7 iyuna Varisin "Sonuncu mogikan"ı Featured

Bu gün yazıçı Varisin doğum günüdür. “Ədəbiyyat və incəsənət” portalının qaydalarına uyğun səbəbkardan ya müsahibə alınır, ya da özündən hansı əsərinin yayınlanmasını istədiyi soruşulur.

Yazıçı belə cavab verdi: “Roman deyilsəydi, məmnuniyyətlə “77-ci gün” deyərdim. Amma təbii ki, roman yox, hekayə lazım olacaq. Olsun “Sonuncu mogikan”.

Biz bu hekayəni akademik Nizami Cəfərovun hekayə barədə rəyi ilə birlikdə sizlərə təqdim edirik.

 

 

VARİSİN “SONUNCU MOGİKAN”I

 

Azərbaycan yazıçısı Varis Yolçuyev, deyəsən, yavaş-yavaş dünyanı fəth etməyə başlayır. Və bu, bir istedad (və işıq!) fütuhatıdır ki, vaxtilə onun dahi babalarına da qismət olmuşdu... Dədə Qorqud, Nizami, Nəsimi, Füzuli... Hansı biri "son mogikan" deyildi?..

Ancaq hər dövrün, gəlin razılaşaq ki, özünün "son mogikan"ı var. Və onu da qəbul edək ki, mogikanlığın nə əvvəli olur, nə də ortası... Di gəl ki, nə qədər paradoksal olsa da, həyat hər dəfə bu "son mogikan"dan başlayır...

Varisin "Sonuncu mogikan"ı həm ideya- məzmunu, həm də ekzistensial təəssüratı ilə bir-birinin davamı olan iki epiqrafla başlayır; birincisi odur ki, "həyatınızın hansısa bir guşəsində hər hansı bir hadisəylə, hər hansı bir insanla rastlaşmağınız yalnız ona görə baş verir ki, siz əvvəlcədən orada onların rəsmlərini çəkmisiniz. Onlarla nə etmək istəyirsiniz - bu artıq sizin sonrakı seçiminizdir" (Riçard Bax); ikincisi isə "dünyanı xilas etməyə başlamaq üçün öncə bir-bir insanları xilas etmək lazımdır" (Çarlz Bukovski) mülahizəsindən ibarətdir. Və hər iki epiqrafda deyilənlər, əslində, həyatın mənasını dərk etmək baxımından nə qədər maraqlı görünsə də, elə həmin həyatın özünə tətbiq etmək nöqteyi-nəzərindən tamamilə mücərrəd, hətta demək olar ki, gəlişigözəl səslənir... Ancaq kim zəmanət verə bilər ki, bu dünyanın özünün "zat"ında da belə bir mücərrədlik və ya gəlişigözəllik yoxdur?

Varis hekayədə çox zaman qəribə bir laqeydliklə "həyat" adlandırdığımız, bəsit olduğu qədər də çoxşaxəli hadisələr bolluğunda elə məqamları seçib bir-birinə hörür ki, mücərrədlik (və gəlişigözəllik!) içərisində qəhrəmanını yalnız uydurmasın, eyni zamanda oxucunu inandırsın ki, onu yazıçı yox, həyatın özü uydurub. Və "insanlar ya qocalıb ölürlər, ya da xəstəlikdən, bədbəxt hadisələrdən. Amma o, yorulub öləcək"... Niyə?.. Çünki "həyat" adlandırdığımız bəsit olduğu qədər də çoxşaxəli hadisələr bolluğu nəzarətdən çıxanda, doğrudan da, adamı yorur... Hekayənin qəhrəmanı - əyalət şəhərlərindən birindəki universitetin tələbəsi hara gedirsə, qırmızı cildli kitabı özü ilə aparır. Amerika hindu-mogikanlarının tarixindən bəhs edən bu kitabda yazılanlarla hekayənin qəhrəmanının tərcümeyi-halı (və taleyi!) arasında nə isə elə bir əlaqə var ki, tələbə (əslində, onun tələbəliyi də hər cəhətdən şərtidir: təhsil almalı olduğu universitet xırda məişət maraqları içərisində öz varlığını çoxdan itirib) təhtəlşüur şəkildə hiss edir ki, o da sonuncu mogikanlardandır... Həyat bütün vulqar, hərcayı, bayağı hökmləri ilə onun üzərinə yeriyir: evində kirayə qaldığı qadın canını boğazına yığıb; kənddəki ailəsi becərdikləri tütünü sata bilmir ki, ona xərclik göndərsinlər; tələbə yoldaşları oxumaq əvəzinə yüz oyundan çıxırlar; televiziyanın "Səhər proqramı"ndakı əttökən söhbətlər də bir tərəfdən ovqatını təlx edir... O ki qaldı tələbə yoldaşı Zivərin günbəgün artan "məhəbbət"inə, heç dözüləsi iş deyil... Həyat bundan ibarətdirsə, adam yorular da, ölər də...

"Akvariumda balıq, dibçəkdə gül, qəfəsdə quş. Bir də həbsxanada insan...

Bayaq yarımçıq qalmış fikrini tamamlamağa can atdı.

Sənin hərəkətliliyin akvariumun, dibçəyin, qəfəsin, kameranın ölçüləri həddindədir. Hərəkətsizliyin isə çəmənlər, səmalar, ümmanlar və ucsuz-bucaqsız torpaqlar qədərdir...

Düşüncələrini yazmamaq fikrində hələ ki qəti idi. Haçansa bu fikri korrektə etməyəcəyinə əmin deyildi həm də".

Varisin qəhrəmanı özünəməxsus bir "lakmus kağızı"dır. Hadisələrin mənəvi-əxlaqi mahiyyəti ilə rənglənir, spektrləşir, ancaq yenidən öz təbii halına qayıdır ki, növbəti reaksiyanı əks etdirsin. Lakin günümüzün sonuncu mogikanı elə də passiv deyil, onu müşayiət edən ən müxtəlif sıxıntılara nəinki yetərincə müqavimət göstərir, bəzən həddini aşmağı da bacarır. Uşaq yaşlarından belədir... Atasının bağladığı arxın qarşısını açmışdı ki, qonşuya da su getsin. Qırxılmış başına qapaz dəyəndə isə qiyam qaldıraraq qaçıb qaraçılara qoşulmuşdu...

Və indi də köhnə xasiyyətindən əl çəkmir...

"Ağır deyil sizə burda işləmək?", - deyə soruşdu. Satıcı təəccübündən şaşırıb "Niyə ki" sualını verəndə əllərini geniş açıb dükan dolu gül-çiçəyə işarə elədi:

- Gövdəsindən zorla ayrılan bu qədər çiçəyin ah-naləsi arasında duruş gətirdiyiniz üçün.

Satıcı sualı bir dəfə də təkrarladıb əvvəlkindən də artıq təəccüblənmiş halda cavab tuşladı:

- Qaqaş, çiçək üçün yəni fərqi var ki, gövdəsi olsun, yaxud güldan? Onsuz da solacaq da.

Dedi, yox, yanılırsız. Fərqi var, özü də çox böyük fərqi var ki, canını evində, doğmalarının arasında tapşırasan, yaxud evindən kənarda, yadların əhatəsində".

Zahirən mənasız höcətləşmədir, ancaq məsələnin mahiyyətinə (xüsusilə, o mahiyyətə ki, bununla ədəbiyyat məşğul olur) varanda görürsən ki, günümüzün sonuncu mogikanı haradasa haqlıdır. Ən azı ona görə ki, həm mogikandır, həm də sonuncudur.

Məşhur müğənniyə zəng edib onu Ahıllar evində pulsuz konsert verməyə dəvət eləyir... Doğrudur, artıq-əskik sözlər də eşidir, ancaq nə edəsən, dünyadı...

Varis "məzmun"dan "forma"ya, "forma"dan "məzmun"a ustalıqla, peşəkar stilist-üslubçu məharəti ilə keçir...

"Bütün avtovağzallar öz aralarında, dəmiryolu vağzalları öz aralarında, liman və aeroportlar da eləcə öz aralarında məktublaşırlar. Avtobus bir avtovağzalın digərinə, qatar bir dəmiryolu vağzalının digərinə, gəmi bir limanın, təyyarə isə bir aeroportun digərinə göndərdiyi məktublardır. Sərnişinlər isə bu məktubların məzmunudur..."

Hekayənin (və onun qəhrəmanının) yaddaşında otuzuncu illərin hadisələri də var...

"Qələmlə yazmasa da yaddaşla yazırdı, üst-üstə qalaqlayırdı cildləri. İçində toplaşmış sevinc və fərəhlərdən ara-sıra sevinirdi, fərəhlənirdi, amma daha çox iniltiləri, ah-ufları sezirdi, damcılayan göz yaşlarına diksinirdi.

Adi boş kağızlarla məna kəsb edən yazılı kağızlar eyni cür yanmırlarmış, əmin idi; birincilər dərhal alovlanıb çırtıltıyla yanır, bir göz qırpımında kül olurlarmış. İkincilər isə uzun-uzadı: hərfbəhərf, cümləbəcümlə, fikirbəfikir yanırlarmış. Heç külləri də ələ gəlmirmiş..."

Otuzuncu illərin insan-düşüncə faciələrinə bu mövqedən də təhlil vermək olarmı? Məncə, çox mümkündür... Və hətta mənalıdır.

Varisin gənc qəhrəmanı könlünü açmaq, gözəl Fraydanın rəqsinə baxmaq üçün sirk tamaşasına gedir...

"Aman Allah, bu qədər incəlik, elastiklik, ahəngdarlıq və bunlardan doğan bu qədər sehrkar gözəllikmi olardı? Fraydanın hər bir hərəkətinə, jestinə, mimikasına acgözlüklə tamaşa edirdi".

Ancaq bu da uzun çəkmir...

"Qırmanclı atlı çıxışa başlayanda səsgücləndiricili mərdimazarlar yenidən, özü də daha inamla, özlərinə güvənlə arenada peyda oldular, qanını bir daha qaraltdılar, Kələntərli ilə görüşdə iştirak edən hər bir kəsə həm Kələntərlinin nəfis tərtib olunmuş fəaliyyət proqramı, həm də əlli manat məbləğində əskinas hədiyyə olunacağı xəbərini qapqara ləkə kimi bu al-əlvan gözəlliyə pərçim elədilər. Bir anda zalda uğultu qopdu, onu gördü ki, adamlar durub çıxışa doğru getməyə başlayır. Səsgücləndiricinin "Tələsin, yerlər məhduddur!" elanı eşidildikdə isə giriş qapısı önündə əsl tünlük yarandı"...

Müəllif "dərin"ə getmir, daha doğrusu, təfsilata varmır, ancaq onun nə dediyini anlamaq üçün bir-iki ştrix də kifayət eləyir. Çünki bizim bir sıra qələm adamlarından fərqli olaraq Varis oxucusunun həssaslığına, bu dünyanın, bu cəmiyyətin üzvi tərkib hissəsi olmasına inanır. Və hətta oxucusu ilə polemikaya girməkdən, səmimi həmsöhbət olmaqdan da çəkinmir.

...Arena boşalır. Bir o qalır, bir də "kağız pula allergiyası olan" Cumalı kişi. Tamaşa isə davam edir... Sən demə, bu Cumalı kişi də az aşın duzu deyilmiş... Arenanı tərk etməmiş tamaşaçılara bağışlanan büllur vazanı ələ keçirməsi bir yana, "şərik"ini təhqir də edir... Özü də həyasızlıqla...

"Kərpicsifət xanım Qodyavir Mixalıça söz verərkən televizor azacıq xırıldadı, görüntü itdi, dərhal da hər şey düzəldi. Qodyavir Mixalıç dünyanı, doğrudan da, mədəniyyətin xilas edəcəyini söyləyib bu şüara sübut olaraq dünənki "çp" zamanı (aparıcının him-cimlərinə məhəl qoymayaraq o, "çp"-nin mahiyyətini açıqladı) pul dalınca qaçmayan, arenada Cumalı kişi ilə birgə qalan gənc bir oğlanın da mövcudluğunu bildirəndə hiss etdi, içinə hədsiz sevinc dolur, kövrəldi, gözləri yaşardı. Di gəl, Cumali kişi kobud tərzdə mikrofonu qaparaq söylədiyi sözlərlə dünyanı tam zülmətə qərq etdi:

- O gənc mənimlə yanaşı oturmuşdu. Onun əlli manatın dalınca getməməsi mədəniyyətə sevgisi səbəbindən deyildi. Özü mənə etiraf etdi ki, sadəcə, kağız pula allergiyası var, toxunanda bütün bədəni qaşınır, köppə-köppə səpir...

Bu dəfə qanadlarını üz-gözünə çırpan quşcuğazı necə də canlı hiss etdi..."

Bu quşcuğaz, nə az, nə çox, ölüm mələyi imiş...

Və bu da mogikanlardan bəhs edən qırmızı cildli kitabın sonu:

"...Amma müharibəni qalibiyyətlə bitirib ABŞ-ın müstəqilliyini elan edən hökumət mogikanların şücaətini qiymətləndirmək əvəzinə onların torpaqlarında zorən öz ağdərili vətəndaşlarını yerləşdirdi. Get-gedə sıxışdırılan sonuncu mogikanlar məyus halda Viskonsin ştatında irokezlərin verdiyi sığınacağa üz tutdular. Orda da yerli tayfaların içində əriyərək yox oldular..."

...Kitabın postskriptumunu professorgilə gedərkən avtobusda oxuya bildi:

"... The Last of the Mohicans - Sonuncu mogikan hazırda hansısa sosial qrupun son nümayəndəsinə, öz dövrünü başa çatdırmış hansısa insan fəaliyyətinin, hansısa ideyanın, köhnəlmiş qaydaların tərəfdarına deyilir..."

Sən demə, televiziya (cəmiyyət) heç də həmişə yalan danışmır. Yeniyetmə bir oğlanın on beş manatlıq mobil telefon arzusu həqiqət imiş. Və bu arzusunu yeniyetmənin ürəyində qoymaq insafdan deyilmiş...

"Tələsmək lazım idi, birdən, Bazar meydanında köhnə-külüş alıb-satan alverçi köşkünü bağlayıb gedərdi. Ona saatını on beş manata təklif etmək qərarına gəlmişdi".

Əlbəttə, belə-belə şeylər bir son mogikanın ağlına gələ bilər, bir də Don Kixotun... Nə Don Kixot, nə də sonuncu mogikan ağlına sığışdıra bilməz ki, nə vaxtsa bu dünyanın gözəlliyi azala, xeyirxahlığı tükənə, son işığı sönə bilər...

"Professor nəsə danışırdı, fikrini cəmləyəndə nə dediyindən agah oldu. Deyirdi, dədə-babalar illərdir bizlərçün işıq, istilik rəmzi olaraq şamlar yandırıb qoyublar, amma indi hərə həmin şamların birini söndürməkdədir. Gün gələcək, ən son şamı da söndürəcəklər, işıqsız, istiliksiz qalacağıq. Və sual edəndə ki, bundan qorxmursan, gözünü saatından ayırıb udqunaraq "yox" - dedi.

Professor dərin heyrət içində sualını təkrarladı:

- Necə?! Sən ən son şamı söndürmələrindən, işıqsız, istiliksiz qalacağımızdan qorxmursan?!

Eyni qətiyyətlə yenidən "yox" - dedi.

- Niyə?!

- Çünki günəşi ki söndürə bilməyəcəklər?!"

Hər iki qəhrəman haqlıdır: Don Kixot da, sonuncu mogikan da...

Və Varisin "Son mogikan" hekayəsində bir romana bəs edəcək qədər bol ümid işığı var. Görünür, yazıçını şöhrətləndirən də məhz bu işıq (və istedad!)dır...

 

Nizami Cəfərov, akademik

 

 

“SONUNCU MOGİKAN”

 

Həyatınızın hansısa bir guşəsində hər hansı bir hadisəylə, hər hansı bir insanla rastlaşmağınız yalnız ona görə baş verir ki, siz əvvəlcədən orada onların rəsmlərini çəkmisiniz. Onlarla nə etmək istəyirsiniz – bu artıq sizin sonrakı seçiminizdir. ( Riçard Bax)

 

Dünyanı xilas etməyə başlamaq üçün öncə bir-bir insanları xilas etmək lazımdır.  (Çarlz Bukovski)

 

İnsanlar ya qocalıb ölürlər, ya da xəstəliklərdən, bədbəxt hadisələrdən. Amma o, yorulub öləcək.

Qalın şüşəli stəkandakı açıq rəngli çayını qarışdırarkən qopardığı taqqıltı kiçikekranlı televizorun səsini itirib-gətirirdi, bunun fərqinə vardı, qaşığa bir qədər aman verdi.

Səhər proqramı gedirdi. Bazar meydanında sorğu apararaq keçənləri bir-bir yolundan eləyir, hansı markadan avtomobil bəyəndiklərini soruşurdular...

Əsnədi. Səhərin lap alatoranında durmuşdu, eyvana çıxıb səhər alatoranının qüssə və hüzn dolu göyümtül rəngini üzərində, əslində, vücudunda hiss etmişdi: bu rəngalma hər hansı libasın göy rəngə boyanmasından daha çox zədələr almış bədənin gömgöy göyərməsini andırırdı.

Sanki quş qanadı şappıltısı eşidildi, gözlərini otaq boyu gəzdirib bağlı pəncərənin rəngi getmiş kilidlərində saxladı.

Bütün fikri-zikri ağappaq, ipilıq, simsirli bir gülüşün məhrəmliyi ilə qol-boyun halda bu axşam olacaq tamaşada ikən, «yorularaq öləcəyi» barədəki xəbərdarlıq qəfildən soxularaq bu gülüşü qeyb etmiş, dərhal da qeybolmanın gətirdiyi acı qəhər burulğanında çabalamağa başlamışdı. Niyə məhz bu gecə, belə böyük bir bayramın ərəfəsində yuxusunda ölümü görmüşdü, anlaya bilmirdi. Özü də ölüm obrazı heç də əli qılınclı, ağ kəfəndə, balta dişləri şaqqıldayan kəllə sümüyündən ibarət deyildi, ovuc içinə sığışan əlvan bir quşcuğaz idi. Cik-cik edə-edə qanadlarını çırpıb söyləmişdi ki, görürəm artıq təngnəfəssən, addımların ağırlaşıb, əldən düşmək üzrəsən. Amma sənin çiyninə indi qonmayacam, büsbütün yorulub çökməyini gözləyəcəm.

Səhər proqramının kərpicsifətli xanım aparıcısı tamaşaçıların bu proqramadək bəyəndikləri avtomobildən imtinalarına nail olacağına əminliklə reklam etdiyi avtomobilin üstün cəhətlərini şüurlara pərçimləməyə çalışırdı.

Baş kvadrat, sifət qıpqırmızı. Eynən kərpic. Qazi Elmangilin həyətinə düzülmüş kərpiclərdən ən şümalının birəbir bənzəri.

Studiyanın bəsit dekorasiyasının uyğunsuzluğunu iri akvariumdakı narıncı və qara rəngli iki iri balıq pozmağa çalışırdı. Aparıcının libası gözqamaşdıran narıncı rəngdəydi, axtarsan, üstündə qara ləkələr də tapa bilərdin...

Akvariumda balıq, dibçəkdə gül, qəfəsdə quş... Beyni təlatümə gəldi. Hiss etdi, sözlər bir-birini itələyərək qaranlıqdan işığa can atırlar. Bəzən sözləri təsbehin sədəf muncuqları kimi sıraya düzüb ardıcıl, şaqqıldada-şaqqıldada səsləndirməyi sevirdi, yaratdığı fikirlərin hansının iki dibsiz uçurumu birləşdirməyə qadir olan körpü, hansının bu uçurumları sonsuzadək dərinləşdirən təkan ola biləcəyini də təxmin edirdi.

Durub kağız-qələm götürüb yazması gərək idi. Amma durmayacaqdı. Komodun üzərindəki kiçik çərçivədə qərarlaşmış dərin düşüncəli gənc kişinin qədimi şəkli amiranə səslə «Yox, yazma!» söyləyirdi sanki.

(«Baba» kəlməsi göz önünə saç-saqqalı qar kimi ağ, sifət qırışları şumlanmış tarlaya bənzəyən, beli azacıq bükülmüş, əli də əsalı şəxs gətirər. Şəkildəki kişi anasının babasıydı, cəmi iyirmi doqquz il yaşamağa macal tapmışdı. İyirmi doqquz yaşlı ulu baba).

- Bağışlayın, bəs siz hansı avtomobili daha çox bəyənirsiz? Cavabınızı almışdan öncə sizə məsləhət görərdim ki...

Masanın üstündən saatını götürüb qurdu, saatın sol böyründə mürgüləyən tamaşa biletini baxışlarıyla oxşayarkən sağ böyürdəki qırmızı cildli kitabın açıq səhifəsi gözlərini çəkdi. Dayandığı yeri dərhal tapdı:

«...Amma söhbətimizin mövzusu tam başqadır. İş ondadır ki, «mogikanlar» deyə Nyu-York ştatı ərazisinin Şərq hissəsində, Qudzon çayının sahili boyunca məskunlaşmış beş əzəmətli hindu tayfasının konfederasiyasına daxil olanları adlandırırdılar. «Mogikan» sözünün hərfi tərcüməsi...»

Vərəqi çevirdi:

«...«böyük çayın insanları» demək idi. Avropalılar isə onları «çay hinduları», yaxud da totemlərinə uyğun olaraq «qurdlar» adlandırırdılar...»

«Qurdlar?», - deyə təəccübləndi.

«...1600-cü ildə sayları 35 min nəfərə çatırdı. Demokratik hakimiyyət formasına malik idilər. Konfederasiyanı hökmdar idarə edirdi, hökmdarlıq irsən keçirdi...»

Alüminium çay qaşığı çayı qarışdırıb dincəlməyində, stəkan da asudə nəfəs almağında idi (Ona elə gəlir ki, əşyaları həddən çox yorur). Soyumuş çayın şirinliyi heç də hiss edilməyən bu cür halına anası «yaxantı» deyərdi. Çayına hər səhər iki qaşıq şəkər tozu qatır. Bunu heç olmasa üç eləsəydi, yenə ağzı tama gələrdi. Amma bir kiloluq şəkər tozu bağlamasını düz iki ay işlədir, bir qaşıq artım iki ayın ay yarıma düşməsi demək olardı.

Kişi qəhqəhəsi ağırlığında qadın gülüşü...

Aparıcı studiyaya xanım müğənni dəvət eləmişdi, müğənni də sinəsini bütün əzəməti ilə nümayiş etdirən dekoltedə fərəhlə öz avtomobilindən, qarderobundan, mətbəxindən danışırdı («Porşe» sürürmüş, «Serlio Rassi»dən tufli geyinirmiş, üçbacı dolması bişirə bilirmiş). Titrlərlə müğənninin əlaqə nömrəsi göstəriləndə (adı İlkanə imiş) cəld həmin nömrəni hafizəsinə yazdı.

Aparıcının səsi həlim idi, yapışıqlı idi. Təqribən bir aydı yerli kanalın «Səhər proqramı»nı aparırdı. Və onu ilk dəfə görən kimi də ağlından keçirmişdi ki, görəsən bu kərpicsifət xanım «Kərpickəsən kişinin dastanı»nı oxuyubmu.

Demək, yorulub öləcəkmiş...

Otaqda əlvan rəngli quşcuğaz uçur? Yox, əlbəttə ki, yox. Gözlərini ovxaladı, divara vurulmuş bədənnüma güzgünün qarşısına gəldi, səsini arıtladı.

- Bu həftə görüş alıb bank məmurunun hüzuruna getməlisən, nitq hazırlamısan?

- Getməyəcəm heç yerə. Nəticəsizliklər bezdirib məni.

- Necə yəni, getməyəcəm? Bu yekəxanalıq, özündənmüştəbehlik nəymiş belə? Məgər sən hər şeyin öz-özünə həll ediləcəyinə inanan sadəlövhsən? Yoxsa ki, Frederik Deşamyusan?

- Üzr istəyirəm, o kimdir elə? Tanımadım.

- Tanımazsan da. O, sehirli çubuğa malik Xəyalıstan sakinidir. Əgər sən Xəyalıstanda yaşamırsansa, demək, daim kimlərinsə hüzuruna getməlisən. Nə bezginlik?!

(Tək yaşayan insan özü ilə ucadan danışmağa əvvəl-axır vərdiş edir. Üstəlik, getdikcə əşyalarla da «fikir mübadiləsi» aparmalı olur. Yoxsa, dörd divar arasında məngənədə sıxılırmış kimi sıxıla bilər).

Ekranın yuxarı sağ küncündə saatın 8.17 olduğu göstərilirdi. Baho, dərsə gecikər axı. Boyat çörək diliminin ustünə qaxaca dönmüş pendir parçası qoyub tez-tez, iri-iri dişləyərək uddu, çayı başına çəkib durdu. Əynini geyinib, gümüşü korpuslu saatını qoluna bağlayıb (bunu xüsusi şövqlə etdi), tamaşa biletini döş cibinə qoyub, kitabı da qoltuğuna vurub qapıdan çıxırdı ki, qapı məsaməsindən yerə düşən dama-damalı, sarımtıl kağız bükməsi gözünə sataşdı, dərhal qanı bir az da qaraldı. Zalımın qızının bəlkə də otuz-qırx il əvvəlki məktəbli dəftəridir, hələ də vərəqləri qurtarmır.

Bükməni açıb ev sahibəsinin əyri-üyrü hərf düzülüşünün hədsiz qəzəb sezdirdiyi növbəti xəbərdarlığından agah oldu: «Söz başa düşmürsən, deyəsən. Həftənin sonuna kimi pulu ödəməsən, səni qovub yerinə tələbə qız götürəcəm!»

Üzünü tavana tutdu. Tanrı, sən özün kömək ol, bu tütün məsələsi həll olunsun, atasıgil pul yollasınlar. Ya da gül dükanında, qabaqcadan avans ödəməklə, bir iş versinlər ona, bu qadından canını qurtara bilsin...

Qanqaraçılığını qovmaq üçün elə blokun pillələrindəcə yenə həmin ağappaq, ipilıq, simsirli gülüşün məhrəmliyinə atıldı. Adı da gözəl idi gülüş ünvanının: Frayda. Qaraçı dilindən tərcüməsi «sevinc» deməkdi. Gülümsəyərək möcüzəli akrobatik hərəkətlər göstərərkən sanki sümüksüz olduğu anlatılan, hər duruşu, tərpənişi, hərəkəti ilə ruhu sığallayan bu xanımı da, Kxamalo (Kürən) adlı illüziyaçını da, Baxti (Xoşbəxt) adlı şir təlimçisini də, İlo (Ürək) adlı ekvilibristi də, üstəlik teatr truppasını, kiçik orkestri, balerinaları da görəcəyi saata az qalmışdı, saat altıda şəhərlərinə qastrola gəlmiş incəsənət ustalarının tamaşası başlayırdı. Qısa müddətdə – cəmi üç hazırlıq günü ərzində onların əksəriyyəti ilə tanışlığa da macal tapmışdı. Səyyar dairəvi arena Universitet yolunda, iki mikrorayon arasındakı düzənlikdə, dəmir konstruksiyaların üzərinə taxta oluracaqlar döşənilməklə və ortada brezent örtüklü səhnə qurulmaqla inşa olunmuşdu, ətrafı heyvanların qəfəsi, qastrolçuların yaşadıqları vaqonlar ilə həlqəyə alınmışdı. Lap girişdə hasar boyu, olduqca iri qırmızı hərflərlə «Dünyanı mədəniyyət xilas edəcək!» şüarı yazılmışdı.

Akvariumda balıq, dibçəkdə gül, qəfəsdə quş. Bir də həbsxanada insan...

Bayaq yarımçıq qalmış fikrini tamamlamağa can atdı.

Sənin hərəkətliliyin akvariumun, dibçəyin, qəfəsin, kameranın ölçüləri həddindədir. Hərəkətsizliyin isə çəmənlər, səmalar, ümmanlar və ucsuz-bucaqsız torpaqlar qədərdir...

Düşüncələrini yazmamaq fikrində hələ ki, qəti idi. Haçansa bu fikri korrektə etməyəcəyinə əmin deyildi, həm də.

...Avtobus lap tez gəldi. Bu əyalət şəhərində avtobuslar həmişə ağzınacan dolu olur. Özünü birtəhər içəri salıb ortaya doğru hərəkət etdi ki, qapının ağzında qalıb girib-çıxanlara maneçilik törətməsin. Yerini rahatlayandan dərhal sonra, keçərkən səyyar arenanı görə bilsin deyə, iri avtobus pəncərələrindən özünə ən yaxın olanında bir görmə bucağı tapdı.

Həyatında ilk dəfə canlı sirk, teatr, balet və konsert (özü də bir tamaşada) görəcəyinin sevinci onu necə çulğalamışdısa dalbadal bu üç günün hamısında tamaşa veriləcək məkana baş çəkmiş, arenanın qurulmasına, məşqlərə, heyvanların yemlənməsinə heyranlıqla tamaşa etmişdi. Biletlər çox ucuz idi, VİP biletlər on manata, adi biletlər iki manata. Düz giriş tərəfdən birinci cərgənin birinci yerinə olan adi bileti biletlər satışa çıxarılan kimi dərhal, hələ möhürün mürəkkəbi qurumamış almışdı...

Arenanın görüntüsü itərkən, içindəki sevinc cücərtiləri hələ tam itməmiş, qoltuğundakı kitabı açdı, qaldığı yerdən davam etdi:

«...Mogikanlar, adətən, qaya başlarında, təpəliklərdə salınmış, hər biri 20-30 evdən ibarət kəndlərdə yaşayırdılar. Kəndlər üçdə bir hissəsi yerə basdırılmış bir neçə metr hündürlüklü taxta dirəklərdən ibarət hasarlarla əhatələnirdi. Onlar qarğıdalı yetişdirir, ovçuluqla, balıqçılıqla məşğul olurdular...»

Adamı necə sıxırlar, aman da vermirlər...

«...Sözübütövlükləri, alicənablıqları ilə seçilən bu insanlar üçün kiməsə pislik etmək yad idi, əksinə, köməyə ehtiyacı olana mütləq kömək edərdilər. Kişiləri də, qadınları da cəsurluqda ad çıxarmışdı...»

Kök bir qadın necə itələdisə, qarşısındakı oturacağın dəmirinə çırpıldı, az qaldı kitabı əlindən salsın. Qadın üzrxahlıq etmək əvəzinə: «Məni də itələdilər», - söylədi, amma onu qadının üzr istəməməsi deyil, «Başı xarabdır e, gör heç bura kitab oxumaq yeridir?», - deyə mızıldanması üzdü.

Kitabını bağlayıb qoltuğuna dürtməkdən savayı əlacı qalmayanda və bunu icra edəndə fərqinə vardı ki, bayaq öz aləmindəydi, indisə buradakıların aləminə düşdü. Kimdənsə kəsif tər, kimdənsə siqaret, kimdənsə yağ-soğan qovurması qoxusu gəlirdi.

- Qadam onun ürəyinə, rədd etdim, dedim sən kim, mən kim, get anqır, tayını tap. Ay qız, bunun sevgisi dəysin təpəsinə. Evi yox, işi yox, maşını yox, canım sənə desin...

Gənc qız yaşıdı ilə dərdləşirdi.

- Mən malları çox ucuz satıram, lap aeroport qiymətinə. Ona görə də alverim gedir. İstəyirsən, gəl, şərikli işləyək. Diplomunu da apar at zibil...

Üzütüklü kişi gözü kədərli kişiyə deyirdi.

- İnandırım səni, iki yüz iyirmi təzyiqlə yazıq yıxılıb ortada qaldı, həkim dedi, kassaya səksən manat ödəməsəniz baxan deyiləm. Görüm, Hippokrat bunlara qənim olsun! Görüm...

Qucağıuşaqlı qadın qucağızənbilli qadına danışırdı.

Qanqaraldıcı söhbətlər gedən məkanın da siqaret çəkilən məkan qədər insan səhhətinə zərərli olmasına əmin idi. Amma nədənsə ikinciyə qarşı insanlar, adətən, dözümsüzlük nümayiş etdirsələr də, birincini həmişə etinasızlıqla qarşılayırlar.

Dayanacağı çatanda cəhənnəmdən atılırmış kimi özünü avtobusdan atdı. Hər gün bu marşrutla universitetə gəlib geri qayıtmaq qırx qəpik tutur, ayda iyirmi dəfəyə bu xərc səkkiz manat eləyir. Kənddən gəlib ev kirayələyəndə ilk ayı dərsə piyada gedib gəlmişdi. Heç, ay tamam olmamış böyük qardaşından qalma iyirmi bir manatlıq ayaqqabısının dabanı qopmuş, ağzı aralanmışdi. Məcbur qalıb, axtarıb böyük çətinliklə ucqarlarda bir çəkməçi tapmışdı. Çəkməçi də mürgü döyə-döyə əlini toz basmış qəlibə çəkərək şikayətlənmişdi ki, indiki ayaqqabılar urvatsızdırlar, əvvəlkilər təki təmirə getmirlər, elə ona görə də çörəksizdir.

Dayanacağa dirənmiş iri şüşə vitrinli gül dükanına keçib uzunbığ, yumrusaqqal satıcı ilə salamlaşdı, «Müdirdən soruşdum, sənə uyğun iş yoxdur» cavabı onun salamı ilə havadaca toqquşdu. Bilmədi məyusluğunu hara salıb gizlətsin.

Dünən buradan keçəndə gözünə rəngbərəng çobanyastığı çiçəkləri dəymişdi, çobanyastığının ağlığına alışdığından bu rəng çaları onu heyrətləndirmiş, həmin bu satıcıdan bilgi almağa vadar etmişdi. Deməzsənmiş, gözəllik üçün çiçəkləri ləçək-ləçək rəngləyirlərmiş, təbiiliyə sünilik qatırlarmış. Minlərlə ləçəyə rəng vurmaq məcburiyyəti duyulan məkanda ona da yüngülvari məvaciblə bir iş tapılacağı ümidiylə (yaxşı rəsm çəkməyi var) uzun bığına, yumru saqqalına bir qədər simpatiyası da yarandığını hiss etdiyi satıcıdan iş istəmişdi. Bu da cavab.

Əvəz çıxırmış kimi «Ağır deyil sizə burda işləmək?», - deyə soruşdu. Satıcı təəccübündən şaşırıb «Niyə ki» sualını verəndə əllərini geniş açıb dükan dolu gül-çiçəyə işarə elədi:

- Gövdəsindən zorla ayrılan bu qədər çiçəyin ah-naləsi arasında duruş gətirdiyiniz üçün.

Satıcı sualı bir dəfə də təkrarladıb əvvəlkindən də artıq təəccüblənmiş halda cavab tuşladı:

- Qaqaş, çiçək üçün yəni fərqi var ki, gövdəsi olsun, yaxud güldan? Onsuz da solacaq da.

Dedi, yox, yanılırsız. Fərqi var, özü də çox böyük fərqi var ki, canını evində, doğmalarının arasında tapşırasan, yaxud evindən kənarda, yadların əhatəsində.

Dükandan çıxarkən arxasınca atılan «Bunun başı xarab imiş ki» sözləri kürəyini yalayıb keçdi.

Bütün gül dükanlarını, zoomaqazinləri, görən, bağlamaq olarmı?

Bəs həbsxanaları necə?

...Bu da Universitetlərinin üçmərtəbəli bozumtul binası, qarşısındakı həmişəki tələbə və avtomobil qələbəliyi...

Kənddə evlərindən azacıq aralı kiçik bir çay axır, yağış sularına bağlıdır, yazda-payızda çağlayır, yayda quruyur. Yay aylarında o çayın miskin halından həmişə ürəyi dağlanardı. İndi son günlər tez-tez özünü həmin o çayın yaza-payıza atlanammayıb daim yayda qalan halına bənzədir.

Hələ də heç kəsə qaynayıb qarışa bilmədiyi bu bozumtul məkanda ilk olaraq tələbə yoldaşı Zivərin titrək salamını almağa alışıb. Qapıda duraraq keşik çəkməsi ehtimalı böyük olan Zivər, adəti üzrə, onu kənara çəkir, hal-əhval tutur, onsuz darıxdığını dilə gətirir. Bu gün də eynən.

Elə ilk dərs günündən Zivərin diqqətini çəkdiyini hiss eləmişdi. İmkanlı oğlanlarla gözəgəlimli qızlar, eləcə də imkanlı qızlarla gözəgəlimli oğlanlar öz aralarında cütləşmişdilər, bəstəboy, azacıq dolu olan, iri, ətli sifəti ilə xıpxırda burnu təzad təşkil edən Zivər də qəfildən ona aşiq olduğunu bildirmişdi. Bunu müvəqqəti hal, ötəri hiss hesab edib tezliklə qızın sevgi təlatümündən qurtulacağını sanmışdı, amma «Sənsiz mənə həyat yoxdur» hökmünü verən Zivər get-gedə daha da Leyliləşmişdi. Bir insanın onun ucbatından qara torpağa yem olması ilə necə razılaşa bilərdi axı? İstər-istəməz «Əgər birini xoşbəxt edə bilirsənsə, bunu etməməyin cinayətdir!» aksiomunun basqısı ilə zorən Məcnun rolunu götürməli olmuşdu. Bu çıxılmaz vəziyyətini həmin vədələrdə (elə indinin özündə də) hər axşam evinə getdiyi Professorla da bölüşmək istəmişdi. Növbəti əlyazması topasını kompüterin elektron yaddaşına həkk etdiyi zaman haqlı olub olmadığını soruşarkən Professor həyat əlamətləri get-gedə öləziyən nursuz gözünü uzaqlara dikib xeyli düşünmüş, demişdi:

- Başqasının dərdini ürəyinə salıb bütün əzalarıyla birgə daşımasına insanın öz dərdi qısqanclıq üzündən heç vaxt imkan verməz. Amma sənin dərdin qısqanc deyilmiş...

Dərs başladı.

«Nəzəri-metodoloji bölməyə problemin qoyuluşundan tutmuş respondentlərin seçilməsinə qədər olan cəhətlər, metodiki-prosedur bölməsinə isə məlumatların toplanması, işlənməsi və təhlili aiddir. Birinci bölmə sosioloqdan əsaslı nəzəri hazırlıq tələb edir. O, tədqiqat obyektini məntiqi təhlilə məruz qoymağı bacarmalıdır. İkinci bölmə isə...»

Professoru xatırlamağı lap yerinə düşdü. Bu axşam axı tamaşaya görə onlara gedə bilməyəcək. Mütləq zəng vurub xəbərdarlıq etməlidir, yazıqdır, gözləməsin.

Əlyazmalarını kitab etmək istəyir, bu ixtiyar çağında. Kompüterdə mətnləri daha özü yığa bilmir, gözləri və əlləri sözünə baxmır. İmkanı da yoxdur ki, haradasa yığdırsın. Bunların dekanı ilə illərin dostudur. Bir kəlmə ilə xahiş eləyibmiş ki, gör tələbələrdən ən ürəyiyuxasını tapa bilirsənmi, gəlib mənə təmənnasız kömək eləsin. Dekan bu xahişi auditoriyada elan edəndə hamı üz-gözünü turşutmuşdu, «İşimiz-gücümüz yoxdur?», - demişdilər. O isə razılaşmışdı.

Professorla söhbətləşməyi çox sevir. Ən çox da ona görə ki, Professor çevrəsindəki onu dinləyə bilən yeganə şəxsdir. Ona kənddə yaşayan valideynləri, qardaş-bacıları, bağ-bağatları, dördgöz evləri, ən əsas da, evlərindəki nadir kitablar barədə ağızdolusu danışmışdı. Həmin kitabların əhatəsində böyüməsi, artıq beş yaşında yazıb oxumağı öyrənməsi, bu kitabların 1937-ci ildə, iyirmi doqquz yaşındaykən xalq düşməni kimi güllələnən ulu babasından qalması Professor üçün hədsiz maraqlı gəlmişdi. O vaxt ulu babası güllələnəcəyindən duyuq düşdüyü üçün kitabları NKVD-çilərdən at tövləsində, samanın arasında necə gizlətmişdi, illər sonra rəhmətliyin həyat yoldaşı üzə çıxararaq övladlarına ən dəyərli miras kimi necə hədiyyə etmişdi - bu tam təfərrüatlı söhbətlər Professoru çox düşündürmüş, kitabların adları, müəllifləri, məzmunları ilə dəfələrlə maraqlanmışdı...

Təcili telefon tapmalıdır. Kimin telefonu ilə zəng vursun? Öz telefonunun yalnız çağırış etməyə imkanı olduğundan həmişə kiməsə möhtac qalır. Bəlkə Vüqarın? Yox, dünən Vüqarın telefonunu Qazi Elmanın yol kənarındakı evinə çırpılaraq bir hissəsini uçurmuş sərxoş KamAZ sürücüsünü özlüyündə məzəmmət edə-edə gen-bol işlətmişdi, sağ ayağı protez müharibə əlilinə dəyən maddi ziyanı niyə heç kəsin qarşılamadığı haqda müxtəlif ünvanlarla nəticəsiz danışmışdı.

Onda Daşqının. Yox, Azər yaxşıdır. Azərçün kurs işi yazır. Etiraz etməz.

Tənəffüsdə Azəri arayıb bufetdə tapdı. Yaxınlaşdı, adamın ağzını sulandıracaq qədər iştahaçan qoxunun maneçiliyi ilə öncə tamaşaya gedib getməyəcəyini soruşdu. Sən demə, heç xəbəri yox imiş. Sonra da qızara-qızara telefonunu istədi...

Bayaqkı ardıcıllığın davamı gəldi: dəniz suyuna qibtə edən hovuz suyu... Birinin hüdudsuz azadlığı, birininsə kafel səddinədək olan mövcudluğu... Amma yox, fikri qarışdı. Bu bənzətmə bayaqkı silsilənin davamı ola bilməz. Hovuz suyunun azadlığı kafel səddinədək uzandığı kimi, dəniz suyunun azadlığı da sahilə kimidir. Burada tam, mütləq azadlıq yoxdur, böyük və kiçik həcmli natamam azadlıqlar var.

İmkansızlıq, kasıbçılıq, ehtiyac... Bu sayaq sözlərdən zəndeyi-zəhləsi gedir. Mütləq əksəriyyətdə maddi sıxıntı varsa maddi sıxıntını əlində bayraq etməyinə nə hacət? Hətta sonu dalana dirənsə belə, düz yolu dolanbac, sağa-sola dönüşü olan yollardan üstün tutur.

Professorun «Gələ bilməyəcəyəm» xəbərinədək sevinc, xəbərdən sonrasa məyusluq doğuran səsi ilə təmasdan sonra kərpicsifət xanımın proqramından götürdüyü telefon nömrəsini «bu dəfə mütləq alınacaq» ümidiylə (bunadək dörd müğənni ilə uğursuz anlaşma cəhdi olmuşdu) yığdı.

- İlkanə xanımdır?

- Yox, prodüsseri. Buyur. Bu həftəsonuna toy götürmürük. Gələn həftəyə olar. Ancaq ara günlərinə. Qiymətləri yəqin bilirsən. Bütün toy üç minə, yarım saatlıq proqram beş yüzə.

- Mən toy üçün zəng etməmişəm. Mən...

- Əgər konsertdirsə biz yalnız dövlət tədbirlərinə gedirik.

- Konsert də deyil. Ahıllar evində yarım saatlıq proqramla çıxış etmək lazımdır. Bu şəxslər...

- Hardadır ora? Bakıdadırsa beş yüzə gələrik. Bakıdan kənardısa , incimə, qiymət min manatdır. Özü də, çalış, günortaya sal.

- Yox, bilirsiz, mən tələbəyəm, qapıbir qonşum Ahıllar evində işləyir, deyir, ordakı insanların çox böyük ehtiyacları var mənəvi qidaya. Təmənnasız çıxış etmək lazımdır. Biz hamımız humanist...

- Tələbə, bura bax, bir dəqiqə saxla! İndi hansı zəmanədir ki, müğənni pulsuz oxusun?! Bunun bəstəkardan mahnı alınması var, qarderobun, kosmetiçkanın təzələnməsi var, klip çəkdirilməsi var. Bunun Məhərrəmliyi, Orucluğu var. Başın xarabdır sənin?

- Axı...

Qarşı tərəf danışığı qapatdı. O, kor-peşiman telefonu Azərə qaytardı.

Bu nədir, başının üstündən yenə əlvan quşcuğazmı uçdu?

İştahaçan qoxu mütləq peraşki qoxusu olmalıydı. Çox yəqin, kartof peraşkisinin. İndi bu uzunsov məxluqlar (can verən hər şey canlıdır) içi yağla dolu tavada cızıltı qopara-qopara qıpqırmızı qızarmaqdaydılar yəqin...

Azər kurs işinin vəziyyətini soruşub dərsdən sonra atışıb xəngəlxanaya gedəcəklərini söyləyirdi, dilucu onu da dəvət edirdi. Əlbəəl «yox» dedi, əlavə etdi ki, dərsdən sonra bibisigilə gedəsidir, bibisi qutab bişirib, qarın qutabı, bilir qutab xoşlayandır, dəvət edib.

Amma getməyəcəkdi bibisigilə də. Keçən şənbə onlarda əlindəki kitabı bir kənara qoyub ərkyana özünə çay süzmüşdü, bibisi də dirsəyi ilə iyrənə-iyrənə kitabı itələmiş, «əli mikroblu-mikroblu» çaydana toxunduğu üçün onu danlayaraq çaydanı boşaldıb yumuşdu. İncimişdi bibisindən.

Auditoriyaya qayıtdı.

Əvəllər heç vaxt haqqında düşünmədiyi şeylər vaxtaşırı beyninin qida rasionunda görünəndə beyinin bu qidalarla ilk təması gün kimi aydın olsa belə, dad və qoxu sanki dəfələrlə dadılmış və qoxlanmış kimi ona tanış gəlir. Get-gedə daha çox əmin olur ki, «yeni» adlanan hər şey doğrudan da elə «köhnə»nin özüdür ki var. Olacaqlar hamısı artıq olmuşdular, boş fərziyyələr yürüdüb gümanların içində itib-batmaqdansa, olmuşlara tərəf qanrılırdı ki, olacaqları təxmin etsin.

Növbəti qoşasaat başladı. Zivərin baxışları bir an da olsa üstündən çəkilmirdi.

Əmin idi ki, olmuşlarla olacaqların dirənəcək yerini yalnız o özü bilir, həmin sərhəddə tək-tənha qərarlaşmışdı. Bura nə tələbə yoldaşlarını, nə kənddəki doğmalarını, nə də beş-on digər tanış-bilişini, heç Professoru da çəkib gətirə bilməzdi. Gəlmək istəməzdilər. Hətta lağa qoyar, rişxənd edib gülərdilər ona. Əslində, elə gəlmək istəməmələri yaxşı idi. Çünki onların olacaqlardan o qədər umacaqları var idi, bu umduqlarından elə dördəlli yapışmışdılar ki... Bu yapışma da, əslində, yeganə yaşam səbəbləri idi. İnsan yaşam səbəbi olmadan yaşaya bilərmi?

Mesaj siqnalı gəldi. Əlbəttə, Zivər idi. Yazmışdı, «Niyə bu qədər soyumusan məndən? Bəlkə araya kimsə girib? Artıq bütün Universitet, hətta ailəm də bizim sevgimizdən məlumatlıdır. Səni xəbərdar etmişəm, ya sənin olacağam, ya qara torpağın. Dünən anam, bilirsən, qayıdıb nə deyir? Deyir, təcili oğlanın anasıgil gəlib «həri»ni alsınlar. Yazıq neynəsin. Qapımızı gündə biri döyür».

Qol saatına baxdı. Universitetdə hamı saatı mobil telefonundan öyrənir. Osa hər dəfəsində biləyini yuxarı qaldırmaqla sevə-sevə «Luch» markalı saatına baxır, vaxtdan xəbərdar olur.

Bu, ona ləzzət verirdi, bəzən kimsə qolundakı saata işarə ilə ondan saatı soruşanda (uzunqol köynək geyinəndə saatı görünsün deyə qolunu çırmalayırdı) elə sevincək olurdu ki, saatı lap dəqiq, hətta bəzilərinə – gözünə xoş görünənlərə saniyəsinədək deyirdi. Ona elə gəlirdi, yer üzündə geri qalmadan, irəli qaçmadan, ən dəqiq işləyən məhz onun saatıdır.

Demək, anası Zivərgilə «həri»sini almağa getməlidir? Söhbət düşdü-düşmədi, fərq eləməz, hər yerdə sinəsinə döyərək «Mənim gözəl balam, universitet oxuyan balam», - deyə qürrələnən, evlənmək yaşı çatınca ona qıztapma xoşbəxtliyinə bulaşacağı vaxtın sərməstliyi ilə nəfəs alan (hətta artıq yetişmiş gözəgəlimli qızlara göz qoymağa başlamışdı) anasının bu xəbərdən nə hala düşəcəyini təsəvvür etmək istədi.

Altının tamamına hələ beş saat on iki dəqiqə qalırdı.

Bu qədər də yox da! «Qapımızı gündə biri döyür». Yox bir!

Həmişə bir addım geri çəkiləndə qarşısındakının iki addım irəli gəlməsini görürdü, buna alışa bilmirdi heç cür.

«Anangil» sözü yenidən yadına ailə üzvlərinin əkib-becərdikləri, ancaq sata bilmədikləri tütünü saldı. Görəsən, uşaqlardan hansının Kənd Təsərrüfatı Nazirliyində tanışı var? Bəlkə Razinin? Yaxud Qumrunun? Yoxsa Tələtin?

Növbəti tənəffüsdə üçünün də ağzını aradı. Tələt dedi, adam tapa bilərəm. Ancaq xeyirim nədirsə qabaqcadan verməlisən. Bu işdə xeyir güdməyin əsassız olduğunu başa salmaq üçün nə illah elədi, duz-çörək kəsdiklərini gözə soxdu, faydası olmadı. Tələt əlini yelləyib getdi.

Niyə dəqiqəbaşı əlvan quşun qanad çırpmasının yelini hiss eləyir? Quş-filan yoxdur axı başının üstündə?

Gərək heç ağız açmazdı Tələtə. Əzəl gündən heç xoşu gəlmir bu özündənmüştəbehdən. Eləcə də Mehmandan, Talıbdan, Raufdan, Əsgərdən, qeyrilərindən... Birisinin atası filan işə baxır, birininki bəhmən işə... Hamısı nəhəng devlərdir. Birinci kursda Tələtin atası yeni şadlıq sarayının açılışını eləyirdi, özünə ikinci maşını alıb bayramı bayrama qarışdıran Tələt də tələbə yoldaşlarını yeyib-içmək mərasiminə dəvət etmişdi (O vaxtlar hələ qrup yoldaşlarından tam aralanmamışdı, o da getmişdi). Uşaqlar içib dəmlənəndə bir sağlıq da ondan istəmişdilər, o da «Cola» süzdüyü badəsini qaldırıb elə bir sağlıq demişdi ki (Qapalı bir məkanda xeyli insan yaşayırmış və hər həftə bacadan ora insanların sayı qədər yemək qoyulurmuş. İlk vaxtlar hər kəs öz payını götürürdü, hamı şad-xürrəm idi. Amma tədricən bacaya yaxın olanlar tamahlandılar, əlləri, qoltuqları, yaxaları tutan qədər yemək götürməyə başladılar, lap aralıdakılar isə özlərini yetirə bilməyib yeməksiz qaldı. Get-gedə yemək qamarlayanlar nəhəng devlərə çevrildilər, yeməksiz qalanlarsa iynə deşiyindən keçə biləcək hala gəldilər. İçək, hər kəsin öz ruzisini götürə bilməsi sağlığına!), bu sağlıqdan sonra uşaqların bir neçəsi «Bizim atalarımıza sataşırsan?», - deyə onun üstünə atılmışdı. Yaxşı ki, qrup nümayəndələri Barat araya girib onu döyülməkdən qurtarmışdı.

Görəsən Frayda neçənci çıxış edəcək? Və neçə dəqiqə? Bəlkə qız anadangəlmə sümüksüzdür? Axı bədən o dərəcədə, lap ilan təki necə qıvrıla bilər?

Dərs qurtardı. Zivərin gözlərindən ustalıqla oğurlanıb tələskənliklə giriş qapısından çıxırdı ki, Universitetdə dillər əzbəri olan «Pul respektdir, dərdləri reset eləyir» məsəlinin müəllifi Könüllə toqquşdu, dönə-dönə üzr istəsə də qızın bir-iki ağır kəlməsini həzm eləyəsi oldu.

Pərt halda yoluna davam edirdi ki, qolundan yapışdılar, çevriləndə Mehmanı gördü, dərhal içinə xoş olmayan hisslər doldu. Mehman yığışıb hotelə getdiklərindən dəm vururdu, ora çoxsaylı ərəb turist gəlibmiş, yerli yüngüləxlaqlılar da tökülüşüblərmiş ki, özlərinə müştəri tapıb pul qazansınlar. İndi Mehman başının dəstəsi ilə namuslarını taptalayan həmin zənənləri döyüb-söyüb hotelin həyətindən qovacaqdı.

Bilmərrə olaraq getməyəcəyini söylədi (Hətta dişlərinin qıcandığını, yumruqlarının düyünləndiyini də hiss etdi). Mehmanın: «Ay xəstə, bir dəfə adamın bir işinə yara da», - deməsi, «Səbəblə mübarizə apararlar, nəticə ilə yox», - mızıltısına əhəmiyyət verməyərək çıxıb getməsi an çəkdi. «Xəstə» sözündəki «s» və «t» hərflərinin toqquşmasından yaranan cingilti az qaldı qulaqlarını batırsın. Gündə bir neçə dəfə «xəstə», «başı xarab» sayaq sözləri eşidirdi, bunlara alışmışdı. Lap əvvəllər mübahisə etmək, bu alçaldıcı söz basqısından qurtulmaq istəmişdi, heç yeri ağrımırdısa necə xəstə ola bilərdi axı? Amma bir dəfə doğrudan da ruhunun ağrıdığını duyub xəstə olması ilə razılaşmışdı...

Yenidən qol saatını narahat elədi. Avtovağzala da getməlidir. Üst mərtəbədəki qonşuya rayonlarından əmanət göndəriblər, özünün vaxtı olmadığından gedib götürməyi ondan xahiş edib. Gərək tamaşaya kimi öncə avtovağzala, oradan da Qazi Elmangilə getməyi çatdırsın.

Avtovağzalda çox olub. Ancaq heç vaxt aeroportda, dəmiryolu vağzalında, limanda olmayıb.

Addımlarını yeyinlətdi, az qala qaçaraq hala gəldi.

Bütün avtovağzallar öz aralarında, dəmiryolu vağzalları öz aralarında, liman və aeroportlar da eləcə, öz aralarında məktublaşırlar. Avtobus bir avtovağzalın digərinə, qatar bir dəmiryolu vağzalının digərinə, gəmi bir limanın, təyyarə isə bir aeroportun digərinə göndərdiyi məktublardır. Sərnişinlər isə bu məktubların məzmunudur...

Əmanət bükülü zərfdən ibarət idi, götürüb köynəyinin döş cibinə – tamaşa biletinin yanına qoyaraq qaranəfəs digər ünvana üz tutdu.

Amma bəzən bu məktublar mənzil başına yetişmir, şossedə, dəmir yolunda, suda, havada «qəzaya uğramaq» adlı bir qorxuncluğa tuş gəlib parça-parça olur. Özü də, nədənsə, məzmunca ən dolğun, ən ağıllı olan məktublar tuş gəlirlər belə aqibətə.

Prospektdən kəsə gedib Yaşıl məhəlləyə adlamaq əvəzinə Seyidlər məhəlləsi ilə uzun-uzadı getdi (Yaşıl məhəllə ilə bağlı acı bir xatirəsi vardı deyə, heç vaxt oradan keçməzdi. Ötən il Novruzun axır çərşənbəsində həmin məhəllədə azyaşlı uşaqların qaladıqları tonqala iki pişik balasını atdıqlarını görmüşdü, müdaxilə edib pişikləri xilas etmək istəsə də tonqalın şahə qalxan alovları imkan verməmişdi, əllərini yandırmışdı).

Ailəlilər yataqxanasını yenicə keçmişdi, diqqətini üzərinə «Xalqın sevimlisi xalqı ilə görüşə gəlir!!!» sözləri yazılmış bəzəkli-düzəkli iri bir avtobus çəkdi, səsgücləndirici ilə hamını Mərkəzi Mədəniyyət Evinə - millət vəkili Kələntər Kələntərliylə görüşə dəvət edirdilər. Gileyləndi ki, bunlar da vaxt tapıblar görüş keçirməyə. Axı bu gün tamaşa olasıdır!

***

...Qazi Elmana da salam-kəlamdan dərhal sonra saat altıdakı tamaşa barədə ağızdolusu danışdı. Heç bilmədi də, Fraydanı mövcudluğundakının yüzdə biri qədər təsvir edə bildimi.

Bu gün damın taxta karkasını qurmalı idilər. Bir ovuc yüzlük mismar və ağır çəkici götürüb yuxarı çıxdı, içində «Görəsən Qazi Elman Qazi Burhanəddini tanıyırmı» sualı cövlan edə-edə işə başladı. Üzbəüzdəki çayxana yenə dolu idi, əksəriyyəti gənclərdən ibarət kontingent domino oynayır, siqaret tüstülədir, çay qurtumlayırdı.

Keçən həftə buradan keçəndə (kitabxanaya gedirdi) bir ayağı protez şəxsin ağır hörgü işini təkbaşına icra etməsindən bərk təsirlənib çayxanaya adlamış, kimin hörgü işini bacardığını soruşmuşdu. Yoğun biləkli, enlikürək neçə nəfər «Mən» deyib yerindən sıçramışdı. Bir Qarabağ qazisinə təmənnasız kömək etməyin lazım olduğunu biləndə isə duranlar sifətlərində narazı ifadə yerlərində əyləşmişdilər...

Taxtanı taxtaya pərçimləyir, yandan mismar vururdu. Bir, iki... On, on bir... iyirmi, iyirmi bir...

Yadına çox uzaqda qalmış uşaqlıq xatirəsi düşdü. Yamyaşıl tala, ağappaq çadırlar, tüstülənən ocaq... Barmaqları çat-çat olmuş kişidən itilənmiş yiyə ilə taxta üzərində oyma naxışlar açmağı öyrənməsi... Çiçək, yarpaq, quş naxışları...

Aman, Tanrı, yenə də quş?

Təqribən saat yarım çalışıb çay fasiləsinə çıxdılar. Kərpiclərin üstündə əyləşib başıçalmalı ev sahibəsinin gətirdiyi kəklikotulu çayı ləzzətlə içməyə, «Çay yorğunluğu çıxarır» məsəlini isbatlamağa başladı.

Yaxşı, bəs bu evkirayəsi məsələsini necə həll edəcək? İnsafən, əvvəlki ildə pulu ödəmək rahat idi, atasıgil çatdıra bilirdi, ifritə qadın sonradan hər üç-dörd aydan bir qiyməti iyirmi manat qaldırmağa başladı. Gah deyir, neft ucuzlaşıb, qaldırıram, gah deyir, dollar bahalaşıb, qaldırıram, gah deyir, ərimin maaşını azaldıblar, qaldırıram...

Stəkanı boşaldıb ağzından aralayırdı ki, Qazi Elmanın protez ayağını qaşımasını gördü, donub qaldı. Barmaqlar plastmasın üzərində cüyültü qopararaq irəli-geri gedirdi. İnsanın tüklərini biz-biz edən, qanını donduran bir cüyültü idi.

Duruxaraq çay içməyini yarımçıq kəsməsini görcək Elman üzrxahlıqla gülümsədi, qəribə gülümsəməyi var idi, gözləri itincəyə qədər qıyılırdı, dedi, hərdən özümü bu gür aldadıram, mənə fikir vermə, əlavə də etdi ki, bu cür aldanışlar olmasa insan dəli ola bilər.

Necə təsirlənmişdisə işi davam etdirəndə çəkici mismara yox, baş barmağına vurdu, bircə anda barmağı göyərib şişdi. Ağrısının şiddətindən zarıldayır, Elmanın pərt olmasını, çığıraraq ev sahibəsindən yod, pambıq tələb etməsini, keçib gedən müəllim qonşusuna acı-acı «Ömründə əlində çəkic tutmayan yad adam mənə görə ustalıq eləyir, barmağını əzir, halbuki vaxtı ilə yaxşılıq etdiyim o qədər dost-tanış, qohum-əqrəba var ki, indi qolumdan tutmur», - deyə etirafını müşahidə edirdi ki, onu gördü, müəllim qonşunun canıyananlıqla «Altruistdir də» söyləməsi aranı qatdı.

Qazi Elman kişinin üstünə atlanıb «Al turist də sənin dədəndir, ver turist də», - deyə qəzəb püskürdü, «Pis sənsən, sənin kimilərdir, o isə əsl kişi adamdır» sözlərini xırtdəyindən yapışaraq yazığın üzünə şillə təki çırpdı.

İşə düşdü də. Barmağının ağrısını bir anlıq unudası oldu, barmaqları kəlbətinə dönmüş Qazi Elmanı qonşusundan aralamağa çalışdı, «altruist» sözünün heç də pis söz olmadığını, əksinə, «eqoist»in əksini bildirməsini hərfbəhərf qandırdı və buna xeyli vaxt, əsəb sərf etdi.

Pərt olmuş müəllimi üzrxahlıqla yola salanda Elman da biləyi ilə tərini silə-silə bir siqaret yandırdı, buludların arasında gizlənən günəşə tərəf qıyğacı boylanıb köks ötürdü:

- Qaqam, məni qınama, bizlər bilirsən necə yaxşılıq acıyıq? O qədər əziyyət çəkmişik ki. Hansını deyim e sənə? Əsirlikdə olanda ermənilər əlimizə içində su olan boşqab verib qaçırdırdılar. Kimin boşqabından bir damcı su tökülürdüsə güllələyirdilər... Ayağımı mina parçalayanda elə şok keçirmişdim, qanlı ət parçalarını özümlə götürüb iynə-sap tələb eləyirdim ki, yerinə tikim...

Günəşi gizləyən buludların bəziləri qaraydı, amma bəyazı da az deyildi...

Yenidən işə başlayanda əzilmiş barmağına görə o, daha usta kimi özü taxta mismarlamırdı, indi usta köməkçisiydi, Elmana mismar ötürürdü.

Qələmlə yazmasa da yaddaşla yazırdı, üst-üstə qalaqlayırdı cildləri. İçində toplaşmış sevinc və fərəhlərdən ara-sıra sevinirdi, fərəhlənirdi, amma daha çox iniltiləri, ah-ufları sezirdi, damcılayan göz yaşlarına diksinirdi.

Adi boş kağızlarla məna kəsb edən yazılı kağızlar eyni cür yanmırlarmış, əmin idi. Birincilər dərhal alovlanıb çırtıltıyla yanır, bir göz qırpımında kül olurlarmış. İkincilər isə uzun-uzadı: hərfbəhərf, cümləbəcümlə, fikirbəfikir yanırlarmış. Heç külləri də ələ gəlmirmiş...

Birdən bütün zamanlarda yaddaşlarda yazılan kitabların da yandırılması əmri verilsəydi, onda necə olardı? Ağlına gələn bu fikirdən lap eyməndi, əməllicə xof hiss elədi.

***

...Saat altıya iyirmi beş dəqiqə qalmış «Dünyanı mədəniyyət xilas edəcək!» şüarını gözləriylə oxşayıb biletini nəzarətçiyə təqdim edərək sevincək addımlarla arenaya daxil oldu, birinci cərgənin birinci yerində xoşbəxtlik qidasını udmağa hazır vəziyyət aldı. Ətrafda bayram əhval-ruhiyyəsi duyulurdu. Bəzənib-düzənmiş insanlar, çoxu ailəlikcə, əllərində günəbaxan tumu, popkorn, içəcəklər, deyə-gülə öz yerlərini tapıb əyləşməkdəydi. Oynaq musiqi sədaları eşidilirdi.

Fürsətdən istifadə edib qoltuğundakı kitabı açdı, qaldığı yerdən davam etdi:

«...Mogikanlar üç nəsildən törəmişdilər, bu üç nəslin müqəddəsləşdirdikləri canlılar Qurd, Tısbağa və Hindquşu idi. Hər nəslin bir fratriyası vardı. Ən güclü Qurd fratriyası idi ki, bura da özlüyündə dörd nəsil – Qurd, Ayı, İt və Opossum nəsilləri daxil idi...»

Əlini döş cibinə atıb qonşusunun əmanətinin yerində olmasına əminləndi. Hələ tamaşa başlanmamışdı. Musiqinin gur səsi yerlərində əyləşməkdə olan tamaşaçıların səsinə qarışmışdı.

«...Mogiqan əyalətinin paytaxtı Şobak adlanırdı. Burada həm hökmdar, həm onun müşavirləri əyləşirdi. Ali icraedici orqan olan Saxemlər şurası da Şobakda fəaliyyət göstərirdi. Hökmdar...»

Başlandı! Başlandı!

Uşaqların çığırtısı ilə baxışlarını kitabdan ayırıb həyəcanla səhnəyə zillədi. Öncə iştirakçıların hamısı (Frayda xüsusi şövqlə addımlayırdı) təkərlərindən od saçan velosipedçilərin müşayiəti ilə dövrə vurub tamaşaçıları salamladılar. Kollektivin rəhbəri Qodyavir (Ağıllı) Mixalıç (bir suyu necə də uşaqlıq xatirələrindəki Baronu xatırladırdı) bu isti münasibətə, zalın tam dolmasına görə gözləri yaşarmış halda minnətdarlıq bildirdi. Söz şəhər bələdiyyəsi nümayəndəsinə veriləndə və nümayəndə də bu əyalət şəhərinə gəlişləri ilə artistlərin şəhər sakinlərinə əsl bayram yaşatdıqlarını dilə gətirəndə səs-küy qopduğundan (arxasındakılar bir yerə iki bilet satılması səbəbindən yerləri bölüşə bilmədikləri üçün az qalmışdılar ki, əlbəyaxa olsunlar) səhnədə daha nə danışıldığından bixəbər qaldı, amma məmurun kollektivin rəhbərinə çox iri, par-par parıldayan büllur vaz hədiyyə etməsini görcək qanadlandı, bu qədirbilməni özlüyündə çox yüksək qiymətləndirdi.

Kxamalo zalı qəşş edincəyə qədər güldürdü, Baxti başını şirin ağzına soxmaqla hamıya həyəcanlı anlar yaşatdı...

Yanında oturan uzunburun, iridiş kişi və onun özünə bənzəyən oğlu günəbaxan tumunu necə çırtlayırdılarsa çırtıltı səsi səhnədən gələn səslərlə az qala rəqabət aparacaqdı. Bir tum qabığı dizinin üstünə düşdü. Götürdü, tumçırtlayan qonşularının yerdə yaratdıqları qabıq dağının üstünə tullamaq istədi, amma əli gəlmədi, cibinə qoydu ki, evdə zibil qabına tullayar.

İlo on metr hündürlükdə kəndirin üzərində mayallaq aşdı, ponilər paraddan keçdilər...

Bu nədir belə? Öncə nə baş verdiyini anlamadı, arenaya səsgücləndirici ilə üç nəfərin daxil olmasını tamaşanın tərkib hissəsi hesab elədi, di gəl, «Mərkəzi Mədəniyyət Evində xalqın sevimlisi, millət vəkili Kələntər Kələntərli ilə görüş keçirilir, hamınızı dəvət edirik!» bağırtısı tamam kefinə soğan doğradı, ani olaraq bayaq küçədə gördüyü bər-bəzəkli avtobusu qəzəblə xatırladı. Qodyavir Mixalıç bu üç şəxsi etik normalara riayət etməyə çağırıb onlardan arenanı tərk etmələrini tələb eləyəndə isə həmrəylik əlaməti olaraq o da yerindən durdu, tamaşanı pozmaq istəyənlərə tərs bir baxış tolazladı.

Meymunların hoqqalarını təlxəklərin məzhəkəsinin tamamlamasının ardınca sanki içəridə günəş doğdu, gözəllər gözəli Frayda sehrli gülümsəməsi ilə hamını ovsunlayaraq alışıb-yanan qızılı paltarında səhnənin tam ortasında, projektorlar tuşlanan nöqtədə yer aldı.

Aman Allah, bu qədər incəlik, elastiklik, ahəngdarlıq və bunlardan doğan bu qədər sehrkar gözəllikmi olardı? Fraydanın hər bir hərəkətinə, jestinə, mimikasına acgözlüklə tamaşa edirdi. Seyr üçün məhz birinci cərgəni - Fraydanın bir addımlığını seçdiyi üçün özünə «afərinlər» yağdırırdı. Bayaqdan bəri göynəməkdə olan əzilmiş barmağı da ağrıdan qurtularaq kirimişdi.

Uşaq vaxtı (gərək ki, yeddincidə oxuyurdu) arxın suyunun qarşısını kəsib öz bostanlarına axıdan atasından xəbərsiz, atasının sonradan «günah iş» adlandırdığı bir iş tutmuşdu, bağı-bağatı yanan qonşulara ürəyi yananlıqla suyun qarşısını açmışdı. Buna görə əvvəllər ona heç əl qaldırmayan atası bərk qəzəblənib ülgüclə qırxılmış başına ağır bir qapaz endirmişdi (Zərif dəriyə beş barmaq ölçüsündə necə qan sızmasını, güzgüdə bu ləkəni görüncə necə qorxmasını, anasının onu bağrına basıb necə ağlamasını heç unuda bilmir). O da qapazın ağrısından daha çox incikliyinin ağırlığı ilə evdən qaçmış, gedib talada məskən salmış qaraçı taboruna qoşulmuşdu. Deyib-gülən, oxuyub-oynayan, dolu-dolu süfrələr açan, küp-küp çaxır içən, daim şən qaraçıların ən çox bütün bədən əzalarının əsdirilməsi ilə müşayiət olunan «Flamenko» rəqslərinə, «Xaberoma» adlandırdıqları ətli-göyərtili şorbalarına, daha çox isə səmadakı quşlar qədərki azadlıqlarına aşiq olmuşdu.

Qaraçılardan qısa müddətdə yorğa at sürməyi, taxta üzərində oyma naxışlar vurmağı da öyrənmişdi. Qaraçı qanunlarını, xüsusən işə-gücə gedən qaraçıların bütün gündəlik qazanclarını gətirib rəngbərəng naxışlı dəmir sandıqdan ibarət ümumi xəzinəyə toplamasını, Baron adlandırılan başçı tərəfindən bu qazancın bərabər şəkildə bütün həddi-buluğa çatmış tabor sakinləri arasında (içlərində qocalar, şikəstlər də az deyildi) bölünməsini, «Heç bir qaraçı digərindən üstün ola bilməz» qaydasını uşaq təfəkkürü ilə hədsiz bəyənmişdi.

Üç gündən sonra gözüyaşlı atası bir neçə kənd adamıyla birgə gəlib onu tapanda heç geri dönmək istəmirdi. Hətta ona mehr salmış Baron onun qırxılmış başını göstərib «İnsanın xoşbəxtliyini tükləri daşıyır, biz lənətlənmişləri bu cür qırxırıq, sənsə bir parça uşağı gör nə hala salmısan», - söyləyərək, «Qoy bizimlə qalsın, sən onunla pis rəftar edirsən» qənaəti ilə atasına təpki göstərəndə ömürlük taborda qalacağına bir əminlik də yaranmışdı onda.

Amma anasının, bacı-qardaşlarının onunçün göz yaşı tökdüklərini eşitcək ürəyi yumşalmış, geri dönməyə razılıq vermişdi. Sonradan da, az qala hər gün, ta ki qaraçılar çadırlarını söküb köç edənədək, gəlib uzaqdan qəhərlə bu azadlıq və bərabərlik yuvasını seyr etmişdi...

Qırmanclı atlı çıxışa başlayanda səsgücləndiricili mərdimazarlar yenidən, özü də daha inamla, özlərinə güvənlə arenada peyda oldular, qanını bir daha qaraltdılar, Kələntərli ilə görüşdə iştirak edən hər bir kəsə həm Kələntərlinin nəfis tərtib olunmuş fəaliyyət proqramı, həm də əlli manat məbləğində əskinas hədiyyə olunacağı xəbərini qapqara ləkə kimi bu al-əlvan gözəlliyə pərçim elədilər. Bir anda zalda uğultu qopdu, onu gördü ki, adamlar durub çıxışa doğru getməyə başlayır. Səsgücləndiricinin «Tələsin, yerlər məhduddur!» elanı eşidildikdə isə giriş qapısı önündə əsl tünlük yarandı.

Ani olaraq təsəvvürünə belə bir şey gəldi: insan dünyaya gələn kimi onu tamah vəzindən axtalayırlar...

Qırmanclı atlı çıxışını bir an da olsa dayandırmır, ağlagəlməz tryuklar nümayiş etdirirdi. Hətta dəridən-qabıqdan çıxan atın da, sanırdın ki, gözlərində insanlara xitabən «Nə olar, dayanın, getməyin» yalvarışı hiss olunurdu.

Arena tam boşalmaqdaydı...

Yanında oturan uzunburun, iridiş kişinin getmək istəməyən oğlunu az qala sürüyə-sürüyə, «Ə, əlli manata beş kilo ət düşür e» sözləri ilə tərkisilah edərək arenadan çıxarmasını, Qodyavir Mixalıçın gedənlərin qarşısına keçib onları geri qaytarmaqçün dilə tutmaqdan ibarət mənasız çabalar göstərməsini ürək ağrısı ilə seyr etdiyi zaman bayırdan guppultu qopdu. Giriş qapısından görünən küçə mənzərəsinə boylananda arenadan çıxan izdihamın dar girişdən keçərkən basabas yaradıb qoruyucu hasarın bir hissəsini aşırdığını gördü. «Dünyanı mədəniyyət xilas edəcək!» sözlərinin «mədəniyy» yazılmış dörddə bir hissəsi ayaqlar altında taptalanmaqda idi, fərqinə vardı ki, arxası ona olan şüarın yalnız miskin «Dünyanı ət xilas edəcək!» sözləri qalıb.

Sonrakı saat macərasız, sakit məcrada keçdi. Cəmi iki tamaşaçı qalmışdı, o və üzbəüzdə əyləşmiş orta yaşlı kişi. Teatr və balet truppası, orkestr, sonra yenidən meymunlar və klounlar yalnız onların ikisi üçün tamaşa verdi (Naxələf barmağı əzilməyə vaxt tapdı da. Axı, gedənlərin yerinə alqış yağdırmaq ona düşmüşdü).

Özü təki düşünən başqa birisinin də mövcudluğuna çox sevinirdi, hətta gözlərində sevinc yaşı da gilələnmişdi. Tamaşanın axırlarına yaxın yerini dəyişdi, gedib ikinci tamaşaçının (adını öyrəndi, Cumalı imiş) yanında əyləşdi, axıradək tamaşada qaldığı üçün minnətdarlıq bildirdi. İkinci tamaşaçı əlini onun çiyninə qoyaraq deyəndə ki, o şəxslər elə bilirlər, hər şeyi pulla həll etmək olar, əslində isə belə deyil, yanılırlar, bu gözəl sözlərin içini silkələdiyini hiss etdi, az qaldı, durub bağrına basaraq bu şəxsi öpsün.

İkinci tamaşaçı ardınca da dedi ki, mən bədbəxt adamam, kağız pula allergiyam var, elə ki əlimə alıram, üstümdə gəzdirirəm, bütün bədənim qaşınıb köppə-köppə səpir.

Yox, quşcuğaz nə gəzirdi, yəqin yenə onu qara basırdı.

Orkestrin notları nəsə kədərli görünürdü, meymunların hərəkətlərində nəsə bir ağırlıq duydu, Kxamalonun növbəti gülüş payı nəsə bir qədər acı, qəhərli gülüş kimi gəldi ona.

Tamaşa bitəndə və Qodyavir Mixalıç səhnəyə çıxıb qəhərli səslə indi hər yerdə – Amerikada da, Avropada da, Asiyada da mədəniyyətin gözdən düşdüyünü, dəyərsizləşdiyini vurğulayaraq, hər halda, tamaşanı sona yetirməyə arenada tamaşaçı qaldığı üçün özünü xoşbəxt sandığını dilə gətirdiyi anda o, insanlar barədə duşunməyə başladı. Hər bir insan güclüdür, həm də güclü olduğu qədər zəifdir. Gücün növbəsi çatanda qurub-yaradır, savablar qoyur ortaya. Amma zəifliyin növbəsi çatanda uçurub-dağıdır, günahlar törədir. İnsanın həqiqəti güclülüyündə, yalanı zəifliyində, ədaləti güclülüyündə, haqsızlığı zəifliyindədir. Eləcə də humanizmi və xeyirxahlığı da eqoizmi və qəddarlığıyla, müvafiq olaraq, birinciylə ikincinin tərəfində rəqabət aparır.

Qodyavir Mixalıç hələ də səhnədə idi, bayaq məmurun bağışladığı büllur vazı gətizdirib «Siz iki nəfərsiz, amma əfsus ki, mən cəmi bir hədiyyə verə bilərəm, hədiyyəni bölmək mümkünsüzdür deyə çıxılmaz vəziyyətdə qalmışam...» tərəddüdünü nümayiş etdirirdi.

Hədiyyə qeydsiz-şərtsiz onun olmalıydı. Bədənin qaşınıb köppə-köppə səpməsi səbəbi mədəniyyətə aşiqlik səbəbini heç bir vəchlə üstələyə bilməzdi. Qiymətləndirilməyi, dəyərləndirilməyi məcburən sevməyə başlamışdı. İçində yorğunluğundan dolayı toplaşmış məğlubiyyətə bənzər hisslərini sığallayıb uyutmaqda olan bir qələbə hissinin cövlan etdiyinin fərqində idi.

«Eh, eloğlu, sən bizim dərdimizi bilsən dəsmal götürüb ağlayarsan e. Qızıma fərli cehizlik düzəldə bilmirik, kaprizli qudaların qarşısında gözükölgəliyik. Bu, xalis çex büllurudur, başım çıxır. Evə aparsam uşaqların anasıyla qızım heç bilirsən necə qol götürüb oynayarlar?», - sözləri sual ünvanlanaraq cavab gözlənilirmiş kimi ona tuşlananda ani olaraq duruxub qaldı (Axı hardan bilirdilər onun bu yaralı yerini?!).

Xeyli vaxt keçəndən sonra ağ gəlinlikdəki gənc qızın büllur sevinci naminə razılıq əlaməti olaraq ağır-ağır başını tərpətdi.

Cumalı kişi az qala qaçaraq səhnəyə çıxıb büllur vazın parıltısına qarışmış göz işartısını nümayiş etdirəndə o, artıq arenadan çıxmışdı, evə doğru gəlirdi. Başının üstündə bomboş səmaydı.

Binalarına necə çatdı, üstdəki qonşunun zərfini necə verdi, mənzilə necə girdi, boyat çörək dilimini (pendir qurtarmışdı) bir stəkan açıq rəngli çayın müşayiəti ilə necə yedi, əzilmiş barmağı ağrıdımı, televizorda hansı proqrama baxdı, yerinə nə vaxt uzandı, xəbəri olmadı. Bircə onu gördü ki, gecə lampasını yandırıb və kitabı dayandığı yerdən oxumağa davam edir:

«...17-ci əsrin ortalarında mogikanlar öz ticari əlaqələrini genişləndirməkdə idilər. Onlar dəri alveri ilə məşğul olur, get-gedə zənginləşir, bununla da özlərinə rəqib moxokların timsalında düşmən formalaşdırırdılar. Xırda insidentlər 1664-cü ildə şiddətli müharibəyə çevrildi, kəndlər yandırılır, insanlar qarışqa kimi qırılırdı...»

Görəsən, artistlər yola düşdülər? Amma yox... Arenanı sökmək elə nə qədər vaxt aparar. Yəqin sökmək işinə obaşdandan başlayıb sabah axşamüstü də yola düzələrlər...

«Yalnız 1669-cu ildə tərəflər, guya, sülh bağladılar. Hər şeydə dürüst olan mogikanlar düşmənin «sülh» tələsinə düşəcəklərini ağıllarına belə gətirməzdilər, ancaq moxoklar silahı yerə qoymuş mogikanlara qəfildən hücum edib böyük üstünlük qazandılar...»

Cumalı kişinin qızı indi necə sevinir... Allah xoşbəxt eləsin, yarıyanlardan olsun.

«Hofmans – Ferri adlı ərazidə mogikanlar həlledici məğlubiyyətə məruz qaldılar. Moxoklar əsirlərə belə aman vermədilər...

Əsrin əvvəlində say hesabı 35 min nəfər olan mogikanlardan 1672-ci ildə cəmi min nəfər qaldı. Qəfil başlayıb tüğyan edən çiçək epidemiyası isə bu say hesabını da yarıbayarı azaltdı...»

Gecənin rəngi, sanırdın ki, əvvəlkilərdəkindən tünd idi. Anasının nənəsi danışarmış, o vaxt NKVD-çilər həyat yoldaşını aparanda da gecənin zil qaranlığında aparmışdılar. Səmada cəmi bir ulduz var imiş. Solğun, öləziyən bir ulduz.

Ulu babası, deyilənə görə, çox elmli şəxs imiş, illərin müşahidələrini, araşdırmalarını beyninin bir hücrəsinə toplayıbmış, beynində kitab yazırmış. Ancaq həmin o kitabı vərəqlərə köçürməyibmiş. Dostları, yoldaşları təkid etsələr də, Bakıdan böyük alimlər gəlib dilə tutsalar da beyin kitabını üzə çıxarmayıbmış ki çıxarmayıbmış. Həyat yoldaşına gizlincə bir-iki kəlmə deyibmiş həmin qan qoxulu illərdə. Deyibmiş, əlyazmaları yandırılanlar bir cür, kitabları yandırılanlar başqa cür bədbəxtdirlər. Fərqi yoxdur, bəxtin gətirib birincidən olmadınsa, mütləq ikincidən olacaqsan. Bu məmləkətdə bütün ağıllı vərəqlər tonqalları alovlandırmaq üçündür.

Yatağından durub pəncərəyə yaxınlaşdı, səmaya boylanmaq istədi. Ancaq qorxdu ki, orada cəmi bir, özü də solğun, öləziyən ulduz görüb lap məyus olsun.

Qayıdıb yenidən qırmızı üzlü kitaba sarmandı.

«...18-ci əsrin ortalarında azsaylı mogikanlar öz yurdlarında olduqca ağır məhrumiyyətlərlə üzləşdiklərindən Şərqə – Stokhicə köç etdilər. Hindu torpaqlarında ağalıq edən ingilis və fransız müstəmləkəçiləri həmin dövrdə daim öz aralarında münasibətləri ayırd etməyə çalışırdı, evləri dağılan, əkin sahələri yandırılan hindu tayfaları isə neytral qala bilməyib öz mövcudluqlarını qorumaq üçün mütləq tərəflərdən birinə sığınırdı...»

Görəsən üstlərindəki qonşunun Kənd Təsərrüfatı Nazirliyində tanışı var? Elə-belə adama oxşamır. Həmişə kostyum geyir, qalstuk taxır...

«...Mogikanlar Yeddiillik müharibədə ingilislərin tərəfində fransızlara qarşı silah qaldırdılar, 1776-cı ildə ABŞ-ın müstəqilliyi uğrunda gedən müharibədə isə on üç qiyamçı əyalətin müstəqillik mübarizəsinə qoşulub Britaniyaya qarşı vuruşdular. Hökmdarları Hendrik Opomut elan eləmişdi ki, biz həqiqətin, ədalətin tərəfində olaraq öz insanlığımızı nümayiş etdirək, yəqin bu jestimiz cavabsız qalmaz...»

Son cümləni oxuyanda artıq işıqlaşırdı.

«...Amma müharibəni qalibiyyətlə bitirib ABŞ-ın müstəqilliyini elan edən hökumət mogikanların şücaətini qiymətləndirmək əvəzinə onların torpaqlarında zorən öz ağdərili vətəndaşlarını yerləşdirdi. Get-gedə sıxışdırılan sonuncu mogikanlar məyus halda Viskonsin ştatında irokezlərin verdiyi sığınacağa üz tutdular. Orda da yerli tayfaların içində əriyərək yox oldular...»

...Günəş öz şəfəqlərini pəncərədən içəri salanda o, artıq «Səhər proqramı»na baxa-baxa nahar eləyir, kərpicsifət xanımgilin bazar meydanından hazırladıqları sorğunu candərdi izləyirdi. Respondentlərdən soruşulurdu ki, sizə ən çox nə hədiyyə edilməsini istəyərdiniz.

Saatını masanın üstündən götürüb qoluna bağladı. Həyatında aldığı ilk və yeganə hədiyyəydi bu. Universitetə qəbul olunma xəbəri gələndə atası babat bir məclis qurmuşdu. Bu saatı da ona Əli dayısı hədiyyə etmişdi. Saatdan saata da fərq var. Bu, saat deyildi, sanki bir dost idi, sirdaş idi ona. Bəzən hətta biləyindən çıxarmağa da qıymaz, gecə onunla yatardı. Xüsusən günəşli günlərdə bir parıldamağı vardı ki. Tünd göy siferblatı və qara kəmərciyi gümüşü korpusuna və gümüşü əqrəblərinə, rəqəmlərinə xüsusi gözəllik gətirirdi.

Görəsən, ondan soruşulsaydı, nə hədiyyə edilməsini istəyərdi? Qəti bir fikrə gələ bilmədi.

Bazar meydanında bir neçə dəfə özü də kameramanlara tuş gəlmişdi. Suallar da həmişə məişət tipli olurdu. İlk dəfəsində teleçəkilişə biganə qala bilməyərək «Hansı markadan geyinirsiniz?» sorğusuna, azacıq düşünüb, «Qardaş moll-dan» cavabını vermişdi. Jurnalistsə «Ora haradır» sualına aldığı «Yəni, böyük qardaşımın köhnələrini geyinirəm» cavabının müqabilində əsəbiləşmiş, «Bunun başı xarabdır ki» hökmünü vermişdi. Sonrakı dəfələrdə televiziyaçıların suallarını eşidib cavabsız buraxmışdı, amma bir dəfə gün haradan doğmuşdusa «Ən çox sevdiyiniz bədii qəhrəman kimdir» sualı qoyulmuşdu, o da həvəslə «Don Kixot» cavabını vermişdi, «Niyə»sini isə «Çünki mənasız çabalardadır, yel dəyirmanları ilə vuruşur»la cavablandırmışdı.

Olduqca yoxsul görkəmli bir yeniyetməni danışdırırdılar (Operator qəsdənmi, ya bilməyərəkdən onu tam obyektivə gətirmişdi, cırıq sandalından yalın baş barmağı bayıra çıxırdı). Yetim imiş. Deyirdi, ən böyük arzum mobil telefonumun olmasıdır, təzəsi ilə işim yoxdur, ancaq telefon dükanında işlənmiş bir telefon satırlar, cəmi on beş manata. Deyirdi, kaş, möcüzə baş verəydi, bu verilişə baxan imkanlı adamlardan biri onu alıb mənə hədiyyə edəydi...

Yeniyetmə o qədər məsum idi, o qədər məsum idi ki... Həm də, elə bu dəqiqə kiminsə o telefonu alıb ona verəcəyinə inanırmış qədər sadəlövh körkəmdəydi...

Pendir də vaxt tapdı qurtarmağa. Çörək pendirsiz heç getmir...

Barmağı isə hələ də zoqquldayırdı...

Birdən diqqətini kərpicsifət xanımın studiya qonaqları çəkdi. Bu ki Qodyavir Mixalıçla Cumalı kişidir! Yerindən sıçrayıb düz ekranın qarşısına gəldi, böyük maraq içində bütün diqqətini proqrama yönəltdi. Həyatdan tanıdığı insanları ekranda görmək ayrı bir hiss oyatmışdı. Həm də dünənki tamaşa anbaan şüurunda təkrarlanıb içini rahatlamağa başlamışdı.

Aparıcı inanılmaz hadisə barədə danışırdı, deyirdi, şəhərimizə qastrola gəlmiş səyyar incəsənət qrupunun dünənki çıxışını fövqəladə bir hadisə (hadisənin nə olduğunu açıb ağartmadı) az qalmışdı pozsun, butun tamaşaçılar arenanı tərk etdilər, yalnız bir nəfər – bax bu Cumalı dayı mədəniyyətə sevgisini göstərib sonadək qaldı, artistlər də yalnız onunçün çıxış etdilər.

«Elə deyil axı!», - deyə öz-özünə mızıldandı.

Cumalı kişi bol-bol tərifləndikcə tərif boğçasını kişiyə qısqandığını, içinə sonsuz qəhər dolduğunu hiss etdi, gözləri ilə studiya masasının üstündəki hər şeyə bais büllur vazı tapıb sərt baxışları ilə çiliklədi.

İnanılmaz şeylər baş verirdi! Cumalı kişiyə Bakıda bütün teatrlara, konsertlərə bir illik pulsuz abonementlik (guya elə lazımı idi?), «Ən yeni dünya ədəbiyyatı» yüzcildliyi (bunu eşidəndə ürəyində sancı da duydu) hədiyyə edilirdi, hətta Milanın La-Skala teatrına və Parisin Luvr muzeyinə (İlahi, xoşbəxtliyin hüdudsuzluğuna bir bax) ekskursiya putyovkası da.

İndi Cumalı kişinin yerinə həmin o ağ kresloda necə rahatlıqla əyləşəcəyi (kreslo həmən cırıldayacaqdı), əldə etdiyi imtiyazları necə məmnunluqla qəbul edəcəyi (sevincindən gözləri yaşaracaq, əlləri əsəcəkdi), ailəsinin verilişə baxıb necə fərəhlənəcəyi (anası mütləq qol götürüb oynayacaqdı) ehtimalı içini ağrıtdıqca böyük konsert salonları, teatr və muzey zalları üstünə çökür, başına saysız-hesabsız daş kitablar yağırdı.

Amma ara-sıra gözünün qarşısında ağ gəlinlik libasında pərvaz edən gülümsər çöhrəli bir qız da gəlib dayanmaqda idi. Nə idisə, o qız simaca Cumalı kişiyə əsla bənzəmirdi, hətta dərinə getdikdə bir suyu öz atasına, ondan da adlayanda kamodun üzərindəki kiçik çərçivədə qərarlaşmış dərin düşüncəli kişinin qədimi simasına bənzəyirdi.

Bir anda qızın xoşbəxtlik yağan çöhrəsindən qopan qığılcımlar ətrafda əsl atəşfəşanlıq yaratdılar, nəsə bir yüngüllük, rahatlıq yağdı bu rəngbərəng dairələrdən, konuslardan, ulduzcuqlardan...

Pəncərə çırpıldı. Külək qalxıbmış. Yaxşı ki, şüşə çiliklənmədi. Cəld sıçrayıb cəftəsini bağladı. Bayıra bir baxış atdı. Hər səhərki kimi süd maşını yolun kənarında lövbər atıb növbəyə dayanmış əliqablı camaat üçün boşalmaqda, çörək dükanından yupyumru, qıpqırmızı çörəklər əl-əl, zənbil-zənbil daşınmaqda, trotuarlar boyunca kağız və sellofanlardan ibarət zibil kütlələri uçuşmaqda idi. Hətta qarşı binadakı sevgilisinin evdən çıxmasını siqaret çəkə-çəkə gözləyən oğlanın duruşu, baxışları, dirək ayağını tez-tez dəyişməsi də həmişəki kimi idi.

Kərpicsifət xanım Qodyavir Mixalıça söz verərkən televizor azacıq xırıldadı, görüntü itdi, dərhal da hər şey düzəldi. Qodyavir Mixalıç dünyanı doğrudan da mədəniyyətin xilas edəcəyini söyləyib bu şüara sübut olaraq dünənki «çp» zamanı (aparıcının him-cimlərinə məhəl qoymayaraq o, «çp»-nin mahiyyətini açıqladı) pul dalınca qaçmayan, arenada Cumalı kişi ilə birgə qalan gənc bir oğlanın da mövcudluğunu bildirəndə hiss etdi, içinə hədsiz sevinc dolur, kövrəldi, gözləri yaşardı. Di gəl, Cumalı kişi kobud tərzdə mikrofonu qaparaq söylədiyi sözlərlə dünyasını tam zülmətə qərq etdi:

- O gənc mənimlə yanaşı oturmuşdu. Onun əlli manatın dalınca getməməsi mədəniyyətə sevgisi səbəbindən deyildi. Özü mənə etiraf etdi ki, sadəcə, kağız pula allergiyası var, toxunanda bütün bədəni qaşınır, köppə-köppə səpir...

Bu dəfə qanadlarını üz-gözünə çırpan quşcuğazı necə də canlı hiss etdi...

***

...Universitetdə çox kədərli görünürdü. Hərdən rəvan, nizamlı, ütülü-sığallı nə varsa hamısını dağıdıb tökmək, alt-üst etmək zorunda qalması hissiyyatı ilə qiyam etmək dərəcəsinədək öz vücudunu silahlandırır, səngərə atır. Gəl ki, elə yaraq-yasağının ağırlığı altında inləyərək təpərini itirir, özü açmaq istədiyi savaşa özü də ağ bayraq qaldıraraq təslim olur...

Zivər dəfələrlə ona yaxınlaşıb kədərinin səbəbini öyrənməyə çalışsa da bir cavab ala bilmədiyindən, sonda bunu sevgi dünyalarını uçurub-dağıtmaq istəyən üçüncü qüvvənin mövcudluğuna yozdu, lazım gəlsə, sevgilisini əlindən almaq istəyən o ləçəri parça-parça edəcəyini bildirdi.

Mehmanın uğunub gedə-gedə dünən oteldə törətdikləri həngamədən danışıb bugünkü planlarını dilə gətirməsini dinləmək məcburiyyətində qaldıqca (gecə barında qızlarla əylənəcəkdilər, bəlkə də qızların arasında dünən oteldən təhqir edərək qovduqları da olacaqdı), elə hey bu sapsarı «cəngavərə» sual vermək istəyirdi ki, barı, bilirsənmi, hansı əsərin qəhrəmanının adaşısan?

Yaxşı ki, qrup nümayəndələri Barat onun yaxasını Mehmanın şit söhbətindən qopara bildi, çəkib Mehmanı apardı.

Baratı digər tələbə yoldaşlarından bir qarış üstün görür. Ötən il olduqca tələbkar olan, yalnız biliyə qiymət verəcəyini bəyan edən bir müəllimləri vardı, qrup yoldaşları qərara almışdılar ki, bu müəllimin kobudluğu, dərs apara bilməməsi, qrup qızlarına əxlaqsız təkliflər etməsi barədə rektora uydurma şikayət ərizəsi yazsınlar. Bütün qrup ərizəni imzaladı, təkcə ondan savayı. Belədə, yoğunbilək bir tələbə yoldaşları var, Talıb adında, yoğun barmaqlarıyla onun xirtdəyindən yapışdı ki, niyə sən hamıdan fərqlənmək istəyirsən, özünü fövqəladə adam kimi aparırsan? Bax onda Barat ortaya girib onu Tələtin əlindən aldı, dedi, əslində, ən adi adam odur, biz hamımızıq fövqəladi adamlar...

Dekanlığın yanından keçirdi, iki tələbə oğlanın ətrafdakılara məhəl qoymadan söyüş söyərək danışdıqlarını gördü, üstlərinə getmək istədi, ancaq ayaqları sözünə baxmadı.

Görəsən tütün məsələsinin axırı nə olacaq? Banka gedib atasıgilin kreditinin gecikmə faizinə faiz hesablanmasına rüsxət ala biləcəkmi?

İkinci mərtəbənin pilləkan meydançasında bir oğlanın əlindəki açarla təzəcə təmirdən çıxmış divarı cızaraq hansısa qıza sevgi etirafı yazmasına da müdaxilə etmədi, laqeydliklə yanından keçdi.

Ahıllar evindəkilər onun müğənni gətirə biləcəyinə inanmışdılar, çox sarsılacaqlar.

Auditoriyada növbəti dəfə Zivərin sual-cavab atəşindən (Sən elə bilirsən, mən bilmirəm məni kimə dəyişirsən? Guya bilmirəm, dünən Könüllə necə qucaqlaşmışdın? Düzünü de, onun nəyi məndən artıqdır? İnan ki, özümü öldürəcəm, buna dözə bilmərəm. Bunu istəyirsən?) qurtulub, həyatında ilk dəfə dərsdən yarımçıq çıxmağı qərarlaşdırdı. Heç kimə heç nə demədən qırmızı üzlü kitabını qoltuğuna vurub auditoriyanı tərk etdi.

Yaxşı, birdən o ifritə doğrudan da onu evdən çıxartdı, neyləyəcəkdi?

Akt zalının qarşısından keçərkən aşağı kursun nazlı-qəmzəli, şık geyimli bir neçə qızının bu səhər efirdə gördükləri və bahalı mobil telefonlarına çəkdikləri cırıq sandaldan çıxan baş barmağın görüntüsünü qəhqəhə çəkərək lağa qoymalarından lap sarsıldı, «Bu lap ağ oldu» söylədi, bu biabırçılığa sakitcə şahidlik etməyəcəyinə əminlik hiss etdi. Amma ayaqları yenə sözünə baxmadı, dayanmadan oradan da keçib getdi. Lap təəccübləndi. Yəni səhərki məsum yeniyetmənin müdafiəsinə qalxmayaraq bu bərbəzəkli gəlinciklərin üstlərinə yeriməyən, onlara haqsız olduqlarını qəzəblə söyləməyən omu idi?

Bəlkə doğrudan da yorulmuşdu?

Bəlkə o quş Universitetin hansısa açıq qalmış pəncərəsindən elə indicə içəri soxulacaq, gəlib elə buradaca onu tapıb «salam əleyküm» deyəcəkdi?

...Kitabın postskriptumunu Professorgilə gedərkən avtobusda oxuya bildi:

«...The Last of the Mohicans – Sonuncu mogikan hazırda hansısa sosial qrupun son nümayəndəsinə, öz dövrünü başa çatdırmış hansısa insan fəaliyyətinin, hansısa ideyanın, köhnəlmiş qaydaların tərəfdarına deyilir...»

***

...Professorun toz basmış, saralmış əlyazmalarını taqqıltıyla kompüterin yaddaşına köçürür, arabir ev xanımının gətirdiyi tünd, qaynar çayı xırda doğranmış kəllə qəndlə ləzzətlə qurtumlayırdı (Xanım təkid etsə də heç vaxt onlarda yemək yeməzdi).

Professora dünənki tamaşa, Fraydanın gözəlliyi və məftunedici ifası barədə danışırdı. Avtobusla bura gələrkən səyyar dairəvi arenanın necə söküldüyünü görməsini xatırlayıb tamam qüssə yağmuruna qərq oldu, ruhdan düşdü, köks ötürdü. Yəqin ki, bir də heç vaxt həyatında Qodyavir Mixalıçı, İlonu, Baxtini, Kxamalonu (Fraydanın adını qəsdən çəkmədi. Bildi, çəksə tam üzüləcək) görməyəcək, buz sükutu çiliklənmiş o səs-sədayla, boz gerçəkliyi rənglənmiş o al-əlvanlıqla qolboyun olmayacaq.

Kaş ki nəsə bir xatirə saxlayaydı o tamaşadan. Lənətə gəlmiş nəzarətçi, barı, biletin «nəzarət» hissəsini kəsib qalanını qaydaya uyğun olaraq qaytarsaydı...

Ani olaraq yadına yanında oturmuş uzunburun, yekədiş ata-oğul düşdü, əlini şalvarının cibinə salıb günəbaxan tumunun qabığını tapıb çıxartdı. Dünənki gözəlliyin yeganə şahidini sevgi dolu baxışlarına tuş elədi.

Professor bu gün bir az nasaz idi, qan təzyiqi yüksəlmişdi. Arada həyat yoldaşı gəlib təzyiqini ölçdü, «Bir az düşüb, doxsanın yüz qırxadır» deyib azacıq ürək-dirək verərək getdi.

Klaviatur elə bil korşalıb, bəzi hərflər ancaq iki-üç dəfəyə istək icra edir. Oo, nə yaxşı, internet var imiş. Axtarış xəttinə «allergiya» sözünü yazdı.

«Allergiya. Yunancadan hərfi tərcüməsi «başqa təsir» deməkdir. Müxtəlif allergik əşyalar orqanizmə təsir göstərib qaşınma, səpki, göz sulanması, asqırma, baş gicəllənməsi kimi əlamətlərlə özünü göstərir...»

İçini çəkdi. Demək, «başqa təsir»miş allergiya! İnsanlar «Mənim filan şeydən (tozdan, müxtəlif dərman preparatlarından, sitrus və çiyələk kimi bəzi qidalardan) allergiyam var» deyirlər (bəzilərinin kağız əskinaslardan allergiyası olmasını qəsdən xatırlatmadı), həmin nəsnələrdən uzaq durmağa çalışırlar. Eynən, yaxşılıq etmədikcə, mərhəmət göstərmədikcə, əslində, insanlarda yaxşılığa, mərhəmətə qarşı da allergiya yaranır. İntəhası, bu, digərlərindən fərqli olaraq etiraf edilməyən, gizli saxlanılan «başqa təsirdir»!

Adəti üzrə Professorla bir qədər Qarabağdan, zəmanənin sərt üzündən də danışdılar, «Səhər proqramı»nda gördüyü, ən böyük arzusu on beş manatlıq mobil telefon olan yeniyetmənin məsumluğundan da söz açdı, Professor nə oxuduğu ilə maraqlanıb qırmızı üzlü kitabı əlinə götürdü, vərəqlədi, içini çəkərək söylədi:

- Çox həssassan. Mən də gəncliyimdə çox həssas idim. İndi görürsən də, təzyiq aman vermir. Gəncliyində həssas olanlar yaşlaşanda dönüb mütləq meteohəssas olurlar.

Barmaqları kompüterin düymələrində idi, düşüncələri isə kənd-kəsəyə – doğmalarının yanına qaçmışdı. Bütün kənd bu il bankdan kredit pul götürüb tütün əkib becərmişdi. Amma sifarişçi tütünü qəbul etmirdi, deyirdi, qurudub verin (Belədə tütünün çəkisi xeyli yüngülləşdiyindən qazancı da ikiqat artacaqdı). Tütün qurutmaq üçün şəraitləri olmayan insanlar isə bank faizlərinin yükü altında evlərindən qatar-qatar tütün yarpaqları asmağa məcbur qalmışdılar. Tütün yarpaqları ilə nəfəs alan doğmalarının səhhəti ilə bağlı narahatçılıq keçirirdi, tütünün sağlamlığa, xüsusən ağciyərə, nəfəs yollarına zərərini gözəl bilirdi, tütünün həm də fasiləsiz təmas nəticəsində düşüncə tərzinə basqısından, kütləvi psixoz yarada bilmək qabiliyyətindən, fərdiləşməni eqalitarizmə yönləndirməsindən də xəbərdar idi.

Amma daha çox tütünlə bir otaqda qalan babasının kitabları üçün narahatçılıq keçirirdi...

Nədisə ürəyi açıldı, Professora qara rəngin sonsuz basqısı, tütün sifarişçiləri, kirayədə qaldığı mənzilin sahibəsi, tələbə yoldaşları Mehman və Tələt, çayxanadakı gənclər, İlkanə adlı müğənni, aşağı kursun bər-bəzəkli gəlincikləri, Cumalı kişi barədə danışdı, bir qədər bezdiyini, yorulduğunu söylədi, hətta ovuc içinə sığışan əlvan quşcuğazın mövcudluğundan da söz açdı.

Yox, kompüterin mausu əsla yaxşı işləmir, dəyişmək lazımdır onu da.

Xanım çayları təzələmişdi. Kəllə qəndlə tünd çay çox ləzzətliydi. Professorun baxışları yayınanda qənd tikələrini iki-bir, üç-bir ağzına atırdı. Nə vaxi idi bu qədər şirin şey yemədiyindən başının azacıq fırlandığını, bu qədimi mənzilin qədimi əşyalarının yerindən oynadığını da hiss etdi.

Tələsmək lazım idi, birdən, Bazar meydanında köhnə-külüş alıb-satan alverçi köşkünü bağlayıb gedərdi. Ona saatını on beş manata təklif etmək qərarına gəlmişdi.

Professor nəsə danışırdı, fikrini cəmləyəndə nə dediyindən agah oldu. Deyirdi, dədə-babalar illərdir bizlərçün işıq, istilik rəmzi olaraq şamlar yandırıb qoyublar, amma indi hərə həmin şamların birini söndürməkdədir. Gün gələcək, ən son şamı da söndürəcəklər, işıqsız, istiliksiz qalacağıq. Və sual edəndə ki, bundan qorxmursan, gözünü saatından ayırıb udqunaraq «yox» dedi.

Professor dərin heyrət içində sualını təkrarladı:

- Necə?! Sən ən son şamı söndürmələrindən, işıqsız, istiliksiz qalacağımızdan qorxmursan?!

Eyni qətiyyətlə yenidən «yox» dedi.

- Niyə?!

- Çünki günəşi ki, söndürə bilməyəcəklər?!

***

...Bazar meydanına gedəndə yolu səyyar arenanın yanından keçmədiyi üçün bərk təəssüfləndi. Ancaq dəqiq bilirdi və bunu bildiyinə görə olduqca xoşbəxt idi ki, görmə bucağındakı insanlardan, avtomobillərdən, ağaclardan, binalardan bir qədər aralıda, hətta ola bilərdi, qatarda, təyyarədə, bərədə, bəlkə də artıq sərhədlərdən o yanda ağappaq, ipilıq, simsirli bir gülüş mövcuddur.

Hava çox sakit, küləksiz idi.

Alverçinin köşkünə çatdı, saatını qolundan açdı, gözlərinin dolduğunu hiss etdi...

SON

30.10.2017 - 3.12.2017

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.