Respublika Gənclər Kitabxanasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar görüş

 

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü  ilə əlaqədar olaraq 4 nömrəli Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin şagirdləri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq oldular. 

“Ədəbiyyat və incəsənət”ə kitabxanadan verilən məlumata görə, kitabxana əməkdaşları məktəblilərə kitabxananın iş prinsipi, ondan istifadə qaydaları, fondu, kitabxanada təşkil edilən tədbirlər, kitab təqdimatları, sərgilər, oxuculara təqdim edilən elektron xidmətlər, kitabxanın rəsmi saytı haqqında məlumat verdilər, müasir dövrdə elektron və audio kitablarla yanaşı ənənəvi mütaliənin də mühüm əhəmiyyət daşıdığını söylədilər. Məktəblilər kitabxanın “Musiqi” bölməsində  saxlanılan nadir qrammafon valları, not nəşrləri ilə tanış oldular, kitabxananın nadir nüsxələr fondunda saxlanılan ədəbiyyat nümunələri haqqında məlumat aldılar. “Uşaq ədəbiyyatı” sərgisi  ilə tanış olan məktəblilərə kitabxananın fondunda saxlanılan Azərbaycan, rus və xarici dillərdə olan uşaq ədəbiyyatı haqqında geniş məlumat verildi.

Kitabxana işinin avtomatlaşdırılması və rəqəmsallaşdırma şöbəsinin müdiri Səadət Şəfiyeva və Tədbirlərin təşkili və çap məhsulları üzrə iş şöbəsinin müdiri Qənirə Əliyeva Ümummilli Lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” - müdrik kəlamının uşaqlara olan məhəbbətinin təzahürü olduğunu qeyd edərək, Azərbaycan dövlətinin uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqəti və qayğısı ilə əhatə olunması məsələsinə həssaslıqla yanaşdığını bildirdilər.

Görüş zamanı Yaradıcılıq Mərkəzinin “Məktəb teatrı” dərnəyinin üzvləri görkəmli dramaturq Cəfər Cabbarlının  “Dilarə” hekayəsindən səhnəciklər nümayiş etdirdilər.

Ekskursiyanın sonunda 4 nömrəli Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin kollektivi kitabxanaya əməkdaşlığa görə minnətdarlıqlarını bildirdilər. Görüşün sonunda xatirə şəkli çəkildi.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.