Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı Nilufər Hacılının Türkiyə mətbuatına istinadən  hazırladığı “Nuri Bilgə Ceylanın sevdiyi 10 film”i sıra ilə təqdim edir. 

 

Türkiyəli rejissor və ssenarist Nuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın olub. Orta məktəbi bitirdikdən sonra Nuri Boğaziçi Universitetinin "Elektrotexnika" fakültəsinə daxil olub. 8 illik tələbəlik həyatından sonra, nəhayət ki, məzun ola bilib.

1997-ci ildən bəri çəkdiyi bədii filmlərlə bir çox mükafatlar qazanaraq beynəlxalq səviyyədə tanınıb. Rejissorun çəkdiyi "Qış yuxusu" filmi 2014-cü ildə Kann Beynəlxalq Kinofestivalında "Qızıl Palma Budağı" mükafatına layiq görülüb və kino tarixində bu mükafatı alan ikinci türk filmi olub.

Rejissorun filmlərindən beşi "Ən Yaxşı Beynəlxalq Film Akademiyası" mükafatına Türkiyənin namizədi olaraq seçilib.

Nuri Bilgə Ceylan ssenarist, aktrisa və fotoqraf olan Ebru Ceylanla evlidir. Cütlüyün 2 övladı var.

 

Rejissorun ən yaxşı hesab etdiyi 10 filmi təqdim edirik.

 

7. "Bir edam məhkumu qaçdı" (1956), Robert Bresson

 

1943-cü ildə bir leytenant Qestapo tərəfindən əsir götürülərək Montluk qalasına həbs edilir. Qaçışını təfərrüatları ilə planlaşdıran leytenant ölüm hökmü çıxarılana qədər planlarını təxirə salır. Almanlarla işlədiyi bilinən başqa bir məhbus leytenantla eyni kameraya salınır. Leytenant qaçışını həyata keçirmək üçün ya onu öldürməlidir, ya da ona güvənməlidir. Film Fransız Müqavimət döyüşçüsü Andre Deviqninin Lion şəhərində yerləşən Montluk qəsrindəki ciddi mühafizə olunan kamerasından müharibə zamanı qaçmasının real hekayəsi əsasında çəkilib.

 

Şəkildə: Filmdən kadr

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki;-“Heç yadımdan çıxmaz, mən imtahana girəndə müəllimlər baxıb gülürdülər, mənsə özümü itirmişdim ki, görəsən, nəyə gülürlər. Gah əlimlə paltarımı düzəldirdim, gah da saçımı. Sən demə, məndən xoşları gəldiyi üçün gülürlərmiş. Müəllim sarıdan bəxtim çox gətirib. İnstitutda da oxuyanda həmişə baş rolları mənə verirdilər. İnstitutu bitirəndə Həsən Seyidbəyli, Tofiq Kazımov, Mehdi Məmmədov və bir çox tanınmış sənət adamları mənim diplom tamaşalarıma baxmışdılar. Tofiq Kazımov mənə "Şöhrət və unudulan adam" tamaşasında rol verdi. İstəyirdilər ki, mən "Azdrama"ya gedim. Amma mən Gənc Tamaşaçılar Teatrını seçdim. Ona görə ki, boyum balaca idi. Düşünürdüm ki, boyu balaca aktrisa Akademik Milli Dram Teatrında gedib nə edəcək? İndi orda balacaboy aktrisalar var. O zaman yox idi. Şəfiqə Məmmədova, Amaliya Pənahova orda idi. Mən televiziyada mərhum böyük sənətkarımız Yusif Vəliyevlə bir tamaşada oynadım. O, mənim əlimdən tutub Gənc Tamaşaçılar Teatrına gətirdi”.

 

Həyatı çox maraqlı keçib. Hara gedibsə sevgiylə qarşılanıb, sevgi ilə də yola salınıb. Sanki sevilmək onun alın yazısıdır, qismətidir...

 

“Desəm ki, gözəl olmuşam, bu, düzgün olmaz, mənim haqqımda başqaları nəsə deyə bilər. Şəkillərimi göstərə bilərəm. 1981-ci ildə Leninqradda keçirilən gözəllik fotomüsabiqəsinin qalibi olmuşam. O yarışmaya bütün ölkələrdən qızlar qatılmışdı. Sizə bir söz deyim də, o vaxtlar indiki kimi gonbul deyildim. Dərzilər mənim bədən ölçülərimi götürəndə təəccüblənir və deyirdilər ki, sənin ideal ölçülərin var. Bircə problemim vardı: boyumun balacalığı. Amma boyuma görə də bədən ölçülərim vardı. Mən qrim otağına girəndə hamı gizlincə mənə baxırdı. İndi o günlərin həsrətini çəkirəm. Bizim qrimçimiz vardı, Sara xala, otağında bir mənim şəklimi vurmuşdu, bir də Ornella Mutinin. Mən onun otağına girəndə o şəkilləri dəyişik salırdım. Bilmirdim ki, hansı mənəm. İlk dəfə elə bildim ki, Ornellanın da şəkli mənim hansısa tamaşadan çəkilən şəklimdir. Özündən soruşdum ki, Sara xala, bu, hansı tamaşadan çəkilən fotodur? Qayıtdı ki, bu, Ornella Mutidir, səni bu aktrisaya bənzədirəm. Bilmirəm, gəncliyimə görə idi, ya gözəlliyimə, sənətimə görə, nədənsə, məni çox istəyirdilər. Yaxınlaşan hər kəs məni “krasotka” deyə çağırırdı. O müsabiqədən sonra məni çox gözəllik müsabiqələrinə dəvət etdilər, amma getmədim”.- söyləyir.

 

Söhbət xalq artisti Nübar Novruzovadan gedir. O, 1958-ci ildə Naxçıvanda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. Universitetdə oxuyarkən Adil İsgəndərov, Rza Təhmasib və Zəminə Hacıyeva kimi pedaqoqlardan təhsil alıb. 1980-ci ilin iyul ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışır. Ötən müddət ərzində xeyli tamaşa və filmlərdə çəkilib. Teatr sənətinin inkişafındakı xidmətlərinə görə, 1991-ci ildə Əməkdar artist, 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2022-ci ildən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır...

 

Deyir ki,- “Süküt divarı” adlı bir tamaşa var, həmişə o tamaşada oynamaq istəmişəm. Onda cavan qız idim, Naxçıvan Teatrı bu tamaşanı Bakıda Aktyorlar Evində göstərmişdi. Əsas rolda da Zemfira Əliyeva oynayırdı. Mən bu tamaşanı həm Naxçıvanda, həm də Bakıda görmüşdüm. 19 yaşım vardı və düşündüm ki, kaş müəyyən yaşa çataydım, bu ana rolunu oynayaydım. Artıq o yaşa çatdım, amma o tamaşanı teatrdan yox elədilər. Arzuladığım və möhür vura biləcəyim rollar çox olub, amma mənə verməyiblər”.

 

Martın 8-i onun üçün ikiqat bayram oldu. Həm doğum günü və həm də Beynəlxaq Qadınlar Bayramı. Onu bu qısa, yığcam yazı ilə təbrik edir, möhkəm can sağlığı arzulayırıq. Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Pərviz Novruzova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

PƏRVİZ NATİQ OĞLU NOVRUZOV

(02.02.2002.-03.10.2020.)

 

Kürdəmir rayonunun Ərəbxana kəndindən olan Azərbaycan Silahlı Qüvvələrinin  əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

 

UNUDULMAZ PƏRVİZ

 

Hələ kiçik yaşından xətirli –hörmətliydin,

Çox mehriban, gülərüz, şirin söhbətli idin,

İstiqanlı oğuldun, dostluqda ülfətliydin,

Qısaca həyatında qoydun yaxşı əməl, iz,

Unutmaz heç bir zaman el-oba səni, Pərviz.

 

Böyüdün, yaşa doldun, arzuların böyüdü,

Oldun Ərəbxananın cavan, qoçaq igidi,

Ağsaqqallardan aldın nəsihəti, öyüdü,

Həyatda yolun kimi əqidən də oldu düz,

Unutmaz heç bir zama el-oba səni, Pərviz.

 

Vətən məhəbbətiylə döyünürdü ürəyin,

Sevirdin  yurdumuzun hər gülün, hər çiçəyin,

Qarabağ azad oldu, qəbul oldu diləyin,

Arzuların saf idi, xəyalların tər-təmiz,

Unutmaz heç bir zaman  el-oba səni, Pərviz.

 

Oxuyurdun kollecdə, dedin  orduya gedim,

Artıq zaman yetişib, vətənə xidmət edim,

Necə də fəxr edərəm, “Əsgər!” çağrılsa, adım,

Bu ad hamıya doğma, bu ad hamıya əziz,

Unutmaz heç bir zaman el-oba səni, Pərviz.

 

Alqış ülvi  sevginə, alqış mətanətinə,

Hamı heyran qalıbdır vətən məhəbbətinə.

Tab etmədi yağılar sənin rəşadətinə,

Yaddan çıxarmaz heç vaxt  qəhrəmanın Horadiz,

Unutmaz heç bir zaman  el-oba səni, Pərviz.

 

Zaman keçir, hərənin həyatı bir cür ötür,

On doqquz il yaşadın  gözəl, mənalı ömür,

Şəhid oldun, şəhidlər heç vaxt, heç zaman ölmür,

Səni doğması bilir  Gəncə, Naxçıvan, Təbriz,

Unutmaz heç bir zaman el-oba səni, Pərviz.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

 

 

 

 

Bazar ertəsi, 11 Mart 2024 09:30

Dünən Milli Teatr Günü idi

“Ədəbiyyat və incəsənət” portalı tənqidçi Əsəd Cahangirin Milli Teatr Günü münasibətilə qələmə aldığı “Füzuli ili və Teatr günü” yazısını təqdim edir. 

 

Kitabın yazılma səbəbi

 

Ötən il, iyunun 29 və 30-da Milli Teatrda Cavid Zeynallının "Şükriyyə" pyesinin (qapaq fotosunda) rejissor Bəhram Osmanovun quruluşunda eyniadlı tamaşasının premyerası oldu. Amma bununla bağlı fikirlərimi yazının axırında - "Tamaşa" fəslində verəcəm. Çünki bu yazıdan amacım eləcə "Şükriyyə" deyil, konkret bir tamaşa nədəniylə aşağıdakı çoxsaylı məsələlərə toxunmaq, bir sözlə, damlada dəryanı göstərməkdir:

- milli dramaturgiya və teatrın çağdaş durumu;

- rejissorun teatrdakı yeri;

- bədii istedada qayğı;

- yeni dramaturq imzası;

- sənət və toplumsal həyatın bağlantısı;

- vətənsevərlik, özəlliklə də, Qarabağ konusunun plakat, şüar, xaltura, alver alətinə çevrilməsi;

- sənətkarın meracı.

Füzuli kədərli bir eşq olayından danışan "Leyli və Məcnun"un girişində deyirdi:

 

Düşdü səfərim diyari-dərdə,

Kimdir mənə yar bu səfərdə?

 

Şair bu səfərdə 530 ildir ki, düşmənsiz ötüşməyib, amma onun sözünü deyən, hörmətini saxlayan, yolunu gözləyənlər də az olmayıb ki, çox olub. Bəs, hər cür sorunlarla üzləşəcəyim bu "uzun, incə yolda" bir az füzulluq eləmək zorunda qalsam, mənə necə, axıracan yoldaşlıq eləyən tapılacaqmı? Konkret olaraq, Füzuli ili və teatr günü, ümumən orta çağ divan şairi ilə teatr sənətinin nə ilişkisi? Bu sualların cavablarını bilmək istəyirsiniz? Onda gərək bu yazını sonacan oxuyasınız.

 

Ustadlara xitab

 

Platon haqlıydı - hər cür sənət xatırlamadır, amma təkcə ideyalar aləmini deyil, həm də gerçək şəxsləri və ya nəsnələri xatırlamaq. Platon özü bütün dialoqlarında Sokratı xatırlayırdı. Mən isə on il öncəyə - 2014-cü ilə qayıtmaq, İsa Muğannanı xatırlamaq istəyirəm. Görkəmli nasirin Daxili İşlər Nazirliyi yaxınlığında, keçmiş Hüsü Hacıyev küçəsində, yazıçılar binasının beşinci qatındakı evindən Füzuli meydanına ayaqla vut-tut, beş-altı dəqiqəlik yol olsa da, o, Nəsimidən Nizamiyə qayıdıb, Füzulidən yazmasa da, alın yazısı ömrünün axırında onu Füzuli meydanına gətirdi və yazıçını son mənzilə bir əli sinəsində, o biri çənəsində, Məcnunu sağı, Leylisi solunda, vəhşilər ayağının altı, mələklər başının üstündə, fələyin zindanı kürəyi, Allah eşqi ürəyində dərindən-dərin düşüncələrə dalmış Füzuli, İsanı isə Məhəmməd yola saldı, "çün Məsihi-vəqtsən, can vermək asandır sana..." dedi.

Artıq onilləri aşır ki, ünlü söz-sənət adamlarının çoxu son mənzilə Füzulinin yanı, Füzuli meydanından keçib gedirlər. Şair, elə bil ki, zamanla əbədiyyət arasında bir körpüdür. Füzuli metafizikdir və onun bəlkə bir misrasını da oxumayan iyirminci yüzil batı filosofu Martin Haydegger "Metafizika nədir?" kitabında yazır ki, insan düşüncəsinin irəliləməsi üçün bizi başlanğıc nöqtənin cazibəsində tutub saxlayan metafizikadan qurtulmalıyıq. Mirzə Fətəli Axundovun "Füzuli şair deyil və onun xəyalatında əsla təsir yoxdur", Cəfər Cabbarlının "Neçə əsrlərdir ki, Füzulinin sehrli orbitindən çıxa bilmirik" sözləri də ünlü filosofun fikriylə səsləşir. Füzulini oxuyub-oxumamasına dair nəsə deyə bilməyəcəyim böyük fransız metafiziki Rene Genon isə "Çağdaş dünyanın böhranı" kitabında yazır ki, batının böyük sürətlə yuvarlandığı uçurumdan qurtuluşunun tək yolu doğuda hələ də qorunub saxlanılan vahid, əzəli metafizik prinsipə qayıtmaqdır. Kim haqlıdır? Bu sualı birmənalı cavablandırmaq bəsit bir şey olardı, nədən ki Haydegger, Axundov, Cabbarlı və Genon məsələyə fərqli, bəzən əks yönlərdən baxsalar da, bir çiynin üstündəki başlara bənzəyirlər. Əslində isə onların qoyduğu məsələ o qədər orijinal deyildi, bu metafizik sualı hamıdan öncə Füzuli özü vermişdi:

 

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,

Sorun kim bu nə sevdadır, bu sevdadan usanmazmı?

 

Haydegger də, Axundov da, Cabbarlı da, Genon da Füzuli sualına cavab axtarır, öncəkilər ona "usanar", sonuncu isə "usanmaz" cavabını verirdi. Bundan sonra da neçə-neçə düşünürlər gəlib-keçəcək, mini mini bir söz deyəcək, amma ta qiyamətəcən nə bu sualın cavabı tapılacaq, nə də bu sevda bitəcək. Nədən ki bu məcnun sual insanlığın ölüm-qalım sorunu, bu sevda sonsuzdur. Füzuli isə eləcə Molla Məhəmməd Süleyman oğlu Bağdadi, onun yazdıqları isə təkcə qəzəl, dastan deyil, həm də ümumbəşəri, milli və fərdi anlamda metamətnimiz, neçə yüzillərdir qaça bilmədiyimiz, yəqin ki, qiyamətəcən pozulmayacaq alın yazımızdır. Odur ki, Füzuli əleyhinə öncələr də, bu gün də, istər xaric, istərsə də daxilimizdə aparılan siyasi-ideoloji təxribatlar - İraqda məzarının yerini dəyişmək, yaxud "İraq şairi" adlandırmaq, İranda abidəsini təhqir eləmək, bizdə isə haqqında aşağılayıcı bir şeylər yazmaq çabaları - həmişə fiasko ilə sonuclanıb, bundan sonra da belə olacaq, nədən ki gəldi-gedər siyasi maraqlara bağlı kampaniyalar əzəli-əbədi dəyərlər qarşısında acizdir. Alimlərimizdən Kamil Allahyarov, Zəkulla Bayramlı, özəlliklə də, özünün "Füzuliyə qarşı üçüncü vandalizm aktı" adlı dəyərli məqaləsində ərəbşünas Cəmaləddin Quliyev çoxsaylı faktlara söykənərək, bu məsələyə aydınlıq gətirib, bütün bu kampaniyaların riyakar siyasi-ideoloji mahiyyətini yetərincə açıqlayıblar. Füzulinin xatirəsini təhqir eləmək kimi uğursuz cəhdlərə qarşı ən ciddi cavab isə şairin 530 illik yubileyinin qeyd edilməsi ilə bağlı Respublika Prezidenti cənab İlham Əliyevin 25.01.2004-cü il tarixli sərəncamıdır. Bu sərəncam çağdaş sərhədlər daxilində məzarının harada olmasına baxmayaraq, Füzulinin dahi Azərbaycan şairi və mütəfəkkiri olmasının bütün dünyada rəsmi təsdiqidir və məncə, xaricdəkilərin havasına züy tutan, yuxa qırağı sulayan bəzi daxilimizdəkilər də bu qərardan nəticə çıxarıb, elmi baxımdan yanlış, siyasi yöndən zərərli mövqelərinə düzəlişlər edəcəklər.      

Qoy, onlar öz düzəlişlərini eləsin, mənim yolumsa, yenə keçmiş Hüsü Hacıyev küçəsi, yazıçılar binasınadır. İllər öncə, hələ bu fani dünyada yaşadığı, onda dəyərini elə də bilmədiymiz, indi çox uzaq, əlçatmaz görünən o gözəl günlərdən birində, yazıçılar binasındakı həmin mənzilində Muğannadan "gənc yazarlara sözünüz, məsləhətiniz nədir?" deyə soruşmuşdum və o bir an da düşünmədən, guya kimsə başqa biri, ya da öz-özüylə danışırmış kimi, hansısa məchul nöqtəyə zillənərək keçmişi-keçəcəkləri, yeri-göyü, ərşi-kürsü dolanaraq yanıma enmiş və göz açıb yumunca baş verən bu tarixi, kosmik gəzintidən doğan müdtik bir dalğınlıq havasında "qoy, damlada dəryanı, zərrədə küllü göstərsinlər" demişdi. Ondan çox cavab gözləyirdim, amma bunu - əsla! Muğanna öz cavabında Genonu Haydegger, Axundov və Cabbarlı ilə barışdırır, həm o tərəf (dərya), həm də bu tərəfə (damla) vurur, axırda da qayıdıb vəhdət nöqtəsində dururdu. Onun bu sözləri mənə niyə dediyini indi - bilgisayarın qarşısına keçib, ilk cümləyə hardan, necə başlayacağımı düşünəndə bilirəm. Onda bilmirdim ki, öz sualım da, yazıçının cavabı da yaddaşıma yazılıb və günlərin bir günü bu yazıda beləcə qəfil boy verəcək.

Teatr və dramaturgiyamızın çağdaş durumuna dair bu teatral-essevari düşüncələrimə Füzuli və Muğanna anısıyla başlamağımın bir neçə nədəni var və biri də budur ki, oxuyacağınız yazıda sufi üsuluna üz tutmuş, damlanı dəryada, zərrəni küllüdə göstərməyə, çözülməsi soruna quş uçuşu, yəni bir az uzaq, bir az da yuxarıdan - uzun və geniş planlarda baxmağa çalışmışam. Çünki ayrıca sorunların da, konkret şəxslərin də yeri və rolu ümumi mənzərədə daha aydın görünür. Siz bu sufi rümuzatında "damla"nı yazının özəl predmet və subyektləri, "dərya"nı dramaturgiya, teatr, ümumən sənət, damlanı insan, dəryanı Allah kimi çözməyinizdə olun, mən də bu müddətdə ustadların ruhuna rəhmət diləyib, onlardan füzuliyanə bir halallıq alım ki, vaxtımız çox getməsin:

 

Arayişi-söhbət eylə, saqi,

Ver badə, mürüvvət eylə, saqi.

...Sən ver badə, mən eyləyim nuş,

Mən nəzm oxuyum, sən ona tut guş...

 

Rejissora sözönü

 

Əgər səhnə öz sərhəd, qanun və əhalisi olan ayrıca bir dünya və rejissor onun yaradıcısı, demiurqu, tanrısıdırsa, sözə   Bəhram Osmanovdan başlamaq istəyirəm. Milli Teatrın səhnəsində zamanında "Qarağaclar altında ehtiraslar" (Yucin Onil), "Şah Edip, yaxud alın yazısı" (Sofokl), "Kral Lir" (Vilyam Şekspir), "Ağqoyunlular və Qaraqoyunlular", "Köhnə ev", "Mesenat" (Əli Əmirli), "Kaş araba aşmayaydı" (Otar İoseliani), "Uçqun" (Tuncər Cücənoğlu) və digər aydın konsepsiyalı, aktual ideyalı, istər bütövlükdə, istərsə də ayrı-ayrı səhnələrin təkrarsız ehtişamı baxımından heyranlıq doğuran tamaşalara quruluş verən bu görkəmli rejissor Gənc Tamaşaçılar Teatrına getməsilə bağlı uzun dönəmdir ki, burda görünmür, onun ana teatrın səhnəsindəki son işi - "Dəli yığıncağı"ndan (Cəlil Məmmədquluzadə) illər keçir. Teatrsevərlər isə bəzən, doğrudan da, dəli yığıncağı təsiri bağışlayan, ələşənin küləşənə qarışdığı, yaxşı ilə yamana, yağlı ilə yavana fərq qoyulmadığı hazırkı durumda çox şeyləri unutmayıblar. On doqquzuncu yüzil ünlü türk şairi və dövlət xadimi, saray çəkişmələri üzündən Osmanlını tərk edib, uzun illər batı ölkələrində yaşamaq zorunda qalan Ziya Paşa deyirdi:

 

Ayinəsi işdir kişinin, lafə baxılmaz,

Şəxsin görünür rütbeyi-əqli əsərində.

 

Osmanlı şairinin diliylə desəm, Osmanovun Milli Teatrdakı işləri onun rejissor kimliyini göstərən "ayinəsidir" və indi onlardan bəzi səciyyəvi məqamları yada salmaq istəyirəm.

...Pərdə bağlanır, tamaşa bitir, pərdənin bəri üzündə atılıb qalmış yelləncəkli boş kreslo isə dünyanın faniliyi, amansız taxt-tac qovğalarının anlamsızlığından söz açır. Burda artıq cansız kreslo danışır. Bura sözün bitdiyi yerdir! Mən ədəbiyyat tarixi səhifəsinin bu üzünü o üzünə çevirib, Füzuli divanına üz tuturam:

 

Ey olub sultan deyən dünyada məndən qeyri yox,

Sən səni bir cüğd bil, dünyanı bir viranə tut!

 

Rejissor isə tarixin pərdəsinin o üzünü bəri üzünə - çağdaşlığa çevirir, b.e.ö. səkkizinci yüzildə dumanlı Britaniyada baş vermiş saray çəkişmələri ardından 90-ların bir-birini dabanqırma izləyən dumanlı hakimiyyət davalarına üz tutur. Bu, iki fərqli heyətlə beş-altı ilə hazırlanan, Kral Lirin özü qədər qəribə, acımasız taleli "Kral Lir" tamaşasının finalıdır.

Babanın günahı üzündən: ana özünü asaraq intihar edib; gözlərini öz əlləriylə kor eləyən ata illərlə səfil-sərgərdan gəzib-dolanandan sonra dəhşətli əzablar içində ölüb; taxt-tac uğrunda qardaş qardaşı öldürüb; sağ qalanı düşmənlər qətlə yetirib; Tanrı üz çevirib və Edipin (Kamal Xudaverdiyev) qızları İsmena (Mehriban Xanlarova) ilə Antiqona (Münəvvər Əliyeva) göylə yerin arasında tək-tənha qalıblar! Tamam tək və tənha! Taleyin verdiyi çəkilməz acılardan sonra qızlar axır ki, bir-birini bağışlayıb qucaqlaşır və elə o anda Tanrı "mələyi" (Sənubər İsgəndərli) öz qanadlarını onların üstünə gərir, üçü bir yerdə səssizcə ağlayırlar. Cavanşir Quliyevin həzin musiqisi eşidilir, səhnəyə kosmik çəkisizlik, yaxud çiskin yağış ovqatı doğuran işıq düşür... Antik tragediyadakı bu olaylar ardından yenə də 90-ların hakimiyyət qovğalarına boylanan rejissorun səsi gəlir: "Niyə hər yandan düşmənlərlə çevrələndiyimizi görmürük? Niyə bir-birimizi qırır, qızlarımızı, qadınlarımızı başsız qoyuruq? Gəlin, bəylik taxtımızdan enək, şəxsi ambisiyalarımızı bir kənara qoyaq, adam olaq, bir-birimizi bağışlayaq ki, Tanrı da bizi bağışlasın - qurtuluşumuz birliyimizdədir!"

Bu, "Şah Edip"in 25 ildən bəri yaddaşımdan silinməyən uşaqcasına məsum, müdrikcəsinə mənalı finalıdır! O qədər məsum və mənalı ki, az qala hipnoz olmuş zal aktyorları alqışlamağı belə unudurdu. Mən nə öncə, nə də sonralar baxdığım tamaşaların heç birində insanı bu qədər təsirləndirən, özünə qaytaran, bu qədər güclü və zərif final görməmişəm. Bütün dünya uçub-dağılmış, yalnız bunlar qalmışdı - kosmik ənginlik qarşısında tənha insan, göz yaşı və ümid... Burda danışan göz yaşlarıydı! Bu sözün bitdiyi yer idi! Qiyamət səhəri kimi acı, hansısa müjdədən soraq verən bahar nəsimi kimi bu həzin finala baxdıqca düşünürdüm ki, dünya dramaturgiyasının bəlkə də ən talesiz məxluqlarını oynasalar da, Mehriban, Münəvvər və Sənubər dünyanın ən xoşbəxt oyunçularıdır. Təkcə elə bu tamaşanın final səhnəsində oynamaq üçün illərlə zəhmət çəkib, lazım gəlsə, şəxsi səadətindən belə əl çəkib aktyor olmağa dəyərdi! Osmanovun quruluşlarında rol almaq aktyor üçün, doğrudan da, şansdır. 

Bağlanmış pərdə bir anlığa açılıb, yenidən sürətlə qapanır, amma bu bir göz qırpımı da bəs eləyir görəsən ki, üzündə təbəssüm donmuş aktyorlar Tağıyevlər ailəsinin hansısa xoşbəxt anının fotosunu canlandırır. Bu şəkil marketinq dönəminə keçidin yaratdığı aşırı varlanmaq ehtirası, maliyyə fetişizmi, acgözlüyün absurdluğuna işarə edir. Bu şəkil milli sahibkarlığın çağdaş təmsilçilərini el atası, böyük mesenat Hacı Zeynalabdin Tağıyevdən həm örnək, həm də ibrət götürməyə çağırır. Bu şəkil "nə qədər varlı, nüfuzlu olursan-ol, bu dünya olum və ölüm pərdələri arasında (f)ani bir görüntü, vaxtın sonsuz yaddaşında donub qalmış şəkildir" deyir. Burda artıq cansız şəkil danışırdı... Bu, sözün bitdiyi yer idi!

Bu isə "Mesenat"ın finalıdır.

Osmanov hər tamaşasında bizi yenidən və yenidən xoşgörüyə, barışa çağırır, "mərhəmətli olun!" deyir, nədən ki Allahın "öldüyü" bu amansız, sərt dünyada vicdan son sığınacaq, mərhəmət olan-qalan, yeganə həqiqətdir!

Mərhəmət! Bu, onun rejissor dünyaduyumunun anayasası, yaradıcılığının epiqrafıdır! Maraqlıdır ki, bütün sənət həyatı boyu üzləşdiyi çətinliklər milli Efrosumuzun mərhəmət idealına ciddi xələl gətirə bilməyib. Çoxsaylı milli, rus, qərb sənətkarları arasında onu məhz sovet dönəminin dissident ruhlu rejissoru Anatoli Efrosa bənzətməyim özü də gəlişigözəl epitet, subyektiv yarlık olmayıb, təkcə iki azad ruhlu istedadın üzləşdikləri eyni səciyyəli sorunlardan da irəli gəlməyib, hər şeydən öncə, Osmanovun özünün fikridir. Yadımdadır ki, aşağı-yuxarı, iyirmi-iyirmi beş il öncə ondan "Stanislavski, Meyerxold, Brext, Kreq, Vaxtanqov, Tovstonoqov, Yefremov, Lyubimov, Efros, Tairov... Özünü bu rejissorlardan hansının məktəbinə aid edirsən?" deyə soruşmuş və "əlbəttə, Efrosun" cavabını almışdım. Maraqlıdır ki, Taqanka Teatrında əleyhinə aparılan neçə illik kampaniyadan sonra 1987-ci ildə infarkt keçirən Efros dünyasını dəyişmiş və məhz həmin il gənc rejissor Bəhram Osmanov Milli Teatrda öz işinə başlamışdı. Rejissorun sonrakı yaradıcılıq taleyi də onun Efros kodundan xəbər verir. O da Efros kimi öz ideyalarını gerçəkləşdirmək üçün az sorunlarla üzləşməyib, teatrları dəyişmək zorunda qalıb, tamaşalarının qarşısına yapma əngəllər qoyulub. Yazıqlar olsun və nə yaxşı ki, bu belədir. Füzuliyanə desəm, gülə tikanın zərəri yoxdur:

 

Gözümdə məskən et, xari-müjəmdən ehtiraz etmə,

Güli-xəndanə sordum, xarə yar olmaq zərər verməz.

 

Neçə-neçə səhnə, televiziya və kino obrazlarını gördüyüm ayrı-ayrı aktyorlar da yaddaşımda Bəhram Osmanovun quruluşlarındakı bu və ya digər anın doğurduğu unudulmaz təəssüratla qalırlar. Onları bu anlarda görmüş, tanımış, sevmiş və yadda saxlamışam:

Lir - Kamal Xudaverdiyev barmağını Kordeliyanın (Məleykə Əsədova) yanaqlarından süzülən göz yaşlarına vurub, ehtiyatla, qorxuyla dilinə toxundurur, sonra az qala hədəqəsindən çıxan gözlərlə zala üz tutaraq, sanki "duzludur! həqiqidir! doğrudanmı, saxta deyil?!" deyə soruşmaq istəyirdi! Unudulmaz aktyor yaddaşımda ömrü boyu şirin yalanlarla yaşayıb birdən-birə acı (duzlu!) həqiqətlə üz-üzə gələndə iliklərinə qədər sarsılan, uşaqcasına sadəlövh ingilis kralının açıla qalmış ağzı, heyrət dolu baxışlarıyla qalıb! Burda artıq gözlər danışırdı... Bu, sözün bitdiyi yer idi!

Nə rus sovet rejissoru, "Don Kixot", "Hamlet" kimi dünya klassikası şedevrlərinə böyük başarıyla ekran həyatı verən Qriqori Kozintsev, nə ingilis Riçard Eyrin eyni mövzudakı filmlərində (uyğun olaraq 1970 və 2018-ci illər), nə də Leonid Heyfetsin Malı Teatrının aktyorları ilə hazırladığı və zamanında böyük maraqla qarşılanan film-tamaşasında (1982) Lir və Kordeliyanın uzun ayrılıqdan sonra qarşılaşması səhnəsi bu qədər parlaq, yaddaqalan, təsirli deyil:

Səhnənin bir başında - taxt-tacını, torpaqlarını böyük qızları Qoneriliya (Bəsti Cəfərova) və Reqanaya (Hicran Nəsirova) cehiz verib, sonra nankor övladları tərəfindən rədd edilən, qapılar üzünə çırpılan, yolçu olub çöllərə düşən, qaranlıq, soyuq, tufanlı gecələri dilənçilərlə keçirən, lakin hakimiyyətdən endikcə həqiqəti dərk pillələri ilə yüksələn, maddi sərvətlərini itirdikcə mənən zənginləşən və sonucda kraldan insana, misdən qızıla, damladan dəryaya çevrilən zavallı və bədbəxt Lir; o biri başında - sözün düzünü dediyi, yalanı, riyakarlığı bacarmadığı, diliylə könlü bir olduğu üçün cehizi lənət, təhqir olan, lakin Liri bağışlayan və öncələrdəki kimi yenə də sevən mələk təbiətli kiçik qızı Kordeliya! Dilənçi görkəmində olan Lir və su sonası kimi bəyaz libaslı Kordeliya qarşılıqlı sevgi ifadə edən atəşin sözlərlə qollarını qabağa açır, dizin-dizin bir-birinə doğru sürünür, səhnənin tən ortasında göz yaşları içində qucaqlaşırdılar! Göz yaşının dadına baxmaq da bundan sonra başlayırdı...

Əminəm ki, Kozintsev, Eyr, Heyfetsin filmləri və Osmanovun tamaşasına baxıb, eyni səhnələri tutuşdursanız, gəldiyim sonucun bayağı "özümüz-özgələri" mifindən doğan tərəfgirlikdən irəli gəlmədiyinə, hər cür kiçiltmə və şişirtmədən uzaq olduğuna siz də əmin olarsınız. Düzdür, Kamal Xudaverdiyev göz yaşının dadına baxmağı Kozintsevin filmində baş rolu oynayan ünlü eston aktyoru Yuri Yarvetdən götürmüş, amma öz mənalı heyrəti ilə bu jestə tamam fərqli anlam verə bilmişdi. Göz yaşını dadan Yarvetin üzündə bir təəssüf, peşmançılıq var. Kral bu duzlu göz yaşında, elə bil öncədən artıq duyduğu həqiqətin təsdiqini tapır: "hə, doğrudan da, duzlu imiş, saxta deyilmiş, təəssüf ki, bunu gec başa düşdüm." Kamal Xudaverdiyevin Lirinə isə öncədən heç nə məlum deyil, o həqiqəti indi, göz yaşını daddığı andaca, zen-buddistlərin diliylə desək, qəfil tapır və bu gözlənilməz intuitiv kəşfdən ağzı açıla qalır: "doğrudanmı, duzludur, doğrudanmı, saxta deyil?!!" Onun üzündə təsdiq yox, heyrət dolu bir sual, onun gözündə təəssüf yox, özünün ən yüksək dərəcəsinə çatmış təəccüb var! Aktyorun köhnə jestə verdiyi bu yeni anlam səhnədəki degustasiyanın zaldakı dadını qat-qat artırır, ona həqiqətin kəşf olunduğu həlledici məqam statusu verir və müqayisədə ünlü eston (üstü) unlu azərbaycanlıya açıq-aşkar uduzurdu ("Kral Lir");

taleyin amansız hökmüylə dünyanın ən bağışlanmaz suçuna sürüklənən, indiyəcən olub-keçən qadınların heç birinin üzləşmədiyi acı bir qismətə tuş gələn - öz bətnindən doğurduğu Ediplə izdivaca girən, ondan dünyaya övladlar gətirən və bu dəhşətli həqiqəti biləndə azacıq belə düşünmədən özünə ölüm hökmü çıxaran, yunan profilində qədd-qamətli, şahanə, hökmürəvan İokasta - Şükufə Yusupovanın da ölümə gedərkən tüstülər, dumanlar içində ağ göyərçin qanadları kimi, xəyal kimi çırpınan əllərini, yəqin ki, heç vaxt unutmayacam ("Şah Edip").

Hələ Bəsti Cəfərovanın sevişdiyi kişinin ağuşundan çıxaraq, şərab dolu qədəhi başına çəkən, sonra da hüdudsuz şəhvani istəkləri və hakimiyyət ehtirasının təmin olunmamasından doğan narazılıq, nifrət, aqressiyanın ifadəsi kimi boş qədəhi bütün bədəniylə bir yay kimi gərilərək, daxili aləminin ən dərin nöqtəsindən gələn çılğın bir nidanın müşayiəti ilə səhnənin hansısa uzaq küncünə tullayan Qoneriliyası!.. Onun hüdudsuz azğınlığından xəbər verən nidası səhnə səmasında şimşək kimi çaxır, bütün zalı diksindirirdi! Qəribədir ki, aktrisa bu səhnə də daxil olmaqla Qonerilya obrazını elə də bəyənmir, Kordeliyanı oynamaq istəyirdi. Mənim isə üstündən on illər keçsə də, Qonerilyanın boş qədəhi necə atması hələ də gözümün önündə, çılğın nidası hələ də qulağımdadır. Milli və dünya dramaturgiyasında Pəridən (Cəfər Cabbarlı, "Solğun çiçəklər", rejissor Ağakişi Kazımov) tutmuş, Fedraya (Jan Rasin, "Fedra", rejissor Mərahim Fərzəlibəyov) qədər ən ehtiraslı qadın obrazlarını canlandıran aktrisa yaddaşımda qəddar, amansız ingilis kraliçasının bir kəlmə də demədən hər şeyi deyən sözsüz qiyamı ilə qalıb ("Kral Lir");

düşmən siyasi partiyanın oğluna ərə getməsin deyə öz əmisi oğlu tərəfindən zorlanan, avansenaya çıxaraq bütün əclaflıqların acığına başını qürurla yuxarı qaldıran, sonra nəsə daxili hökm verdiyini bildirən sərt hərəkətlə geri dönüb, səhnə boşluğunda yoxa çıxan, eləcə mimika və baxışlarıyla tamaşanın ən önəmli informasiyasını - intihar qərarını zala çatdıran Fidan - Məleykə Əsədova da yaddaşıma ayaqlar altına atılmış məhəbbət, tapdalanmış bəkarətin saf heykəli kimi yüksəldiyi bu sözsüz səhnəsi ilə yazılıb. Fidan bu bir anlıq görüntüsüylə aktrisanın Gültəkin, Şirin, Mariya Tüdor kimi klassik faciə ehtişamıyla süslənmiş obrazlarını kölgədə qoyurdu ("Ağqoyunlular və Qaraqoyunlular").

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

Martın 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı əsasında hazırlanmış “Əsrə bərabər gün” tamaşasının premyerası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, yeni səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

Səhnə əsəri Boranlı stansiyasındakı dəmiryolçu Yedigeyin dostu Qazanqapın cənazəsini qədim yurd yeri olan Ana-beyitdə dəfn etmək üçün çıxdığı yoldan başlayır. Əcdadlarının uyuduğu Ana-beyitin yerində Baykanur kosmodromu salındığı üçün Boranlı camaatı oraya buraxılmır. Əsərdə bu hadisə - Ana-beyitə gedən yolun bağlanması kosmik stansiyanın salınması səbəbi ilə əlaqələndirilsə də, tamaşada bu, əcdadlarına, torpağına sahiblik hissinin olmaması kimi də dəyərləndirilir. Oğullar atalarını, analarını tanımırlarsa, torpaq da onları qəbul etmir. Belə insanların heç sonsuz kainatda da yeri olmayacaq.

Tamaşa “giriş qadağandır” əmri ilə yaranmış kolliziya ətrafında keçmiş rəvayətdən gələcək yerdənkənar sivilizasiyaya qədər olan yolun bərpası cəhdi kontekstində qurulub. Səhnə əsərinin aktyor heyətində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Laləzar Mustafayeva, Cəfər Namiq Kamal, Bəsti Cəfərova, Rafiq Əzimov, Hacı İsmayılov, Sabir Məmmədov, Əməkdar artistlər Abbas Qəhrəmanov, Elşən Rüstəmov, Anar Heybətov, Vəfa Rzayeva, Ayşad Məmmədov, Elxan Quliyev, Mirzə Ağabəyli, Əminə Babayeva, Rövşən Kərimduxt, Aslan Şirin, Elşən Cəbrayılov, Mətləb Abdullayev, Rəşad Bəxtiyarov, Məzahir Cəlilov, Əlvida Cəfərov, Kazım Həsənquliyev, Elşən Cəbrayılov, Almaz Amanova və digərləri yer alıb.

 

“Əsrə bərabər gün” tamaşası Çingiz xandan başlayaraq Çingiz Aytmatova qədər dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır”.

Bunu AzərTAC-a açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə deyib.

“Əsrə bərabər gün” tamaşasının quruluşçu rejissoru qeyd edib ki, səhnə əsəri ümumilikdə yeddi ay ərzində ərsəyə gəlib.

“Əsər əcdadlarımızdan bizə gələn və gələcək nəsillərə ötürüləcək mistik, fantastik və realist kontekstdə həll olunmuş rəvayətdir. Tamaşada yaddaşını könüllü itirib manqurta çevrilənlər, genetik kodunun hansı torpağa aid edilməsini anlamayanlar və onlara qarşı mübarizə aparan Yedigey obrazı təsvir olunub. Tamaşada canlı dəvədən istifadə olunub. Bu, vacib şərt idi. Dəvənin Yedigey ilə paralelliyi və simvolik mənası Sarı Özək düzənliyinin bir parçası olmasıdır. Təbii ki, istər dekorasiya, istərsə də texniki cəhətdən bu ideya həyata keçirilən zamanadək bir çox çətinliklərlə qarşı-qarşıya qaldıq. Nəticə etibarilə tamaşaçılar səhnə əsərini maraqla qarşıladılar”, - deyə o əlavə edib.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Hər bir "Ədəbiyyat və İncəsənət" portalı oxucusunu salamlayır və növbəti müsahibəmi sizlərlə paylaşıram. Xüsusilə bürclərə inananlar üçün, məncə, olduqca maraqlı söhbət olacaq. Çünki bugünkü qonağım astroloq Aytən Salamidir. 

 

-Xoş gördük, Aytən xanım. Gəlin başlayaq. Aytən Salami kimdir? Öncəliklə bizə tanıdın zəhmət olmasa.

 

-Salam, xoş gördük. Mən Aytən Salami. 1990-cı ildə anadan olmuşam. Bürcüm və yüksələnim qız, ay bürcüm oxatandır. Xarici dillər universitetinin İngilis dili müəlliməliyi fakultəsini bitirmiş, magistraturada Qafqaz universitetinin Amerikan və İngilis ədəbiyyatşünaslığı təhsilimi qırmızı diplomla bitirmişəm. Eyni zamanda magistratura oxuyarkən elə Qafqaz universitetində müəllimə kimi fəaliyyət göstərməyə başlamışam və 4il işimi davam etdirmişəm. Ailəliyəm, 3övladım var. Hazırda isə Astroloq kimi fəaliyyət göstərirəm.

 

-Astroloq olmağa necə qərar verdiniz? Nə sizi bu sahəyə çəkdi?

 

-Astroloq olmağa, əslində, pandemiya dövründə qərar verdim. Qapanışlar olanda özümlə bağlı həyatımda müəyyən suallar var idi ki, onlara cavab axtarırdım. Bu zaman mən astrologiya ilə tanış oldum. Türkiyədə olan astroloqlarla əlaqə saxlayıb doğum xəritəsi istədim. Onlar mənim bütün suallarımın, həyatda yaşadığım hər bir hadisənin səbəbini göstərdilər və mən artıq bu sahəyə dərin maraq göstərməyə başladım. İlk öncə təhsil almağa Türkiyədən başladım. Bu sahədə ilk təhsilimi Türkiyədə Astro-art məktəbindən aldım. Bununla yanaşı Oğuzhan Ceyhan- Karma astrologiyasında da təhsilimi yekunlaşdırıram. Eyni zamanda Amerikada Ketler kollecində də bu barədə ixtisaslaşmış dərslərə qatılıram. 

 

-Ümumiyyətlə astrologiya nədir? Tam olaraq nələri əhatə edir?

 

-Astrologiya planetlərin hərəkəti və bu hərəkətlər zamanı yaranan enerjilərin yer üzərində təsirlərini öyrənən elmdir. Astrologiya insanın doğum tarixi və doğum saatı əsasında çıxarılan xəritəsini təhlil edən və insan həyatında baş verən hər hansı hadisələri, onların gələcəkləri haqqında proqnozları, karyeraları, sağlamlığını, sevgi həyatlarını, xəstəliklərini, cəmiyyətdəki mövqelərini, bir sözlə, həyatımızın hər hissəsi barədə məlumat çatdırır.

 

-Bəs doğum xəritəsi nədir?

 

-Doğum xərirəsi doğum tarixi və saatı əsasında hazırlanan xəritədir. Həmin anda planetlərin hərəkəti əsasında bir növ bizim həyatımızı analiz etməmizə yardım edir. Doğum xəritəsi 12evdən ibarətdir və bu evlər həyatımızın hər sahəsindən xəbər verir. 

1-ci ev doğulduğumuz zaman, uşaqlığımız, xarici görünüşümüz, gələcək hədəflərimiz;

2-ci ev maddiyyatımız, əməklərimizin qazancı;

3-cü ev bizim kommunikasiyamız, ətrafla əlaqəmiz, yaxınlarımız;

4-cü ev bizim ailə köklərimiz, karmalarımız;

5-ci ev hobbilərimiz, uşaqlarımız, şanslarımız;

6-cı ev xəstəliyimiz, iş ortamımız;

7-ci ev bizim ortaq münasibətlərimiz və evlilik həyatımız;

8-ci ev bizim ölümümüz, başqalarından gələn maddi miraslar, mülklər və s.;

9-cu ev səyahətlərimiz, ali təhsilimiz, xaricilərlə olan əlaqələr, astrologiya ilə əlaqəmiz, səfərlərimiz, məhkəmə, din inanclarımız;

10-cu ev kariyeramız, cəmiyyətdəki statusumuz;

11-ci ev dostlarımız, sosial çevrəmiz, xəyallarımız;

12-ci ev isə qapalı alan sayılır. Yəni ana bətni də deyə bilərik. Görünməyən işlər, travmalar, düşüncələr, fobialar, xəstəxana, həbsxana və s. kimi sahələrdə izlər qoyur.

Evlərə düşən planetlərin də müxtəlif təsirləri olur.

 

-Bu sahəni seçmək sizin həyatınıza necə təsir göstərdi? Məsələn, proqnozları dəqiqləşdirərkən öz həyatınıza da toxunduğunuz anlarda nə hiss edirsiniz?

 

-Belə deyək, bu sahənin həyatıma təsiri olduqca böyük oldu, çünki artıq enerjilərin idarəsi əlimdə olmağa başladı. Baş verəcək hadisələri əvvəlcədən bilmiş oluram və həyatımı ona görə daha yaxşı tənzimləmiş oluram. Əgər həyatımı astrologiyadan öncə və sonra deyə iki hissəyə ayırmış olsam, əvvəlki seçimlərimdə bəlkə də daha çox səhv etmiş olaram deyə düşünürəm. Ancaq artıq xəritəmi analiz etdiyim üçün, enerjiləri artıq bildiyim üçün seçimlərimi idarə edə bilirəm. 

 

-Astrologiya ilə əlaqəsi varmı bunun, düzü, bir az müşkül məsələdir, amma yenə də soruşaq. Enerjiyə inanırsınız? Sizcə, həqiqətən hər şey kainata göndərilən enerjidən asılı ola bilər?

 

-Enerjilərə çox inanıram. Elə Astrologiya özü də planetlərin enerjilərinin təsirlərini öyrədir və öyrənir. Planetlər hərəkət edir, qarşılıqlı enerji halında olurlar. Və onların enerjilərinin məhz yer kürəsinə, insan həyatına təsirini öyrənirik biz bununla. Sözün belə təsir enerjisinə mən inanıram. Kainatda hər bir şey, insan belə enerjidən ibarətdir. 

Ancaq onu da qeyd edim ki, göydəki enerjilər heç vaxt dəyişmir. Bəli, insan müsbətə fokuslana bilər, amma bu bizim yaşayacağımız enerjiləri dəyişə bilməz. Sadəcə biz yaşanılacaqlar qarşısında pozitiv durmaqla onları daha asan qəbul etmiş oluruq. Onları dəyişə bilmərik. 

 

-Qarşıdan Novruz bayramı gəlir. Elə müsahibəmizi də bürc proqnozları ilə yekunlaşdıraq. Hansı bürcləri nə gözləyir? Önümüzdəki zamanın ən şanslı və ya ən şanssız bürcləri hansılardır?

 

-Belə başlayaq. Mart ayının sonunda- martın 25-ində tərəzi bürcünün 5°sində bir ay tutulması, aprel ayının 8-ində isə qoç burcunun 19°-sində bir günəş tutulması baş verəcək. Ay tutulması həyatımızda olan sonları, günəş tutulması isə başlanğıcları göstərir. Bu tutulmaların düşdüyü evin mövzularında sonlanmalar və yeni başlanğıclar müşahidə olunacaq. 2024-cü il əsasən qoć və tərəzi əksində baş tutan tutulmalar səbəbiylə insanların həyatında münasibətlərin tənzimlənməsi dövrüdür. Evliliklərdə, ikili münasibətlərdə, sevgi həyatında insanlar artıq özlərinə sual verəcəklər. Özlərində, fikirlərində qərar vermə aşamasında olacaqlar. Sećim mərhələsində olacaqlar. Artıq güzəştə getməyə davammı edim, yoxsa özümü düşünüm? Balans yaratmaq, ya özümü seçmək? Bu kimi suallarla qarşı-qarşıya qalacaqlar. Bu, ən çox qoç və tərəzi bürclərinə təsir edəcək. Qoç bürcləri daha şanslıdır. Onlar daha yenilikçi hadisələr yaşayacaqlar. 

Bundan başqa, 2024-cü ilin may ayının sonlarına qədər ən şanslı bürclər buğa və oğlaq bürcləridir. May ayından sonra isə Yupiterin əkizlər bürcünə keçməsi ilə bərabər əkizlər, dolça, tərəzi bürcləri ən şanslı bürclər içində olacaq. Eyni zamanda şir və oxatan bürcləri də şanslı bürclər sırasındadır. 2025-ci ilin may ayına qədər balıqlar və qız bürcləri həyatlarında müəyyən çətinliklərlə, dönüm nöqtələri ilə üzləşə bilərlər.

 

-Bu məlumatlar olduqca maraqlı idi, xüsusilə bir buğa bürcü kimi şanslı olacağımı öyrənmək məni sevindirdi. Təşəkkür edirik, vaxtınızı ayırdığınız üçün.  

 

-Mən təşəkkür edirəm. Diləyirəm ki, xoş bir söhbət oldu. Bütün oxuculara həyatlarında bol şans, uğurlar diləyirəm.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, tanınmış şair Vaqif Bəhmənlinin şeirləri ilə tanışlıqdır.                                         

 

 

EYNİ MƏHƏBBƏTLƏ

 

Eyni məhəbbətlə çıxdım işığa,

qaraya sığındım eyni sevgiylə.

Eyni məhəbbətlə ağ dedim ağa,

qeyri mətləbləri almadım dilə,

közü ölü küldən çəkdim qırağa.

 

Ata yoox...

         yetimlik güc verdi mənə –

sığındım anamın kişiliyinə.

Soğan şirəsini sürtdüm sinəmə,

bükdüm dürməyimə keşniş iyini.

 

Tüpürdüm yalana səmimi-qəlbdən,

sarıldım doğruya qızıl ilantək.

İfalla yapışdım korun əlindən,

Xatalı keçiddən addatdım onu

dərsə apardığım körpə balamtək.

 

Eyni məhəbbətlə sevdim işığı,

zülmətdən yapışdım eyni eşq ilə.

Helləndim zirvədən üzüaşağı,

eşq ilə şığıdım yarğan müşkülə!

 

Düşmənə dost dedim, yada aşina,

eyni məhəbbətlə sevdim hamını.

Ayrılıq camını çəkdim başma,

sevdim bal şəhdini, zəhər tamını.

 

Nə fərqi, nur yağır,

                   ya qar ömrümə,

nə xeyrə vuruldum, nə bədi sevdim.

Yalan vədlər verib qaynar ömrümə

soyuq başdaşımı əbədi sevdim...

 

 

ALLAH, BAŞIMI QATMA

 

Sındırma boynumu, qaşımı çatma,

lütf elə, adınca bir əməl tutum.

Allah, qurban olum, başımı qatma,

elə eləmə ki, səni unudum.

 

İzninlə keçmişəm yolu qolboyun,

indi də sən mənim boynuma qol sal.

Elə bir hünərə yol aç,

                   qol qoyum...

Sən yerdən göyəcən məndən razı qal!

 

İkimiz bir yerdə bəsirət gözü,

Bir olsaq,

         yol çönməz darlığa tərəf.

Varlıqdan aldığım zərbəyə dözdüm,

yoxluqdan ucaldım varlığa tərəf!

 

Bilmirəm, gözündə azam, yoxsa çox;

tam yaşıl olmadım,  həm də solmadım.

Sayəndə...

         dostumun say-hesabı yox,

nədən sənə layiq bir dost olmadım?

 

O sənin əlində nədir ki? –

                             heç nə!

Niyə yaratmadın günahsız məni?

Qəvvastək daldırıb günah içinə

indi də qoyursan pənahsız məni?!

 

Yaxşı da dostumdu, pis də dostumdu;

Rəbbin bundan layiq seçimi yoxdu.

Sənə göz açandan seçimi pusdum –

İlahi seçimin biçimi yoxdu...

 

İlahi, qoymadın qarmaqlar atım –

qarmağa keçəni çəkim, dişimə.

Qoymadın oğluma qaqla yaradım,

qızlarım getmədi həkim işinə.

 

Aldım beca yerə o pak iyini,

kəsdi pak yolumu köhnəlmiş ətlər.

Ağzımda qurutdum tüpürcəyimi –

sudan quru çıxdı şeytansifətlər!

 

Bəlkə də... sərvətin sızıb altından,

bilmirəm sənə dost, yoxsa düşmənəm.

Bəlkə, sən ovçusan,

                   haqq sapandından

şeytana atılan axır daş mənəm?

 

 

AXIR-UXUR

 

Qarından çıxanda nə idim? – kürü;

Sanırdım mətləbə çatıram artıq.

Nəhrə baş vuranda üzməkdən ötrü

gördüm təpəm sudu,

                    batıram artıq.

 

Kimindən böyüyəm,  kimindən kiçik;

sərçə xatiratım dinsə də cik-cik...

Can nədi, qaşınır ruhumun içi –

dərdə mübtəlayam, qoturam artıq.

 

Mail gözlərimdə çəpəki maraq,

eyşi-işrətlərdən qurşandım yaraq...

Durultmur keyfimi zəhrimar araq,

badəmə zəncəfil qatıram artıq.

 

Bu necə dünyadı? –

                        balı şor kimi,

Hörümçək bürüyüb canı tor kimi.

Ötürəm yolumu baxar kor kimi –

namərd divarlardan tuturam artıq.

 

Vaqiflər mənsubdu ayrı bir tağa;

abıra, ismətə canım sadağa...

Hamı oyananda girib yatağa,

hamı gəzişəndə yatıram artıq!

 

 

TƏQDİMAT

 

Deyimmi mən kiməm, –

                      bulud təkinə

qalxıb səyahətə çıxan adamam.

Dağ təki təpilib Yerin tərkinə,

su kimi

           dörd yana axan adamam...

 

Boğazı bağlayıb bəxtin ipinə,

üzüb axar boyu kəsə, çəpinə,

Çöküb səsdə-küydə səbrin dibinə,

sükutda şimşəktək çaxan adamam.

 

Heç sorma bu xislət nədəndi, nədən? –

Nədən ki, Həvvadan doğulmuşam mən!

Bəlkə, buna görə cin adam, zatən,

Yalquzaq, goreşən, xoxan adamam?!

 

Həm də ki tum salıb törəyən kəsəm,

sonra toxum-toxum çürüyən kəsəm,

Başını torpağa bürüyən kəsəm,

boyu qara yerə soxan adamam!

 

Mən yoxam, o yerdə həqiqət yoxsa,

Qoy yarsın köksümü, ədalət oxsa!

Şeytanla həmrəyəm, dediyi haqsa –

çox da ki, Allahdan qorxan adamam.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Yeni SEVDİYİN ŞEİRİ GƏL MƏNƏ SÖYLƏ rubrikasında bu gün qonağımız sevilən şair Əkbər Qoşalıdır. 

 

-Salam, dəyərli Əkbər bəy, xoş gördük Sizi!

Məlumdur ki, şairlərin şeirlərə sevgisi bitməz və tükənməzdir.

Siz, şairlər söz və cümlələrdən qurulmuş o sehrli aləm ilə bizləri də ovsunlamaq gücündəsiniz.

Sizin sevdiyiniz şeirlərin çox olduğu aydındır və bundan sonra da mütaliə zamanı hələ neçə şeirləri sevəcəksiniz.

Amma elə bu an üçün Əkbər Qoşalıya "SEVDİYİN ŞEİRİ GƏL MƏNƏ SÖYLƏ" desək, o bizə hansı şeiri söyləyər?

 

- “Ən çox sevdiyiniz şeir?” sualına həmişə eyni cavab vermək düzgündürmü? - Məncə, yox. Örnəyi, bax, bu şeiri mən ilk dəfədir “Ən çox sevdiyim şeir” olaraq sunuram. Öncəkilər də çox sevdiyim olub, sabah-birisi gün daha yeni sevdiyim şeirlər ola bilər… Belə suallara cavab ovqata bağlı olaraq verilir. 

Bir də, şeirin ülkü yükümlülüyü, ismarıcı önəmlidir mənimçün. 

Yəni, yalnız poetikası yaxud estetikası fərqləndirməz şeiri; 

yalnız şairin yaradıcılığına özəl sayğıduyarlıq da işin tamı deyil, məncə. Gərək anlam dərinliyi ilə üfüqötəsinə canatım ən gözəl şəkildə uyum içində olsun… “İlhamım” kimi… 

Yoxsa, Məmməd Araz demişkən, 

“Sən kimə gərəksən,

Mən kimə gərək”?!

 

MƏMMƏD ARAZ

“İLHAMIM”

(Xudu Məmmədova)

 

Yenə dağ döşündə dənərləndi qar,

Yenə zirvələrin həsrətində qal,

Sel qopdu, dərəyə düşdü qalmaqal...

Bir ocaq başında bir isinməsək

Sən kimə gərəksən,

Mən kimə gərək?!

 

Şimşək yelkəninə qoşulu anlar,

Göy bizi yamanlar, yer bizi danlar.

Görüm ayılmaya gec ayılanlar...

Dolular qırımlı, daşlar döyənək...

Sən kimə gərəksən,

Mən kimə gərək?!

 

Bax donqar dəvənin səbət yükünə,

Bənzəyir içi boş şöhrət yükünə.

Ömür karvanının sənət yükünə

Bir-iki qeyrətli söz yükləməsək

Sən kimə gərəksən,

Mən kimə gərək?!

 

Tarix qayalarda yazı qalırmı?

Çoxu çoxdan itib, azı qalırmı?

Dağ öz duruşundan razı qalırmı?

Yalan-yarğanlara nağıl söyləsək,

Sən kimə gərəksən,

Mən kimə gərək?!

 

Bu dağlar qardaşım, bu çaylar bacım,

Özündən gəlməyən özündən qaçır.

Zaman qapımızda əlində qayçı...

Hər adi ölçüyə, ülgüyə gəlsək

Sən kimə gərəksən,

Mən kimə gərək?!

 

Keçək dərələrin boğanağından,

Keçək dolayların doğanağından,

Günəşin zirvədə doğan anından

Nur alıb, bu yurda səpələməsək

Sən kimə gərəksən,

Mən kimə gərək?!

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Uzun illər idi ki, kinomuzda ikitirəlik var idi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar  İttifaqı ayrı-ayrılıqda fəaliyyət göstərirdi. Birinə Xalq artisti Şəfiqə Məmmədovanın, digərinə Xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi bu iki qurum arasında əməkdaşlıqdan, sağlam rəqabətdən söhbət belə gedə bilməzdi. Onların münasibətini kino cameəsində sadəcə konfrontasiya adlandırırdılar. 

Bu qurumlarda təmsil edilən kino xadimləri də sanki iki cəbhəyə bölüşüb bir-birini aşağılamaqla məşğul idilər. 

Təsadüfi deyil ki, xəstə halında olan Azərbaycan kinosunu sağaltmaq işinə

start vermək yeni təyin olunmuş mədəniyyət naziri Adil Kərimlinin ilk işlərindən biri oldu. 

Bu iki qurumun birləşdirilməsi məsələsi de-yure xeyli öncəki günlərdə gündəmə gəlsə də de-fakto yalnız yola saldığımız həftədə - daha dəqiqi, martın 6-da gerçəkləşibdir, birləşdikdən sonra qurum Azərbaycan Kinematoqrafçılar İttifaqı adlandırılıb.

Azərbaycanda yeni yaradılan kino ittifaqının - Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri isə Xalq artisti Rasim Balayev seçilib. 

Bu qərar Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqtafçılar İttifaqının rəsmən Azərbaycan Kinematoqrafçılar İttifaqı adı altında birləşdiyini təsdiq edən ümumi yığıncaqda qərara alınıb. 

İdarə heyətinin tərkibində Xalq artisti Şəfiqə Məmmədova, Xalq artisti Vaqif Mustafayev, Xalq yazıçısı Anar da daxil olmaqla, 30-dan çox şəxsin adı təsdiqlənib.

Bundan sonra isə səsvermə ilə yeni təşkilatın Nizamnaməsi təsdiq edilib. 

Onu da qeyd edək ki, iki kino xadimləri ittifaqının birləşməsinin əleyhinə cəmi bir nəfər səs verib - tanınmış rejissor, Xalq artisti Oqtay Mir Qasımov.

Oqtay Mir Qasımov deyib: “Bu birləşmə dağıdıcı proses ola bilər. Burada bizim sədrimiz və idarə heyətimiz oturub. Yuxarı orqanlara müraciət etmişik ki, səsvermə şəraiti bərabər deyil. Biz istədik ki, Azərbaycan mentallığı ilə səsləşən bir səsvermə aparaq”, - deyə Oqtay Mirqasımov bildirib. Bu zaman qalmaqal yaşanıb, belə ki, qurumun üzvlərindən biri Xalq artistinin fikirlərinə müdaxilə edib. Oqtay Mirqasımov isə “sən mənim sözümü niyə kəsirsən?” deyərək, sərt etirazını bildirib. 

Oqtay Mirqasımova idarə heyətində təmsil olunması təklif edilsə də, o, razılaşmayıb. 
“Nə Azərbaycan Kinematoqrafçılar İttifaqını, nə onun qurultayını, nə də yeni rəhbərliyi qəbul etmirəm”. Bunu isə “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Tariyel Qasımov deyib. Aktyor Rusiya Kinematoqrafçılar İttifaqının üzvü olduğunu qeyd edib: “Rasim Balayevi sədr kimi qəbul etmirəm. Nə qədər ki, Rasim Balayev həmin ittifaqdadır, mən orada yoxam”.
Tariyel Qasımov Xalq artisti Rasim Balayevin bundan əvvəlki illərdə ittifaqa rəhbərliyini belə qiymətləndirib: “Rasim Balayev ittifaq sədri oldu, həmin illərdə nə iş görmüşdü ki, hələ bir yenidən də seçsinlər. Mən onların vəsiqəsini atmışam, nəyimə lazımdır. Əgər onu qəbul etmirəmsə, vəsiqəsini niyə gəzdirim. Açığı, mən Şəfiqə Məmmədovanın da ittifaqını qəbul etməmişəm. Onların heç biri sədr postuna layiq deyil”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti təsdiq edilərkən Şeyx Əbdül Mahmudovun adı da idarə heyəti üçün təklif edilib. Lakin o özü bundan imtina edib. “Belə idarə heyəti heç kimə lazım deyil. Hər kəsə uğurlar arzulayıram. Könüllü surətdə üzvlükdən imtina edirəm”, - deyə Şeyx Əbdül Mahmudov bildirib. 
Rejissor Zamin Məmmədov isə idarə heyəti seçkisindən narazı olduğunu deyərək, ümumiyyətlə, üzvlükdən çıxdığını bəyan edib.
Xalq artisti Afaq Bəşirqızı narazılığının başqa səmtə olmasını dilə gətirərək “Yeni Müsavat”a açıqlamasında deyib: 
“Ümumiyyətlə, kinomuzun gələcəyi ilə bağlı hələ ki heç nə görmürəm. Bu sistem yenidən qurulmalıdır. Amma yenidən qurulma da o demək deyil ki, Rasim Balayevi çıxardıb, yerinə Vaqif Mustafayevi və yaxud Afaq Bəşirqızını qoysunlar. Azərbaycan kinosunun konsepsiyası olmalıdır. Ayıbdır! Müharibəni bitirdik, qələbə qazandıq, hələ də Qarabağ haqqında film yoxdur. Yalnız "Fəryad" filmi var. Bir də ki, nə zaman sənətkarlar, incəsənət xadimləri bir masaya toplandı? Şəxsən məni həmin konfransa dəvət etməmişdilər, dəvətnamə gəlməmişdi. Çünki bilirlər ki, qalxıb danışacaqdım, ona görə..."

Rasim Balayev özü isə bütün bu etirazlarla bağlı “Yeni Müsavat”a açıqlamasında münasibət bildirib: “Əgər kino çəkilərsə, həmin sənətkarların başı kinoya, işə qarışar. Bütün bunlar bekarçılıqdandır. İş olmayanda biri o birisinə sataşır, digəri o birinə söz atır və sairə. İş olan yerdə söz-söhbət də az olur”.

Bax belə. Hər halda biz bu birləşməni alqışlayır, yeni quruma uğurlar arzulayırıq.

Azərbaycanın kino industriyasında həqiqətən bir canlanma var, gündəmdə tez-tez kino xəbərlərinin yer alması ölü sükutun tam pozulmasına dəlalət edir. 

Kinomuzun gələcəyinin parlaq olacağına inamımız böyükdür. Belə ki, Azərbaycan Respublikası Kino Agentliyinin yarandığı qısa müddətdə gördüyü işlər bu cür düşünməyimizə tam əsas verir.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

Tezliklə yazıçı Varisin 2 bestsellerinin -“Əzilmiş fotəşəkillər”in və “Son məktub”un 4-cü təkrar nəşrləri “XAN” nəşriyyatının yeni tərtibatında və yeni redaktədə işıq üzü görəcəkdir. Kitablar artıq çap mərhələsindədir. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “XAN” nəşriyyatının direktoru Səbuhi Şahmursoy məlumat vermişdir.

Məlumata görə, bu romanlar nəşriyyatın yazıçı ilə bağladığı 10 illik müqavilə çərçivəsində işıq üzü görür, üzümüzə gələn ay bu müqavilə əsasında yazıçının daha 2 bestselleri - “Yaşıl üzlü gündəlik” və “Yolayrıcında azıb qalanlar” işıq üzü görəcək. 

Xatırladaq ki, son illər 2013-2016-cı illərdə yazılmış bu romanların pirat nüsxələrinin çap edilərək kitab bazarını doldurması səbəbindən onların orijinal nüsxələrini çap etmək mümkün olmurdu. Yazıçının “XAN” nəşriyyatı ilə bağladığı müqaviləsi həm də, yazıçının öz sosial şəbəkə hesabında paylaşdığına görə, “piratçılıqla sivil mübarizənin başlanğıcıdır”.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.