istifadə etmək olar. Məsələn, şüyüd, keşniş, əməköməci, quşəppəyi, kərə- viz, pazı yarpağı, yarpız, nanə, təzə əvəlik və s. Bəzi hallarda isə qabağı da xırda-xırda doğrayıb əlavə etmək olar.

İradə Rizazadə (İrəvan şəhəri) eyni nüsxədə kərəviz əvəzinə dağkeşnişi, nanə, quzuqulağı, gicitkən, mərzə, göy sarımsaq istifadə edib. İradə xanım qatıq aşını toyuq işgənəsində hazırlayıb.

Gülsüm Hüseynova (Makinskaya) (İrəvan şəhəri) eyni nüsxədə kərəviz əvəzinə nanə, dağkeşnişi, ispanaq, ağ çuğundur yarpağı istifadə etmişdi. Digərlərindən fərqli olaraq, şiləni qatıqla qarışdırdıqdan sonra qaynamasına yol verməmək şərtilə isitmişdi.

 

Ədəbiyyat və incəsənət”

(22.02.2024)

Cümə axşamı, 22 Fevral 2024 13:30

Sərxoş Atoppa

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

-Mamed, niyə kişilər ad günü hədiyyəsi almağı xoşlamırlar?

-Çünki biz bizə corab hədiyyə verib əvəzində az qala şuba, komplekt umanlardan bezmişik.

 

2.

Mənim uşaqlarım soruşdu ki, siz 80-ci, 90-cı illərdə necə yaşayırdınız?

Mən mobil telefonlarını əllərindən alıb interneti də keçirdim, dedim bax belə.

 

3.

-Təsəvvür edirsən, dünən Bakıbus-da bir kişi öz yerini ayaq üstündə qalmış ahıl qadına verdi.

-Bunun nəyi təəccüblüdür ki? Adi haldır da.

-Ay insan, yerini verən avtobusun sürücüsü idi. 

 

4.

-Atoppa, yenə dəmsən? 

-Əlövsət, sən öl, tibdə yazılıb ki, qırmızı çaxır dərman qədər xeyirlidir insana.

-Daha gündə bir şüşə yox da!

-Həri, qədeş, düz buyurursan, bir şüşə əlbəttə azdır. 

 

5.

Qadın kişiyə o qədər soyuq baxdı ki, yazıq kişiyə soyuq dəydi. 

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu dəfəki qəhrəmanım nə şairdir, nə yazıçı, nə rəssam, nə musiqiçi. Nə sözü şeirə çevirəndi, nə səsin, nə rənglərin diliylə danışan. Bütün həyatını rəqəmlərin üzərində quran, elmlərin açarı sayılan riyaziyyatın nazını balası kimi çəkən, üstündə əsən, tətbiq və tədris edən elm fədaisidi eləcə. Pafosdan uzaq, tərifdən qaçan, təqdimatı sevməyən elm fədaisidi bir sözlə. Sakitdi. Eqosuz, bərsiz-bəzəksiz  danışmağı sevir. Özünüreklamdan uzaqdı. Neynirsə ürəyinin diktəsilə edir. Sadədi, utancaqdı. Fikrini  birnəfəsə deyir. İncitməkdən qorxandı. Dinləməyi gözəl bacarır. Sakitliyində bir təlatüm var. Sükutunun səsini duyan lazımdı sadəcə. İncikliyini də, sevincini də səsindən anlarsan. Dilə gətirməz. Vətən, el təəsübkeşidi həm də. Bu dünyanın adam yükünü çəkənlərdəndi eyni zamanda. Maraqlı adamdı, deyilmi?  Həm də sirli. Sizi çox intizarda saxlamaq istəmirəm. Söhbət Feyruz Məmmədovdan gedir.  Riyaziyyatçı  Feyruz Məmmədovdan. Biz sözdən söz yoğururuq, o rəqəmlərlə oynayır. Yaradıcıyıq  dolayısı ilə hər ikimiz. Bəlkə bu xüsusiyyətimizdi bizi elm adamlarıyla dost edən,  yaxınlaşdıran. Feyruz müəllim ədəbiyyatı da sevir amma. Elə gözəl izahları  və fikirləri var ki. Duyur ürəyimizdən keçənləri. Mən elə bilirdim ki, riyaziyyatçılar  sərt və rəqəmsal olurlar. Yanılmışam. İnsanlığın heç bir elmlə bağlılığı yoxdu. İnsandı, vəssalam. Feyruz müəllim kimi. Dünənəcən müəllim kimi tanıyırdım onu  sadəcə. Vicdanına və savadına söykənən müəllim kimi. Bu günsə 6 riyazi kitabın, testin, elmi araşdırmaların müəllifi kimi . Doğrusu ondan söz almaq da bir o qədər asan deyil. Dedim axı, tərifdən qaçan adamdı, təvazökardı. Sakitliyinin özündə qəribə bir səs var. Bu qəribəlik oldu elə mənə bu yazını yazdıran da. Bu yazım da elə belə doğmadı ha. Tanrı göndərdi. Diktəsiz, sifarişsiz, filansız. Elə qəhrəmanım kimi. Axı Tanrıdan doğan yazıların içindəki işıqdan hər kəsə pay düşür. Göz qamaşdırmır, sadəcə nuru var. Mənə elə gəlir ki, hər kəs sözü boyda, əməli boydadı. Yəqin mənimlə razılaşarsız. Əminəm ki, bu çağacan Feyruz müəllimin ürəyinin və ruhunun işığından çox evə, çox ocağa pay düşüb. İnsanlığına, pedaqoqluğuna, peşəsinə hədsiz sevgisinə sığınıb deyirəm bunu. İndi gəlin bir az da yaxından tanıyaq bu sirli qəhrəmanı.

Məmmədov Feyruz Əliqulu oğlu 1953-cü ildə, avqustun 17-də  Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya göz açıb.

Əslən Şamaxının Dağ Kolanı kəndindəndilər. Yəni tərəkəmədilər. (Soyumuz, kökümüz birdi. Həmişə bununla fəxr etmişəm) Əvvəlcə Salyan rayonunun Yolustü kənd səkkizillik məktəbində, sonra isə Kərimbəyli kənd orta məktəbində təhsil alıb. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1970 -ci ildə ADU-nun, indiki BDU-nun tətbiqi riyaziyyaz fakültəsinə daxil olub. 1975-ci ildə universiteti müvəffəqiyyətlə bitirib və doğma elinə obasına qayıdıb. Müəllim kimi əmək fəaliyyətinə Salyan rayonu Yolüstü kənd orta məktəbindən başlayıb. Pedaqoji fəaliyyətində də el arasında böyük hörmət və nüfuz qazanıb. Şagirdləri respublikanın müxtəlif tədris ocaqlarında təhsillərini davam etdiriblər. Olimpiadaların qalibi olublar. Bir sözlə müəllimlərinin başını uca ediblər hər yerdə. Bu da bir uğurdu. 2002-2005-ci illərdə Azərbaycan Müəllimlər İnistitutunun Salyan rayonu filialında baş müəllim kimi fəaliyyət  göstərib həm də. 

Feyruz müəllim təkcə tədris və təlimlə kifayətlənməyib bu illərdə. Yazıb yaradıb. Elmə bir-birindən dəyərli töhfələr verib.  Onun "Beşinci və altıncı siniflər üçün olimpiada məsələləri" ,"Riyaziyyatda bəzi məsələlərin müxtəlif üsullarla həlli", "1453- cü ilin riyaziyyat sərgüzəştləri", "Gənc riyaziyyatçı"," Zəfər ilinin riyazi aləmi"," Riyaziyyat - 251  məsələnin 1170 həlli" adlı  kitabların, 10- dan çox elmi məqalələrin  müəllifidi. 2009-cu ildə Azərbaycan  respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə " Tərəqqi" ordeni ilə təltif olunub. 

Eyni zamanda Feyruz müəllim gözəl ailə başçısıdı. Dörd övladı var. Hamısı da torpağa, Vətənə, elə, obaya bağlı. Elə atalarına layiq bir sözlə.

Feyruz müəllim bu gün də sakit deyil. Elə gənclik şövqüylə axtarır, tapır,  yazır, yaradır. Həm də xüsusi zövq və sevgiylə. Amma yenə də hay-küysüz, sakit. Özünü riyaziyyatda  çoxdan isbat etsə də bu gün də axtarışdadı. Bu onun daxili təlatümündən irəli gəlir. İşinə, peşəsinə sonsuz sevgisidi onun dincliyini əlindən alan. Nə deyirik. Təki belə əməlisaleh elm fədailərimiz çox olsun. Dünya da bunun acı deyilmi? Elə biz də belə ruhun işığına can atanlardanıq. Bilirəm ki,  Feyruz müəllim bu yazını oxuyub sakitcə "Çox sağ olun" -deyəcək. Amma bu sakitliyin içindəki şükranlığı bir mən duyacam, bir də Tanrı. Zehnin və ruhun həmişə açıq olsun, işıq adam!

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.