Super User

Super User

İngiltərədə keçirilən beynəlxalq moda həftəsində Azərbaycanın milli geyimləri nümayiş etdirilib. Bu barədə AzərTAC məlimat paylaşıb. 

 

İngiltərənin Şefild şəhər məclisi ilə Mədəni Moda və İncəsənət (Cultural Fashion and Art) assosiasiyası tərəfindən Şefild şəhərində keçirilən beynəlxalq moda həftəsində Azərbaycan Rəqs və Musiqi Qrupunun rəhbəri Səkinə Muxtarlının təşəbbüsü ilə Azərbaycan milli geyimləri sərgilənib.

Moda sərgisində Azərbaycanın müxtəlif bölgələrindən milli geyimlər, Basqal kəlağayıları, milli atributlar xarici modellər tərəfindən nümayiş etdirilib. Həmçinin musiqi və rəqs nömrəsi ifa edilib, qrupun azyaşlı uşaqları sərgidə balaca çoban, sarı gəlin, üzümçü qız, yazıçı oğlan kimi müxtəlif obrazlarda milli geyimləri xarici qonaqlara nümayiş etdiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

ADA Universitetində Azərbaycanın qeyri-maddi irsinə və 28 May – Müstəqillik Gününə həsr olunmuş sərgi və konsert keçirilib. Həm tələbələrin, həm də geniş ictimaiyyətin diqqətini cəlb etmiş tədbirin təşkilatçıları “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və ADA Universitetidir.

 

AzərTAC xəbər verir ki, sərginin təşkilində əsas məqsəd Azərbaycanın incəsənətinin və zəngin mədəni irsinin təbliği, xalqımızın qədim ənənələrinin nümayiş etdirilməsidir.

Ekspozisiyaya milli mədəni irsin qədimliyini və müxtəlifliyini əks etdirən müxtəlif rəssamların 20-dən çox əsəri daxil edilib. Müəlliflər Eldar Babazadə, Röya Həsənova, Məryəm Kiblayeva, Leyla Orucova, Nailə Aslanova, Sevda Rüstəmova, Nigar Əliyeva, Elşən Rzazadə, Afaq Əkbər, Nailə Məhərrəmova, Vüsalə Şərifova, Nigar Familsoy, Leyla Muradova ölkənin aparıcı universitetlərindən birinin divarları arasında unikal yaradıcılıq mühiti yarada biliblər.

Eksponatlar arasında ölkənin müxtəlif bölgələrindən toxucuların bənzərsiz ənənələrini və sənətkarlığını nümayiş etdirən xalçalar xüsusi yer tutub. Təqdim olunan xalça kolleksiyası “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə Eldar Hacıyev tərəfindən yaradılıb.

Tədbirin davamında ADA Universitetinin tələbələri və Xalq artisti Zəhra Quliyevanın rəhbərliyi ilə “Detaşe-Sabah” skripkaçılar ansamblının konserti baş tutub.

Təşkilatçılar qeyd ediblər ki, təhsil müəssisələrində bu cür tədbirlərin keçirilməsində məqsəd gənclərin diqqətini sənətə cəlb etmək və ölkələrinin mədəni ənənələrinin öyrənilməsinə və qorunub saxlanılmasına marağını stimullaşdırmaqdır.

Layihə Dadaş Məmmədovun rəhbərliyi ilə həyata keçirilib. O, tədbirin sonunda bütün iştirakçılara təşəkkürünü bildirib və mədəni əlaqələrin möhkəmləndirilməsi, gənclərin yaradıcılıq potensialının inkişafı üçün bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyini həftəsonu - mayın 26-da qeyd etdik. Həmin gün silsilə tədbirlər keçirildi, Mədəniyyət Nazirliyi kollektivi yazıçının məzarını ziyarət etdi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində isə Xalq yazıçısının “Xurşidbanu Natəvan” pyesi əsasında səhnələşdirilən eyniadlı əsəri nümayiş olundu. 

 

Ondan başlayaq ki, tamaşa öz mövzusunu  Xurşidbanu Natəvanın həyatından götürüb. İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın ən azından dahi fransız yazar Aleksandr Düma ilə şahmat oynaması epizodu onun kəşməkeşli və bol macəralı həyayından xəbər vermirmi? 

Səhnə əsərində Natəvanı səciyyələndirən əsas xüsusiyyət onun xalqla olan birliyi, xalq haqqındakı fikir və düşüncələridir. Onun doğma torpağa, bu torpağın əsl sahibi olan zəhmətkeş xalqa dərin məhəbbət hissləri təkcə Qarabağ hüdudları ilə qapanıb qalmır. İranın şahlıq quruluşunun əsarətində Cənubi Azərbaycan əhalisinin taleyi də onu həmişə düşündürür. Natəvan xalqın vəziyyətini yaxşılaşdırmaq üçün yollar arayır, əlindən gələni etməyə çalışır.

Onun həm də incə insani duyğuları məharətlə tərənnüm etmək bacarığına malik istedadlı bir şairə olduğu da tamaşada diqqət mərkəzindədir.

 

Tamaşanın nümayişindən əvvəl çıxışlar oldu. İlk olaraq Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə çıxış etdi, görkəmli ədibin həyatı və zəngin yaradıcılığı, ədəbiyyatımıza verdiyi töhfələrdən danışdı. O, İlyas Əfəndiyevin ötən əsrin 60-cı illərindən etibarən Azərbaycan dramaturgiyasında, teatrında yeni bir mərhələnin başlanğıcını qoyduğunu bildirdi.

M.Əlizadə qeyd etdi ki, görkəmli ədibin 20 pyesindən 19-u Milli Dram Teatrında tamaşaya qoyulub, həmin dövrdə mövcud olmuş mənəvi problemlər onun dramaturgiyasında öz əksini tapıb.

Daha sonra Xalq artistləri Mərahim Fərzəlibəyov, Bəsti Cəfərova və Firəngiz Mütəllimova İlyas Əfəndiyevlə bağlı xatirələrini bölüşdülər. 

Qeyd olundu ki, Azərbaycan dramaturgiyasının və nəsrinin qüdrətli nümayəndəsi kimi tanınan İlyas Əfəndiyev teatrımıza çox böyük töhfələr verib. Görkəmli ədib Azərbaycan səhnəsində lirik-psixoloji dramın əsasını qoyub. Eyni zamanda, qeyd olundu ki, İlyas Əfəndiyev öz əsərlərində vətənpərvərlik kimi hissləri də  aşılayıb. Onun əsərləri hələ neçə-neçə nəsillər üçün işıq olacaq, hələ uzuz illər teatrlarımızın repertuarından düşməyəcək. 

 "Xurşidbanu Natəvan" tamaşası bu dəfə də bol tamaşaçı alqışı qazandı. 

Səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru mərhum Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi və işıq rəssamı Rafeal Həsənovdur.

O ki qaldı, aktyor heyətinə, Xalq artistləri Məleykə Əsədova, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Anar Heybətov, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Mirzə Ağabəyli, Kazım Həsənquliyev, Elnar Qarayev, Əlvida Cəfərov, Ayşad Məmmədov, Elşən Rüstəmov və digər aktyorlar iştirak edirdilər. 

Məleykə Əsədova həqiqətən də Natəvan obrazını çox canlı oynadı. 

Ünlülər unudulmaz. İllər ötsə belə xatırlanar. Xan qızı Natəvan da eləcə!

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində silsilə tədbirlər keçirilir. Müstəqillik Günü ərəfəsində təşkil edilən konsertlərdən biri də Avstriyanın Baden şəhərində baş tutub.

 

AzərTAC xəbər verir ki, tanınmış bəstəkar, cazmen, Xalq artisti Cəmil Əmirovun rəhbərlik etdiyi “Savab” caz qrupu Baden şəhərinin mərkəzində yerləşən Musiqi pavilyonunda açıq səma altında konsert proqramı ilə çıxış edib. Konsert Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Baden Şəhər Bələdiyyəsinin əməkdaşlığı əsasında təşkil olunub.

Baden Şəhər Bələdiyyəsində Mədəniyyət idarəsinin rəhbəri professor Hans-Qerd Ramaxer konsertdən öncə çıxış edərək, təmsil etdiyi qurumla Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlığın artıq ənənə xarakteri aldığını bildirib. O, uğurlu əməkdaşlığa görə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımovaya minnətdarlığını çatdırıb. Həmçinin diqqətə çatdırılıb ki, peşəkar Azərbaycan musiqiçilərinin təqdim etdiyi konsert proqramları yerli musiqisevərlər tərəfindən yüksək qiymətləndirilir.

Qeyd edilib ki, Baden şəhərində yerləşən, 52 hektar ərazini əhatə edən kurort Avropada ən böyük kurort parklarından biridir və salındığı 1792-ci ildən bəri təbiət, istirahət və mədəniyyət burada ön planda dayanır. Kurortun ərazisindəki musiqi pavilyonunda hər il yaz-yay mövsümündə klassik konsertlər təşkil edilir və ənənəvi olaraq musiqisevərlər açıq səma altındakı bu konsertləri seyr etmək üçün müxtəlif yaşayış məntəqələrindən buraya üz tuturlar.

Tədbirin bədii hissəsində Əməkdar İncəsənət Xadimi Cəmil Əmirovun rəhbərlik etdiyi “Savab” caz qrupu Azərbaycan bəstəkarlarının əsərləri əsasında etnocaz proqramı ilə çıxış edib. Konsertdə Əməkdar artist Mircavad Cəfərov (ud), Tofiq Cabbarov (perkussiya), Elvin Bəşirov (zərb), Coşqun Sadıqov (balaban, tütək) və Ruslan Hüseynovun (bass) ifaları böyük alqışlarla qarşılanıb. Ud, balaban və tütəyin ifasında özünəməxsus caz improvizasiyaları xüsusilə diqqəti çəkib.

Qeyd edək ki, Vyanadan cəmi 25 kilometr məsafədə yerləşən füsunkar Baden şəhəri Vyana sakinlərinin, ələlxüsus da bəstəkarların sevimli gəzinti və istirahət məkanı olub. Betxoven və Motsart kimi dahi bəstəkarlar bu şəhərdə yay tətillərini keçirmişlər. Bu şəhərdə klassik musiqiyə ənənəvi olaraq böyük diqqət göstərilib. Şəhərin sakinləri və qonaqları yaz-yay mövsümündə açıq səma altında keçirilən konsertləri diqqət mərkəzində saxlayırlar.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günlərdə “Elm və təhsil” nəşriyyatında Qazaxıstan Yazıçılar Birliyinin və Türk Dünyası Yazarlar Birliyinin sədri, Qazaxstanın Dövlət mükafatı laureatı, YUNESKO-nun Mədəniyyət və İncəsənət Akademiyasının həqiqi üzvü, görkəmli qazax şairi Uluğbek Esdauletin “Dağların və çöllərin nəğmələri” adlı şeirlər kitabı işıq üzü görüb. 

Dünya çaplı türk şairi və ictimai xadimi Oljas Süleymenovun “Şair Uluğbek” adlı Ön Sözü ilə açılan kitabı Azərbaycan türkcəsinə orjinaldan tanınmış şair-tərcüməçilər Elxan Zal və İbrahim İlyaslı çeviriblər. 

Nəfis tərtibatla çap olunmuş kitabda şairin şeirləri Azərbaycan və Qazax dillərində qoşa yer alıb. Bu cür nəşr Azərbaycanda ilklərdəndir. Hər iki dili bilən oxucular, eyni zamanda tərcüməni də dəyərləndirə biləcəklər. Kitab Mahmud Kaşqari adına Beynəlxalq Fond tərəfindən nəşrə hazırlanıb və çap edilib.

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak etmək üçün Bakıya gələn şair Uluğbek Esdaulet eyni zamanda adı çəkilən kitabın təqdimatında iştirak edir. Nəşrin işıq üzü görməsi münasibəti ilə müəllifi və tərcüməçiləri təbrik edir və bütün Türk Cümhuriyyətlırində anoloji nəşrlərin davamlı olmasını arzu edirik.

Xatırladaq ki, Elxan Zal və İbrahim İlyaslı bu kitabdan əvvəl klassik qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin əsərlərindən ibarət “Şeirlər, poemalar, qara sözlər” kitabını da orjinaldan azərbaycancaya tərcümə etmişlər.

 

2.

Dağların və çöllərin nəğmələri

ŞAİR ULUGBEK

 

Mən Ulugbek Esdauletin poetik yaradıcılığı ilə çoxdan tanışam. Demək olar ki, keçən əsrdən, hətta son minillikdən. O, dağlarla əhatə olunmuş məşhur Zaysan gölünün sahillərində doğulub, yəni şəcərəsi oradan gəlir. Şərqi Qazaxıstanın bu ərazisi təkcə meşələri, maralları və forelləri ilə zəngin deyil, həm də heyrətamiz landşaftın poetik obrazları ilə zəngindir. Bəlkə də buna görə gənc Ulugbəyin ilk şeirləri hələ uşaqlıq illərində yaranıb. İlk kitabı isə iyirmi yaşı tamam olanda nəşr olunub.

Qazax Universitetində aldığı təhsil və Moskvadakı Ali Ədəbiyyat Kurslarında düşdüyü unudulmaz poetik mühit onun şair və tərcüməçi kimi gözəl istedadını bütünlüklə üzə çıxardı.

Ulugbek Esdaulet hazırda iyirmidən çox şeir kitabının müəllifidir, onun şeirləri dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə poetik şəkildə tərcümə olunub və bu da yekunda, təbii olaraq qardaş Azərbaycan xalqının paytaxtı Bakıda nəşr olunan kitaba çevrilib. Sevindirici haldır ki, tanınmış Azərbaycan şairləri Elxan Zal Qaraxanlı və İbrahim İlyaslı Ulugbek Esdauletin şeirlərini birbaşa orijinaldan, yəni qazax dilindən çevirmişlər. Bundan öncə bu istedadlı şairlər böyük qazax şairi Abayın və mənim şeirlərimi də Azərbaycan dilində səsləndirmişlər.

Şair Ulugbek Esdaulet bir çox beynəlxalq ədəbi mükafatların laureatıdır və 2002-ci ildə onun poetik “Kiiz kitap” (Keçə kitab) əsəri Qazaxıstan Respublikasının Dövlət Mükafatına layiq görülüb.

Ulygbek Esdaulet “Semey-Nevada” beynəlxalq antinüvə hərəkatının himninə çevrilmiş məşhur “Zamanai” mahnısının mətninin müəllifidir. Yadımdadır, mən Qazaxıstan Yazıçılar İttifaqının İdarə Heyətinin sədri olanda Ulugbek Esdaulet katib kimi gənc nasir və şairlərin yaradıcılığına rəhbərlik edərək ümumi ədəbi işimizə böyük kömək göstərirdi.

Poetik aləmdə qazandığı böyük nailiyyətlərə görə şair Ulyg- bek Esdaulet YUNESKO-nun Mədəniyyət və İncəsənət Akademiyasının həqiqi üzvü, Qazaxıstan yazıçılarının qurultayında isə yekdilliklə Yazıçılar Birliyinin sədri seçilib. Hazırda TÜRKSOY-un yaratdığı Türk Dünyası Yazarlar Birliyinin sədridir. Amma şair üçün onun poeziyası həmişə birinci yerdə gəlir, çünki poetik söz şairin mahiyyətidir.

 

Mən sözü görəndə dostlaşdım haman1,

Vurulub, ardına düşdüm hər zaman.

Sözün zəhərindən öldüm az qala,

Yenidən dirildim onun balından.

Sözdən od çıxardım, təam bişirdim,

Silaha çevirib düşmən kəsirdim.

Sözü bayraq edib fəthlərə getdim,

Sözlə bağışladım, sözlə qətl etdim.

Mən sözə inandım, sözlə sulandım,

Hər sözün uğrunda atəşə yandım.

Sözlə güllələndim, sözə yıxıldım,

Söz ilən dirildim, sözə oyandım.

 

Mən Ulugbek Esdauletin şeirlər toplusunun Azərbaycanda, böyük Nizaminin vətənində yeni nəşrini alqışlayıram. Bu toplunun gələcək oxucularını isə şairlərin əsil şeirlərini oxumağa və yenidən oxumağa çağırıram, çünki onlar, şairlər həmişə sizə - Uğurlar arzulayır!

 

 

3.

 ULUĞBEK ESDAUVLƏT

Tərcümə edən: İbrahim İLYASLI

 

Göyqurşağı

 

Elə ki, Kəbədən qalxan buludun

Yerlərə səpdiyi yağış dayandı;

Bir körpə fidan da yarpaqlarından

Şəbnəm səpələdi və yırğalandı;

 

Və budur göylərin ənginliyindən

Asdı göyqurşağın möcüzə kimi.

Al-əlvan islatdı öz haləsini,-

Zehləri anamın kilimiydi ki...

 

Qövs kimi asılıb o buludlardan,-

Altıbakanıdır sanki göylərin.

Altun sarayıdır ya da Kortkinin,

Orda ki, Tayburul yetişdirilir.

 

Şəfəqlər asılıb qızıl tac kimi,-

Doğma torpaqların əks-sədasımı?

Yoxsa asimanın yamaclarında

Tanrının gül açan təcəllasıdı?!

 

 

Biçinçilər, qum təpələri...

 

Hələ soyumayıb qum təpələri,

Saxlayıb günəşin hərarətini.

Ağaclar yuxudan ayılmayıblar,

Balaca bir kolun kölgəsindəcə,

Tər töküb, çay içir iki biçinçi.

 

Ah, necə istidir, göydən od yağır,

Ağ qumlar saxlanıb kol dibindəcə.

Kəhər milçəkləri qovur, arabir

Səhra çiçəkləri qırpır tənbəlcə.

 

Çay ilə söndürüb öz yanğısını

Beş yaşlı atını öyür qocası.

“Demək düzələcək təsərrüfatım,

Axşam bol olacaq bunun yoncası...”

 

Sentyabrın sonudu, hava da durğun,

İsti də bir yandan girinc eləyir...

Yatmamaq olarmı belə məqamda?

Qoca uzanantək yuxuya gedir...

 

Günorta yerindən günəş döşəyir,

Çıxarır corabın nəvə biçinçi.

“Kaş babam yuxudan oyanmayadı,

Papiros yandırır qocadan gizli.”

 

“Kaş babam yuxudan oyanmayaydı”,-

Deyib ləzzət ilə bir qullab alır.

Durub ürəyini dinşəyir birdən,

Dərin fikrə gedib, xəyala dalır.

 

... Hərəkətə keçir biçinçilərlə,

Əbəs cəhd eləyir deyəsən axı.

Ona ağır gəlir kəndçi həyatı,

Sanki qocalığı kənardan baxır.

 

 

Nanə

 

Tərpəndim vadilər, dərələr boyu,

Çəkdim çiyərimə nanə ətrini.

Sürüşüb yamyaşıl yarpaqlarından

Yağış muncuq kimi səpələnirdi.

 

Sən xanım-üfüqün boylan hüsnünə,

Sanki gərdəyinə çəkilib gəlin...

O nanə müşkündən bir qurtum içsən,

Həm ruhun gəncləşər, həm də ki qəlbin.

 

 

Jemeney çayı

 

Çıxb yatağından, çarpıb qayaya,

Nə coşub-daşırsan, Jemeney çayı?

Bizim qəzəbimiz bir himə bənddi,

Bəs nə vaxt bitəcək sənin harayın?

 

Sözü xoş gəlmədi yalmananlara,

ABAYı vurdular öz yerliləri.

Heç yaddan çıxarmı necə yol aldı,

Həmin il Zaysana – dönmədi geri.

 

Onu anlamayan cahilləri də

Eyninə almayıb, boş verib getdi.

Atını döndərdi Zaysan elinə,

Dərdini, qəmini tək sənə dedi.

 

Buraxmamaq üçün göz yaşı tökdü,

Yolunu kəsdilər qədirbilənlər.

Abay axtaranlar, o bir gün gələr; -

Qəzəbli dalğalar dilə gəldilər.

 

Abayın fikrində - Çölün kədəri,

Abay şeriyyatı – şən nəğmələrdi.

Onu oxuyuram, sən nə deyirsən,

Budur sahillərin əks-səda verdi?

 

Doğma Jemeneyim, sən ox misallı,

Zaman gəmi kimi şütüyür, fəqət..

Mən səni Abayla görüşdürərdim,

Əlimdə ixtiyar olsaydı, əlbət.

 

Başa çatmayıbdı hələ sorğular,

Kim deyər daşıma xalqın yükünü.

Sükut sənə yaddır, sən sükuta yad,

Rahat yaşamıram mən də bu günü.

 

 

*

 

Bizim kəndimizin göylərindəki

Ayı görməmişəm heç bir yanda mən.

O saçaqlı bulud nə gəzir axı,-

Bağlayıb yolunu hərləyə həmən.

 

Bizim kəndimizin gecələritək

Gecələr görmədim heç bir diyarda.

Qopa nallarından çılpaq atların

Qığılcım şimşəktək qaranlıqlarda.

 

Yarışa çıxardıq göydə ay ilə

Tutub buludların ətəklərindən.

At öz bildiyitək çapıb gedərdi,

Ovcum üyüşərdi cilovda birdən.

 

Eh mənim yəhərsiz uşaqlığım, hey...

Necə də əridin qaranlıqlarda.

Mən səni necə də tapdım-itirdim

Şəhərin kor olmuş səmalarında.

 

O yurdda ilk dəfə öpdüyüm qızın

Bal kimi dadı var dodaqlarımda.

Çəkib ciyərimə yovşan ətrini,

Yenə at çapaydım gecə yarıda!..

 

 

Saur dağları

 

Səninçün darıxdım, Saur dağları,

Küknar meşələri – hüsnünə dastan.

Yəqin ki, dırmaşıb zirvənə qalxan

O dəcəl oğlanı xatırlayırsan.

 

Göylə sənə doğru uçub gələrdim,

Lələk sala-sala qanadlarımdan.

Yolumu kəsəmməz heç bir aşırım,

Nə də sən dönənsən öz inadından.

 

Küknar meşələri – hüsnünə dastan,

İlin hər fəslində yaşıllıqdasan.

Qoruyur daima gözəlliyini,

Demək ilahidən belə də varsan.

Hər səni andıqca kövrəlirəm mən,

Hər dara düşəndə yaxınımdasan.

 

Bir küknar diklənib çıxır yamaca,

Kökü dərindəsə, qorxusu yoxdur.

Sənə qürur verir mavi göylərin,

Mənim duyğularım sinəmdə oxdur.

Mən səni heç zaman unutmayacam,

Unutsam çörəyin haramım olsun!

 

 

Aşınma

 

Qat-qat ovxalanıb aşınır daşlar,

Uca zirvələrdən qopur toz kimi.

Qartallar qonardı bir vaxt oraya

Zirvələr onların məskəniydi ki...

 

Durmayıb tərpəndim zirvəyə sarı

Bir sərin havada səhər obaşdan:

Zaman axarında ovulub dönüb

İlan yuvasına xınalı daşlar.

 

İlanlar özünü günə verirlər,

Bir vaxt qartalların qonduğu yerdə.

Günəşdən, küləkdən sormaq istədim:

Ömür dedikləri budurmu bir də.

 

 

Dostum Astarxana

 

Astarxan bir dəfə dost ərki ilə

Ağır əllərini çırpdı çiynimə:

İşlərin necədir, şair qardaşım,

Aulu almırsan daha eyninə?

 

Az qaldı inciyəm bu zarafatdan,

Özümü saxladım birtəhər onda.

Haqlı olduğumu bildirmək üçün

Elə deyil, - dedim, klub yolunda.

 

Astarxan dünyaya əlvida dedi,

Gedib çatammadım ancaq dəfninə.

Ürəyim ağrıdı xatırladıqca

Onun sözlərini, ancaq xeyri nə.

 

Mənə elə gəlir sağdır o dostum,

Heç doymaq olmurdu zarafatından.

Yəni doğrudanmı mən unutmuşam,

Doğma aulumu çıxarıb yaddan?

 

Bu da həqiqətdir – günlərim keçir

Dünyanın ən böyük şəhərlərində.

Şəhərdə doğulub uşaqlarım da,

Onlar nə düşünür ürəklərində...

 

Quş kimi uçuram dözməyib hərdən

Onu şəhərdən də üstün bilirəm.

Balaca aulum - “Böyük Karatap”

Səndən ayrılıb da sənə gəlirəm.

 

Astarxan, yaz gəlib, dövrənə baxsan,

Salxım söyüdlər də yaşıllaşırlar.

Gəlmişəm tək sənə etiraf edəm:

Mən doğma aulu unutmamışam!

 

 

*

 

Sentyabr sarıb hər yanı sanki,

Düzdə mürgüləyir saralan payız.

Yurta qarşısında qoyun qırxını,-

İynə ləçəkləyir burda “karıkız”.

 

Gündəlik işinə məşğul bir qarı,

Çəkilib bir küncə qamış doğrayır.

Göydə buludlardan enir elə bil,

Quşlar cövlan edir, qanad bağlayır.

 

Bir qoca tərpənir təpənin üstə,

Baxır bir damcılıq son payızına.

Əlin günlük edib bir atlı cigit,

Boylanır hörüklü noqay qızına.

 

Sükuta bələnir qaqqıltıları

Göylərə millənib uçan quşların.

Necə də tez ötdü sizin yayınız,

Ancaq neynəməli, zaman daralır.

 

Qısadır, amma ki, payız payızdır,

Quşlar, siz ki bunu xatırlayırsız.

Qazax qızları tək siz də bir zaman,

Ata yurdunuza qanadlnarsız.

 

 

Poçt göyərçini

 

Arktikanın qışı, ayı nərəsi,

Qəzaya uğramış astronavtlar...

Alaqaranlıqda donmuş bir adam,

Bir də yanında bir ağ göyərçin var.

 

Qəfəsdə darıxmış göyərçin həmən,

Adamın ovcundan havaya qalxdı.

Dövrə vura-vura hava şarıtək,

Nə səsə boylandı, nə geri baxdı.

 

Yarıb buludları lələkləriylə,

Uçdu var gücüylə ənginliklərə.

Tələsə-tələsə qanad çalaraq,

O ki var tələsdi uzaq bir yerə.

 

Qışın qütb gecəsi... və çarəsizlər,

Şaxta lap iliyə işləyir burda.

Qurbanını güdən əcəl mələyi,

Bir də bir xilaskar quş Arktikada.

 

Yarı yuxuluydu, yarı da oyaq,

Amma ki, uçurdu heç dayanmadan.

Zərif ayağında balaca məktub,

Ətrafında ruhlar... yaxşı və yaman.

 

Üfüqdən-üfüqə qarlı düzənlər,

Onu yavaş-yavaş əldən salırdı.

Göyərçin yenə də uçduqca uçur,

Bilinmir nə qədər yolu qalırdı.

 

Uçub üzəriylə buz dağlarının,

Gücünü toplayıb yüksəyə qalxdı.

İnamı söndükcə yerə dartındı,

Uca zirvələrdən torpağa baxdı.

 

Nə vaxt qurtaracaq buzlar diyarı,-

Gah küləyi, gah da bəxti qınadı.

Eh, harda qalıbdı yovşanlı çöllər,

Lap ölüm də gəlsə bundan yanadı.

 

Ürəyi çırpınır qanad çaldıqca,

Taqəti qalmayıb qanadlarının.

Şaxta, külək onu sancır ilantək,

Bu da ki, bir yandan... cadugər qarı.

 

Yığdı gözlərinə son ümidini,-

Bu da son... şaxtanın endi üzünə.

Bəzən təbiətin əzazilliyi

Nə sənə rəhm edər, nə də özünə.

 

 

Bir “dostum” var idi

 

Bir dostum var idi yaxından yaxın,

Mənə bağlanmışdı ürəkdən, candan.

Aşkara çıxınca hiyləgərliyi,

Ondan uzaq gəzib, uzaq dolandım.

 

Ona zarafatla bir şeir yazdım,

Vəssalam, ömrümə qənim kəsildi.

Köksünü qabardıb, ağzını əydi,

Onunla yoldaşlıq elə, gəl indi.

 

Mənim kələk dostum, fırıldaq dostum,

Günlərin bir günü rəisim oldu.

Məni ixtisara saldı işimdən,

Zarafat elədim və təslim oldum.

 

Baş götürüb getdim başqa bir yerə,

Düşündüm ki, ondan qurtardı canım.

Hələ harasıymış bu komedyanın,-

Burda da rəisim oldu, nə danım?!

 

Burdan da üzlüşdüm, qoy olsun deyib,

Nə bəlalar qaldı çəkməsin başım...

Hər yerdə yolumun üstünə çıxdı

Bu zalım, bu nankor dostum-yoldaşım.

 

Dünən bu dünyayla vidalaşdı o,

Duyunca oğlumu çağırıb dedim:

Vəsiyyətim budur; Yadında saxla,

Ondan aralıda məni dəfn edin.

 

İşıqlı dünyada etmədikləri

Yamanlıqlar qalır, bilir o alçaq.

Lüt-üryan xortlayıb öz qəbirindən,

Gorda məni rahat buraxmayacaq.

 

 

Çöl

 

Təpələr, vadilər - çöl dedikləri,

Burda vaxt yorulur sayrışmalardan.

Girib qaranlıqda sakit yurtaya,

Qonur gözlərinə yuxu durmadan.

 

Vaxt səndən izinmi alacaqdı ki?-

Gəldimi, nə demək, qoy gecələsin.

Nə çoxdur keçədən düzəlmiş yurtlar,

“Qoy yurd-yuvasızlar biraz dincəlsin...”

Onsuz da tətikdə durub çobanlar!

 

 

Şəkillərdə: 

Uluğbek Esdaulet, kitabın cildi (qapaq şəkli); İbrahim İlyaslı və Elxan Zal Qazaxıstanda;  böyük Abay (iç şəkillər).

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Tariximizdə elə böyük şəxsiyyətlər olub ki, dirçəlişimizdə, inkişafımızda onlara borcluyuq. Və bu sırada bir ad da var: Abbas Səhhət! 

Bu şəxs Azərbaycan ədəbi-ictimai fikri tarixində şair, tərcüməçi, şeir nəzəriyyəçisi və nasir kimi qalıb. Amma o, dövrünün böyük maarifçisi idi. Elmə, təhsilə, maarifə çağırış onun yaradıcılığında qırmızı xətt kimi keçir. Azadlığı bəşəriyyətin ən gözəl mənəvi neməti hesab edir, bütün xalqların firavanlığını və xoşbəxtliyini onların azad yaşamasında görürdü.

Və bu gün Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair, həkim, görkəmli müəllim və maarifçi Abbas Səhhətin anadan olmasının 150-ci ildönümü tamam olur.

Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. 1900-cü ildə Tehran Universitetinin Tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı, məktəblərdə Azərbaycan dilindən dərs deyir.

İlk şeirini 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirmiş A.Səhhət sonralar da Azərbaycan dövri mətbuatında şeir, məqalə və hekayələrlə çıxış edir. Onun şeiriyyətinin əsas mövzusu vətən idi.

 

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim…

…Anadır hər kişiyə öz vətəni,

Bəsləyib sinəsi üstündə onu, - deyən şair vətənin müqəddəsliyinin tərifini yazmışdır. Şeirin hər misrasında vətən məfhumunun insan həyatı üçün nə qədər vacib olduğu isbat olunur. Əgər vətən mövzusunda yazılan bütün şeirlər bir yerə toplanılsaydı, heç şübhəsiz ki, bu şeir onların şahı olardı.

1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görür. “Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur.

O, Bakıda nəşr olunan bir çox jurnal və qəzetlərdə mütəmadi olaraq çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan A.Səhhət Lermontov, Puşkin, Krılov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirir.

1912-ci ildə şairin şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunur.

Şairin yaradıcılığında Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri duyulur. Türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanır, xüsusilə Tofiq Fikrət yaradıcılığına rəğbət bəsləyirdi. Dövri mətbuatdakı çıxışları arasında böyük Azərbaycan şairi, əziz dostu və məsləkdaşı Mirzə Ələkbər Sabir haqqında məqalələri xüsusi yer tutur.

Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edir, İslam dəyərlərindən imtinaya qəti etirazını bildirir və əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləyirdi.

Abbas Səhhət 1918-ci il iyulun 11-də Gəncədə vəfat edib.

Ruhu şad olsun! 

Bu isə onun şah əsəsridir ki, milyonlarla azərbaycanlını tarix boyu vətənpərvətliyə kökləyib. 

 

Könlümün sevgili məhbubu mənim,


Vətənimdir, vətənimdir, vətənim.


Məni xəlq eyləmiş əvvəlcə Xuda,


Sonra vermiş vətənim nəşvü nüma.


Vətənim verdi mənə namü nəmək,


Vətəni məncə unutmaq nə demək?!

 

Anadır hər kişiyə öz vətəni:


Bəsləyib sinəsi üstündə onu.


Südüdür ki, dolanıb qanım olub,


O mənim sevgili cananım olub.

 

Saxlaram gözlərim üstə onu mən,


Ölərəm, əldən əgər getsə vətən.


Vətənin ne’məti nisyan olmaz,


Naxələflər ona qurban olmaz.

 

Vətən – əcdadımızın mədfənidir,


Vətən – övladımızın məskənidir.


Vətənin sevməyən insan olmaz,


Olsa, ol şəxsdə vicdan olmaz.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

 

Bütün dünyada arxitekturası ilə göz qamaşdıran Fransanın məşhur “Louis Vitton” Fondunda Azərbaycanın Əməkdar artisti, pianoçu Şahin Növrəslinin solo konserti olub.

 

AzərTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, “Louis Vitton” Fondunun üzvləri, ölkənin elit təbəqəsi və aparıcı incəsənət nümayəndələri, azərbaycanlı diplomatlar və diaspor üzvləri dinləyicilər arasında olublar.

Azərbaycanın zəngin musiqi irsi xəzinəsini dünyada tanıdan Şahin Növrəsli ifası ilə bütün musiqi və caz sevərləri heyran edib. Qəlbən improvizator, ruhən akademik, kökünə görə azərbaycanlı olan Şahinin hər çıxışında barmaqlarının ucunda mədəni kimyagərlik cərəyan edir.

Onun bəstələri melodiyaların orijinallığı, güclü və kəskin harmoniyaları, həmçinin şıltaq Şərq ritmləri ilə seçilir ki, burada Amerika cazının əzəmətli və canlı təsiri də özünü göstərir.

2014-cü ildə əfsanəvi caz pioneri Əhməd Camal Şahinlə tanış olduqdan sonra onun indiyə qədər eşitdiyi ən yaxşı pianoçulardan biri olduğunu vurğulayıb. Bu iki pianoçunun sıx əməkdaşlığının nəticəsində bütün dünyada musiqisevərlərin ruhunu oxşayan - 2017-ci ildə Böyük Britaniyada “Vibe Best Jazz Album“ qalibi olmuş “Emanation” və “From Baku To New York City” albomları işıq üzü görür.

 

Şahin Növrəslinin musiqisi müxtəlif dövrlərin və müxtəlif qitələrin ənənələrini, zəngin Azərbaycan melodiyasının müasir vəziyyətini vəhdət halında birləşdirir. Şahin Növrəslinin klassik caz mövzularında improvizələri və öz kompozisiyaları onu tanınmış caz musiqiçiləri ilə bir sıraya qoyur.

 

Pianoçu və bəstəkar Şahin Növrəsli Londondakı Royal Festival Hall, Montrö Caz Festivalı, Qara Dəniz Caz Festivalı, Praqada Beynəlxalq Piano Festivalı kimi çox sayda müxtəlif festivallarda dünyanın ən böyük səhnələrində çıxış edib.

 

Xalq ritmlərimizi və böyük muğamın elementlərini özündə birləşdirən Azərbaycan caz janrı musiqi sənətində yeni cərəyan kimi, mədəniyyətimizin və incəsənətimizin populyarlaşmasının ən yaxşı üsulu hesab olunur.

 

Qeyd edək ki, ictimaiyyətə xidmət etmək missiyası ilə idarə olunan “Louis Vitton” Fondu incəsənəti və mədəniyyəti hamı üçün əlçatan etməyə sadiqdir. İncəsənəti həm milli, həm də beynəlxalq səviyyədə tanıtmaq üçün Fond müasir incəsənəti müxtəlif tədbirlər - konsertlər, tamaşalar, konfranslar, filmlər, vasitəsilə təşviq edir. Fond geniş ictimaiyyətlə dialoqa yol açan, sənət adamlarına və ziyalılara debat və düşünmə platforması təklif edən məkandır.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

 

Dövlət Tərcümə Mərkəzində son illər İspaniya və Latın Amerikası ədəbiyyatı üzrə tərcüməsi və nəşri ərsəyə gətirilmiş kitabların təqdim edildiyi “İspaniya və Latın Amerikası ədəbiyyatı bayramı” adlı bədii-musiqili mərasim keçirilib.

 

Tərcümə Mərkəzindən AzərTAC-a bildirilib ki, tədbirdə Azərbaycan dilinə tərcümə olunan əsərlərdən səsləndirilən parçalarla yanaşı, İspaniya və Latın Amerikası ölkələrinin milli musiqi və rəqsləri, eləcə də milli mətbəxləri təqdim olunub.

 

Mərasimdə çıxış edən Mərkəzin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud bildirib ki, Mərkəzi İspaniya və Latın Amerikası coğrafi baxımdan uzaq olsa da, ruhi, mənəvi cəhətdən hədsiz doğmadır. O, həmçinin bu ədəbiyyata Azərbaycanda olan sevgi və maraqdan danışıb. Xalq şairi Ramiz Rövşən İspaniya və Latın Amerikası ədəbiyyatının dünya ədəbiyyatına böyük təsir qüvvəsindən, Azərbaycan dilində ərsəyə gətirilən əsərlərin bədii tərcümə keyfiyyətindən söz açıb.

 

İspaniya və Latın Amerikası ölkələrinin rəsmi təmsilçiləri – Argentina, Çili, İspaniya, Kolumbiya, Kuba, Meksika, Venesuelanın səfirləri və müvəqqəti işlər vəkilləri Mərkəzin İspaniya və Latın Amerikası ədəbiyyatının Azərbaycanda tanıdılması istiqamətində gördüyü işlərin əhəmiyyəti barədə məlumat verib.

 

Onlar bəşəri simaların əsərlərinin tərcüməsinə və nəşrinə geniş yer ayrılmasını yüksək dəyərləndiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

Cümə, 24 May 2024 18:28

Unudulmazlar unudulmayacaq!

 

“BÜLBÜLÜN QONAQLARI" RUBRİKASINDA SƏİD RÜSTƏMOV YAD EDİLİB

 

Bülbülün Memorial Muzeyinin təqdim etdiyi "Bülbülün qonaqları" rubrikası çərçivəsində növbəti dəfə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Səid Rüstəmov yad edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına muzeydən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova Bülbül və Səid Rüstəmovun yaradıcılıq əlaqələrindən söhbət açıb. O, Səid Rüstəmovun 1932-ci ildə Bülbülün yaratdığı Elmi Tədqiqat Musiqi Kabinetindəki fəaliyyətindən, xalq mahnı və rəqslərinin, aşıq mahnılarının nota köçürülməsində göstərdiyi xidmətlərdən bəhs edib. 

Tədbirdə bəstəkarın adını daşıyan 13 nömrəli uşaq musiqi məktəbinin şagirdləri və Bülbül Vokal Məktəbinin tələbələrinin iştirakı ilə Səid Rüstəmovun "İntizar", "Alagöz", "Hardasan", "Bahar olsun", "Qaytağı", "Oxu tar", "Qurban adına", "Sərhədçilər marşı", "Fasilə marşı" əsərləri səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

 

“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir. 

 

Şəhidimiz Kinyaz Orucov Zirəddin oğlunun anası Dürdanə Orucovaya müayinə zamanı sağ gözünə mirvari suyu və  torlu qişanın total regmatogen qopması diaqnozu təyin olunub.

 

“Katarakta”, “Vitreoektomiya” və “Pnevmoetinopeksiya” əməliyyatları icra olunub. “Pnevmoetinopeksiya” əməliyyatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almadığından xərclər “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib. 

 

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının "Hesabatlar" (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.