Bülbülün Memorial Muzeyinin təqdim etdiyi "Bülbülün qonaqları" rubrikasında növbəti dəfə Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlu yad edilib.
“Ədəbiyyat və incəsənət” portalına muzeydən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova Bülbül və Cabbar Qaryağdıoğlunun dostuluğundan, Elmi Tədqiqat Musiqi Kabinetindəki birgə fəaliyyətindən, xalq musiqisinin inkişafında xanəndənin misilsiz xidmətlərindən bəhs edib.
Azərbaycan Milli Kosnervatoriyasının Tələbə və Gənclər Təşkilatının sədri Ayxan İmanov tədbirin təşkili üçün Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimiyə və muzeyin rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tələbələri Murad Kərimli, Aycan Şükürlü, Nuray Hacızadə, VIII Muğam Televiziya Müsabiqəsinin laureatı Nərgiz Cabbarova "Rast", "Qatar", "Bayatı-Şiraz", "Şahnaz" təsniflərini ifa ediblər.
Sonda xanəndənin repertuarından "Qarabağ şikəstəsi" səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(13.06.2024)