Dünyaşöhrətli müğənni Rəşid Behbudovun məzarı ziyarət olunub

Dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun vəfatının 35-ci ildönümündə Fəxri xiyabanda xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

 

AzərTAC xəbər verir ki, anım mərasimində görkəmli sənətkarın yaratdığı və adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, müğənninin ailə üzvləri iştirak edib.

Sənətkarın ruhuna dualar oxunub, xatirəsi dərin ehtiramla yad edilib.

Qeyd edək ki, dünyaşöhrətli müğənninin özündən sonra iz qoyduğu Mahnı Teatrı hər il anım günündə sənətkarı yad edir, Rəşid sənətini sevənlər onun məzarı önünə toplaşırlar.

Doğma vətənini hədsiz dərəcədə çox sevən müğənni 1966-cı ildə musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Mahnı Teatrını təşkil edib, bu teatrın solisti və bədii rəhbəri olub. Səhnədə olduğu 55 il ərzində Rəşid Behbudov dünyanın 100-dən çox ölkəsinə səfər edib. O, həm də milli kinomuzda bənzərsiz obrazlar yaradıb.

Məlahətli səsi ilə könülləri fəth edən Rəşid Behbudov 1915-ci ildə Tiflisdə, xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Unudulmaz ifaçı 1989-cu il iyunun 9-da Moskvada vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.