Super User

Super User

Azərbaycan təhsilində ilk! Hədəf Liseyi STEM.org Accredted™ Educational Experience etibar nişanı ilə təltif olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Hədəf Liseyindən məlumat verilib.

 

Hədəf Liseyi ölkəmizin STEAM əsaslı təhsil verən ilk özəl liseyidir. STEAM elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat (Science, Technology, Engineering, Art, Math) sözlərinin baş hərflərindən yaranan qısaltmadır və bu fənləri inteqrasiya edərək tədris etməyi hədəfləyən disiplinlərarası və tətbiqi yanaşmanı əsas götürən təhsil fəlsəfəsinin adıdır.

 

STEM.org Amerikada ən uzun və davamlı fəaliyyət göstərən, özəl olaraq idarə edilən STEM təhsili tədqiqatı və etimadnaməsi təşkilatıdır. 2001-ci ildən bəri onun rəhbərliyi hərəkatın böyüməsi və yayılması üçün kritik rol oynayan əsas təşəbbüslərə, o cümlədən 2005-ci il STEM Konqresinin Qrupu üzrə ilkin işlərə kömək edib. Onun komandası dünyanın ən yaxşı brendlərini, təşkilatlarını və qlobal miqyasda minlərlə pedaqoqları dəstəkləyib pedaqogika sahəsində ən yaxşıları nümayiş etdirir.

 

Qeyd edək ki, beləcə, Hədəf Liseyi ISO/IEC 17024:2012 standartını ödəyərək akkreditasiyadan keçmiş hesab olunur.

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2024)

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

Qapını arxadan bağlayan adam pıçıltı ilə dedi:

-Keç içəri, evdə danışaq.

İrəlidə mavi kostyumlu, ardınca ev sahibi kiçik həyəti keçib evə girdilər. Evin ortasında qoyulmuş masada yerlərini rahatladıqdan sonra ev sahibi yenə pıçıltı ilə davam etdi:

-Vəziyyət qəlizləşib. Sən də son dərəcə ehtiyatlı ol.

Bunu deyib ev sahibi ona bir zərf uzatdı.

Qonaq zərfi alıb cibində gizlətdi.

Ev sahibi yenə sözünə davam etdi:

-Zərfi sənə məlum ünvanın poçt qutusuna atarsan. Sonra evə gedirsən. Bu gündən evdən bir addım da kənara atmırsan. Adamımız istənilən vaxt əmanətin dalınca gələ bilər. O, xəbərdarlıqsız gələcək, bilirsən. Nəsə səhv getsə, özündən küs.

Son sözlərdən mavi kostyumlunun bədənini soyuq tər basdı. Qarşısındakı sakit-sakit danışan adamın nəyə qadir olduğunu o, qısa müddətdə gözəl öyrənə bilmişdi. Ona görə də tələsik cavab verdi:

-Arxayın ol. Evdən bir addım da kənara atmayacam.

-Elə isə, daha tərpən.

Birlikdə ayağa qalxdılar. Bir dəqiqədən sonra qonağı yola salıb qapını arxadan bağlayan ev sahibi həyətin ortasında dayanıb bir siqaret yandırdı. Siqaretinə dərin bir qullab vurub tüstünü sinəsinə çəkdi. Sonra əlini cibinə salıb telefonunu çıxardı.

* * *

Mahirin zəngi gözlədiyimdən tez gəldi. Onun heç iki saat keçməmiş zəng edərək dediklərini maraqlı adlandırmaq sadəcə bu məlumata qarşı insafsızlıq olardı. Dedikləri olduqca maraqlı idi.

-Bəxtiyar, sənin maraqlandığın adamın, yəni Sərxan Nağıyevin meyiti dünən səhər saatlarında şəhər qəbiristanlığında tapılıb. Elə dünən də yarıldıqdan sonra axşam saatlarında morqdan təhvil verilərək qohumları tərəfindən dəfn olunub. Ekspertlərin verdiyi rəyə əsasən o, sentyabr ayının iyirmi altısından iyirmi yeddisinə keçən gecə ürəyindən vurulmuş bir bıçaq zərbəsi ilə öldürülüb. Sənin istədiyin məlumatlar hazırlanarkən meyit hələ aşkar olunmadığından, tapılandan sonra isə şəxsiyyətini müəyyən edilməsi xeyli vaxt apardığından bundan xəbərimiz olmayıb.

-Meyitin üzərində nə olub?-ilk sualım bu oldu.

-Səni cib telefonu maraqlandırırsa, olmayıb. Ev açarı, yüz on iki manat pul, barmağındakı qızıl üzük, siqaret və alışqan, bir də cib dəsmalından başqa üzərində heç nə olmayıb.

-Meyiti kim aşkar edib?

-Qəbiristanlığın gözətçisi.

Bu gün sentyabrın iyirmi doqquzudur. Əgər meyit dünən, ayın iyirmi səkkizində səhər saatlarında tapılıbsa, deməli, otuz saatdan çox vurulduğu yerdə qalıb. Bunları fikirləşib növbəti sualımı verdim.

-Ehtimal etsək ki, meyitin orada qaldığı müddətdə kimsə gözətçidən əvvəl onu görüb və telefonunu götürüb, onda bunu edən adam xislətinə uyğun olaraq üzüyü də, pulları da götürmüş olmalıydı. Ancaq bunu etməyib. Deməli, öldürən hər kimdirsə, məhz telefonu orada qoymaq istəməyib.

-Razıyam,-Mahir yenə qısa cavab verdi.

-Ayrıca, Sərxanın qətlə yetirildiyi tarixə fikir ver, bu sənə heç nədən xəbər vermir ki?

-Özü də necə bir şeydən xəbər verir-Mahir də mənim tonumda cavab verdi: Bizim üçün vaxtın işə düşdüyü bir gündə, sentyabrın iyirmi yeddisində adı araşdırmamızdakı məlumatlarda keçən birinin qardaşının vaxtına son qoyulur.

-Deməli, buz qırılmağa başladı, cənab polkovnik.

-Razıyam, Bəxtiyar. Buz nəhayət ki, çat verdi.

Gecədən dönə-dönə təhlil etdiyim yeddi keçmiş məhkum barədə olan məlumatları əzbərdən xatırlayırdım. Lazım olanları bir daha tez yaddaşımdan keçirdim:Tərxan həbs olunandan sonra həyat yoldaşı uşaqları ilə birlikdə onu atıb gedib. Qardaşı Sərxan isə heç vaxt ailə qurmayıb. Ataları çoxdan dünyasını dəyişib. İki qardaş yaşlı anaları ilə ata evində yaşayıblar. Həbsdən çıxan Tərxan təxminən il yarım əvvəl dünyasını dəyişib. İndi də Sərxanın qətlə yetirildiyi məlum olub.

Alınan məlumat həqiqətən çox gözlənilməz idi. Mahirin susması onun səhərdən nəyə işarə vurduğumu başa düşməsi, indi də eynilə mənim düşündüklərimi təhlil etdiyi anlamına gəlirdi. Sükutu birinci mən pozdum:

-Təcili bütün mobil operatorlara sorğu verin. Son iki ildə hər iki qardaşın istifadəsində olmuş nömrələr haqqında cavab tələb edin. Cavablar ən xırda məlumat belə nəzərdən qaçırılmadan, ən qısa müddətdə verilsin.

-Sorğuları şifahi verəcəm. İki saata cavablar bizdə olacaq.

* * *

 Səhər saatlarında mindiyi yerdə avtobusdan düşən mavi kostyumlu adam dayanacağın yaxınlığındakı ərzaq mağazasına girdi. Yarım saatdan sonra əlində bir neçə dolu zənbillə oradan çıxıb evinə tərəf yan aldı. Qeyri-müəyyən bir müddətdə evini tərk etməmək tapşırığı almış bu adam, ərzaq ehtiyatını tutmaq üçün əlinə gələni alıb zənbillərə doldurmuş, indi bu dolu zənbillərin ağırlığı altında ayaqlarını zorla sürüyürdü. Nəhayət mağaza ilə evinin arasındakı məsafəni qət edib açarı çıxarmaq üçün zənbilləri yerə qoydu. O, bu ikimərtəbəli evdə tək yaşayırdı. Evin qapısını açıb zənbilləri götürdü və içəri keçdi. Arxasınca ayağı ilə itələyib örtdüyü qapının kilidi avtomatik olaraq bağlandı. Zənbilləri yerə qoymadan ayaqqabılarını çıxarıb mətbəxə keçdi.

Evə gəlməmişdən qabaq lazımı ünvana gedib ona verilmiş zərfi tanış mənzilin poçt qutusuna atmışdı. Daha görüləcək bir işi qalmamışdı. Aldıqlarını yerbəyer edib dincələcəkdi. Ona gözləmək tapşırılmışdı.

* * *

Bütün qurumlar hərbi rejimə keçdiyi üçün operativlik ikiqat sürətlə təmin olunurdu. Lazım olan məlumatı Mahir iki saatdan da az vaxtda əldə edə bilmişdi. Təhlillər əsasında yaranmış ehtimalımın doğruluğunu təsdiq edən bir fakt artıq ortaya çıxmışdı-diqqət mərkəzimə düşən Sərxan Nağıyev ölü halda tapılmışdı. Özü də müharibənin başlayacağı gecə qətlə yetirilmişdi. Az əvvəl mobil operatorlardan alınan son cavablarla doğru yolda olduğumuzun bir təsdiqini də tapmışdıq. Ehtimalımın tam doğruluğunu təsdiq edən yol isə, oğlunu itirmiş dərdli ana ilə söhbətdən keçirdi. Təcili Sərxanın anası ilə görüşmək tələb olunurdu. Böyük ehtimalla indi qohum-əqrəba, qonşular dünən oğlunu dəfn etmiş, tək qalmış ananın başına yığışıb. Ancaq başqa çarə yox idi. Az əvvəl zəng etmiş Mahir alınan cavabların nəticə verdiyini deyib, oraya birlikdə getməyi təklif etmişdi.

Hazırlaşıb onu gözləyirdim. Tez gələcəyini bilirdim. Belə də oldu. Heç on beş dəqiqə keçməmiş Mahir gəldi və birlikdə bizə lazım olan ünvana yollandıq. Bizi çətin söhbətin gözlədiyi məlum idi. Ancaq belə hallarda dialoqun necə qurulacağını, həqiqəti üzə çıxarmaq üçün hansı üsullardan istifadə olunduğunu ikimiz də gözəl bilirdik. Bircə «əmma» var idi ki, söhbət edəcəyimiz adam cəmi bir gün əvvəl övladını torpağa tapşırmış yaşlı ana idi. Ona görə də seçəcəyimiz sözlərdə son dərəcə diqqətli olmalıydıq.

Bütün yas düşmüş evlərdəki kimi getdiyimiz evin də həyət qapısı laybalay açıq idi. Hələ içəri girməmiş həyətdə qaynadılan samovarın tüstüsünün iyi burnumuza vurdu. Qapıdan keçib bizi qarşılayan gənclə salamlaşdıq. Həyət kifayət qədər böyük idi. Salamımızı alan gənc bizi yuxarı başda, iri tut ağacının altında qoyulmuş masaya dəvət edib kimisə işarə ilə çağırdı. Oradan yaxınlaşan orta yaşlı kişinin müşayiəti ilə uzun masanın arxasında oturmuş kişilərin yanına gəldik. Salamlaşıb başsağlığı verdikdən sonra masaya əyləşdik. Mollanın verdiyi fatihədən sonra salavat çevirib mərhuma rəhmət dilədik. Öz-özlüyümdə, əgər ehtimalım təsdiqlənərsə, bu rəhməti geri götürəcəyimi qət etdim. Məclisdə xeyli adam var idi. Bayaq bizi qarşılayan gənc yaxınlaşıb gətirdiyi iki stəkan çayı qarşımıza qoydu və yenə də samovarın yanına qayıtdı.

Mərhumun anasının adı Səyyarə idi. İçəri girən kimi Səyyarə xanımı soruşub onunla söhbət etmək istədiymizi demək yaxşı qarşılanmazdı. Belə işlərdə mentaliteti nəzərə almaq mütləq idi.

 

 “Ədəbiyyat və incəsənət”

(01.03.2024)

 

 

 

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

 

Con Maksvell, «Uğurlu insanlar necə düşünür».

Həm də korporativ inkişaf və şəxsiyyət məsələləri üzrə məşhur natiq olan bu motivasiya spikeri düzgün, məhsuldar düşüncə tərzinə malik olmağı uğur qazanmaq yolunda ən vacib şərt hesab edir.

Con Maksvel iddia edir ki, eqoist o şəxs deyil ki, özü barədə çox düşünür. Eqoist o şəxsdir ki, başqaları barədə az düşünür.

Onun aləmində düzgün düşüncə tərzinə malik olmağın bir neçə yolu var:

 - Çalışın ki, sizin sözlərinizlə işləriniz heç zaman ziddiyyət təşkil etməsin.

 - Xırda hesab etdiyiniz hərəkətiniz başqalarına çox ağır təsir edə bilər. Çatılmış qaşlar əvəzinə gülümsəməyinizlə siz kiminsə gününü bayrama döndərə bilərsiniz.

 - Əksər insan odu odla söndürmək, ağrıya ağrıyla cavab verməyə meyilli olur. Amma incidilmiş adama cavab zərbəsi yetirmək, yerə yıxılanı vurmaq kimidir.

 - «Mumkünsüzdür» fakt deyil, rəydir. «Mümkünsüzdür» bəyanat deyil, çağırışdır. Potensialdır. Müvəqqəti haldır. Heç nədir!

 - Hər bir çətinlikdə imkanlar gizlənir. Və hər bir imkan da çətinlikdən keçir.

 - Uğurun ən əsas formulası insanlarla necə münasibət qurmağı bilməkdir.

 - Ondan qorxmayın ki, həyatınız bitəcək. Ondan qorxun ki, o heç vaxt başlamayacaq.

 - Sabahkı uğurun ən qorxulu düşməni bugünkü uğurdur.

 - Saat 10-a kimi xoşagəlimli olsanız bütün gününüz yağ kimi gedər. 

Uğurlu və adi insanın fərqi onların uğursuzluğa münasibətindədir.

İstəkli oxucularıma onu da söyləyim ki, amerikalı kilsə xadimi, 24 kitab müəllifi Con Maksvell həm də dünyanın ən məşhur liderlik məsələləri üzrə ekspertlərindən biridir.

 

 “Ədəbiyyat və incəsənət”

(01.03.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün nəsr vaxtıdır, sizlərə Sadiq Qarayevin “Bağbanın hekayəsi” adlı hekayəsi təqdim edilir.                                                            

 

         – Hasarların diblərini də dərmənlayarsan ha, qarışqa-zad olur! – ayağını ayağının üstə aşırıb çay içə-içə telefondakı prikollara baxıb gülən, hərdən də onunla dindən, halallıqdan danışan, keçəl, ağ buxaqlı adam dilləndi. İstədi desin ki, şərtdə hasarın dibi yox idi, amma gözünün önünə daxmasının günü-gündən genişlənən çatları gəldi, bir də gördüyü işdən alacağı əlli manat... Bir xeyli susandan sonar başı ilə razılaşdığını bildirdi... Min beş yüz düzəldib öz həyətində yeni ev tikməyə mane olan, üç-beş kubik hörüləndən sonra gəlib uçurdan dəstənin başçısı, balcaboy, arıq, qarasifət, tülkügöz, at mədəli məmura rüşvət verməliydi... Hesabladı ki, əllinin iyirmisini xərcləyər, otuzunu yığar... Əlli dəfə bu cür iş düşsə, tikintiyə icazə ala bilərdi...

         İş qurtaranda, keçəl, ağ buxaqlı adam sözünün üstündə durmadı, israfçılığa, qənatə, halallığa aid xeyli "ibrətamiz" misallar gətirib mübahisə elədi, otuz manatdan artıq bir qəpik də vermədi…

         Ordan ayrılanda qolları yanına düşmüşdü, susuzuluqdan da yanırdı. Yolüstü çay içmək istədi. Qarşısına çıxan kafeyə döndü. Dedilər, burda tək çay verilmir, gərək yemək də yeyəsən. Həyətdəki ağacların altında səliqəli, ağ süfrəli masalarda yer də yox idi... Nəhayət, boynundan adı, soyadı, vəzifəsi asılmış biri yaxınlaşıb, küncdə ona yer göstərdi... Limonlu çaydan dalbadal üç armudu stəkan içdi, utanmasa üç stəkan da içərdi. Öz-özünə düşündü ki, yox, hələ bu dünyada yaxşı insanlar  var, dünya ona görə dağlımır...

Sərin meh əsirdi, süfrəyə qoyulmuş qozdan, badamdan, şirniyyatdan yeyə-yeyə dincəlir, kök, bəstəboy, dörddodaqlı qadının oxuduğu ara mahnılarına heyranlıqla qulaq asırdı. Müğənni qadın masalara yaxınlaşıb başını əsdirir, adamlar üçdən-beşdən əllərinə gələni verib könlünü xoş edirdilər.

Ona yaxınlaşanda arxa tərəfdki masadan gülüşmə səsləri gəldi, çönüb baxdı. Onlar idi, ev tikməyinə  imkan verməyən, üst-üstə hördüyü daşları təpikləyib uçuran "alçaq könüllü" adamlar… Masalarının üstündə barmaq qoymağa yer yox idi.  Kabablar, içkilər, meyvələr, yanlarında da subtropik, giləmeyvəli, gülüşü səbzəli xanımlar...

İçi, çölü kiçik boylu, qaraüz başçı adam onun geri çönüb baxmasına əsəbiləşdi, lakin tanıyanda gülüb dedi: “Yalvarıb özünü öldürürsən ki, pulum yoxdur, gör gəlib harda yeyib-içirsən? Sənin kimiləri  yaxşı tanıyıram...”.

         Yemək sözünü eşidəndə elə bil yuxudan ayıldı. Evə getməliydi, səhər uşaqların anası deyirdi ki, səhər yeməyinə heç nə yoxdur. Pul alsan, uşaqlara yeyəcək al.

O cəld iki manat çıxarıb çaynikin altına qoydu. Restoranın qapısına çathaçatda kiminsə çağırdığını eşitdi, çönüb baxdı. Həmin "yaxşı adam" idi. Elə bayaqkı kimi, gülə-gülə ona çek uzatdı. Alıb baxdı, "25 manat 50 qəpik" yazılmışdı…

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2024)

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Lənkəran regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi  partiya təşkilatının yaradılması ilə bağlı tədbir keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov müstəqil Azərbaycanın qurulmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıb, Prezident İlham Əliyev tərəfindən dövlətçilik strategiyasının uğurla davam etdirildiyini vurğulayıb. YAP ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı təbriklərini çatdırıb və təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

YAP Lənkəran şəhər təşkilatının sədri İqbal Əmənullayev qeyd edib ki, fəaliyyətində daim yenilənməyə, müasirləşməyə və təkmilləşməyə xüsusi önəm verən Yeni Azərbaycan Partiyası VII qurultayında qəbul etdiyi qərarlarla bir daha yenilikçi siyasi qüvvə olduğunu nümayiş etdirdi. 

Tədbirdə təşkilatı məsələlərə baxılıb, ərazi partiya təşkilatının sədri və müavini seçilib.

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)

“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin ustad şairimiz Qulu Ağsəs barədə qeydlərini təqdim edir. 

 

Bu dəfə şair-publisist, neçə ildi "Ulduz"un yükünü çiyinlərində sevə-sevə daşıyan Qulu Ağsəs haqda tamam fərqli yazı yazmaq istədim. Heç şeirlərindən də misal gətirmək fikrim yoxdu bu dəfə... Sadəcə özündən danışmaq istəyirəm. Düşündüklərimi üzünə deyə bilmirəm (ayağı yer tutar deyə), heç olmasa gizlində danışım. Heç Qulu da bu yazının fərqli olduğunu bilməyəcək. Bir az eynəyi güləcək, vəssalam. Bilirəm. Tanıyıram axı. Bəzən təlatümlü, bəzən sakit şairin çoxlarının düşündüyü kimi nə eqosu var, nə təkəbbürü. Bir özüdü, bir də sözü. Anlayançün uşaq kimi safdı, başa düşməyənçün daş, qaya. Əvvəlcə mən də onun içində gizlənən o uşağı duya bilmirdim. İnciyirdim, incidirdim. Sonra eynəyiylə, daha sonra səsiylə, ən sonda sözüylə tanıdım Qulu Ağsəsi. Özündən də yaxşı tanıdım. Hərf-hərf, heca-heca, sətir-sətir anlatdı özünü və anladım ki, nöqtədən sonra vergül olmur.

Qulu Ağsəs hər adama etibar etməz, etibar etdiyinəsə axıracan güvənər. Bacarmadığı işin qulpundan yapışmaz, amma söz verdisə, edər. Dünya dağılsa da, eləyər. Ona zorla heç nə etdirə bilməzsən. Gərək özü istəyə. Ürəyinə bir şey yatmadısa, vəssalam. Bircə dəfə deyər sözünü. Amma sözü də daşdan keçər.

Tərifi inandığı adamdan qəbul edər ancaq. Səsindən tutarsan ürəyindən keçənləri. Onun paltarı da, çantası da, eynəyi də adamla danışar. Özü də şeircə. Adamın üstü, başı şeirdi elə... Gözlərində doğar əvvəlcə şeir, sonra ürəyində, daha sonra barmaqlarında. Sirlidi. Yerişi, duruşu, gülüşü, baxışı - hamısı sirdi. Özünü bircə özü çəkər, kimsəyə etibar etməz.Ya da qıymaz kiməsə. Bəlkə, özünə qıymaz Qulu Ağsəs. Susa-susa danışar bəzən. Susa-susa qışqırar, susa-susa küsər, susa-susa barışar, susa-susa ağlayar, susa-susa gülər, susa-susa axtarar, susa-susa gözləyər. Səssizliyinin öz dili var şairin. Tənhalığında bircə özüylədi. Heç kimə borclu qalmaz. Bircə borcu Tanrıyadı. Ürəyindən keçənləri dilinə gətirməz. Hünərin var, onu səssiz anla. Kiməsə bənzəməyi sevməz. Elə özünə bənzəyər həmişə. Çox dostu yoxdu. Ən yaxın dostu sözüdü. Sözüylə nəfəs alar sadəcə. Gizlində yazar, gizlində pozar. Hər kəs anlamaz quş dilini. Mükəmməlliyə qaçar. Yazdığını min dəfə özünə oxuyar. Varağa oxuyar, divara, tavana, qapıya, pəncərəyə oxuyar. Pıçıltısını uzaqdan eşidərsən. Hay-küyü sevməz. Elə hamıyçün da yazmaz Qulu Ağsəs. Heç hamı kimi düşünməz də. Elə hamı da onun kimi düşünə bilməz. Eynəyindən oxuyarsan ürəyindən keçənləri. Zarafat deyil. Onun qəhrini o eynəkdi çəkən elə. İkisi də bir-birinə vəfalıdı. Bir də əl çantasıdı ona dözən... Heç yanından əskik etməz. Hara getsə, özüylə daşıyar. Nə o, çantaya yükdü, nə çanta ona. Yollaşıb gedirlər.

Yeriyəndə qolları özündən qabaqda qaçar. Elə bil ki, ayaqlarına yol açar qolları. Sükutunun içində şeir doğular. Elə gözəl yiyə durar ki sözünə. Sözünün ağasıdı axı. Onu özündən heç kim çıxara bilməz, bircə özündən başqa. Sözü balası kimi sevər, amma özünə deməz. Dedim axı, Qulu Ağsəs fərqlidi. Hərdən elə söz çıxar ki ağzından, məəttəl qalarsan. Sözü bişirənlərdən deyil axı. Fərasəti yoxdu bu sarıdan. Bər-bəzəkdən uzaqdı. İnnən belə istəsə də, bəzək vura bilməz fikirlərinə. Necə düşünürsə, elə danışır. Uçurub dağıtdığını da özü yığışdırar. 55 ildi bir üzü var. Min şükür...

Bilmirəm yazı necə alındı. Amma bir az Qulu Ağsəsə bənzədi, deyəsən.

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)

Cümə axşamı, 29 Fevral 2024 15:09

Türkiyə seriallarına 1 milyard adam baxır

 

Türkiyə istehsalı olan serialların tamaşaçı auditoriyası hazırda 1 milyard nəfərə çatır

Modern.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya idarəsinin başçısı Fahrettin Altun TRT1 televiziya kanalının “Mehmet: Fəthlər sultanı” adlı yeni serialının təqdimatında bildirib.

 

 Onun sözlərinə görə, təkcə üç il ərzində dünyada türk seriallarını almağa maraq 183 faiz artıb.

“Bu gün dünyada 1 milyard insan türk seriallarına baxır. Bu, real uğurun çox mühüm göstəricisidir”, - deyə Altun vurğulayıb.

Türkiyə Prezidenti Administrasiyası təmsilçisi diqqəti yerli kino sənayesinin gələcək inkişafının mühümlüyünə çəkərək deyib: “Filmlərin və serialların istehsalı Türkiyənin tanınmasına böyük töhfə verir, ölkəmizin nüfuzunu möhkəmləndirir”.

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)

Poetik Qiraətdə bu gün sizlərlə yenidən Yusif Nəğməkar öz şeiri ilə görüşür. Razılaşın ki, aşıq şeiri üslüb olaraq unudulmaq üzrədir, demək, şairin gözəlləmələri xüsusən aktualdır. 

 

 

NƏ BAXIŞLAR İDİ!..

 

("Gözəlləmələr silsiləsi"ndən beşlik)

 

Erkən durub tələsirdim iş yerimə,

Bir təsadüf mövzu oldu bu şeirimə;

Ayüzlü bir mələk çıxdı qənşərimə-

Şimşək baxış çax-çaxışlar idi, Allah!

Səhər-səhər nə baxışlar idi, Allah!

 

Zərif, bəyaz sifətində dan ağardı;

Danüzünə baxmaq beləmi ağırdı?!.

Şəfəqindən odlar, alovlar yağırdı;

Narın-narın nar yağışlar idi, Allah!-

Səhər-səhər nə baxışlar idi, Allah!

 

Yaraşırdı zərifliyinə adı da,

Şah pərdədə minordu bəm səs ladı da.

Amansızdı sərinliyi də, odu da;

Bulaq-bulaq saf axışlar idi, Allah!-

Səhər-səhər nə baxışlar idi, Allah!

 

Üzündə, gözündə heç sürtküsü yoxdur,

Deyəcək sözlərində ötküsü yoxdur,

Mənimtək ayrılığı, itkisi yoxdur...

Təzə kitabtək oxuşlar idi, Allah!-

Səhər-səhər nə baxışlar idi, Allah!

 

Təpərləndim o gözləri vəsf etməyə,

Gümanım yox təşbehimdə səhv etməyə...

Qəlb açsaydım, razıydımı əff etməyə?!.

Eşqin yolu yor-yoxuşlar idi, Allah!-

Səhər-səhər nə baxışlar idi, Allah!

 

Xəfif bir naz ədasıyla yüz can alan...

Neçə xain baxışlara qələm çalan...

Səcdəyə, həm ziyarətə qail olan

Şah pəriydi, qul bağışlar idi, Allah!..

Səhər-səhər nə baxışlar idi, Allah!

 

İnanmadım insan olar belə insan;

O, Ay rəqibidir, o, nur, hurinişan!-

Bəlkə şansım, bəlkə dərdim başdan aşan...

Taleyimdə həm naxışlar idi, Allah!-

Səhər-səhər nə baxışlar idi, Allah!

 

Baxıb, mən də gözəlimi xatırladım;

Öz eşqimdə əzəlimi xatırladım...

Saf incimi, dürr ləlimi xatırladım-

Hər birinə arzum xoşlar idi, Allah!

Səhər-səhər nə baxışlar idi, Allah!

 

Söz qayığı batar eşqin dağ çayında,

Can əriyib axar baxa-bax çayında...

Çox təkidi ağ etməyək ağ çayında...

Şum sinəmdə həsrət xışlar idi, Allah!-

Səhər-səhər nə baxışlar idi, Allah!..

 

Sübhtab, sirli gözlərilə nəsə dedi...

Sükutuyla çox mətləbi kəsə dedi...

Biraz incik, biraz küsə-küsə dedi;

Nəğməkara bəd "qarğış"lar idi, Allah!-

Səhər-səhər nə baxışlar idi, Allah!..

 

Ədəbiyyat və incəsənət”

(29.02.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində növbəti dəfə şeir vaxtıdır, sizlərə Namiq Hacıheydərlinin şeirləri təqdim ediləcək.

 

RUHUMUZ UCADIR...

 

Ürək döyüntünü dinlədim bu gün

Baş qoyub ətirli sinənin üstə.

Söz ilə, and ilə qurmuşuq düyün

Eşq ilə süslənmiş dünənin üstə...

                   

Arada yüz dərə, yüz dəniz olsun,

Bir gün yollarımız yovuşmalıdır.

Əyər yer üzündə birləşəmməsək,

Göylərdə ruhumuz qovuşmalıdır.

 

Gəlsin üstümüzə kədər sel kimi,

Dünyalar yığılsın lap bizə qarşı.

Qaranlıq işığı söndürə bilməz,

Gecələr ha çıxsın gündüzə qarşı...

 

Bizi qorxutmayır tufan, qasırğa,

Əzablı yolları azmı getmişik?

Bəzən başımıza balta vurublar,

Yenə var olmuşuq, yenə bitmişik.

 

Dərəyə dartsınlar, düzə çəksinlər,

Ruhumuz ucadır, yerlərə sinməz.

Nadanlar nə bilsin Ulu Tanrının

Uca yaratdığı göylərdən enməz...

 

Göylər deyir ki;

 

Şairləri əzilən bir şəhərə

Göydən mələklər qarğış yağdırar,

Qutsal Ruhlar narahat dolanar bu şəhərin üzərində.

Bir gün bəlanın mütləq olduğunu bildikləri üçün

Bəla var qarşıda;

Tufan, qasırğa,

Bir də cana doymuş Xəzərin üsyanı var qarşıda.

Qara qanını içib, gününü qara edənlərə qəzəb püskürəcək

Bir gün...                                                                                       

Günahkar şəhərin nəfəsindən

Zaman-zaman udduğu murdar zibillər

Qasırğaya qarışıb geri dönəcək;

Çırpılacaq üzlərə,

Göylər qəzəblənəcək,

İldırımlar nərə çəkəcək,

Şimşəklər toqquşacaq...

Hər şey bir anda baş verəcək;

Şiddətli külək, qasırğa, tufan,

Bir də Xəzərin şahə qalxmış dalğaları...

O zaman

Qurtuluş olmayacaq,

Tikdiyiniz evlərə nicat olmayacaq;

Şüşələri qırılacaq,

         qapıları yıxılacaq,

                   daşları uçacaq

o zaman üçün

yeni evlər tikin;

bünövrəsi halaldan,

daşları yaxşılıqdan,

qapısı sevgidən olsun!

və...

Şairləri incitməyin...

                                     

                  

SƏN MƏNİM KİMİMSƏN?

                             

Hara baxsam, təkcə səni görürəm,

Yolumsan, Yerimsən, Göyümsən axı.

Niyə səni  mən bu qədər sevirəm?

Sən mənim kimimsən, nəyimsən axı?!

                                                        

Masmavi göylərdə ağappaq bulud,

Günəş də, torpaq da, külək də sənsən.

Ağaca, çiçəyə can verən su da,

Çiçəkdə ətir də, çiçək də sənsən.

 

Qovuşdu, birləşdi iki saf bulaq,

Bir bahar günündə axar çay oldu.

Xəbərsiz doğulduq bir-birimizdən,

Bax, ancaq ruhumuz əkiztay oldu.

 

Ulduz arxasından enib gəlibsən,

Atadan, anadan yaranmamısan.

Sənin sığalını mələklər çəkib,

Sən bəşər əliylə daranmamısan.

 

Niyə baxışınla alışar sinəm?!

Harandan od alır bu odum mənim?!

Qanadım deyilsən, ancaq bəs nədən

Qəmlənsən, qırılar qanadım mənim?!

 

Üzündə qəm, gözündə nəm görünsə,

Aldığım nəfəs də daşa çevrilər.

Sənin içindəki ağrı-acılar,

Mənim gözlərimdə yaşa çevrilər.

 

Biz qoşa bədəndə bütöv canıqmı?

Dodağın qurusa,

         ciyərim yanar.

Ayrıyıq, uzağıq, bəs niyə ruhum

Sənin varlığını varlığım sanar?!

 

Sənin ayağına batan bir tikan

Mənim ürəyimi qanatmış, gülüm!

Anladım... Bir kökdən yaranmasaq da,

Ruhumuz bir kökdən boy atmış, gülüm...

 

Ruhu doğmalardı qohum olanlar,

Bir ata-anadan doğulan deyil.

Var olan dipdiri ruhu olandı,

Ayağı, əlləri sağ olan deyil.

 

 

QALDIMI?

 

Bir zaman içində yanan alovdan,
İçdə qığılcımın, közün qaldımı?!
Ürəyin büsbütün söz dəniziydi,
Ürəkdə Eşq dolu  sözün qaldımı?!

 

 

Təmizlə dünyanı, dara, yu, eşqim!

Ruha sığal çəkər mənim qu eşqim.

Deyirdin, minillər sönməz bu eşqim,

Eşqindən nişanə,  izin qaldımı?

 

 

Yalan ah – üzlərdə yalançı boyaq.

Vaxtsız yorulmağın adın nə qoyaq?!

Bu uzun yolları gedəcək ayaq,

Bu yükə dözəcək dizin qaldımı?!

 

Dünya dəmirçinin qaynar kürəsi –

Yandırar ağ bayraq qaldıran kəsi.

İrəli getməyə yaşam həvəsi,

Geriyə dönməyə üzün qaldımı?!

 

 

Döndü tarixlərə o çağ, deyəsən,

 Açdın qədərinə qucaq, deyəsən...                                              

...İçində sönübdü ocaq, deyəsən;

Barı özünsənmi, ÖZün qaldımı?

 

                                     

KİŞİLƏR VAR İDİ...

 

Kişilər var idi bu yer üzündə,

Bir elin yükünü çəkən kişilər.

Quduz sultanlara qılınc sıyırıb

Yetim qarşısında çökən kişilər.

 

Babalar var idi, bir kəlmə sözü

Qan söhbəti bağlamağa bəs idi.

Nənələr var idi, nənə deyirəm;

Təpədən-dırnağa nur kündəsiydi.

 

Qadınlar var idi, şimşək baxışlı,

Qanında yüz ərin qeyrəti vardı.

Nə oldu, necoldu ülvi adamlar,

Torpaqmı gizlədi, yelmi apardı?!

 

Oğullar var idi, qaya parçası,

Ölsələr, harama yanaşmazdılar.

Qurban gedərdilər namus üstündə,

Namusdan bir kərə danışmazdılar.

 

Obalar var idi, barlı-bəhərli,

Bir giriş, bir çıxış cığırı vardı.

Gələn yolçuları hələ uzaqdan

Təndir çörəyinin ətri vurardı...

 

...Günəş həmin Günəş, Ay həmin Aysa,

Bəs niyə dəyişdi bu cahan belə?!

Kök həmin kökdüsə, soy eyni soysa,

Nədən cılızlaşdı bəs insan belə?!

                                              

                                                       

HƏLƏ Kİ NİDAYAM

 

Dan yeri ağarır, oyağam hələ,

Nə gözlər yumulur, nə qəlb dincəlir.

Açılmaz səhərim ta innən belə,

Baxma üfüqlərdə günəş yüksəlir...

 

Dostları min olsun, nə faydası var?

Əgər tənhadısa ruhu insanın?

Duyulmaz oldusa, bir qaydası var,

Yüksələr göylərə ahı insanın.

 

Din gəzdim, ruhuma dinclik aradım,

Sonunda gördüm ki, özüm dinmişəm.

Yerlərdə, göylərdə min sirr aradım,

Dünyanın ən böyük sirri mənmişəm.

 

İnsan sirr, ömür sirr, bu yer, bu göy sirr,

Beşikdən qəbrəcən sirri açılmaz.

Sabah nə olacaq, bir kimsə bilmir;

Yazısı dəyişməz, qədər – qaçılmaz.

 

Nə olsun milyondu hər yerdə sayı,

Milyonlar içində təkdi hər adam.

Bu göylər altında, bu yer üzündə

Bəxtəvər olmadı hələ bir adam...

 

...Nə arzu tükəndi, nə də ki dərdim,

Yaxşı ki, dərd boyda min xəyalım var.

Ömrü palaz kimi yollara sərdim,

Göylərə verəcək çox sualım var.

 

Hələ ki nidayam bu yer üzündə,

Heyrətlər içində çoxmu qalacam?!

Ömrümə qoyulan işarə kimi,

Ömrümün sonunda sual olacam...

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)

 

 

Cümə axşamı, 29 Fevral 2024 12:13

Vyanada Səməd Behrənginin nağılı təqdim olunub

 

Avstriyada fəaliyyət göstərən “ÖST Ensemble” ansamblı Vyanada “Arzu balıq dastanı” adlı performans proqramı ilə çıxış edib. Arzu Balıq” dastanı görkəmli təbrizli yazıçı, tanınmış tərcüməçi-publisist Səməd Behrənginin “Balaca Qara Balıq” nağılı əsasında Aria Torkanbouri tərəfindən yazılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın Vyana reportajına istinadən xəbər verir ki, Vyana Future Art Lab zalında reallaşan performans tamaşaçıların çoxsaylı müraciətləri əsasında ansamblın ötən il təqdim etdiyi eyniadlı layihənin genişləndirilmiş yeni təqdimatıdır. Layihə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Yunus Emre İnstitutunun dəstəyi ilə baş tutub.

 

“Bu performans başdan-başa Azərbaycan-Türk aşıq dastan ənənəsi əsasında qurulub. Yəni, fərqli musiqi və rəqs mədəniyyətlərindən seçilən və ifa olunan əsərlərin hamısı dastan rəvayəti əsasında, aşıqların dastan demə formasına dayanaraq yeni formada ifa olunub.

“Arzu Balıq” dastanında Azərbaycan musiqi mədəniyyətindən Fikrət Əmirovun “Mən səni araram”, “Min bir gecə” baletindən rəqs, Niyazinin “Qaytağı” və Güney Azərbaycan aşıq mahnısı “Çal, aşıq, çal” kimi əsərlər başqa musiqilərlə yanaşı təqdim edilib. Bunlarla yanaşı, Azərbaycan “Mahur” və “Şüştər” muğamları da Vyanada yaşayan təbrizli solist Hadi Mostafaei tərəfindən ifa edilib. Azərbaycan türkcəsindən başqa gilək, fars, gürcü, Türkiyə türkcəsi, nogay türkcəsi, maqduniyyə və macar dillərində mahnılar da səsləndirilib. Dastanın özü isə Berlin şəhərində yaşayan və əslən təbrizli olan Hamid Saneiy tərəfindən Azərbaycan və alman dillərində söylənilib.

“ÖST Ensemble” bəstəkar, musiqi nəzəriyyəçi, və etnomusiqişünas Aria Torkanbouri tərəfindən 2020-ci ildə Vyanada təşkil edilib. Onun sözlərinə görə, estetik cəhətləri kənara qoyulduğunda bu performansın iki əhəmiyyətli cəhəti vardır. İlk növbədə, Azərbaycan-Türk aşıq dastan ənənəsi bir performans forması kimi (opera, operetta forması kimi) beynəlxalq səviyyədə birinci dəfə praktik olaraq nümayiş etdirilib. Eyni zamanda, bəstəkar bu ifanı öz elmi tədqiqatının praktik cəhəti kimi görür.

“Arzu Balıq” dastanından öncə Aria Torkanbouri Azərbaycan-Türk aşıq sənətinə həsr olunmuş diplom işini Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin Etnomusiqişünaslıq İnstitutunda bitirib. A.Torkanbouri bütöv Azərbaycan bölgəsində dastan ifaçılığının aradan getdiyi və ictimai funksiyasını əldən verdiyi bir zamanda, dünyanın musiqi mərkəzi sayılan Vyanada bu ənənəni yeni formada səhnəyə çıxarmağı əhəmiyyətli bir addım kimi görür. Bəstəkarın dediyinə görə, “Arzu Balıq” dastanı bütün incəsənət sahəsində çalışanlara, xüsusilə Azərbaycan musiqisi, teatr və ədəbiyyat sahəsində olan sənət adamlarına uğurlu bir örnək ola bilər. Təxminən iki saat davam edən performans dastan söyləmə, musiqi və rəqs tərkibində ifa olunaraq, Vyanada konsertdə iştirak edən beynəlxalq tamaşaçı kütləsi tərəfindən böyük maraq və zövqlə qarşılanıb.

Bu performansın başqa bir özəlliyi, seçilmiş əsərlərin hamısının Şərq musiqi səs sistemi qanunlarına uyğun olan və həmin səs sisteminin tonal qanunlarına uyaraq aranjeman edilərək ifa olunmasıdır. Aria Torkanbouri neçə illərdir ki Şərq musiqisinin səs sistemi üzərində tədqiqat aparır və hələ də tədqiqlərini bu sahədə davam etdirir. “Arzu Balıq” dastanı performansında gilək, fars, ərəb, yəhudi, slavyan, macar, gürcü, Azərbaycan/Türkiyə/Qazaxıstan Türk musiqi mədəniyyətlərindən nümunələr bir-birləri ilə qarışıq formada ifa olunub. Seçilən əsərlərin hamısı Qərb musiqi səs sistemindən fərqli olaraq, Şərq musiqi səs sisteminin tonal qanunları əsasında bəstəkar tərəfindən ansambl üçün aranjeman olunub. Bu isə musiqi əsərlərinin ekzotik ortama daxil olmasının önünü alaraq, tamamilə beynəlxalq ortamda “Şərq klassik musiqisi” adını verməyə imkan yaradır.

Aria Torkanbouri 2007-ci ildən bəstəkarlığa başlayaraq Tehran, Bakı, İstanbul, Berlin, Graz və Vyananın musiqi universitetlərində fortepiano, bəstəkarlıq, orkestr dirijorluğu, musiqi nəzəriyyəsi və etnomusiqişünaslıqda tanınmış musiqi simalarının tələbəsi olub. Azərbaycanda təhsil alarkən o, Arif Məlikov, Ceyhun Allahverdiyev, Azər Dadaşov, Lalə Rzayeva və Əyyub Quliyev kimi müəllimlərin tələbəsi olub. Bəstəkar 2021-də bəstələdiyi “Şuşa Yankılanır..” əsəri ilə ABŞ-da keçirilən beynəlxalq bəstəkarlıq müsabiqəsində “Üzeyir Hacıbəyli” bəstəkarlıq mükafatı qazanıb. 2023-də isə “Öst Ensemble” həmin əsəri ifa etməklə müsabiqənin ifaçılıq bölümündə 3-cü mükafatı qazanıb. Aria Torkanbouri Güney Azərbaycanın “Məcnun Talibi Nur” adlı ilk operasını 2014-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası əsasında yazdığı yeni rəvayət əsasında səhnəyə çıxaran bəstəkar kimi tanınıb. Hazırda bəstəkar Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Avropa Tədqiqat Şurası (ERC) tərəfindən dəstəklənən “GOING VIRAL. Pandemiyalar zamanı Musiqi və Emosiyalar (1679-1919)” layihəsində pre-doktoral mövqeyi qazanaraq Vyana Musiqi və Səhnə Sənətləri Universitetində tədqiqatçı kimi işləyir.

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.