Oxu tar
1926-cı il. Bakının Novxanı kəndi. Azan səsi eşdilir. Molla, Məhəmməd Əmin Rəsulzadənin atası Hacı Ələkbərin evinin damından nərdivanla aşağı düşür. Rəsul, Azər əmisini qucaqlayıb birlikdə ağlayırlar. Sonra yenə də divardan xalçanı açıb ruhsuz bədənə bükürlər. Mərhumun qardaşı oğlu Məhəmmədəli uşaqlara dogma əmi kimi idi. O, altı yaşlı balaca Azərin üzündən öpüb onu sakitləşdirməyə çalışır. Oohumlar, qonşular mərhumu məsciddən birbaşa kənd qəbirstanlğına aparıb dəfn edirlər.
Azər əmisinə möhkəm sığınır:
- Əmi, bəs atam niyə gəlmədi?
Əmi:
- Oğlum, baban “Məhəmməd Əmin” - deyə-deyə bu dünyadan köçdü. İlbislər atanı vətəndən uzaqlara didərgin saldılar. İlahi, sən özün bizim məmləkətə nicat yolu göstər, onu cəhənnəm əzabından xilas et!
Azər:
- Axı, atam nə günahın sahibidir?
Məhəmmədəli:
- Atan bu ölkəni azad görmək istəyir… İnanıram ki, o, tezliklə vətənə qayıdacaq. Çünki onun qaldırdığı bayraq bizim ürəyimizə həmişəlik sancılıb.
İllər keçdi. Azərin on altı yaşı olmasına baxmayaraq heç vaxt görmədiyi atasını əvəz edən babasını hər gün xatırlayır, bir gün də olsa yaddan çıxara bilmirdi. Azər həm yaxşı şəkil çəkir, həm də tarda gözəl ifa edirdi. Bir gün qardaşı Rəsula dedi:
- Kaş babam sağ olardı, mənim necə tar çaldığımı görərdi.
Rəsul qardaşını qucaqlayıb köks ötürdü:
- Azər, babam sənin tar çalmağını görmədi, amma inanıram atam görəcək, hələ sənə “afərin oğlum” da deyəcək. Az qalıb, atam bizi öz yanına Türkiyəyə aparacaq.
Azər içəri otaqda divardan asılan tarı götürüb segah çalır. Elə bil mizrabı simlərə deyil, ürəyinin tellərinə vurub ürəyini çalır, tarı ağladır. Tarzən qəmli olanda simlər də nalə çəkir. Sanki insan kimi dil açıb, uzaqlarda olan, üzünü belə görməyən atasına olan məhəbbətindən qəmli bir hekayə nəql edir, “baba sevgisindən” danışır.
Ulduzlu fəzada görünən ay ağ buludlar altında üzürdi. Aşağıda isə həmin ayparanın işığına qərq olmuş daxmanın həyətindəki ağaclarda bir budaq da tərpənmirdi. Təkcə ağacların salxım-salxım sallanan yarpaqlarının ipək kəlağayı kimi xəfif və mülayim səsindən, incə xışıltısından başqa.
Azər tarı çaldıqca Rəsul heyrətdən donub qalmışdı. Hələ indiyənə kimi muğama belə vurulmamışdı, belə məftun olmamışdı. Bir anlıq ona gəldi ki, atası babası ilə birgə qapıda durublar. Hər ikisinin gözlərində sevinc var.
Azər tarı köksünə sıxıb gözündən yaş axa-axa çalırdı. Babalardan bizə miras qalan, tarı yasaq edənlərin acığına çalınan tarın səsi getdikcə daha da ucalırdı. Sanki tarımızı əlimizdən almaq istəyən proletarların açığına Müşfiqin “Oxu tar”ına sevinirdi. Bu “Segah”ın yaratdığı möcüzə idi!
“Ədəbiyyat və incəsənət”
(07.06.2024)