Super User

Super User

Martın 3-də “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) əsas təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun (TİF) təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və “ASAN Könüllülər” Təşkilatının dəstəyi ilə baş tutan II Kitabqurdu Payız Oxu Marafonunun mükafatlandırma mərasimi keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına ANAİB-dən məlyumat verilib.

 

Görüş “Başkent” restoranında baş tutub. Tədbiri giriş nitqi ilə açan ANAİB-in katibi Nurman Tariq marafonun təşkilindəki məqsəddən danışıb. Bildirib ki, əsas məqsəd yerli yazıçıların təbliği, kitab bazarının dirçəldilməsi və mütaliəyə təşviqdir.

Katib çıxışı zamanı qaliblərə təbriklərini çatdırıb, təşkilatçı və dəstəkçi qurumlara da təşəkkür etməyi unutmayıb.

Münsiflər heyətinin üzvü və marafonun aparıcısı olan “Hədəf Nəşrləri”nin direktoru Nizami Hüseynov çıxışında qeyd edib ki, ötən marafonla müqayisədə bu marafonun sualları xeyli çətin olsa da, finalçılar öhdəsindən layiqincə gəliblər.

Layihənin ideya müəllifi və rəhbəri, eyni zamanda,“XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy başda qaliblər olmaqla bütün marafon iştirakçılarını təbrik edib.

Prosesin görünməyən tərəfindən danışan layihə rəhbəri, növbəti marafonla bağlı müjdə də verib.

Marafon müəlliflərindən olan Elçin Əzimli, Kənan Hacı və Elay iştirakçıları təbrik edib, onlara uğurlar diləyiblər.

AGMA sədri Səkinə Həsənli, “ASAN Könüllülər” Təşkilatının sədr müavini Ayşən Camalova da öz növbələrində qalibləri təbrik edib, bu kimi marafon və yarışların təşkilində maraqlı olduqlarını, lazımınca dəstək verəcəklərini bildiriblər.

Çıxışlardan sonra qaliblərə diplom və mükafatlar təqdim olunub:

 

Ülviyyə İsrafilova – I yer – 3000 AZN

Aytən Məmmədova – II yer – 2000 AZN

Kəmalə Tağıyeva – III yer – 1000 AZN

 

Sonda marafon iştirakçıları tərəfindən ən çox bəyənilən “Çağrı” romanının müəllifi Elçin Əzimli xüsusi mükafatla təltif olunub.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2024)

Cümə axşamı, 07 Mart 2024 09:30

Şəhidlər barədə şeirlər – Pəhli Qəribov

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Pəhli Qəribova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

PƏHLİ XALƏDDİN OĞLU QƏRİBOV

(17.09.1993.-08.01.2020.)

 

Kürdəmirdən olan Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

 

 

                      PƏHLİ

 

Sən, Vətəni canından, Pəhli, artıq sevirdin,

Adını  əməlinlə ölməz ada çevirdin.

Yazıldın döyüşməkçin  könüllü  ordumuza,

Dedin, zəfər yaraşır, müqəddəs yurdumuza.

 

Uşaqlıqdın hamıya sevimli, əziz idin,

Xəyalların bir aləm, arzular dəniz idin.

Əsgərlikdə olanda   göstərdin  əla xidmət,

Fəxri fərmanlar, saat - halal mükafat, qiymət.

 

Həmişə gözləyirdin, Komandanın əmrini,

Bitirmək vaxtı gəldi  kafirlərin ömrünü.

Necə ürəklisənmiş, necə də mətanətli,

Düşməni məhv eyləyən  əsgərdin - şücaətli.

 

Döyüşdün Füzulidə, Cəbrayılda qeyrətlə,

Yağılar  qaçırdılar qorxu ilə, heyrətlə.

Düz qırx dörd gün döyüşdün, getdin Şuşaya qədər,

Düşmən kədərə batdı, ömrünü aldı kədər.

 

“Biz qalib gələcəyik”, - söykənərək inama,

Səkkiz noyabrda sən  çatdın ali məqama.

Müqəddəs bayrağımız Şuşada dalğalanır,

Mənfurlar,  məsləksizlər məzarda “lovğalanır”.

 

Canından keçdin,  Pəhli, bu yurd yaşasın deyə,

Qəhrəmansan, şöhrətin sığışmır  yerə-göyə.

Səni sevimli edən  elə sədaqətindir,

Nərmin balan, gül balan  bizə əmanətindir.

 

Hamımıza əzizdir yurdumuzun hər yanı,

Alıb səni qoynuna Şəhidlər Xiyabanı.

Bu vətəni düməndən azad etdi igidlər,

Həmişə yaşayacaq qəhrəmanlar-şəhidlər.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2024)

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" "Bilişim Vadisi" ilə birgə “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində inkubasiya proqramına start verir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

Məqsəd ölkəmizdə innovasiya fəaliyyətinin davamlılığının təmin edilməsi, innovativ ideyaların inkişaf etdirilməsi üçün tələbələrin innovasiya və startap üzrə biliklərinin inkişafıdır.


Proqrama “Gələcək üçün bacarıqlar” layihəsinin öncəki infosesiyalarla seçilmiş tələbələri, startap yaratmağa, innovativ yeniliklər etməyə meyilli, özünə güvənən, gələcəyini bu sahədə görən gənclər və komandalar qoşula bilərlər.
19 mart tarixinə qədər aşağıdakı linkə  daxil olmaqla qeydiyyatdan keçmək olar: https://forms.gle/gTH9jvSLbJDgBX3e7 

“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir.

Ümumilikdə layihə çərçivəsində  2000-dən çox tələbənin 181 startap ideyası təqdim olunub. Bu çərçivədə universitetlərdə mentor kimi hazırlanmış 130-dan çox müəllimin dəstəyi ilə 98 startap komandası formalaşdırılıb.

“Ədəbiyyat və incəsənət”
(06.03.2024)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən kinematoqrafiya sahəsində istehsal olunacaq filmlərə dəstək verilməsi məqsədi ilə keçirilmiş Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin qalib layihələrinin istehsalına başlanılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına ARKA-dan məlumat verilib. 

 

İlk olaraq Dövlət sifarişi ilə çəkiləcək “Kür - çaylar anası” sənədli film layihəsi ilə istehsal müqaviləsi bağlanılıb. Filmin 2024-cü ilin dekabr ayında təhvil verilməsi nəzərdə tutulur. “OD Media Production” şirkəti tərəfindən istehsal olunacaq filmin rejissoru Seyran Bədəlov, ssenari müəllifi Əkbər Nəcəflidir. Çəkilişlər Kür çayının mənbəyindən mənsəbinədək – Türkiyə, Gürcüstan və Azərbaycan ərazisində aparılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)

Çərşənbə, 06 Mart 2024 17:30

“Bu şəhərdə onu sevməyən yoxdur…”

 

Gülnarə Cəmaləddin yazır

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, Sumqayıt ədəbi mühitinin ağsaqqalı Əşrəf Veysəllinin doğum günü - 83 yaşı münasibətilə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinin yazdığı təbrik yazısını diqqətinizə çatdırır.

 

Bu şəhərdə onu sevməyən yoxdu. Bunu əminliklə deyirəm. Böyükdən kiçiyə hamı onu sevir. O, xöşbəxt adamdı, bəxtiyar şairdi. Şairlik zülüm olsa da, o qədər sevgi qarşısında çəkdiyin zülmə-zillətə dəyər.

Hər misrasında ürək döyüntüsü, hər sətrində özündən nəsə var. Güclü poetik yaddaşı, ciddi yumor hissi və hazırcavablığı ilə yadda qalıb. 

Sumqayıtlı şairlərin USTAD deyə ərklə müraciət etdiyi, qürur duyduğu şairdi Əşrəf müəllim.

Şeirləri nəğmə kimidi. Ruhunu tərpədir, adamı özündən alır. Əşrəf müəllim böyüklə böyük, kiçiklə kiçikdir. Ürəyi, ruhu, şeirlə, sözlə yoğrulub. Yorulanda da sözün çiyninə baş qoyub, təsəllini də sözdən alıb.

Ağsaqqal kimi də hər kəsin yerini və dilini bilir. Çətin anlarda insanlara dayaq olur, yol göstərir. Öz imzası və öz sözü ilə ruhumuza hopub...

Bu gün Əşrəf müəllimin də faniylə yolçuluğa başladığı gündür. Faninin işindən agah adamdı, bəzən ona sözardı nələrsə pıçıldayır...

Bəzən açıq-aşkar ona aldanmadığını da söyləyir.

Gününüz və günümüz mübarək,Əşrəf müəllim, əziz insan, mübarək adam! Sizə əbədiyyət ömrü arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“Məni ciddi bir insan kimi tanıyırlar. Hətta bəziləri- O, çox sərt danışır- söyləyirlər. Heç də sərt danışmıram, sadəcə düşündüyümü deyirəm. İkiüzlülük mənim əqidəmə ziddir. İkiüzlülər hər zaman olub. Bəzi insanlar iradəli, güclü deyil, zəif tərəfləri var. Bəzən qorxaraq, çəkinərək hamının üzünə gülmək məcburiyyətində qalırlar. Amma ikiüzlü olmaq özü bir bacarıqdır. Fəqət, o cür insanlar hələ özlərini cəmiyyətdə tapmayanlardır. Bəzən özü o sifətlərin içində itib batır, yəqin özünə sual verir ki, hansı mənəm?! Bütün ortamlarda özünü yaxşı hiss edir. Lakin birdən ayılır ki, heç kim onu adam yerinə qoymur, heç kimdir. Həyatda elə ən qorxulu şey də budur. Hamının sevimlisi olmaq arzusu, hamının xoşuna gəlmək istəyi düşüklükdür.”

 

Bu fikirlər ona məxsusdur. 

Allah ondan heç nəyi əsirgəməyib. Qadın gözəlliyi, istedad və cəsarət. Mərdanə xanımdır, sözünü deməyi bacarır. Özünə və başqalarına qarşı çox tələbkardır. Bəstəkardır, xeyli mahnılar bəstələyib, onlar əsasən estrada janrındadırlar...

Haqqında söhbət açdığım Gövhər Həsən-Zadə 1969-cu ildə Bakıda dünyaya gəlib. Atası, mərhum Sudef Həsənov bir vaxtlar Azərbaycan Elmlər Akademiyası Respublika Təcili Məlumat Xidmətinin rəisi vəzifəsində çalışıb, anası isə filoloqdur. Sözsüz ki, bu vəhdətdən dünyaya gələn Gövhər xanım istedadsız ola bilməzdi. Gövhər xanım 1976-cı ildə Bakı şəhər M. Rahim adına 7 saylı orta məktəbin birinci sinfinə,1977-ci ildə isə Səbail rayonundakı 2 saylı yeddiillik musiqi məktəbinin fortepiano sinfinə müsabiqəsiz daxil olub. 1984-cü ildə orta məktəbin 8-ci sinfini, musiqi məktəbinin 7-ci sinfini fərqlənmə ilə bitirərək elə həmin ildə də Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin musiqi nəzəriyyəsi və tarixi fakültəsinə qəbul olunub. İlk bəstəkarlıq dərslərini Əməkdar incəsənət xadimi, bəstəkar Leonid Vaynşteyndən alıb. 1988-ci ildə təhsilini fərqlənmə ilə başa vuraraq Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olub. Ali və peşəkar təhsilini Xalq artisti, professor Cövdət Hacıyevin sinfində alaraq, 1993-cü ildə həmin təhsil ocağını bitirib.

 

“Musiqimizdə, ifaçılıq sənətində o qədər eybəcərliklər var ki, bu səbəbdən Bədii Şuranın yaradılmasına ehtiyac duyuldu və ATV-də yaratdıq. Şuranın müzakirə obyekti isə Azərbaycan dili oldu. Azərbaycan dilinə, sənətinə, musiqisinə və dövlətçiliyinə qulluq etmək üçün nə lazımdırsa, onları mükəmməl şəkildə, efir vasitəsi ilə təqdim etmək şuranın əsas prioriteti oldu. Televiziya məkanında uşaqlar üçün proqramlar olsa da, yeniyetmələr üçün verilişlər yoxdur. Çalışacağıq ki, onların maraq dairəsində keyfiyyətli və baxımlı verilişlər də yayımlansın.”- söyləyir.

 

1993-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə Heydər Əliyev Sarayında bədii rəhbər və rejissor vəzifəsinə təyin edilib və 3 aprel 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə M. Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.

 

Gövhər Həsən-zadə inzibati işlə bərabər peşəkar yaradıcılıq ilə də məşğul olub. 1993-cü ildən fəaliyyət göstərən ümumrespublika gənc estrada musiqisi ifaçılarının "Zirvəyə doğru" müsabiqəsinin yaradıcısı və bədii rəhbəridir. O, böyük simfonik orkestr üçün poema, simfoniya, fortepiano və orkestr üçün konsert, skripka və orkestr üçün konsert, simli kvartet və kvintet, fortepiano və skripka alətləri üçün prelüd, sonata və bir çox klassik janrda yazılmış 50-yə yaxın əsərin və 300-ə yaxın mahnının, eləcə də Azərbaycan Respublikası Gənclərinin Himni, "Olimpiada yolları" himni, "Biz varıq” adlı BMT Azərbaycan nümayəndəliyi üçün himn, "Sən qalib gələcəksən", "Sən azərbaycanlısan" kimi layihələrin müəllifidir...

 

Onu bu gün televiziyalarımızı başına götürən şou proqramlar çox narahat edir. Bu bayağı verilişlərdə aparılan söhbətlərə dözümsüz yanaşır.

 

Deyir ki,- “Niyə efirlərdə sadə adamların, eləcə də məşhurların şəxsi həyatları ortalığa çıxarılır? Guya kiminsə şəxsi həyatını açıb-ağardanda nə olur? Üstündən 3-5 ay keçəndən sonra dalaşanlar yenidən barışırlar. Camaatın hissiyatı ilə niyə oynayırlar bilmirəm. Doğrudur, populyar insanların həyatı hər zaman maraqlı olur. Onların böyük eyiblərini sosiallaşdırmağa çalışırlar. Amma başa düşmürlər ki, onun eybini efirə çıxarıb müzakirə edəndə, onun tamaşaçısını incidirlər, pərt edirlər. Məgər hamının nəsli-kökü təmizdir? Ailə qurduğumuz şəxslərin ailələrində, dost-tanışımızların arasında nankor, nanəcib adam yoxdurmu? Təbii ki, var və bu, bizim eyibimizdir. Elə bir eyib ki, hamıda var. Bunu o zaman sosiallaşdıra bilərik ki, ona yardımımız, köməyimiz dəysin.”

2008-ci ildə Azərbaycanı ilk dəfə təmsil olunduğu Avroviziya Mahnı Müsabiqəsində "Day After Day" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəridir. 2013-cü ildə isə Türkviziya Mahnı Müsabiqəsinda yenə də Azərbaycanı ilk dəfə təmsil edərək "Yaşa" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəri kimi, 24 türkdilli ölkələr arasında birinciliyi ölkəmizə qazandırıb. Bu günə qədər Azərbaycan musiqiçiləri ilə bərabər Türkiyə, ABŞ və Avropada fəaliyyət göstərən Zərrin Özər, Mustafa Ceceli, Nilufer, "İn-Grid", MİŞA, Pınar Aylin, Bengü, "Studio-A", Kaan Yalçın, Kanun Yıldırım, Zeliha Sunal, Barrbaros, Meyra, Ayla İşıl, Senem və bir çox peşəkar müsiqiçilər və yaradıcı kollektivlərlə çalışmışdır. Hal-hazırda "Azərbaycan professional mahnı janrının yaranmasının tarixi aspekti" mövzusunda elmi iş və iki cildlik kitab üzərində çalışır. Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının dissertantıdır. 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. Eyni zamanda "Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin Bədii Şurasının üzvüdür. 2021-ci ildən "Müəllif Hüquqları Uğrunda" İctimai Birliyin sədridir və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Mədəniyyət Mərkəzi rəisinin müavini və mədəniyyət-təminat şöbəsinin rəisi vəzifəsində çalışır...

Göründüyü kimi, Gövhər Həsənzadə sıradan bir bəstəkar deyil, o, öz sahəsində mükəmməl təhsil alan bəstəkarlardandır. Necə deyərlər, sənətini akademik səviyyədə bilən insanlardandır. İstedadla təhsilin vəhdəti isə xarüqələr yaradır...

Din, fəlsəfə, mistika ilə dərindən maraqlanır. Bu mövularda xeyli kitablar da oxuyub. “Məsələn, din mənim üçün ciddi elmdir. Ən mürəkkəb sualların cavabını İslam dinində tapıram. Doğrudur, İslam elmini tam anlamağa ömür yetməz. Amma çalışıram ki, hökm və adətlərinə riayət edim.”- dilə gətirir.

 

Deyir ki,- “Səmimi olmağım, çox hallarda başa düşülməməyim həyatıma problem yaradır. Bunu gizlətmirəm. İllər mənə onu öyrətdi ki, hər kəsə etibar etmək olmaz və çalışmaq lazımdır ki, cəmiyyətə axıra qədər açıq olmayasan, özünü bədniyyət adamlardan gözləməlisən. Mən tənhalığa həmişə nifrət etmişəm. Amma həyat elə gətirib ki, çətin də olsa, bunu özüm seçmişəm. Cəmiyyətdə məni başa düşən, fikirlərimi bölüşənlər yoxdursa, deməli, təkəm, bura aid deyiləm. Başqa necə ola bilər? Söykənə biləcəyim insanlar illərlə azaldılar və mən də özümə qapandım. Bunun səbəblərindən biri də atamı itirməyim oldu. Ondan sonra dünyanın faniliyini dərk elədim. Anladım ki, bu dünya nə əvvəldir, nə son...”

Bəli, haqqında söhbət açdığım Gövhər Həsən-Zadə belə xanımlardandır. Bu gün onun 50 yaşı tamam olur. Bu yaş xanımlar üçün, ömrün bahar fəsli, arzularının tumurcuqlayan zamanıdır. Bu tumurcuqların barını dadacağı dövr hələ qabaqdadır…

Təbrik edirik, çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Biri-birindən gözəl rəsmlər. Tarixi, tarixi olduğu qədər də əfsanəvi türk qəhrəmanı və gözəlinin, məşhur türk sərkərdəsi və hökmdarının fərqli-fərqli rəsmləri…

Dünən axşam saatlarında Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı beynəlxalq sərgisinın açılış mərasimi keçirildi. 

 Tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə gerçəkləşib. Sərginin ideya müəllifi isə Xalq rəssamımız Sakit Məmmədovdur. Qeyd edim ki, sərgidə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan 20-yə yaxın rəssamın əsərləri nümayiş olunur.

Rəssamları təqdim edim: Sakit
Məmmədov, Arif Əziz, Xanlar Əhmədov
(Azərbaycan), Sembiqali Smaqulov, Aqimsal
Düzelxanov, Ədilğali Bayandı, Əlibi Bayğojanov, Tolkın Tabısbek, Möldir
Bayğojanova, Bakıtbek Zerde, Aytkul
Tasmaqambetova, Botagöz Toleş,
Rahat Saparaliyeva (Qazaxıstan), Talant
Oqobayev, Jılkıcı Jakıpov, Rahat İtikeyev,
Yuristanbek Şıqayev, Eldar Aytmatov, Suyutbek Torobekov (Qırğızıstan),
Sardor Alaberqenov (Qırğızıstan) və Refik Aziz (Türkiyə) - türk dünyasının ən məşhur rəssamları. Tablolarda həm Tomris vəsf olunub, həm türk tarixi barədə mənzərələr  yer alıb. 

Açılış mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova tarixi şəxsiyyət hesab edilən Tomrisin Türk dünyasının mərkəzi fiqurlarından biri olduğunu diqqətə çatdırıb. “Tomris həm Qərb, həm də Şərq incəsənətinin ikonik fiqurlarından hesab olunur. Onun obrazına Herodot vasitəsilə İntibah dövrünün böyük sənətkarları müraciət ediblər. Tomrisin obrazına müraciət XX əsrdə türk rəssamları, yazıçıları və digər incəsənət xadimləri tərəfindən olsa da, XXI əsrdə o yeni ruh, yeni rəng əldə edib”, - deyib nazir müavini. 

Qeyd edib ki, bugünkü sərgi Tomris obrazına müxtəlif yanaşmaları, fərqli bədii üslubları özündə əks etdirir. “Tomris həm hökmdar, həm sərkərdə, həm də incə xanım, ana obrazlarını özündə birləşdirir. Türk tarixində və mədəniyyətində onun özünəməxsus yeri var”, - deyə S.Yusifova əlavə edib.

TÜRKSOY-un Baş katibi Sultan Rayev isə çıxışında bildirib ki, bu sərgi 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Türk dünyası xalqlarının qadınlara verdiyi önəmi vurğulamaq məqsədilə ilk qadın hökmdar və sərkərdə olan Tomrisə həsr edilib. “Tomris haqqında çoxlu tarixi əsərlər yazılıb, kino və teatrda onun obrazı yaradılıb. Həm dünya, həm də türk rəssamlarının böyük diqqətini çəkib və mədəni irsimizə də zənginlik qazandırıb. Bu sərginin Azərbaycanda açılmasının xüsusi əhəmiyyəti var. Tarixi mənbələrdən əldə etdiyimiz məlumata görə, Tomris Xatun bu torpaqlarda yaşayıb və Türk dünyasının ilk qadın hakimi adını alıb”, - deyə Baş katib söyləyib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova öz növbəsində müasir rəssamların əsərlərinin ortaq irsimizi, qəhrəmanlarımızı, tariximizi, ənənələrimizi ifadə etdiyini deyib. O vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsi ortaq köklərə sahib türk xalqları arasında körpülərin qurulmasına öz töhfəsini verir.

Qazaxıstan Rəssamlar İttifaqının üzvü Batagöz Toleş, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini Səlhab Məmmədov, Xalq rəssamı Sakit Məmmədov sərgi haqqında fikirlərini bölüşüblər.

Çıxışlardan sonra TÜRKSOY tərəfindən sərgidə əsərləri nümayiş olunan rəssamlara mükafat təqdim edilib. Mükafatları TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarov təqdim edub. Azərbaycan Mədəniyyət Nazirliyi isə TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb. Mükafatı Səadət Yusifovaya Sultan Raev təqdim edib. 

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi barədə qonaqların təəssüratlarını aldıq. 

Araşdırmaçı Azər Turan bildirdi ki, Tomris kimi türk dünyasının ümumi qəhrəmanını diqqət mərkəzinə gətirmək böyük işdir, Tomrisin biz azərbaycanlılarla bağlı olan məqamları isə xüsusən qürurvericidir. 

İstedadlı rəssam Mehriban Alışova isə bu sayaq sərgilərin ölkəmizdə keçirilməsinin, türk dünyasının tanınmış rəssamlarının bir araya gəlməsinin çox əhəmiyyətli olmasını qeyd etdi. 

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, ötən gün Heydər Əliyev Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Xalq rəssamı Sakit Məmmədovun təşəbbüsü ilə 

“Tomris” adlı beynəlxalq sərginin açılışı olub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Sultan Rayev sonra jurnalistlərə verdiyi açıqlamada da söyləyib ki, “Tomris” adlı beynəlxalq sərgi Türk dünyasının, birliyimizin, dostluğumuzun simvoludur. O, sərginin önəmini vurğulayaraq Tomrisin Türk dünyası üçün özəl bir xarakter olduğunu diqqətə çatdırıb. 

Təsadüfi deyil ki, sərgidə Sakit
Məmmədov, Arif Əziz, Xanlar Əhmədov
(Azərbaycan), Sembiqali Smaqulov, Aqimsal
Düzelxanov, Ədilğali Bayandı, Əlibi Bayğojanov, Tolkın Tabısbek, Möldir
Bayğojanova, Bakıtbek Zerde, Aytkul
Tasmaqambetova, Botagöz Toleş,
Rahat Saparaliyeva (Qazaxıstan), Talant
Oqobayev, Jılkıcı Jakıpov, Rahat İtikeyev,
Yuristanbek Şıqayev, Eldar Aytmatov, Suyutbek Torobekov (Qırğızıstan),
Sardor Alaberqenov (Qırğızıstan) və Refik Aziz (Türkiyə) - türk dünyasının ən məşhur rəssamlarının böyük tarixi şıxsiyyət Tomris barədə, türk tarixi barədə möhtəşəm tabloları yer alıb. 

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)

 

Ölkənin kino təsərrüfatında böyük canlanma hiss edilməkdədir. 

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA), Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkilatçılığı ilə milli kino sənətkarlarının yubileylərinə həsr olunmuş "Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar" adlı layihəyə başlanılıb.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına ARKA-dan məlumat verilib. 

Məlumata görə, layihənin məqsədi milli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılmasıdır.

Həmçinin kino sənətkarlarının irsinin tamaşaçılara daha yaxından tanıdılması və yaşadılması əsas məsələlərdən sayılır.

Layihə çərçivəsində cari il ərzində Nizami Kino Mərkəzində kino sənətkarlarının iştirakı ilə yaradılmış Azərbaycan filmlərinin mütəmadi olaraq nümayişi təşkil ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

TƏRANƏ DƏMİR İLƏ

-Salam, dəyərli Təranə xanım " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının ilk qonağısınız.

 İzləyicilərə sevdiyiniz hansı şeiri söyləyəcəksiniz? 

 

 - Salam, xoş gördük, sevdiyim şeirlər çoxdur, amma siz bir şeir istədiyiniz üçün Qulu Ağsəsin "Yığışıb qarama yüz söz deyərlər" şeirinin sehri ilə izləyiciləri baş- başa buraxıram.

 

Yığışıb qarama yüz söz deyərlər,

Bu boyda millətə nə cavab verim?!

 Bilsələr, qanıma yerikləyərlər,

Səni sevdiyimi sevmədiklərim...

 

Bir qız bir oğlana çoxuymuş demə,

Sevdim təklənəsən... çoxaldın, gülüm. 

Açdım ürəyimi yoldan ötənə,

Təki ordan səni çıxardım, gülüm. 

 

Di gəl bacarmadım... düzünü desəm, 

Özün tərpənmədin rahat yerindən. 

Külli-ixtiyarsan, nə vaxt istəsən, 

Oynat, ağlımı da oynat yerindən!

 

...Bunu bir mən bilim, bir də sən ancaq 

Ölüncə bu gözəl sirr bəsimizdi. 

Bizə nə yurd versin, nə yuva Allah 

Sənə ayırdığım yer bəsimizdi...

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.