Super User

Super User

Çərşənbə axşamı, 05 Mart 2024 14:00

Aləmi bəzər, özü lüt gəzər - AKTUAL

Xədicə Əliyeva, “Ədəbiyyat və İncəsənət”

 

Axı insanoğlu belədir! Başqasına məsləhət vermək də yaxşıdır. Çünki qarşısındakı birinə onu anladığını deməyin, nə olduğunu belə anlamır. Çünki o, sadəcə görür, hiss etmir. Görür, müşahidə edir, məntiqini işə salır və nəticədə ona "məsləhət verir". 

Bəs niyə insan başqasına rahatlıqla verdiyi məsləhəti özünə verə bilmir?! Niyə "özümdən başqa hamıya xeyrim var" cümləsi dillərdən düşməyən ifadəyə çevrilib? Çünki insan başqası ilə eyni taleyi belə paylaşırsa, bu onu anladığı və ya anlayacağı mənasına gəlmir. Hər qar dənəsinin fərqli olduğu kimi, dünyadakı hər insan beyni, psixologiyası da fərqlidir. Xarakterlər yalnız bənzəyə bilər, eyni ola bilməz. Sən “iki rəng bir-birinə uyğundur” deyə bilərsən, eynidir deyə bilməzsən. Tapmacanın bir parçasını digərinə birləşdirə, uyğunlaşdıra bilərsən, amma onlara eyni deyə bilməzsən. Ona görə də insan başqasına rahatlıqla "ağıl" verməyi bacarır. Çünki məntiqlə düşünür. Lakin özünə çatanda, nədənsə o ağıl yoxa çıxır. Buna görə də “anlayıram” kəlməsinin bir hökmü qalmır. Başa düşməklə anlamaq arasında incə fərq var. Başa düşmək görməkdir, anlamaq isə hiss etmək. Yaralı bir quşun ağrısını başa düşə bilərsən, lakin hiss edəcək qədər anlaya bilməzsən. Həmçinin, zahirlər fərqli olduğu kimi, batinlər də fərqlidir. Birinin zahirini görə bilər, batinini hiss edə bilməzsiniz. İnsan dünya ilə olan mübarizəni cismi ilə deyil, ruhu ilə verir.

Təəssüf ki, insanoğlu bir az da nankordur. Hə, hə,nankor.

Nələrsə onun deyil, başqasının ikən, meyil edir onlara. Bir şeyi ən çox artıq ona sahib olmayanda yox, artıq ona sahib olmadığını "anlayanda" istəyir. 

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

Çərşənbə axşamı, 05 Mart 2024 15:30

Bizə görə xaricdə millətimizə qiymət qoyurlar - AKTUAL

Qoşqar  İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

İşlə əlaqədar cəmiyyət arasında çox olmalı oluram. Bu səbəbdən dolayı, hər tipdə insanla qarşılaşıram. Çox nadir hallarda maraqlı insanlara rast gəlirəm. Daha çox isə xarici turistlərlə ünsiyyətdə olmaq mənə çox xoş təsir bağışlayır. Hər nə qədər dil bilmə cəhətdən bəzən əziyyət çəksəm də, istənilən halda dilini bilib də, özünü anlaya bilmədiyim insanlardan qat-qat gözəl anlaya bilirəm nu xariciləri. 

Sən artıq onlarda yetərincə mədəniyyətliliyi, zövqlülüyü, ahəngdarlığı görə bilirsən. Bundan əlavə, gəldiyi ölkənin kiçik də olsa, mini imicini səndə təsəvvür etdirə bilir. 

 

Ümumiyyətlə, ölkədən xaricə getdiyimiz an məsuliyyət daşıdığımızın fərqində olmalıyıq. Əgər ki, hər hansı bir xarici ölkədə olsaq, etdiyimiz hərəkətlərə və danışıqlara diqqət yetirməliyik, çünki danışdığımız hər hansı bir ifadə və ya davranış tərzi, qarşı tərəfin ağlında olan stereotiplə üst-üstə düşməyə bilər. Qısaca bunu sizə belə izah edim:

Sosial şəbəkələrin birində xarici ölkədə belə bir sorğu keçirilmişdi. "Azərbaycanlı ilə ailə həyatı qurarsınızmı?", "Onlar haqqında nə deyə bilərsiniz?" tipli suallar idi. 

Sorğu əsnasında, təbii ki, mənfi və müsbət rəy verənlər oldu. Lakin mənfi rəy verənlərdən birindən bunun səbəbini soruşduqda demişdi ki, iş yoldaşım olduğu üçün belə düşündüm. Bu da öz növbəsində qarşı tərəfdə bu belədirsə, demək ki, digərləri də belədir anlamını qavrada bilib.  Kollektiv münasibətlərdə də bu belədir. Bir nəfərin davranışı hər bir kəsin ayağına yazılır. Eynilə uğuru da elədir. 

 

Hər nəysə ki, mənim budəfəki xarici qonağım Cənubi Koreya vətəndaşı və ailəsi idi. Dil olaraq qısa-qısa sözlərlə anlaşa bilsək də, ümumi olaraq bədən dili və digər vasitələrlə biri-birimizi anlaya bildik. Yetəri qədər mədənililik, sadə ailə modeli hisslərini az da olsa aşılaya bilmişdilər. Həmçinin hiss edə bilirsən ki, o tip insanlarda yaşam sevgisi, həyata vurğunluq xüsusilə özünü göstərməkdədir. 

Yeni görüşlər və tanışlıqlar arzusu ilə!

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2024)

Çərşənbə axşamı, 05 Mart 2024 13:30

Qlobal universitetlərəgirmə

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Niyə telefonun şarjının sürətlə boşalması funksiyası yoxdur? Olsaydı, tutalım, vşcümə günü işdən sonra həyat yoldaşın zəng edərkən onu qoşmaq olardı.

 

2.

Təəssüf ki bizim birbaşa efirlərimiz o qədər də birbaşa söz demək məkanı deyil. 

 

3.

Bir anekdotı.ru lətifəsi:

Amerikada seçkidən iki ay sonra da prezidentin kim olacağı bəlli deyil. Rusiyada seçkidən iki ay əvvəl prezidentin kim olacağı artıq bəllidir. 

 

4.

Qadın hiyləsi:

Sən deyən olsun, amma qərarı mən verim. 

 

5.

İnsanlıq üçün yeni təhlükə:

Qlobal universitetəgirmə.

 

6.

İnsan elə yaşayır, sanki heç ölməyəcək.

Və elə ölür, sanki heç yaşamayıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

-Kim olduğunu bilmirəm, amma nəsə yaşıllaşdırma ilə bağlı idi işi. Tərxan da ondan güllər, ağaclar götürüb satırdı, qazanırdı.

-Onun satmaq üçün götürdüyü gülləri, ağacları görmüşdüz, həyətə gətirirdi əvvəlcə?

-Yox, elə dediyindən bilirəm, çöldən-çölə satırmış, həyətə heç vaxt gətirməyib.

-Sonuncu dəfə evdən çıxarkən, sizə hara getməsi barədə nəsə demişdi?

-Yox, ay oğul. Hara gedib haradan gəldiyini heç vaxt deməzdi. Mən yatmağa tez uzanıram. Heç həmin gecə getdiyindən də xəbərim olmayıb.

-Sizin telefon nömrənizi götürürük. Nəsə əlavə suallar çıxarsa, zəng edəcəyik. Daha vaxtınızı almayaq.

Mahir Səyyarə arvadın telefonundan öz nömrəsinə zəng atıb ayağa qalxdı. Sağollaşıb getmək istəyəndə Səyyarə arvad dilləndi.

-Ay bala, axı heç demədiniz oğlum nə eləyib?

Dayanıb bir-birimizə baxdıq. Sonra heç nə demədən otaqdan çıxdıq.

Hələ də qapının arxasında dayanıb gözləyən Mehdi bizi küçəyə qədər ötürdü. Ona təşəkkür edib sağollaşdıq. Maşına oturub tərpəndik. Mahir məni düşürüb Nazirliyə qayıdacaqdı. Alınan məlumatlar təcili addımlar və aydınlaşdırmalar tələb edirdi. İlk növbədə vəziyyəti generala məruzə edəcək, sonra qrup üzvlərinə yeni  tapşırıqlarını verəcəkdi.

Maşını məhəllədən yola çıxaran Mahir dedi:

-Bu saçları ağarmış yaşlı anaya ürəyim ağrıdı. Hələ də fikrim onun yanında qalıb. Belə övladdansa, olmaması yaxşı idi.

Susub heç nə demədim. Həqiqətən də bəzi övladlar valideynlərinin qatilinə çevrilirlər. Birdən-birə yox, onları az-az, hər gün ölümə məhkum edirlər davranışları ilə. Mahir susduğumu görüb mövzunu dəyişdi. 

-Daha bəzi şeyləri bir ipə düzmək olar. Hər şey sənin fərziyyənlə başladığı üçün sən danış, mən dinləyim.

Səs gəlməməsi üçün maşının şüşəsini qaldırıb danışmağa başladım.

-Stepanın və sənin gətirdiyin əlavə məlumatlar əsasında bütün gecə təhlillər apardım. Keçmiş məhkumlardan birinin-Tərxan Nağıyevin əkiz qardaşının olması mənim diqqətimi çəkdi. Bu axtardığımız Solominlə birlikdə vaxtilə məhkumluq həyatı yaşamış, il yarım bundan əvvəl ölmüş Tərxan Nağıyevlə eyni yaşda, eyni boy-buxunda və sifətdə olan birisinin təkcə adının baş hərfi fərqli olmaqla hazırda Bakı şəhərində yaşadığı anlamına gəlirdi. Bilmirəm niyə, ancaq lap əvvəldən hissiyyatım mənə bu keçmiş məhkumlardan başlamağımı deyirdi. Bu məlumatı da oxuyanda dalağım lap sancdı. Sən qısa müddətdə ölmüş Tərxanın qardaşı Sərxan Nağıyevin qətlə yetirildiyini öyrəndin. Özü də müharibə başlayan günün gecəsi. Bu artıq çox maraqlı idi. Əlbəttə Sərxanın özündən də hansısa yolla istifadə edib sonda onu lazımsız şahid kimi aradan götürə bilərdilər. Ancaq nədənsə mən daha çox başqa ehtimala üstünlük verirdim. Əkiz tayının olduğunu öyrəndiyim andan Tərxanın ölmüş olmasına böyük şübhələrim yaranmışdı. Sənin mobil operatorlardan aldığın son məlumatlar bu şübhələri təsdiqləyirdi. İl yarım əvvəl, qardaşlardan birincisi ölən günün səhəri hər iki qardaşın istifadə etdiyi mobil nömrələr sıradan çıxarılır. Əvəzinə, guya sağ qalan Sərxan, əslində isə Tərxan təzə mobil nömrə alır. Belə təsadüflər olmur. Qədimdə fironlar öləndə inanca görə onları o biri dünyada darıxmamaları üçün həyat yoldaşları, nökərləri və bəzi məişət əşyaları ilə birlikdə dəfn edirdilər. Tərxan firon deyildi və onu yəqin ki, mobil telefon nömrəsi ilə birlikdə basdırmamışdılar. Sadəcə o, nömrəsini sındırmaqla bir növ arxada qalan körpüləri yandırır. Məntiqlə özünü Sərxan kimi qələmə verdikdə o, qardaşının nömrəsindən istifadə etməkdə davam etməliydi. Ancaq Sərxanın bütün dost-tanışını tanımadığı üçün onların zəngləri ilə özünü büruzə verə bilərdi. Odur ki, həmin nömrəni də sıradan çıxarıb təzə nömrə alır və yalnız qardaşının ətrafında olan, özünün şəxsən tanıdıqları ilə ünsiyyəti davam etdirir. Başqa bir faktı da deyim. Solomin təlim keçmək üçün xaricə göndərilməzdən əvvəl iki dəfə Bakıya gəlib. Onun bundan sonra bir il xaricdə, gəldikdən sonra isə son altı ayda Rusiyada gözləmə mövqeyində olduğunu nəzərə alsaq, bu müddət bir il yarım edir. Bu müddət də Tərxanın düz il yarım əvvəlki yalançı ölümü ilə eynilik təşkil edir. Əslində söhbətimə elə bundan başlamalıydım. Çünki lap əvvəldən yaranmış şübhələrimin bir əsası da bu fakt idi. Tarixlər dəqiqliyi ilə üst-üstə düşürdü. İndi gələk bütün bu dediklərimdən gəldiyim son qənaətə. Solomin tapşırığı aldıqdan sonra Bakıdakı əlaqələrindən istifadə etməyi qərara alır. Bunun üçün keçmiş həbsxana yoldaşı Tərxan Nağıyevi seçir. Bakıya gəlib kəşfiyyat işləri aparmaqla yanaşı onunla da görüşür. Həmin ərəfədə Tərxanın qardaşı Sərxan ölür. Burada iki variantın üzərində dayanıram. Ya Solomin yaxşı pul müqabilində Tərxanı qardaşını aradan götürüb özünü Sərxan kimi qələmə verməklə şübhələrdən kənarda qalmağa razı salır, ya da elə Sərxan həmin vaxt öz əcəli ilə ölür və hansı yükü üzərinə götürdüyünü gözəl başa düşən, başqa sözlə vətəninə xəyanət eməyə razılıq verən Tərxan bundan məharətlə istifadə edir. Hər iki variant ağlabatandır. Ancaq Səyyarə arvadın Sərxanın heç vaxt ürəyindən şikayət etmədiyi barədə dediklərini nəzərə alsaq, birinci ehtimal daha inandırıcıdır. Tərxan kimisindən hər şey gözləmək olardı. Solomin əlbəttə tək Tərxanla kifayətlənə bilməzdi. Hazırlanan əməliyyatın miqyası çox geniş olduğu üçün burada onların başqa əlaqələrinin də olmasına ehtiyac var idi. Böyük ehtimalla o, Tərxanla razılaşandan sonra Rusiyaya qayıdır. Burada qalan adamları isə, çox güman ki rezidentləri, başqa bir nəfəri də tapır. Buna necə nail olur bilmirəm, burada variantlar müxtəlifdir. Amma yəqin ki, bundan sonrakı tapşırıqları Tərxana həmin adam verir. Həlledici məqam yetişəndə isə, o adam daha onlara lazım olmayan, öz işini görüb qurtarmış Tərxana qəbiristanlıqda görüş verib orada onu qətlə yetirir. Yenə də körpülər yandırılır. Tərxan qardaşı ilə bir almanın yarısı kimi oxşadıqları üçün hamını aldada bilərdi. Amma onları dünyaya gətirmiş ana öz övladlarını heç bir halda səhv sala bilməzdi. Sərxan yatağında yox, istənilən şəraitdə ölmüş olsa idi belə, anasını aldada bilməyəcəyini başa düşən Tərxan düşmənli olduğunu, həyatına təhlükə yarandığını deməklə onu aldadıb razı salır. Zavallı ana bu sirri gizlətməklə bir növ sağ qalmış yeganə oğlunun həyatını qorumuş olduğunu düşünür. Həm də ki, ananın ölənin Sərxan olduğunu deməsi digər qohum-əqrəba arasında yarana biləcək şübhələrin də qarşısını almış olur. Ehtimallarımda yanılmadığıma əmin olsam da, Səyyarə arvadla söhbətimizdə onun etirafı son nöqtəni qoymuş oldu. Bu söhbət istənilən halda vacib idi. Çünki onun vasitəsilə Tərxanın əlaqələrini öyrənməli idik. Düzdür, anası çox şey deyə bilmədi bizə. Ancaq faktiki olaraq ortaya hansısa bir yaşıllaşdırma işçisi çıxıb. Bunun bizə nəsə verib-verməyəcəyini bilmirik hələ. Hər-halda Səyyarə arvad onunla tanışlıqdan sonra Tərxanın çoxlu pul qazanmağa başladığını dedi, bunu unutma. Kol-kos satmaqla çoxlu pul qazanmaq mümkün deyil. Heç o residivistin birdən-birə dəyişilib namusla pul qazanmağa başlaması da ağlıma batmır. Anası ilə söhbət zamanı da məlum oldu ki, nəinki gül-çiçək, onun əlində heç bir boş dibçək də görən olmayıb. Deyilən pullar aldığı tapşırığa görə Tərxana verilmiş pullar ola bilərdi. Hər-halda Səyyarə arvad Tərxanın pullanmasını yaşıllaşdırma işçisi ilə tanışlığı ilə əlaqələndirdi. Ona görə də bu «miçurinə» xüsusi diqqət ayırın. Tərxanın nömrəsindəki bütün kontaktların yoxlanılması da nəsə vermiş ola bilər.

Bu yerdə Mahir sözümü kəsdi.

-Artıq əməkdaşlardan biri o nömrələrlə məşğuldur. Nəticə olan kimi biləcəksən.

Məhəlləmizə yaxınlaşdığımızı görüb son bir ehtimalımı da bölüşdüm.

-Mahir, bir şübhəm də var. Onu da deyim. İnamım azdır, ancaq Tərxanı elə Solominin özü də görüş verib aradan götürə bilərdi. Hər-halda həmin vaxt hələ nə hərbi vəziyyət elan olunmuşdu, nə bu postlar var idi. O, bunu rahatlıqla edə bilərdi.

Mahir razılıq işarəsi olaraq başını tərpədib gülümsədi.

-Söhbətin əsnasında mən də bunu fikirləşdim dostum. Ancaq niyə buna tam əmin olmadığını da bilirəm. Solomin bu işdə əsas fiqurantdır. Onlar əsas adamlarını belə riskə atmazdılar məncə. Yəqin ki, elə ən ağlabatan sənin səsləndirdiyin birinci ehtimaldır. Bunu isə sadəcə nəzərə alarıq.

Mahir maşını düz qapımda saxladı.

-Mən cənab generala məruzəyə gedirəm. Telefonda olacam.

-Elə isə sənə uğurlar.

-Sağ ol.

Maşından düşüb evə tərəf getdim. Ancaq bir neçə addım atmış hələ də heç nə yemədiyim yadıma düşdüyü üçün geri qayıdıb yaxınlıqdakı tanış kafeyə üz tutdum.

* * *

 Axşam düşmüşdü. Həmişəki kimi saat 10-da poçt qutusunu yoxlayanda nəhayət ki, gözlədiyi məlumatın gəldiyini görmüşdü. Amma zərfin içindəkilər heç də onun üçün ürəkaçan deyildi. O, xəyallar qurduğu arzusuna çatmaq üçün hər şeyi tez bitirib geri qayıtmaq istəyirdi. Məlumatda isə vəziyyətin yaxşı olmadığı, şəhərdə ciddi yoxlamaların başlandığı, ona görə hələ bir qədər də gözləməsi, hər şeyi göstərilən tarixdə bitirməsi tapşırılmışdı. Göstərilən tarixə isə hələ var idi. Məlumatda mənzilini dəyişəcəyi də bildirilirdi. Onun üçün hazırlanmış yeni mənzil indi olduğu yerdən cəmi iki yüz metr aralıdakı binada yerləşirdi. Bu, uzaq məsafə qət etmədən yerini dəyişə bilməsi üçün edilmişdi. Həmin mənzilin açarı da zərfin içinə qoyulmuşdu. Bütün bunların yazıldığı kağızı zərflə bir yerdə külqabına qoyub alışqanı çəkdi. Tam yanmasını gözləyib külqabıda qalan külü zibil qabına töküb geri qayıtdı. Əhvalı açıq-aşkar korlanmışdı. O, vəd edilən pulu tezliklə alıb sevimli qadınına qovuşmaq üçün çox darıxmışdı.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

 

 

 

 

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə  Qovurma şorbasının hazırlanma qaydasını təqdim edəcəyik. 

 

 DÜSTUR:

§ Qovurma – 150 qr

§ Ərinmiş yağ – 30 qr

§ Soğan – 20 qr

§ Düyü – 20 qr

§ Kartof – 15 qr

§ Keşniş – 8 qr

§ Şüyüd – 8 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Saxsı qabda qovurma yağında soğan qovrulur, üzərinə doğranmış pomidor, bibər əlavə olunur və bişirilir. Daha sonra işgənə, kartof, əvvəlcədən isladılmış düyü əlavə olunaraq, vam odda bişirilir. Hazır olana yaxın üzərinə keşniş, şüyüd səpilir.

 

Ədəbiyyat və incəsənət”

(05.03.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Tural Adışirinin şeirləri təqdim edilir.

 

 

 

LÖVHƏ

 

Günəşi zirvədəki

dümağ “duza” batırıb,

Yumurta sarısıtək

Ağzına atdı üfüq.

 

Üstündən də gündüzü

İçib sərin su kimi.

Öz güllü yorğanına

Bürünüb yatdı üfüq.

 

 

***

 

Könlümdə bir ağac var,

Şeir köklü bir ağac.

Duyğular meyvə kimi

Budağından asılar.

 

Bəzən ilham gələndə

Bu meyvələr yetişər.

Qırılıb saplağından

Varaqlar üstə düşər.

 

Çeşidləyib onları

Mən baxaram dadına.

Sovqattək göndərərəm

Oxucular adına.

 

 

***

 

Söhbətlər soğulub, sevinclər solub,

Kəsilib arası görüşlərin də.

Həsrətim tək qalmış bir quzu olub,

Mələyir qəlbinin örüşlərində.

 

Yollar gözlərimə sancılan bir ox,

Uzanan günləri qəmə bükürəm.

Gecələr üstümə yorğan deyil, yox,

Mən alov örtürəm, atəş çəkirəm.

 

Sayrışır xatirən bir ocaq kimi,

Görən, düşürəmmi yadına mən də?

Sənsizəm...Yoxluğun yanacaq kimi

Tökülür eşqimin oduna gündə.

 

 

***

 

Sırsıra bağlasa saçlarımda qar,

Buludlar beləcə dayana bilsə.

Yüz il bundan əvvəl yatmış arzular

Bir səhər yuxudan oyana bilsə.

 

Bilsən ki, kürəyin söykənib dağa,

Bilsən ki, sənin də söz deyənin var,

Bilsən ki, arxanca boylanan, baxan,

Bilsən ki, sənin də gözləyənin var.

 

Dözdüksə, yenə də günləri saydıq,

Şam kimi əridik hələ bir az da.

Desəm, ana vətən, gözlərin aydın,

Daha sərhəd boyu axmır Araz da.

 

Açılmır nə vaxtdır qaşı-qabağı,

Bu göydə işvə var, bu yerdə naz var.

Sənə qurban olum, vətən torpağı,

Necə ki dünyada Araz, Araz var...

 

 

***

 

Görən, kimin baxışına tuş olub,

Gözəllərin allanıbdır yanağı.

Tumurcuqlar ətcəbala quş olub

Uçub qonur budaqlara yaz çağı.

 

Bir anlığa köynəyini soyunub

Səhər çağı şehdə çimir yamaclar.

Günəşinmi baxışında yuyunub,

Gəlin kimi bəzənibdir ağaclar.

 

Yoldan ötən bihuş olub qoxudan,

Ağaclar da ətirlənib qız kimi.

Uca dağlar nərə çəkib qorxudan

Sal qayalar donub qalıb buz kimi.

 

Sinəm üstə misra-misra söz yanır,

Kim qaladı ürəyimdə təndiri.

Zirvələrdən, qayalardan sallanır

Şəlalər-alpinistin kəndiri.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

 

Çərşənbə axşamı, 05 Mart 2024 11:30

Niyə məhz Qurbani?

“Ədəbiyyat və incəsənət” portalı şair, publisist Salman Qaraların (Salman Balakişiyev) Aşıq Qurbani yaradıcılığı barədə məqaləsini təqdim edir. 

 

 

Bir sıra folklorşünaslar XIII-XV əsrlərdə

Azərbaycanda yaradıcı aşıqların yaşayıb yaratdıqlarını təsdiqləsələr də, əksər alimlərin fikrincə, aşıqlıq sənətinin ilk və möhtəşəm zirvəsi, ilk haqq aşığı Dirili Qurban(i), son zirvəsi və sonuncu haqq aşığı isə Dədə Ələsgərdir. Zaman-zaman yeni istedadların doğulacağına əmin olan atalarımız sadə və ümumiləşmiş bir deyimlə öz fikirlərini söyləmişlər: “dünya boş deyil”. Bəli, doğrudan da dünya boş deyil, Azərbaycan torpağı da istedadlardan xali deyil. Qurbaniləri, Abbasları, Ələsgərləri yaradan bu torpaq zaman-zaman yeni söz ustadları da, haqq aşıqları da bundan sonra da yaradacaq. Buna şəkk-şübhə yoxdur. Necə ki, Qurbaniyə qədər də bizim bilib-bilmədiyimiz bir çox böyük sənət adamları gəlib-getmişdir. Bəs niyə ilk kimi Qurbanini götürürük? Bəs Qurbaniyə qədərki aşıqlıq sənəti, poeziyası hanı? Bir şəxs haqq aşığı olsa belə, nə qədər güclü istedat sahibi olsa belə, birdən-birə müəyyən bir əsas, zəmin olmadan bu qədər cilalanmış poeziya nümunələri, mükəmməl saz havaları yarada bilərdimi? Həm də bu kamil bədii nümunələri bir yox, bir neçə şeir şəkillərində, janrlarda yaratmaq bir şəxsin beyin məhsulu ola bilərdimi? Bayatılar, gəraylılar, qoşmalar, təcnislər, divanilər, qitələr... birdən-birə bir şair, bir aşıq tərəfindən xalqa hazır şəkildə bitkin formada təqdim edilə bilərdimi? Hələ bir filosof kimi cahannamə, qarşıdakı sənətkara öz hünərini bildirmək üçün deyişmə, öz biliyini bildirmək üçün qıfılbənd yaratmaq yalnız bir nəfərin beyin məhsulu idimi, yoxsa yüzillər boyu formalaşmış bir sistemin, bir mədəniyyət hadisəsinin məhsulu idi? Qurbani də əsrlərdən bəri gələn bu sistemin, bu mədəniyyət hadisəsinin bir təhazürü deyildimi? Çətin suallardır. Cavablandırmağa çalışaq.

 

*

Ədəbiyyatın iki qolundan biri – şifahi xalq ədəbiyyatı yazılı ədəbiyyatla müqayisədə daha qədim tarixə və zəngin yaradıcılıq irsinə malikdir. Bəzən xalq ədəbiyyatı, bəzən el ədəbiyyatı, bəzən də ağız ədəbiyyatı adları ilə tanınan bu yaradıcılıq sahəsi bir termin kimi daha çox şifahi xalq ədəbiyyatı və ya folklor adı ilə geniş yayılmışdır. Bu ədəbiyyatın ilk nümunələri lap qədim zamanlarda – ibtidai icma quruluşunda insanların əmək fəaliyyətləri və təbiət hadisələri haqqında sadə, bəsit təsəvvürləri ilə əlaqədar yaranmışdır. Ovda, maldarlıqda, əkinçilikdə insanların birgə hərəkətlərini, işlərini tənzimləmək üçün insanlar müvafiq ahəngdar səslərdən, sözlərdən istifadə etmişlər və bu ahəngdar iş və hərəkətdən, bu ahəngdar iş və hərəkətə uyğun ahəngdar səslərdən və sözlərdən əmək və mərasim nəğmələri yaranmışdır. Zaman keçdikcə bu sadə və bəsit əmək və mərasim nəğmələri də təkmilləşmiş, cilalanmış, forma və məzmun rəngarəngliyi qazanmışdır. Daha sonrakı mərhələlərdə şamanlar, ozanlar, nağılçılar, dastançılar meydana gəlmiş, onlar məxsusi sənət adamları, peşə zümrələri kimi formalaşmışlar. Xalqın ruhunu, arzu və istəklərini, həyata və dünyaya baxışlarını bu sənət adamları bədii bir dillə ifadə etmişlər. Dövrümüzə qədər gəlib çatmış bir neçə mərasim nəğməsinə diqqət yetirək:

 

Haş gedə,

Huş gedə.

Bu ox sənə

Tuş gedə.

 

Az getdi,

Uz getdi.

Dərə, təpə

Düz getdi.

 

Çax daşı,

Çaxmaq daşı.

Allah versin

Yağışı.

 

Göründüyü kimi bu nəğmələrdə sadə şəkildə formalaşmış deyim, forma gözəlliyi, məzmunca bir ovsun var, bir şaman duasının izləri var.

Dini inanclara görə əbədi diri qalan 3 peyğəmbərdən biri – Xıdır Nəbi və ya Xızır İlyas yaşıllığı, göyərtini hifz etmiş, onun adı ilə bağlı məxsusi bayram da yaranmışdır. “Xıdır Nəbi”dən, “Xıdır İlyas”dan əvvəlki və sonrakı dövrləri əks etdirən mövsüm nəğmələri, sayaçı sözləri, holavarlar, daha sonrakı dövrün əks sədası olan toy, nişan nəğmələri, ağılar, bayatılar kifayət qədər cilalanmış, sığala yatmış, ritmə, hecaya, bölgüyə, ahəngə uyğunlaşmış şeir nümunələridir. Hətta nəsrlə deyilən atalar sözlərinin, tapmacaların belə müəyyən bir qəlib, bir ölçü daxilində olduğunu görürük. Bəzi atalar sözlərində isə cümlələrin ilk sözlərinin qafiyə olması əski türk düşüncəsində sözə, cümləyə sığal verə bilmək məharətinin olduğunu sübut edir:

 

Birlik harada, dirlik (dirilik) orada.

Olduya, öldüyə çarə yoxdur.

Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.

Əkdim, biçdim sarımsaq, xeyrini gördü qurumsaq.

Molla halvanı gördü, Quranı unutdu.

 

Deməli, yuxarıda deyilənləri ümumiləşdirsək, belə qərara gələ bilərik ki, şifahi xalq ədəbiyyatının nəzmlə olan janrlarının hər birində qafiyə, heca uyğunluğu, ahəng – bir sözlə, nəzmə xas xüsusiyyətlər var. Bəs epik-lirik janr hesab olunan dastanlarda necə, nə şəkildə bu xüsusiyyətlər qorunmuşdur?

Məlumdur ki, bizim dövrümüzə qədər xalqın yaddaşında yaşaya-yaşaya gələn dastanların əksəriyyəti XVI-XVII əsrlərdə və ondan sonrakı dövrlərdə yaranan dastanlardır. Bu dastanlarda, istər məhəbbət, istərsə də qəhrəmanlıq dastanları olsun, müasir şeir şəkillərinə məxsus bütün tələblər gözlənilmişdir. Ancaq dövrümüzə xalqın yaddaşından, aşıqlardan, nağılçılardan deyil, yazılı şəkildə gəlib çatan “Kitabi-Dədə Qorqud”da daşlaşmış, müasir şeir şəkilləri əsasında formalaşmış şeirlərə ya az rast gəlirik, ya da, ümumiyyətlə, rast gəlmirik. Bu da təbiidir və dastanın daha qədim tarixə malik olması ilə bağlıdır. “Kitabi-Dədə Qorqud”un müqəddiməsindən məlum olur ki, Dədə Qorqud Rəsul əleyhissəlam zamanına yaxın – təxminən VI əsrdə yaşamışdır. Ancaq dastandakı bir çox epizodlar bu möhtəşəm abidənin tarixini daha əvvəlki dövrlərə, hətta eramızdan qabaqkı zamana aparıb çıxarır. Bununla belə, dastandakı lirik parçaların, deyimlərin bir çoxu nəzmin tələblərinə uyğun şeir parçalarıdır, nümunələridir. Ehtimal etmək olar ki, bu nümunələr daha çox dastanın yazıya alındığı dövrə, zamana yaxın nümunələrdir. Dastanın müqəddiməsində Dədə Qorqudun dilindən deyilən öyüdlərdən iki nümunəyə diqqət yetirək:

 

Oğul atanın yetiridir,

İki gözünün biridir.

Oğul dəxi neyləsin baba ölüb mal qalmasa,

Baba malından nə fayda, başda dövlət olmasa.

 

Qarılar dörd dörlüdür: Birisi solduran soydur,

Birisi dolduran toydur.

Birisi evin dayağıdır,

Birisi, necə söyləsən, bayağıdır.

 

Dastanın “Dirsə xan oğlu Buğacın boyu”nda Dirsə xanın xatununa söylədiyi soylama bədiilik baxımından yüksək sənət nümunəsi kimi diqqəti cəlb edir:

 

Bəri gəlgil, başım baxtı, evim taxtı,

Evdən çıxıb yürüyəndə səlvi boylum!

Topuğunda sarmaşanda qara saçlım,

Qurulu yaya bənzər çatma qaşlım!

Qoşa badam səğmayan dar ağızlım,

Güz almasına bənzər al yanaqlım,

Qadınım, dirəyim, döləyim!

 

Xatını (qadını – evin xanımını) başının baxtı, evinin taxtı hesab edən türk kişisinin mənəvi ucalığına, səmimiyyətinə, qadına qarşı izzətinə, hörmətinə, məhəbbətinə fikir verin. Bu bir şeirdə bədii siqlətə, sözün dəyərinə, deyim tərzinin canlılığına diqqət yetirəndə heyrətlənməmək olmur. Xatunun qara saçları topuğuna qədər düşür, bu qara saçlar xatunun gül bədəninə sarmaşır. Onun qaşları qurulu yay kimi çatılmışdır. Bu el gözəlinin ağzı qoşa badamı sığışdırmayacaq qədər balaca və incədir, yanaqları güz (payız) olması kimi təmizdir, işıqlıdır, qırmızıdır. Ən əsası isə bu gözəl xatunu Dirsə xan evinin dirəyi adlandırır, döləyi adlandırır. Keçmiş zamanlarda evi saxlayan, uçmağa, dağılmağa qoymayan dirək idi. Dölək isə döl verən, nəsil artıran deməkdir. Bu söz bu gün ədəbi dilimizdə geniş şəkildə işlənməsə də, elat camaatı, heyvandarlıqla məşğul olan insanlar arasında döllək şəklində işlənir, doğan və tezliklə doğacaq heyvanların saxlandığı küz, ağıl mənalarını ifadə edir.

Daha əvvəl yuxarıda göstərdiyimiz digər nümunələrdə də bitkin bir forma və məzmun vəhdətinə, həyati təcrübədən qaynaqlanan fəlsəfi bir ümumiləşdirməyə şahid olduq.

Dastanın öndə olan baş qəhrəmanı Qazan xanın Qaraca çobana söylədiyi:

 

Qaranqu axşam olanda qayğulu çoban,

Qarla yağmur yağanda çaxmaqlı çoban,

Südü, peniri bol, qaymaqlı çoban, –

 

misralarında çoban həyatının real, rəssam məharəti ilə sözlə çəkilmiş təsviri oxucunun gözləri önündə aydın şəkildə canlanır. Bu misralardakı fonetik səviyyədə olan obrazlılıq – alliterasiya, müəyyən qədər də assonsans, dastanın necə yüksək bədii dilə sahib olduğunu bir daha təsdiq edir.

“Dədə Qorqud” dastanları haqqında bu qısa qeydlər bir daha sübut edir ki, Dədə Qorqud nəinki öz zamanının ən böyük söz ustasıdır, o, bütün zamanlar üçün gərəkli olan, bu gün də əhəmiyyətini itirməyən böyük şairdir, ən azı bizə məlum olan 12 boyun – dastanın yaradıcısıdır. Dədə Qorqud hara getsə, harada olsa, qopuzunu əlindən yerə qoymayan, qopuzu müqəddəs sayan el ozanıdır. Dədə Qorqud elçilik edən, Oğuz igidlərin şəninə layiq onlara ad verən, barışıq, sülh, əmin-əmanlıq yaradan el ağsaqqalıdır. Nəhayət, Dədə Qorqud “qeybdən dürlü-dürlü” xəbərlər verən, olmuşları bilən, olacaqları qabaqcadan görən, Oğuz elini uğurlayan, uyarlayan bir bilicidir. Haqdan vergi verilən bir şəxsdir.

Bəs necə olubdur ki, bu möhtəşəm zatın özü də, yaratdığı bu möhtəşəm şeirlər də, dastanlar da, yəqin ki, havacatlar da xalqımızın yaddaşında, hafizəsində yaşaya-yaşaya günümüzə qədər gəlib çatmayıb? Əgər bu dastanın əlyazmaları son iki yüz ildə elm aləminə məlum olmasaydı və bizə gəlib çatmasaydı, bizim şifahi ədəbiyyatımızda – nağılçıların nağıllarında, aşıqların dastanlarında nə Dədə Qorqud özü qalmışdı, nə də onun bu mükəmməl dastanı. Niyə?

Əslində bu sualların cavabları ilə Qurbaninin də niyə ilk aşıq olması sualının cavabı arasında bir bağlılıq var. Məqsədimiz də bu suallara cavab tapmaqdan ibarətdir.

Gəlin, tələsməyək, yazılı ədəbiyyatımızın da Qurbani dövrünə qədər olan inkişaf mərhələlərinə ötəri bir nəzər salaq. Onu da qeyd edək və bir daha xatırlayaq ki, şifahi ədəbi nümunələrin məqsədli şəkildə məhv olunmayanlarının yarandığı dövrün əhval-ruhiyyəsini, dilini, üslubunu qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək üstünlükləri vardır. Yazılı ədəbiyyat isə müəllifin dil-üslub xüsusiyyətlərini, öz dövrünün xarakterik cəhətlərini, daha güclü şəkildə qoruyub saxlaya bilir.

Mahmud Kaşğarinin “Kitabi-lüğəti-it-türk” əsərində türk təfəkkürünün məhsulu olan söz və ifadələr, atalar sözləri, məsəllərlə bərabər, Alp Ər Tonqanın (Əfrasiyabın) ölümünə həsr olunmuş bir bayatı da verilmişdir. Mahmud Kaşğarinin yazdığına görə islamiyyətin ilk dövrlərində ərəb dili ilə türk dili atbaşı gedirdi. Yəni, bu dillərin məna ifadə etmək qabiliyyəti, lüğət ehtiyatı leksik və qrammatik zənginliyi təxminən bir-birinə yaxın idi. Oğuzların el şairi, nəğməkarı, musiqiçisi, aktyoru (səhnə ustası) olan ozanlar Hun hökmdarlarının saraylarında, Səlcuqilər dövlətində böyük nüfuz sahibi olmuşlar. Qaraqoyunlular və Ağqoyunlular zamanında da türk dili, ozan sənəti üstün mövqedə olmuşdur.

XVI əsrə qədərki Azərbaycan ədəbiyyatının, xüsusən də anadilli poeziyanın da inkişafı, keçdiyi mərhələlər göz önündədir. İ. Həsənoğlu, İ. Nəsimi, Qazi Bürhanəddin və digər bu kimi şairlərin dövrümüzə qədər gəlib çatan əsərləri sübut edir ki, həmin zaman kəsiyində kifayət qədər şeir janrları və bu janrlarda yazılmış mükəmməl sənət inciləri yaradılmışdır. XIII-XVI əsr yazılı ədəbiyyatımız haqqında kifayət qədər olmasa da, az və ya çox olan yazılı mənbələr əsasında tədqiqat kitabları, monoqrafiyalar, elmi işlər yazılmış, elmi axtarışlar aparılmışdır. Buna görə də bu haqda geniş şəkildə danışıb oxucuları yormağa lüzum görmürəm.

İndi isə bir qədər də dini, dini-siyasi məsələlərə toxunaq, Qurbani dövründən qabaqkı tarixə baş vuraq, islam dini, şiəliyin yaranması, farsların şiəlikdən sui-istifadə hallarından bəhs edək. Çünki islam dininin daxilində baş verən sünnü-şiə ixtilafları, bu ixtilaflardan bəzi xalqların, o cümlədən də farsların yararlanması Azərbaycan xalqına, bu xalqın mənəviyyatına, mədəniyyətinə böyük ziyan vurmuşdur. Bu ziyanın təsirini aşıq poeziyamızda, ümumən isə ədəbiyyatımızda da açıq-aydın hiss etmək mümkündür. Məlumdur ki, islam dininin yayılmağa başlanmasından, Ərəbistan yarımadasında islam dövlətinin meydana gəlməsindən az sonra farsların Sasanilər sülaləsi hakimiyyətlərini itirdilər, fars dövlətçiliyi süquta uğradı. Bu hadisələr barəsində bir çox tarixi və bədii əsərlərdə, o cümlədən Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında da müəyyən qədər bəhs edilmişdir.

Sasanilər dövlətinin yıxılmasını, atəşpərəstliyin ləğv edilməsini həzm edə bilməyən fars şovinistləri üzdə islamı qəbul etsələr də, daxildə bu və ya digər dərəcədə atəşpərəstliyi, qədim Sasani qanun-qaydalarını, adət ənənələrini qoruyub saxlamağa çalışırdılar. Bunun üçün onlar ən hiyləgər bir üsula əl atdılar: şiəlikdən bəhrələnərək bu ad altında tədricən öz dövlətlərini bərpa etmək, öz milli kimliklərini, varlıqlarını qorumaq yolunu seçdilər. Xəlifə Ömər İbn Xəttabın rəhbərliyi ilə 636-cı ildə keçirilən Kadisiyə döyüşündə İranın – Sasanilərin dövlət bayrağı ələ keçirildi, bu döyüşdən sonra Sasanilər imperiyasının süqutu başladı. Nəhavənd döyüşündə (642-ci il) Sasanilər imperiyasının süqutu sürətləndi. Xəlifə Osman ibn Əffanın hakimiyyəti vaxtında – 651-ci ildə 400 illik tarixi olan Sasani imperiyasına tamamilə son qoyuldu. İslam dinini qəbul etsələr də, özlərini müsəlman saysalar da, bu hadisələri fars şovinistləri, zadəganları əsla unutmadılar, Xəlifə Ömərə və Osmana qarşı nifrətlərini gizlədə bilmədilər.

 

*

Məhəmməd Peyğəmbərin qurduğu İslam dövləti öz dövrünün həm mütərəqqi, həm də güclü dövlətlərindən biri idi. Qurani-Kərimdə olan müəyyən işarələr (ruki halında nəzir verən – “Vilayət ayəsi”, sənə nazil olanı bəyan et – “Təbliğ ayəsi” və s.) peyğəmbərin son həcc ziyarəti zamanı Qədir-Xumdakı vida nitqi, cənab Əli ibn Əbu Talibin müsəlmanlığı qəbul edən ilk kişi olması, peyğəmbərin əmisi oğlu və kürəkəni olması, öz biliyi, elmi, mərdliyi, pəhləvanlığı, din və peyğəmbər uğrunda canını dəfələrlə təhlükəyə atması və bu kimi digər səbəblər əsas verirdi ki, Məhəmməd peyğəmbərdən sonra ən layiqli namizəd olaraq Əli ibn Əbu Talib İslam xəlifəsi seçilsin. Təəssüf ki, Cənab Əlinin başı Peyğəmbərin dəfn mərasiminə qarışdığından mədinəli müsəlmanlar (ənsarlar) və mühacirlərin bir çox əsas aparıcı üzvləri Saidoğulları məhəlləsində toplaşdılar, müzakirə və mübahisələrdən sonra Əbu Bəkri xəlifə seçdilər. Müəyyən maraqlar naminə xəlifə seçilən Əbu Bəkri ondan sonra Ömər ibn Xəttab, Ömər ibn Xəttabı isə Osman ibn Əffan əvəz etdi. Bununla da islam dünyasına qarşısının alınması mümkün olmayan bir təfriqə, bir ayrılıq hakim kəsildi. Əməvilərin hakimiyyət başına gəlmələri, xilafətə sahib olmaları isə islam dəyərlərinin ayaqlar altına atılması ilə nəticələndi.

İslamın mərkəzi sayılan yerlərdə – Məkkədə, Mədinədə, Kufədə, Şamda gedən bu çəkişmələrdən, ziddiyətlərdən farslar öz milli mənafeləri üçün istifadə etdilər. Onlar Həzrət Əlinin həqiqətən yüksək olan məqamını həddən çox şişirtdilər, bir çox hallarda peyğmbərdən üstün tutdular, əgər belə demək caizsə, Allahla peyğəmbər arasında vasitə yaradan fövqaladə bir ilahi güc sahibinə çevirdilər. Bunlar da azmış kimi qədim farsların Yəzdanının (Xeyir Tanrısının) şiri, aslanı kimi deyimləri Həzrət Əliyə şamil etdilər və bu cür epitetlərdən nəinki fars, eləcə də, türk şiə şairləri də geniş şəkildə istifadə etməyə başladılar. Bütün zamanların böyük söz ustası M.Füzuli yazırdı:

 

Mən əzəldən nuri-paki Mustafanı sevmişəm,

Şahi-mərdan, şiri-Yəzdan Mürtəzanı sevmişəm.

 

Yox mənim canımda qorxu atəşi-nirqnidən,

Şahi Həsən, həm Hüseyni Kərbəlanı sevmişəm.

 

Rəhnümadır cümleyi möminlərə Zeynül İbad,

Baqiri, Cəfəri, Musanı, Rizanı sevmişəm.

 

Həm Təqidir, həm Nəqidir, həm imami Əsgəri,

Ey Füzuli, sidq ilə Sahibi zamanı sevmişəm.

 

XIX əsr Azərbaycan mütəfəkkürlərindən olan, “Divani-türki” və “Divani-farsi” kimi möhtəşəm sənət inciləri yaradan Seyid Əbulqasim Nəbati İmam Əlinin məqamını məşhur tarixi şəxsiyyətlərdən üstün hesab edirdi:

 

Mənim aləmdə sultanım Əlidir,

Mənim miri-cahanbanım Əlidir.

Nə Dara tanıram, nə İsgəndər,

Mənim Fəğfurü xaqanım Əlidir.

 

Şairin şeirlərində həzrət Əlinin peyğəmbərlərdən üstün tutulması ilə bərabər, “Şiri-Yəzdan” adlandırılması da oxucunu düşünməyə vadar edir:

 

Şahi-Mərdan, şiri-Yəzdan, Heydəri-Düldülsəvar,

Lafəta illa Əli, sefyə illa Zülfüqar.

 

Aşıq ədəbiyyatının da əsas simalarının yaradıcılığında Həzrət Əliyə ithaf olunmuş şeirlər geniş yer tutur, o cümlədən “Şiri-Yəzdan” epiteti də geniş şəkildə işlədilir.

Həzrət Əliylə bərabər peyğmbərə, onun qızı Fatiməyə və onların nəslindən olan 11 imama həsr olunmuş, onların fəzilətlərinə mədhiyyələr yazılmış saysız-hesabsız poetik nümunələr var. Özləri də hiss etmədən dərin şiəlik təəssübkeşlərinə çevrilən bu qələm sahibləri möhkəm bağlandıqları əqidələrinə sadə, savadsız xalq kütlələrini də inandırdılar. Həzrət Əlinin, onun böyük oğlu Həsənin, xüsusən də kiçik oğlu Hüseynin və onun ailə üzvlərinin qətlə yetirilməsindən istifadə edib, xalqı zülmə, haqsızlığa, ədalətsizliyə qarşı mübarizəyə çağırdılar. Bu mübarizə daha çox matəm libasında, təziyə şəklində özünü göstərməyə başladı və mahiyyət etibarilə şiələr haqlı, sünnülər haqsız qələmə verildi. Zaman keçdikcə şiələr ilə sünnülər arasındakı dini baxışlar, düşüncələr, fikirlər ayrılığı həyata, cəmiyyətə, gələcəyə olan baxışlar, düşüncələr, fikirlər fərqinə çevrildi. VII əsrin ortalarından başlanan və get-gedə alovlanan şiə-sünnü qarşıdurması zamanımıza qədər gəlib çatdı. Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalında bu acı, ağrılı məzhəb ayrılığını tənqid edərək yazırdı: “Aya, əgər bir qabdan sünnü məzhəb su içə, o qabdan şiə məzhəb də su içə bilər, yoxsa yox?”

 

*

Farsların həqiqi şiəlikdən mahiyyətcə fərqlənən, özündə zərdüştlüyi, Sasani dövrünün müəyyən dini ayinlərini, qədimi adətlərini ehtiva edən şiəlik təbliğatı Əməvilər dövründə və ondan sonrakı vaxtlarda da get-gedə güclənirdi. Deyləm (deylam) mənşəli şiə İran sülaləsi, nəhayət 934-cü ildə öz dövlətlərini yaratdı. Xəzər dənizinin cənubundakı Deyləm əyalətindən tarix meydanına çıxan bu sülalə deyləmlilər və ya Ali-Buyə (Büveylilər) adlanırdılar. Onlar mərkəzi və cənubi İranda, İraqın bir hissəsində hökmranlıq etməklə kifayətlənmədilər. 945-ci ildə Bağdada daxil olub Abbasi xilafətini özlərinə tabe etdilər, Xəlifəni oyuncağa çevirdilər. Büveyhilər zamanında şiə məzhəbinin təbliği, qorunması, inkişafı üçün bütün hüquqi, qeyri-hüquqi vasitələrdən istifadə edildi. “Qədir-Xum” bayramını ilk dəfə Büveyhilər zamanında qeyd etmişlər.

Yalnız 1055-ci ildə türk mənşəli Səlcuqilər Bağdada hücum edib Büveyhiləri məğlub etdilər. 1062-ci ildə bu qurama dövlətin varlığına son qoyuldu.

Fatimilər öz əcdadlarını Məhəmməd peyğəmbərin qızı Fatimə və onun həyat yoldaşı Əli ibn Əbu Taliba bağlasalar da, əslində bu bağlılığın real tarixi kökləri, əsasları yox idi. X əsrdə hakimiyyət başına gələn Fatimilər şiəliyi özlərinə əsas məzhəb kimi seçdilər. Fatimilər Aralıq dəniz sahillərindəki əraziləri idarə edir, Misiri xilafətin mərkəzinə çevirməyə çalışırdılar. Eyni zamanda, onlar Fars və ona bitişik bölgələrdə qanuni imamlar kimi tanınırdılar.

Əsası 902-ci ildə qoyulan Fatimilər dövləti 150-160 il ərzində böyüməyə, güclənməyə nail oldu. Ancaq 1070-ci illərdə Səlcuqilərin Suriyaya daxil olması ilə bu dövlət zəiflədi və bir müddət sonra tarix səhnəsindən tamamilə silinib yox oldu.

Şiələr Əməvilər və Abbasiləri qəsbkar hesab edir, bu iki xilafətə, bu xilafətlərin timsalında sünnilərə qarşı çıxırdılar.

Qum şəhərində doğulan və öz dövründə Pamirdən Aralıq dənizinə qədər böyük bir ərazidə adlı-sanlı hökmdarları, sərkərdələri belə vahimə içərisində saxlayan Həsən Səbbahın (1032-1124) qurduğu Ələmut (Nizarilər) dövləti 167 il hökm sürdü. Tarixdə həşşasilər (xaşxaşilər), Qərmətilər adı ilə də tanınan bu fars mənşəli sülalələrin tərəfdarları və ardıcılları Cəfər əs-Sadiq daxil olmaqla 6 imamı qəbul edirdilər, ondan sonra imamətin Cəfərin oğlu İsmailə çatdığına inanırdılar. Fatimilər dövlətindən ayrılmış Qərmətilər dövləti X əsrdə həcc yollarına basqın etdilər və on il ərzində həcc ziyarətini qadağan etməyə nail oldular. 929-cu ildə Kəbəyə hücum edən Qərmətilər Kəbədəki qara daşı-Həcər-ül Əsvadı apardılar, iyirmi min hacını öldürdülər. İslamda fərqli cərəyan, təriqət quran farslar ilk terror dövlətinin də banisi olmaq kimi bir ad qazandılar. Bu qorxunc terror təşkilatını – dövlətini Çingiz xanın nəvəsi Hülakü xan dağıtdı və alınmaz hesab olunan Ələmut qalasını barıt və neftlə partladı.

Şiəliyin yenidən, növbəti intişarı, inkişafı Səfəvilərlə bağlı olmuşdur. Səfəvilər sülaləsinin mənşəcə türk, ərəb və ya irandilli xalqlardan biri olması haqqında müxtəlif mülahizələr söylənmişdir. Böyük tarixi şəxsiyyətləri müxtəlif istiqamətlərdən qiymətləndirmək, doğulduğu yeri və ailəsini, müxtəlif məkanlara, müxtəlif xalqlara bağlamaq cəhdləri keçmişdə də olmuşdur, bu gün də var. Ancaq ağıl və məntiq deyir ki, daha doğru, tarixə əsaslanan mülahizələrə inansaq, Səfəvilər türk ictimai-siyasi mühitinin yetişdirdiyi bir sülalədir. Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin formalaşmasında bu sülalənin böyük xidmətləri olmuşdur. Bütün bu və ya digər müsbət tərəfləri ilə bərabər, bu sülalənin tarixin səhifələrinə əbədi iz salmış, tarixin gedişini müəyyən qədər dəyişmiş, həm Azərbaycan xalqının daxilində, həm də qonşu türk xalqları ilə əlaqə və ünsiyyətin zəifləməsində bu sülalənin yaratdığı nöqsanlı cəhətləri də qeyd etməliyik. Şiəlik məzhəbinin yayılmasında, dövlət səviyyəsində təbliğində, eyni dil, eyni qan daşıyıcılarının dini dünyagörüşü baxımından parçalanmasında bu sülalənin ya öz nümayəndələrinin, ya da onları yönəldənlərin, onların ideoloqlarının böyük rolu olmuşdur.

Sülalənin banisi Şeyx Səfiəddin Ərdəbili 1252-ci ildə Ərdəbil yaxınlığındakı Kələxozan kəndində anadan olmuşdur. Onun beşinci babası Firuzşah Qızılbaşın nəsil şəcərəsi yeddinci imam Musa əl Kazıma (754-800) qədər gedir və o (Firuzşah) bu nəslin Ərdəbilə gələn ilk nümayəndəsi hesab olunur. Bəzi tədqiqatçılar isə Səfəvilərin əsil-nəsillərinin Çinin şimalındakı Xötən-Xütən-Xatay vilayətlərindən gəldiklərini, türk olduqlarını və Şah İsmayılın da bu əsasla Xətayi təxəllüsünü qəbul etdiyini yazırlar. Şeyx Səfiəddinin talış və ya kürd olması haqqında da mülahizələr söylənmişdir.

Şeyx Səfi atasını uşaqlıq illərində itirsə də, əvvəlcə Ərdəbildə, sonra isə Şirazda təhsil almış, ərəb, fars dillərini mükəmməl öyrənmişdir. 25 yaşında məşhur Gilan şeyxi Hacı Əd-din Zahidin müridi olmuş, Şeyxin qızı ilə evlənmiş, 25 il onun yanında qalmışdır. Zahid Gilaninin oğlunun isə Səfiəddinin qızı ilə evləndiyini qeyd edirlər. Yəqin bu iki şəxsin birinin övladı başqa bir qadından doğulmuşdur (S.B.). Zahid Gilani ilə əlaqə Səfiəddinin dini görüşlərində, baxışlarında dəyişiklik yaradır. Əvvəllər sünni şafii olan Səfiəddin şiəliyi qəbul etmiş, Şeyx Zahid Gilani vəfat etdikdən sonra Səfəviyyə təriqətini yaratmış və onun rəhbəri olmuşdur. Səfəvilərə qədər İranda əhalinin çoxu şafii və hənəfi məzhəbinə mənsub idi.

Şeyx Səfiəddin tezliklə bütün İranda, hətta qonşu müsəlman ölkələrində də tanınmışdır. Hətta monqol hökmdarının məhşur vəziri Xacə Rəşidəddin də bu ocağın müridi olmuşdur. Dünyanın ən böyük hökmdarlarından olan Əmir Teymur Ankara vuruşmasından (1402-ci il) qayıdan vaxt Ərdəbildə Xoca (Xacə) Əli ilə görüşmüş, “Həzrəti şeyx Səfi övladına və onun astanasına Vəqf olaraq” torpaqlar bağışlamışdır. Onun fərmanına əsasən, Ərdəbildəki Səfəviyyə xanəgahı müqəddəs yer elan edilmişdir. Şeyxin xahişi ilə Əmir Teymurun azad etdiyi minlərlə əsirin çoxu Xoca (Xacə) Əlinin xidmətində qaldı, onun müridlərinə çevrildi. Ərdəbildə “Darül-irşad” (“Hidayət evi”) yaradan Şeyx Səfiəddinin vəfatından (1334-cü il) sonra bu təriqətə, eləcə də “Darül-irşada” onun oğlu, nəvə və nəticələri – Şeyx Sədrəddin, Şeyx Xoca Əli Əlaəddin, Şeyx İbrahim, Şeyx Cüneyd, Şeyx Heydər və nəhayət, Şah İsmayıl rəhbərlik etmişlər. Bu sülalənin tarixini gözəl bilən Dirili Qurbani Şah İsmayıla xitabən belə demişdi:

 

Mürşidi-Kamilim, Şeyx oğlu şahım,

Bir ərzim var qulluğuna, şah, mənim.

 

Şeyx Cüneydin zamanından başlayaraq bu sistem siyasətə qarışmağa, siyasi məsələlərlə maraqlanmağa başladı, tədricən siyasət və təriqət məsələlərini birləşdirərək böyük hərbi, dini və siyasi bir quruma çevrildi. Beləliklə, siyasət və təriqətin birləşməsini özündə ehtiva edən Səfəviyyə ideologiyası formalaşdı, Azərbaycanın və İranın çox böyük bir hissəsinə təsir imkanlarını artırdı. Şeyx Cüneyd də, oğlu Şeyx Heydər də bu mübarizədə öldürülsələr də, mübarizə davam etdirildi.

Qohumluq əlaqələri olmasına baxmayaraq Ağqoyunlular və Səfəvilər arasında siyasət, təriqət ixtilafları dəfələrlə qanlı döyüşlərə, insan itkilərinə səbəb oldu, Şeyx Heydərin də iki oğlu öldürüldü. Kiçik oğlu İsmayılın əvvəlcə Ağqoyunlular, sonra isə Şirvanşahlar üzərində qələbə çalması və Təbrizə daxil olaraq 1501-ci ildə özünü şah elan etməsi ilə yeni bir tarixi mərhələ, tarixi dövr başlandı.

 

*

Müxtəlif rəylərin, mülahizələrin olmasına baxmayaraq Şah İsmayıl mənşə, kök etibarilə türk idi, Azərbaycan xalqının yetirdiyi böyük tarixi şəxsiyyətlərdən biri idi. Başına cəm etdiyi, onun hakimiyyətə gəlməsi üçün canlarını, qanlarını verənlər türk, türkmən boyları idi: təkəli, əfşar, zülqədar, bayat, alpout, qaradağlı, ərəşli... Ancaq babası Şeyx Səfiəddin kimi farslara məxsus əyalətdə böyüyən, fars dilini, mədəniyyətini dərindən mənimsəyən, fars ideoloqlarının təsirindən uzaqlaşa bilməyən Birinci Şah İsmayıl bilərəkdən və ya bilməyərəkdən öz xidməti, fəaliyyəti ilə farslara xidmət elədi, yıxılmış fars dövlətçiliyinin xarabalıqları üzərində yeni bir dövlət yaratdı. Təmiz qanlı, saf ürəkli türkmən obaları Səfəviləri qorumaqla, hakimiyyət başına gətirməklə necə böyük səhv etdiklərini ya bilmədilər, ya da bildikləri vaxt hər şeyin gec olduğunu, tarixin təkərinin geri dönməyəcəyini anladılar. Aradan müəyyən bir tarixi dövr də keçəcək, cani-dildən Qızılbaş şiələri olan türkmən boylarının bir çoxunu I Şah Abbas Əfqanıstana, İraqa... – ölkənin ucqarlarına sürdürəcək, tayfa başçılarının bir çoxunu isə öldürtdürəcəkdir. Ümumiləşdirməli olsaq, Səfəvilərin həyat və fəaliyyəti mahiyyət və məzmunca Dərin Fars Dövlətinin yaranmasına xidmət edirdi.

Qəznəvilər, Səlcuqilər kimi güclü türk dövlətlərinin tarix səhnəsinə çıxması, minillik fars dövlətçiliyinə son qoymaları fars millətçilərinin gündüzünü gecəyə çevirmişdi. Onlar azman türk dövlətləri ilə açıq döyüşdə uduzduqlarını görüb bu dövlətlərin içinə sızmağa, bu dövlətləri içindən dağıtmağa girişdilər. Bunun üçün onlar digər vasitələrlə bərabər, özləri üçün ən münasib, türklər üçün ən təhlükəli olan məzhəb ayrılığından istifadə etməyə başladılar. Orta Asiya, İran və Anadoluda yaşayan türkləri bir-birindən ayırmaq, bütöv türk dünyasını mənəvi, dini və ideoloji baxımdan parçalamaq üçün şiəlik məzhəbindən istifadə etdilər. Hətta şiə olan türkləri belə şiə yox, süfi hesab etdilər. Bəzi fars mürtəce düşüncə daşıyıcıları bütün insanların Adəmdən , türklərin isə şeytandan əmələ gəldiyi haqqında şaiyələr yaymağa başladılar. Qızılbaş müridlərinin hazırlanmasında, təlim-tərbiyə edilməsində İsmaillilərin təlim-tərbiyə üsullarından istifadə etdilər. Hər eldən, obadan 12 yaşlı 12 gənc aparılaraq qızılbaşların hərbi düşərgələrində 12 il hərbi, dini təlimlərə cəlb edilirdi. Bu təlimlər bitdikdən sonra onlar müridliyə qəbul olunurdular. Səfəvilər dövlətində sünniliyin qadağan olunmasına, sünni əhalinin təqiblərə məruz qalmasına, köçürülməsinə, öldürülməsinə dair tarixi faktlar məlumdur. Bu hadisələrin əks təsirinin olduğunu da təsdiqlədiyimizi hörmətli oxucuların diqqətinə çatdırıram. Səfəvilər öz dövlətləri daxilində şiəliyi yaymaqla kifayətlənmir, ətraf ərazilərə – qonşu dövlətlərin daxilinə də müəyyən qədər nüfuz etməyə çalışırdılar. Xüsusən Osmanlı dövlətinin şərq sərhədləri tərəfdən ölkənin içərilərinə doğru öz dini-ideoloji baxışlarını yaymağa, genişləndirməyə cəhd edirdilər. Osmanlı dövlətinin daxilində baş verən bəzi etiraz və üsyanlarda da bu təriqətin pərdəarxası izlərini görmək mümkündür. Ələvi-Qızılbaş türkmənləri başına toplayaraq üsyana qalxan Bozoklu Cəlalın, Karayazıçı Abdulhalının başlatdığı üsyanları bu qəbildən olan hadisələrə misal göstərmək olar.

Azərbaycan xalqının ən möhtəşəm qəhrəmanlıq dastanı olan “Koroğlu” eposunda hər cür məhdud təriqətçilikdən, dini ayrı-seçkilikdən, hətta hər hansı bir dinin özündən belə söhbət getmir, xalqın ruhu, könül dünyası, qəhrəmanlıq əməlləri təsvir və tərənnüm olunur. Dastanda əsas mübarizə hədəfi Xotkar (Osmanlı sultanı) və onun paşaları, İran səltənətinə, şahlıq zülmünə qarşı “Koroğlunun qocalığı” qolunu çıxmaq şərtilə hər hansı bir işarənin dastanda olmaması da müəyyən suallar yaradır. Əlbəttə, bunu dastan qəhrəmanlarının yaşadıqları, fəaliyyət göstərdikləri arealla, ərazi ilə də bağlamaq olar, üzdə görünməsə də, alt qatda müəyyən siyasi baxışlarla da əlaqəli nüansların olduğunu ehtimal etmək olar. Biz orta əsrlərdə baş verən bir çox hadisələrə düzgün qiymət vermək üçün həmin dövrün şərtləri əsasında öz yanaşmamızı əsaslandırmalıyıq. Orta əsrlərdə indiki kimi radio, televiziya, qəzet, jurnal, reklam çarxları yox idi. O dövrün əsas təbliğatçıları dərvişlər, şairlər, aşıqlar idi. Bütün ağıllı, uzaqgörən saray əyanları, dövləti yönəldənlər kimi, Səfəvilər və onların baş ideoloqları da əsas təbliğat vasitələrindən məharətlə istifadə etdilər. İlk növbədə həm cəmiyətdə, həm də sarayın əhatəsində əsas güc sahibi olan türkləri yeni dini-ideoloji sistemə uyğunlaşdırmaq, bu yolla onları milli, mədəni, mənəvi köklərindən, dayaqlarından ayırmaq lazım idi. Onlar qədim türk çalğı aləti olan qopuzun adını dəyişdirdilər və fars mənşəli saz sözünü dövriyyəyə buraxdılar. “Qeyibdən dürlü-dürlü xəbərlər verən”, öncəni görən, ağıllı şair, nəğməkar mənalarını daşıyan ozan sözünü ləğv edib, ərəb mənşəli aşıq sözünü türk leksionuna daxil etdilər, ozan sözünün isə uzunçu, çox danışan anlamında işlənməsinə imkan yaratdılar. Beləliklə, bu iki sözün leksiondan çıxarılması bu müqəddəs sənətin və sənətkarın min illərdən gələn tarixi missiyasının dəyişdirilməsinə, əsas ana kökdən ayrılmasına səbəb oldu.

Saz və söz, eləcə də aşıq yeni baxış, yeni dünyagörüşü zəminində Həzrət Əlinin təbliğinə xidmət etməyə başladı. Hər bir vergili, qeyri-adi qabiliyyəti olan şəxsə Həzrət Əli badə verməli idi. Hər bir eşqə düşən aşiqin, məşuqun dar ayaqda harayına çatan, ona kömək əli uzadan Həzrət Əli olmalı idi. Hər cür ayrılığa, dərdə, hicrana, xəstəliyə çarə qılan Həzrət Əli olmalı idi. Qurbaniyə də, Aşıq Abbasa da, Aşıq Ələsgərə də eşq badəsi içirən Həzrət Əli olmalı idi. Oldu da.

Həzrət Əlinin, İmam Hüseynin və digər imamların təbliği ilə iş tamamlanmırdı. Bu təbliğatla yanaşı bir-biri ilə bağlı iki məsələni də həll etmək lazım gəlirdi:

1.Qədim ozanların, qopuz ustalarının, şiəliyi təbliğ etməyən söz xiridalarının üstündən xətt çəkmək, onları unutdurmaq, yaddaşlardan biryolluq silmək lazım idi. Bunu da etməyi bacardılar.

2.Yeni dövrün, yeni hakimiyyətin, yeni məzhəbin aşıqlarını, şairlərini yetirmək, yönəltmək lazım idi. Bunu da etməyi bacardılar.

Müxtəlif adların çəkilməsinə baxmayaraq, biz XIII, XIV, XV əsrlərdə yaşayıb yaratmış görkəmli saz-söz ustalarının adlarına, yaradıcılıqlarına rast gəlmirik. Hakimiyyətin bütün qollarında təmsil olunan, xüsusən hərbi qüvvələrin əsas özəyini təşkil edən, Səfəvilərin mühüm güc dayağı olan türklərin içindəki ozan, qopuz sevgisindən yaranan boşluğu yeni aşıqlar, saz-söz sənətkarları doldurdular. Biz bunlardan öz istedadı və məharəti ilə seçilən iki nəfər haqqında nisbətən müfəssəl məlumata malikik: Dirili Qurbani və Miskin Abdal.

Yazılı poeziyada isə Şeyx Səfiəddinin mistik ruhlu şeirlərindən əvvəl də şiəliyi, sufiliyi təbliğ edən əsərlər yaradılmışdı, sonra da “Mənsur ənəlhəq söylədi, həqdir sözü, həq söylədi”, – deyən İmaməddin Nəsimi sufizm, hürufizm ideyalarının xalq arasında yayılmasında əvəzsiz bir rol oynadı. Qızılbaşlıq baxışlarının, ideyalarının, hərəkatının rəhbəri olan Şah İsmayıl Xətai də “Şimdi Mənsurəm, məni bir darə göndərmək gərək”, – deyirdi.

 

*

Dirili Qurbani (1477-1550) Cəbrayıl rayonunun Diri dağının ətəyində yerləşən Diri kəndində anadan olmuşdur. Doğum tarixində də, doğum yerində də qeyri-dəqiqlik ola bilər. Ancaq Dirili Qurbaninin Şah İsmayılın müasiri, saray əyanı, musiqiçi, yaxud da ilahi vergi verilən Aşiq – şair olduğu məlum gerçəklikdir. Haqq aşığı olan Qurbaniyə yuxuda buta verilən qızın adı da mistik bir düşüncə tərzi ilə bağlıdır: Pərizat (Pəri).

Dirili Qurbaninin aşıq poeziyasının bütün janrlarında olduqca gözəl nümunələr yaratmasına, müəyyən saz havalarının da müəllifi – bəstəçisi olduğuna dair fikirlər söylənmişdir. Şah İsmayıl Xətaiyə həsr olunmuş üçdən yeddiyə qədər saz havasının onun tərəfindən yaradıldığı güman edilir: Baş divani, Şah Xətayi, Şahsevəni, Heydəri, İbrahimi, Sultanı, Şahsarayı...

Ana dilimizin incəliklərinə dərindən bələd olan, bu incəlikləri inci kimi qoşma, gəraylı saplarına düzərək xalqa çatdıran Qurbani Qızılbaşların, onun mürşidi-kamilinin baş tərənnümçüsüdür:

 

Gözəl şahım şeyx oğludu,

Şah Xətayi, şah Xətayi.

Şahi-Mərdana bağlıdı,

Şah Xətayi, şah Xətayi.

 

Bu dünyada bir haq divan,

O dünyada cənnətməkan.

Qoy var olsun türki-zəban

Şah Xətayi, şah Xətayi.

 

Qurbanitək qul pənahı,

Qibleyi-aləmin mahı,

Ol cahanın qibləgahı

Şah Xətayi, şah Xətayi.

 

Ustad sənətkar “Ağacdandır” rədifli gəraylısında ağacın dəyərli olma səbəblərindən birinin də “Həsən-Hüseynin beşiyinin ağacdan olmasında” görür.

“O burca” adlı qoşmasında haqqın əmri ilə dünyaya gəldiyini, gözünü açan gündən o burca mail olduğunu bildirir:

 

İsmin xəbər aldım, dedi Vəlidi,

Göydə gəzən Cəbrayıldı, pəridi.

Qapıçısı Şahi-Mərdan Əlidi,

Məhəmməd meraca gedər o burca.

 

Dirili Qurbani şeirlərində dönə-dönə Həsrət Əlinin əlindən badə alıb içdiyini təsdiq edir:

 

Bir kimsənə gəldi mənim üstümə,

Yazılı şəninə ya minəl-əta!

İmam ola, damad Əhmədi-Mürsəl,

Doldurub camını eylədi əta.

 

Aşıq Abbas Tufarqanlı da gənc ikən yuxuda ağasının – Həzrət Əlinin ona badə verdiyini anasına söyləyir:

 

Ağalar ağası, ağalar xası,

Ana, Mövlam mənə buta veribdi.

Düldülün sahibi, Qənbər ağası

Ana, mövlam mənə buta veribdi.

 

Mövlasından buta alan, eşqə giriftar olan, birdən-birə saz çalmaq, söz söyləmək qüdrətinə sahib olan Aşıq Abbasa yenə də dar ayaqda kömək olan, onu zəhər quyusundan azad edən ağası Şahi-Mərdan olur:

 

İstərəm Şiri-Xudanı,

Ağamı, Şahi-Mərdanı.

Mən Abbasi-binəvanı

Ağlar qoyan hara getdi?

 

Aşıq Qərib də yuxuda eşqin camını – badəsini içdiyini, doğru yolu tapdığını qeyd edir:

 

Nuş etdim röyada eşqin camını,

Göründü gözümə doğru rah mənim.

 

Uzaq Hələb şəhərindən Tiflis şəhərinə Aşıq Qəribin gəlib yetişməsində də Mövlanın – Həzrət Əlinin ilahi gücə malik qüdrəti mühüm rol oynayır: mövlanın verdiyi “qanad” sayəsində “uçub gəlir”, sevgisinə qovuşur. Aşıq Ələsgər də yuxuda “pirin ona şah məqamını göstərdiyini” “Qabaqda” rədifli şeirində təsdiqləyir. “Ustad sənətkar bir çox başqa şeirlərində də “Əlidən dərs alıb əzbər eylədiyini” dilə gətirir.

Bu cür misalların, nümunələrin sayını daha çox artırmaq olardı. Ümumi nəticə, rəy bundan ibarətdir ki, Səfəvilərin hakimiyyət başına gəldikləri vaxtdan etibarən söz-sənət adamlarına birmənalı və qətiyyətli göstəriş gəlir, buyruq buyrulur: Şiəliyin təbliği, qızılbaşlığın təbliği, 12 imamın təbliği.

Bu təqdimat o dövr üçün, Səfəvi siyasi sistemi üçün mühüm əhəmiyyət kəsb edirdi. Həzrət Əlinin qüdrəti, qeyri-adi qabiliyyəti, möcüzələri haqqında din xadimlərinin, dərvişlərin moizələrilə bərabər, aşıqların da vəsf, tərənnüm ruhlu şeirləri xalq arasında yayılır, kəramət sahiblərinə hörmət, izzət qazandırırdı. Müridlər, fanatik döyüşçülər “mürşüdü-kamil” uğrunda qorxmadan döyüşə atılır, düşmən səflərini cəsarətlə pozur, az qüvvə ilə çox qüvvəli düşmənlər üzərində qələbə qazanırdılar.

Qədim türk hökmdarlarının, fatehlərinin xanlarının adlarını, hünərlərini xatırlamaq, onları bədii mətnlərə daxil etmək qadağan olunurdu. Biz Atillanın, Alp Ər Tonqanın, Oğuz xanın, Gültəkinin... adlarına aşıq poeziyasında rast gələ bilmirik. Hətta Sultan Mahmudun da, Alp Arslanın da, Qara Yusifin də, Uzun Həsənin də vəsfinə, tərənnümünə aid şeirlər tapmaq mümkün deyil. Çingiz xan, Əmir Teymur kimi dünya fatehlərinin adlarına az-az müraciət edilsə də, onlar da müsbətdən daha çox mənfi simada təqdim edilirdilər. Ancaq yarı əfsanəvi, yarı real fars, ərəb qəhrəmanlarının, eposlarının adlarına, izlərinə tez-tez rast gəlmək olar. Cami-Cəmşid, Təxti-Süleyman, Suri-İsrafil kimi ifadələrə nə qədər istəsən nümunələr tapmaq olar.

Buna oxşar tarixi hadisəyə, prosesə biz bir də Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra təsadüf edirik. Uşaqlıqdan atamdan eşitdiyim bir əhvalatı xatırlamaq yerinə düşərdi:

Kəlbəcər rayonunun Daşbulaq (Kilsəli) kənd sakini Qara Hüseyn yeni qurulan kolxozun əleyhinə bir şeir deyir. Çuğul bir şəxs rayon mərkəzinə xəbər aparır. Hüseyni həbs etməyə gəlirlər. Kolxoz iclası çağırırlar. “Günahını” üzünə oxuyurlar. Hüseyn gələn adamlara deyir ki, əvvəlcə dediyim şeirə qulaq asın, sonra nə istəsəniz, onu da edin. Razılaşırlar. Hüseyn bədahətən kolxozun lehinə yeni bir qoşma deyir və çuğula da bir işarə vurur:

 

Dediyin yalanlar qoy qalsın yaza,

Açıb pambığımız, gətirib qoza.

Camaata deyirəm: gəlin kolxoza,

Götürüb dünyanı varı kolxozun.

 

Gələn müfəttişlər şeirin məzmununun kolxozun xeyrinə olduğunu görür, Hüseyni həbs etmək fikrindən daşınaraq geri dönürlər.

Şirvanlı ustad aşıq Mirzə Bilal kolxoz quruluşuna inansa da, onu vəsf edən:

 

Aşıq Bilal, yaza yaza,

Çıxdı allı-güllü yaza.

Rəhmanov adlı kolxoza

Könüllü özüm gəlmişəm, –

 

kimi şeirlər yazsa da, repressiyadan qurtula bilmədi, 1937-ci ildə güllələndi.

Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşir, Miskinli şair Vəli kimi möhtəşəm saz-söz xiridarları da zamanın, məkanın təsirindən, ictimai-siyasi formasiyanın təzyiqindən kənara çıxa bilmədilər.

1920-1980-ci illərdə yazılı ədəbiyyatla bərabər aşıq ədəbiyyatı da sosializm ideyalarının, fəhlə-kəndli birliyinin təbliğinə məcburi şəkildə yönəldi, ədəbiyyat islam dinin təsirindən, əfsanəvi və tarixi şəxsiyyətlərin tərənnümündən tamamilə uzaqlaşdı. Yeni “sovet adamı”nın obrazı ədəbiyyatın baş qəhrəmanı rolunda çıxış etməyə başaldı, “sosialist realizmi” faktiki olaraq real həyatdan bütünlüklə uzaqlaşdı. Partiyanın, Leninin, Stalinin tərənnümü ədəbiyyatın əsas vəzifəsi oldu.

Bunları qeyd etməkdə məqsədimiz fars şiə ideoloqlarının bizim ədəbiyyatımıza vurduğu ağır zərbənin nəticələrini tarixi müqayisə əsasında oxucuların diqqətinə çatdırmaqdır. Səfəvilər sülaləsinin tarix meydanına çıxması türk xalqlarının birliyinə, böyük və vahid Turan ideyasına öldürücü təsir göstərməklə qurtarmadı, türk düşüncə, əxlaq, mənəviyyat, tərbiyə, təlim tərzinə də gec, ancaq güclü təsir göstərən zəhər rolunu oynadı. Türk insanının beyni yuyuldu, türk milli ədəbi əfsanəvi qəhrəmanları unutduruldu, atəşpərəst fars və şiə ərəb dini, tarxi, ədəbi simaları yaddaşlarda özünə yer elədi. Türk ruhunun canlı daşıyıcıları olan söz adamlarının, ozanların səsini, sözünü dəfn elədilər. Dirili Qurbani, Miskin Abdal kimi azman ozanları əyə bildilər, öz inanclarına inandıra bildilər, bu cür böyük istedad sahiblərinin ardınca digər türk milli düşüncə daşıyıcılarını da susdurdular.

 

*

Biz Qurbanidən başlanan bu yolun yolçularını qınaq, onların fitri istedad və qabiliyyətlərini inkar etmək fikrindən uzağıq. Biz xalqımızın tarixində baş verən bu acı məğlubiyyəti anlamaq, tarixin dərslərindən ibrət almaq məqsədilə bu məsələlərə diqqəti yönəltməyi lazım bildik.

Allah türkü qorusun!

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

 

Brayan Treysi, «Maksimuma çatmaq»

Bu kitab insanlara bütün gizli istedadlarını üzə çıxarmağa, bütün güclü tərəflərini inkişaf etdirməyə kömək edir, bunlar da uğur qazanmaq üçün vacib şərtlərdəndir.

Müəllifin təqdim etdiyi prinsiplər müsbət nəticə göstərilməsi üçün özünü çox gözlətmir. Oxucu kitabdan həyatın bütün sferalarında – şəxsi həyatda, karyerada, maliyyə və sağlamlıq baxımından uğur qazanmağın yollarını öyrənir.

«Maksimuma çatmaq üçün öz həyatınızı tam nəzarətə atmalısınız», - deyir Brayan Treysi.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

 

 

 

Çərşənbə axşamı, 05 Mart 2024 10:30

Qan xınası - HEKAYƏ

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Kəndimizdə bir qadın vardı, ona hamı Gəlin deyərdi. Çünki onun əynində həmişə köhnə bir gəlinlik paltarı olardı. Bu vaxta kimi kənddə onun nə vaxtsa başqa bir paltar geyindiyini gördüm deyən olmamışdı.  Eşitdiyimə görə, gəlinliyi çirklənəndə onu yuyar, gəlinlik quruyub onu geyinməyənədək əsla başqa bir paltarla evdən bayıra çıxmazdı. Bəyaz gəlinliyin rəngi zamanla saralmış, bir çox yerdən cırılıb-sökülmüş, yenidən tikilmiş, üstündəki bəzək niyyətinə tikilmiş olan muncuqların demək olar, hamısı bir-bir tökülmüş, bir neçəsi qalmışdı. Ətəyi yerə sürtülüb məhv olduqca kəsilmiş, getdikcə qısalıb gödəlmişdi.

Gəlinin əsl adının nə olduğunu kimsə bilməzdi, bilənlər də artıq xatırlamazdı. 

Kimi görsə gülümsəyərək ilk dediyi söz: "Sabah mənim toyumdu",– olardı. "Sabah Oqtay gələcək və bizim toyumuz olacaq. Mütləq toyuma gəlin, yaxşı?!" – deyər və sonra yadına nəsə düşmüş kimi siması nigaran, kədərli bir ifadə alar, sürətlə oradan uzaqlaşardı. Amma özü kənddə qurulan toyların heç birinə getməzdi. Kənddə hamı çox sevərdi onu. 

Çox zaman səssizcə darvazalarının ağzındakı böyük daşın üstündə oturub gəlib-gedənə tamaşa edərək yol gözləyər, heç kimlə işi olmazdı. 

Gəlinin yaşı əllidən çox olardı, hər il fevral ayının 25-i əlinə xına yaxar, dən düşmüş saçlarını səliqə ilə darayıb sevinclə kəndin küçələrini dolaşar, hamıya "sabah mənim toyumdur",– deyərdi. Onu tanımayan, onun hekayəsindən xəbərdar olmayan, ancaq özünü ağıllı hesab edən hər kəs bu hərəkətinə görə onu qınayıb təhqir edər, "Bu ağılsıza bax e, sabah Xocalı faciəsi günüdür, millət o günü yas tutur, bu dəli isə əlinə xına yaxıb sabah mənim toyumdur deyir, Allahın dəlisi..", – deyərdilər.

Fəqət, bu sözləri deyən insanların birinin belə onun hekayəsini dinlədikdən sonra peşmanlıqla utanıb, başını bulamadığını görə bilməzdin.

                            

 

*

Deyilənə görə, Gəlinin gerçək adı Çiçək imiş, elə özü də zamanında təzə-tər çiçək kimi gözəl göyçək bir qız imiş.  Ailəsi ilə birlikdə Xocalı kəndlərinin birində yaşayırmışlar. Bu kənddə bir-birini bəyənməyən, aralarında əzəli bir düşmənçilik, qan davası olan, iki nəsil, iki ailə varmış. Bunlardan biri Çiçəyin, digəri isə onun sevdiyi oğlanın, yəni Oqtayın ailəsi idi.

Demək olar, imkansız bir eşq idi onlarınki. Amma onlar nə bir-birinə qovuşa bilir, nə də bu sevdadan əl çəkə bilirdilər. Kənddə hamının dilində dastana dönmüşdü onların sevgisi və zaman keçdikcə bu isti məhəbbət iki düşmən ailə arasındakı soyuq buzları əritməyə də müvəffəq olur. Və 1992-ci ilin qışı, nəhayət, ailə böyükləri bir araya gəlib bu düşmənçiliyi bitirmək qərarına gəlir, bu izdivaca razılıq verirlər.

Fevral ayının 26-sı Çiçəklə Oqtay üçün kənddə toy mağarı qurulacaqdı. Ayın iyirmi beşi – toydan öncəki gecə Çiçəyin əlinə xına yaxırlar, sevincindən yerə-göyə sığmayan Çiçək gəlinlik paltarını geyinib güzgünün qarşısında duraraq özünə tamaşa etdiyi bir zamanda qəfil gələn atəş səsindən, sanki ildırım çaxmışcasına güzgü çartlayır. Çiçəyin gülər siması çat düşmüş güzgüdə iki yerə bölünür, xınalı əlindəki gəlin çiçəyi yerə düşür. Qardaşı Hafiz təlaşla evə daxil olub dərhal qaçaraq kəndi tərk etmək lazım olduğunu, erməni təcavüzkarlarının Xocalıya hücüm edib qarşılarına keçən hər kəsi gülləbaran elədiyini deyir. 

    – Yox, mən Oqtayı qoyub heç yerə gedə bilmərəm, həm də sabah bizim toyumuz olacaq axı.., – deyə zülmət gecənin qaranlığında gözlərində çıraq kimi bir damla yaş parlayan Çiçək dillənir.

    – Ana, tez olun, vaxt yoxdur, – deyərək qardaşı narahatlıqla onları tələsdirir. Anası Çiçəyin başını oxşayıb: "Narahat olma, onlar da qaçıb bizim getdiyimiz yerə gələcəklər, orada sizə toy edərik",– deyərək onu bir təhər dilə tutub elə gəlinlik paltarındaca çəkərək darta-darta evdən çıxarır, özləri ilə aparırlar.

Çiçək və onun ailəsi o vəhşət saçan gecə qaçıb canını sağ qurtara bilən ailələrdən olur, lakin Oqtay ürəyinin bir parası Çiçəyin yanında qalsa da, ailəsinin və digər insanların Xocalıdan sağ-salamat çıxa bilməsi üçün yalın əllə erməniləri yubatmağa çalışarkən aldığı güllə yarasından həlak olur. Çiçəyin ailəsi elə o zamandan bizim kəndə sığınır, burada məskunlaşır. Çiçək o gecə əyninə geyindiyi gəlinlik libasını bir də heç vaxt çıxarmayaraq, önünə çıxan hər kəsə "sabah bizim toyumuzdur",– deyə-deyə ağlını itirir.

 

*

Gəlin tam 30 il Oqtayın yolunu gözlədi, lakin Oktay gəlib çıxmadı..

2021-ci ilin fevral ayının iyirmi beşi idi. Düşünürdüm ki, yəqin Gəlin bu il də əlinə xına yaxıb kəndin küçələrini dolaşacaq. Lakin o gün kənddə Gəlini gördüm deyən olmadı. Fevral ayının 26-sı səhər məlum oldu ki, Gəlin dünən gecə biləklərinə öz qanından xına yaxıb və bu gün, düz 30 il sonra əbədiyyətə – Oqtayın yanına köçüb..

Çiçəyin mağarı tam 30 il sonra Xocalıda - öz kəndlərində deyil, gəlib məskunlaşdıqları bizim kənddə quruldu.

Ancaq bu, onun həsrətini çəkdiyi toy mağarı deyil, yas mağarı oldu.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

Çərşənbə axşamı, 05 Mart 2024 10:00

EKSPRESS-SORĞU - Mənim üç arzum

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” in növbəti

 ekspress sorğu sualı: Torunuza düşən qızıl balıq üç arzunuzu yerinə yetirəcək. Arzularınız hansılardır? 

Mənim cavabım belədir:

 

Həyatın xaosunda itib batdığm zamanlarda və ya tamlığın içindəki tək natamam olanda bacardığım ən yaxşı hərəkəti edirəm. Yəni, qaçıram.

Elə yenə qarmaqarışıqlığın içində özümü itirdiyim zaman ortadan itməyi qərara alıb telefonumu 3 günlük söndürdüm, üz tutdum Pirçaladakı balıq vətəgələrinə. Buranın qəribə bir aurası var idi. Sanki buradakı insanlar öz ayrı düşdükləri parçanın axtarışına düşmüş tamlığın içindəki natamam zərrəciklər kimi, öz köşələrinə çəkilib zehinlərindəki fikirlərlə boğuşurdular. Maşınımı kənarda çəkib tilovumu hazırladıqdan sonra hər zamankı yerimdə oturacağımı qurub çayımı əlimə aldım və gözləməyə başladım. Bu dəfə nə tor atmaq istəyir, nə də ki, tilovun qarmağına soxulcanları qurban edib qurudakı ilə sudakını aldatmaq içimdən gəlirdi. Günəş batana yaxın vaxtlarda səmanın od rəngli  alması, dənizin üstünə düşən şüaların suyu ilıqlaşdırması, sərin yay mehi insanı bihuş etsə də, qəlbinin dərinliklərindəki sıxıntılar məni boğduqca boğurdu. Elə dərin düşüncələr içində boğulmağa davam edərkən birdən gözlərim önündə  inanmayacağım bir hadisə baş verdi. İlk öncə yuxu gördüyümü və yuxuda nağıllar aləminə düşdüyümü düşünsəm də, o gerçək olmuşdu. Balaca vaxtı nənəmin nağıllarda arzuları gerçəkləşdirən məşhur qızıl balığı suyun ortasından boylanıb yanıma doğru üzdü və eşidilməyəcək qədər sakit bir tonda:

-"Salam", dedi.

Gördüklərimin qarşısında keyiyib qalsam da, onun əsl danışan qızıl balıq olması beynimdə nənəmin nağılını canlandırdı. Heç nə düşünmədən ilk öncə ondan mənim 3 diləyimi yerinə yetirməsini istədim. O isə aramla məndən tam olaraq nə istədiyimi soruşmuşdu ki, sözünü ağzında qoyub qışqıraraq “Pul,şöhrət,sevgi" dedim.

-Bilirsən dostum mən sənə bunların hamısını elə indicə verə bilmərəm. Mən artıq qocalmışam, mənim nə bütün dənizlərin şahı olacaq qədər gücüm qalıb, nə də ki, o köhnə qüdrətim.

-Yəni, sən mənə kömək edə bilməzsən?

-Mən sənə kömək etməyəcəyimi demədim, sadəcə, məndən istədiklərini sənə verə bilmərəm, lakin onların əvəzinə sənə hədiyyə edə biləcək tövsiyyələrim var.

-Mənə quru məsləhət lazım deyil

-Öncə dinlə, sonra qərar ver.

-Yaxşı.

-3 dilək haqqının ilk seçimini səhv yerdən başlasan da, gəl sənə kömək edim. Bax əziz dost, sən hələ çox gəncsən, cəmisi 21 yaşın var. Əgər həqiqətən çox pulunun olmasını istəyirsənsə, sən tənbəlsən, çünki əsl çalışqan və zəhmətkeş insanlar pulun çoxluğunun yox, onların həyatını yüngülləşdirmə əhəmiyyətinin önəminin fərqində olanlardır. Və əgər sən pulun olsun istəyirsənsə, qazanmağı və səbr etməyi öyrənməlisən. Öncəliklə seçdiyin həyatı, qurduğun xəyalları puldan ibarət görmə və xəyallarını hədəflərinə çevirib hədəflərini həyatının mərkəzinə qoy ki, qazandığın maddiyyatın səni xoşbəxt edən tərəfi mənəvi doymuşluğun olsun.

Azacıq susub davam etdi:

-Əgər, sən şöhrət istəyirsənsə, yenə axmaq adam olacaqsan. Çünki həqiqi zəngin olan insanlar cəmiyyətdə şöhrət yox, etibar qazanmağı daha üstün tuturlar. İnan mənə, şan-şöhrət gəlib keçsə də, sənin mənəviyyatın və şərəfinlə qazandığın etibarın əsla sarsılmayacaq, hətta ən qaranlıq gecələrdə, özünü ən kimsəsiz hiss etdiyin anda belə tanrı səni zamanında sənə həyatını, ailəsini, işini və sevgisini etibar etmiş insanlarla yenidən mükafatlandıracaqdır.

Üçüncü diləyin olan sevgi haqqında sənə çox uzun məsləhətlər verə bilərəm, lakin sənə deyəcək tək bir cümləm var. Əsla və əsla sevgini ehtirasına qurban edib saf duyğularını çirkləndirmə və əgər həqiqətən sevirsənsə, bunu onu qucaqlayan zaman ruhunu qucağladığını hiss edəndə dərk edəcəksən. Məni bağışla ki, yaşlı halımla sənə çox kömək edib arzularını gerçəkləşdirə bilmədim, ümid edirəm sözlərimin sənə bir faydası olar. Hər zaman xoşbəxt yaşamağa çalış, bol-bol su içməyi və şükr etməyi unutma. Su olmasa mən yaşaya bilməzdim. Şükr olmasa mənim hafizəm tanrını belə iki saniyəyə unutdurardı.

Sonuncu sözlərdən sonra gözlərdən itən qızıl balığı nə qədər axtarsam da, bir də tapa bilmədim. Bu gün bura beynimdə milyon fikirlə ümidsizlik içində gəlsəm də, onunla olan söhbətdən sonra ruhumun sızıları dinmiş, beynimdəki bütün suallar cavab tapmışdı və indi düşünürəm ki, sevilməyi istəyən insan 3 gün sevdiklərindən uzaqlarda tənhaya çəkilə bilməz.

Mən balıqlarımı tutdum və evə qayıdıram.

Ümid edirəm sizlər də, öz tilovunuzu layiq olan dəryalara atarsınız.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.