Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib

İyunun 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin və Bülbül Beynəlxalq Fondu tərəfindən keçirilən müsabiqədə 140 nəfərdən çox 18-36 yaş arasında vokalçı qələbə uğrunda yarışır.

 

Müsabiqənin iştirakçı coğrafiyası genişdir. Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Cənubi Koreya, Makedoniya – ümumilikdə 25-dən çox ölkədən vokalçılar bir həftə ərzində Bülbül adına müsabiqənin mükafatları uğrunda öz məharətlərini göstərəcəklər.

 

Açılış mərasimindən əvvəl ənənəyə sadiq qalaraq müsabiqənin təşkilat komitəsinin üzvləri, Mədəniyyət Nazirliyinin təmsilçiləri, münsiflər heyətinin üzvləri və müsabiqə iştirakçıları böyük sənətkar, SSRİ-nin Xalq artisti Bülbülün (1897– 1961) abidəsinin önündə görüşüblər.

 

Beynəlxalq Bülbül Fondunun rəhbəri və müsabiqənin sədri, Xalq artisti, bəstəkar-müğənni Polad Bülbüloğlu hər kəsi salamlayaraq deyib: “Mən şadam ki, bu gün bir sıra ölkələrdən gənc vokalçılar Bakıya gəlir, burada böyük səhnəyə vəsiqə almaq istəyirlər. Mən çox minnətdaram ki, 1997-ci ildə Ulu öndər Heydər Əliyev bu müsabiqənin keçirilməsi barədə sərəncam imzaladı. Müsabiqə artıq doqquzuncu dəfədir keçirilir. VIII müsabiqənin qala-konserti və qaliblərə mükafatların təqdim edilməsi Bülbülün kiçik vətənində, Şuşada keçirilmişdi, bu il də ənənəmizə sadiq qalacağıq. Əsrlərdir ki, Şuşa “Qafqazın konservatoriyası” adlanır və Bülbül adına müsabiqə də bu adı doğruldur”.

 

Abidə önündə çıxış edən Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti, professor, ilk müsabiqədən bəri münsiflər heyətinin sədr müavini Fərhad Bədəlbəyli, münsiflər heyətinin yeni sədri, dünya şöhrətli vokalçı, Xalq artisti, Bülbül adına VI müsabiqədə I yerə layiq görülmüş Yusif Eyvazov iştirakçılara uğur arzulayıblar.

 

Sonra Azərbaycan Dövlət Akademik Filarmoniyasında müsabiqənin açılış mərasimi gerçəkləşib.

 

Polad Bülbüloğlu bu dəfə çıxışında münsiflər heyətinin bütün üzvlərini bir-bir salamladıqdan sonra Bülbül adına müsabiqədə indiyədək münsiflər heyətinə rəhbərlik etmiş dünya şöhrətli Rusiya vokalçılarının – İrina Arxipova, Yevgeni Nesterenko və Sergey Leyferkusun adlarını çəkib: “Bu gün dünyanın ən möhtəşəm opera səhnələrində çıxış edən və bu müsabiqədə uğurlar qazanmış azərbaycanlı vokalçılar var ki, artıq onlar özləri çıxış edənlərə qiymət vermək səviyyəsindədirlər”.

 

Mədəniyyət nazirinin müavini Murad Hüseynov vurğulayıb ki, bu müsabiqənin laureatı olmuş bir çox müğənni hazırda dünyanın böyük səhnələrində çıxış edir və bu sənətin yayılması üçün böyük işlər görürlər: “Budəfəki müsabiqədə çıxış edəcək musiqiçilər də gələcəkdə görkəmli musiqiçi və sənətkar olacaqlar. Bizim ürəyimizdə olduğu kimi, bu müsabiqə onların da qəlbində xüsusi yer tutacaq. Bugünkü tədbirimiz də əvvəlki müsabiqələr kimi mötəbər musiqi bayramıdır. Böyük xanəndə Bülbülün adı dünya musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılıb. O, Azərbaycan milli vokal sənətinin inkişafı və təbliği istiqamətində çox işlər görüb, öz məktəbini yaradıb. Hər bir iştirakçıya yaradıcılıq nailiyyətləri arzulayıram. Əminəm ki, əvvəlki müsabiqələr kimi, bu müsabiqə də ölkəmizdə keçirilən möhtəşəm beynəlxalq musiqi layihələritək tarixə düşəcək”.

 

Münsiflər heyətinin sədri Xalq artisti Yusif Eyvazovun çıxışı isə müsabiqə təcrübəsi olan böyük həmkarın öz gənc ardıcıllarına psixoloji tövsiyəsi kimi yadda qalıb: “Müsabiqə mühüm hadisədir. İstəyirəm ki, bu gün burada iştirak edən gənc artistlər bilsinlər ki, əgər sənə müsabiqədə qalib gəlmək və ya növbəti tura keçmək nəsib olmayıbsa, bu, qətiyyən karyera qura bilməyəcəyin və ya qalib gələnlərdən daha zəif olduğun anlamına gəlməz. Sadəcə, səhnəyə çıxıb oxuduğun anda qalib olmaq üçün lazım olan səviyyədə və yüksəklikdə olmamısan. Ona görə də narahat olmayın, çalışmağa davam edin və ən əsası, səsinizlə münsiflər heyətini təəccübləndirməyə çalışın. Biz isə qalibləri və finalçıları obyektiv şəkildə seçəcəyik. Qoy bu müsabiqədə də bir “ulduz” doğulsun!”.

 

Açılışdan sonra müsabiqənin I tur dinləmələri başlayıb. İştirakçıların say çoxluğu nəzərə alınaraq proqramda birinci tura iki gün ayrılıb.

 

İyunun 5-də müsabiqənin ikinci turu keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.