“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün Misir Mərdanovun və Ədalət Tahirzadənin “Vəkilov Həsənalısultan bəy Məhəmməd bəy oğlu” məqaləsi təqdim edilir.
VƏKİLOV HƏSƏNALISULTAN BƏY MƏHƏMMƏD BƏY OĞLU
(1887, Çivə k./Şərur-Dərələyəz q.-1968)
Atası: Məhəmməd bəy Vəkilov Həsənalı sultan oğlu
Anası: Şirinxanım Səfiyeva (rəssam İbrahim Səfi və Əbdürrəhman bəy Düdənginskinin yaxın qohumudur).
Həsənalısultan bəyhaqqında geniş bilgi və bəlgələri 2011-ci ildə bizə onun əmisi nəvəsi, hüquqşünas Səməd bəy Vəkilov təqdim edib. Aşağıda oxuyacağınız bütün materialın qaynağı Səməd bəydəndir (yalnız Xarkov Universitetindəki təhsili və mühacirətdəki siyasi fəaliyyəti haqqında bilgiləri özümüz müəyyənləşdirmişik).
Xarkov imperator Universiteti tələbələrinin 1912-1913-cü tədris ilinə aid siyahısının 35-ci səhifəsində 474-cü yerdə "Vəkilov Həsən-Əli Sultan-bəy" adını oxuyuruq. Orada haqqında bu bilgilər var: hüquq fakültəsinin 7-ci semestrinin (4-cü kurs) tələbəsidir; müsəlmandır; bəydir; 1888-ci il doğumludur; İrəvan gimnaziyasını bitirib; Universitetə 1909-cu ildə daxil olub. Sonrakı hüquqşünas fəaliyyəti onun universitet bitirdiyinə şübhə yeri qoymur.
Həsənalısultan bəyəsasən Tiflisdə yaşayıb. 1920-ci ildə aldığı pasportunda onun Gürcüstan vətəndaşı olduğu qeyd edilib. Tiflisdə Mariya adlı gürcü qızı ilə ailə qurub.
1920-ci ilin aprelində Rusiya Azərbaycan Cümhuriyyətini devirsə də, Gürcüstanda hələ milli hakimiyyət davam edirdi, ancaq Vəkilov tezliklə bu ölkənin də əsarət altına düşəcəyini güman etdiyinə görə Türkiyəyə mühacirət etməyi qərarlaşdırıb. Bu məqsədlə 30 sentyabr 1920-ci ildə Vladiqafqaz şəhərindəki Gürcüstanın Tersk-Dağıstan vilayəti konsulluğundan 4548/2841 saylı pasport alıb. Sənəd 1921-ci ilin 30 martınadək qüvvədə olub. Doğrudur, pasportda ailəli olduğu və 23 yaşlı arvadı Mariyanın da onunla birgə olduğu qeyd edilib, ancaq qohumlarının bildirdiyinə görə, Mariya xanım onunla Türkiyəyə getməkdən imtina edib.
Vəkilov Türkiyədə yenidən evlənib. Bu dəfə Krım türklərindən olan Safiyə xanım’la dünya evinə girib.
Onun Türkiyədəki həyatı haqqında bilgilər çox azdır. Yalnız Ramiz Abutalıbov və Giorgi Mamulianın araşdırmalarından bəlli olur ki, Həsənalısultan (Sultan) bəy qardaş ölkədə siyasi mühacir kimi fəaliyyət göstərib. Özü də o, Məhəmmədəmin Rəsulzadə cinahına qarşı mövqedə dayanıb və Parisdəki Azərbaycan Heyəti-Mürəxxəsəsinin (tam səlahiyyətli Nümayəndə Heyətinin) sədri Əlimərdan bəy Topçubaşı ilə eyni mövqedən çıxış edib. Məsələn, Azərbaycanlıların Partiyasızlar Qrupu nümayəndələrinin 28 sentyabr 1927-ci ildə İstanbuldan Əlimərdan bəyə göndərdiyi məktubu Qrupun qurucularından Hüseynqulu xan Xoyski (polkovnik), şahzadə Xosrov Mirzə Qacar (polkovnik), Lütfəli bəy Əmircanov, Zilli bəy Şamxorlu, Mahmud bəyZeynalov (polkovnik), Məhəmməd bəy Məhəmmədov (aqronom), Heydər Əliyev, Əliəkbər bəy Şamxorlu (hüquqçu) ilə yanaşı, "hüquqçu, prokuror yoldaşı"[Həsənəli]sultan bəy Vəkilovda imzalayıb. Məktuba qol çəkən bu şəxslər Heyəti-Mürəxxəsəyə bildiriblər ki, İstanbulda yaranmış Azərbaycanlıların Partiyasızlar Qrupu Əlimərdan bəyin başçılıq etdiyi Azərbaycan Nümayəndə Heyətini xaricdə Azərbaycan Cümhuriyyəti adından danışmaq səlahiyyətli yeganə qurum kimi tanıyır və "məsuliyyətsiz şəxslərin, yaxud qrupların" başqa cür çıxışlarını saymır. Onlar "məsuliyyətsiz şəxslər, yaxud qruplar" dedikdə ilk növbədə Məhəmmədəmin Rəsulzadəni və Müsavat Partiyasını nəzərdə tuturdular. Məktubun sonunda Qrupun qurucuları Heyəti-Mürəxxəsə sədrinin keçmişdə və indiki fəaliyyətini yüksək dəyərləndirib.
Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Birləşmiş Dövlət Siyasi İdarəsinin Xüsusi Şöbəsi 21 dekabr 1927-ci ildə hazırladığı "tamamilə məxfi" qrifli məlumatında Müsavat Partiyası Xarici Bürosu ilə Parisdəki Azərbaycan Nümayəndə Heyəti arasında 1 dekabr 1927-ci ildəki münaqişəyə və İstanbuldakı Azərbaycanlıların Partiyasızlar Qrupunun bu zaman tutduğu mövqeyi açıqlayarkən bildirib ki, Partiyasızlar Qrupu üçün Əlimərdan bəydən Həsənalısultan Vəkilovun və Əliəkbər bəy Şamxorlu’nun adına 19 noyabrda məktublar gəlib. Bu məktublarda o xəbər verib ki, satılmış neftli sahələr üçün düşən pul payını Nümayəndə Heyətinin almasına imkan verməməkdən ötrü müsavatçılar Neft Sənayeçiləri Birliyinə məktub yazıblar ki, Heyət səlahiyyətlərindən məhrum edilib və onlara bir daha pul ödənilərsə, gələcək "Azərbaycan milli hökuməti" bu satış aktını tanımayacaq. Topçubaşov bunu da yazıb ki, ancaq müsavatçıların gözlədikləri olmayıb – neft şirkəti yalnız Nümayəndə Heyətini tanıyır.
Vəkilov Azərbaycan Milli Mərkəzində də yaranmış Topçubaşı-Rəsulzadə qütbündə Topçubaşının tərəfində dayanıb və burada yenə Partiyasızlar Qrupunu təmsil edib. 14 dekabr 1928-ci ildə onun adı önəmli bir yığıncağın qəbul etdiyi qətnamədə də keçir. Həmin qətnaməni bu nümayəndələr qəbul edib: Müsavat Partiyasının müstəqil təşkilat kimi ayrılmış hissəsindən Xəlil bəy Xasməhəmmədli, Şəfi bəy Rüstəmbəyli, Məhəmmədsadıq Axundzadə (Aran), Həsən Fəttahlı, Musa Rəfizadə, Milli Demokratik Partiyadan Xosrov bəy Sultanzadə, Azərbaycan Partiyasızlar Qrupundan Əbdüləli bəy Əmircanov, Əliəkbər bəy Şamxorlu, Mahmud bəy Zeynalov, Xosrov Mirzə Qacar və Həsənalısultan bəy Vəkilov.
Bütün bunlar Vəkilovun 1920-ci illər boyunca İstanbulda siyasi mühitdə fəallıq göstərdiyini sübut edir.
Qohumlarının bildirdiyinə görə, Həsənalısultan bəyin özəlliklə Şəfi bəy Rüstəmbəyli ilə yaxın münasibətləri olub. Hətta onların şərikli ticarətinin mövcudluğu haqqında da fikirlər var.
1930-cu illərin başlarında Rüstəmbəyli ilə Rəsulzadə arasında kəskin münasibətlər yarandığı, ortaya qarşılıqlı ittihamlarla dolu kitablar qoyulduğu zaman Şəfi bəy aralarındakı mübahisəni həll etmək üçün müstəqil hüquqşünas kimi Həsənalısultan bəyi vicdan məhkəməsinin hakimliyinə namizədlərdən biri kimi təklif edib.
Bizə dəqiq bəlli olmayan bir tarixdə Vəkilov həyat yoldaşı Safiyə xanımla birgə Fransanın paytaxtı Paris şəhərinə köçüb. Burada 1932-ci ildə onların qızı Leyla Vəkilli dünyaya gəlib.
Qaynaqlar: Səməd Vəkilovun 2011-ci ildə bizə verdiyi bəlgə və bilgilər; Mamulia Giorgi, Abutalıbov Ramiz. "Odlar yurdu azadlıq və müstəqillik uğrunda mübarizədə. Azərbaycan mühacirətinin siyasi tarixi" (1920-1945), Bakı: "TEAS Press", 2015, s. 258; Список студентов императорского Харьковского Университета на 1912-1913 академический год. Харьков: Типография "Печатное Дело" Конторская, Клещевский пер., № 3, 1913, s. 35; За свободу и независимость Кавказа. Прометеевское движение в секретных документах и материалах участников, наблюдателей и противников. Составители, предисловие, перевод и примечания Г.Мамулиа и Р.Абуталыбова. Баку: "JekoPrint", 2020, s. 427.
“Ədəbiyyat və incəsənət”
(13.06.2024)