Super User

Super User

Lalə İsmayıl, Mirvarid Dilbazi Poeziya Məclisinin idarə heyətinin üzvü, “Ədəbiyyat və incəsənət” üçün

 

1-ci Qarabağ müharibəsinin nə qədər  məzarsız şəhidi var! Onlardan biri də Məstalı İxtiyar oğlu Əliyevdir. Onun anım günü ilə  əlaqədar martın 1-də Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və  Gəncliyə Yardım Fondunun birgə təşkiltçılığı ilə tədbir keçirildi, bu barədə danışacağam. 

 

Tədbirdə şəhidin ailəsi, yaxınları, sinif yoldaşları, silahdaşları və bir çox digər qonaqlar iştirak edirdilər. 

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı giriş sözü ilə çıxışa başladı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Dövlət himni səsləndirildi. Məstalının həyat hekayəsi barədə videorolik təqdim edildi.

Çıxış üçün ilk söz şəhidimizin sinif rəhbəri Aftandil müəllimə verildi. Müəllim öz şagirdi haqqında danışdı.

Döyüş yoldaşlarından Fariz Qəhrəmanov, Elçin Məmmədov, Həmid Mahmudov 

Məstalı haqqnda, onun nə qədər mərd, ürəkli, sözünə sadiq bir dost olduğunu söylədilər.

Məstalı ilə eyni hərbi hissədə xidmət etmiş Nazilə xanımın xidmət yoldaşı haqqında  danışıqları hər kəs üçün maraqlı oldu.

Varis bəy, Ceyhun bəy, Şahin bəy Məstalı Əliyevlə eyni sinifdə oxumuş, uşaqlıq illərinin ən xoş çağlarını paylaşmışdılar.  "Bağışlayın, deyirlər kişilər ağlamaz, amma biz dostumuzu göz yaşısız xatırlaya bilmirik.

Onun istədiyi qız var idi. Amma ürəyini aça bilmədi sevdiyi qıza. .. " deyərək, bizlərlə də həm xatirələrini, həm də göz yaşlarını paylaşdılar...

Ehtiyatda olan polkovnik-leytenant, əməkdar müəllim Bayram Məmmədov da Əliyevlər ailəsinin digər döyüşçü oğulları, Ülfət, Fərrux haqqında, onların döyüş yollarından söz açdı, şəhidimizin xatirəsini uca tutanlara öz təşəkkürünü bildirdi.

Şair Sona Əli Məstalı həsrətiylə yaşayan Pakizə ana ilə bağlı uşaqlıq xatirəsini dilə gətirdi.

Nisgil, həsrət dolu bir fədbir beləcə sona çatdı. Amma şəhidlər xatırlanan hər bir tədbir bədbin yox, nikbin köklərə bağlıdır. Çünki hər bir şəhid unudulmazlıq statusu qazanıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğludan növbəti 10 aforizm təqdim edir. 

 

1.İnsan yalnız sevdiyi işlə məşğul olduqda özünü azad hiss edir.

2.Sənə olan münasibətin göstəricisi söz yox, əməldir.

3.Xoşbəxtliyini sübut etmək istəyən xoşbəxt deyil.

4.Günü günə calamaq olmur, arada gecə var.

5.Zirvəyə qalxanda bilməlisən ki, orada hamı qısa müddətdə olur.

6.Uğura gedən yola düzülən hər daşın üstünə “cəhd” sözü yazılıb.

7.Getdiyin yerin girişini yadında saxla, bura həm də yeganə çıxış ola bilər.

8.Səmimi olanları sevirlər, ancaq aldadırlar.

9.İnsanın iradəsi nəfsinə müqaviməti ilə ölçülür.

10.Ağıl ünsiyyəti hörmət, qəlb ünsiyyəti səmimiyyət yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

Redaksiyanın poçtundan müxtəlif səpkili məktublar olsa da, ən çox şeirlərə rast gəlinir. “Ədəbiyyat və incəsənət” portalı gənc Süleyman Muradlının şeirlərini təqdim edir. 

 

Adımı çəkmədi heç bircə dəfə

O gözəl adına qurban olduğum.

Heç üzümə baxmır, heç baxmasın da,

Getdi yerişinə heyran olduğum.

 

Qal dedim mənimlə, getdi, qalmadı,

Mən eşqdən yansam da, o alışmadı,

Bircə yol heç məni saya salmadı

Yolunda hər kəslə düşman olduğum.

 

Gülüşüm gedibdi, bir daha dönməz,

Ürəyim ağlardı, gözlərim gülməz,

Bu qədər qəmlərə dağ dözə bilməz,

Hərdən unudulur insan olduğum…

 

 

*

 

Təzəcə gəlmişdin yetim ömrümə,

Nədən belə erkən çıxıb gedirsən?

Bu uzun ömürdə çox qısa vaxtda

Küləktək qapımı çırpıb gedirsən.

 

Az oldu ömrümün xoşbəxt günləri,

Nə küsüb-barışdıq, nə incik düşdük,

Nə bir hal bildik biz, nə bir xasiyyət-

Sevdiyimiz yemək, sevdiyimiz rəng…

 

Gözümdən yaş düşdü ikinci dəfə,

Gələndə sevinib mən ağlamışdım…

Gedirsən, indi də göz yaşım ilə

Küçənin tozunu səninçün yudum…

 

 

*

 

Bir bahar gecəsi hər şey kiriyib,

Heç hürmür qonşunun avara iti,

Səndən danışırdım, məndən qaçırdı,

İnan, bezdirmişdim bir ara iti.

 

Eyvanda nə qədər güllər vardısa,

Boylanır küçəyə, səni axtarır,

Bahar da keçəcək, bir də baxacam,

Getdiyin yollara artıq qar yağır.

 

Qonşular səsimə gəlirlər hərdən,

Dəlitək özumlə danışıb-gülləm,

Adını hayqırıb ağlamağımı

Allah belə bilir, görüb səmadan.

 

 

*

 

Eh, mən yenə də batıram

Dərinə, ən dərinə,

Xatirələr yaşayıram

İkimizin yerinə.

 

Bilmirəm bu gunahını

Mələkləri yazırmı?

Tanımıram ki, o kimdi-

Deyib məni danırmı?

 

Qara gözləri dolurmu

Şəkillərə baxanda,

Yoxsa ki yandırıb atıb

O vaxt biz ayrılanda?

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

Bazar ertəsi, 04 Mart 2024 11:30

Cəmi 52 il yaşadı Fərman Kərimzadə

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Kimsə düşünməsin ki, dünya onundur. Heç yaşadığı ev-mülk də, hətta qazandıqları da ona qalmayacaq. Yerin-göyün, bütün kainatın bir sahibi var- ALLAH! Əvvəl yaradır, sonra xatirəyə çevirir, daha sonra unutdurur. Amma unudulmağa qoymadığı adamlar da var. Onlardan biri də, Fərman Kərimzadədir...

 

Ötən əsrin 80-ci illərinin gəncləri onun kitablarını acgözlüklə oxuyurdu. Bəli, Şah İsmayıl Xətaini bizə o tanıtdırdı, Abbasqulu ağa Şadlinskini o sevdirdi. Əsərləri çoxumuzun evində masaüstü kitab oldu. Onu yaxından görməyi, onunla ünsiyyətdə olmağı hər bir kitabsevər arzulayırdı...

Talaeyinə məşhurluq düşüb, Azərbaycanın sevilən yazarlarından biri idi. 1937-ci ildə  Vedi rayonunun Böyük Vedi kəndində dünyaya gəldi. İbtidai təhsilini doğma yurdda alsa da, orta məktəbi Beyləqan rayonunun Şahsevən kəndində bitirdi. 1955-1960-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxudu. Sonra? Sonra da bütün ömrü boyu yaşayıb yaratdı..

Yaradanın işinə qarışmaq olmaz, hər kəsə bir möhlət verib. Biz ona ömür deyirik. Kimisi yüz il yaşayır, kimisi əlli il, kimisi səksən, kimisi də bələkdən çıxmır. Fərman Kərimzadə isə cəmi 52 il yaşadı. Amma elə yaşadı ki, ona verilən möhləti xalqa xərcləyə bildi, özündən sonra yadigar saxlamağı bacardı...

 Ondan da bu xalqa "Çaldıran döyüşü", "Xudafərin körpüsü", "Təbriz namusu", "Qarlı aşırım", "Qoca qartalın ölümü" və sair məşhur əsərləri və övladları yadigar qalıb. Elə ölümündən sonra da onu yaşadan yadigar saxladıqlarıdır...

 

İmzası özündən uzunömürlü olan böyük sənətkar yaşasaydı martın 3-də 87 yaşını qeyd edəcəkdi. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Allah onu dünya malıyla, can sağlığıyla çox imtahana çəkib, necə deyərlər, əzib əzişdirib, sonda şükranlığına, imanına bağışlayıb...

Deyir ki,- “Mən vaxtilə çox maksimalist idim, həyatdan çox şey istəyirdim. Yaş artdıqca istəklərim minimuma endi. Bilmirəm, bu dünyayla, taleylə barışmaqdımı, çarəsizlikdən doğan bir vəziyyətdimi, ya məğlubiyyətdimi? Hər halda arzulara məğlub olmaq çox ağrılı bir şeydi, mən bu ağrıları yazılarıma, şeirlərimə köçürmüşəm. Özümü bu yolla ağrıdan xilas etməyə çalışmışam. Allah sanki sözü mənə xilas yolu kimi nişan verib. Söz məni ölümdən xilas edib. İndi mən artıq həyatdan nəsə istəməyə qorxuram, həyat itkilərlə gözümün odunu alıb…”

 

Nəzakətli, yolagedən, optimist və xəyalpərəst adamdır. Davranışı və rəftarı hadisələrin gedişindən çox asılıdır. Buyruqdan və boynuna öhdəlik götürməkdən zəhləsi gedir. Pis niyyətli deyil. İnsanlara hələ də inanır və güvənir. İstedadlıdır. Praktikliyi sayəsində müvəffəqiyyət qazana bilir. Rahatlığı və əmin-amanlığı sevir.

Saysız-hesabsız istək və arzuları var. Bunları reallaşdıra bilməyəndə, özünəməxsus xəyal aləmində həyata keçirir. Onun bu aləmi o qədər güclüdür ki, tez-tez gerçəklə qarışdırır. Digər tərəfdən mistik və fəlsəfi hadisələri öyrənməyi sevir. Zehni xəyallar seli və qorxunc duyğu dalğaları ilə doludur. Mənəviyyatının dərinliyindən gələn bu partlayışları yaradıcılığna yönəltdiyindən, gücü tükənmir...

 

“Uşaq vaxtından şeirlər, hekayələr yazırdım, ancaq üzə çıxarmırdım. 9-10 yaşlarımdan şerlərimi “Azərbaycan pioneri” qəzetinə və “Pioner” jurnalına təqdim edirdim. Bir neçə dəfə mənə bildirdilər ki, bədii cəhətdən zəif olduğu üçün çapa yaramır. 5-6 dəfə göndərdim, nəhayət, bir dəfə balaca bir şerimi “Pioner” jurnalında dərc etdilər. Sonradan Azərbaycanın enkslopedik alimlərindən, rəhmətlik Rəhimağa İmaməliyevin ədəbiyyata gəlməyimdə böyük rolu oldu. O, məndə inam yaratdı ki, sən yaza bilərsən. 1995-ci ildən mətbuatdayam. Jurnalist kimi fəaliyyət göstərsəm də şeir və hekayə də yazıram, ancaq uzun müddət onları ədəbi mühitə çıxarmırdım. 2000-ci illərin əvvəllərində təsadüfən Yazıçılar Birliyində Samir Sədaqətoğlu ilə tanış oldum. O, “Ədalət” qəzetində ədəbiyyat bölməsini aparırdı. Mənə bildirdi ki, ayrıca ədəbiyyat qəzeti buraxmaq istəyirlər. Mən də dedim, əlimdə tərcümələrim var. Dedi, gətir, çap edək. Elə oldu ki, həmin qəzeti  birlikdə buraxası olduq. Və beləcə ədəbi mühitin içinə düşdüm. Öz hekayələrim də orada çap olundu. Sonralar “Kaspi” qəzetində şeirlərim çıxdı. 2003-cü ildə isə “Ədalət” qəzetinə keçdim, ayrıca “Yazar” adlı ədəbiyyat qəzeti buraxdıq.”- söyləyir...

 

Haqqında söhbət açdığım Kənan Hacı 1975-ci ildə Buzovna qəsəbəsində anadan olub. Orta təhsilini Xəzər rayonu, Buzovna qəsəbəsinin 125 saylı məktəbində alıb. 1995-ci ildə özəl universitetlərin birində jurnalistika ixtisasına yiyələnib. 1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “İki sahil”, “Ədalət”, “Vətəndaş həmrəyliyi”, “Yazar” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “Qanun” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzetində redaktor vəzifələrində işləyib. Sonra Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktoru olaraq fəaliyyət göstərib. 

Hazırda “Mücrü" jurnalının baş redaktorudur. AYB-nin üzvüdür. Müxtəlif ədəbi əsərlərindən ibarət 15-ə yaxın kitabı nəşr olunub. Xarici dillərdə yazılmış 5 kitabı ana dilinə çevirib. Əsərləri rus, türk, ingilis və ukrayn dillərinə tərcümə olunub...

 Evin tək uşağı olub. Erkən gəncliyində atası vəfat edib. Min cür çətinliyə qatlaşıb, acınacaqlı günlər yaşayıb. Əsgərliyi bitirən vaxtlarında xəstələnib hospitala düşüb, əməliyyat olunub. Və bir gün xəbər tutub ki, Hepatit C xəstəliyinə yoluxub. Xəstəliyini 8 il ən yaxın dostlarından belə gizlədib. Heç kəs bilməyib ki, evsiz-eşiksiz yaşayır. Üstəlik ağır xəstədir. Amma taleyindən heç zaman gileylənməyib. Allaha inanıb- nə vatsa zamanın üzünə güləcəyinə ümid bəsləyib. Və həmin gün gəlib. Artıq ev-eşik sahibidir. Xəstəliyə qalib gələrək yaşayır, yaşayacaq da. Yaradıcılığından da geri qalmır. Güclü təxəyyülü, ədəbi təhlili var...

 Deyir ki,- “Uzun-uzadı təsvirlərlə oxucunu yoran şişman romanların dövrü çoxdan keçib. Artıq roman janrı tam yeni bir mərhələyə qədəm qoyub. Bu proses davam etməkdədir. İndi zaman yazıçıdan fikri lakonik ifadə etməyi tələb edir. Mənim fikrimcə, janrların şərtiləşməsi ədəbiyyata bir rəngarənglik gətirir. Dəyərli tənqidçimiz Rəhim Əliyev bir dəfə söhbətimizdə çox gözəl bir fikir dedi. Dedi ki, heç nəyə baxmadan oturub yazmaq lazımdır. Məğlubiyyətdən qorxmaq lazım deyil. Yazmaq yazıçının həyat tərzinə çevrilməlidir. Mən yaradıcılıqda sərbəstliyin tərəfdarıyam, ölçülü-biçili roman yazmağı, əsəri standart janr qəlibinə salmağı xoşlamıram. Ənənəvi düşüncədən bacardıqca qaçmaq lazımdır. Sovet dövründə yüzlərlə belə romanlar yazılmışdı, əksəriyyəti unudulub getdi, qalmadı. Amma məsələn, Sartrın “Sözlər” romanını götürək, sırf avtobioqrafik əsərdir, roman janrının tələblərinə cavab vermir. Amma möhtəşəm əsərdir, biz onu memuar kimi yox, elə roman kimi də oxuyuruq...”

 

Rəngli bir daxili aləmi var. Bu aləmdə müsbət xüsusiyyətlərin say-hesabı yoxdur. Səxavətlidir və başqalarını məmnun etməkdən xoşlanan adamdır. Yaddaşı çox güclüdür, heç nəyi unutmur. Mütaliyyə diapazonu geniş olduğundan zəngin “Söz sandığı”na və bilgiyə sahibdir. Bir sözlə, Kənan Hacı təpədən dırnağa parlaq bir istedaddır...

 

“Mənsub olduğum ədəbi nəslin giley-güzarı bitməsə də əsas məsələ, ortada böyük qələbəmiz var. Demək, bizim qismətimizdə Qarabağı azad görmək də var imiş. O ki qaldı mənim ədəbiyyatda qalıb-qalmayacağıma bunu yalnız gələcək müəyyən edəcək. Təəssüf ki, mən o günü görməyəcəm. Amma inanıram ki, hər halda hansısa bir yazımla xatırlanacağam...”- söyləyir.

Bazar günü Kənan Hacının doğum günüydü, 49 yaşı tamam olurdu. Portalımız bazar günləri işləmir deyə onu bu münasibətlə bu gün təbrik edir, yaradıcılıq uğurları arzulayırıq. Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

Bazar ertəsi, 04 Mart 2024 11:00

EKSPRESS-SORĞU - Mənim üç arzum

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” in növbəti

 ekspress sorğu sualı: Torunuza düşən qızıl balıq üç arzunuzu yerinə yetirəcək. Arzularınız hansılardır? 

Mənim cavabım belədir:

 

Xəyallar aləmində yaşayan biri olaraq arzularımı sıraya qoymaqda həmişə çətinlik çəkmişəm. Hə, xəyalpərəst, amma boş xəyallar quran biri deyiləm təbii ki, amma gələcək arzularım heçvaxt bitmir, tükənmir. 

Əgər bir gün balıq tutsaydım və toruma bir qızıl balıq düşsəydi, özümü həm dünyanın ən şanslı, həm də ən şanssız adamı kimi hiss edərdim. Şanslı hiss edərdim ki, birdən-birə çox istədiyim 3 diləyim gerçək olacaq. Bəlkə acgöz deyəcəksiniz, amma şanssız da hiss edərdim, çünki 3 dilək mənə yetməyəcək. 

Amma düşünsək ki, o diləyim nə olardı…Baxaq:

İlk diləyim: çox sıradan səslənsə də, sonsuz xoşbəxtlik diləyərdim. Hətta o qədər xoşbəxtlik ki, xoşbəxtlikdən sıxılım, sıxılaq. Bunu tək özümə yox, ümumi dünyaya diləyərdim. Bir sehir tozuyla xoşbəxtlik tökülsün üstümüzə. Düzdür, əyri olmadan doğrunun qədri bilinmir, amma mən yenə də qüsursuz, ağrısız bir həyat diləyərdim, əgər icazə verilsəydi. Bilirsiz, hıçqıra-hıçqıra ən az bir dəfə ağlamış insan bütün gözyaşlarının əvəzinə gülüş diləyər. Mən də onun kimi. Həm, bəlkə də bununla bitərdi qəzəb, kin, nifrət bu dünyada.

İkinci arzum... Əslində ilk arzu elə bir arzu oldu ki, içində məni sevindirəcək hərşeyi daşıyır, amma yenə də bu səfər də maddiyyatla davam edək. Uşaq vaxtı deyirdim ki, mən bir gün o qədər varlı olacağam ki, mağazalara girəndə bəyəndiyim heçnəyin qiymətinə baxmayacam. Özüm üçün hər şeyin ən yaxşısını edəcəm. Böyüdükcə maddiyyat, pulla bağlı olan bu heyranlığım getdikcə azaldı, hətta bəzi nöqtələrdə önəmsiz gəldi, heç yadıma da düşmədi. Amma gəlin real danışaq. Pul olmadan yaşamaq olarmı? İkinci arzu olaraq daim gəlir yerimin ola biləcəyi bir restoran, kafe, mağaza və ya şirkət arzu edərdim. Nə şirkəti və ya necə bir restoran olardı, bilmirəm. Amma indiyədək işlədiyim yerlərdə müdirlərdən gördüyüm əziyyətlərə əsasən deyə bilərəm ki, əminəm, mən çox yaxşı bir müdir olardım. 

Üçüncü olaraq gələcəyi izləmək şansı istəyərdim, ən doğru seçimlər etməyi bacarmağı diləyərdim. Həm ailə mövzusunda, həm karyera mövzusunda. 

Bir söz oxumuşdum: insan həyatda iki dəfə çox önəmli qərar verir. Sonunda ya xoşbəxt olur, ya da bədbəxt. Biri iş, biri yoldaş. Mən bunlarda səhv etməməyi, ən doğrunu seçə bilməyi, hətta seçim edə bilmək üçün bir az da duyğusuz olmağı diləyərdim ki, məntiqim ön planda olsun. 

Hal-hazırda bir xəyalım var ki, mən jurnalist-yazıçı olmaq istəyirəm. Bilmək istərdim, bu mənim üçün doğru seçimdir? Mən bununla xoşbəxt olacağam? Və izləyərdim ki, gələcəyimdə mənə dəstək olan, ailə sözünün haqqını verən biri varmı? Yoxsa elə xoşbəxtliyi özümdə və anamda tapmalıyam? Məndən bu qədər. 

Bəs siz nə diləyərdiniz?

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

“Əziz və hörmətli həmvətənlər, bu gün mənim üçün tarixi və əlamətdar bir gündür. Mən mənə göstərilən bu böyük etimada görə Azərbaycanın vətəndaşlarına, Azərbaycan xalqına bir daha dərin minnətdarlığımı, hörmətimi, məhəbbətimi bildirirəm və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər Azərbaycan xalqına sədaqətli xidmət edəcəyəm və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına həsr edəcəyəm!

Əlimi Azərbaycan Respublikasının Konstitusiyasına basaraq and içirəm ki, biliyimi, təcrübəmi, qüvvəmi Azərbaycan xalqının rifahına, Azərbaycan Respublikasının rifahına həsr edəcəyəm!

And içirəm ki, prezident vəzifələrini ali məqsədlər, amallar naminə yerinə yetirəcəyəm və Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm!

And içirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasının və qanunların həyata

keçirilməsini təmin edəcəyəm. Azərbaycan Respublikasının vətəndaşlarının dini və milli

mənsubiyyətindən asılı olmayaraq hüquqlarının və azadlıqlarının qorunmasını, müdafiə olunmasını həyata keçirəcəyəm. Azərbaycan Respublikasında demokratik dəyişikliyin, azadlığın keçirilməsini müdafiə edəcəyəm və Azərbaycan Respublikasını demokratik hüquqi dövlət kimi inkişaf etməsini təmin edəcəyəm. Azərbaycan Respublikasına, Azərbaycan xalqına ləyaqətlə xidmət edəcəyəm. Azərbaycan Respublikasının dünya dövlətləri, dünya birliyi içərisində ləyaqətli yer tutması üçün çalışacağam!

Əlimi “Qurani-Kərim”ə basaraq and içirəm ki, Azərbaycan xalqının milli və mənəvi

ənənələrinə daima sadiq olacağam və bu ənənələrin Azərbaycanda bərqərar olmasına, yaşamasına təminat yaradacağam!”

 

(Ulu Öndər Heydər Əliyevin andiçmə mərasimindəki çıxışından bir hissə

10.10.1993)

 

Anam mənim əksimə, uşaqlıq və gənclik illərimdən qalan xatirələrə daha sadiq idi.

Kəndə bir neçə saat əvvəl çatmağıma və yorğun olmağıma baxmayaraq o, sanki aylardır bu günü gözləyirmişcəsinə əlində kiçik bir qutu ilə otağa daxil oldu. Bu qutuda hələ lap körpə ikən əmdiyim əmzikdən tutmuş, məktəbi bitirdiyim zaman aldığım fəxri fərmana qədər, hər şey var idi. Anam hər yaşıma aid xüsusi bir xatirə saxlamışdı. Lakin bütün bunlara rəğmən mənim gözlərim sadəcə kiçik bir kağızı axtarırdı. Bəlli etməsəm də, ardıcıl

olaraq göz gəzdirdiyimiz bütün bu xatirələrdə sıranın nə vaxt mənim üçün ən dogma olana gələcəyini böyük səbrsizliklə gözləyirdim. Və…,nəhayət, ən alt sıralardan, bir hissəsi yanmış olan həmin o kiçik kağız parçası göründü.

Kağız - üzərinə illər əvvəl axan məsum göz yaşlarımın təsirindən həm möhkəmlənmiş,

həm də kövrəkləşmişdi. Sanki onunla ehtiyyatlı davranmasam, barmaqlarım arasında alışıb-yanmadan külə dönəcəkdi. Hətta həmin məsum damlaların təsirindən kağız üzərinə həkk olunan yazının bir hissəsi silinsə belə, hələ də oxunaqlı idi:

 

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

 

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana,

Hanki səmtə, hanki yana

Hey uçsam da yuvam sənsən,

Elim, günüm, obam sənsən!

 

1995-ci il may ayı.

O günü çox yaxşı xatırlayıram. Hələ o vaxt dördüncü sinifdə oxuyurdum. Həmin gün

sinifdə uşaqlar arasında biabır olmuşdum. Bütün sinif yoldaşlarımı özümə güldürmüşdüm. Səbəbi isə çox maraqlı və, həqiqətən də, gülməli idi. Mən uşaq vaxtı elə də mükəmməl bir şagird deyildim, hətta tənbəl olmaq belə mənim yanımda az qalırdı. Nə dərslərimi vaxtında oxuyurdum, nə də valideynlərimin sözünə əməl edirdim. Müəllim bizə bir gün əvvəl ev tapşırığı olaraq Səməd Vurğunun “Azərbaycan” şeirini öyrənməyə vermişdi. Mən isə şeir öyrənməyi, ümumiyyətlə, dərs

çalışmağı sevmirdim. Fəqət anamın qorxusundan şeirin ilk iki bəndini güclə əzbərləmişdim.

Həmin iki bəndi səhər məktəbə gedənə qədər gah öz-özümə təkrar edir, gah da anama danışırdım.

Hətta bütün bunlarla kifayətlənməyib bir dəftərimin bütün səhifələrini iki bəndlik şeirlə

doldurmuşdum. Bu hərəkətimi indi də böyük qürurla xatırlayıram və yalnız indi anlayıram ki, “Azərbaycan” şeirini öyrənməyim də əsas səbəb anamın qorxusu deyildi, əslində, vətənimə olan sevgim idi.

Mən böyük həyəcan və təşvişlə şeiri danışacağım anı gözləyirdim, amma heç nə gözlədiyim kimi getmədi. Müəllim bizə şeiri danışdırmaq əvəzinə dərsdə inşa yazmağı tapşırdı. İnşanın adı “Azərbaycan xalqının qurucusu” idi. Mənim başımı itirməyimə çox az qalmışdı. Həyəcandan bütün

bədənim əsirdi. Mənə elə gəlirdi ki, hər an öyrəndiklərimi unuda bilərəm. Deyəsən, bu həyəcan məni ələ keçirməyə müvəffəq olmuşdu.

Vaxt qurtaranda müəllim hər kəsdən vərəqləri bir-bir toplamağa başladı. Uşaqlardan hər biri

inşanın mövzusu haqqında müəyyən qədər məlumat yazmışdı. Mən isə vərəqimi Səməd Vurğunun “Azərbaycan” şeiri ilə büsbütün doldurmuşdum. Bunu necə etdiyimi özüm belə bilmirdim.

Uşaqların mənasız zarafatları, yersiz gülüşləri məni vərəqi yandırmaq həddinə qədər gətirib çıxarmışdı. Hər nə qədər bu səfeh addımı atsam da, müəllimim vərəq tam yanmadan mənim başıma ağıl qoymağı bacarmışdı. Və yaxşı ki, bacarmışdı…

Evə kefsiz vəziyyətdə getmək istəmirdim. Yolüstü bir ağacın kölgəsində oturub düşünməyə başladım. Düşünmək də çarə deyildi. Bir müddət sonra belə mənasız bir mövzunu düşündüyüm üçün özümü qınamağa başladım. Məni xülyalar aləmimdən başlanğıcını dərk etmədiyim,

gözlərimi qamaşdıran bir cüt işıq oyatdı. Bu işıq mənim qarşımda dayanan avtomobilin işığı idi.

Öz-özümə düşündüm ki, hər halda avtomobilin sahibi yolunu itirib və məndən axtardığı ünvanı soruşacaq. Amma o…

-Necəsən, cavan oğlan?

-Siz?...

-Niyə bu qədər təəccübləndin? De görüm, adam da belə bərəkətli ağacın kölgəsində bu qədər sakitmi oturar? Ey cavan oğlan, bir başını qaldırıb ağacın budaqlarına bax. Bax, bu budaqlarda Naxçıvan göyçəsi sallanır.

-…

-Yaraşıqlı, niyə səsin çıxmır? Bəlkə, dilini udmusan?

-Siz…

-Heç bilirsən, bu ayda Naxçıvan göyçəsi necə da dadlıdır?!

-…

-Əzizim, gəl, birlikdə yeyək. Mənə yoldaşlıq elə.

O, ağacdan qopardığı meyvələri mənimlə bölüşdü:

-Əlindəki kağızda yazılanlar, deyəsən, sənin üçün çox önəmlidir.

-Necə?!

-Məncə məktəbdə səninlə eyni partada oturan gözəl, hörüklü bir qıza eşq məktubu yazmısan. Və… onun səndən heç xoşu gəlmir, buna görə də dərdlənib, bu ağacın kölgəsində özünü ovudursan.

Mən bir yandan təəccübümü gizlədə bilmirdim, bir yandan da bütün bu yaşadıqlarımın yuxu olduğunu zənn edib, gözlərimi ovxalayırdım. Zənn edirəm ki, o da hislərimdən xəbərdar idi, lakin dilə gətirmək istəmirdi.

-Yaxşı, sən deyəsən danışmaq istəmirsən. Bu da onu göstərir ki, mən səninlə öz bildiyim tərzdə danışmalıyam.

Bir anlıq onun zarafat etdiyini düşünsəm də, vərəqin barmaqlarım arasından yox olduğunu görəndə yanıldığımı anlamışdım.

-Belə çıxır ki, dərsdə inşa yazırmışsınız. Adı da maraqlıdır.

-Elədir, lakin mən yaza bilmədim.

-Mən şəxsən elə düşünmürəm. Gördüyüm qədərilə vərəqi tam doldurmusan. Necə yəni yaza bilmədim?

Ona bütün başıma gələnləri nəql etdikdən sonra rahatlayacağımı düşünsəm də, içimdəki narahatlıq heç əksilmirdi və bu ona çoxdan bəyan idi. Kiçik söhbətimizdən sonra şəvqətli nəzərləri üzərimə zilləndi:

-Nə deyirsən, cavan oğlan, bəlkə yeni bir inşa yazaq? Bu dəfə mövzunu sən seç.

-Sizdən yazaq, cənab!

-Yazaq, cavan oğlan. Soruş görüm nə bilmək istəyirsən.

-Hər şeyi…

-Mən, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşam. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra

Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmuşam, lakin İkinci Dünya müharibəsinin başlanması mənə təhsilimi başa çatdırmağıma imkan verməyib. 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin

məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləmişəm. 1944-cü ilin may ayında isə dövlət təhlükəsizliyi orqanlarında işə

göndərilmişəm. 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilmişəm.

Mən onu dinləyərkən gözlərim böyümüş, ağzım biixtiyari açılmışdı. O, mənim bu halımı görən kimi gülməyə başladı:

-Niyə elə baxırsan, cavan oğlan?

-Mənə elə gəlir ki, siz öz dilimizdə danışmırsınız. Sizi bir əcnəbini necə dinləyirəmsə, eynilə o cür

dinləyirəm və heyrətimi gizlədə bilmirəm. Bu qədər işi necə bacara bilmisiniz?

-Bir gün sən də çox böyük müvəffəqiyyətlər qazanacaqsan. Hələ yaşın çox az olduğu üçün bir çox şey sənə qəribə gəlir.

-…

-Və… sonra çox gözəl bir xanıma aşiq oldum. Onun gözləri çox gözəl idi…Zərifə xanım, mənim sədaqətli ömür yoldaşım...

-Xanımınızı çox sevirsiniz. Bunu ondan danışarkən anidən gözlərinizə həkk olan mülayim ifadədən sezmək olur.

-Mən onu onsuz olsam da, sevirəm.

Gözləri aldı məni,

Kəməndə saldı məni.

-Onsuz?

-İlham və Sevil də sənin yaşlarında olanda çox sual verib tez cavab tələb edirdilər. Aramızda qalsın, elə anlar olurdu ki, mən onları yola verirdim. Nə isə biz qaldığımız yerdən davam edək. Deməli, 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edildim. Daha sonra 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin

qiyabi şöbəsini bitirdim. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edildim. 1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını

müvəffəqiyyətlə bitirib, 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edildim və həmin ildə də general-mayor rütbəsinə layiq görüldüm. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin

birinci katibi seçildim. 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı oldum. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini icra etdim.1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə

namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçildim və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildim. Bu vəzifədə işləyərkən SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etdim. 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun

yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğum vəzifələrdən istefa verdim.

-Nə?! Qarbaçov?!

-Niyə bu qədər təəccübləndin?

-Böyüklərimiz onun çox pis adam olduğunu söyləyirlər.

-Böyüklərimizin dediyi sözlərdə hər zaman həqiqət var. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış etməli

oldum, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının

cəzalandırılmasını tələb etdim. Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz etməli oldum və 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdim.

-Anam 20 Yanvar faciəsi haqqında danışarkən çox kədərlənir və sizin faciənin aradan qaldırılması məqsədilə atdığınız addımları çox yüksək qiymətləndirir.

-Mən isə tamamilə əksini düşünürəm…

-Siz çox təvazökarsınız.

-Bunun təvazökarlıqla əlaqəsi yoxdur, cavan oğlan. Böyü biraz, o zaman çox yaxşı anlayacaqsan… Daha sonra sənin qarşında oturan bu yaraşıqlı adam yenə boş durmadı. 1990-cı il iyulun 20-də Bakıya qayıdaraq iki gün sonra Naxçıvana yola düşdüm, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçildim. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar

Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldum. Bu vəzifədə isə 1993-cü ilə kimi çalışdım. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçildim. Həyat məni eyni diyarda fərqli mübarizələrlə imtahan

edirdi. Amma mənim ən gözəl imtahanımın gələcəyimdə məni seyr etdiyindən xəbərsiz idim.

-Deyəsən, ən həyəcanlı söhbət hələ indi başlayır.

-Deyəsən… 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı mənim hakimiyyətə gətirilməyim tələbini irəli sürdü və

ölkənin o dövrkü rəhbərliyi məni Bakıya dəvət etməyə məcbur oldu. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildim, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladım. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildim.

-O gün də indi baxdığınız kimi məğrur baxırdınız.

-Hansı gün?

-10 oktyabr 1993-cü il, andiçmə mərasimindəki çıxışınız zamanı…

-Sən onu izləmisən?

-Əlbəttə, televizorda izləmişdim. Baxışlarınız mənə o qədər təsir etmişdi ki, qəlbimdə sizə qarşı güvən duyğusu kök salmışdı.

-Əgər o çıxışı izləmisənsə, deməli, inşa üçün yazacaq bir çox məlumatın var. Bəs de görüm, indi danışdıqlarımdan nə yadında qaldı? 

Mənim simamda səbəbini bilmədiyim qəribə bir gülümsəmə əks olunmuşdu, amma bir yandan da çox utanırdım. Utanmağıma səbəb isə bir az əvvəl qarşılıqlı etdiyimiz söhbətdən xatirimdə heç bir məlumatın qalmaması idi. 

O, dönərək gözlərimin içinə baxdı və sağ əlini çiynimə, sol əlini isə tam

qəlbimin üzərinə qoydu:

-Oğlum, bəzən nəyəsə nail olmaq üçün mövzunun mahiyyətini müəyyən edən məlumatlar belə kifayət etmir. Bəzən tam əksinə olmalıdır, hisslərimizlə hərəkət etməliyik, lakin məntiqimizə imkan verməməliyik ki, bizi yaşadan ülvi hisslərimizdən kənar qaçsın. Sən o zaman qalib olacaqsan ki, səni sən edən doğrularının arxasınca qaçacaqsan. Sən o zaman güclü olacaqsan ki, halalı haramdan ayırmağı bacaracaqsan. Və… sən o zaman doğru adam olacaqsan ki, keçmişini

bir boyunbağı kimi boğazından asacaqsan və sinəndə hiss etdiyin o istilik sənə haradan gəldiyini heç zaman unutdurmayacaq!

Bütün bunlar onun sadəcə dilə gətirdikləri idi. Bir də baxışları var idi…

Bizim bu xoş qarşılaşmanın başlanğıcı olduğu kimi sonu da olmalı idi. Onu bir anda uzaqdan gələn bir avtomobilin səsi diksindirdi. Qəfil ayağa qalxdı:

-Mən getməliyəm, cavan oğlan. Özünə yaxşı bax.

-Bəs son dəfə bir sual verə bilərəm?

-Əlbəttə…

-Bütün bu etdiklərinizi nə üçün edirsiniz? Axı sonda sizə heç nə qalmayacaq.

-Olsun, cavan oğlan. Məndən geriyə elə “Mən” qalacağam…

O öz avtomobilindən mənə son dəfə gülümsədi və radionu açdı. Avtomobil zamanla gözdən uzaqlaşırdı. Çox qəribə idi ki, az əvvəl səsini eşitdiyimiz, onu diksindirən avtomobil sanki yoxa

çıxmışdı. Ulu Öndərin radiosunda səslənən musiqinin səsi isə hələ də eşidilirdi:

 

Bir taleyin oyununda cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da qoşa düşmərik.

Bir zərrənin işığına milyonlar şərik,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin...

 

Bu get-gəllər bazarına dəvədi dünya,

Bu ömür-gün naxışına həvədi dünya.

Əbədiyə qəh-qəh çəkər əbədi dünya,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin...

 

Gözlərimi açanda xəstəxanada idim, anam isə başucumda göz yaşı tökürdü. O an yaşadığım hər şeyin yuxu olduğunu anlamışdım. Bəlkə də, həyatımda ilk dəfə idi ki, yuxu ilə reallıq arasında seçim edəcək olsam, yuxunu seçərdim.

-Ay bala, vallah sənin başın xarabdır. Adam da yetişməmiş alça yeyər?! Sən məni öldürmək istəyirsən?!

-Elə demə, ana. Bu zəhər çox şirin idi, həm də sənin xəyal etməyəcəyin qədər…

Bu sadəcə mənim hekayəmin sonu idi, əsas qəhrəmanın hekayəsi isə davam etdi və davam edəcək. Heydər Əliyevin misilsiz və uzaqgörən siyasəti bizi bir uçurum kənarından xilas etdi. Bəli, gəlin onun həyat yolunun davamına birlikdə nəzər salaq.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaşandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, birilərinin silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu. 

1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil

olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı. 

Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi

dəyişikliklər başladı. Təcavüzkar erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik

dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə

seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

15 may 2001-ci il tarixli fərmanı ilə o, EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu verdi, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı

xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmiş oldu. 

2003-cü ilin prezident seçkilərində də o, namizədliyinin irəli sürülməsinə razılıq vermişdi, lakin səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etdi və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdü..

Onun əlləri böyük bir izdiham qarşısında ürəyinə doğru yönəldi. Daha sonra kiçik bir ləngərləmə yaşadı. Bu ləngərləmə səssiz izdihamı cuşə gətirmişdi. Onlar istədikləri qədər cuşə gəlsinlər, zaman öz hökmünü çoxdan vermişdi...

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə

olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etdi, dekabrın 15-də Bakıda I Fəxri

Xiyabanda dəfn olundu. 

O, eynilə şərh etdiyi kimi bir ömür yaşadı: Qalib, güclü və doğru.

-Mən getməliyəm, cavan oğlan. Özünə yaxşı bax.

-Bəs son dəfə bir sual verə bilərəm?

-Əlbəttə…

-Bütün bu etdiklərinizi nə üçün edirsiniz? Axı sonda sizə heç nə qalmayacaq.

-Olsun, cavan oğlan. Məndən geriyə elə “Mən” qalacağam…

Elə bu an naməlum radio son musiqisini icazəsiz səsləndirməyə başladı.

 

Çevrəsindən çıxsa əgər sevda fırfıran,

Bir ümidin ətəyindən tutub da fırlan,

Eşidərsən: pıçıldayır yıxılan, duran,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin...

 

Ayaq saxla, dövrənə bax ötəri belə,

Min illərdir Araz belə, Həkəri belə.

Axşamların, səhərlərin təkəri belə,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin...

 

Gülünclərə gülünc gələn bu ada güldüm,

Yüyəninə hər əl yetən bu ata güldüm,

Mən özümlə oynadığım şahmata güldüm...

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin…

 

Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev ili” elan edildi. Ulu Öndər, Heydər Əliyevin 100-cü ilini dərin hörmət, qürur və sevinclə qarşıladıq. 

Bizim xəritəmiz məhz tarixi xilaskarımızın qoyduğu dərin izlər sayəsində bütövləşdi.

Bütövlüyümüzün və birgəliyimizin əbədi olması diləyi ilə…

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında İctimai Şura tərəfindən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirildi. Bu dinləmə həm də ona görə diqqət mərkəzində idi ki, yeni tərkibli İctimai Şuranın ilk əhəmiyyətli tədbiri idi. 

 

Tədbirdə İctimai şuranın sədri, millət vəkili, akademik Nizami Cəfərov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, baş idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbər və əməkdaşları iştirak edirdilər. 

Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalının moderatorluğu ilə keçirilən dinləmədə öncə tədbirin məqsədi haqqında məlumat verildi. 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa çıxış edərək müasir dövrdə cəmiyyətin mədəniyyətə münasibətinin böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. Bildirdi ki, mədəniyyətin cəmiyyətdə dəyər qazanmasında insanların yanaşmasının mühüm təsiri var: “Bədii-estetik zövqü formalaşdıran insanların sayı azaldıqca cəmiyyətdə intellektual səviyyə də aşağı düşür. Sonradan bu səviyyəni bərpa etmək uzun zaman alır və çətin olur. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu gün bizə yeni ideyalar lazımdır. Bu ideyalar təkcə iqtisadi-siyasi sahədə deyil, həmçinin mədəniyyət və təhsildə də özünü büruzə verməlidir. İnsanların sosiallaşması üçün mədəni səviyyəni yüksək səviyyədə saxlamaq lazımdır. Xüsusilə, regionlarda bu sahəyə diqqət yetirilməlidir”. 

Digər çıxışlarda mədəniyyət sahəsində gənclərə göstərilən diqqət və qayğıdan, incəsənət təhsilinin problemləri, baş idarənin tabeliyində fəaliyyət göstərən rəsm qalereyası, teatr, kitabxana, musiqi və incəsənət məktəblərin iş prinsipləri, qanunvericilikdə nəzərdə tutulan müddəaları əsas tutmaqla yeniliklərin tətbiqi, sahə üzrə mövcud problemlərdən söz açıldı. İştirakçılar mövzular üzrə fikir və təkliflərini bölüşdülər. 

Sonda çıxış edən akademik Nizami Cəfərov yeni tərkibli İctimai Şuranın məqsəd və məramlarından söz açdı, şura tərəfindən qeyd olunan məsələlərlə bağlı müzakirələrin keçiriləcəyini diqqətə çatdıtdı.

Xatırlayırsınızsa bundan əvvəlki İctimai Şura daha məhsuldar çalışır, müntəzəm tədbirlər keçirirdi, hətta xalq teatrları festivalı da keçirmişdi. Hazırkı İctimai Şura isə daha səmərəli, effektiv çalışmağı qarşısına məqsəd qoyub. Bu yolda akademik Nizami Cəfərov başda olmaqla yeni tərkibli İctimai Şuranın bütün üzvlərinə, eləcə də şurada təmsil olunan ekspertlərə uğurlar arzulayırıq.

Xatırladaq ki, “İctimai iştirakçılıq haqqında "Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816- IVQ nömrəli Qanunu"na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 17 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin birinci mərhələsi keçirilib, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış Yolçuyev Əkbər Mehdi oğlu (Azərbaycan Yazıçılar Biriyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti), Mustafayeva Samirə Vəli qızı (“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi ictimai birliyi), Qədirov Vuqar Kərim oğlu  (Aydınlar Ocağı” Humanitar ictimai birliyi) İctimai Şuraya seçiliblər. 

20 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci mərhələsi keçirilib, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış daha 6 namizəd İctimai Şuranın üzvü seçilib:

Cəfərov Nizami Qulu oğlu - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü; Allahyarlı Nihad Vüqar oğlu - “DAVAM” Gənclər Hərəkatı ictimai birliyi; Bəbirova Ülviyyə Firudin qızı - "Mədəniyyət Könüllüləri" ictimai birliyi; Nəzərova Adilə Həsən qızı - "Kitab evi" ictimai birliyi; Salayev Ayaz Ramiz oğlu - Əməkdar incəsənət xadimi; Verdiyeva Bəyimxanım İsfəndiyar qızı - "Xan Şuşinski" Fondu.

Hər iki seçkinin nəticəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya ümumilikdə 9 üzv seçilib.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

Eman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Hər dəfə yanımda dövlət qulluğunda çalışan insanlardan söhbət düşəndə, nədənsə yadıma ilk düşən həkimlər olur. Sanki onlar da həkimlər kimi, xalqa, dövlətə sədaqətlə qulluq edəcəklərinə and içiblər. Və bu and vəzifə öhdəliklərini yerinə yetirmələrində onları hər zaman müşayət edir, and müqəddəsliyini itirmir. Bəli, budəfəki söhbətimin qəhrəmanı ölkəmizdə yaxşı tanınan, yüksək dövlət postunda çalışan bir məmurdur. Məqsədim, onu məmur kimi deyil, bir alim, bir vətəndaş, bir insan kimi təqdim etməkdən ibarətdir....

 

O, 1959-cu ildə Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 102 nömrəli məktəbdə başa vurub. Eyni zamanda 21 nömrəli musiqi məktəbində oxuyub. Məktəbi bitirdikdən bir qədər sonra əsgərliyə çağrılıb və sovet ordusunun sıralarında hərbi xidmətdə olub. Daha sonra Azərbaycan Dövlət Universitetində filologiya ixtisası üzrə ali təhsilə yiyələnib. 1980-ci ildən başlayaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında müxtəlif vəzifələrdə işləyib. 1987–1991-ci illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini, sərəncamçı direktor vəzifələrində çalışıb. Sonra bir müddət də Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru olub. Onu 1993-cü ildə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin ediblər. 2006-cı ildə isə mədəniyyət və turizm nazirinin müavini vəzifəsində işləyib. 2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiridir. Ailəlidir. İki övladı və bir neçə nəvəsi var...

 

Həssas və empatik təbiətli adamdır. Həmsöhbətinin hisslərini, həyəcan və istəklərini tez duymaq qabiliyyətinə malikdir. İntuisiyası çox güclüdür. İstedadlıdır, mənəvi dünyaya olan marağı onu yaradıcı bir insan kimi yetişdirə bilib. Qüvvətli zehni var, təfəkkürü genişdir, qeyri adi idrakı ona, heç kimin ağlına gəlmədiyi bir faydanı öncədən anladır. Sosial həyatdakı mövqeyinə söz ola bilməz, yüksək mədəniyyət, kamil davranış, təvazökarlıq, nəciblik, xeyirxahlıq varlığına hopub. İnsanlara dəyər verməyi bacarır, necə deyərlər, yaxşı insanların qərdrini bilən şəxsdir...

 

Bütün bunlarla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olub. On il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. Azərbaycanda və xaricdə çap olunan xeyli sayda elmi və publisistik məqalələrin, dərslik, dərs vəsaiti və proqramların müəllifidir. Odlar Yurdu Universitetinin fəxri professorudur. Yaxşı tənqidçi teatrşünasdır. İndiyə qədər "Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri", "Əqidə, Ruh və Teatr" adlı monoqrafiyaları, "Teatr sənətimiz: dünən, bu gün, sabah…", "Yeni təməl", ingilis dilində "The Structure of a Modern Theatre" və "Belief, Spirit and Theatre", eləcə də rus dilində "Азербайджанский театр начала XXI века" adlı kitabları nəşr olunub. 2008-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru, 2018-ci ildə isə sənətşünaslıq üzrə elmlər doktoru alimlik dərəcələrinə yiyələnib... 

 

Daxili instinkt və hisslərinə çox etibar edir. Və bu xüsusiyyəti onu heç vaxt yanıltmır. Əksinə, həyatının çətin məqamlarında ona doğru yolu tapmaqda yardımçı olur. Sadə həyat tərzini sevir, rəftarında alicənabdır. Etik qaydalara əməl etməyi xoşlayır, nəzakətlidir. Yüksək dövlət postunda çalışsa da, heç vaxt səlahiyyətlərindən sui istifadə etmir. İnsanlara yuxarıdan aşağı deyil, əzizi, doğması kimi baxır. Bu da ona başucalığı gətirir, haqqında xoş təəssürat, söz-söhbətlər yaradır...

 

Onun bir məmur kimi fəaliyyətindən də danışa bilərdim, amma düşünürəm ki, buna ehtiyac yoxdur. Çünki vəzifəli adamları tərifləyəndə bəziləri bunu yarınmaq kimi də anlayırlar…

Bu gün onun 65 yaşı tamam olur. İstədim ki, bildiklərimi sizinlə də bölüşüm. 

Bəli, mən professor Ədalət Vəliyevi deyirəm...

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

Varis, “Ədəbiyyat və incəsənət”

 

Dünən, bazar günü Ümumdünya Yazıçılar Günü idi. Və çox təəssüf ki, biz yazıçılar üçün əlamətdar olan bir gündə mən giley-güzar eləməli olacağam. 

 

Nə gizlədim, cəmiyyətdə yazıçılara münasibət əvvəlki ildəkilərə baxmış xeyli soyuqlaşıbdır, buna əsas səbəb əksərən  yazıçıların özləridir, onların fasiləsiz bir-birilərinin kölgələrini qılınclamalarıdır. İstənilən peşə sahibləri arasında həmrəylik olsa da sayca elə də çox olmayan, cəmi bir ovuc olan yazıçılar arasında müdhiş düşmənçilik hökm sürür. İrəli gedəni geri çəkmək, sevilənə çamur atmaq, uğur qazananın uğurlarına kölgə salmaq, rejionlaşma, qruplaşma, klanlaşma  - bunlar günümüzün ədəbi cameəsinin təəssüfedici görüntüləridir. 

Bir yandan da kim gəldi, gündəm yaratmaq üçün sosial mediada yazıçıları söyür, Yazıçılar Birliyinə hədyanalar deyir. Yazıçıları xalqın gözündən salmaq, bilirsinizmi, nə deməkdir? Sovetlər dönəmində Azərbaycan dilini qoruyub saxlayan, ikiyə bölünmüş Vətənimiz barədə daim xatırlatmalar edən yazıçılar olmayıbmı? Qarabağ problemi başlayanda, imperiya boyunduruğundan qopub çıxmaq məqamı yetişəndə xalqı meydanlara çağıranlar, yüksək tribunalarda yer alanlar məgər yazıçılar deyildimi? Yüz minlərlə, milyonlarla insana yaxşını pisdən  ayırmağı öyrədən, sabahkı günə ümidləndirən, stimullaşdıran, vətən sevgisi ilə silahlandıran yazıçılar deyillərmi? 

Hər bir xalqın elitasında onun yazıçıları da qərarlaşır, bəs nədəndir ki, bizdə yazıçıları aşağılamaq dəbi gəlib? Sanki yazıçı qələminin ucunu sındırmağa çalışırlar bir ucdan. 

Amma mən, sözün həqiqi mənasında, böyük, işıqlı yazıçılarımıza, çox istedadlı ədəbi gəncliyimizə güvənərək deyirəm, dahi 

Nizami Gəncəvinin vətəninin ədəbiyyatı yenə də öz əzəli nüfuzunu qaytara biləcəkdir. 

Növbəti 3 martda pisliklərin arxada qalacağı ümidi ilə! 

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.