Super User

Super User

Çərşənbə, 13 Mart 2024 10:30

BİR SUAL, BİR CAVAB Şamil Ənvəroğlu ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Salam, dəyərli Şamil bəy, “Bir sual, bir cavab" rubrikasında xoş gördük Sizi.

Bəzən bir sual saatlarla düşünməyə və saatlarla nitq söyləməyə şərait yaradır.

Məhz elə suallardan birini Sizə ünvanlayıram: Şamil Ənvəroğlu, niyə ƏDƏBİYYAT?

 

CAVAB

Bu sual məni həmişə düşündürüb.

Nəyə görə ədəbiyyat?

Cəlb edən hansı yanları var ki?

Uşaq ikən məhlə uşaqları ilə oynamağı boş verib də kitablara sarılmaq və bir səssiz küncə çəkilmək istəyi nədən yaranırdı axı?

Məktəb tapşırıqlarını 1-2 saatın içində hazır edib, sonra da qalın-qalın romanları oxumağa başlamaq həvəsini hansı səbəblər tətikləyirdi, görəsən?

Qarma-qarışıq 90-cı illərdə ucqar bir dağ kəndində, işıqların tez-tez söndüyü o gecələrdə, o zamanlar dəbdə olan fənərli maqintafonun işığında, ya da hamı yatandan sonra gizlincə şam işığında bitirməyə çalışdığın o kitablara maraq nədən qaynaqlanırdı?

Axı bu daxili tələbat, bu ruhsal ehtiyac nədən yaranmışdı?

10-cu sinifdə ayılasan ki, artıq qonşuların adlarını kitabdakı obrazlarla səhv salırsan.

Hələ bununla bağlı dəfələrlə başına gülməli hadisələr də gələ...

Sonralar hərbi xidmətdə olanda da "kaptyorka"da gizlətdiyin və boş vaxt tapan kimi dərhal oxuduğun kitablar ilə bu qədər sadiq dost olasan...

BDU-nun tarix fakültəsini oxuyasan,

ancaq hara getsən, hansı evdə kitab rəfi görsən, gözün həmişə bədii əsərlər axtara, həm də böyük həvəslə...

Bu barədə həmişə düşünmüşəm, səbəbləri çözməyə çalışmışam...

İnsanı daim axtarışa, öyrənməyə səsləyən "NİYƏ? NƏDƏN? HANSI SƏBƏBƏ GÖRƏ?" sualları olur.

Ona görə də, hadisələrin səbəbləri nəticələrindən daha maraqlı və daha cəlbedici olub həmişə...

Mənim üçün ədəbiyyat tarixdən həmişə 1:0 öndə olub. Bəlkə də, bir tarixçinin belə düşünməsi qəribə gələ bilər. Ancaq mənə elə gəlir ki, tarixin "mənbə" deyib bizlərə sırıdığı "gerçəklər", əslində, nağıllar toplusundan başqa bir şey deyil.

Tarix kimlərinsə fantaziyasıdır, şəxsi maraqların faktlarla oynanmış halıdır...

Ən əsası da, siyasətin əlindəki təbliğat vasitəsidir tarix... Tarix alət ola bilir, hətta inandıra bilir insanları buna... Əsl ədəbiyyat isə, lap cəhd etsə belə, bacara bilmir yaltaqlığı, deyə bilmir boğazdanyuxarı kəlmələri...

Dərhal yazıda üzə çıxır qeyri-səmimi nəsə  olanda...

Çünki ədəbiyyat dürüstcə yanışır bütün hadisələrə, niyyəti nə olursa-olsun, çəkdiyi "rəsm"də hər şey doğru şəkildə öz əksini tapır.

Təqdim etdiyi lap nağıl da olsa, onu elə nağıl kimi də təqdim edir bizə.

Nağıl demişkən, əslində hər birimizin həyatı elə bir nağıldan ibarət deyilmi?

"Cırtdanların" "divlərə" qalib gəldiyi nağıllar dünyasında yaşamırıqmı?

Qardaşlarını su quyusunda ölümünə tərk edən "qardaşlar" yoxdurmu ətrafımızda?

Maraqların duyğuları üstələdiyi bir dünyanın sakinləri deyilikmi hər birimiz?

Üzlərdəki saxta gülüşləri, dillərdəki "xoşbəxtəm" deyilən yalanları,

gözlərdən oxunan "İMDAD!" çağırışlarını oxuduğumuz insanlarla yaşamırıqmı bu cəmiyyətdə?

Yazan olsa, neçə nağılların baş qəhrəmanı deyilikmi hər birimiz?

Bir məsəl var, - deyir ki, “Yer bataqlıqsa, orada boy atan ancaq "qamışlar" olar".

"Qamışların" bitdiyi bataqlıqda hansı gül-çiçəyi bitən görmüşük ki?

Bu dünyada bütün ruhu gözəl, ürəyi təmiz, yaradıcı və həssas insanları çəmənlikdə bitən gül-çiçəyə bənzədirəm - hərəsinin öz ətri, öz sevəni var...

Və ətrafına "yad insan" kimi görünən necə gözəl insanlarımız bu nağıllar dünyasında minbir əziyyət çəkmirlərmi?

Hər nağılın sonunda düşəcəyini gözlədiyimiz o "üç alma" isə, yaşaya bilmədiklərimizin TƏƏSSÜFÜ, etdiklərimizin PEŞMANLIĞI,

və edə biləcəyimiz, ancaq etmədiklərimizin KAŞ Kİ-ləridir əslində...

Nədənsə, insanlarda axtardığımız dürüstlüyü insanlarda tapmayınca, əsərlərdə axtarmağa başlayırıq zamanla.

Hətta, o fikrə gəlirik ki, əsərlər öz müəlliflərindən daha dürüst, daha ədalətli, daha səmimi və daha təmizdir.

Bəlkə də, əsərlər müəllifin olmaq istədiyi, ancaq ola bilmədiyi bir obrazı yaratmaq cəhdidir.

Ya da əsərlər yazarların içlərində basdırdığı duyğuların yenidən həyata doğuluşudur...

Bəlkə də, bizə ədəbiyyatı sevdirən hiss o gerçəkdə tapa bilmədiyimiz təmizliyin, ədalətin və haqqın əsərlərdə tapmaq istəyidir...

Axı həyatın rəsmini çəkən rəssamdır ədəbiyyat...

Axı öz tablomuza yaxından baxmaq marağıdır oxuduğumuz əsərlər...

Tarix dərsdir bizim üçün.

Ədəbiyyat isə,

-əsl həyatın özüdür,

-mənəvi yüksəlişdir,

-ali insan olmağa can atmaq duyğusudur...

Söhbətimiz uzandıqca ədəbiyyata  vurğunluğumuzun nədən qaynaqlanması məsələsi çözülür, deyəsən...

Deməli, türk yazıçısı Əlif Şəfəqin belə bir deyimi var:

"Xoşbəxt mühitdə böyüməyən gənclər üçün ədəbiyyat ən gözəl sığınacaqdır".

Razılaşdığım bu fikrə icazənizlə bir neçə əlavəni də mən edim.

İnsan mənəvi varlıq olmaqdan öncə bioloji varlıqdır və müəyyən yaşa qədər də o cür də qalır, əlbəttə... Hər kəs bioloji varlıqdır, ancaq hər kəs də mənəvi varlıq deyil...

Səbəblərə gəldikdə isə, çox müxtəlif ola bilər. Öncə onu qeyd edək ki, insanı yetişdirən və kamilləşdirən  böyüdüyü mühit,

yaşadığı həyat və sosial çevrəsi olur.

Kimi düzgün bəhrələnib kamilləşə bilir,

kimi də şablon fikirləri əxz etməkdən o yana gedə bilmir və ya getmək istəmir...

Fəlsəfənin dediyi kimi, "şəxsiyyəti sosial mühit yetişdirir". Ancaq sual olunur, "hər kəs yetişə bilirmi?" Yaxud da, səni SƏN edən dəyərlər doğrudanmı bir tək yaşadığın mühitlə bağlıdır?

Bəs, genetik kodların payı nə qədərdir?

Cavabı 50/50-ə demək, əslində asana qaçmaqdır. Asana qaçmaq isə düşünmək yerinə inanmağı seçməkdir... Şəxsiyyəti formalaşdıran həm də psixoloji durumlardır,

ya müsbət yöndə yetişdirə bilir, ya da mənfi yöndə dəyişdirə bilir.

Əlbəttə, insanın ən gözəl müəllimi özü olduğuna görə, “dərsini" nə qədər yaxşı alması da çox önəmli faktdır. 

Qayıdaq o fikrə ki niyə ədəbiyyat?

- Ruhu təmiz insanlar həmişə sığınmağa bir təmiz məkan, ya da bir doğru mühit axtarırlar.

- Görəndə ki, elə dürüst çevrəsi yoxdur,

o zaman çəkilirlər tənhalığa.

- Əslində, tənhalıq həyata və insanlara qarşı ən üsyankar etiraz formasıdır.

- Əlbəttə, anlayana ...

- Ədəbiyyat təmiz ruhlu insanların ən gözəl məkanıdır, çirkablardan uzaq olmaq cəhdidir, özünü İNSAN kimi qorumaq istəyidir...

- Çirkli ətrafdan bezib üz tutacağımız tək mənəvi sahəmiz ədəbiyyatdır,

və ya mədəniyyətin digər sahələridir...

Məşhur Livan yazıçısı Xəlil Cübran yazırdı:

 "Böyük yazar bizim sükutumuzu ifadə edə bilən yazardır".

Səssizliyin özü ədəbiyyatın həm pıçıltısı, həm də hayqırışıdır.

Anlayan üçün pıçıltıdır, anlaya bilməyənlər üçün bağırtıdır... 

Və bizim uşaqlıq tarixin ən kəskin dövrlərindən birinə düşmüşdü:

- Sovetlərin çöküşü, müstəqillik dövrünün başlanması...

- Qaçqınlığın və yoxsulluğun ən ağır günlərini yaşamağımız...

- Bir kisə unun qiymətinin 15 "şirvan"a olduğu və bir qoyun satıb bir kisə un aldığımız illər idi o illər...

- Bayramdan bayrama ət yediyimiz illər idi o illər...

- Ancaq gözlərimizin güldüyü,

gələcəyə minbir həvəslə baxdığımız illər idi o illər...

Elə qarışıq və çətin günlərdə tək təsəllimiz dərslərimizi yaxşı oxumaq, böyüyəndə oxuyub "adam" olmaq ümidi idi. Yarı kiril, yarı latın qrafikalı, üzü qopmuş dərs kitabları, odun sobası ilə isinən kənd məktəbi, ancaq müəllimlərimizi göydən enən bir mələk olduğunu sandığımız illər idi o illər... Axşamlar odun sobası üzərində "duzlu dilim" dediyimiz bişmiş kartof dilimlərini yeyə-yeyə anamızın danışdığı nağılları dinləmək, bəlkə də, o illərin ən şirin anları idi.

Anamızın: "Dur bala, uzan yerinə"- deməsi ayıldardı bəzən yuxudan. Çox vaxt da, yerimizə uzanıb yarımçıq qalmış əsəri oxuyardıq alaqaranlıq otaqda. Bizi ədəbiyyata itələyən əsas maraq dünyanı və insanları tanımaq, ətrafdakı qayğılardan uzaqlaşmaq istəyidir bəlkə də...

Mütaliə alışqanlıq yaradır zamanla,

- Bir də baxıb görürsən ki, bir günə 300 səhifəlik kitabı oxuyub bitirirsən.

- Oxumadığın günlərdə isə, sanki çox dəyərli bir əşyanı itirmiş kimi olursan...

Yadıma gəlir ki, "Kapitan Qrantın uşaqları" kitabının təsirində 2-3 ay çıxa bilməmişdim uşaq vaxtı.

"Səfillər" bizim həyatımızın bir parçasını anladırdı sanki, o qədər doğma gəlirdi ki, bizə...

Əsərlərdə özümüzü axtara-axtara rayon kitabxanasında nə qədər kitab varsa, hamısını bitirdiyim gün elə bil dünənki gün idi. Kitabxanaçı Rəbiyə xala deyəndə ki,

artıq oxumadığın kitab qalmayıb bizdə, 

onda da növbə çatdı müəllimlərimizin evlərindəki kitablara... Və bir də o zaman ayıldım ki, əsərləri oxuya-oxuya xeyli "kvadrat" şeirlər də yazmağa başlamışam...

Yazmaqdan daha çox, sanki özüm-özümlə danışırdım şeir dilində...

Bəlkə də, insanın ən səmimi həmsöhbəti elə onun özüdür.

Çünki daha içdən, daha güvənli və daha dürüst dərdləşməkdir belə ünsiyyət.

Psixoloqlar bunun bir səbəbi kimi uşaqlıq travmalarını qeyd edirlər.

Digər tərəfdən də, zəki olmağın bir əlaməti sayırlar...

Mənim də özümlə hər mövzuda söhbətim olub və düşünürəm ki, insanın özünə kənardan baxması və öz yanlışlarını görməsi baxımından bu çox gözəl bir addımdır.

Daha doğrusu, bu bir daxili tələbatdır, ruhun bədənlə ünsiyyətidir...

Zamanla özümüzün ədəbiyyatın içində olmağımdan daha çox, ədəbiyyatın bizim içimizdə olduğuna inanmağa başladıq.

Mənə elə gəlir ki, ədəbiyyat təmiz ruhlu, həssas ürəkli insanların dayaq nöqtəsidir,

kamilliyə gedən yolda yol göstərən mayakdır...

Və son olaraq gələk ümumiləşmiş nəticəyə...

Əgər kimsə mənə indi durub desə ki, - "Niyə ədəbiyyat?" Ona heç düşünmədən verəcəyim qısa cavabım da belə olar:

- " Ədəbiyyatın bu cəmiyyətdə tək təmiz bildiyim və özümü azad saydığım ruhsal bir məkan olduğu üçün"...

Folkner deyirdi ki, milləti ədəbiyyat yaradır.

Düşünürəm ki, insanlarımız nə qədər çox ədəbi əsərlər oxusalar, elmi bəlgəsəllər izləsələr, fəlsəfi və psixoloji filmlərə baxsalar, o qədər də, daha yetkin və daha mükəmməl insan ola bilərlər...

Gələcəyimiz naminə, mənəviyyatımızın inkişafı naminə, İNSAN kimi qalmaq naminə ədəbiyyatımıza sadiq olaq həmişə...

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2024)

“Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisist, AYB-nin Cənub bölgəsinin sədri Qafar Cəfərlinin “Cinin oğurluğu” adlı novellasını təqdim edir. Novellanı müəllif yenicə yazdıb, olmuş hadisəni yaddaşını qurdalayaraq qələmə alıb. Və əmindir ki, oxusanız, əhvalınız xoş olarcaq. 

              

 

CİNİN  OĞURLUĞU                                                       (Novella)

 

Şair dostum Məmməd Həbiboğluna ithaf edirəm.

 

Bu hadisənin üstündən yarım əsrdən artıq bir vaxt keçir. İştirakçıları real həyat adamlarıdır və  hadisəni də mənə onlardan biri danışıb. Bir az səbrli və təmkinli olub aşağıda yazılanları oxusanız maraqlı bir əhvalatdan xəbər tutarsız. Elə isə başladıq.

 

 ...Uşaqların hay-küyü, qışqır-bağırı Tarə məhəlləni başına götürmüşdü. Ağız deyəni qulaq eşitmirdi. Müzakirə mövzusu isə bu günkü oyunda kimin gözünü yumacağı ilə bağlı idi. Yaşda hamıdan böyük,

məktəbin 2-ci sinfində oxuyan Rəyasət müzakirəyə son qoymaq üçün irəli çıxdı. Uşaqlar dairəvi düzüləndən sonra onun  aramla dediyi: “Əkdim noxud, cıxdı şüyüd, yarpağıdır şa-ba-lıd” cümləsindəki son  heca Sədaqətə düşdüyündən ğözünü yummaq da onun qisməti oldu. Sədaqət dillənmədən ayağındakı çəkələkləri sürüyə-sürüyə iti addımlarla “mətə” kimi müəyyən olunan heyva ağacına tərəf yeriməyə başladı. Onun “mən getdim” deməsi uşaqlara sanki işarə oldu və onların hərəsi bir səmtə götürüldü. Bir neçə saniyə ərzində həyətdə səs-səmir kəsildi. Heç elə bil  bayaqdan qaynayıb-daşan, baş çatladan səslər bu həyətdən gəlmirdi. Bu arada yalnız ayaq səsləri, kimlərinsə pıçıltıyla  dediyi:  “sən ora qaç,... mən ora gedirəm,... tez qaç gizlən...” kimi  ifadələr eşidilirdi və bir azdan  bu səslər də kəsildi. Bircə qolu ilə gözlərini örtüb başını heyva ağacına  dayayan  Sədaqətin nazik, amma şirin səsi eşidilirdi: ”-... yeddiiiii,... səkkiiiiiz,... doqquuuuuz,...  açıram ha,... ooooon.”...

Bu, Tarə məhəllənin  Novruz bayramından sonra yayın sonuna kimi adət etdiyi gündəlik mənzərə idi. Məhəllə kəndin mərkəzinə yaxın ərazidə yerləşirdi. Bir çox məhəllələrdə olduğu kimi burda da yaxın qohumlar  bir-birindən çox da uzaq olmayan yerdə həyət götürüb ev tikmişdilər və hər yerdə olduğu kimi burda da həyətlər çəpərsiz idi. Qonşular can deyib, can eşidir, xeyir-şərləri  bir yerdə qarşılayıb bir yerdə də yola verirdilər. Qohumlar arasındakı sevgi, səmimiyyət uşaqlara sirayət etdiyindən onlar da  mehriban dolanırdılar. Bu səbəbdən idi ki, məktəb yaşına hələ 2-3 il qalan və məktəbin 1-2-ci siniflərində oxuyan uşaqlar hər gün günorta yeməyindən sonra  oynamaq üçün evlərin arasındakı meydana yığışır, deyib-gülür, zarafatlaşırdılar. Öz aralarında bir-birinə ad da qoşmuşdular. Dostlar Sədaqəti Sıkənə, Məmmədi Məd, İbrahimi İbibilə, Ədaləti Ədibilə, Rəyasəti Ləku, Xanları Xani - deyə  çağırırdılar. Bu addan heç kim incimir, əksinə daha da xoşhallanırdılar. 

Bu gün də həmin  günlərdən biri idi və uşaqlar  gizlənpaç oynayırdılar. Onlar çox vaxt yaxın tikililərdə, iri gövdəli ağacların arxasında, bəzən isə axtarıb tapanı çaşdırmaq üçün qonşu həyətlərdə gizlənirdilər.

Sədaqət gözlərini açıb meydanı gəzəndə  ətrafda heç kim yox idi. Oyunun əsas şərti Sədaqətdən qabaq “mətə”- heyva ağacına əl vurmaq idi. Odur ki, Sədaqət də ağacdan çox da uzaqlaşmamağa çalışır, bir ayağını necə deyərlər qaçaraq qoyurdu.  Uşaqlar yaxşı bilirdilər ki, Sədaqəti udmaq asan məsələ deyildi. Bu çəlimsiz oğlanın sürətli qaçışı oyunun taleyini həll edirdi.

Yaz ayı olsa da bu gün  havada nədənsə bir sərinlik hiss olunurdu. Bir az əvvəl göydə peyda olan qara buludlar da yağışa işarə edirdi. Hətta bir neçə dəqiqə davam edən güclü qəfil külək belə uşaqların oyununa mane ola bilmirdi. 

Sədaqət heyva ağacından bir neçə metr aralanıb həyacanla ətrafa göz gəzdirməyə başladı. Əvvəlki oyunlardan kimin harda gizlənə biləcəyini təxmin etdiyindən 15-20 dəqiqəyə bütün oyunçular  “ifşa” edildi. Təkcə yaşda hamıdan kişik Məmməddən xəbər yox idi. Uşaqlar bir neçə dəfə “Məd, Məd”-  çağırsalar da hay verən olmadı. Bir yerə yığışanda Məmmədin yaxın qonşusu Ədalət dilləndi:

-Mən Mədin evlərinə girdiyini gördüm.

 Ədalətin həmin evə tərəf qaçdığını görən İbrahim  və Rəyasət də ona qoşuldular. Uşaqlar Məmmədin valideynləri ilə yaşadığı çiy kərpicdən olan, alçaq  tavanlı evin taxta qapısını açıb içəri keçdilər. Bir otaqlı ev əl içi kimi aydın görünürdü. Hər yerə, hətta taxçalara, rəflərə baxdılar, şkafın arxasını, dəmir setkalı çarpayının altını belə yoxladılar. Evdən çıxanda Ədalət  qışqırdı:

 -Tapmadıq, yoxdur evdə.

Gicəlib qalan, nə edəcəklərini bilməyən uşaqların karına yenə Rəyasət gəldi. Onun məsləhəti ilə uşaqlar “Məd, Məd” -deyə çağıraraq yaxınlıqdakı evlərin ətrafını gəzməyə başladılar. Bir neçə dəqiqədən sonra naümid halda geri qayıdan uşaqlar  heyva ağacının ətrafına toplaşdılar. Sözə Rəyasət başladı:

-Ədibilə, sən Mədin  evə girdiyini gözünlə gördün?

 Ədalət tələsik cavab verdi:

 -Bəli, biz  bir yerdə qaçdıq. Məd  öz evinə girdi.

Xanlar da söhbətə qoşuldu:

-Mən də gördüm.

-Yaxşı, bəs necə oldu? Hara getdi ki, heç kim onu görmədi? Göyə uçdu?- Bu sözləri bir az əsəbi halda Rəyasət dedi.

Sədaqətin həyacanlı səsi eşidildi. 

 -Siz qaçıb gizlənəndən sonra qəfil elə külək oldu ki... Bəlkə Mədi cinlər gəlib aparıblar.

Uşaqlar təəccüblə bir-birinə baxdılar. Sədaqət dilləndi:

-Nənəm deyirdi ki, cinlər belə havada gəlib uşaqları aparırlar. Mədi də yəqin cinlər aparıb.

Artıq bir saata yaxın idi ki, müzakirə davam edirdi. Sonda hər kəs Məmmədi cinlərin apardığı ilə razılaşdı. Uşaqların bu narahatçılığı yoldan təsadüfən keçən Xeyrulla kişinin diqqətini çəkdi. O, uşaqlara yaxınlaşıb nə baş verdiyini soruşanda nəvəsi Rəyasət tələm-tələsik həyacan dolu səslə cavab verdi:

-Baba, Mədi cinlər aparıb.

Məmmədin babası Məmmədlə həm tay-tuş, həm də əmioğlu olan Xeyrulla kişi bir anlıq duruxdu. Nədən söhbət getdiyini alışdıra bilmədiyi simasından bəlli idi. Xeyrulla kişi astadan, həlim səslə dilləndi:

-Ay bala, bir sakitləş. Aydın danış görüm nə deyirsən?

-Baba, biz bir yerdə gizlənpaç oynayırdıq. Mədin evə girdiyini uşaqlar görüblər. Amma  evi də axtardıq, həyəti də axtardıq, Məd yoxdur.

Xeyrulla kişi ətrafında olan uşaqlara, sonra isə həyətə, evlərə diqqət kəsilsə də bir şey anlamadı. Bu zaman yoldan keçən poçt müdiri Şirəli uşaqlara yaxınlaşdı. Eyni vaxtda  axsaq Cəbi və arvadı Rəviyyə də yolda göründülər. Cəbinin çiynində qoşalülə ov tüfəngi var idi. Kənddə əkin sahəsində gözətçi işləyən, həm də ov xəstəsi olan Cəbinin daima tüfənglə gəzməsinə insanlar adətkar idilər. Cəbi günün bu vaxtında həmişə sahəni gözdən keçirmək üçün gedirdi. Arvadı Rəviyyə də sahədən ot gətirmək üçün ona qoşulmuşdu. Şirəli və Cəbi Xeyrulla kişi ilə salamlaşıb görüşdülər. Rəviyyə də salamını verib kənarda durdu. Baş verənlərdən xəbər tutanda hər birinin üzünü təəccüb bürüdü. Yaşda hamıdan böyük olan Xeyrulla kişinin aramla, amma astadan dediyi sözlər hər kəsin ürəyinə bir qorxu və həyacan toxumu səpdi:

-Müqəddəs Quran da cinlərin bu dünyada olduğunu təsdiq edib.

Şirəli narahatçılığını gizlətmədi:

-Bayaqkı havanı gördüz də. Yazda o cür hava görməmişdim.

Axsaq Cəbi :

-Hə,  havaya mən də məəttəl qaldım,- deyib susdu. Saniyə keçmiş davam etdi: 

-Uşağın  ata-anasının hadisədən xəbəri var? 

Xeyrulla kişi astadan dilləndi:

-Yox, bilmirlər.

Şirəlinin qəfil təklifi hamı üçün gözlənilməz oldu:

-Ay Cəbi, bəlkə göyə bir-iki güllə atasan. Cinləri qorxutmaq lazımdır, bəlkə hürküb uşağı buraxarlar.

Hamı gözünü axsaq Cəbiyə zillədi. Təklif deyəsən hər kəsin, elə axsaq Cəbinin də ürəyincə oldu. O dərhal qoşalüləni çiynindən əlinə alıb göyə duplet atəş açdı. Səsdən qulaqlarını tutan uşaqlar həyacanla, bir az da maraqla göyə baxırdılar. Bütün nəzərlər göydə idi. Saniyələr bir-birini əvəz edirdi və birdən...

Taxta qapı aralandı. Məmməd evdən çıxıb  gözlərini ovuşdura-ovuşdura üç pilləli pilləkəndən həyətə düşdü. Hamı təəccüb dolu baxışlarla, bir az da qorxmuş halda, sanki cin-şeytan görürmüş kimi gözlərini Məmmədə zilləmişdilər. Yaxınlaşan Məmmədin yarıyuxulu səsi eşidildi:

-Qapının arxasındakı taxçada yuxu tutub yatmışam. Güllə səsinə oyandım.                                                                    

                                                               

“Ədəbiyyat və incəsənət”

(13.03.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Sabir Rüstəmxanlıya qədər, Yardımlıdan şair kimi ölkə miqyasında tanınan heç kim olmayıb. Doğrudur, Sahib Əliyev, Hafiz Rüstəm, Məşallah Məftun, Zöhrab Zövünlü, Gülnarə Cəmaləddin, Xatirə Fərəcli, Tapdıq Əlibəyli, Sakit İlkin və Rafail Həbiboğlu qismən də olsa ölkədə tanınırlar, amma Sabir Rüstəmxanlı qədər məşhur deyillər. Sevindirici haldır ki, bu gün Yardımlıda yeni nəsil şairlər yetişir. Biz onların poeziya nümunələrini sosial şəbəkələr vasitəsi ilə izləyə bilirik. Bu gün onlardan biri- İqbal Nəhmətin yaradıcılığı barəsində sizə söhbət açmaq istəyirəm. Təbi rəvan, rəngarəngdir. Mövzu qıtlığı, fikir kasadlığı, poetik axsama, texniki səriştəsizlik yaradıcılığından çox uzaqdır. Gəlin, sıradan bir şeirinə nəzər yetirək. Bu şeir “İnciyərəm” adlanır.

 

Bu bahar da gəlməsən,

Güllərdən inciyərəm!

Bircə xoş söz deməsən,

Dillərdən inciyərəm!

 

Qorxma uzat əlini, 

Dayaz edək dərini, 

Bilməsə dost qədrini, 

Ellərdən inciyərəm! 

 

Qaş olub çatılmasa, 

Ruhuma qatılmasa, 

Göz üstə atılmasa, 

Tellərdən inciyərəm! 

 

Çırmandım dizə qədər, 

Düz getdim düzə qədər, 

Çatmasam yüzə qədər, 

İllərdən inciyərəm! 

 

Məncə, bu poetik nümunənin xüsusi təhlilə ehtiyacı yoxdur. Rəvan, rəngləri yerində olan, aşıq ədəbiyyatından bir janr- Gəraylı! Sərbəst vəzndə yazdığı bu nümunə isə onun bəşərə baxışının fəlsəfi təsnifatıdır: 

 

Sən, yağışdan sonra çıxan 

göy qurşağısan, 

Rənglərin elə gözəl, elə özəl ki...

 

Sən, göylərin ən gözəl, 

ən təmiz uşağısan. 

Yaşılın baharın rəngi, 

göyün göy rəngi. 

Bir də sarı var, qırmızı var. 

Sarı bütün rənglərin ən gözəlidir 

mənim üçün. 

Qırmızı qan rəngidir, 

ölümün, zülümün, bir də azadlığın rəngi. 

Çox iti gedirsən, elə bil zamanın atındasan. 

Atlar da yorulur, elə insanlar da. 

Amma unutma, 

bir tək zaman yorulmur. 

Qoxunu uzaqdan duyuram, insan! 

Sən, yağışdan sonra 

torpağın hər qatındasan!..

 

Digər nümunədə şair doğulub boya-başa çatdığı elin dialektini nəzmə gətirib. Şirin Yardımlı şivəsində giley-güzarını təəssüflə dilə gətirir.

 

Gedeysən dərdüy deməyə, 

Qoymeylər qağa, qoymeylər. 

Başlar qərışıb yeməyə, 

Doymeylər qağa, doymeylər. 

 

Gedəndə biyaz dərinə, 

Arvad bağırey ərinə. 

Adami, adam yerinə, 

Saymeylər qağa, saymeylər.

 

Kim döyulsən, sən bi şeysən, 

Bi düşün görəy, yaşeysən? 

Toy edib borcə düşeysən, 

Gəlmeylər qağa, gəlmeylər. 

 

Göl içində qur-qura bax, 

Qulu çapan quldura bax, 

Otuz illik məmura bax, 

Ölmeylər qağa, ölmeylər. 

 

Min gül əkdüy, birin dərdüy, 

Söz istəyənə söz verdüy, 

İqbal, nöşün sənun qədrüy, 

Bilmeylər qağa, bilmeylər. 

 

“Sənin xətrinə” adlı daha bir şeirində şair təbiət lövhələri ilə sevgilisinə səmimi etiraf edir. 

 

Daradım yolların tikan saçını, 

Göynədi əllərim sənin xətrinə. 

De, çoxmu gözlədim yolunu sənin? 

Yubandı illərim sənin xətrinə. 

 

Sən yoxsan, dərəni, iyləyəni yox, 

Hərdən su verəni, belləyəni yox, 

Ətrinə bir misra söyləyəni yox, 

Saraldı güllərim sənin xətrinə. 

 

Dağım dağa döndü, bitdi dağımda, 

Solumda tapdığım, itdi sağımda, 

Qocala bilmədim, cavan çağımda, 

Ağardı tellərim sənin xətrinə. 

 

“Siz deyin, sizə neynim?” şeirində isə, şair onu əhatə edən mühitə nəzmin dili ilə ismarınc göndərir: 

 

Görə - görə qapandı, 

Kor olan gözə neynim? 

Yüz ağızda çeynəndi, 

Çürüyən sözə neynim? 

 

Közük, alovuq, oduq, 

Hələ özgəyik, yadıq. 

Bir yerə yığılmadıq, 

Dağılan bizə neynim? 

 

Verən, alan içində, 

Zəhər ilan içində, 

Batıb yalan içində, 

Boğulan düzə neynim? 

 

Nə qədər mərd olacaq 

O qədər dərd olacaq. 

Nə qədər pərt olacaq – 

Qızaran üzə neynim? 

 

Əlim üzümdə dustaq, 

Dilim sözümdə dustaq. 

Özüm - özümdə dustaq, 

Siz deyin, sizə neynim? 

 

“Mən nə boyda ölüm ki?” şeirində şair sanki dünyanın dərd – sərini öz üzərinə götürmək, insanları xoşbəxt görmək arzusunu poetik dildə ifadə edir: 

 

Ört bütün qapıları, 

Yetər ki, baca qalsın. 

Mən nə boyda ölum ki, 

Ölüm balaca qalsın? 

 

Mən nə boyda gülüm ki, 

Eşitməsin ağlayan. 

Bəlkə də, o, olacaq

Gözümü son bağlayan. 

 

Mən nə boyda bölum ki, 

Bir tikəni yüz yerə... 

Ac qalmasın bir kimsə, 

Payın götürsün hərə. 

 

Açılmadı önüm ki, 

Köçən köçümdə qalsın. 

Mən nə boyda olum ki, 

Dünya içimdə qalsın? 

 

Müasir insan uzun-uzadı söhbətləri xoşlamır, dinləməyə səbiri çatmır. Odur ki, çox danışıb sizi yormaq istəmirəm. Bir sözlə, İqbalın rəngarəng şeirləri qulaqlara sığal çəkməyi bacarır. Əslində, qələm adamı daxilən nə qədər səmimidirsə, bu keyfiyyət yaradıcılığında da öz əksini tapır. Xoşbəxt o yazarlardır ki, şəxsiyyəti ilə yaradıcılıqları üst-üstə düşür və bu vəhdət onları insanların gözündə ucaltıqca ucaldır. Yaradıclığın bir düşməni var: “Hamıdan gözəl mənəm, mən” – iddiası. Necə ki, dünyanın bütün qadınları özlərini yer kürəsinin ən gözəl xanımı hesab edir, yaradıcı adamlar da bu sevdaya düşəndə yanılırlar. İçindəki “MƏN”ə qalib gəlməyən şairin xarüqələr yaratmaq şansı çox azdır...

 

 Bəli, İqbal Nəhmət bu gün cənub bölgəsinin yaxşı şairlərindən biri kimi tanınır. İnanmaq istəyirəm ki, zaman keçdikcə, illər ötdükcə İqbal Nəhmət püxtələşəcək və XXI əsrin ən yaxşı imzalarından biri kimi ədəbiyyat tarixində yer alacaq...  

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2024)

“Ədəbiyyat və incəsənət” portalı Nilufər Hacılının Türkiyə mətbuatına istinadən  hazırladığı “Nuri Bilgə Ceylanın sevdiyi 10 film”i sıra ilə təqdim edir. 

 

Türkiyəli rejissor və ssenarist Nuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın olub. Orta məktəbi bitirdikdən sonra Nuri Boğaziçi Universitetinin "Elektrotexnika" fakültəsinə daxil olub. 8 illik tələbəlik həyatından sonra, nəhayət ki, məzun ola bilib.

1997-ci ildən bəri çəkdiyi bədii filmlərlə bir çox mükafatlar qazanaraq beynəlxalq səviyyədə tanınıb. Rejissorun çəkdiyi "Qış yuxusu" filmi 2014-cü ildə Kann Beynəlxalq Kinofestivalında "Qızıl Palma Budağı" mükafatına layiq görülüb və kino tarixində bu mükafatı alan ikinci türk filmi olub.

Rejissorun filmlərindən beşi "Ən Yaxşı Beynəlxalq Film Akademiyası" mükafatına Türkiyənin namizədi olaraq seçilib.

Nuri Bilgə Ceylan ssenarist, aktrisa və fotoqraf olan Ebru Ceylanla evlidir. Cütlüyün 2 övladı var.

 

Rejissorun ən yaxşı hesab etdiyi 10 filmi təqdim edirik.

 

9. "Persona" (1966), İnqmar Berqman

 

Dövrün ən məşhur teatr aktrisası, gözəllər gözəli Elizabet Voqler tamaşa zamanı qəfildən susur. Heyrətlənmiş insanlar nə baş verdiyini anlamaq üçün əllərindən gələni etsələr də, Voqler susmağa davam edir. Son çarə olaraq klinikaya yerləşdirilən aktrisa orada da susmağa davam edir. Bədənində tibbi baxımdan heç bir problem olmayan qadın həkim məsləhəti ilə gözdən uzaq bir bağ evinə göndərilir. Onunla birlikdə ora göndərilən adam, gənc tibb bacısı Almadır. Bağ evində də Voqler heç bir şey danışmır. Voqler susduqca Alma danışır. Alma saatlarla, günlərlə öz hekayəsini danışır. Sonda baş verən şey isə psixologiya elminin ən maraqlı hadisələrindən birini təşkil edir.

Böyük ustad, İnqmar Berqmanın ən önəmli əsəri sayılan "Persona" ondan sonra gələcək bir çox rejissora daim bələdçi olub.

 

Şəkildə: Filmdən kadr

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2024)

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda 83 nömrəli məktəb-liseydir.

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR

Bayramova Almaz Fəttah qızı 05.12.1975 – ci ildə Bakı şəhərində anadan olmuşdur. Tam orta təhsilini Bakı şəhəri A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə almışdır.

ADPU ibtidai təhsilin metodikası və pedaqogikası fakultəsini 1998-ci ildə bakalavr pilləsində bitirmişdir.

2000-ci ildə ADPU-nun pedaqogika  nəzəriyyəsi və tarixi ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə biritmişdir.

1997-2014-cü illərdə Nəsimi rayonu 5 N – li tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışmışdır.  

2014-cü ildə “Bu günün və sabahın direktorları “ kursunu müvəffəqiyyətlə bitirmişdir.

2014-2019-cu illərdə Binəqədi rayonu 246 N – li məktəb-liseydə direktor vəzufəsində çalışmışdır.

2019-cü ildən Binəqədi rayonu 83 N – li məktəb-liseydə direktor vəzifəsində çalışır.

İşlədiyi müddətdə səmərəli fəaliyyətinə görə müxtəlif fəxri adlara layiq görülmüşdür:

2018-ci ildə “Qabaqcıl Təhsil işçisi döş nişanı“;

2016 – 2017-ci tədris ilində Fəxri fərman;

2020-ci ildə BŞTİ tərəfindən Fəxri fərman;

2020-ci ildə YAP Binəqədi rayon təşkilatı tərəfindən  Fəxri fərman;

2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı BŞTİ Həmkarlar İttifaqı komitəsi tərəfindən Fəxri fərman;

2021 – ci ildə BŞTİ tərəfindən Fəxri fərman;

2023-cü ildə BŞTİ tərəfindən Fəxri fərman;

2022– ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı BŞTİ Həmkarlar İttifaqı komitəsi tərəfindən Fəxri fərman;

Eyni zamanda işlədiyi müddətdə müxtəlif kurs və treyninqlərdə iştirak etmişdir:

2015-ci ildə Paris – Sorbonne Universiteti “School Based Management“ kursu I və II hissə - sertifikat;

“İnteraktiv texnolologiyalardan və elektron məzmundan istifadə“ sertifikatı;

“İnkyuziv təhsil “ – sertifikatı;

2016-cı ildə İnternational Learning Conference – sertifikat;

2016-cı ildə AMİM tərəfindən təşkil edilmiş “Direktorlar üçün strateji planlaşma“ modulunu müvəffəqiyyətlə bitirdiyinə görə“ – sertifikat;

2018-ci ildə “Yaradıcı gənclərə dəstək olaq” layihəsi çərçivəsində təşkil edilən təlimlərdə göstərdiyi dəstəyə görə - təşəkkürnamə;

2021-ci ildə “ STEAM Azərbaycan“ layihəsi çərçivəsində “Layihə Əsaslı Öyrənmə“ , “Birpalatalı platforma üzərində kodlaşdırma”, “ Modelləşdirmə və Dizayn“ modulları üzrə təlimləri müvəffəqiyyətlə bitirdiyinə görə settifikat;

2021-ci ildə “Vətəndaş məmnunluğunun idarə olunması“ – sertifikat;

2 metodik vəsaitin müəllifidir. Təhsildə inkişaf və İnnovasiyalar üzrə IV və V müsabiqələrin qalibi olmuşdur.

 

ŞAGİRD

Mən, Həsənova Tərlan Munir qızı 31 may 2007-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 2013-cü ildə 244 nömrəli tam orta məktəbdə təhsilə başlamışam, 2016-cı ildən etibarən 83 nömrəli məktəb-liseydə təhsilimi davam etdirirəm. Dərs əlaçısıyam, məqsədim bəşəriyyətin əşrəfi olan insanlara şəfa verən həkim olmaq olsa da, Ədəbiyyata marağım var. Boş vaxtlarım məhdud olsa belə, mütaliə etməyi sevirəm. Hesab edirəm ki, mütaliə hər kəsin şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır və həyat yollarında düzgün istiqamət seçməkdə kömək edir. Oxuduğum əsərlərə aid duyğularımı kiçik esselərdə yazmağı sevirəm. Hətta bu sahədə uğurlarım da var, belə ki, 2021-ci ildə “Əbədiyaşar Liderimiz”mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin  və 2022-ci ildə “Şəhidlik ən uca zirvədir” adlı layihənin qalibi olmuşam. Əməyimə verilən dəyər məni daha da ruhlandıraraq daha çox uğur əldə etməyə sövq edir.

Layihəyə qatılmağım “8 Mart Beynəlxalq Qadınlar Günü”nə təsadüf etdiyi üçün məhz Tanrının yaratdığı ən mükəmməl varlıq haqqında yazmaq qərarına gəldim.

 

ESSE

“Azərbaycan qadını dünyanın səkkizinci möcüzəsidir”

Qadın kimdir? Qadın-Allahın izni ilə, özündən sonra yaratdığını dünyaya gətirən ən zərif və ən güclü varlıqdır. Həyatı qadınsız təsəvvür etmək, Kainatı Günəşsiz təsəvvür etmək kimi çətindir. Amerikalı yazıçı Diane Mariechild demişdir: ”Qadın tam bir dairədir. İçində yaratma, bəsləmə və döndərmə gücləri vardır. ” Dünyada gördüyünüz hər şey qadının əsəridir” demişdir Atatürk.

Cox qədim dövrlərdən Azərbaycanda qadına - anaya daim böyük ehtiram və məhəbbət bəslənmişdir. Zərif cins hər zaman güclü cinslə çiyin-çiyinə Vətənə övlad yetişdirmiş, lazım gəldikdə Vətən uğrunda canından belə keçməyi bacarmışdı. Müdrik hökmdar və cəsur sərkərdə, böyük alim və bacarıqlı dövlət xadimi, istedadlı şair və mahir sənətkar olan Azərbaycan qadınlarının özünəməxsus tarixləri var. Azərbaycan qadını hələ ötən əsrdə Şərqdə ilk dəfə seçmək, seçilmək hüququ verilən bir qadındır. Dünənin Tomrisləri bu günün Mehribanları, məhz Azərbaycan qadınının şərəfli simasıdır. Bütün dünyada müasir Azərbaycan qadını deyəndə, Mehriban xanım Əliyevanın timsalında tanıdığımız bir qadın obrazı yada düşür. Hər birimizin idealına çevrilən Mehriban xanım kimliyindən, milliyyətindən asılı olmayaraq köməyə gəlməyə hazır olan, humanist ideyalarını dünyaya nümayiş etdirən, eyni zamanda həm daxili gözəlliyinin, həm də xarici gözəlliyinin vəhdətini özündə birləşdirən əsl Azərbaycan qadını obrazıdır. Ölkəmizin inkişafında, torpaqlarımızın işğaldan azad olunmasında xilaskar Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin ömür-gün yoldaşı olaraq hər an onun yanındadır. Hər uğurlu kişinin arxasında bir güclü qadın var-deyirlər. Mehriban xanım güclü olduğu qədər də zərifdir, mərhəmətlidir, qayğıkeşdir.

Əliyeva Mehriban Arif qızı Bakı şəhərində ziyalı ailəsində anadan olub. O yazıçı ədəbiyyatşünas, Azərbaycanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir. Mehriban xanımın anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor idi. Aida xanım Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor-qadın olub.

Atası Arif Paşayev də zəmanəmizin ən görkəmli alimlərindəndir, akademikdir, Milli Aviasiya Akademiyasının rektorudur. 

Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23-li məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Daha sonra 1988-ci ildə Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Tibb İnstitutunda ”Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib. Və bu ixtisasın seçilməsində ona istiqamət verən ilklərə imza atan Azərbaycan qadınlarından ən görkəmlisi Ümummilli Liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı, qalib başçının anası akademik Zərifə Əliyeva olub. Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub və oftalmologiya sahəsində ən yüksək -akademik M.İ.Averbax adına mükafata layiq görülən ilk qadın olub.

Mehriban xanım 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis etmiş və hazırda onun rəhbəridir. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş yayılması məqsədi ilə üç dildə (Azərbaycan, rus, ingilis) nəşr olunan “Azərbaycan- İrs” jurnalını təsis edib. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fonduna rəhbərlik edir. 2004-cü ildən UNESKO-nun xoşməramlı səfiri olub. 2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Bədii Gimnastika üzrə keçirilən 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə keçirilməsinə və genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyeva “ 2005-ci İlin adamı” elan edilib. 2005, 2010, 2015, 2020-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.

Nəhayət-gözəl ana və həyat yoldaşıdır. Vətəninə, millətinə bağlı olan Mehriban xanım mədəniyyətimizi, milli dəyərlərimizi, musiqimizi yaşatmaqdan ötrü əlindən gələni edir və onu dünya səviyyəsində tanıdır. Milli-mənəvi dəyərlərimizə önəm verən, hər bir xanıma nümunə olan Mehriban xanım xeyirxah əməlləri ilə şəhid analarının, imkansız, köməyə ehtiyacı olan hər kəsin ümid və nicat yeridir. Bu, həm Allah yoludur, həm də böyüklük yoludur. Adı kimi özü də mehriban olan müasir Azərbaycan qadınının simvolu olan Mehriban xanım hər bir azərbaycanlının sevimlisi və mənim idealımdır. Mən də vətənimə, millətimə onun kimi xidmət etmək, sağlamlığın keşiyində dayanmaq, milli-mənəvi dəyərlərin qorunmasında əlimdən gələni etmək arzusundayam.

Mehriban xanım bu gün müasir Azərbaycan qadınının ən mükəmməl obrazıdır.

Azərbaycan qadını - gözəl ana, vəfalı ömür-gün yoldaşı, elini-obasını düşməndən qoruyan, haqq-ədalət yolunda qanını-canını əsirgəməyəndir. Azərbaycan qadını - övladını torpağa əmanət edən, ”Şəhadətin mübarək” deyərək, ən böyük “Şəhid anası” titulunu şərəflə daşıyandır. Azərbaycan qadını - bir saçını ağ, birini qara hörən, bu dünyada o dünyadakı ömür-gün yoldaşına vəfalı olandır. Azərbaycan qadını - dünyanın səkkizinci möcüzəsidir!

”Qadınsız insan yoxdur, qadınsız həyat yoxdur” Bu sözlərsə Ümummilli lider Heydər Əliyevə məxsusdur!

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2024)

Çərşənbə, 13 Mart 2024 12:30

“Özümə” - TƏRANƏ DƏMİRİN ŞEİRİ

“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin “Özümə” şeirini təqdim edir. “Bu bayram səninçün şeir yazmadım” deyir şair özü özünə. Və buna “Səni aldatmağa üzüm olmadı” səbəb gətirilir. 

Çox içdən yazılan bir şeirdir. Qulu Ağsəsin epiqrafı isə ona xüsusi bəzək vurur. 

 

 

Sən həyatın mənasısan- deyirik,   

ürəyimiz soyumur...

- Sən möcüzəsən,

- Sən əfsanəsən,

- Sən əvəzsizsən- deyirik, 

yenə ürəyimiz soyumur...

- Axırda " yandığımızdan" :

- Sən kişi adamsan!- deyirik, 

yenə ürəyimiz soyumur ki, soyumur...

- Çünki ürəyimizdə Sən boyda Günəş var, Qadın!

- İşığını heç zaman əsirgəmə...

               Qulu Ağsəs

 

Bu bàyram səninçün şeir yazmadım,

Utandım qələmdən, varaqdan nəsə,

Utandım Allahdan, günahdan nəsə.

Bu dəfə əliboş gəldim yanına,

Məni yazmadığım sözə bağışla,

Tanrıya bağışla, bizə bağışla.

Bu bayram səninçün çiçək almadım,

Bu bayram doyunca ağlatdım səni,

Bu bayram boyunca ağlatdım səni,

Ağla, gözlərinin yaşına dönüm,

"Bayramın mübarək" - deyə bilmədim,

Dayan, heç olmasa başına dönüm.

Mən səni köməksiz qoydum bu bayram,

Şeirsiz, çiçəksiz qoydum bu bayram, 

Sənin həvəsinlə oynadım, qadın.

Bu gün daşa döndüm, dəmirə döndüm,

Sənə bircə çiçək qıymadım, qadın.

Aldada bilmədim bu gün mən səni, 

Durub  danışmağa sözüm olmadı.

Utandım qələmdən, varaqdan bu gün,

Lap elə Allahdan, günahdan bu gün ,

Səni aldatmağa üzüm olmadı.

Bu bayram mən səni sözə tutmadım,

Bu bayram mən səni baxışa tutdum,

Küləyə, leysana, yağışa tutdum.

Elə için -için göynədin, qadın.

Bu bayram səninçün şeir yazmadım,

Bu bayram səninçün çiçək almadım,

Bu bayram  öyrətdim sənə təkliyi,

Bu bayram qapını döymədim, qadın.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2024)

Leyla Səfərova, “Ədəbiyyat və incəsnət”

 

 

Salam, əziz oxucular. Çoxunuzun sevdiyi bir sənətkarla sizin üçün bir qədər söhbət etmək istədim və növbəti müsahibəmi sizinlə paylaşıram. Qonağımız Cavidan Fatihidir. 

 

-Xoş gördük, Cavidan bəy. Öncəliklə özünüzü təqdim edin. "Cavidan Fatihi kimdir, tanıdın” desək nələr deyə bilərsiniz?

 

-Salam, xoş gördük. Mən Cavidan Fatihi. 29 yaşım var. Hüquq fakultəsini bitirmişəm. Özüm haqqda nəsə deyəsi olsam, deyərdim ki, retro musiqiləri yaşatmağa çalışıram. Bacardığım qədərilə sənətlə məşğul olmağa çalışıram. 

 

-Seçdiyiniz sənətin sizin həyat yolunuzda nə kimi bir rolu olub və bu qərara necə gəlmisiniz?

 

-Mən əslində musiqiylə uşaqlıqdan məşğul olmuşam. Normalda 1-ci sinifləri fortepianoya qəbul etməsələr də, mən elə məhz 1-ci sinifdən fortepiano təhsili almağa başlamışam. 6-7-ci sinfə qədər pianoyla məşğul olmuşam. Sonrasında liseydə ikən xorda, 9-cu sinifdə isə solist kimi çıxış etmişəm. Universitet vaxtlarımdan artıq müəyyən qədər tədbirlərdə səhnə almağa başladım. Hüquq təhsilimlə paralel musiqi üzrə də fəaliyyətə davam etdim. Mənim üçün çox maraqlıdır, hal-hazırda burada olmaq, bu hissi dadmaq. Bunu necə izah edə bilərəm, bilmirəm, amma türklər demiş, "Anlatılmaz, yaşanır!" 

Əslinə qalsa, ağlımdan heç keçməzdi ki, mən musiqiylə irəliləyərəm, mahnı oxuyaram. Mənim hədəflərim, planlarım tam ayrı idi. Mən hüquqşünas olmaq istəyirdim. Ancaq sonradan qismət belə gətirdi ki, musiqidən qopa bilmədim.

 

-Sizi ilk kim kəşf etdi? Bu sahəyə kim yönləndirdi?

 

-Lap dərinə getsək, ilk dəfə anam kəşf edib məni. Çox balaca ikən mənə evdə mahnılar oxutdurardı, ona görə də elə bu sualın cavabında onun adını çəkmək doğru olar.

 

-Bugün ən sevilən, dinlənilən parçalarınız olan "Xatirə" haqqında ilkin fikirləriniz nə idi? Bu qədər seviləcəyini təxmin etmişdiniz?

 

-Xatirə Mübariz Tağıyevin çox sevilən, şah əsəri sayılan bir mahnıdır. Mən bu mahnını uşaqlığımdan çox sevərək dinləmişəm. Və real danışsaq, studiyada yazana qədər demək olar ki, bircə dəfə oxumuşdum, o da evdə. Sadəcə, o qədər sevirdim ki, mən bu mahnıya ürəyimi qoyduğumu düşünürəm. Oxuyandan 3-4 il sonraya qədər normal baxış sayı var idi. Sonrasında tiktokda viral oldu və getdikcə də yayıldı. Bu da təbii ki, mənim üçün çox qürurverici bir hissdir. Düzü, mahnı çox sevilən bir mahnı idi, amma bununla belə, düşünmürdüm ki, bu qədər izlənilər, bəyənilər, xüsusilə də 3 il sonra. 

 

Sizin üçün ən qürurverici an hansıdır deyə soruşsalar, cavabınız necə olar?

 

-Mən, ümumiyyətlə, "challenge"ları sevirəm, yenilik sevirəm. Özümə xırda-xırda hədəflər qoyuram və bu hədəflərin hər birinə çatmaq elə mənim üçün qürurvericidir. Ən kiçiyindən ən böyüyünə. Davamlı olacağına da əminəm. Bu şəkildə pillə-pullə yüksəlişimi də hər zaman davam etdirəcəyəm.

 

-Biz də sizdən əminik, Cavidan bəy. Növbəti sualımıza keçək. Nəhayət ki, gözlənilən konsertiniz baş tutdu. Həyəcanınızı, hisslərinizi bizimlə bölüşmək istərdiniz?

 

-Açığı, dəhşətli bir həyəcanım var desəm yalan olar. Sadəcə, səhnəyə çıxmaq və insanları görmək istəyirdim. Düzdür, ilk konsertimdir deyə təbii ki, həyəcan da var idi, qürur da, narahatlıq da. Ümid edirəm ki, hər kəs razı qayıtdı bizə ayırdığı istirahət günündən evlərinə.

 

-Mən hər kəsin məmnun olduğuna əminəm. Bəs, Cavidan bəy, həyat yolunuza, keçmişinizə baxsaq, sizcə layiq olduğunuz yerdəsiniz? Ümumiyyətlə məqsədiniz olan yere çatmısınız?

 

-Belə bir söz var ki, hər kəs layiq olduğu həyatı yaşayır. Amma mən bu fikirlə tam da razı deyiləm. Mən düşünürəm ki, hər şeyin vaxtı var. İrəliləməyin belə doğru zamanı var. Bir sənətçidə, bir insanda bir işartı varsa, onu daimi artırmağa çalışırsa, öz üzərində işləyirsə, hələ onun çatacağı yer gəlməyib. Onun irəliləyəcəyi çox məqam var, görəcəyi çox işlər, qarşılaşacağı çox nailiyyət var. Elə özümə də gəldikdə, düşünürəm ki, yolumuz çoxdur. Hamı deyir ki, retro musiqilərlə sevilirsiniz. Amma indidən deyim ki, yeni mahnılar da gələcək, hətta bəlkə də retrolar yada belə düşməyəcək. Çox fərqli tərzlər eşidəcəksiniz. Bunu da ilk dəfə sizə deyirəm. Ümid edirəm ki, həqiqətən hərkəsin bəyənəcəyi işlər ortaya qoyacağıq. 

 

-Cavidan bəy, siz retro musiqilər ifa etməklə yanaşı özünüz də qələm sahibisiniz. Müsahibəmiz bir televiziya kanalı və ya radioda deyil, elə məhz ədəbiyyatsevərlərin və incəsənətsevərlərin izlədiyi bir platformda- "Ədəbiyyat və İncəsənət portalı"nda yayımlanacaq. Bununla bağlı nə deyə bilərsiniz? Gənc şairlərə, bəstəkarlara nə kimi tövsiyəniz var?

 

-Əla! Hər şeydən öncə hər bir qələm sahibinə uğurlar arzu edirəm. Mənə gəldikdə, əslində mən özümü çox güclü bir söz yazarı və ya bəstəkar hesab etmirəm. Düzdür, özüm də yazıram, onlar da işıq üzü görəcəklər. Amma düşünmürəm ki, mən əsl bəstəkaram, bu ayıb olar, dahi şəxsiyyətlərə qarşı. Lakin bunu deyə bilərəm ki, məncə, insan bir işlə məşğulkən uğur qazanmağa və irəliləməyə köklənməlidir. Əgər müəyyən müddət ərzində bir şey əldə edə bilmirsə istedadı olsa belə. Demək ki, həvəsi yoxdur və özünü başqa sahədə sınamalıdır. Lakin bu o demək deyil ki, vazkeçmək lazımdır, xeyr. İstər bəstəkar, istər videoqraf, istər yazıçı, fərq etmir, hər bir sahəyə aiddir ki, uğur qazanmaq üçün çalışıb çabalamaq lazımdır. Tövsiyəm o ola bilər ki ruhdan düşmədən çalışsınlar və hər addımda həvəslənəcəkləri kiçik uğurlardan belə vazkeçməsinlər. 

 

-Sizinlə söhbət olduqca xoş idi. Vaxtınızı ayırdığınız üçün təşəkkür edirik.

 

-Mən təşəkkür edirəm, mənim üçün də olduqca xoş idi.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2024)

Çərşənbə axşamı, 12 Mart 2024 18:17

Qovuşduran Xəzər… ayıran Araz…

Əkbər Qoşalı yazır

 

 Qardaş Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə uğurlu səfəri hər iki ölkədə, digər qardaş ölkələrimizin mətbuatında tirajlanmaqda, alqışlanmaqdadır. Lakin yalnız öz mətbuatımızda, qardaş ölkələrin mətbuatındamı? – Dost da, dost ola bilməyənlər də bu mübarək səfəri diqqətlə izləyir. 

 

Hər kəs görür ki, Qazaxıstanla Azərbaycanın arasından Xəzər keçir, amma su keçmir… Tarixdə belə olub, bu gün belədir, gələcəkdə belə olacaq! Prezident Tokayevlə Prezident Əliyevin qardaşlıq-dostluq bağları xalqlarımızın ortaq keçmişindən qaynaqlanan dostluq-qardaşlıq bağları ilə üzvi surətdə birləşir, bir-birini tamamlayır. Tokayev-Əliyev qardaşlıq-dostluğu ölkələrimizin işbirliyini zənginləşdirir, yeni gözəlliklər qatır.

Bəli, “ortaq keçmişdən ortaq gələcəyə!” gedən mübarək yol ortaq dənizli qardaşların işbirliyi timsalında davam və inkişaf edir. Ortaq dənizli qardaşlar “dəniz bizi ayrı salıb” deməyib heç vaxt, “dəniz bizi birləşdirir” düşüncəsindədir. Bilirsiz, obrazlı desək, bir nazik, dayaz çayla Güneyindən ayrı düşmüş Quzey Azərbaycan, qardaş ölkə Qazaxıstanla bir dənizlə belə ayrı düşmür deyiriksə, bu çox anlamlı bir hadisədir. Gündoğarımızdakı Xəzər qovuşdurandır; Qarabağda – Ağdərədə isə Suqovuşan adlı qəsəbəmiz var… – Bax, bunlar sanki ilk baxışda rabitəsiz ünvanlar kimi görünür bəlkə, lakin biz inkişafımızı Arazın da “ayrıcı finksiya”sını itirəcəyinə ismarıc kimi görmək haqqına sahibik. Bəli, Qarabağda, Gündoğar Zəngəzurda qazanılmış tarixi Zəfərimiz nə 2020-ci ildə, nə Qarabağ və Gündoğar Zəngəzurda qalmadı, böyüdü, yayıldı, Qafqaza, Türk dünyasının bugününə sirayət etdi. Suqovuşanın 4 il öncələrdə ilk azad olunan və adına (“Suqovuşanın azad olunmasına görə”) medal təsis edilən yeganə qəsəbəmiz olması, habelə Şuşanın bir Mədəniyyət paytaxtı olaraq Zəfərin rəmzi kimi qəbul edilməsi, dərin anlam daşıyıb, qanadsığmaz üfüqlərə ismarıcdır… “Yüksəl, türk, yüksəl! Sənin üçün yüksəlmənin hüdudu yoxdur! Üfüqə yetmən azdır, üfüqötəsinə yetmən lazım”! (Atatürk). Şuşa – Azərbaycanın Mədəniyyət paytaxtı olmaqda qalmadı; ötən il Türk dünyasının, bu il İslam dünyasının Mədəniyyət paytaxtı oldu!

O Şuşa ki, orada 2021-ci il iyunun 15-də Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalanıb. Və o Şuşa ki, bu il bu şəhər Türk Dövlət başçıları Zirvəsinə evsahibliyi edəcək! Özü də Azərbaycan Prezidentinin dəvəti ilə Zirvəyə KKTC Cümhurbaşqanı Ersin Tatar da qatılacaq…

Xəzərdən Suqovuçana, Suqovuşandan Şuşaya keçidimiz təsadüfi deyil.

 

Gəlin ən yaxın illərə qısa ekskurs edək:

Azərbaycanın 44 günlük müharibədəki tarixi Zəfərinin birinci ildönümü günlərində Türk Şurası Türk Dövlətləri Təşkilatına (TDT) çevrildi; ondan daha öncələrsə, Azərbaycanla Türkmənistan Xəzər dənizindəki – bizim deyimlə “Kəpəz”, türkmənlərin sonrakı adlandırması ilə “Sərdar”ı “Dostluğ”a çevirdi! Bu, 2021-ci ilin birinci, TDT-nin elanısa ilin 11-ci ayında baş verdi. 1-ci ilə 11-ci ayın arasında (eləcə də, sonrakı aylarda, illərdə!) Qazaxıstan-Türkiyə, Özbəkistan-Qırğız Respublikası, Qırğız Respublikası-Azərbaycan, Türkiyə-Qırğız Respublikası, Azərbaycan-Türkiyə-Türkmənistan və b. ikitərəfli, üçtərəfli, çoxtərəfli anlaşmalar, önəmli səfərlər, o cümlədən TDT çərçivəsində görüş-müzakirələr oldu da oldu. Ayrıca, Azərbaycan KKTC-yə diqqət-qayğını dövlət səviyyəsində daha da dərinləşdirməkdə, eləcə də, ortaq türk qurumları daha da canlanmaqdadır. Bax, bütün bu və bənzəri hadisələr Arazı qovuşduran çay olmağa daha da yaxınlaşdırmırmı, sizcə? Burada müharibədən söhbət getmir; söhbət təfəkkürdən, ustad Zəlimxan Yaqub demiş, həqiqətlərin çözüm-çözüm olmasından gedir; söhbət ondan gedir ki,

 

“Vaxt Təbrizin, dünya Ərkin dünyası,

Yol Tanrının, haqqı dərki dünyası,

Əvvəl-axır dünya türkün dünyası,

Üç gün-beş gün gecim-tezim olacaq,

Bu gün-sabah dünya bizim olacaq”!..

 

Yeri gəlmişkən, Rəşt şəhərindəki universitetdə vİran yenə anti-Azərbaycan hoqqası çıxarmağa çalışıb. Belə ki martın 10-da Rəştdəki Azad İslam Universitetində vİran hökumətinin dəstəyi ilə (!?) baş tutan bir konfransda qondarma və çox keçmiş “Talış-Muğan Respublikası”nın “başçı”sı Əlikram Hümbətovun “davamçı”sı kimi “təqdim edilən” Boris Talışinski adlı birisinin çıxışı təşkil olunub; bu azmış kimi, tədbirə Əhməd Kazemi, Əbülfəzl Beheşti, Məhəmməd Rezayəti və b. anti-türk “sima”lar (simasızlar!) və bekara faşist-paniranist düşüncəsinin (düşüncəsizliyinin!) təbliğatçıları da qatılıb; yaramazların çıxışında müstəqil Azərbaycan Respublikasına qarşı kin-kudurət, nifrət yağdırılıb. Hərçənd o kin-kudurət, nifrət Rəştdən bəri qanadlana bilməz (hərçənd bizim nəzdimizdə bir dərinliyi, üfüqü yoxdur), lakin axı vİran o boyda adamı ora niyə yığıb, o çıxışlara niyə münbit ortam yaradıb? Avtomatdan atəş açmaqdan bir şey çıxmadı, indi də “elmi konfrans” modunamı keçdilər? – Qutsal Ramazan ayının başlanmasına saatlar qalmış… xoşməramlı niyyət tutmaqdansa, Azərbaycana qarşı eyləmlərdə bulunmaq islamçılıqdırmı, insanlıqdırmı?.. – vİran ötən il – yanvarda Tehrandakı səfirliyimizdə, martın əvvəlində Əhmədlidə bir supermarketdə, martın sonunda isə Sabunçuda Millət vəkili Fazil Mustafaya qarşı avtomatlı eyləmlərdə bulundu. Eyləmlərin heç birindən umduğu sonucu almaması Fars-Molla rejimini “dərin” düşüncələrə qərq etmiş olmalı ki, bir illik götür-qoydan sonra, “mübarizə”ni universitetə daşımaq istəyir… (Tovuzlular belə yerdə deyir: öz başınçün!..)

Yoxsa, Anadolulular demiş, durub-dururkən bu da nə? – Məsələ onda ki, Fars-Molla rejimi müstəqil Azərbaycan dövlətinə qarşı eyləmlərdə dayanmaq, durmaq bilmir; azca duraqlasa dəxi, beynəlxalq münasibətlər baxımından “dayanma-durma işarəsi”nin tələblərini pozur…

 

*

İşə baxın:

Arazın o tayında 40 milyondan çox soydaşımız yaşayır;

Xəzərin o tayındakı Qazaxıstanda isə toplam əhali sayı 20 milyona çatmayıb;

Azərbaycanlılar 99 ildir Fars-Molla rejiminin kontrolunda olan ərazilər uğrunda tarix boyu can verib, qan töküb; oralarda şəhərlər salıb, inkişafa səbəb olub;

Azərbaycanlıların qardaş Qazaxıstanın inkişafında da töhfələri olsa belə, bu, Arazın o tayındakı tarixi töhfələr qədər deyil;

vİran Qarabağın, Gündoğar Zəngəzurun Ermənistanın işğalında qalması, oralarda erməni-fars işbirliyi qurulması baxımından adıyaman işlər görübsə və işğalsonrası dəxi keçmiş qondarma rejimlə iqtisadi bağlarını sürdürübsə, Qazaxıstan dövləti Azərbaycanın Zəfərini alqışlayıb, Füzulidə Kurmanqazı adına böyük təhsil-mədəniyyət kompleksini Azərbaycana qardaş hədiyyəsi edib! O Füzuli ki, orada üç on il boyunca baş verənləri vİran yaxından izləyir, bilir, görürdü… Bilir, görürdü ki, orada İslam ibadətgahları dağıdılır; üstəlik, indi Kurmanqazı adına təhsil-mədəniyyət kompleksinin çevrəsində vaxtıilə mövcud olmuş məktəblərin, evlərin ermənilər tərəfindən sökülməsini vİran görür, bilir və hətta söküntüdə iştirak edirdi…   

Fars-Molla rejimi Araz çayının ən dayaz yerinlərindən bu taya narkotik maddələr ötürməkçün yararlanmağa çalışır,

Qazaxıstansa… bizimlə birgə, Xəzərin dibi ilə optik-lif rabitə xəttinin qurulması kimi unikal layihə planlaşdırır…  

 

Qazaxıstan-Azərbaycan bağları kiməsə qarşı deyil, əlbəttə; əlbəttə, Qazaxıstan Prezidentinin Azərbayacan dövlət səfəri kiməsə qarşı yönəlməyib və bu, iki müstəqil, suveren dövlətin beynəlxalq hüquq normalarına tam uyğun, səmimi, işgüzar bağlarının təcallasıdır. Bununla belə, Fars-Molla rejimi müstəqil, dünyavi, çiçəklənən Azərbaycanın varlığını öz idbar sistemi üçün təhlükə saydığına görə, bizim qardaşlarımızla sıx işbirliyimizdən də darılır…

 

*

Ötən ayın 14-də İlham Əliyev Azərbaycan Prezidenti olaraq, Milli Məclisdə and içərkən Türk Dövlətləri Təşkilatına (TDT-yə) çox güclü, unudulmaz vurğu etdi: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”!

Budur, TDT-nin qurucu üzvü Qazaxıstan Prezidenti ilə görüşdə eyni vurğuya tanıq olduq:

“…Biz, həmçinin qarşılıqlı fəaliyyətin digər məsələlərini, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyətimizi müzakirə etdik. Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir”.

Çünki “Sözümüz imzamız qədər keşərlidir”!

Çünki macərapərəst deyilik, düşünülmüş, məqsədyönlü siyasət yürdür, onu ən uyğun zamanlama ilə həyata keçiririk! – Bəli, nəyi, necə, nə vaxt

etmək lazım olduğunu bilirik!

 

“Strateji tərəfdaşlıqdan danışdıqda, biz bunu sadəcə gözəl ifadə və ya diplomatik nəzakət kimi qəbul etmirik. Əslində, əməkdaşlığımızın mahiyyəti qarşılıqlı fəaliyyətimizin strateji xarakterini ehtiva edir.

...Ali Dövlətlərarası Şuranın birinci iclası əsnasında elə mühüm məsələlər müzakirə olundu ki, onların reallaşdırılması, nəzərdə tutulan planların yerinə yetirilməsi üzrə bu məsələlərin strateji istiqamətindən danışmaq həqiqətən yerinə düşür.” (Kasım-Jomart Tokayev).

 QARDAŞLIĞIMIZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Əziz dostlar, xəbər verdiyimiz kimi unudulmaz Xalq yazıçısı İsmayıl Şıxlının 105 illik yubileyi ilə əlaqədar yazı müsabiqəsi elan olunub. Müsabiqənin nəticələri martın 18-də, AYB-nin Natavan adına klubunda elan ediləcək və qaliblərə mərhumun oğlu Elçin Şıxlının imzası ilə kitablarından hədiyyə veriləcək. Tələsin!.
Bu gün sizə diqqət çəkən növbəti yazını təqdim edirik:

Beləliklə, ünlü yazarlarımızdan Nurəddin Ədiloğlunun elan olunan müsabiqəyə təqdim etdiyi yazı ilə sizi də tanış etmək istəyirik.

 

İSMAYIL ŞIXLI və ÇİNGİZ AYTMATOV
(Ruh və düşüncə doğmalığı)

 
“Cəmiyyət də insan kimidir. Axtalanmış adamdan kişi çıxmadığı kimi, axtalanmış cəmiyyətdən də kamil cəmiyyət ola bilməz”  İ. Şıxlı.

“Hər zaman və hər kəs üçün dəyişməz olan bir həqiqət var: Heç kim öncədən taleyini, başına nələr gələcəklərini bilmir. Sadəcə həyat onu göstərir...” 
Ç. Aytmatov.

Bəri başdan deyim ki, yazıma epiqraf kimi sitat verdiyim bu fikirləri hər iki görkəmli ədib bədii sənət nümunələrinin yekunu və ya son akkordu olan dəyərli  əsərlərində - “Ölən dünyam” və “Əbədi gəlin” romanlarında ifadə ediblər.
İstər İsmayıl Şıxlının  “Ölən dünyam”, istərsə də Çingiz Aytmatovun “Dağlar yıxılanda” adı ilə təqdim olunan “Ədəbi gəlin” əsərlərində haqq-ədalət, sülh tərəfdarı olan qəhrəmanlarının obrazlarında hər iki unudulmaz qələm ustasının özünəxas milli SİMASI boy verir. Böyük Çin filosofu Konfutsinin təbirincə desək, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. 
Heç kimə sirr deyil ki, bu iki böyük söz ustadının – Azərbaycanın Xalq yazıçısı İsmayıl Şıxlının və Qırğızıstanın Xalq Yazıçısı Çingiz Aytmatovun yaradıcılığında həmişə mənsub olduqları xalqın məişəti, mədəniyyəti, etnoqrafiyası və folkloru ilə bağlı məsələlər ictimai-siyasi hadisələrin fonunda bədii əksini tapıb. Onların iksinin də milli təəssübkeşlik hissinin, qan yaddaşının oyadılmasında danılmaz xidmətləri olmuşdur. Hələ sağlıqlarında canlı klassikə çevrilmiş bu iki ədəbiyyat korifeyi həm də nüfuzlu ziyalı, ictimai-siyasi xadim olaraq öz müasirlərinin qəlbində silinməz izlər buraxmışdır. 
“Ölən dünyam” tarixi romanını İsmayıl Şıxlı 1995-ci ildə Bakıda ana dilində, "Dağlar yıxılanda (Əbədi gəlin)" romanını Çingiz Aytmatov 2005-ci ildə Bürüsseldə rus dilində araya-ərsəyə gətirmişdi. Əlbəttə, ruh və fikir yaxınlığı olan yerdə dil fərqi, məsafə və məkan anlayışı məna daşımır. Məhz ona görə də ömrünün son çağları şəkər xəstəliyindən gözləri tutulan İ.Şıxlının əsərini həyat yoldaşı Ümidə xanıma diktə edərək yazdırandan sonra “Artıq rahat ölə bilərəm” deməsi, eləcə də ölümün yaxınlaşdığını hiss edən Ç. Aytmatovun əsərin epiloqunda qəhrəmanın dili ilə “Oxucular isə hər zaman var, yazıçı həyatda ikən də, o öldükdən sonra da..." qənaətinə gəlməsi məndə qəti təəccüb hissi doğurmur.
Üstəlik, hər iki əsərdə soy-kökə bağlılıq, keçmişə ehtiram hissinin, nəsildən-nəsilə ötürülən mənəvi dəyərlərin, təbiət - cəmiyyət münasibətlərinin və siyasi sistemin köklü şəkildə dəyişməsi zamanı insanların üzləşdiyi faciələrin real boyalarla təsviri müəlliflərin ruh və əqidə yaxınlığını bir daha təsdiq edir.
“Ümidi boşa çıxan və aldadılan xalqın faciəsindən böyük faciə yoxdur” (Aslan bəy), “Divan-dərəyə lotu-potular yığılıb, bala, ehtiyatlı olun. Bir-birinizdən göz-qulaq olun.” (Ömər koxa) fikrini söyləyən İsmayıl Şıxlının qəhrəmanları Cümhuriyyətin dağılmasından sonra sosializm cəmiyyəti “quran” sovet hökümətinin repressiya siyasətinin, “Taleyin sirr olması özü bir taledir”, “Zənginlərin var-dövləti okeanlara sığmaz, kasıbların yoxsulluğu okeanda yer tapmaz!" deyən Çingiz Aytmatovun qəhrəmanları isə sosializmin iflasından sonra vəhşi kapitalist mühitinin, bazar münasibətlərinin sərt qaydaları ilə üzləşirlər. Sanki bu iki ədib əvəlcədən belə mövzuda əsər yazacaqları barədə öz aralarında  uzun müddət fikir mübadiləsi aparıblar. 
Hər iki romanda müəlliflər orijinal dəsti-xəttlə cəmiyyət və təbiət faciələrini qələmə alaraq personajların dərin hisslərini, daxili konfliktlərini əks etdirir və  oxucuların ixtiyarına həm emosional, həm də intellektual cəhətdən dolğun, ictimai-siyasi məzmunu ilə seçilən sanballı bədii nəsr nümunəsi təqdim edir. 
İsmayıl Şıxlının "Ölən dünyam" romanına ön sözündən məlum olur ki, “xalqın da həyatında taleyüklü dönüş nöqtələri olur. Bu dönüş nöqtələri xalqın yeni, xoşbəxt, yaxud bədbəxt həyat mərhələlərinə keçməsinə səbəb olur. XX əsrdə bizim xalqın həyatında belə döngələr çox olmuşdur...”
Atası sovet repressiyasının qurbanı olan Ç. Aytmatov isə son müsahibələrinin birində "Dağlar yıxılanda (Əbədi gəlin)" əsəri haqqında belə deyib: "...romanda yenidənqurmadan sonrakı qloballaşmanın konkret insanların həyatına necə təsir etdiyini, bizi necə dəyişdiyini göstərməyə cəhd etmişəm..." 
İsmayıl bəyin və Çingiz ağanın əsərlərində belə paralellər aparmaq bəlkə də yanlış fikirdir, fəqət  “Ölən dünyam” və “Əbədi  gəlin” onların mənsub olduqları xalqa son ismarıcı, vida nəğməsidir. Bəlkə də bu son nəsr əsərləri “buynuzlu-buynuzsuz cahangirlərin” meydan suladığı dünyada Azərbaycanın və Qırğızıstanın yaxın və uzaq taleyini görən iki müdrik ağsaqqalın Vəsiyyətnamələrdir.
Film üçün maraqlı epizodlarla zəngin olan hər iki əsər təkcə bizim bu günümüzlə səsləşmir, həm də sabahımızın yaxşı olması naminə bütün Türk dünyası üçün ibrətamiz nümunədir.
“Öləm dünyam''da  Müsavat hökumətinin qurucularından general Cavad bəy Şıxlınskinin yavəri Çapıq Əmrah əlində qanlı “troyka”nın möhürlənmiş ağ qərarları olan qəddar sovet çekisti Fətullayevin qarşısında kişilik qüruru nümayiş etdirərək: “... siz camaatı qorxaqlığa, xəyanətə öyrətdiniz. Hamını qırdınız, tökdünüz, elədiniz gözü qıpıq... İndi buraya niyə gəlmisiniz? Rus əsgərlərini niyə gətirmisiniz?” soruşur.
Fətullayevin: “Qaçaq, quldurların kökünü kəsməyə.” cavabından sonra Çapıq Əmrah deyir: “Yox, Siz kişilərin kişiliyini əlindən almağa gəlmisiniz. Onları qorxutmaq, gözlərinin odunu almaq istəyirsiniz. Arvad - uşaq yanında kişiləri hörmətdən salmaq, onların qürurunu sındırmaq istəyirsiniz. Heç bilirsiniz qürur nə deməkdir? Bilməzsiniz. Sizə kişi yox, madyan lazımdır... Cəmiyyət də insan kimidir Axtalanmış adamdan kişi çixmadığı kimi, axtalanmış cəmiyyətdən cəmiyyət olmaz.”
Bəs sosializmdən kapitalizmə "keçid" Sovet cəmiyyətində yaşayan xalqlara nə verdi? Çingiz Aytmatovun  “Əbədi gəlin”də yazdığı kimi, hər şeyin alınıb-satıldığı bazar münasibətlərini, biznes dünyasının acımasızlığını, qəddarlığını... Hər yerdə - o cümlədən, qırğızlarda "könüllü şəkildə öz ruhunu satan", işsizlikdən əziyyət çəkən adamların pul qazanmaq, kasıbçılıqdan yaxa qurtarmaq naminə cinayət törətməyə meyl etmələrini... Korrupsiya girdabı... Mənəvi və ekoloji terrorlar və nəhayət 4 təhlükəli R: - Regionçuluq, Rüşvətxorluq, Reyderçilik, Reketçilik... Riyakarlığa, rəzilləyə zəmin yaradan səbəblər...
İnsanların ümidlərinin, həyat ideallarının “dağlar kimi çöküşü” zamanı böyük faciələr baş verir... SSRİ-nin qurulması da, süqutu da insanların kütləvi qətliamı ilə nəticələndi. Totalitarizmdə köləlik əleyinə mübarizə aparan mətbuatın sonralar bazar iqtisadiyyatının köləsinə çevrilməsini emosionallıqla qələmə alan Çingiz ağa yenidənqurmanın "azmış durnası" kimi təqdim etdiyi müstəqil jurnalistin Tyan-şan dağlarına bəbir ovuna gələn harın ərəb şahzadələrinə: "Qar bəbirlərindən əl çəkin!.. Mən sizə bizim heyvanları məhv etməyə imkan vermərəm..." deməsi onun ölümcül yaralanmasına səbəb olur... Beləliklə, o, ərəb şahzadələrinin ovlamaq istədiyi Cabbars adlı bəbirlə eyni mağarada can verir. Bəbirlə onun Molotaş mağarasında can verməsini müəllif belə təsvir edir: "Bu vəhşi heyvan həyatının son günlərində taleyini bir insanla paylaşacağını  təxmin belə edə bilməzdi... Halbuki bu qarşılaşma onun alın yazısı idi. Yenə taleyin oyunu... Can verən iki canlı: insan və vəhşi heyvan. Hər ikisi də bu dünyada yolunu eyni şəkildə başa vururdu...”  
Çingiz Aytmatovun Caabars adlı qar bəbirindən fərqli olaraq İsmayıl Şıxlının “Ölən dünya(m)”sındakı Alan adlı it çörəyini yediyi ailəyə xəyanət edən, namuslu adamlara divan tutan Keçəl Xonduludan “qisas” alır və qaçağa çevrilərək çanavarlarla gün keçirir. Və bir gün Həsən ağa uzun illərin ayrılığından sonra elinə, obasına qayıdarkən onu Kürün sahilində ilk qarşılayan hamının canavar zənn etdiyi Alan olur. “Canavarı görən saqqallı qərib kişi dirçəldi və canavara diqqətlə baxıb birdən “Alan” deyə pıçıldadı. Elə bil canavar bu sözü eşitdi. İtin qan yaddaşı hərəkətə gəldi... Həsən ağa canavarın başını sığallayırdı. O isə insan kimi kövrəlirdi. Gözləri tez-tez yaşarırdı.”
Hər iki əsərdə diqqəti çəkən daha bir oxşar cəhət var: "Kür Azərbaycanın mavi fəqərə sütunudur” deyən İsmayıl Şıxlı “Dəli Kür”də olduğu kimi, "Ölən dünyam” romanında da Kür çayının obrazını yaradır. Su saflıq, təmizlik rəmzi hesab edilir. Kür sözü türk dillərində əzəmətli, böyük, güclü, gur sulu, inadkar, nadinc və s. mənalarında işlənir.
Dağ obrazı isə "Biz nəhəng türk ağacının qolları, budaqlarıyıq" deyən Çingiz Aytmatovun son romanında həm də taleyin rəmzi kimi təsvir olunur. Tyan-şan - qədim türk dilində tanrı dağları deməkdir. Dağların zirvəsi əbədiliyin, ucalığın, əbədi gəlin haqqında əfsanə isə saflığın, sədaqətin, dürüstlüyün simvoludur.   
…Çox əfsuslar olsun ki, son onilliklərdə istər Kür sahilinin ətrafındakı, istər Tyan-şanın ətəyindəki meşələr doğranıb pula, var-dövlətə çevrilir. Cinayət yolu pul qazanan keçəl Xonduluların, bolşevik Fətullayevlərin nəvə-nəticələri, sərvət hərisliyinə düçar olmuş Taştanəfqan, pulun gücü qarşısında mənəvi dəyərlərini itirmiş Ertaş Kurçal və Aydana Samarova kimilər bu gün dildə xalq, millət deyib  ədalətdən dəm vurur, mərhəmət və humanistlikdən ağızdolusu danışırlar. Amma əllərinə fürsət düşən kimi xalqın malına tamah salır, ölkənin yeraltı-yerüstü sərvətlərini talayırlar. Onlar üçün ÇİRKLİ PULLAR  hər şeyə sahib olmaq, hökmdarlıq etməkdir. “Böyük pullar böyük cinayətlər deməkdir” (Balzak)  ...Belə insanların baş(çı)ları feodalizm, ayaqları sosializm, əlləri kapitalizm cəmiyyətində yaşaya- yaşaya “elita” qrupu kimi fəaliyyət göstərir və hər şeyin üzərinə əcaib-qəraib kölgə salırlar. Kölgələr sürünür və  hörmçək toru kimi bütün sahələri bürüyürlər. 
Bir sözlə, Elçin Şıxlı demişkən, “İndi dünya sürünən kölgələrindir…”
Mənim sözümün mabədi isə ondan ibarətdir ki, İsmayıl Şıxlı və Çingiz Aytmatov kimi korifeylərin mənəvi dünyası ölməzdir, onların hər ikisi “dağlar çökəndə” də, siyasi sistemlər dəyişəndə də ƏBƏDİ YAŞAMAQ haqqı qazanıblar.  Fəlsəfədə Ölüm və Ölməzlik insаnın mənəvi аləminə çох güclü təsir еdən məsələ kimi təqdim olunur. Son əsərlərinin epiloqunda İ.Şıxlı da, Ç. Aytmatov da keçmişlə gələcək arasında körpü salıb, oxucularının qəlbində ədəbi heykələ dönərək ölümsüzləşiblər. Beləliklə, onlara sağlığında olduğu kimi, ölümündən sonra da əsl yazıçı xoşbəxtliyi nəsib olub...
Hər iki böyük ədibin ölməz ruhuna ehtiramla:

Nurəddin ƏDİLOĞLU

 

Diqqət: Yazılarınızı “Ədəbiyyat və incəsənət” portalının elektron ünvanına, yaxud müsabiqə üzrə məsul olan Elman Eldaroğlunun facebook hesabına göndərə bilərsiniz. 
Yazıların son qəbul günü: 15 mart.

“Ədəbiyyat və incəsənət”
(12.03.2024)

Çərşənbə axşamı, 12 Mart 2024 12:55

Bu gün 3-cü çərşənbə - Yel çərşənbəsidir

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün  Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsini qeyd edirik. 

Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Hava çərşənbəsi” kimi də tanınır. 

 

İnanclara görə, bu çərşənbədə yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Daha sonra su, od və külək birlikdə torpağı oyadır. Torpaq hərəkətə gəlir, isinir.

Yel çərşənbəsi günü həyətlərdə tonqal qalanır, evlərdə plov, südlü plov, lobyalı aş, bulğur aşı və bir çox yeməklər bişirilir. Süfrəyə daha çox quru meyvələr və dənli bitkilərdən hazırlanmış nemətlər düzülür. Evlərdəki yorğan-döşək, xalça-palaz, geyimlər həyətə çıxarılır, barıların, məhəccərlərin üstünə sərilərək çırpılır, təmizlənir. İnanca görə, Yel çərşənbəsində yorğan-döşək, xalça-palaz, geyimlər havaya verilərsə, təmizlənər, paklanar.

“Yel baba” mərasimi öz kökü etibarilə əcdadlarımızın Yel Tanrısına etiqadı ilə bağlıdır. Şifahi xalq yaradıcılığında Yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc var. Azərbaycan nağıllarında da rast gəldiyimiz “yel baba” ifadəsi və onun nağıldakı rolu da diqqət çəkir. 

Qədim zamanlarda hələ xırmanın mövcud olduğu vaxtlarda yellə bağlı keçirilmiş mərasimlər də var. Mərasim “Yel baba” adlanırdı və taxıl biçilib xırmana yığılandan sonra keçirilirdi. Məlumdur ki, keçmişdə kombayn olmadığından taxıl əllə biçilərək dərz bağlanar, at, öküz arabaları ilə xırmana daşınardı. Dərzlər xırmanda döyüləndən sonra buğdanın, arpanın və digər dənli bitkilərin sovrularaq samandan, çör-çöpdən, kol-kosdan təmizlənib, ayrılması üçün küləyə ehtiyac var idi. Ona görə də keçmişdə insanlar xırmanda taxılın sovrulması zamanı “Yel baba, gəl, ağ atına arpa, saman apar” deyərək küləyi, yeli müxtəlif nəğmələrlə köməyə çağırardılar.

Ölkəmizdə martın 19-da Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi qeyd olunacaq.

Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 07:06:21-də girəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Yel çərşənbəniz mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.