Super User
A-Hub Akselerasiya Proqramının dünya finalı keçirilib
31 may – 3 iyun tarixlərində Bakıda və Şuşada Rəqəmsal yaradıcı həftəsonu layihəsi həyata keçirilir.
Layihə çərçivəsində iyunun 2-də Mədəniyyət Nazirliyinin dəstəyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO və “New Space Open Innovation”ın əməkdaşlığı ilə Bakı Kristal Zalında A-Hub Akselerasiya Proqramının (2023-cü il üzrə) dünya finalı təşkil edilib.
“Ədəbiyyat və incəsənət”
AzərTAC-a istinadən xəbər verir ki, əvvəlcə ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin videoçıxışı dinlənilib.
Açılış nitqi söyləyən mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki, Mədəniyyət Nazirliyi bu layihəni ICESCO ilə birlikdə icra etməkdədir: "Çox şadıq ki, bu platforma irimiqyaslı layihəyə çevrilib. Biz gələcəkdə bu platformanı inkişaf etdirmək üçün yeni təşəbbüslər irəli sürəcəyik".
Azərbaycanla ICESCO arasında əməkdaşlığa toxunan nazir müavini söyləyib ki, bu günə kimi ölkəmizin bu qurumla məhsuldar əməkdaşlığı olub: "Buna nümunə olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsini qeyd edə bilərik. Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi mötəbər bir hadisədir. Sizlər sabah Şuşaya səfər zamanı bu qədim şəhərimizin necə bariz bir şəkildə islam mədəniyyətini ehtiva etdiyini öz gözlərinizlə görəcəksiniz".
ICESCO baş direktorunun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif qonaqpərvərliyə görə ölkəmizə təşəkkür edib, dünya finalında iştirak edən komandalara uğurlar arzulayıb. Tədbir çərçivəsində layihə iştirakçılarının Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olacağına əminliyini bildirib.
"New Space Open Innovation”ın təsisçisi Leyla Tağızadə layihə haqqında məlumat verib. Qeyd olunub ki, layihə ICESCO-ya üzv ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf üzrə təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilir: "Biz 3 il əvvəl bu layihəyə başlayanda heç təsəvvür edə bilməzdik ki, bu gün Azərbaycanda belə möhtəşəm dünya finalı keçiriləcək. Dünya finalında 11 ölkədən - Azərbaycan, Cibuti, Tunis, Tacikistan, Türkiyə, Liviya, Seneqal, Somali, Misir, Mali, Sudandan 30-dan çox innovativ komanda iştirak edir. Finalın ümumi mükafat məbləği 30 min ABŞ dollarıdır".
Çıxışlardan sonra startap komandaları öz ideyalarını təqdim ediblər.
Qaliblərin adlarına iyunun 3-də Şuşada keçiriləcək mükafatlandırma mərasimində aydınlıq gələcək.
Qeyd edək ki, "A-Hub Akselerator"u, ICESCO və "New Space Open Innovation"un əməkdaşlığı ilə həyata keçirilən, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmış bir təşəbbüsdür. Bu akselerator proqramı yaradıcı və texnoloji startapları dəstəkləyərək onların ideyalarını reallaşdırmaq üçün lazım olan resurs və mentorluğu təmin edir. 2021-ci ildə pilot layihə kimi başlayan proqram hazırda 20 ölkədə fəaliyyət göstərir və daha da genişlənməkdədir.
“Ədəbiyyat və incəsənət”
(03.06.2024)
IV Məktəblərarası Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb
İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində 2023-2024-cü illər üzrə IV Məktəblərarası Rəsm Müsabiqəsinin iştirakçıları mükafatlandırılıb. Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, müsabiqə Azərbaycanın Birləşmiş Rəssamlar Klubu, “Antaris” şirkəti və “Faber-Castell” SC ilə birgə təşkil edilib.
Münsiflər heyətində Birləşmiş Rəssamlar Klubunun sədri Bəhram Xəlilov, “Faber-Castell” şirkətinin Azərbaycandakı nümayəndəsi Ləman Yusifli və rəssam Səbinə Cəfərova yer alıb.
İki turdan ibarət olan IV Məktəblərarası Rəsm Müsabiqəsinə 2023-cü ilin payızında start verilib. “Qarabağ” mövzusunda hər olunan birinci tur 2024-cü ilin aprelində keçirilib. İkinci tur “Dünya ənənələri və dünya nağılları”na həsr olunub. Ümumilikdə müsabiqəyə 500 yüzə yaxın iştirakçı qoşulub, onlardan altmışı ikinci tura keçib və sonda beş finalçı seçilib.
Müsabiqədə 1-ci yerə Dəniz Cəfər, 2-ci yerə Fərəh Əkbərzadə, 3-ci yerə Yunus Dalğa, 4-ci yerə Aysun İbrahimova, 5-ci yerə isə Fərəh Xələfzadə layiq görülüb. Qaliblərə fəxri fərman və hədiyyələr təqdim olunub.
2020-ci ildən bəri bu müsabiqə uşaqlar və yeniyetmələrin yaradıcılığını sövq edən çox gözəl ənənəyə çevrilərək, hər il 6-17 yaş arası məktəblilər arasında keçirilir.
“Ədəbiyyat və incəsənət”
(03.06.2024)
Qala Etno Fest başa çatdı
Mayın 31-dən iyunun 2-dək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Qala Etno Fest keçirildi.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ekspozisiya şöbəsinin müdiri Turan Həsənova jurnalistlərə müsahibəsində festival barədə danışıb: “Tədbir çərçivəsində ənənəvi və etnoidman növlərinin həvəskarları oxatma, nərd, şahmat və dama kimi masaüstü oyunlarda iştirak edirlər. Kiçik ziyarətçilər üçün isə etno və uşaq oyunları, rəsm müsabiqələri təşkil edilib”.
Milli Məclisin deputatı Fazil Mustafa öz növbəsində bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. O, tarixi abidələrin tanıdılması və qorunması istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırıb. “Ümid edirəm ki, belə festivallar xalqımızda tarixi mirasımıza qarşı diqqəti və həssaslığı artıracaq”, - deyə deputat bildirib.
Festivalda iştirak edən Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ilə yaxından tanış olublar.
Qala Etno Fest çərçivəsində, Qala qəsrində “Qala tarixi fotolarda” sərgisi ziyarətçilərə təqdim olunub.
Günümüzə qədər qorunub saxlanmış, dublalı (bacalı) evləri ilə məşhur, XVIII əsrə aid unikal Abşeron kəndi nümunəsi olan və hazırda “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda muzey kompleksi formasında qorunan “Dulusçu evi”nin həyətindəki 300 yaşlı püstə ağacının altında ölkəmizin önəmli mədəniyyət xadimləri ilə görüşlər keçirilib.
“Püstə ağacının altında görüş” silsiləsində “Türk damğaları”, “Keramika sənəti”, “Abşeron arxeologiyası” və “Dəzgah və kitab qrafikası” mövzularında görüşlərin təşkili etnomədəni mühitə xüsusi ab-hava qatıb.
Sənətkarlıq və qədim peşələrlə maraqlananlar üçün dulusçuluq, xalçaçılıq, boyakarlıq, dəmirçilik, qurama, keçə sənəti, zərgərlik, vitraj, ağacoyma, keramika, rəngləmə, ebru və şam düzəltmə üzrə ustad dərsləri də təşkil olunub.
“Ədəbiyyat və incəsənət”
(03.06.2024)
Mükafatçılar bəlli oldu
“Ulduz" aylıq ədəbiyyat dərgisi və AYB Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri poeziya müsabiqəsinin qalibləri bəlli oldu.
“Ədəbiyyat və incəsənə” portalı siyahını təqdim edir:
I yer:
Cavid Qasımov;
II yer:
Rəşad Nağı Mustafa , Allahşükür Ağa ;
III yer:
Eminquey,
Seyidəli Sübhi,
El Roman
Qaliblərin mükafatlandırılması və təqdimat günü ilə bağlı əlavə məlumat veriləcək.
Təşkilati dəstək : "Kəpəz hospital"
İnformasiya dəstəyi: "Ədəbiyyat və İncəsənət" portalı.
“Ədəbiyyat və incəsənət”
(01.06.2024)
Respublika Gənclər Kitabxanasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar görüş
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq 4 nömrəli Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin şagirdləri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq oldular.
“Ədəbiyyat və incəsənət”ə kitabxanadan verilən məlumata görə, kitabxana əməkdaşları məktəblilərə kitabxananın iş prinsipi, ondan istifadə qaydaları, fondu, kitabxanada təşkil edilən tədbirlər, kitab təqdimatları, sərgilər, oxuculara təqdim edilən elektron xidmətlər, kitabxanın rəsmi saytı haqqında məlumat verdilər, müasir dövrdə elektron və audio kitablarla yanaşı ənənəvi mütaliənin də mühüm əhəmiyyət daşıdığını söylədilər. Məktəblilər kitabxanın “Musiqi” bölməsində saxlanılan nadir qrammafon valları, not nəşrləri ilə tanış oldular, kitabxananın nadir nüsxələr fondunda saxlanılan ədəbiyyat nümunələri haqqında məlumat aldılar. “Uşaq ədəbiyyatı” sərgisi ilə tanış olan məktəblilərə kitabxananın fondunda saxlanılan Azərbaycan, rus və xarici dillərdə olan uşaq ədəbiyyatı haqqında geniş məlumat verildi.
Kitabxana işinin avtomatlaşdırılması və rəqəmsallaşdırma şöbəsinin müdiri Səadət Şəfiyeva və Tədbirlərin təşkili və çap məhsulları üzrə iş şöbəsinin müdiri Qənirə Əliyeva Ümummilli Lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” - müdrik kəlamının uşaqlara olan məhəbbətinin təzahürü olduğunu qeyd edərək, Azərbaycan dövlətinin uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqəti və qayğısı ilə əhatə olunması məsələsinə həssaslıqla yanaşdığını bildirdilər.
Görüş zamanı Yaradıcılıq Mərkəzinin “Məktəb teatrı” dərnəyinin üzvləri görkəmli dramaturq Cəfər Cabbarlının “Dilarə” hekayəsindən səhnəciklər nümayiş etdirdilər.
Ekskursiyanın sonunda 4 nömrəli Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin kollektivi kitabxanaya əməkdaşlığa görə minnətdarlıqlarını bildirdilər. Görüşün sonunda xatirə şəkli çəkildi.
“Ədəbiyyat və incəsənət”
(31.05.2024)
“YAŞAT" Fondu növbəti “Hədiyyə Karvanı” layihəsini reallaşdırır
“YAŞAT” Fondunun təşkilatçılığı, “Nar”ın dəstəyi ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Hədiyyə Karvanı" layihəsi həyata keçirilir.
“Ədəbiyyat və incəsənət”ə fonddan verilən məlumata görə, 4-cü ildir reallaşdırılan layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan övladlarına hədiyyə qutusu çatdırılır.
Ümumilikdə layihə ölkəmizin müxtəlif regionlarındakı 1700-dən çox uşağı əhatə edəcək.
Məqsəd onlara sevinc bəxş etmək, eləcə də onların hərtərəfli inkişafına dəstək olmaqdır.
Vətən əsgərinə, şəhid övladları isə xalqa əmanətdirlər!
Layihənin logistika dəstəkçisi Abşeron Logistika Mərkəzidir.
“Ədəbiyyat və incəsənət”
(31.05.2024)
MAYIN İYUNA TAPŞIRIĞI - Əkbər Qoşalı yazır
May ayı başa çatır.
Bu ay Şuşanın, Laçının işğal günlərinin qaramatını deyil, əziz Şuşamıza ilk, laçın kimi Laçına növbəti köçün sevincini bölüşdük! Türk dünyasının böyük şəxsiyyətləri Atatürkün, Heydər Əliyevin dünyaya gəlişinin, Azərbaycan Xalq Cümhuriyyətinin quruluşunun, İstanbulun fəthinin növbəti ildönümlərini bu ayda qürurla qeyd etdik. Başqa gözəllikləri də sıralaya bilərik: Qazaxın dörd kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı və Xeyrımlinin) işğaldan qurtuluşunun, Xocalıya ilk köçün sevinci 2024-cü ilin beşinci ayını bir aydan daha artıq - əla aya çevirdi! Bəli, uğur uğur gətirir!
Bəli, müstəqillik böyük nemətdir! - Biz bu nemətin dadını-duzunu indi-indi görürük. Az qala müstəqilliyimizin “yaşıd”ı olan ağır işğallara son verdikdən sonra üfüqlər genişləndi, qara buludlar dağıldı, çəmbərlərin daralması bitdi! Zəfər parlaq Günəş kimi canımızı isitdi, ruhumuzu dirçəltdi, torpağımızı havalandırdı! Ayağı torpaqda möhkəm, başı buludlarda uca olmaq ayrı bir aləmdi!
May ayı başa çatır və necə deyərlər, bizi iyuna tapşırıb gedir: hər gələn ay daha üstün olsun deyə…
Ermənistan Respublikasında da nələrsə başa çatır amma nələrsə “balalayır”… Tavuşdan teylənən Kanadalı arxiyepiskop Baqrat Qalstanyan İrəvanadək gəlib (gedib) çıxdı və indi üzərindəki adıyaman missiyanı tamamlamağa çalışır. Sual olunur: həmin o yaramaz keşiş və onun arxasındakılar (yanıbaşındakılar) tam olaraq nə istəyir? - Bildiyimizi bilirik də, yəni əvəzçıxma havasınamı giriblər, yeni müharibəyəmi çağırırlar? Keşiş keşişdisə, sülhə çağırmalıdı ya müharibəyə? O keşişin arxasındakı, böyür-başındakılar hansı “ədalət”i təmsil edir? -
İlahi ədalət? - Deyil, kəsinliklə deyil və müzakirəyə gəlmir!
Bəşəri ədalətinsə burada (orada) heç bir hərfi də iştirak etmir. Yaxın keçmişdə soyqırım aktları, terrorlar törətmiş, işğalçılıq etmiş və hələ də Azərbaycandan üzr istəməmiş xalq, dövlət zatən bəşəri ədaləti təmsil edə bilməz! Bir milyon azərbaycanlını yer-yurdundan didərgin salıb, “əvəz”ində bir milyon mina basdıran zehniyyət sahibləri - beynəlxalq hüquq normalarını heçə sayan respublika hansı bəşəri iddiada ola bilər ki?
Dini ədalətmi? - O hansı dindir ki ədalətsizliyə, evyıxmağa, qan tökməyə, gərəksiz müharibəyə çağırsın? Varsa, o heç din deyil!
Bəlkə milli ədalət? - Axı sadə erməniyə adam kimi yaşamaq lazımdır, avantüra yox. Öz ağılları ucundan Bakıdan, Gəncədən, Tovuzdan, … dünyanın dörd tərəfinə səpələn(diril)miş ermənilər bir azərbaycanlı “zemlyak” görüncə ağlayır, keçmiş qonşularını soruşur, “heyf o illərdən!” deyir… İndi, bizim Qərbi Azərbaycanda bərqərar olmuş respublikalarını dirçəltmək ermənilərçün milli görəvdi ya olan-qalanlarını da itirmək? Axı: Dəmir Yumruq xəbərdarlıq edir, zarafat etmir!
Ya elmi ədalət ola bilərmi? - Əgər “elmi ədalət” qavramını işlətmək qəbulsa, mövcud elmlərin heç biri “bacarmadığını et”, “boyundan hündürə tullan”, “başqalarının əlində alət ol” deyəcək qədər kitabsız (elmsiz!) olamaz!
Beləliklə, keşiş sanılan Baqratın nə bağı gülüstan olmaz, nə atı irəli çapmaz! Vaxtilə Həkəri körpüsününün o üzündə sıralanan “yardım maşınları” kimi sabah - birisi gün o da üzünü çevirib geri dönər… Bacarsa, İrəvandan Tavuşa yürüyərək gedər… İstərsə, heç Tavuşa da dönməz - “Zvartnos”da uçağa minib, birbaş Amerikanın yolunu tutar…
Azərbaycan isə qurur-yaradır.
Böyük qayıdış öz nizamında davam və inkişaf edir.
Heç kəs deyə bilməz ki, bir gün Daha Böyük Qayıdış - soydaşlarımızın Qərbi Azərbaycana “ruh bədənə girən kimi” qayıdışı olmayacaq. Haqqın incəldiyini görən çox olub, amma üzüldüyünü görən olubmu? - Haqq incələr, üzülməz!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(31.05.2024)
"Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı Türkiyədə çap olunub
Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı Türkiyədə çap olunub.
AzərTAC xəbər verir ki, yeni nəşri Türkiyə türkcəsinə “Türk Ədəbiyyatı” dərgisinin baş redaktoru Bəxtiyar Aslan çevirib.
Kitabın “Ön söz” müəllifi görkəmli türkoloq alim, professor Əhməd Bican Ercilasun, “Son söz” müəllifi isə Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun müdiri Burak Ekedir.
Professor Əhməd Bican Ercilasun “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının “Ön söz”ündə yazır: “Qeyri-səlis məntiq “0” ilə “1” arasında bir çox dərəcənin olduğunu proqnozlaşdırır. Lütfi Zadənin 1965-ci ildəki məqaləsi əslində “ya o, ya budur” şəklində klassik Aristotel məntiqinin rədd edilməsidir. “O” ilə “bu” arasında bir çox fərqli dərəcələr var. Bir çox texnoloji inkişafa səbəb olan Lütfi Zadə öz nəzəriyyəsinin ictimai elmlərə də tətbiq olunmasını çox arzulayırdı. Bu kitabla onun bu arzusu gerçəkləşdi... İndi əlimizdə Bəxtiyar Aslanın Türkiyə türkcəsinə tərcümə etdiyi “təkmilləşdirilmiş nəşri”nin mətni var. Düzdür, belə mücərrəd əsərin tərcüməsinə çalışmaq cəsarət tələb edir. Bəxtiyar bəy bu işi uğurla başa vurub”.
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin ideyalarının təbliğində mühüm rol oynayan “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı qeyri-səlis məntiqin ədəbiyyata ilk tətbiqidir. Burada “Kitabi-Dədə Qorqud”a qeyri-səlis məntiq prizmasından yanaşma dastanın tədqiqi prosesinə yeni ruh verir. İlk dəfə olaraq qeyri-səlis məntiq prinsiplərinin qədim dastana tətbiq edildiyi kitabda müəlliflər əcdadlarımızın düşüncə tərzinə xas olan demokratik əhvalı “Dədə Qorqud” boylarının gizli dil qatlarında aşkarlayırlar.
Lütfi Zadənin məntiq nəzəriyyəsindən bəhrələnərək ərsəyə gələn “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı qorqudşünaslar, informasiya nəzəriyyəçiləri və məntiqçilər üçün eyni dərəcədə maraqlıdır. Öz unikallığı və aktuallığı ilə seçilən kitab həm qədim miflərin, həm də müasir ədəbiyyatın strukturunu öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Kitab üç dəfə Azərbaycanda, habelə Almaniyada və indi də Türkiyədə çap olunub. Eyni zamanda, kitabın ingilis dilində nəşrinə hazırlıq görülür.
“Ədəbiyyat və incəsənət”
(31.05.2024)
“Tanı, Oxu, Tanıt" layihəsindən növbəti görüş Sumqayıtda baş tutdu
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində növbəti tədbir Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evində keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirin aparıcısı Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı tədbiri giriş sözü ilə açaraq ədəbiyyat könüllülüyünün önəmindən bəhs edib.
Ardınca DGTYB başqanı, şair, “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsinin rəhbəri İntiqam Yaşar tədbir iştirakçılarına layihə və “Ədəbiyyat könüllülüyü”, “Ədəbi toplu-2024” kitabları barədə məlumat verib.
Daha sonra Azərbaycan Ədəbiyyat Fondurun direktoru, yazıçı Varis Yolçuyev, DGTYB İdarə Heyətinin üzvü, şair Yusif Nazim, DGTYB İH üzvü, şair Elvin İntiqamoğlu, DGTYB İH üzvü, şair Şükür Əli, şair Şəhriyar Seyidoğlu, DGTYB başqan müavini, şair-publisist Ayşən Rəhim və DGTYB İH üzvü şair Cəmil Cəmilbəyli, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin məsləhəhtçisi Bayram Cəfərliyə və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun baş məslhətçisi Həsən Həsənliyə, yazıçı Almaz Bəyazidə, Sumqayıt Dövlət Universitetinin müəllimi Əli Rzazədəyə söz verilib. Onlar DGTYB-nin sözügedən layihələri barədə söz açıb, Layihənin cəmiyyət üçün önəmindən bəhs ediblər. Tədbirdə iştirak edən yazarlar “Ədəbi toplu – 2024” adlı kitabda yer alan şeirlərini səsləndiriblər.
Tədbirin sonunda iştirakçılara təşkilat tərəfindən nəşr olunan kitablar hədiyyə edilib, diplomlar verilib, xatirə şəkli ilə tədbirə yekun vurulub.
Qeyd edək ki, “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində çap olunmuş kitabın məsləhətçisi Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, redaktoru DGTYB başqan müavini Taleh Mansur, kitabın tərtibçiləri DGTYB başqan müavini Ayşən Rəhim, DGTYB üzvü Rizvan Fikrətoğlu, dizayn-tərtibatçısı isə DGTYB İdarə Heyətinin üzvü Sərvər Kamranlıdır.
“Ədəbiyyat və incəsənət”
(31.05.2024)
Bakı qlobal startap ekosistemi reytinqində 68 pillə irəliləyib
30 may 2024-cü il tarixində dünyanın qlobal startap ekosistem xəritəsi və araşdırma mərkəzi olan “StartupBlink” təşkilatı tərəfindən “Qlobal startap ekosistemi indeksi”nin 2024-cü il üzrə hesabatının təqdimat konfransı keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi tərəfindən ölkəmizdə özəl sektora dəstək, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəindən bu istiqamətdə həyata keçirilən tədbirlər, hədəflər və yeniliklər diqqətə çatdırılıb.
Agentlikdən “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, hesabatda dünya üzrə startapların inkişafı üçün münbit şəraitin olduğu 100 ölkə və 1000 şəhər seçilib. Ötən illə müqayisədə Azərbaycan reytinqdə 4 pillə irəliləyərək top 80-liyə daxil olub. Bakı isə şəhərlərarası reytinqdə 68 pillə irəliləyərək ən yüksək nəticə göstərmiş 350 şəhərdən biri olub.
Reytinq hesablanarkən şəhərlərdə innovasiya mərkəzlərinin, investorların, qeydə alınmış startapların və akselerasiya proqramlarının sayı, o cümlədən startaplar üçün yaradılmış infrastruktur və onlardan istifadə, güzəşt mexanizmləri, universitetlərdə innovasiya tədbirləri, startap bazar həcmi, tədqiqat və araşdırma işləri kimi meyarlar nəzərə alınır.
Xatırladaq ki, Dövlət Agentliyi 2022-ci ildən etibarən "StartupBlink" təşkilatının ölkə üzrə əsas partnyorudur.
Ölkəmizin beynəlxalq reytinqlərdə daha da irəliləməsi üçün yerli innovasiya ekosisteminə dair yeniliklər, reallaşan layihələr və dəstək tədbirləri ilə bağlı məlumatların beynəlxalq arenada paylaşılması istiqamətində işlər davam etdirilir.
“Ədəbiyyat və incəsənət”
(31.05.2024)