İyunun 8-9-da - şənbə və bazar günlərində Şamaxıda növbəti Hava Şarları Festivalı (Balloon Festival) keçiriləcək.
Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “EZONE” şirkəti tərəfindən təşkil olunacaq Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın keçirildiyi Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, iyunun 8-i və 9-da səhər saatlarında (saat 05:00-08:00 aralığında) baş tutacaq uçuşlar zamanı Şamaxının Meysəri kəndi üzərindən səmaya müxtəlif rəng, forma və dizaynda hava şarları qalxacaq. Bu mənzərə izləyicilərə unudulmaz təəssüratlar vəd edir.
Hava şarlarında turistik uçuşlar hələ ki, həyata keçirilmir. Lakin yerli pilotların beynəlxalq mütəxəssislərlə birgə həyata keçirəcəyi nümayiş uçuşlarını Meysəri kəndi ərazisindən hər kəsin seyr etmək imkanı olacaq.
“iTicket.az” saytı vasitəsilə qeydiyyatdan keçən şəxslər isə Meysəri kəndindəki “Şirvan Şərabları” kompleksi ərazisində rəngarəng əyləncə və konsert proqramını da izləyə biləcəklər.
Xatırladaq ki, Şamaxıda ilk Hava Şarları Festivalı ötən ilin iyununda keçirilib. Festival ilk dəfədən böyük marağa səbəb olub.
Təqdim etdiyimiz fotolar da ilk festivaldandır.
“Ədəbiyyat və incəsənət”
(04.06.2024)