Parisdə “Louis Vitton” Fondunda azərbaycanlı pianoçunun solo konserti olub

 

Bütün dünyada arxitekturası ilə göz qamaşdıran Fransanın məşhur “Louis Vitton” Fondunda Azərbaycanın Əməkdar artisti, pianoçu Şahin Növrəslinin solo konserti olub.

 

AzərTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, “Louis Vitton” Fondunun üzvləri, ölkənin elit təbəqəsi və aparıcı incəsənət nümayəndələri, azərbaycanlı diplomatlar və diaspor üzvləri dinləyicilər arasında olublar.

Azərbaycanın zəngin musiqi irsi xəzinəsini dünyada tanıdan Şahin Növrəsli ifası ilə bütün musiqi və caz sevərləri heyran edib. Qəlbən improvizator, ruhən akademik, kökünə görə azərbaycanlı olan Şahinin hər çıxışında barmaqlarının ucunda mədəni kimyagərlik cərəyan edir.

Onun bəstələri melodiyaların orijinallığı, güclü və kəskin harmoniyaları, həmçinin şıltaq Şərq ritmləri ilə seçilir ki, burada Amerika cazının əzəmətli və canlı təsiri də özünü göstərir.

2014-cü ildə əfsanəvi caz pioneri Əhməd Camal Şahinlə tanış olduqdan sonra onun indiyə qədər eşitdiyi ən yaxşı pianoçulardan biri olduğunu vurğulayıb. Bu iki pianoçunun sıx əməkdaşlığının nəticəsində bütün dünyada musiqisevərlərin ruhunu oxşayan - 2017-ci ildə Böyük Britaniyada “Vibe Best Jazz Album“ qalibi olmuş “Emanation” və “From Baku To New York City” albomları işıq üzü görür.

 

Şahin Növrəslinin musiqisi müxtəlif dövrlərin və müxtəlif qitələrin ənənələrini, zəngin Azərbaycan melodiyasının müasir vəziyyətini vəhdət halında birləşdirir. Şahin Növrəslinin klassik caz mövzularında improvizələri və öz kompozisiyaları onu tanınmış caz musiqiçiləri ilə bir sıraya qoyur.

 

Pianoçu və bəstəkar Şahin Növrəsli Londondakı Royal Festival Hall, Montrö Caz Festivalı, Qara Dəniz Caz Festivalı, Praqada Beynəlxalq Piano Festivalı kimi çox sayda müxtəlif festivallarda dünyanın ən böyük səhnələrində çıxış edib.

 

Xalq ritmlərimizi və böyük muğamın elementlərini özündə birləşdirən Azərbaycan caz janrı musiqi sənətində yeni cərəyan kimi, mədəniyyətimizin və incəsənətimizin populyarlaşmasının ən yaxşı üsulu hesab olunur.

 

Qeyd edək ki, ictimaiyyətə xidmət etmək missiyası ilə idarə olunan “Louis Vitton” Fondu incəsənəti və mədəniyyəti hamı üçün əlçatan etməyə sadiqdir. İncəsənəti həm milli, həm də beynəlxalq səviyyədə tanıtmaq üçün Fond müasir incəsənəti müxtəlif tədbirlər - konsertlər, tamaşalar, konfranslar, filmlər, vasitəsilə təşviq edir. Fond geniş ictimaiyyətlə dialoqa yol açan, sənət adamlarına və ziyalılara debat və düşünmə platforması təklif edən məkandır.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.