“Ədəbiyyat və incəsənət” portalı Salatın Əhmədlinin “Ata yurdu” hekayəsini təqdim edir.
Qızğın döyüşlər gedirdi. 60-80 nəfərlik dəstələrə bölünüb, təyin olunan istiqamətlərdə, günlərlə piyada irəli yeriyirdik. Nəhayət, Füzuli – Şuşa istiqamətində dağılmış, yerlə yeksan olunmuş kəndlərin birində axşamın düşməsini gözləməli olduq. İki tala ilə təpənin arasında xeyli düşmən qüvvələrinin olduğu barədə məlumat almışdıq. Onların çoxu bəlkə də postları, yüksəklikləri ələ keçirdiyimiz zaman qaçıb, sonralar bir yerdə birləşməyə nail olmuş düşmən qüvvələr idi. Həm də həmin qüvvələrin hələ irəlidə düşmən əlində olan ərazilərdən hərbi yardım ala biləcəyi, birləşib yenidən əks-hücuma keçəcəyi də mümkün idi.
Biz iyirmi nəfərlik qrupla onlardan 1-2 km aralıda - həmin dağılmış evlərdən bir az aralıda çökəkliklərdə uzanmışdıq, hava bəxtimizdən tutqun idi, yağış yağmasa da, havada bir rütubətlik vardı, sanki qarşıdan gələn payız mehi artıq özünü göstərməkdə idi.
Bura sübh tezdən gəlib çatmışdıq, çıxmaq qeyri-mümkün hesab edilirdi. Axşama kimi gözləmək əmri almışdıq. Dəstəmizdə Murad adlı əsgərimiz vardı, bu yerlərdən idi. Qaçqın düşəndən sonra dünyaya gəlmişdi. Onunla birlikdə çuxurda uzanmışdım.
- Bax, bu yerlər atamın ata yurdudur.
- Bilmirdim.
- Bakıda doğulsam da, nədənsə, heç oralarda buradakı kimi özümü rahat hiss etmədiyimə inanırsan?
- Əlbəttə, torpaqdı, çəkib də.
- Bax, bu quru torpaqda uzanmışam. Heç atamın belə ağlına gəlməzdi ki, bu yerlərə mənim ayağım ondan qabaq dəyəcək.
- Niyə ki?
- Elə deyirdi ki, bir az da gözləyəcəm, bu atəşkəs bir şey eləməsə, nəslin uşaqlarını yığacam, partizan dəstəsi yaradacağam, onların bu yerlərdə gününü göy əskiyə bürüyəcəyəm, məcbur olub buralardan qaçacaqlar. Ölüm kolonu buralarda gecələr başlarına od ələyəcək, gecəsi-gündüzü olmayacaq. Mən yaşamadığım yurdumda qoymayacağam erməni dığası yaşasın.
- Eləyə bilərdi?
- Niyə eləmirdi ki? Aprel döyüşlərindən sonra hər kəndə gedəndə eşidirdim, qohum-əqrəbanın əsgərlik çəkmiş uşaqlarını başına yığır, anam deyir, bu qan-xata törədəcək.
Murad gördüm ki, gülür.
- Gülürsən, – dedim,– canı yığılıbmış da boğazına. Səbri tükənibmiş də... gözlə, gözlə, ortada heç nə yox, yurd gedib, qeyrət gedib, xətir-hörmət gedib. Qınaq adamı istəyəndə qatil də edir...
- Ona gülmürəm, mənim anam...
- Nə olmuş ki, ona?
- Mənə deyirdi ki, kişi düz eləyir, vallah, mən də qoşulacağam ona.
- Qeyrətli anadır.
- Birinci Qarabağ döyüşlərində anam cəbhədə olub, tibb bacısı kimi, kəndimiz düşmənlə üzbəüz idi, hər gün atırmışlar, Xankəndi tərəfdən də Şuşaya çoxlu qüvvə yerləşdirilirmiş. Bizimkilər o vaxt ikinci dəfə döyüşə girib, Xankəndi yolunu tutmaq istəyiblər. Dayım Yunus da ordaymış... Anam bilib, girib xəstəxanaya, yığıb bir kisə dava-dərman, bint, spirt, əlinə nə keçibsə qoyub çantaya, kənddə şofer Abbas varmış, onun sınıq-salxaq maşınıyla cəbhəyə kimi gəlib. Orada deyibmiş ki, mən geri dönə bilmərəm. Baş həkim məni şikayət edib tutduracaq, dövlətin əmlakını oğurlamışam. Ha mən deyim bunları cəbhəyə aparmışam, sübut eliyənə kimi tutub saxlayacaqlar. Ondansa elə burada döyüşlərdə bir xeyri dəysin, bir şeyə yarayım, bəlkə o yolu bağladıq, qələbə də bizim oldu, onda yəqin üzə çıxacaq ki, bu qədər dava-dərmanı neyləmişəm. Dayım danışırdı ki, allahsız qızı, allahsız, mənim sözümü dinləmədi, sonra da baş elə qarışdı ki, geriyə dönməyə macal tapmadıq, bizə o qədər lazım olurdu ki, döyüş, yaralı... çoxumuz onun sayəsində sağ qaldıq... Amma belə baxanda sən anamı görməmisən, elə bir zabitəli qadın da deyil. Atam deyirdi ki, boş olanda, lazım gələndə silah da alırdı əlinə.
- Sonra noldu?
- Nolacaq, rusların arxasında durduğu erməni şərəfsizlər nəyə nail oldularsa, arada haqlarımız yeyildi, bax nəticəsi də bu... – Murad xaraba yurdu göstərdi.
- Kefini pozma, gəlmişik daha, qayıdan deyilik, əldən də verən deyilik. Torpaq bizimsə, yenə buraları əllərimizlə gülüstana çevirəcəyik.
- İnşallah, əlbəttə, atama söz vermişdim. Kəndimizin ortasında, dediyi o Lələdağın sinəsində əlimdə üçrəngli bayraq, şəklimi çəkib ona göndərəcəyəm... Amma elə ümidsiz idi ki, deyirdi, o günə yeddi qurban kəsərəm Allah yolunda.
- Denən qurbanlarını hazırlasın, biz də gəlib bir qismət dadarıq.
- İnşallah, inşallah. Bir bu müharibə bizim qələbəmizlə qurtarsın. Sizə söz verirəm. Burda bir ev tikəcəyəm, hər birinizə də bir qu tükündən yorğan-döşək düzəltdirib vurduracağam yükə. Onda gələndə belə soyuq daş-torpaq üstündə yatmarıq.
- İnşallah, Allah arzuna çatdırsın. O Həsən, Sərdar – onlar, şəhidlər ki var ha – onların adına o dağlardan bura bir bulaq çəkib gətirəcəyəm, günbəzlər tikdirəcəyəm, hamısının adlarını həkk elətdirəcəyəm.
- O bulaqlar hər yerdə olacaq, əminəm, Murad, bizim haqq işimizi xalqımız dəyərləndirəcək.
- Biz bu torpaqlara 30 ildən sonra ilk ayaq basan türk balalarıyıq... xalq bizim, dövlət bizim, torpaq bizim.
- Mən bu kəndlərin yeni memarlıq üsulu ilə tikilməsi üçün plan-prospekt hazırlayacağam. Bacım Zivər memarlıqda oxuyur, qurtarmaq üzrədir, demişəm hazırlasın. Bütün evlərin üzü də Şuşaya doğru olsun. Açılan qapılar o istiqamətə açılsın- Qarabağın günəş gözü Şuşaya.
- Mən o Şuşaya ilk girənlərdən olacağam.
- Bu hansımızın arzusu deyil?!
- Şəhid olmaqdan qorxmuram, Şuşanı görməyib ölməkdən qorxuram.
- Biz ölüm üçün yox, alım üçün bu yoldayıq, gücünə güvən. Niyyətin hara, mənzilin də ora.
- İnşallah.
Muradla ikimiz elə çökəklikdə əllərimizi irəli uzadıb, qollarımızın üstünə başımızı qoyub zamanın keçməsini gözləyirdik.
Bu zaman meşənin yaxınlığında iki qaraltı gözümə dəydi, bir-birimizə xəbər ötürdük. Onları hər kəs görmüşdü. Sonra onların sayı çoxaldı, onlar meşədən çıxıb, tarlanın böyrüylə bizdən xəbərsiz dağınıq, kəndin ortasıyla böyrümüzdən keçib getdilər. Komandir iki nəfərin onları təqib etməsi əmrini verdi:
- Toxunmayın, hara getdiklərini, nə məqsədlə getdiklərini öyrənin. Canlı dil gətirin.
- Oldu, komandir.
Komandir mənimlə Muradı göndərdi. Biz üzərimizdəki yükün bir qismini orda qoyub onların arxasıyla gedirdik. Beş-altı erməni rahatca kəndin böyründəki tozlu, artıq illərdir gediş-gəliş olmadığından ot, tikan basmış yolun o tayına keçdilər. Biz də onları təqib edirdik. Onlar bir yerə çatanda dayandılar, qəribə bir səs çıxardılar, sanki donuz kolluğa girmişdi. Sonra o donuz xorultusuna bənzər bir səs də gəldi. Həmin səs gələn tərəfdən biri çıxdı, erməni hərbçisiydi. Onlara yaxınlaşdı, Muradla mən onlara diqqət kəsilmişdik. Onlar ermənicə danışırdılar:
- Vəziyyət?
- Gözləyirik. Bir xəbər yoxdur.
- Çoxsunuz? Yanınıza yığışan var?
- Yox, qaçan çoxdur, saxlaya bilmirik.
- Neçə nəfərsiz?
- On doqquz.
- Silahınız var?
- Bir minamyotumuz var, bir də elə üstümüzdəki.
- Axşama kimi gözləyin, axşam birləşib, meşədən çıxıb, Arazboyu istiqamətdə gedəcəyik.
- Türklər o istiqamətdə olmamış olmaz.
- Onlar yəqin ki, İran–Azərbaycan sərhəddinə diqqət verəcəklər.
- Bizim vəzifəmiz?
- Bacardıqca arxada qalıb, onların dəstələrini irəli buraxıb, arxada yerləşənləri məhv etməkdir.
- Gücümüz yetəcəkmi?
- İrəli gedənlər XT-lılardır, onlar adamyeyənlərdir, onların əlimizdən aldığı postlarda yerləşdirilənlər isə adi Milli Ordunun əsgərləridir. Onları yerindəcə, göz açmamış o məsələ.
- Bu çətin olacaq, qıracaqlar bizi.
- Qıra bilməzlər. Bizdə peşəkar snayperçilər var, onlar da bir cürə adamyeyirlər – erməni xırıltıyla güldü.
- Sizdə ərzaq olmalıdı.
- Var, amma özümüzə.
- Meşədə qorxudan ocaq da yandıra bilmirik, susuzuq, ərzaqsızıq... Komandirin əmri var, bunlar götürə biləcəkləri qədər ərzaq götürsün. Onsuz da sabah səhərə burdan çıxırsınız, o tərəfdə, əmr olunan istiqamətdə hər şeylə təmin olunacağıq. Ac qalmayacağıq.
- Onda gəlin mənimlə.
Onlar erməninin arxasınca içəri keçdilər.
Murad onlara sarı baxırdı, narahat idi:
- Nə edəcəyik?
- İrəliyə, ancaq irəliyə! Baxaq görək bunlar harada yerləşib.
Onlar da ermənilərin arxasınca 50 metrə qədər irəlilədilər, orada yox oldular. Murad diqqətlə irəli, mən də ətrafa baxırdım. Az keçmədi, elə balaca təpə kimi yerdən, yaşıl yarpaqlı, balaca kolluqdan açılan qapıdan əsgərlər çiynində kisələr çıxdılar. Arxalarınca iki-üç erməni göründü. Onların yanına da yığışan erməniləri Murad dəqiq saydı.
- On doqquz.
- Xəbər verək.
Murad:
- Özümüz bunların öhdəsindən gələrik.
- Necə?
- Bilmirəm, ətraflı baxaq, yoxlayaq.
- Bəs bunlar?
- Bizimkilərə yollayaq.
- Deyirsən...
- Onları düşünürsən buraxacaqlar?
- Bunları buraxaq getsin, hələ bir...
- Sonra...
- Baxaq, görək, silah-sursat nələri var.
- Yaxşı.
Onlar geri döndülər. Mən nigaran idim. Başqa yolla dönə bilərdilər. Amma bu iki qüvvənin birləşməməsi üçün əlimizdən gələni etməliydik...
Ara sakitləşdi, biz ətrafı yoxladıq. İki əsgər aralı məsafədə gözətçiydi, qalanlar isə həmin o təpənin altındakı yeraltı sığınacağa dolmuşdu... Tam əmin olduq ki, bunlar buradadır. Muradla ikimiz gözətçiləri aradan götürüb, sığınacağın ağzına gəldik, əlimizdəki qumbaraları çəkib açdıq, qapının yerini tapıb çəkdik, açıldı, içəridə, zəif şam işığında dünyadan xəbərsiz, silahlarını yerdə qoyub yatmış donuzları gördük.
- Neynəyək?
- Gözlə.
- Fikrin?
- Sən hazır ol.
Mən ermənidən götürdüyüm silahı hazır tutmuşdum.
- Çalışaq səs çıxmasın, gedənlər duyuq düşə bilər.
- Deyirsən...
- Səs salacağam, qapıya çıxanları götürəcəyik.
Xısınlaşan səsə ermənilərdən biri içəridən:
- Kimdir?
- Mən, Artur. – Murad sən demə, aradan götürdüyü erməninin adını öyrənibmiş.
- Nə var?
- Bizi əvəz edin, üşüyürük.
- Gəlirik.
İkisi çölə çıxıb gözətçi nöqtələrinə gedərkən başının üstünü aldıq.
- On beş nəfər qaldı.
- İndi nə?
- İçəri gözyaşardıcı atacağıq.
- Sonra...
- Qapını bağlayıb, içəridə hesabımızı aparacağıq.
- Hazırsan?
- Hazıram.
Murad gözyaşardıcını içəri atdı, aləm qarışdı, içəridən çıxmaq istəyənin leşini sərdik. Biz leşləri qapının önünə dağ kimi yığmışdıq...
- On iki.
- Üçü yoxdur.
- İçəridədir. Ehtiyatlı ol, – əlimlə işarə etdim.
Dayanıb gözləməyə başladıq. Bəlkə də yarım saat gözlədik.
Muradın ermənicə getdik deməsi içəridəki üç ermənini aldadıbmış.
Biz gizlənmişdik. Onlardan biri çıxdı, ətrafa baxdı, tam arxayın oldu ki, getmişik. Sonra ikisi də çıxdı. Biri zabit idi. Gördüyümüz adamıydı.
- Kim oldu bunlar?
- Əclaflar, bizimkilər, qaçanlar, aldatdılar bizi, ərzaqları tükənibmiş, türklərdən qaçmağa yerləri olmayıb, bizi – əclaflar...
- Onlara qan udduracağam.
- Komandir, biz üç nəfər qalmışıq.
Komandir cavab verənə qədər Murad onun üstünə şığıdı, mən ilk çıxanın gicgahına zərbəni endirib o birisini tutdum.
Hər şey elə anidən oldu ki, komandirin yerə yıxılıb qalmış cəsədi, mənim qolunu qamarlayıb, əllərini, qollarını sındırıb, diz çökdürdüyüm hərbçi, gicgahından vurduğum elə ilk zərbə ilə cəhənnəmə vasil olmuşdu. Qolları sındırılmış ermənini kənara çəkdik. Dəhşətli qorxu içində yalvarırdı:
- Öldürməyin məni.
- Nəyiniz var burda?
- İki minamyot, çoxlu mərmi, qumbara, ərzaq.
- Haradadır?
- İçəridə.
- Ora niyə yığmısınız?
- Bura əvvəllər ərzaq bazasıydı, postlarımız gəlib burdan aparırdılar.
- Siz...
- Komandir buranın yerini bilirdi, onlar qoyub qaçandan sonra irəliləyə bilmədik, burda gizləndik.
Murad güldü:
- Yemək, içmək, silah, niyə qabağa gedəsiniz ki?...
- Biz əmr almışdıq, birləşməliydik, imkan gözləyirdik.
- Onlar yerləşən koordinatorun yerini bilirsənmi?
- Bilirəm.
- Xəritə var?
- Var.
- Hanı?
- İçəridə, stolun üstündədir, siz...
- Bildim, gir içəri görüm.
Biz içəri girəndə gözlərimə inanmadım. Bu böyük bir yeraltı kazarmaydı, içi dolu ərzaq, silah-sursat.
- O meşənin arasında olan qüvvələrin bu bazadan xəbəri varmı?
- Var, olmasaydı gəlməzdilər.
- Demək, birləşəcəkdiniz. İstiqamətiniz?
- Arxadakı o əlverişli postu yenidən ələ keçirmək əmri almışıq.
- O meşədəkilərin əlində nə var?
- Hərbi maşın, iki tank var, minamyot da var. Onlar əvvəldən hərbi texnikanı meşədə yerləşdirmişdilər, yüksəklik əlimizdə qalsaydı, ora göndəriləcəkdi.
- Qismət olmaz, inşallah.
Biz ərzağın yerini təsbit edib, ermənini də götürüb geri döndük, qaranlıq düşürdü...
Ora çatanda heyrət içində qaldıq. Ermənilərin ərzaq dolu kisələri dağılmış bir evin içindəki çuxurda idi.
- Necə oldu?
- Onlar dönərkən siz dönmədiniz. Dərhal başlarının üstünü aldıq, and içib aman etdilər ki, sizi görməyiblər.
-Nigaran idik.
-Başa düşdük ki, gəlişinizin gecikməsinin səbəbi var.
Ermənini göstərən komandir bizə yaxınlaşdı. Məsələni bilib, erməninin verdiyi xəritəni uzanıqlı halda yerə sərdi, diqqətli baxdı.
- Belə edirik, ərzaqları tükənibsə, gücləri də azalıb, əvvəlcə hərbi texnikalarını ələ keçirəcəyik, içərilərinə sızacağıq, bu yetimlərin paltarını geyinib, içəridə götür-qoy edib, işə başlayacağıq. Onlar azad, asudə buralarda dolaşırlarsa, demək gəlişimizdən xəbərsizdirlər. Hazır olun, o paltarları altınız geyinin və qolunun üstündəki xəttə işarə qoyun, qəfil döyüş olar, sizləri səhv salmayaq.
Altı nəfər meyidlərin paltarlarını geyindi, kisələri boşaldıb, içinə çur-çubuq doldurdu, çiyninə alıb irəlilədikcə biz də onlardan aralıda sürünə-sürünə, onların arxasınca meşəyə, ordan da düzənliyə çıxdıq. Gözümüzə inanmadıq. Tankların üstünə ağacları qırıb tökmüşdülər, lüləsi isə aydın görünürdü, iki-üç pulemyot da yarpaqlarla, ağac qol-budaqlarıyla örtülmüşdü. İki hərbi maşın düzənliyin o üzündəydi. Görünür o tərəfə gedən yol vardı və qaçaqaç düşsə, qaçıb maşınlara dolacaqdı.
Muradla mən komandirin əmrinə əsasən hərbi yük maşınlarına sarı hərəkətə keçdik. Maşınların yanında heç kim yoxuydu, yaxşı-yaxşı içini, kuzovkasını yoxladıq. Orda iki yük maşını istiqamətində hazır olduq.
Komandirin əmriylə topçu Sənanla Natiq pulemyotların arxasına keçmişdi. Bizdə bir Miri vardı, tank üçün ölürdü, əvvəlcə tankçı olmaq istəyibmiş, sonra dəyişib fikrini, ilk əsgəri xidmətdə də tankçı olmuşdu. O da tankın yanında idi...
Biz düşmənin 300-ə yaxın qüvvəsini özlərinin hərbi silahlarıyla məhv elədik. İçəridən qaçıb hərbi maşınlara doğru gələnləri də Muradla mən zərərsizləşdirdik.
Gərgin döyüş qurtaranda anladıq ki, biz dörd saatdır döyüşürük... Düşmənin əsir düşənləri də çox oldu, komandir ermənicə onlara tabe olsalar sağ qalacaqlarını bildirirdi.
Sübh açılana yaxın biz üç yaralımızla birlikdə arxadan köməyə gələn qüvvələrə sağ-salamat ələ keçirdiyimiz qənimətləri, əsirləri təhvil verdik. Oradan da ermənilərin hərbi sursatı, ərzağı olan yeri göstərdik. Həmin bazada üç saat dincəlib qalxdıq. Əmr gəlmişdi, biz Şuşa istiqamətində hərəkətə keçməliydik. Murad, dediyi kimi, ata yurdu kəndindən xeyli aralı yolla gedərkən çevrilib kəndləri istiqamətinə baxaraq: - Söz verirəm, geri dönəndə mütləq sənin içindən keçəcəyəm, öpüb qoxlayacağam səni – deyəndə səsi titrəyirdi.
“Ədəbiyyat və incəsənət”
(13.06.2024)