Bu dünyadan olmayan adam - İSA MUĞANNANIN DOĞUM GÜNÜNƏ Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Aprelin 1-də, 2014-cü ilin mülayim yaz günündə o dünyadan köçdü. 85 yaşında. 1 aprel bizlərdə aldatma günü kimi qeyd edilir, odur ki, çoxu bu xəbərə inanmadı. 

1928-ci ilin 12 iyununda isə o, dünyaya gəlmişdi. İsti yay günündə, Azərbaycana böyük ədiblər bəxş etmiş Qazax mahalında, Muğanlı kəndində. 

 

Söhbət Azərbaycanın Xalq Yazıçısı, ədəbiyyatımızın qızıl fonduna “Məhşər” və “İdeal” kimi romanlar bəxş etmiş İsa Muğannadan gedir. 

Ömrünün son dönəmlərində xəstə idi, əlifba dəyişildiyindən bütün ədəbi irsinin kiril əlifbasında qalmasının xiffətini eləyirdi, yazıb yaratmaq istəyir, amma nəşr və çap prosesinin ağırlığının qorxusunu yaşayırdı. Belə bir dönəmdə “Hədəf” nəşriyyatının qurucusu, gözəl ziyalımız, ictimai xadimimiz Şəmil Sadiq dahi yazıçının köməyinə tələsdi, onun kitablarının nəşrini öz boynuna götürdü. “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” adlı monoqrafiya isə Şəmil Sadiqin İsa Muğanna şəxsiyyətinə hörmətinin bir təzahürü oldu. Bu, yazıçıya həsr edilmiş ilk irihəcmli elmi əsəsr kimi tarixə düşdü. 

 

Bəli, bu gün böyük yazıçının anadan olmasının 96-cı ildönümüdür. 

İsa Muğanna Muğanlı kənd məktəbində dərs deyən Mustafa Hüseynovun ailəsində dünyaya gəlib. Uşaqlıqdan yazı-pozuya həvəs göstərib. 

Orta məktəbi bitirdikdən sonra, onda 1945-ci il idi, Tibb İnstitutuna daxil olsa da 4 ay sonra kəndə qayıdıb. Özünü bu sahədə görməyib. Sonradan qəlbinin səsi ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Ədəbiyyat sevgisini rəsmiləşdirib. O dövrdə SSRİ-nin gənc şair və yazıçılarından ən istedadlıları Moskvaya, Qorki adına Ədəbiyyat İnstitutuna göndərilirdi. İsa da seçilmişlətdən olub, 1952-ci ildə oxuyub oranı bitirib.

Bakıya döndükdən sonra Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952–1954), "Literaturnıy Azəerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri (1960–1964), “Azərbaycanfilm” kinostudiyasında baş redaktor (1964–1968), redaktor (1968–1974), Ssenari şurası üzvü (1974–1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.

1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. 

Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" , "Tütək səsi" , "Nizami" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.

İsa Muğanna 1976-cı ildə Əməkdar İncəsənət xadimi fəxri adına, 1978-ci ildə “Şərəf nişanı” ordeninə, 1988-ci ildə Xalq yazıçısı fəxri adına, 1998-ci ildə İstiqlal ordeninə, 2002-ci ildən Azərbaycan Prezidentinin Fərdi Təqaüdünə layiq görülmüşdür. 

 

Şəmil Sadiq demiş, “… bu möcüzəli yazarın mistik, magik həyatı maraqlı olduğu qədər, yaradıcılığı da maraqlıdır. “Məhşər” romanından sonra yeni bir yaradıcılq yolu başlayan sənətkar ədəbiyyatımızda iki ayrı düşüncəli, üslublu, fərqli baxış sərgiləyən iki yazarı bir bədəndə yaşatdı. Amma birini qəddarcasına öldürüb, ikincisinə ilahi nəfəs verdi. Birinci yazarın – Hüseynovun yaradıcılığı nə qədər çox oxunsa da, təhlil edilsə də, danışılsa da, ikinci yazarın - Muğannanın “İdeal”dan sonra yazdığı əsərlərin tarixi, yazılma və çap olunma dövrləri, çapdakı maneələr və müəllifin əsərlərinə dönə-dönə qayıtmasının səbəbləri, İsa Muğannanın bir postmodernist və magik realizmin banisi, yeni ideoloji konsepsiyanın yaradıcısı kimi parlaması, dinə olan yeni baxışı, romanlarının poetikası daha önəmli oldu.”

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.