Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iyunun 10-dan 14-dək Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçılarına müraciət edib. AzərTAC bu barədə Özbəkistan mediasına istinadla xəbər verir.
Özbəkistan Prezidentinin müraciətində deyilir: “Azərbaycan Mədəniyyəti Günləri qardaş Azərbaycan torpağında keçirilən Özbəkistan Mədəniyyəti Günlərinin məntiqi davamıdır”.
Şavkat Mirziyoyev əmin olduğunu bildirib ki, özbək xalqı qardaş Azərbaycan xalqının qədim və zəngin mədəniyyəti, incəsənəti, ədəbiyyatı, milli adət-ənənələri və dəyərləri, Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçıları isə Yeni Özbəkistanda gedən dəyişikliklər, həmçinin onun tarixi və mədəni xüsusiyyətləri ilə yaxından tanış ola biləcəklər.
Qeyd edək ki, iyunun 12-də Özbəkistanın Təsviri İncəsənət Qalereyasında “Azərbaycan milli irsi sənət incilərində” adlı sərgi təşkil olunacaq. Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunda Azərbaycan Dövlət “Yuğ” Teatrının “Mən mənəm” tamaşası nümayiş olunacaq.
Həmin gün özbək sənətsevərlər dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasına tamaşa edəcəklər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu dünya şöhrətli əsəri Əlişir Nəvai adına Dövlət Akademik Teatrında təqdim edəcək.
İyunun 13-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin “Qılınc və qələm” kitabının təqdimat mərasimi keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(12.06.2024)