Super User
Azərbaycan Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olunur
Türk Animasiya Assosiasiyası (ATA) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) müştərək stendlə dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olunur.
Festivalın təşkilatçıları AzərTAC-a bildiriblər ki, stenddə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin animasiya məhsulları, layihələri, assosiasiyaları və festivalları təqdim olunacaq.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkmənistanın Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə kreativ sənayenin inkişafı üzrə “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində həyata keçirilir.
“Animation of Turkic Countries 2024” (Türk Dövlətlərinin Animasiyası-2024) kataloqu da stenddə nümayiş olunan məhsullar sırasındadır. Kataloqa daxil olan 90-dan çox layihədən 50-si kataloqun şərtlərinə uyğun hesab edilib, onlardan 5-i hazırlıq mərhələsində olan tammetrajlı filmlər, 11-i hazırlıq mərhələsində olan qısametrajlı filmlər, 8-i hazırlıq mərhələsində olan seriallar, 14-ü yayımlanmış qısametrajlı filmlər, 12-si yayımlanmış seriallardır.
Ölkəmizi Annecy Festivalında Azərbaycan Animasiya Assosiasiyasının üzvləri Elçin Hami Axundov, Nəzrin Ağamalıyeva, Oqtay Yusibov, Rəşid Ağamalıyev və Şahin Əliyev təmsil edir.
Annecy festivalında, həmçinin animasiya rejissoru Rəvan Muradov (Crambone Inventive League) da iştirak edir. Onun festivalda iştirakı 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “The Half – “Birdən ölsək” filmi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanması sayəsində mümkün olub.
“Ədəbiyyat və incəsənət”
(13.06.2024)
Dövlət Film Fondunda Xalq artisti Hüseynağa Sadıqovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib
İyunun 12-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Xalq artisti, görkəmli teatr və kino aktyoru Hüseynağa Sadıqovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib.
AzərTAC xəbər verir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı olub.
Yubiley mərasimini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Hüseynağa Sadıqovun həyat və yaradıcılığı haqqında məlumat verib, aktyorla “Alma almaya bənzər” filminin çəkilişində ünsiyyətindən bəhs edib.
Xalq artistləri Tariyel Qasımov, Cəfər Namiq Kamal, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy H.Sadıqov haqqında xatirələrini bölüşüblər.
Çıxış edənlər tanınmış aktyorun xatirəsini əziz tutduğuna və tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildiriblər.
Tədbir boyu sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx və aktyorun çəkildiyi filmlərdən fraqmentlər nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(13.06.2024)
Beynəlxalq forumun iştirakçıları “ASAN xidmət”də
11 iyun 2024-cü il tarixində Bakıda keçirilən Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumunun iştirakçıları “ASAN xidmət” mərkəzi ilə tanış olublar.
“Ədəbiyyat və incəsənət” portalı “ASAN xidmət”ə istinadən xəbər verir ki, qonaqlara “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb.
Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi də vurğulanıb.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi bildirilib.
Qonaqlar “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib və Dövlət Agentliyi tərəfindən dövlət xidmətləri və sosial innovasiyalar sahələrində həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildiriblər.
Həmçinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, “ABAD” və “Bilim Bakı” mərkəzi ilə tanışlıq baş tutub.
Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BƏƏ-nin Kabinet İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılır. 2022-ci ilin 28 noyabr tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun icrası çərçivəsində baş tutan forumda hər iki ölkə hökumətinin müxtəlif sahələr üzrə yüksək vəzifəli rəsmiləri iştirak edirlər.
“Ədəbiyyat və incəsənət”
(12.06.2024)
Komitə sədri araşdırmaçı yazarın yubileyini təbrik edib
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist
Dos.Dr. Sadiq Qarayevi 50 illik yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı təbrik məktubunu təqdim edir:
“Hörmətli Sadiq müəllim,
Sizi 50 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, elmi, ədəbi yaradıcılıqda və ictimai fəaliyyətdə yeni uğurlar diləyirəm!
Siz bir yazar, araşdırmaçı, alim və ictimai xadim olaraq fəal vətəndaşlıq mövqeyi ilə seçilirsiniz. Ədəbi uğurlarınıza görə Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, habelə Mədəniyyət Nazirliyinin “Şans” mükafatı laureatı olmusunuz.
“Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, ““N” saylı qəhrəmanlıq” adlı irihəcmli elmi-fəlsəfi, tarixi romanların, eləcə də, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlar”, “Azərbaycançılıq məfkurəsi” kitablarının, yerli və xarici mətbuatda dərc olunmuş 60-a yaxın elmi məqalənin müəllifisiniz.
“Sahilsiz təzadlar” romanınızda şəxsiyyətin özünütəsdiqi, toplum və təbiət hadisələrinin qarşılıqlı bağlantısı, bəşəri qayğılar fonunda milli dəyərlərin qorunması, zənginləşdirilməsi və vətəncanlılıq hadisələri dolğun təsvir edilib.
“Sahibsiz kölgələr” romanınızda “Orbitlər və universal mövcudluq nəzəriyyələri” adlı elmi ideyaların müddəaları obrazlı vasitələrlə oxucuya çatdırılır.
““N” saylı qəhrəmanlıq” romanınız tarixi Zəfərimizə həsr edilmiş ilk elmi-fəlsəfi, sənədli-publisist, tarixi əsərlərdən biridir.
Ədəbiyyatşünasların da vurğuladığı kimi, siz müstəqillik dövrü Azərbaycan ədəbiyyatında elmi idrakla bədii təfəkkürün birliyi əsasında yazılmış romanlarınızla seçilirsiniz.
Sizi yaradıcılıq uğurlarınız və əlamətdar yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(12.06.2024)
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Vaqif Səmədoğlu, “Bir axşam taksidən…”
Könül, “Ədəbiyyat və incəsənət”
85 illik yubileyini qeyd etdiyimiz Xalq şairi Vaqif Səmədoğlu öz möhtəşəm şeirləri ilə dünən də yaşayıb, bu gün də yaşayıb, sabah da yaşayacaq. Onun dillər əzbəri olan şeirlərini xatırlatmaqla şəxsiyyətinə olan böyük sevgimizi bir daha izhar edirik.
Bir axşam taksidən düşüb payıza
Bilmədik haraya, hayana gedək
Bahar həsrətiylə payız axşamı
Yenə həzin-həzin titrədi ürək
Yağışın əlindən qaçıb bir küncə
Dayandıq üzümüz dənizə sarı
Yenə tapılmadı payız gəlincə
O uzaq günlərin itmiş açarı…
“Ədəbiyyat və incəsənət”
(12.06.2024)
STATUSLAR STATUSUnda Aqil Abbas
Növbətçi: Könül, “Ədəbiyyat və incəsənət”
Bu dəfə facebook sosial şəbəkəsindən tanınmış yazıçı, millət vəkili Aqil Abbasın bir yazısı barədə postu sizlər üçün seçdim. Aqil Abbas Xurşidbanu Natəvan barədə yazıb. Şəxsiyyəti kifayət qədər mübahisələr doğuran Xan qızı barədə bu yazılanlar, düşünürük ki, faydalı ola bilər.
Xan qızının qardaşı ilə bağlı bir təhrifə yol vermişəm. Əslində bu mənim yox, bəzi tarixçilərin səhvidi.
Xan qızı rus təbəəsi deyildi. Çar hökuməti nə qədər istəsə də Natəvan təbəəliyi qəbul eləmirdi. Bütöv Qarabağ da onun mülki idi. Ruslar bu barlı-bərəkətli Qarabağı, bu varı-dövləti əldən vermək istəmirdilər. Ona görə də min oyun qurub Xan qızını bir az zorla Xasay xan Usmiyevə ərə verdilər, Xasay xan Çar ordusunun polkovnikiydi. Beləliklə, Xan qızı Xasay xana ərə getdiyinə görə rus təəbəsi sayıldı. Xasay xan Car-Balakən xanı Ümmə xanın nəslindəniydi. Ümmə xan da İbrahimxəlil xanın qaynı idi. Yəni Natəvanın Xasay xanla qohumluq əlaqəsi vardı.
Bu izdivacdan onların Mehdiqulu adında bir oğlu, Xanbikə adında bir qızı dünyaya gəlir.
Amma sonradan Xan qızı başa düşür ki, onu oyuna salıblar, Xasay xandan ayrılır və Seyid Hüseyn adlı rəiyyət içindən çıxmış bir şuşalıya ərə gedir. Bu da Qarabağ bəylərinin xoşuna gəlmir ki, Xan qızı rəiyyətlə evlənib. Necə ki, Həmidə xanım Mirzə Cəlilə ərə gedəndə Qarabağ bəyləri Həmidə xanımdan incimişdilər, amma Həmidə xanımın qorxusundan bir söz deyə bilmirdilər.
Mehdiqulu Usmiyev ata tərəfə çəkir, rus zabitləri kimi o da sərxoşluq edir, əyyaşlıq edir, qumar oynayır. Xan qızı Ağdam şəhərini Mehdiquluya bağışlayıbmış. Bir gün qumarda Mehdiqulu Ağdamı uduzur. Bundan sonra anasının bir sandıq qızılını oğurlayır, ona görə də ikinci su xətti yarımçıq qalır və Mehdiqulu həbs olunur. Xan qızı da oğlunun Sibirə sürgününün qarşısını almaq üçün Şuşa həbsxanasını tikdirir.
Natəvanın ikinci ərindən də övladları olur. Oğlu Mir Abbas çox cavan vaxtı vəfat edir. Bu da təbii ki, bütün analar kimi Xan qızına çox böyük təsir edir. Ömür boyu bu faciəylə yaşayır. Qədir Rüstəmovun oxuduğu «Neyçün gəlməz» mahnısının sözləri də Natəvana aiddir. O, bu qəzəli vaxtsız ölən oğlu Mir Abbasa həsr edib. Qədir də bu mahnını elə yanıqlı oxuyur ki, Xan qızının ruhu həmişə onu eşidir.
Onu da qeyd edim ki, Xan qızı bizim nəslə də böyük bir yaxşılıq edib. Ulu babam Kərbəlayı Abbas yeddi qardaşı ilə birlikdə qaçaq-quldurluq edibmiş. Babam qardaşları ilə Ağdam bazarını dağıdıb yağmalayır, sonra Xan qızı onu tapdırıb yanına çağırtdırır. Xahiş edir ki, o apardığı malların da bir hissəsini qaytarsın, desinlər ki, Xan qızı malını qaytartdı, yəni onu nüfuzdan salmasın. Babam da onu eşidir. Bundan sonra Xan qızı onu əfv elətdirir və indiki Ağcabədi rayonunun Bayat obasının yaxınlığında bir kənd və torpaq bağışlayır. Babam da dağ Kolanıdan nəslini götürüb gedir həmin kənddə binə qurur. İndi həmin kənd Kolanı adlanır və bütün kənd camaatının familiyası da əsasən Kərbəlayı Abbasın adına Abbasov soyadı daşıyır. Sonra da oğlu Kərbəlayı Muxtara, yəni mənim babama Pənah xanın nəslindən olan Paşa bəyin qızı Əsmət xanımı alır. Yəni mənim atamın anası bəy qızıdı. Ona görə də anası seyid olanlara cümə günləri seyidlik düşdüyünə görə, mənə də nənəm bəy qızı olduğundan cümə günləri bəylik düşür.
Mən də hər dəfə xanımımın yanında şellənəndə ki, xan-bəy nəsliyəm.
İradə də deyir:
- Burnunu silməyindən bilinir.
Bu yazını yazmaqla Xan qızı qarşısında günahımı yumaq istədim. Həm də gələcəkdə kiminsə mənə istinad edərkən səhv etməməsini istədim.
“Ədəbiyyat və incəsənət”
(12.06.2024)
Özbəkistan Prezidenti Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçılarını təbrik edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iyunun 10-dan 14-dək Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçılarına müraciət edib. AzərTAC bu barədə Özbəkistan mediasına istinadla xəbər verir.
Özbəkistan Prezidentinin müraciətində deyilir: “Azərbaycan Mədəniyyəti Günləri qardaş Azərbaycan torpağında keçirilən Özbəkistan Mədəniyyəti Günlərinin məntiqi davamıdır”.
Şavkat Mirziyoyev əmin olduğunu bildirib ki, özbək xalqı qardaş Azərbaycan xalqının qədim və zəngin mədəniyyəti, incəsənəti, ədəbiyyatı, milli adət-ənənələri və dəyərləri, Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçıları isə Yeni Özbəkistanda gedən dəyişikliklər, həmçinin onun tarixi və mədəni xüsusiyyətləri ilə yaxından tanış ola biləcəklər.
Qeyd edək ki, iyunun 12-də Özbəkistanın Təsviri İncəsənət Qalereyasında “Azərbaycan milli irsi sənət incilərində” adlı sərgi təşkil olunacaq. Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunda Azərbaycan Dövlət “Yuğ” Teatrının “Mən mənəm” tamaşası nümayiş olunacaq.
Həmin gün özbək sənətsevərlər dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasına tamaşa edəcəklər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu dünya şöhrətli əsəri Əlişir Nəvai adına Dövlət Akademik Teatrında təqdim edəcək.
İyunun 13-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin “Qılınc və qələm” kitabının təqdimat mərasimi keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(12.06.2024)
“Sabahı qucub gedirəm…” - ŞEİRLƏR
“Ədəbiyyat və incəsənət” portalı Təranə Turan Rəhimlinin yeni şeirlərini təqdim edir.
ÖMÜR BELƏ YAŞANAR
İşıq qadın – Qənirə xanımın əziz xatirəsinə
Dünyaya Haqq yolunda
İşıq olmağa gəldin.
Hamını elə sevdin
Səni doğması bildi.
Qolların hey uzandı
Hər ürəyi qucmağa.
Əlin qonan çiyinə
Qanad taxdın uçmağa.
Ümid çırağı oldun
Gözünə dəyən gözə.
Köksünə sığmır deyə
Könlünü verdin sözə.
Allahın lütfü idin
Bu millətə, bu yurda.
Haray saldın aləmə
Vətən qalanda darda.
Səndən öyrəndi çoxu
Mərhəməti, ülfəti.
Təmənnasız sevməyi,
Kimsəsizə hörməti.
Dərdliyə əl uzadan,
Güc verən, İşıq Qadın.
Sevgisi, eşqi başqa,
Allaha aşiq qadın.
Şəhid analarının
Təsəllisi, dayağı,
Ayağının altında
Açıldı cənnət bağı.
Yol aldın uzaqlara,
Turan ağlayıb bitdi.
Utandırdın əcəli,
Elə dəyərlə getdin.
Həyatınla göstərdin
Şərəf necə daşınar.
Ölümünlə dərs verdin:
Ömür belə yaşanar
AD GÜNÜ BİR ADDIM DAHA
ÖLÜMƏ YAXINLAŞMAQDI
Həyat – heçdən, yoxluqdan
Var olmağa gəlməkdi.
Ölüm – həyatda nə varsa
Son anda qədrin bilməkdi.
Ömür – hara getdiyini
Bildiyin yola çıxmaqdı.
Yol – qalaq-qalaq arzuyla
Yazıq ürəyi sıxmaqdı.
Sevgi – qəlbin hasarından
Yaxın bir qəlbə aşmaqdı.
Ad günü – bir addım daha
Ölümə yaxınlaşmaqdı.
ŞAİRLƏR
Adil Mirseyidi itirdik...
Min il özünə yol gəlir
Özünü bilənə kimi.
Yüz kərə dirilib ölür
Əcəli gələnə kimi.
Hörümçək kimi tor qurur,
Torunu içinə yığır.
Nə dərd var sinəyə çəkir,
Tüstülənib şeir çıxır.
Dağnan, bulaqnan dərdləşir,
Sıxır qayanın əlini.
Daşa danışmaq öyrədir,
Bilmir kor bəxtin dilini.
Allahın gözü üstündə,
Qəlbində Allah işığı.
Qocaldır, böyütmür Allah
İçindəki saf uşağı.
Sözündən asılıb ölür,
Qoymur sözü boğulmağa.
Bezib köhnəlmiş ömürdən
Ölür təzə doğulmağa.
ÖMÜR SÜRƏT QATARIDI
Allah, məni kimdi qovan?
Kim bu nəfəsimi kəsən?
Ömrü kimdi tələsdirən?
Kimdi içimdə tələsən?
İllər sürət qatarıdı,
Ay başlayan kimi bitir.
Həftələr hey itələşir,
Günlər qovhaqovda itir.
Gecə-gündüz gözgörəti
Zaman mənə savaş açır.
Saniyəylə yarışıram,
Saatlar əlimdən qaçır.
Xatirəyə hopur anlar,
Hər şey dönüb keçmiş olur.
Tələsik açılır səhər,
Tez-tələsik vədə dolur.
İş-güc caynağına alıb
Ley kimi aparır məni.
Özümə qıymadığım vaxt
Özümdən qoparır məni.
Bu günüm tez dünən olur,
Sabahı qucub gedirəm.
Mən həyatı yaşamıram,
Üstündən uçub gedirəm.
“Ədəbiyyat və incəsənət”
(12.06.2024)
Bu dünyadan olmayan adam - İSA MUĞANNANIN DOĞUM GÜNÜNƏ
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Aprelin 1-də, 2014-cü ilin mülayim yaz günündə o dünyadan köçdü. 85 yaşında. 1 aprel bizlərdə aldatma günü kimi qeyd edilir, odur ki, çoxu bu xəbərə inanmadı.
1928-ci ilin 12 iyununda isə o, dünyaya gəlmişdi. İsti yay günündə, Azərbaycana böyük ədiblər bəxş etmiş Qazax mahalında, Muğanlı kəndində.
Söhbət Azərbaycanın Xalq Yazıçısı, ədəbiyyatımızın qızıl fonduna “Məhşər” və “İdeal” kimi romanlar bəxş etmiş İsa Muğannadan gedir.
Ömrünün son dönəmlərində xəstə idi, əlifba dəyişildiyindən bütün ədəbi irsinin kiril əlifbasında qalmasının xiffətini eləyirdi, yazıb yaratmaq istəyir, amma nəşr və çap prosesinin ağırlığının qorxusunu yaşayırdı. Belə bir dönəmdə “Hədəf” nəşriyyatının qurucusu, gözəl ziyalımız, ictimai xadimimiz Şəmil Sadiq dahi yazıçının köməyinə tələsdi, onun kitablarının nəşrini öz boynuna götürdü. “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” adlı monoqrafiya isə Şəmil Sadiqin İsa Muğanna şəxsiyyətinə hörmətinin bir təzahürü oldu. Bu, yazıçıya həsr edilmiş ilk irihəcmli elmi əsəsr kimi tarixə düşdü.
Bəli, bu gün böyük yazıçının anadan olmasının 96-cı ildönümüdür.
İsa Muğanna Muğanlı kənd məktəbində dərs deyən Mustafa Hüseynovun ailəsində dünyaya gəlib. Uşaqlıqdan yazı-pozuya həvəs göstərib.
Orta məktəbi bitirdikdən sonra, onda 1945-ci il idi, Tibb İnstitutuna daxil olsa da 4 ay sonra kəndə qayıdıb. Özünü bu sahədə görməyib. Sonradan qəlbinin səsi ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Ədəbiyyat sevgisini rəsmiləşdirib. O dövrdə SSRİ-nin gənc şair və yazıçılarından ən istedadlıları Moskvaya, Qorki adına Ədəbiyyat İnstitutuna göndərilirdi. İsa da seçilmişlətdən olub, 1952-ci ildə oxuyub oranı bitirib.
Bakıya döndükdən sonra Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952–1954), "Literaturnıy Azəerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri (1960–1964), “Azərbaycanfilm” kinostudiyasında baş redaktor (1964–1968), redaktor (1968–1974), Ssenari şurası üzvü (1974–1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.
1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub.
Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" , "Tütək səsi" , "Nizami" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.
İsa Muğanna 1976-cı ildə Əməkdar İncəsənət xadimi fəxri adına, 1978-ci ildə “Şərəf nişanı” ordeninə, 1988-ci ildə Xalq yazıçısı fəxri adına, 1998-ci ildə İstiqlal ordeninə, 2002-ci ildən Azərbaycan Prezidentinin Fərdi Təqaüdünə layiq görülmüşdür.
Şəmil Sadiq demiş, “… bu möcüzəli yazarın mistik, magik həyatı maraqlı olduğu qədər, yaradıcılığı da maraqlıdır. “Məhşər” romanından sonra yeni bir yaradıcılq yolu başlayan sənətkar ədəbiyyatımızda iki ayrı düşüncəli, üslublu, fərqli baxış sərgiləyən iki yazarı bir bədəndə yaşatdı. Amma birini qəddarcasına öldürüb, ikincisinə ilahi nəfəs verdi. Birinci yazarın – Hüseynovun yaradıcılığı nə qədər çox oxunsa da, təhlil edilsə də, danışılsa da, ikinci yazarın - Muğannanın “İdeal”dan sonra yazdığı əsərlərin tarixi, yazılma və çap olunma dövrləri, çapdakı maneələr və müəllifin əsərlərinə dönə-dönə qayıtmasının səbəbləri, İsa Muğannanın bir postmodernist və magik realizmin banisi, yeni ideoloji konsepsiyanın yaradıcısı kimi parlaması, dinə olan yeni baxışı, romanlarının poetikası daha önəmli oldu.”
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(12.06.2024)
“ASAN xidmət”in təşkilatçılığı ilə Azərbaycan-BƏƏ nazirlərinin Forumu keçirilir
11 iyun 2024-cü il tarixində Bakıda Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumu işə başlayıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və BƏƏ-nin Kabinet İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılır. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun icrası çərçivəsində baş tutan forumda Əmirliklərin müxtəlif sahələr üzrə 30-a yaxın, o cümlədən ölkəmizin yüksək vəzifəli rəsmiləri iştirak edirlər.
Məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyalar və texnologiyaların təşviqi, qlobal cəmiyyət üçün sağlamlıq sistemlərinin inkişafı, iqtisadi dirçəlişi sürətləndirmək üçün müvafiq çərçivə və siyasətlərin müəyyən edilməsidir. Həmçinin təhsil və sosial rifah sahəsində əldə olunmuş yeni naliyyətlərin, habelə ölkəmizin COP29 tədbirinə ev sahibliyi ilə əlaqədar ətraf mühit və yaşıl enerji kimi mövzularla bağlı ən son tendensiyaların müzakirəsi əsas hədəflərdir.
Öncə Azərbaycan-BƏƏ əməkdaşlığına həsr edilmiş videoçarx nümayiş etdirilib.
Ardınca Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BƏƏ-nin hökumətin inkişafı və gələcək üzrə dövlət naziri Ohud Al Rumi açılış nitqi ilə çıxış ediblər.
Sonra Azərbaycan və BƏƏ hökümətinin müxtəlif sahələr üzrə dövlət rəsmilərinin çıxışları və təqdimatları baş tutub. Bu çərçivədə hər iki ölkənin müvafiq sahələr üzrə əldə etdiyi qabaqcıl təcrübələr təqdim olunub.
Forumun ikinci günündə qeyd olunan mövzular üzrə müzakirələrin davamı əsasında paralel sessiyaların təşkili nəzərdə tutulur.
Xatırladaq ki, 28 noyabr 2022-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.
Anlaşma Memorandumuna əsasən, “ASAN xidmət” təcrübəsinin Birləşmiş Ərəb Əmirlikləri ilə paylaşılması, dövlət xidmətləri, müvafiq sahə üzrə potensialın artırılması, xidmətdə mükəmməllik, könüllülük təcrübəsi sahəsində bilik və qabaqcıl təcrübələrin mübadiləsi, eləcə də BƏƏ-nin Kabinet İşləri Nazirliyi tərəfindən idarə olunan “Hökumət Akselerasiya Proqramı”nın Azərbaycan tərəfi ilə paylaşılması nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(12.06.2024)