Super User

Super User

Çərşənbə axşamı, 27 Fevral 2024 14:30

II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri məlum olub

Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin(ANAİB) əsas təşkilatçılığı, MədəniyyətNazirliyi və Təhsilin İnkişafı Fondunun (TİF) təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və ASAN Könüllülərinin təşkilati dəstəyi ilə II Kitabqurdu PayıOxu Marafonunun final mərhələsi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı ANAİB-ə istinadən xəbər verir ki, yarış Hədəf Şirkətlər Qrupunun baş ofisində reallaşıb. Tədbiri giriş sözü ilə açan ANAİB sədri Şəmil Sadiq marafonun təşkilindəki məqsəddən danışıb. Bildirib ki, əsas məqsəd yerli yazıçıların təbliği, kitab bazarının dirçəldilməsi və mütaliəyə təşviqdir.

Sədr öz çıxışı zamanı təşkilatçı və dəstəkçi qurumlara təşəkkür etməyi də unutmayıb.

TİF-in əməkdaşı Hüseyn Hüseynli, ASAN Könüllülər təşkilatının sədr müavini Ayşən Camalova, AGMA sədri Səkinə Həsənli də öz növbələrində bu marafonların, yarışların təşkilində maraqlı oduqlarını qeyd edib, iştirakçılara uğur arzulayıblar.

Daha sonra marafonun münsiflər heyətinin üzvləri – “Qədim Qala” nəşriyyatının direktoru Şöhlət İftixaroğlu, “Parlaq İmzalar” nəşriyyatının diurektoru Nurman Tariq, “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy çıxış edərək marafonun qaydalarını izah ediblər.

Marafon müəlliflərindən olan Elçin Əzimli, Kənan Hacı, Xan və Elay öz çıxışlarında iştirakçılara uğurlar diləyib, kitablarına göstərilən etimad üçün təşəkkürlərini çatdırıblar. Çıxışlardan sonra gərgin final oyunu start götürüb.

İki mərhələdən ibarət finalın sonunda qaliblər məlum olub:

- I yer: Ülviyyə İsrafilova;

- II yer: Aytən Məmmədova;

- III yer: Kəmalə Tağıyeva.

 

1 oktyabr – 1 yanvar tarixlərində davam edən marafonun qalbiləri müvafiq olaraq 3000, 2000 və 1000 AZN məbləğində mükafat qazanıblar.

Qeyd edək ki, yarımfinal mərhələsində on iştirakçı yarışıb, onlardan dördü final mərhələsinə keçib.

Yarımfinal mərhələsinə keçən iştirakçılar bunlardır:

Aişə Əhmədova

Aytən Məmmədova

Elxaz Hacıyev

Firuz Musayev

Kamran Qasımov

Kəmalə Tağıyeva

Şüküfə İbrahimova

Ülviyyə İsrafilova

Vüsalə Məmmədova

Yeganə Abdullayeva

Final mərhələsinə keçən iştirakçılar bunlardır:

Aytən Məmmədova

Kəmalə Tağıyeva

Ülviyyə İsrafilova

Yeganə Abdullayeva

Əlavə məlumat üçün qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi Bakı Kitab Sərgisində baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

Çərşənbə axşamı, 27 Fevral 2024 13:30

İçimdəki fırtınam - ESSE

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Çox təəssüf ki, bu hökmə tabeyəm. Hər dəfə sənin bu tilsimlərin məni çaşbaş, acizanə halə gətirir. Sən hər nə qədər bu tilsimlərdən istifadə etsən belə, ürəyimə qətiyyən təsir edə bilməzsən. 

Zahiri susqunluğum hər nə qədər çox görünsə də, daxilən içimdəki təlatümü, şıltaq hiss və düşüncələrimi, içimdəki fırtınamı gözlərimi izləyərkən dinləyə bilərsən. 

Hər nə qədər iztirablı, ağır və məşəqqətli bir yola səyyah, dərviş kimi çıxsam belə, həqiqi mənin axtarışını davam etdirib, ruhsal azadlığa və sənin hiyləgər tilsimlərinin təsirsizliyinə də əlbətt bir gün nail olacağam. Çünki, batinimdəki işıq toxumlarını hər gün ümid damlaları ilə suvararaq inanıram ki, bir gün boy atıb ümid işığına qovuşacaqlar...

Beləliklə də, mən də zahiri yoxluğu dadsam belə, daxili, ruhsal azadlığa qovuşacağam.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

Çərşənbə axşamı, 27 Fevral 2024 13:00

Xoş gəldin, ŞEİR...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Sosial şəbəkədəki səhifəsində yazılıb ki, “Azərbaycan Müəlliflər İctimai Birliyi”-ndə və Niyazi adına Uşaq Musiqi məktəbində işləyir, fortepiano müəllimidir. Bir də yazılıb ki, Asəf Zeynallı adına Musiqi kollecini, sonra da Azərbaycan Milli Konservatoriyasını bitirib. Soyadı Bayramlı, adı isə Aygün xanımdır. Vəssalam... 

 

Dünən bir şeiri səhifəmə təşrif buyurmasaydı, yəqin ki, bunları da bilməzdim. Şeri oxudum və zövq aldım. Poetik dili o qədər gözəldir ki, haqqında danışmaya bilməzdim:

 

İlahi, bizi azad yaratmısan,

Bəs niyə zəncirlənib əllərimiz?

Niyə hasar içindədi ruhumuz?

Niyə qıfıllanıb qəlbimiz?

 

Qır bu zəncirləri,

Yıx hasarı, Allah.

Ver açarı!

Mən azad ölmək istəyirəm!

 

Görün bu şeir necə də qeyri adidir. Bədii dili, poetikası yerindədir, özünəməxsus koloriti, saflığı və üslubu ilə diqqəti cəlb edir. Qarşıma çıxan “Kaş ki” adlı daha bir şeirini oxuyuram:

 

Dərin-dərin səmaların

Buludu olaydım kaş ki…

 

Hamı gedərdi işinə,

Unudulaydım kaş ki...

 

Ya səmanın qucağında

Quşa dönəydim, uçaydım...

Ya da bir ulduz olaydım,

Səhər sönəydim kaş ki...

 

Bəlkə, başı göyə çatan

Ağac olaydım bircə gün.

Yazda hər yer yaşaranda,

Quruyaydım kaş ki...

 

Heç kəsin yaşamadığı

Bir ev olaydım bir saat,

Divarında köhnə saat kimi

Geri qalaydım kaş ki...

 

Bu beş günlük dünyanın elə bil ki,

Ucsuz-bucaqsız yaşamı var,

Yapışmışıq yaxasından ikiəlli.

Bu dünyanın yaxasından yapışan iki əlin

biri olaydım kaş ki…

 

Gözəl! Ruhu oxşayan, düşündürən, mücərrəd fəlsəfəsi olan, fərqli-fərqli düşüncələrdə müxtəlif cür mənalanan- yozulan şeir…

Fəhmin İlahidən güc alsın, ilhamın heç zaman susmasın, Aygün Bayramlı!..

Xoş gəldin, ŞEİR...

Yeri gəlmişkən, biri var ŞAİR, biri də var NƏZMKAR. Şair şeir yazır, nəzmkar isə sözləri nəzmə çəkir…

 

“Ədəbiyyat və incəənət”

(27.02.2024)

Çərşənbə axşamı, 27 Fevral 2024 12:45

BİR ŞƏKLİN TARİXÇƏSİ - Qiyaslıdakı dağılmış ev

“Ədəbiyyat və incəsənət” portalı yazıçı, pedaqoq Nemət Tahirin şəkil yazısını təqdim edir. 

 

Atamla kədimizə - Qiyaslıya getmişdik. Son dəfə evimizin qalıqları ilə şəkil çəkdirdik.

Bu adi şəkil deyil. Bu şəkli çəkdirmək üçün 30 il gözlədik, çəkmədiyimiz əziyyət, görmədyimiz müsibət qalmadı:

Biz kənddən çıxanda ata-anamın min bir əziyyətlə təzəcə tikdirdiyi 5 otaqlı gözəl evimiz, meyvə bağımız var idi.

Biz kənddən çıxanda atam indiki məndən balaca idi.

Biz kənddən çıxanda ailəmiz 5 nəfər idi. İndi 2 nəfər qayıtmışıq...

Torpaq həsrəti ilə torpağa qovuşanların, bizi kəndimizə qaytaranların ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün şeir vaxtıdır, sizlərə Hafiz Hacxalılın şeirləri təqdim ediləcək.

Hafizin şeirləri fərqlidir, oxunaqlıdır, həm də düşündürücüdür. Təqdim etdiyi lirik etüdlər sanki tamaşa edirmişsən kimi canlıdır. Onun bir cümləlik şeirləri isə bir poetik yenilikdir.

Kəsilmiş ağacların ağrısının göyərməyinə yaz deyilir.

 

***

 

İlahi, bu adamlar

Çətin insan olalar.

 

 

***

 

Bu nə nəfəs, bu nə səsdi,

Dinləyin, Qədir oxuyur.

Oxumur ki, inildəyir,

Bağrını didir, oxuyur.

 

Ürək yara, can yarımcan,

Sona yetər həsrət haçan?

Xəyalında Şuşayacan,

Ağdama gedir, oxuyur.

 

Düşünərək sonumuzu,

Sağımızı, solumuzu,

Qardaş, ölən ruhumuzu

Bu səs dirildir, oxuyur.

 

Göydə uçan quşları da,

Gözümüzdə yaşları da.

Biz ürəyi daşları da

Bu səs əridir, oxuyur.

 

 

***

 

Bir ürək nəğməsi, bir könül şeiri,

Bir qaya üstündə bitən gül şeiri,

Şəhid məzarına qərənfil şeiri

Yaza bilmirəmsə, haram şairdi?..

 

Ömür bir əsimlik ötəri yeldi,

Ürək bənd uçuran bir dəli seldi,

Dərdim telli sazda “Baş sarıtel”di,

Ağrım müğənnidir, yaram şairdir.

 

 

BƏNÖVŞƏ

 

Yerindən, yurdundan oynatdım səni,

Gətirib dibçəyə əkdim, bənövşə.

Bir də boynun bükük qalmasın deyə,

Mən özüm nazını çəkdim, bənövşə.

 

Bir anlıq sevincə qaldım tamarzı,

Kədərsiz dinmədi könlümün sazı,

Sən yazı gözlədin, mən də o qızı,

Gözümü yollara dikdim, bənövşə.

 

Əsl aşiq olan haqdan dərd dilər,

Yeriməz, yüyürməz yükü dərdli nər,

Bizə bənzəyirmiş bütün dərdlilər,

Çökdükcə içimə çökdüm, bənövşə.

 

Dost gülsün, düşmənlər gülməsin deyib,

Güldüm gülüşümdə qəmi gizləyib,

Sevgimin, sevdamın gözünü, heyif,

Özüm öz əlimlə tökdüm, bənövşə.

 

Of, getdi gəncliyim hara, bilmədim,

Bu dərdlərdən can qurtara bilmədim,

Özümə bir yuva qura bilmədim,

Özgəyə min yuva tikdim, bənövşə.

 

 

***

 

Hər yerdə göyərçin var, amma dünyanın heç yerində sülh yoxdur.

 

 

***

 

Allah, sən qara qızları

Ağlara möhtac eyləmə.

 

 

***

 

Bəxtə düşən günə ömürdən demə,

Üzərlik nəfəslim, mənim qar ağım.

Sənsiz gecələrin mürəkkəbinə

Batıb qaralanır ömür varağım.

 

 

BİR QIZIN DEDİKLƏRİ

 

Saç ürəkdən su içirmiş,

Gözəl dedin, zalım qızı.

Bəlkə, elə ona görə

İllərdir ki, unutmadım

Uzun saçı ürəyindən

Su içən bir vəfasızı.

 

 

***

 

Səndən gələn dərdə şükür deyirəm,

Ürəyim bu dərdi çəkir, deyirəm,

Hər gün gözlərimə əklil deyirəm,

Gətirib qoyuram sən gələn yola.

 

 

***

 

Kəsilmiş ağacların ağrısının göyərməyinə yaz deyilir.

 

 

ALÇA AĞACINA

 

Qışdan sağ çıxıbsan, alça ağacı,

Mübarək bu yaşıl yarpaqların da!

Dünyanın ağrısı asılıb sanki

Hələ bərkiməyən budaqlarında.

 

Bu nədir, üzündə bıçaq yeri var?

Gözlərin min yerdən ağlayır sənin.

Körpə budağını qıran uşaqlar

Bilmir ki, ürəyin ağrıyır sənin?

 

Səni bura əkən ölübmü, sağmı?

Hər iki dünyada rəhmət qazanıb.

Ötən günlərini qaytaracaqmı

Dünyanın qaynayan zaman qazanı?

 

Nə vaxt çiçəklərin çevrilər bara?

Torpaqdan güc alıb böyü, ağacım.

Sən ümid eyləmə bu adamlara,

Yıxılıb dünyanın evi, ağacım.

 

Həyat əkir bizi dən-dən torpağa,

Kasıbı, varlısı çoxdu, inanın.

Anamız torpağa, Vətən torpağa,

Sizdən vəfalısı yoxdu, inanın.

 

 

DAĞLAR

 

Sizə gələn bu yolları

Yağı kəsib, yağı, dağlar.

Gözlərimdə yaşa dönüb

Ürəyimin yağı, dağlar.

 

Qatlanıbdı nər dizlərin,

Qan göyərdir gül düzlərin,

Gəl-gəl deyir nərgizlərin,

Gələmmirəm axı, dağlar.

 

Öldürəcək xiffət məni,

Əridibdi bu dərd məni.

İllərdir ki, həsrət məni

Hey yandırıb-yaxır, dağlar.

 

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

 

Çərşənbə axşamı, 27 Fevral 2024 12:15

Şəhidlər barədə şeirlər – Niftalı Mehdili

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Şükürlüyə həsr edilmiş şeirlə tanış olacaqsını

 

NİFTALI QNYAZ OĞLU MEHDİLİ

(15.05.1996.-16.10.2020.)

 

Ucar  rayonunun Bərgüşad  kəndindən olan,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin  şəhidi

 

 

NİFTALI - DƏMİR ADAM

 

Ləyaqətli  kişinin

İgid, qəhrəman oğlu,

Doğma elin-obanın

Şöhrət oğlu, şan oğlu.

 

Bir ömür yaşadın ki,

Hər kəsə qismət olmaz.

Ürəksizə, qorxağa

Heç zaman hörmət olmaz.

 

Səni döyüş dostların

Anırlar məhəbbətlə.

Deyirlər :  “-Döyüşürdü

Düşmənlərlə  cürətlə.

 

Nə qədər kafirləri

Məhv etmişdi qorxmadan.

Biz də ona deyirdik

“Niftalı-dəmir adam.”

 

Bir şərəfli yol keçdin,

Hamıya örnək bir yol.

Bu,  sənin  taleyindir,

Oldun, Vətənə oğul.

 

Anan  Şirmayə xanım,

Atan Qnyaz sağ olsun.

Bərgüşadı  tanıdan

Oğul, üzün ağ olsun.

 

Rahat uyu,  Niftalı,

Alınıb intiqamın.

Ucadan ucadasan,

Cənnətlikdir məqamın.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

 

 

 

Çərşənbə axşamı, 27 Fevral 2024 12:00

UĞUR QAZANDIRAN KİTABLAR – Robin Şarma, «Titulsuz lider»

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

 

Robin Şarma «Titulsuz lider»

Uğur qazanmağın, lider olmağın sirlərini motivasiya, liderlik və şəxsiyyətin inkişafı üzrə ən məşhür Amerika mütəxəssisi, əslən Kanadadan olan Robin Şarmadan, onun bu kitabından öyrənmək çox effektiv hesab olunur. Təsəvvür edin ki, bu şəxs Microsoft, IBM kimi dünyanın ən nüfuzlu və gəlirli şirkətlərinin, Yel Universitetinin, ABŞ-ın Qırmızı Xaç Cəmiyyətinin məsləhətçisidir.

Hazırda, xüsusən, gənclik Robin Şarmanı sevə-sevə oxuyur. Mən şəxsən Bakı şəhərində ən müxtəlif auditoriyalarda, ictimai nəqliyyatda əlində bu müasirimiz olan motivasiya spikerinin kitablarını tutmuş gənclərlə mütəmadi rastlaşıram.

Növbəti hissələrdən birinə mütləq Robin Şarmanın insanlığa xitabən yönələn qiymətli kəlamlarından seçdiyim 30-luğu təqdim edəcəyəm.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

 

 

Çərşənbə axşamı, 27 Fevral 2024 11:45

Kitabın kitabı bağlanmasın deyə…

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“İnsan özü özünün həkimi olmasa dünyanın bütün həkimləri yığışsa, onun dərdinə əlac edə bilməz..."

Bilal Alarlı

 

*

Filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı ölkənin fədakar alimlərindən biridir. Əlindən yaxşılıq etməkdən başqa heç nə gəlmir. Çox işlər görüb, cənubla bağlı sanballı əsərlər ortaya qoyub. Onlardan ikisi də Yardımlı rayonu ilə bağlıdır. "Viləş çayı boyunca" kitabında müxtəlif yaradıcı yardımlılar barəsində qələmə aldığı yazıları bir yerə toplayıbsa, "Yardımlı rayonunun folklor örnəkləri" kitabında isə, həmin bölgəyə xas olan folklor nümunələri öz əksini tapıb...

 

Sözüm Yardımlının nüfuz sahiblərinə, iş adamlarına, imkanlı şəxslərinədir. Bu kişi, artıq rayonumuzla bağlı təmənnasız olaraq iki kitab ərsəyə gətirib. Hazırda "Yardımlı rayonunun folklor nümunələri" kitabının ikinci  cildi çapa hazırdır. Maddi yardıma ehtiyac var. Yığışıb kitabın çap xərclərini ödəmək lazımdır... 

O vaxt mən müəllifin "Viləş çayı boyunca" kitabı təzə-təzə çıxanda çox adama müraciət elədim, heç kim yaxın durmadı. Axır əlacsız qalıb rayonun sabiq rəhbəri Sevindik Hətəmova ağız açdım ki, kitabdan heç olmasa 20-30-nu alsın ki, rayonda da olsun. Sağ olsun, təkcə o tutdu müəllifin əlindən. 

Cənablar, imkansızlara payladığınız ərzaqlar yeyilib qurtarır, hələ üstündən su da içilir, amma kitablar gələcək nəsillərə miras qalacaq...

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

Çərşənbə axşamı, 27 Fevral 2024 11:30

Hər halda, nədir axı əsl sevgi? - AKTUAL

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

Qayğısızlıq, sevgisizliklə böyümək bu dünyadakı ən ağır və aciz hissdir bəlkə də. Bayaq rastıma "Susan Qadın" kitabından bu parça çıxdı və sanki birdən-birə içimdə bir boşluq yarandı.

Dünya sevgi üzərinə qurulub, amma insanlar sevgisizliklə böyüyür. Valideynlər övladları  olacağını eşidəndə qurbanlar deyir, bayramlar keçirir, lakin sonra hər kəsə güvənsiz, özünə yetməyi bacarmayan şəxslər yetişdirir. Niyə?

Bəzən sual vermək mənasız gəlir. Çünki cavab tapa bilmirik. Bəzi "niyə?"lərin cavabı yoxdur, çünki bunlara qəbul edilə biləcək, doğru və əsaslı sayıla biləcək cavablar tapmaq mümkünsüzdür. Övladı sevgisiz böyütmək, şiddət göstərmək üçün keçərli səbəb ola bilməz. Xəyanət etmək üçün əsaslı səbəb tapıla bilməz. Biz insanlar olaraq öz xarakterimizdəki aciz qüsurları bəhanələrə sığışdırmağa o qədər meyilliyik ki. Bir qadın intahar edəndə, "əşi, yəqin nəsə bir pis işi var imiş" demək rahat gəlir, məsələn. Ya da kimsə ağlayanda "artistlik edir, diqqət istəyir" deyib yola veririk. Hə, diqqət istəyir. Niyə istəyir? Hansı diqqəti? Kimdən istəyir? Bəs sizcə, bir insanın ağlaması, diqqət istəməsi anormaldır? Əgər anormaldırsa, onda niyə ona lazım olan diqqəti öncədən verib normanı gözləmirik? 

Hə, bir də, "qudurtma" ifadəsi var dilimizdə. Nə deməkdir bu "qudurtma"? 

Hər cür bolluğun, nemətin içində ac yetişən nəsilik biz. Sevgiyə, qayğıya, "ailə" anlayışına ac yetişirik. İnsanların sevgisi mənfəətləri, əldə etmə istəkləri qədərdir. Bir telefon üçün canını verənlər sonra o telefonu orada-burada unudub gedir. "Evim olsun" deyə dualar edənlər bəlkə gündə 2 saatı evlərinə ayırmırlar. "Sevirəm, məcnunam  sənə" deyənlər isə nəinki Məcnun, heç çöllərdə gəzən küçə itləri qədər belə sadiq qala bilmir. 

Biz sadəcə acizik. Hisslərdən, özümüzü ifadə etməkdən, duyğuları yaşamaqdan. Biz insan olmaqdan acizik. Bir dilək haqqınız olsa nə diləyərdiniz? Mən insanların bir-birini əsl sevgi ilə sevməyi və sevilməsini. Çünki deyəsən, ancaq o zaman öyrənə bilərdim ki, məni kim həqiqətən sevir və əsl sevgi nədir. Mənə maraqlıdır. 

Əsl sevgi nədir?

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

Çərşənbə axşamı, 27 Fevral 2024 11:15

Səbinə Zülalovanın yeni layihəsinin təqdimatı olub

Azərbaycan Milli Xalça Muzeyində Səbinə Zülalovanın “Upcycle Twenty” adlı layihəsinin təqdimatı olub. Bu tədbir çərçivəsində, həmçinin “Swan-Maiden” Moda Evinin 20 illiyi qeyd olunub, ekologiya, habelə fiziki imkanları məhdud şəxslərin dəstəklənməsi mövzularının önə çıxarıldığı qurama elementlərini ehtiva edən moda kolleksiyasının nümayişi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, layihə xüsusilə tullantı materiallarından necə istifadə olunacağına həsr olunub. Dizayner Səbinə Zülalova əvvəlki kolleksiyalarından bəzi geyimlərə yeni nəfəs verib, onları qurama elementləri ilə zənginləşdirib, digər dizaynerlərə örnək olub. Yeni kolleksiyalar yaratmaq üçün qalan parça hissələrindən istifadə olunması ekoloji riskləri azaldır, çünki fabriklər atmosferi çirkləndirir və poliqonlar tullantılarla doldurulur ki, bu da istər-istəməz iqlim dəyişikliyinə təsir göstərir. Təqdimatda nümayiş olunan videoçarx da bu mövzuya həsr olunub. Tədbirdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Xanım Cənnətova da çıxış edib. Səbinə Zülalova həm də “Aqıllı cəmiyyətə ekoloji dəstək” qeyri-hökumət təşkilatının təsisçisi olduğu üçün ətraf mühitin mühafizəsi tədbirlərinin dəstəklənməsi onun layihəsinin əsas istiqamətlərindən biridir.

Fiziki imkanları məhdud şəxslər də layihədə iştirak etməyə dəvət olunublar. Tədbir zamanı təşkil edilən yarmarkada onların əl işləri təqdim edilib. Bu şəxslər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Peşə Reabilitasiyası Mərkəzinin dəstəyi ilə qədim qurama sənətinin öyrənilməsi üzrə iki aylıq kurs keçirilib. Dərslər İçərişəhər Muzey Mərkəzinə daxil olan Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində baş tutub. Layihənin sponsorları tərəfindən əsərləri podiumda nümayiş etdirilən müəlliflərə hədiyyələr təqdim olunub.

“Swan-Maiden” Moda Evinin 20 illiyinin qeyd olunması çərçivəsində modelyer Saima Mədətova tərəfindən son iyirmi il ərzində yaradılan müxtəlif geyim nümunələrindən ibarət “Vintaj” kolleksiyası təqdim edilib. Moda axşamının kulminasiya nöqtəsi modelyerin qızının podiuma çıxması olub. Məhz o, anasının yaratdığı brendin ilham pərisidir və modelyer özünün ilk kolleksiyasını övladının dünyaya gəlməsini gözlədiyi vaxt – 2023-cü ildə tamaşaçılara təqdim edib.

Tədbirdə müğənni və bəstəkar Sivva “Şuşa, sabahın xeyir!” mahnısını ifa edib. O, səhnəyə Səbinə Zülalovanın məxsusi olaraq bu nəğmə üçün hazırladığı geyimdə çıxıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.