Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı iyunun növbəti uik-end-ində bizləri yenə də maraqlı səhnə əsərləri ilə sevindirəcək. Sadəcə, mobil telefondan, internetdən qopub sirli-sehirli teatr aləminə transfer olunmalıyıq.
BU GÜN, CÜMƏ
19.00.
“Kimdir müqəssir?”
(Böyük klassikimiz Əbdürrəhman bəy Haqverdiyevin dramı)
Janr: iki hissəli ilahi-komediya
Tamaşanın müddəti: I hissə - 55 dəqiqə
II hissə - 60 dəqiqə
Quruluşçu rejissor: İradə Gözəlova
Quruluşçu rəssam: Nabat Səmədova (Əməkdar artist)
Quruluşçu baletmeysterlər: Təranə Muradova (Xalq artisti) Qalina Semyonova
Baş Dirijor: Fəxrəddin Atayev (Əməkdar incəsənət xadimi)
Dünya binə olandan bəri bütün dövrlərdə ər və arvad arasında əbədi mübahisəyə səbəb olan bir mövzu var. Allahın buyruğundan çıxıb, onun qadağan etdiyi meyvədən yedikləri üçün cənnətdən qovulduqlarına görə Adəmmi günahkardı, Həvvamı? Lakin lap sonda belə bir ümumi razılığa gəlirlər ki, əgər onlar bəşəriyyətin ilk sakinlərinin yerində olsaydılar, heç biri Allahın əmrindən çıxıb, o qadağan olunmuş meyvənin dadına baxmaz, insanlığı bu günədək davam edən günahlar girdabına sürükləməzdilər. Ağa (cənab) ər və arvadın mübahisəndə hakim rolunu oynayır və onları sınağa çəkmək qərarına gəlir. Yoxsul ər-arvadı özünün zəngin evinə dəvət edir və belə bir şərt qoyur ki, əgər qonaqlar 3 saat ərzində bağlı sandığı açmağa cəhd göstərməsələr, o var-dövlətinin yarısını və sandığın içindəkiləri onlara bağışlayacaq, əks təqdirdə, nəfslərinə hakim kəsilə bilməyənlər yenə öz kasıb komalarına dönmək məcburiyyətində qalacaqlar. Ağa onları tək qoyub 3 saatlığa evi tərk edir. Qəfildən Pişik simasında birisi peyda olur və Baharı hər vəchlə yoldan çıxarmağa çalışır ki, sandığı açsın. Mahmud arvadını bu fikirdən daşındırmağa səy göstərsə də, sonda onun iradəsini qıra bilməyəcəyini başa düşüb təslim olur. Tarix təkrarlanır, sandıq açlır, orada gizlədilmiş cənnət quşu uçur. Peşmançılıq keçirən ər-arvad nə qədər çalışsalar da onu tuta bilmirlər. Ağa geri qayıdır və əməllərinin acısını yaşayan ər-arvad göz yaşı içində öz kasıb evlərinə dönməli olurlar. Lakin ulu Yaradan öz bəndələrinə rəhm edir və təssəlli olsun deyə onları övladla müjdələyir ki, nəsilləri kəsilməsin.
SABAH, ŞƏNBƏ
19.00.
“O olmasın, bu olsun”
(Dahi Üzeyir Hacıbəyovun ölməz əsəri yeni interpretasiyada)
Janr: Musiqili komediya
Dil: Azərbaycan
Tamaşanın müddəti: I hissə - 1 saat 10 dəqiqə, II hissə - 45 dəqiqə
Quruluşçu rejissor: Cənnət Səlimova (xalq artisti)
Quruluşçu dirijor: Nazim Hacıəlibəyov (əməkdar incəsənət xadimi)
Quruluşçu rəssam: İsmayıl Məmmədov (əməkdar rəssam)
Baş Dirijor: Fəxrəddin Atayev (Əməkdar incəsənət xadimi)
Azərbaycan milli operetta janrının banisi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsəri 1911-ci ildə yazılmış, müxtəlif teatr truppaları tərəfindən dəfələrlə tamaşaya qoyulmuşdur.
Operettadakı hadisələr XX əsrin əvvəllərində, qadın hüquqlarının pozulduğu, onların tacirlər, ağalar, bəylər tərəfindən istismar olunduqları dövrü əhatə edir. Əsərin qəhrəmanı tacir Məşədi İbad da belə ixtiyar sahiblərinin tipik nümayəndəsidir. Onun gənc Gülnazla evlənməyə can atması, cavan, ağıllı, yeni fikirli Sərvərlə rəqabət aparması müəllifin gülüş hədəfinə çevrilmişdir.
Əslində Məşədi İbadı bu addımı atmağa təhrik edən, təkcə varlı-dövlətli olması deyil, həm də bütün sərvətini qumarda uduzub müflisləşən Rüstəm bəyin tamahkarlığı, pula hərisliyidir. O, gənc qızını qoca kişiyə yalnız ondan daha çox pul qoparmaq naminə verməyə razılaşıb.
Əsər boyu həm Məşədi İbad, həm də onu əhatə edən fırıldaqçı və hər şeydə özü üçün xeyir güdən “ziyalı” təbəqənin iç üzü məharətlə açılır və beləliklə də cəmiyyət öz keçmişindən gülə-gülə ayrılmağa can atdığını göz önündə sərgiləyir.
Azərbaycan teatr sənəti tarixində qızıl hərflərlə yazılmış “O olmasın, bu olsun” operettasının uğurlu tamaşaları onlarla gülüş ustasının, gənc aktyor nəsillərinin inkişafında böyük rol oynamışdır.
BİRİ GÜN, BAZAR
19.00
“Bəxtiyar”
Bəxtiyar” musiqili komediyası görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ilk dəfə səhnəyə qoyulub, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyevdir. Səhnə əsəri füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşlarda silinməz izlər qoyan SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.
"Bəxtiyar" filmi 1955-ci ildə Əməkdar incəsənət xadimi Lətif Səfərovun rejissorluğu ilə çəkilib və əsərin süjet xətti ilə hamı tanışdır. Filmin səhnə variantı isə fərqli təəssüratlar yaradır. Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir. Bəxtiyar obrazını teatrın gənc və istedadlı solistləri Şaban Cəfərov, İbrahim Əlizadə, Emil Zeynallı, Saşa obrazını isə Aydan Həsənova, Mehriban Zaliyeva və Nəzrin İsmayılzadə canlandırırlar. Tamaşada teatrın tanınmış aktyorları iştirak edirlər.
İnanıram ki, reklam alındı və bir xeyli adam uik-end planlarında dəyişiklik edəcək.
Şəkildə: “O olmasın, bu olsun”un afişası
“Ədəbiyyat və incəsənət”
(07.06.2024)