İntizar ədəbiyyatı - Söhrab Tahir, "Anamın əlləri" Featured

 

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Anamın əlləri yadıma düşüb, 

Öpüb gözüm üstə qoymaq istərəm. 

Əlinin kötəyi necə şirindir, 

Şirin kötəyindən doymaq istərəm. 

 

Alın qırışının dərinliyində, 

Bu gün fikir-fikir olub itmişəm. 

Ana kötəyinin şirinliyində 

Məst olub, Məst olub, huşa getmişəm. 

 

Hirslənib o məni hərdən döyəndə, 

Yaşlı gözlərini qırpıb yumardı. 

Xırda əllərinin titrəyişindən 

Nəsihət tökülər, 

Öyüd damardı. 

 

Bir az "qudurmuşam", 

Dəcəlləşmişəm, 

Anam cızığıma salaydı məni. 

Özünü kötəyin altına atıb 

Atamın əlindən alaydı məni! 

 

Niyə öpməmişəm ana əlindən, 

Ovcunda naz gülü əkməmişəm heç?! 

Hamının nazını çəksəm də bəzən 

Anamın nazını çəkməmişəm heç.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2024).

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.