Azərbaycan Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olunur

Türk Animasiya Assosiasiyası (ATA) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) müştərək stendlə dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olunur.

 

Festivalın təşkilatçıları AzərTAC-a bildiriblər ki, stenddə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin animasiya məhsulları, layihələri, assosiasiyaları və festivalları təqdim olunacaq.

 

Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkmənistanın Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə kreativ sənayenin inkişafı üzrə “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində həyata keçirilir.

 

“Animation of Turkic Countries 2024” (Türk Dövlətlərinin Animasiyası-2024) kataloqu da stenddə nümayiş olunan məhsullar sırasındadır. Kataloqa daxil olan 90-dan çox layihədən 50-si kataloqun şərtlərinə uyğun hesab edilib, onlardan 5-i hazırlıq mərhələsində olan tammetrajlı filmlər, 11-i hazırlıq mərhələsində olan qısametrajlı filmlər, 8-i hazırlıq mərhələsində olan seriallar, 14-ü yayımlanmış qısametrajlı filmlər, 12-si yayımlanmış seriallardır.

 

Ölkəmizi Annecy Festivalında Azərbaycan Animasiya Assosiasiyasının üzvləri Elçin Hami Axundov, Nəzrin Ağamalıyeva, Oqtay Yusibov, Rəşid Ağamalıyev və Şahin Əliyev təmsil edir.

 

Annecy festivalında, həmçinin animasiya rejissoru Rəvan Muradov (Crambone Inventive League) da iştirak edir. Onun festivalda iştirakı 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “The Half – “Birdən ölsək” filmi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanması sayəsində mümkün olub.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.