Milli Xalça Muzeyində “Müxtəlifliyin gözəlliyi” adlı sərgi açılacaq

Bu gün - iyunun 13-də ölkəmizdə ilk dəfə Azərbaycan Milli Xalça Muzeyində Monteneqro xalqının milli mədəni özünəməxsusluğunu, dünyagörüşünü, həyat tərzini, etnik, dini xüsusiyyətlərini təcəssüm etdirən sərgi açılacaq.

 

Xalça Muzeyinin yaydığı məlumatda bildirilir  ki, “Müxtəlifliyin gözəlliyi” adlı sərgidə fərqli mədəniyyətlərin bir-birinə qarşılıqlı təsirindən yaranan 170-dən artıq eksponat nümayiş olunacaq.

Mədəniyyət Nazirliyi, Monteneqro Mədəniyyət və Media Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Monteneqro Milli Muzeyinin təşkilatçılığı ilə reallaşacaq sərgidə qədim Balkan, Roma, Bizans, yunan və slavyan irsinin özəlliklərini əks etdirən XIX-XX əsrlərə aid ənənəvi geyimlər, aksesuarlar, zərgərlik nümunələri, silahlar nümayiş olunacaq.

Eksponatların arasında qədim Monteneqro xalqının milli kimliyinin vacib elementinə, əsas atributuna çevrilən, çoxsaylı nəbati, həndəsi, zoomorf motivlərlə bəzədilmiş rəsmi geyim dəstləri də mövcuddur.

Əsasən şəhər və kənd, xristian və müsəlman, həmçinin gündəlik və mərasim libasları kimi xarakterizə edilən geyimlər naxış elementlərinə, rənglərin harmoniyasına, biçiminə, formasına görə yüksək zövqlə hazırlanıb. Kişi geyimləri əsasən sadə, qadın geyimləri isə zəngin naxışlı və rəngarəngdir.

Sərgi iyunun 14-dən avqustun 31-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.