ADA Universitetində Müstəqillik Günü ilə bağlı sərgi və konsert təşkil edilib

ADA Universitetində Azərbaycanın qeyri-maddi irsinə və 28 May – Müstəqillik Gününə həsr olunmuş sərgi və konsert keçirilib. Həm tələbələrin, həm də geniş ictimaiyyətin diqqətini cəlb etmiş tədbirin təşkilatçıları “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və ADA Universitetidir.

 

AzərTAC xəbər verir ki, sərginin təşkilində əsas məqsəd Azərbaycanın incəsənətinin və zəngin mədəni irsinin təbliği, xalqımızın qədim ənənələrinin nümayiş etdirilməsidir.

Ekspozisiyaya milli mədəni irsin qədimliyini və müxtəlifliyini əks etdirən müxtəlif rəssamların 20-dən çox əsəri daxil edilib. Müəlliflər Eldar Babazadə, Röya Həsənova, Məryəm Kiblayeva, Leyla Orucova, Nailə Aslanova, Sevda Rüstəmova, Nigar Əliyeva, Elşən Rzazadə, Afaq Əkbər, Nailə Məhərrəmova, Vüsalə Şərifova, Nigar Familsoy, Leyla Muradova ölkənin aparıcı universitetlərindən birinin divarları arasında unikal yaradıcılıq mühiti yarada biliblər.

Eksponatlar arasında ölkənin müxtəlif bölgələrindən toxucuların bənzərsiz ənənələrini və sənətkarlığını nümayiş etdirən xalçalar xüsusi yer tutub. Təqdim olunan xalça kolleksiyası “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə Eldar Hacıyev tərəfindən yaradılıb.

Tədbirin davamında ADA Universitetinin tələbələri və Xalq artisti Zəhra Quliyevanın rəhbərliyi ilə “Detaşe-Sabah” skripkaçılar ansamblının konserti baş tutub.

Təşkilatçılar qeyd ediblər ki, təhsil müəssisələrində bu cür tədbirlərin keçirilməsində məqsəd gənclərin diqqətini sənətə cəlb etmək və ölkələrinin mədəni ənənələrinin öyrənilməsinə və qorunub saxlanılmasına marağını stimullaşdırmaqdır.

Layihə Dadaş Məmmədovun rəhbərliyi ilə həyata keçirilib. O, tədbirin sonunda bütün iştirakçılara təşəkkürünü bildirib və mədəni əlaqələrin möhkəmləndirilməsi, gənclərin yaradıcılıq potensialının inkişafı üçün bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.