Komitə sədri araşdırmaçı yazarın yubileyini təbrik edib

 

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist

Dos.Dr. Sadiq Qarayevi 50 illik yubileyi ilə bağlı təbrik edib.

“Ədəbiyyat və incəsənət” portalı təbrik məktubunu təqdim edir:

 

“Hörmətli Sadiq müəllim,

Sizi 50 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, elmi, ədəbi yaradıcılıqda və ictimai fəaliyyətdə yeni uğurlar diləyirəm!

 

Siz bir yazar, araşdırmaçı, alim və ictimai xadim olaraq fəal vətəndaşlıq mövqeyi ilə seçilirsiniz. Ədəbi uğurlarınıza görə Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, habelə Mədəniyyət Nazirliyinin “Şans” mükafatı laureatı olmusunuz.

 

“Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, ““N” saylı qəhrəmanlıq” adlı irihəcmli elmi-fəlsəfi, tarixi romanların, eləcə də, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlar”, “Azərbaycançılıq məfkurəsi” kitablarının, yerli və xarici mətbuatda dərc olunmuş 60-a yaxın elmi məqalənin müəllifisiniz.

 

“Sahilsiz təzadlar” romanınızda şəxsiyyətin özünütəsdiqi, toplum və təbiət hadisələrinin qarşılıqlı bağlantısı, bəşəri qayğılar fonunda milli dəyərlərin qorunması, zənginləşdirilməsi və vətəncanlılıq hadisələri dolğun təsvir edilib.

 

“Sahibsiz kölgələr” romanınızda “Orbitlər və universal mövcudluq nəzəriyyələri” adlı elmi ideyaların müddəaları obrazlı vasitələrlə oxucuya çatdırılır.

 

““N” saylı qəhrəmanlıq” romanınız tarixi Zəfərimizə həsr edilmiş ilk elmi-fəlsəfi, sənədli-publisist, tarixi əsərlərdən biridir.

 

Ədəbiyyatşünasların da vurğuladığı kimi, siz müstəqillik dövrü Azərbaycan ədəbiyyatında elmi idrakla bədii təfəkkürün birliyi əsasında yazılmış romanlarınızla seçilirsiniz.

 

Sizi yaradıcılıq uğurlarınız və əlamətdar yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.