İlyas Əfəndiyevin 110 illiyi münasibətilə “Xurşidbanu Natəvan” nümayiş olundu Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyini həftəsonu - mayın 26-da qeyd etdik. Həmin gün silsilə tədbirlər keçirildi, Mədəniyyət Nazirliyi kollektivi yazıçının məzarını ziyarət etdi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində isə Xalq yazıçısının “Xurşidbanu Natəvan” pyesi əsasında səhnələşdirilən eyniadlı əsəri nümayiş olundu. 

 

Ondan başlayaq ki, tamaşa öz mövzusunu  Xurşidbanu Natəvanın həyatından götürüb. İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın ən azından dahi fransız yazar Aleksandr Düma ilə şahmat oynaması epizodu onun kəşməkeşli və bol macəralı həyayından xəbər vermirmi? 

Səhnə əsərində Natəvanı səciyyələndirən əsas xüsusiyyət onun xalqla olan birliyi, xalq haqqındakı fikir və düşüncələridir. Onun doğma torpağa, bu torpağın əsl sahibi olan zəhmətkeş xalqa dərin məhəbbət hissləri təkcə Qarabağ hüdudları ilə qapanıb qalmır. İranın şahlıq quruluşunun əsarətində Cənubi Azərbaycan əhalisinin taleyi də onu həmişə düşündürür. Natəvan xalqın vəziyyətini yaxşılaşdırmaq üçün yollar arayır, əlindən gələni etməyə çalışır.

Onun həm də incə insani duyğuları məharətlə tərənnüm etmək bacarığına malik istedadlı bir şairə olduğu da tamaşada diqqət mərkəzindədir.

 

Tamaşanın nümayişindən əvvəl çıxışlar oldu. İlk olaraq Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə çıxış etdi, görkəmli ədibin həyatı və zəngin yaradıcılığı, ədəbiyyatımıza verdiyi töhfələrdən danışdı. O, İlyas Əfəndiyevin ötən əsrin 60-cı illərindən etibarən Azərbaycan dramaturgiyasında, teatrında yeni bir mərhələnin başlanğıcını qoyduğunu bildirdi.

M.Əlizadə qeyd etdi ki, görkəmli ədibin 20 pyesindən 19-u Milli Dram Teatrında tamaşaya qoyulub, həmin dövrdə mövcud olmuş mənəvi problemlər onun dramaturgiyasında öz əksini tapıb.

Daha sonra Xalq artistləri Mərahim Fərzəlibəyov, Bəsti Cəfərova və Firəngiz Mütəllimova İlyas Əfəndiyevlə bağlı xatirələrini bölüşdülər. 

Qeyd olundu ki, Azərbaycan dramaturgiyasının və nəsrinin qüdrətli nümayəndəsi kimi tanınan İlyas Əfəndiyev teatrımıza çox böyük töhfələr verib. Görkəmli ədib Azərbaycan səhnəsində lirik-psixoloji dramın əsasını qoyub. Eyni zamanda, qeyd olundu ki, İlyas Əfəndiyev öz əsərlərində vətənpərvərlik kimi hissləri də  aşılayıb. Onun əsərləri hələ neçə-neçə nəsillər üçün işıq olacaq, hələ uzuz illər teatrlarımızın repertuarından düşməyəcək. 

 "Xurşidbanu Natəvan" tamaşası bu dəfə də bol tamaşaçı alqışı qazandı. 

Səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru mərhum Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi və işıq rəssamı Rafeal Həsənovdur.

O ki qaldı, aktyor heyətinə, Xalq artistləri Məleykə Əsədova, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Anar Heybətov, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Mirzə Ağabəyli, Kazım Həsənquliyev, Elnar Qarayev, Əlvida Cəfərov, Ayşad Məmmədov, Elşən Rüstəmov və digər aktyorlar iştirak edirdilər. 

Məleykə Əsədova həqiqətən də Natəvan obrazını çox canlı oynadı. 

Ünlülər unudulmaz. İllər ötsə belə xatırlanar. Xan qızı Natəvan da eləcə!

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.