“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində söz ədəbi tənqidindir, Təranə Dəmir Əli bəy Azəri yaradıcılığına nəzər yetirir.
Söz müqəddəsdi. Ona məhəbbətlə yanaşmağı sözə öz möhürünü vuranlardan – onların çeşid-çeşid söz və fikir xəzinlərindən öyrənmişik. Öyrənmişik ki, sözə əliboş, ürəksiz toxunmaq olmaz. Toxundunsa, səndən qaçacaq. Yazarlar (əsl yazarlar) heç vaxt qələmi əlinə könülsüz almaz. Əks halda qələm də, vərəq da yiyəsindən küsər. Əsl söz də hər deyəndə qonmaz ruhuna. Axı yazarların ilham pəriləri də özləri kimi bir az dəli, bir az küsəyən, bir az nadinc, bir azca da tənbəl olur. Amma gəldisə də, getmək bilmir. Yapışır yaxandan. Məcbur edir ki, onun dediyini eşidəsən. Onun kimi görəsən, onun kimi düşünəsən. Məqsədinə çatanacan sənə dinclik, rahatlıq vermir. Ona görə də ruhu göylərdə uçan yazarlar sözdən möhkəm tutur. Söz ona, o da sözə arxa durur.
Bəzən gözümdə yazarları Tanrıya, yazıb-yaratdıqlarınısa adama bənzədirəm. Axı yazarlar da Tanrı kimi yoxdan var edəndi. Onlar da yaradırlar. Yaratdıqlarına nəfəs, can verirlər. sözün üstündə əsirlər, soyuqdan, küləkdən, yağışdan qoruyurlar. Elə Tanrı kimi...
Qələminə söykənən, həyatın sərt üzünə sözüylə duran, düşüncələrinə sahib çıxan yazarlarımızı (yaradanlarımızı) bu baxımdan ən ali kürsüyə, Tanrılıq kürsüsünə qaldırıb qoymaqda yanılmıram, məncə.
Yazılan hər şey yazarın övladıdı. Pisiylə, yaxşısıyla onundu. Yaxşı bilirlər ki, yaratdıqlarına sahib çıxmasalar, itib-batarlar ortalıqda. Sonra zərrəsi də ələ gəlməz.
...Sözdən söz tutduq bir az.
İndi isə vətənin keşiyində durduğu qədər də sözün keşiyində duran qələm dostumuz Əli bəy Azərinin yaradıcılığına keçid etmək istəyirəm .
Əli Azəri hələ kiçik yaşlarından sözə könül verənlərdəndi. Lap uşaqlıqdan Azərbaycanın müxtəlif mətbu orqanlarında məqalə və yazıları ilə oxucuların mərkəzində olub. Meyli jurnalustikaya olsa da, tale onu tamam başqa səmtə yönəldib. Ömrünü hərbiyə bağlayıb. Sözünü hərb meydanında dediyi vaxtlarda da qələmini yerə qoymayıb amma.
Bir-birindən məzmunlu nəsr əsərləri yazıb. Onun "Yurd nisgili" ,"Şah bərəsi", "Generalın yefreytor vəkili" , " Məhəbbət piyaləsində zəhər" və s. kimi irihəcmli əsərləri, həmçinin çoxsaylı hekayə və publisistik yazıları oxuculara yaxşı tanışdı. Dəfələrlə yaradıcılığı mükafatlandırılıb və müxtəlif müsabiqələrdə qalib olub. Əsərləri müxtəlif dillərə tərcümə edilib. Həm də iyirmidən çox əsərin redaktorudu. Sevdiyimiz "Xəzan" jurnalının yaradıcısı və təsisçisidi. AYB-nin ən şıltaq üzvüdü həm də.
Bir sözlə, qələm əhlinə, geniş oxucu auditoriyasına yaxşı tanış olan bir imzadı Əli bəy Azəri.
Sözünə söykənən, həqiqətin əlindən tutub işığa çıxaran, doğruları həyat amalına çevirən yazıçı üsyankar olduğu qədər də mülayim və səmimidi. Mübaliğəni sevmir və mümkün olduğu qədər də tərifdən qaçır (Heç mən də yazarı tərifləməyi sevmirəm. Ayağı yer tutar deyib ayaqyeri qoyuram bir az).
Vaxtım olduqca Əli bəyin yaradıcılığına da nəzər salıram. Ümumiyyətlə, ruhumu tərpədən yazılara biganə qalmıram. Əli bəyin qəhrəmanlarını çox vaxt elə özünə bənzədirəm. Obrazlarında çox vaxt elə müəllifin özünü görürəm. Oxuduqca adama elə gəlir ki, yazıçı özünü, yaşadıqlarını yazır. Təsvir etdiyi səhnələr canlıdı. Pafosdan və dəbdəbədən uzaq yazır, əsasən. Bəzəksiz-düzəksiz. Ümumiyyətlə, Əli bəy sadəliyi sevən yaradıcıdı. Mümkün olduğu qədər reallığı əks etdirməyə çalışır. Fikirlərini sözlə boyamır. Konkretlikdən və həqiqətlərdən yapışan yazardı. Bəlkə, bu xüsusiyyətidi onu oxucuya yaxınlaşdıran, sevdirən. Azəri hər yazısında özüdü. Sözünü uzaqdan tanıyırsan. Öz yolunu, dəst-xəttini tanıtmağı yaxşı bacarır. Zənnimcə, bu da bir uğurdu. Heç kimə bənzəməmək, özü olmağa çalışmaq hər yazara nəsib olan xüsusiyyət deyil. Ümumiyyətlə, Əli bəy Azəri maraqlı insandı. Bir az da sirli.
...Bu yaxınlarda, elə tez-tez bizi sözünün ətrafına yığan, işığına çağıran yazıçı yenicə tamamladığı povestini – "Erməni Borisov"u elektron ünvanıma göndərdi. Oxumaq, müzakirə etmək, fikir bildirməkçün (Tənqiddən də qaçan deyil). Düşüncəsinə, istedadına, qələminə bələd olduğumçün bildim ki, bu əsər də maraqlı alınıb. Yubanmadan oxumağa başladım (Həm də bu boyda işin, gücün içində). Elə ilk səhifəsindən yanılmadığımı anladım... Əsəri oxuduqca özümü hadisələrin içində hiss etdim. Düşdüm ötən əsrin burulğanlarına, girdabına. Çıxa bilmədim. Oxuduqca əsər məni özünə çəkdi… Hadisələrin bir-birilə zəncirvari bağlılığı məndə xüsusi maraq oyatdı həm də. Axı başdan-başa yaşadıqlarımızı, əzablarımızı qələmə almışdı. Bu gündən dünənə qayıtdım səhifə-səhifə. Döndüm 80-ci illərə. Ya bəlkə, ondan da əvvələ. Əzablarımıza, qorxularımıza, iztirablarımıza, yaşamaq istəyib yaşaya bilmədiklərimizə səyahət etdim… Gəncliyimiz, buxovlanan arzularımız, çiliklənmiş ümidlərimiz – hamısı təzədən varaqlandı gözümün önündə. Fikirləşdim ki, gör nə boyda çətinlikdən keçib gəlmişik. Həm də zamanı qurban verə-verə, daşdan, kəsəkdən keçə-keçə aşmışıq bu boyda dağı. Bu günümüzə şükür edə-edə fikirləşdim həm də. Əsərin qəhrəmanı Toğrulla elə ilk tanışlığımızdan saflığı, döyüşkənliyi, məğrurluğu, sadəliyi ilə Əli bəyi xatırladım. Mənə elə gəldi ki, bütün hadisələr elə yazıçının ətrafında cərəyan edir. Bir tərəfdə təmiz, saf qəlbli Azərbaycan xalqı, bir tərəfdə kreslo hərisi məmurlar, bir tərəfdə yenidənqurma və demokratiya adı altında gedən qorxunc ictimai-siyasi proseslər, hərc-mərclik, saxtakarlıq, xaos, bir tərəfdə ömür boyu bu xalqın çörəyini yeyib özünə qənim kəsilən erməni şovinizmi. Bəlli yaşımız olduğu üçün bu hadisələrin canlı şahidləri kimi təkrar yaşadım o illəri. Bir az da ağrıyla, bir az da müdrikcəsinə. Başımıza gələn bəlaların arxasında dayanan qüvvələrə söyə-söyə həm də. Əsərdəki hadisələr yerini dəyişdikcə yeni nüanslarla rastlaşdım. Yazıçı məni Bakıdan tutmuş, Yerevanacan müxtəlif hadisələrlə üz-üzə qoydu. Əsərin adı da maraqlıdı."Erməni Borisov". "Arxalı köpək qurd basar" misalı yadıma düşdü.
Əsəri oxuduqca təpədən-dırnağacan milliyyətçi olan erməni xalqının (xalq demək olarsa) məqsədlərinə çatmaqçün hansı oyunlardan çıxmasının bir daha şahidi olursan. Özü də Əli bəyin öz üslubunda. Əsərdə hadisələr elə ustalıqla və sadə dillə təsvir olunub ki, elə bilirsən heç aradan 30 ildən çox zaman keçməyib. Bizim vəzifə hərislərimizin böyük rus sevgisi, bu "sevgi"dən doğan xəyanətlər, xəyanətlərdən yaranan faciələr bir-bir adamın gözünün önündə canlanır. Qurdla quzunun bir yerdə otladığı zamanlar olsa da, üzdə "sakitçilik" hökm sürsə də, daxildə gedən çəkişmələr, hərc-mərclik, qonşuların bizə erməni münasibəti əsərdə açıq-aydın hiss olunur. Elə bil ki nəyəsə hazırlıq gedir. Toğrul suallar girdabında batır. Qonşularımızın düşmən mövqeyi, şimaldan əsən soyuq küləklərin ölkəmizə təsiri və qaraguruhçuların yalançı hay-küyü Toğrulda mübarizə əzmi yaratsa da, təkdi. Həyat yoldaşı belə onun yanında deyil. Hər vəchlə Toğrulu öz yolundan uzaqlaşdırmağa çalışır: "Bunlar sənin nəyinə lazımdı, ay Toğrul? Demokratiya aşını bişirən özü bilər necə yedirər. Sən axı kimsən? Adi bir kinematoqrafçı". Bütün bunlara baxmayaraq, Toğrulu inadından döndərə bilmir. Əslində qadın da hər şeyi anlayır, amma mübarizənin sonunun da nə ilə nəticələnəcəyini yaxşı bildiyi üçün susmağı seçir. Bir tərəfdən o da haqlıdı. Bütün bunlara baxmayaraq Toğrulu sonda meydandan uzaqlaşdırırlar. Elə sapı özümüzdən olan baltalar. Amma adama elə gəlir ki, Toğrulun mübarizəsi də kortəbiidi, pərakəndədi. Yetərincə üsyankar deyil. Ona görə də tez uduzur. Bu isə oxucunu məyus edir. Axı oxucuyçün əsərin qəhrəmanı axıracan qəhrəman qalmalıdı. Bu isə yetərincə çətindi. Ən ideal qəhrəmanın da bir zəif cəhəti olur. Toğrulun da zəif cəhəti yolu axiracan gedə bilməməsidi. Amma mənə elə gəlir ki, bu məğlubiyyətin özü də bir qalibiyyətdi. Qarşıda Toğrulu bütöv qələbə gözləyir. Fikrimcə, əsər natamamdı. Yazıçı onu bu günəcən gətirməlidi. Oxucunu intizarda qoymaq olmaz. Toğrulun sonrakı taleyi müəmmalı qalır. Məncə, onu mübarizə meydanından uzaqlaşdırmaq növbəti mübarizənin başlanması deməkdi. Axı hər şeyə üsyan edən adam belə asanlıqla məğlub ola bilməz. Əsərin qəhrəmanının mütərəqqi ideyaları bu günəcən gəlib çıxmalıdı. 80-ci ildən üzü bəri hadisələri təsvir edə-edə, başımıza gələnləri yazıçı təxəyyülünün süzgəcindən keçirə-keçirə həm də. Zənnimcə, povesti böyüdüb irihəcmli roman səviyyəsinə çatdırmaq lazımdı. Bu mənim fikrimdi, əlbəttə. Bütün bunlara çatmaqçün Əli bəyin yetərincə potensialı və sözü var. Onsuz da son söz yazarındı. Mənə isə yazıçıya bolluca oxucu sevgisi arzulamaq qalır. Uğura gedən yol məhz sevgidən başlayır. Bu sevgini qazanmaqsa elə də asan deyil. İnanıram ki, hər şeyə rəğmən, bu əsər də seviləcək. Bütün əyər-əksiyi ilə "Erməni Borisov" da bir uğurdu. Sonrasını zamanın ixtiyarına buraxaq.
“Ədəbiyyat və incəsənət”
(12.06.2024)