MAYIN İYUNA TAPŞIRIĞI - Əkbər Qoşalı yazır Featured

May ayı başa çatır. 

Bu ay Şuşanın, Laçının işğal günlərinin qaramatını deyil, əziz Şuşamıza ilk, laçın kimi Laçına növbəti köçün sevincini bölüşdük! Türk dünyasının böyük şəxsiyyətləri Atatürkün, Heydər Əliyevin dünyaya gəlişinin, Azərbaycan Xalq Cümhuriyyətinin quruluşunun, İstanbulun fəthinin növbəti ildönümlərini bu ayda qürurla qeyd etdik. Başqa gözəllikləri də sıralaya bilərik: Qazaxın dörd kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı və Xeyrımlinin) işğaldan qurtuluşunun, Xocalıya ilk köçün sevinci 2024-cü ilin beşinci ayını bir aydan daha artıq - əla aya çevirdi! Bəli, uğur uğur gətirir! 

Bəli, müstəqillik böyük nemətdir! - Biz bu nemətin dadını-duzunu indi-indi görürük. Az qala müstəqilliyimizin “yaşıd”ı olan ağır işğallara son verdikdən sonra üfüqlər genişləndi, qara buludlar dağıldı, çəmbərlərin daralması bitdi! Zəfər parlaq Günəş kimi canımızı isitdi, ruhumuzu dirçəltdi, torpağımızı havalandırdı! Ayağı torpaqda möhkəm, başı buludlarda uca olmaq ayrı bir aləmdi! 

May ayı başa çatır və necə deyərlər, bizi iyuna tapşırıb gedir: hər gələn ay daha üstün olsun deyə…

 

Ermənistan Respublikasında da nələrsə başa çatır amma nələrsə “balalayır”… Tavuşdan teylənən Kanadalı arxiyepiskop Baqrat Qalstanyan İrəvanadək gəlib (gedib) çıxdı və indi üzərindəki adıyaman missiyanı tamamlamağa çalışır. Sual olunur: həmin o yaramaz keşiş və onun arxasındakılar (yanıbaşındakılar) tam olaraq nə istəyir? - Bildiyimizi bilirik də, yəni əvəzçıxma havasınamı giriblər, yeni müharibəyəmi çağırırlar? Keşiş keşişdisə, sülhə çağırmalıdı ya müharibəyə? O keşişin arxasındakı, böyür-başındakılar hansı “ədalət”i təmsil edir? - 

 

İlahi ədalət? - Deyil, kəsinliklə deyil və müzakirəyə gəlmir! 

 

Bəşəri ədalətinsə burada (orada) heç bir hərfi də iştirak etmir. Yaxın keçmişdə soyqırım aktları, terrorlar törətmiş, işğalçılıq etmiş və hələ də Azərbaycandan üzr istəməmiş xalq, dövlət zatən bəşəri ədaləti təmsil edə bilməz! Bir milyon azərbaycanlını yer-yurdundan didərgin salıb, “əvəz”ində bir milyon mina basdıran zehniyyət sahibləri - beynəlxalq hüquq normalarını heçə sayan respublika hansı bəşəri iddiada ola bilər ki?

 

Dini ədalətmi? - O hansı dindir ki ədalətsizliyə, evyıxmağa, qan tökməyə, gərəksiz müharibəyə çağırsın? Varsa, o heç din deyil!

 

Bəlkə milli ədalət? - Axı sadə erməniyə adam kimi yaşamaq lazımdır, avantüra yox. Öz ağılları ucundan Bakıdan, Gəncədən, Tovuzdan, … dünyanın dörd tərəfinə səpələn(diril)miş ermənilər bir azərbaycanlı “zemlyak” görüncə ağlayır, keçmiş qonşularını soruşur, “heyf o illərdən!” deyir… İndi, bizim Qərbi Azərbaycanda bərqərar olmuş respublikalarını dirçəltmək ermənilərçün milli görəvdi ya olan-qalanlarını da itirmək? Axı: Dəmir Yumruq xəbərdarlıq edir, zarafat etmir!

 

Ya elmi ədalət ola bilərmi? - Əgər “elmi ədalət” qavramını işlətmək qəbulsa, mövcud elmlərin heç biri “bacarmadığını et”, “boyundan hündürə tullan”, “başqalarının əlində alət ol” deyəcək qədər kitabsız (elmsiz!) olamaz!

 

Beləliklə, keşiş sanılan Baqratın nə bağı gülüstan olmaz, nə atı irəli çapmaz! Vaxtilə Həkəri körpüsününün o üzündə sıralanan “yardım maşınları” kimi sabah - birisi gün o da üzünü çevirib geri dönər… Bacarsa, İrəvandan Tavuşa yürüyərək gedər… İstərsə, heç Tavuşa da dönməz - “Zvartnos”da uçağa minib, birbaş Amerikanın yolunu tutar…

 

Azərbaycan isə qurur-yaradır.

Böyük qayıdış öz nizamında davam və inkişaf edir.

Heç kəs deyə bilməz ki, bir gün Daha Böyük Qayıdış - soydaşlarımızın Qərbi Azərbaycana “ruh bədənə girən kimi” qayıdışı olmayacaq. Haqqın incəldiyini görən çox olub, amma üzüldüyünü görən olubmu? - Haqq incələr, üzülməz!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.