Super User

Super User

Cümə axşamı, 29 Fevral 2024 09:30

EKSPRESS-SORĞU - Mənim üç arzum

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” in növbəti

 ekspress sorğu sualı: Torunuza düşən qızıl balıq üç arzunuzu yerinə yetirəcək. Arzularınız hansılardır? 

Mənim cavabım nisbətən fərqlidir, improvizasiya eləmişəm. Düşünürəm, bəyəniləcək. 

 

Əsəblərin sakitliyi üçün dəniz kənarına gedirəm və balıq tutmaq üçün tilovumu da özümlə götürmüşəm. 

Tilovu dənizə atdıqdan az sonra tilov hərəkətə gəlməyə, tərpənməyə başladı. Biraz keçmişdi, tilovu sudan çıxardım. Bu dəfə bəxtim gətirmiş və rastıma qızıl balıq çıxmışdı : 

- Ey gözəl insan, üç arzunu yerinə yetirəcəyəm, əgər ki, məni yenidən dənizə qaytarsan - deyə, söylədi. 

-Elə isə, yaxşı. O zaman birinci arzumdan başlayaq dedim. Birinci arzum belə idi: 

-"Bütün insanlara bir həftəlik çılpaq həqiqət bəxş elə". Çünki bu istəyə onların çox ehtiyacı var. Biri-birlərinə yalan danışmaqdan artıq usanmalıdırlar. Dünyanı demək olar ki, yalan öz qolları ilə biri-birinə həsrət qalan sevgililər kimi qucaqlayıb. Elə et ki, yalan danışmaq istəsələr belə bunu bacarmasınlar. Bir həftə reallıqla yaşasınlar, görək necə olur. Aydınlaşdıraq ki, reallıqla birgə yaşamağı bacaracaqlarmı, doğrudan da insanlara həqiqət lazımdır, ya həqiqətin acılığından şirin yalanın ağuşuna sığınacaqlar yenə. 

-Bəs ikinci arzu?

-İkinci arzum belədir ki, mənə daxili özümü, məni tapmağıma kömək et və bunu ağıl xəritəmə alqoritmik şəkildə yükləməyini istəyirəm. Eyni zamanda, mənim timsalımda bütün insanlara daxili mənini tapmağa kömək et, çünki insan hər nə qədər böyüsə belə yenə də qəlbində bir boşluq olur. 

Nəhayət və son olaraq, üçüncü arzumsa belə idi :

- İnsanlara məntiqli düşünmə bacarığı ver. Bu onlarda olduqdan sonra addım atmamışdan öncə düşünməyi bacaracaqlar. Bir insan yetəri qədər məntiqli düşünmək bacarığına sahibdirsə, o insan üçün hər zaman istənilən vəziyyətdən çıxış yolu vardır. Əgər ki, belə olarsa oğurluq, cinayət kimi hallar yaranmayacaq. Ata, ana öz qızı üçün ər yox, təhsil düşünəcəklər. Yaşlandıqca qocalarımız uşaqlaşmaq, daxildən çirkinləşmək əvəzinə müdrikləşərək ətrafdakılara doğru yol göstərmək barəsində düşünəcəklər. Həkim, polis, işə götürən, işə düzələn öz işlərində məsuliyyəti düşünüb dərk edib, etdikləri əməlləri cani könüldən, təmənnasız edəcəklər. Beləliklə, insanlar zamanını boş işlərə deyil də, daha faydalı, daha səmərəli işlərə sərf edəcəklər. Ən nəhayət, qısa ömürlərini daha dəyərli yaşamağı düşünəcəklər. 

Sonda qızıl balıq söylənilən arzulara "oldu" deyərək, bir andaca yerinə yetirdi. Mənsə söz verdiyim kimi onu yenidən gəldiyi yerə qaytardım...

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Mal ətindən qurut şorbasının hazırlanma qaydasını təqdim edəcəyik. 

 

 DÜSTUR 

§ Mal əti – 78 qr

§ Kərə yağı – 20 qr

§ Yumru düyü – 20 qr

§ Noxud ləpəsi – 20 qr

§ Soğan – 12 qr

§ Qurut – 100 qr

§ İspanaq – 11 qr

§ Keşniş – 11 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ nanə – 10 qr

QEYD: Soğanla birlikdə 2-3 diş əzilmiş sarımsaq da qızardıb vurmaq olar. Bu şorbanın başqa növü ayran və quzu əti ilə bişirilir.

 

HAZIRLANMASI:

Mal əti xırda kub formasında doğranır. Qazana yığılır, üzərinə su əlavə olunur və bişməyə qoyulur. Qaynadıqca kəfi alınır. Qurut əvvəlcədən əzilib suda həll olunur. Noxud ləpəsi əvvəlcədən yuyulub təmizlənir, isladılır. Yumru düyü yuyulur, baş soğan xırda-xırda doğranır. Göyərtilər təmizlənir, yuyulur, qurudulur, xırda doğ- ranır. Ət yarı bişəndə noxud ləpəsi əlavə olunur. Yağ və soğan qızardılır, xörəyə əlavə olunur. Sonra düyü, duz, istiot vurulur. Bişənə yaxın qurut və göyərtilər xörəyə qatılır. Bir müddət (təxminən 5-6 dəqiqə) qaynadılır. Ocaqdan götürülür və bir az yer dəmi alır. Nanə ilə süfrəyə verilir.

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Məmməd Arazın ən gözəl, dillər əzbəri olan şeirlərindən biridir “Nə bilim”. Ona mahnı da bəstələnib. 

Bu oyunda kim uduzdu, kim uddu,

Peşimanı kim olacaq, nə bilim? 

Həyat bir oyundur, sevgi isə onun oyuncaqlarından biri. Bu oyunda çoxusu uduzur, yalnız az qism qalib gəlir. 

 

Səndən mənə bir ömürlük xatirə,

Məndən sənə nə qalacaq, nə bilim?

Çətin bir də daş üstə daş bitirəm,

Niyə uçdu bu qalaçıq, nə bilim...

 

Damağımda bal sevdanın turş dadı

Uşaq ağlım inadıma qurşadı.

Nə hönkürdü bu naqafil gurşadı?

Kimə dedim, — dedi, — ancaq: «nə bilim!» 

 

Günlər mənə gün yazmağı unutdu,

Gülüm, günün güllərimi qurutdu.

Bu oyunda kim uduzdu, kim uddu,

Peşimanı kim olacaq, nə bilim? 

 

Mən Arazam, səsim tutqun Arazdı,

Ha çağırdım, ha yüyürdüm, ha yazdım.

İndi daha qaynar təbim ayazdı,

İsinərmi bir od-ocaq, nə bilim...

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)

Cümə axşamı, 29 Fevral 2024 14:00

Brüssel kələmi

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Əgər səni kələmlikdən tapıblarsa, yoxla gör Brüssel kələmidirmi.

 

2.

Seçkilərə hazırlaşan rusların  lətifəsi:

-Bu avropalılar çox eqoistdilər e, Kolya.

-Niyə, Vova?

-Elə ki, bir siyasətçi onların həyatlarını pisləşdirdi, ziyankarlıq edib növbəti dəfə onu seçmirlər. 

-Hə. Biz genişqəlbliyik. 

 

3.

Bir gerizəkalının ekizləri dünyaya gəlir. Hönkürüb ağlayır. Tibb bacısı yaxınlaşıb soruşur:

-Niyə ağlayırsan, qızım?

-Mən ərimə nə cavab verəcəm? Soruşmayacaq ki, ikinci uşaq kimdəndir?

 

4.

İndiyədək mənə atılan daşlardan bir qala tikə bilərdim…

 

5

Başqalarının albomlarından kişilər yaxşı düşdükləri, qadınlarsa pis düşdükləri şəkilləri oğurlayırlar. 

 

6.

Qulaqcıq - ümumi diskotekada öz havanı oynaya bilməyin üçündür. 

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)

Cümə axşamı, 29 Fevral 2024 12:30

Bir sual, bir cavab - Əkbər Qoşalı

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

 Gəl quş qonan budağıq,

  İlk iz düşən yolağıq;

  Sabahlardan sorağıq,

  Sən mənsən, mən sənəm, gəl”...

(Ə.Qoşalı)

Əkbər bəy, gəlin bir anlıq rəssam olun. Sevgini mücərrəd isim olsa da, konkret ismə çevirib hansı rənglə və nəyə bənzədərək çəkərdiniz?

 

- Bilmirəm, bir anlıq rəssam olmaq mümkündürmü... Rəhmətlik Mikayıl Müşfiq:

Rəssam, sevgilimin rəsmini gəl çək,

Sevgilim gözəldir, sən də gözəl çək.

Nazına çatanda fırçadan əl çək,

Qoy, onun nazını mən özüm çəkim, - deyərkən, rəssamlığı anlıq imkan kimi, yoxsa, insan taleyi olaraqmı götürüb, bilmirəm. Əgər fərz eləsək ki, istedadın, yaradıcılıq yetənəyinin mayası eynidir, bir qaynaqdan gəlir, o zaman, bir anlıq rəssamlıq damarımız tutarsa, onu bəlkə ağ-qara çəkərdim... Çün “Ayrılıq da sevdaya daxil... Çünki ayrılmağın da vəhşi bir dadı var” – Atilla İlhan belə yazırdı...

 

Ədəbiyyat və incəsənət”

(29.02.2024)

AMEA Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli türk dünyasının bir incisi olan Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri barədə dəyərli bir tədqiq işi ortaya qoyub. 

Mahmud Kaşğarinin bu ensiklopediyasında türksoylu xalqların dil özəllikləri, ləhcələri, milli-mədəni varlıqları toplanıb, dövrünə uyğun qrammatika və yazı qaydaları müəyyənləşdirilib.

Nadir Məmmədlinin “Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri” adlı tədqiqat işini diqqətinizə çatdırırıq. 

 

VI

 

Kabardin-Balkar Vilayət Komitəsində Kumukov yoldaşa

 

Sizin 4.III.37-ci il tarixli məktubunuzu aldım və çox məmnuniyyətlə oxudum. Gec cavaba görə üzr istəyərək, Sizə aşağıdakıları məlum edirəm:

1) Mahmud Kaşğarinin əsərinin yeganə nüsxəsi İstanbulda tapılmış və orada haman nüsxənin sayı artırılmışdır.

2) Mən əsərin tərcüməsinə və işlənməsinə 1935-ci il, sentyabrın 1-də başlamış və 1936-cı ilin aprelində qurtarmışam.

3) Hazırda əsərin çapa hazırlanması işləri ilə məşğulam və ümid edirəm ki, bu ilin iyul ayının 1-nə Leninqradda kitabın redaktorları akademik Kraçkovskiyə və professor Malova göndərə biləcəyəm.

4) AzFAN-da kitabın yalnız bir nüsxəsi vardır. Ona görə əsəri göndərə bilmərəm.

Əsərin xüsusiyyəti və məzmunu ilə Sizi tanış etmək üçün özümün bu məsələyə aid məqaləmi göndərirəm.

5) Leninqrada gedərkən (iyulun 25-də) Nalçikdə məmnuniyyətlə dayana bilərəm və əgər Sizin arzunuz və marağınız olsa, əsərdə müəllifin kumık və Qaraçay-balkar dillərinə münasibəti haqqında Sizi ətraflı məlumatlandıra bilərəm.

Məktubu bitirərkən, bu işdə Sizə hərtərəfli kömək etməyə hazır olduğumu bildirirəm.

Qardaş kimi səmimi salamlarımı qəbul etmənizi xahiş edirəm.

Xocayev X.S.

1/VI-1937

Bakı, Qasım İsmayılov küçəsi, ev 12

 

Məktub 1937-ci ilin iyunun 1-də yazılıb, tərcümə işi bitib, əsər "iyul ayının 1-nə Leninqradda kitabın redaktorları akademik Kraçkovskiyə və professor Malova göndər"iləcək imiş, lakin Xalid Səid həmin tarixdən 4 gün sonra həbs olunur. Görünür, tərcüməni göndərməyə macal tapmamış, "Divan"ı akademik İ.Y.Kraçkovski yox, ölümündən sonra, qeyd etdiyimiz kimi, A.N.Kononov və S.Malov redaktə etmişlər.

Xalid Səidin "dostları" bilirdilər ki, 37-ci illərdə qara maşında aparılanlar bir daha geri qayıtmırlar. Ancaq əmin olmaq üçün onlar 3 il də gözləməli olurlar. "Divan" təkmilləşmə adı ilə çap olunmur, 1939-cu ildə redaktəyə verilir. Sonrakı illərdə 37-ci ilin xofu ilə əlyazmanın necə redaktə olunması yeni bir araşdırmanın mövzusudur.

Tanınmış türkoloq alim Ramiz Əskər yazır ki, 30-cu illərdə SSRİ Elmlər Akademiyasının filialı "Divanü lüğat-it-türk"ün tərcüməsini məşhur dilçi Xalid Səid Xocayevə tapşırmışdır. Bəsim Atalaydan gətirdiyi sitatla fikrini tamamlayır: "Xalid Səid Xocayevin əsas nöqsanı, sözləri klassik xaqaniyyə türkcəsi ilə deyil, müasir Türküstan şivəsinə uyğun şəkildə vermişdir" (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk" (tərcümə edəni və nəşrə hazırlayanı: Ramiz Əskər). Bakı, Ozan, 4 cilddə, I cild, s. 35.) Bu da təbiidir, Türkiyədə təhsil alıb, Bakıda çalışsa da, o, əslən Türküstanlı idi. Əlyazmanın 30-cu illərin ədəbi dili və latın qrafikası ilə makina yazısı "Türküstan şivəli" sözlərlə zəngin olmasa da, karluq-uyğur qrupu sözlər burada yer almışdır, redaktorlar Xalid Səidin tərcüməsinə müdaxilə edərək, dil materialını azərbaycancalaşdırmışlar. Deyilənlər üst qatdakı kiril qrafikası, əl ilə qeyd olunan redaktənin makinada yazılmış alt yazının müqayisəsində aşıq-aşkar görünür.

"Divan"ın latın qrafikalı yox, XX əsrin 40-60-cı illərin də artıq kiril əlifbalı mətnləri üzərində düzəlişlər aparılır, redaktə edilir, yalnız "tərcümənin təkmilləşdirilməsi"nə təşəbbüs edilir, lakin lüğət işıq üzü görmür və nəhayət, adı heç yerdə çəkilməyən Xalid Səid unudulur. Təsadüfi deyildir ki, A.N.Kononov da məruzəsində məlumat verir ki, hətta 60-cı illərdə Azərbaycan dilinə tərcümənin təkmilləşdirilməsi ilə əlaqədar iş davam etdirilib və məşhur Azərbaycan filoloqları A.Dəmirçizadə, Ə.Cəfər, C.Əfəndiyev tərəfindən həyata keçirilib. (Bax: AN.Kononov. İzuçenie "Divanu Luqat-it-turk" Maxmuda Kaşqarskoqo v Sovetskom Soöze. Tekst doklada, proçitannoqo na Törkoloqiçeskom scezde v Ankare (sentəbrğ, 1972 q.). 1972-ci ilin sentyabrında Ankarada keçirilən Türkologiya Qurultayındakı məruzənin mətnindən "Sov türk" j.,.....) Bu barədə Aşnin də məlumat verir. Bildirir ki, yeni tərcümə 1941-ci ildə başa çatdırılır. Əkrəm Cəfərin məlumatına görə, "bu kitabın çapı qeyri-münasib hesab edilir". 1946-47-ci ildə tərcümə yenidən çapa hazırlanır, lakin o vaxt yenə nəşr olunmur. Nəhayət, 1958-ci ildə tərcümənin çapı ilə əlaqədar yenə təklif irəli sürülür və Azərbaycan ədəbi dilinin orfoqrafik qaydaları, terminlərin yazılışı nəzərə alınaraq yeni tərkibdə redaksiya təsis olunur: A.Dəmirçizadə, Ə.Cəfər, C.Əfəndiyevə. Əlyazmanın fotosurəti də əlavə olunur. (F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov. Repressirovannaə törkoloqiə. Moskva, İzdatelğskaə firma "Vostoçnaə literatura" RAN, 2002, s.106.) Məsələn, hətta kiril əlifbası ilə əlyazmanın 60-cı illərə aid olan nüsxəsində C.Əfəndiyevin qara qrafit qələmlə ciddi qeydləri vardır. (Bu nüsxələr də AMEA Nəsimi adına Dilçilik İnstitutunun arxivində qorunub saxlanılır).

1937-ci ilin istintaq materiallarında Kaşğari "Divan"ı pantürkist konsepsiyalı kitab kimi şərlənmişdi və bu kitabla münasibəti olan hər kəsi milliyətcə erməni, Azərbaycan SSR Xalq Daxili İşlər komissarı Sumbatovun əmri ilə ya güllələyir, ya daşnin sürgün edirdilər. Elə bu səbəbdən də, aydındır ki, 1937-ci ildən 1956-cı ilə qədər heç kəs bu əsəri Elmlər Akademiyasının tədqiqat sferasına daxil edə bilməzdi. Kitab yalnız 1956-cı il bəraətindən sonra və 60-cı illlərdə yenidən dövriyyəyə qayıda bilərdi". (Azər Turan. Sirli seyfin səksən altı illik tilsimi qırıldı - Xalid Səid Xocayevin tərcümə etdiyi "Divanü lüğət-it-türk" nəşrə hazırlanır "Ədəbiyyat qəzeti". 15 aprel 2023) Şübhəsiz ki, "Divan"ın belə qaranlıq və dumanlı taleyi Xalid Səidin aqibəti ilə bağlıdır. Repressiya bitsə də, rus şovinizminin türklərə irticaçı ideologiyası qalmaqda, azadlığı "qram-qram" verməkdə idi. Ona görədir ki, hətta ötən əsrin 60-cı illərində "bu mötəbər abidənin nəşr olunmasına cəhd göstərilməyib". Unudulmuş Xalid Səidi və bu əsəri artıq heç kəs xatırlamır.

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)

“Ədəbiyyat və incəsənət” portalı Nilufər Hacılının Türkiyə mətbuatına istinadən  hazırladığı “Nuri Bilgə Ceylanın sevdiyi 10 film”i sıra ilə təqdim edir. 

 

 

Türkiyəli rejissor və ssenarist Nuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın olub. Orta məktəbi bitirdikdən sonra Nuri Boğaziçi Universitetinin "Elektrotexnika" fakültəsinə daxil olub. 8 illik tələbəlik həyatından sonra, nəhayət ki, məzun ola bilib.

1997-ci ildən bəri çəkdiyi bədii filmlərlə bir çox mükafatlar qazanaraq beynəlxalq səviyyədə tanınıb. Rejissorun çəkdiyi "Qış yuxusu" filmi 2014-cü ildə Kann Beynəlxalq Kinofestivalında "Qızıl Palma Budağı" mükafatına layiq görülüb və kino tarixində bu mükafatı alan ikinci türk filmi olub.

Rejissorun filmlərindən beşi "Ən Yaxşı Beynəlxalq Film Akademiyası" mükafatına Türkiyənin namizədi olaraq seçilib.

Nuri Bilgə Ceylan ssenarist, aktrisa və fotoqraf olan Ebru Ceylanla evlidir. Cütlüyün 2 övladı var.

 

Rejissorun ən yaxşı hesab etdiyi 10 filmi təqdim edirik.

 

1. "Ayna" (1975) filmi, Andrey Tarkovski

 

Çoxlarının fikrincə, Tarkovskinin ən dərin əsəri olan "Ayna" rejissorun öz həyatına əsaslanan sevgi, xatirələr, sədaqət və bəlkə də, həyatın özündən bəhs edən poetik bir filmdir. Əfsanəvi rejissorun valideynlərinin də iştirak etdiyi film elə ailənin köhnə evinin yerində tikilmiş daxmada çəkilib. "Ayna"  rejissorun keçmiş həyat yoldaşı, anası, atası, özünün və valideynlərinin nəsilləri arasında gedib-gəlməklə II Dünya Müharibəsindən əvvəl danışılan yuxunu əks etdirir. Ata Tarkovski şeirlərini öz səsiylə oxuyur. Tənqidçilər deyirlər ki, Tarkovski əslində bu filmi "Solyaris"dən əvvəl çəkmək istəyib, lakin Sovet senzurasından qorxduğu üçün daha az siyasi riskli filmi irəli çəkib.

 

Şəkildə: Filmdən kadr

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə  Mustafa Şeyxpurun şeirlərindən ən yaxşı nümunələri təqdim edir.

 

Gecə qondu

Və biz kəpənəklər kimi işıqlara

Quşlar kimi dallara

Yalqız insanlar kimi divarlara

Sığındıq qaranlıq küçəyə.

 

Kölgəmizdə qaranlıq bir otaq

Kölgəmizdə itkin bir insan

Kölgəmizdə bir küçə.

 

Əllərimi tutarsansa

Bir lampanın işığı vardır kölgəmizdə

Sarı lampa

Kəpənəkləri gətirəcəkdir bizə

Sonra pəncərəsi olacaq

Sonra quşları çağıracağıq kölgəmizə

Birdən bir sərçə qonacaq barmaqlarıma

Yaxalıqlı qurqurlar yuxusu görəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)

“Ədəbiyyat və incəsənət” portalı Fərqanə Səfərlinin yeni şeirlərini təqdim edir. Bu gün oxuculara gənc müəllifin 4 şeirini təqdim edəcəyik. 

 

 

BEŞ NÖMRƏLİ PALATA

 

Beş nömrəli palata:

Burda bir xəstə yatıb -

Canı möhkəm yansa da,

Ruhu rahatlıq tapıb...

Onun can otağında

Bir pəncərə, dörd divar

Gözləriylə ağ divara yazdığı

Qara sualları var...

"Ciyərim nə rəngdədi,

Qəlbimdə qan hardadı?

Beynimə gedən yolun

Qapıları burdadı?!"

Deyib sıxdı köksünü,

Həkimin gözlərində

Axtarırdı özünü...

...Gecə çox ağır keçdi,

Basıldı qara düymə.

Dərdindən o söylədi

Növbədəki həkimə...

Səhər beş dəqiqəlikdə

Verildi bu məlumat:

"Beşinci palatanı

Evə yazın tam rahat..."

Diaqnoz:

Ruh adamı,

Xəstəliyi sevgidi -

Onun yeri bura yox,

Sevdiyinin evidi.

 

 

ÖLÜM HAVASI

 

Evimdəki nəfəsliyin

Nəfəs qapısın açdım -

Tapmayanda çıxış yolu

Qəlbim acıdı,

Çölə qaçdım...

Darıxdım,

Bir anlıq özümü itirib

Uydum havanın rənginə,

Dumanı bəmbəyaz gördüm -

O arxaya çəkildikcə

Adamları taraz gördüm...

Boğulub yatdım qapıda,

Gələn-gedəni izlədim -

Havam anadan olandan

Ölüm havasın gözlədim.

 

 

DUA ÇƏRPƏLƏNGİ

 

Elə bil qızmar yayın

Nəfəsi də buzlaşıb.

Xəstələnən həkimtək

Həyat şəfasızlaşıb...

Apara bilmir quşlar

Dənin balalarına,

Soyuq qənim kəsilib

İsti yuvalarına...

Tanrım, özün görürsən

Dua çərpələngimi,

Yapışmışam ipindən

Onun ən nəhənginin.

 

 

 GƏLİRƏM

 

Yerin pis əməlindən

Üşüyürəm, İlahi -

Göydə bir ocaq qala,

Qızınmağa gəlirəm.

 

Çiynimdəki hörüklər

Mələklərə yol açıb -

Dəftərimi bilməkçün

Arınmağa gəlirəm.

 

Qaranlıq peşimandı,

Qardaş bilib işığı -

Kəfənin iç üzünə

Sarınmağa gəlirəm.

 

Biz uçmaq vərdişini

Doğuluşdan itirdik -

Bir kəpənək belində

Barınmağa gəlirəm.

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)

Cümə axşamı, 29 Fevral 2024 12:00

“Qatardakı adam” - KAMAL ABDULLA

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Xalq yazıçısı Kamal Abdullanın “Qatardakı adam” hekayəsini təqdim edirik. 

 

 

Qatar yavaş-yavaş hərəkətə gəldi. Dərindən silkələnib ürəkdən fit verdi. Və alayarımçıq fanar işığına bürünmüş bu zavallı stansiyadan həvəslə sıyrılıb çıxaraq gecənin zülmət qaranlığına bürünmüş çöllü-biyabana daxil olmağa başladı.

Bura qədər mən kupedə tək idim. Qatar yola davam edəndə sevindim ki, kupeyə qonşu gəlmədi. Amma sevincim uzun çəkmədi. Bir qədər relslərin yeknəsəq səsini eşitdikdən sonra kupenin qapısı bayır tərəfdən dartılmağa başladı. Bir-iki uğursuz cəhddən sonra, nəhayət, qapı hücmlə yana, öz yuvasına doğru şaqqıltıyla yol edib açıldı. Uzun boyuna baxmayaraq ikiqat olmuş yaşlı bir kişi əlində yol səbəti içəri daxil oldu:

- Salam. Axşamın xeyir.

- Salam...

Mən mümkün qədər çalışdım ki, səsimdəki üzüntü duyulmasın. Buna nail oldum, ya olmadım, bilmək olmaz, amma yenicə gəlmiş bu qonşum mənim "salam"ımdan sonra sulanmış gözlərilə zənlə, bir qədər də təəccüblə mənə baxdı.

Qatar getdikcə sürətini artırırdı. Pəncərədən o tərəfdəki zil qaranlıq rəngə bürünmüş çöllü-biyaban qara dəlik kimi qatarı öz içinə sovurub udmaqda idi. Elə bir gecə düşürdü ki, elə bil, öz yerini əbədiyyən qoruyub saxlamağa gəlmişdi.

Mənim yerim alt qatda idi. Qonşum əlindəki səbəti birdəfəyə qaldırıb kupenin yuxarı mərtəbəsindəki əşyalar üçün nəzərdə tutulmuş boşluğa itələdi. Sonra bu ahıl kişi quş yüngüllüyü ilə sıçrayaraq mənimlə üzbəüzdə, amma yuxarıdakı yerinə, əlbəttə ki, əllərilə bədəninə dirsək verib atılıb oturdu, elə oturduğu yerdəcə fırlanıb üzü kupeyə döndü. Sonra bu kişi başladı soyunmağa. Əvvəlcə pencəyini çıxardı. Kəmali-qabiliyyətlə şalvarını soyundu. Qatarda tez-tez zaman keçirən adamlara xas səliqə ilə onları yatağın aşağı tərəfindəki asılqana keçirdi, əli ilə sığallayıb, nəhayət, yerinə uzandı. Bütün bunları adətkərdə şəkildə, çox böyük bir yetkinliklə etdi. Onu müşahidə eləmək maraqlı idi. Bu adam, elə bil, qatarda yaşamaq üçün doğulmuşdu. Əsl qatar adamı idi. Onun hər bir hərəkəti qatarın relslərdə çıxardığı "taq-taraq" səsinə həmahəng idi. Az qala bir adam boyda olan vaqon təkərlərinin yeknəsəq səsi onun bədəninin incə və kobud titrəyişlərinin ifadəsinə çevrilirdi. Ya da əksinə...

Qonşum yataqdakı nazik və alabəzək adyalı üstünə çəkdi. Başının altındakı alçaq yastığı əli ilə bir neçə dəfə dümsüklədi və bütün bunlardan sonra bir "ah" çəkib ürəyinin dərin yerindən gələn ahla birgə bu sözləri dedi: "Ya qərib imam Rza...". Sonra kupe sakitlik içində əridi.

Vaqon təkərlərinin yeknəsəq səsi aydın şəkildə eşidilməyə başladı: taq-taraq-taq-taraq...

Mən yerimin içinə girib ora-bura çönərək bədənimlə soyuq yatağı qızışdırmağa və sabaha qədər heç olmasa gözlərimin acısını almağa çalışdım. Bir müddət keçdi. Təkərlərin yeknəsəq taqqıltısı qulağıma az qala layla kimi gəlməyə başlayanda yuxarıdan qonşumun xeyli gümrah səsi eşidildi:

- Deyirsən, məhəbbət dünyanın ən gözəl nemətidir? Belə dedin də sən?!

Mən artıq yumulmaqda olan gözlərimi zor-güc açdım. Qonşumun "imam Rza"sını xatırladım və beynimdən bunlar keçdi: "Məhəbbət barədə danışmaq üşün bundan daha namünasib vaxt tapmaq mümkün olmazdı... Belə də zülm olar?! Və həm də! Mən nə zaman bu mənasız sözləri dedim, ya qərib imam Rza?!"

- Mən səni anlayıram. - Qonşum üçün mənim onu dinləyib-dinləməməyimin bir fərqi yox idi. - Mən səni gözəl anlayıram... Çox adam belə düşünür. Amma inan mənə, belə deyil. Yuxun gəlmirsə, sənə bir əhvalat danışım. Etirazın yoxdu ki?!

Mən ancaq sükutdan ibarət cavabımla etiraz edə bilərdim. Belə bir etirazın isə qəbul ediləcəyinə ümidim yox idi. Mənim cavabımı heç kim gözləmədi.

- O ilin baharı qaysı, gilas, vişnə ağaclarının ağ çiçəklərinə bürünüb bər-bəzəkli gəlin kimi gəlmişdi...

İlk cümlə məni necə tutdusa diqqətimi topladım.

- Mən rayon mərkəzindəki məktəbimizin sonuncu sinfində oxuyurdum. Gələcək planlarımı qururdum, onillikdən sonra hansı ali məktəbdə necə oxuyacağımı beynimdə götür-qoy edirdim. Sinfimizdəki İdbar Razi ilə böyük-böyük şəhərlərə gedəcəyimizi, gözəl-gözəl yerləri gəzəcəyimizi, sevib-seviləcəyimiz gözəl-göyçək qızları ağız ləzzətilə hər axşam həyətimizin qabağında oturub götür-qoy edirdik.

Sinfimizin bütün oğlanları bir il, iki il bundan əvvəl hansısa qızlara vurulmuşdular, bəziləri sevib sevilirdi, bəziləri məhəbbətdən yanıb qovrulurdu. Mən və İdbar Razi sevgi payımızı böyük şəhərə, ali məktəbə saxlayırdıq.

Relslərdən gələn yeknəsəq "taq-taraq" səsi artıq eşidilmirdi.

- O qız bizim məktəbimizə onuncu sinifdə gəldi. Ailəsiylə başqa rayondan köçmüşdülər. Onu qonşu sinfə yerləşdirdilər. Mən onu ilk dəfə məktəb dəhlizində görən kimi nəfəsim tutuldu, sinəmdə nə idisə az qala yerindən çıxdı. Mən ona elə o saat bir könüldən min könülə vuruldum. Sən demə, belə də olurmuş. Sonralar dəhlizdə üz-üzə gəldiyimdə gözlərinə baxmağa belə qorxurdum. Mən bu rəngdə göz heç harda görməmişdim. Yaşıl gözlərini utanmadan, çəkinmədən adama zilləyir, elə təkidlə baxırdı ki, elə bil, baxışı sənin içindən televiziya, radio dalğaları kimi keçib arxanda nə varsa ona nüfuz edir. Sənin özünü isə yox, görmür. Yaşıl gözlər səni ahənruba kimi özünə doğru çəkir, sənin baxışını özünə sarı yönəldəndən sonra isə çox ecazkar şəkildə yana çəkilir, bu zaman gözlərinin dərinliyində gizlənmiş boşluq açılır, sənin baxışın onun gözlərinin yanından ötüb haman boşluğa yuvarlanır. Beynimdə qəribə məqamlar canlanırdı. Mən o boşluğa yaşılgözlümün zərif əndamını qucaqlayıb onunla birgə yuvarlanırdım, öpüb-öpüb dişləyib doymayırdım, bir-birimizə dünyanın bütün şirin, şəhvətli sözlərini deyə-deyə o boşluqda az qala güləşə-güləşə qalırdıq. Sonra yenə mən boşluqdan bu tərəfə məktəb dəhlizinə qayıdırdım. Onun etinasız gözləri məni yenə qaytarıb dəhlizin başına gətirirdi. Etinasız yaşıl gözlər mənə bir həqiqəti aşkar bəyan edirdi. Bu adamın mənə qarşı biganə olmasını. Məktəb dəhlizinə qayıdandan sonra mən özümə bu gen dünyada rahat yer tapa bilmirdim.

Onunla bircə kəlmə kəsmək, heç olmasa ona olan sevinc dolu, acı dolu hislərimi söyləmək mənim üçün əlçatmaz bir xülya idi.

Sinif yoldaşım, həyət qonşum İdbar Razi yenə də sözünün yerini bilməyə-bilməyə deyinirdi:

- Nə təhər baxırsan ə, sən bu qıza?! Elə bil, yeyəcəksən onu. Nə görmüsən bu yaşılgöz sonada?! Odu, Nazlı var, ona niyə baxmırsan?! Səni görəndə yerişi də dəyişir... - İdbar Razi guya mənim halıma yanırdı.

Mən İdbar Raziyə düzəməlli bir cavab verə bilmirdim. Ya qərib imam Rza, mən İdbar Raziyə necə deyəydim ki, bu çəlimsiz, yaşılgöz qızdan ötrü canımı belə fəda edərəm?! İdbar Razi məni anlamazdı.

Bizim məktəbin ikinci mərtəbəsində uzun bir dəhliz var. Ortadan iki yerə bölünüb sağa dönürdü. Dönən yerdə küncdə bir taxta qalağı nə zamandan bəri atılıb qalmışdı. Hamı bu taxta qalağını unudub getmişdi.

Bu taxta qalağının arxasında mən özümə bir gizli yer düzəltmişdim. Hər səhər orda gizlənib yaşılgözlümün məktəbə gəlməsini gözlərdim. Mən onun gəlişini dəhlizin o biri tərəfindən, hələ görünmədiyi yerdə ikən qoxusundan hiss edərdim. Taxtaların arasında bir balaca deşik açmışdım, o deşikdən baxırdım.

Həmişə birinci dərsə gecikərdi. Yaşılgözlüm boş dəhlizi dönüb qənşərimdən keçəndə ürəyim az qala dayanar və mən nəfəsim təngiyə-təngiyə bu qızın yanımdan ötərək gözdən itib sinfə girməsini izlərdim. Bəzən o gələnə qədər onu gözləmək onun gəlişindən daha ləzzətli olurdu.

O bahar məktəb həyətindəki qızılgüllər bir daha o cür bitmədi. O cür, yəni, elə ürəkdən, elə ətirli, elə al-əlvan, min bir rəngli...

- Günlərin bir günü...- Burada qonşum sözlərinə ara verdi və boğazını arıtladı. Yenə qatar təkərlərinin relslərlə təmasından doğan yeknəsəq "taq-taraq" səsi qulaq deşməyə başladı.

- Qulağın məndədi?! - Qonşumun cod səsi xəncər kimi havaya saplandı.

Mən özüm yerimdə uzana-uzana, elə bil, haman baharın tüğyan edən çiçəklərini görməyə başlamışdım, o baharın rayihəsini duyurdum. Çiçəklər, həqiqətən, ürəkdən açmışdılar, qonşum deyən qədər gözəl idilər və hətta çiçək kollarının üstündə sığırçınlar civildəşə-civildəşə dövrə vururdu. Mən o baharın içində idim.

- Haman o gün mən yenə öz yerimi tutmuş idim və taxtadakı deşiyə gözlərimi dikmişdim. Budur, birinci dərsin zəngi vuruldu. O yenə də zəng vurulandan, dəhlizdəki gediş-gəliş yığışandan sonra gəldi. Dəhlizi buruldu və taxta yığnağının yanında... yaşılgözlüm qəflətən ayaq saxladı. Gözlərini mənim baxdığım deşiyə dikdi. Belə bir yaxınlıqdan mənim gözlərim qamaşdı. Onun asta səsi yağ kimi canıma yayıldı:

- Bilirəm, ordasan. Hər gün gəlib orda gizlənib məni gözləyirsən...

Mən hərəkətsiz qalmışdım. Cınqırımı da çıxara bilmirdim. Nəfəs almağa belə qorxurdum. Məni tilsimə salmışdılar.

- İstəyirəm, biləsən. Mənim də ürəyim çoxdan səninki olub. Mən də səni dünyalar qədər sevmişəm. Hər məktəbə yaxınlaşanda ürəyim guppuldayır, səni tənəffüsdə görəcəyimi min cür xəyal edirəm. Eşit məni. Məni bir daha burda belə gözləmə. Bu taxta-tuxtanın da arxasında gizlənmə. Gəl səninlə klubda kino axşamı kinodan əvvəl görüşək. Daha heç kimdən gizlətməyək sirrimizi. Qoy bunu hamı bilsin... Danışdıq, bax, sabahdan burda durma. Mən daha gedim. Sən də get dərsə. Gec qaldıq. Amma bil. Ürəyim səninlə vurur.

Yaşılgözlüm bu sözləri dedi, mənim huşumu əlimdən aldı, gedərkən hələ bir dodaqlarını bir-birinə sıxıb taxta deşiyindən mənə hava öpücüyü də göndərdi. Mən də öz növbəmdə deşiyin bu biri tərəfində dodaqlarımı bir neçə dəfə açıb bir-birinə sıxdım. Gözlərim yaşarmışdı.

O gün məktəb həyətindəki gül-çiçəyin ətri aləmi başına götürmədimi, götürdü. Quşların şən cəh-cəhini mən bu gün də unuda bilmirəm. Yoxsa ki bu "taq-taraq"?! Adamı lap gic edir...

O gün mən başa düşdüm ki, dünyanı sevmək nə deməkdir. Bu, qarşına keçən hər adamı, tanıdın, ya tanımadın, sevmək deməkdir. Mən o gün bütün dünyanı sevirdim. Təkcə onu sevmək azıma gəlmişdi. Xoşbəxtlik də bu idi - təkcə sevdiyini sevmirsən, qarşına keçən hər adamı, hətta düşmənini sevirsən. İdbar Razi belə mənə gözəl-göyçək bir oğlan kimi görünürdü.

Qatar hərəkətini yavaşıtdı. Dəmir təkərlərin canına əyləclər necə yapışdısa əttökən bir səs çıxdı. Amma qatar dayanmadı. Dərindən nəfəs dərib fısıldadı və yenə də yavaş-yavaş sürət yığmağa başladı. "Taq-taraq-taq-taraq..."

Qonşum davam edirdi:

- O günün səhəri məktəbə necə gəldiyimi xatırlamıram. Əslində, gəlmirdim, uçurdum. Bütün gecəni yatmamışdım. Fikrimdə cürbəcür xəyallar, daha dəqiq desəm, xəyalplovlar qururdum.

Dəhlizin burulan yerini az qala sürüşüb keçdim. İstədim, taxta yığnağına bir təpik vurub yanından ötüm keçim, elə bil, kimsə mənə dedi ki, gəl bu gün axırıncı dəfə bu qızı sən burda gözlə. Gələndə çıx qarşısına, əlini əlinə al, gözünü gözünə dik...

Nəhayət, zəng vuruldu, dəhlizdən əl-ayaq çəkildi. Sakitlik ətrafı bürüdü. Onun gəlişini ondan əvvəl gəlib ətrafa yayılan qoxusundan duydum. Ayaq səsləri nəhəng devlərin ayaq səsləri kimi ağır və vahiməli idi. Dəhlizin burulan yerinə çatanda dayandı. Əvvəlcə dal-dalı əyilib dəhlizin mən tərəfinə baxdı, elə bil, yoxlayırdı ki, kimsə var, yoxsa yoxdu. Sonra üzünü dəhlizin mənə görünməyən tərəfinə tutub mənim görə bilmədiyim kiminlə isə danışmağa başladı. Aramızda, təxminən, 5-6 addımlıq məsafə var idi. Amma mən onun dediklərini bircə-bircə eşidirdim.

Taq-taraq - taq-taraq...

- Onun ilk sözləri məni səksəndirmədimi, səksəndirdi. O sözlərin kimə ünvanlandığını görə bilmirdim, amma mən bu sözləri artıq tanıyırdım. Bu sözləri mən dünəndən dəfən-dəfən özüm-özümə təkrar edib əzbərləmişdim. Yaşılgözlüm deyirdi...

Taq-taraq-taq-taraq...

- Həə, yaşılgözlüm mənim görə bilmədiyim o tərəfdəki adama belə deyirdi:

- Bilirəm, hər gün burda gizlənib məni gözləyirsən. Hər gün gəlib məni gözləməkdən yorulmursan. Düz demirəm?! İstəyirəm biləsən. Mənim də ürəyim çoxdan səninki olub. Mən də səni dünyalar qədər sevmişəm. Hər məktəbə gələndə ürəyim guppuıdayır, səni necə görəcəyimi xəyal edirəm. Amma daha sən məni burda gözləmə. Gəl səninlə klubda görüşək. Kino günündə. Daha heç kimdən sirrimizi gizlətməyək. Danışdıq?! Mən daha gedim. Sən də get dərsə. Gec qaldıq. Amma ürəyim burda səninlə qalır, biləsən... Onun bu dedikləri eynən dünən dedikləri idi. Nə artıq, nə əskik...

Taq-taraq - taq-taraq...

- Yatmamısan hələ?! Yatma. Qurtarıram. Yaşılgözlüm gəlib mənim gizləndiyim taxta-tuxta qalağının qabağından keçəndə ürəyim sinəmdən çıxıb yerə, ayaqlarımın altına düşdü.

Mən öz yerimdə quruyub qalmışdım. Hərəkət eləməyə halətim yox idi. Sənin ağlına gələrmi, dəhlizin burulan yerindən, mənim görmədiyim tərəfdən kim çıxdı?!

"Taq-taraq-taq-taraq..."

- Razi çıxdı. İdbar Razi. Əyilə-əyilə, oğrun-oğrun ora-bura baxıb tez-tələsik gedib girdi sinfə.

Sən də deyirsən, məhəbbət belə gəldi, belə getdi... O vaxtdı, bu vaxtdı mən sevgi, məhəbbət nədi bilmənəm, bilmək də istəmirəm. Hər şey öldü mənimçün. İndiyənə qədər günüm bu yollarda, elə bu qatarda keçir. Di, bəsdi. Yordum səni. Yataq. Gecən xeyrə qalsın.

Mən gözlərimi yumdum. Yenə də qaysı, gilas, vişnə ağacları çıçək açan bir məktəb həyətindəydim. Gün işığı həzin-həzin nurunu ətrafa yayırdı. Torpağın ətri adamı bihuş edirdi... Birdən bu yaz təravəti ilə dolu həyətə leysan yağışı yağmağa başladı. Bir neçə saniyə içində nə gül-çiçəkdən əsər-əlamət qaldı, nə asudə-asudə uçuşan quşlardan...

Kupenin qapısı şəstlə yana açılıb şişman bələdçi qadını içəri buraxanda mən diksinib gözlərimi açdım. Yatırdımmı, ayıq idimmi - bilmirəm. Bələdçi qadının gümrah, qalın səsi kupeni başına götürdü:

- Çay, çay vaxtıdı. Çaylarınız gəldi. Qalxmaq lazımdı. Bir saatdan az vaxtımız qalıb. İnşallah, bu dəfə gecikmərik. Sən hələ bayırdakı leysan yağışa bax, yağışa... Ya qərib imam Rza...

Bələdçi qadın qəribə bir səliqə ilə əl-ayaq eləyib çay stəkanlarını, limon qabını, balaca qənd qabını kupedəki mizin üstünə düzdü.

Qonşum artıq özünə sahman-səliqə verib mənim qarşımdakı yataqda oturmuşdu. Qaşqabaqla pəncərədən çölə baxırdı. Yağışın əlindən pəncərədən o tərəfdə heç nəyi seçmək olmurdu. O isə yenə də qatarın yeknəsəq "taq-taraq" səsinin ahənginə uyğun olaraq başını aşağı-yuxarı tərpətməkdə idi.

- Sənin sevdiyin mürəbbədən qalmayıb. Bağışla...

Bələdçi qadın bu sözləri qonşuma ünvanlayıb şişman bədənini qapıya tərəf çevirməzdən əvvəl məni öz yaşıl gözlərilə diqqətlə süzərək gülümsündü, sonra köksünü ötürüb kupedən çıxdı. Qonşum bu qadının sözlərinə heç bir reaksiya vermədi.

Təkərlərin səsi yenə qulaq deşməyə başladı: taq-taraq-taq-taraq...

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.