Bildiyiniz kimi, “Ulduz" aylıq ədəbiyyat dərgisi və Azərbaycan Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri poeziya müsabiqəsinin qalibləri artıq bəllidir.
I yer:
Cavid Qasımov;
II yer:
Rəşad Nağı Mustafa,
Allahşükür Ağa;
III yer:
Eminquey,
Seyyidəli Sübhi,
El Roman
“Ədəbiyyat və incəsənə” portalı mükafatçıların poeziya nümunələrini təqdim edir:
III YER
EMİNQUEY
*
səhər yuxularımızdan çin çıxmır ölən adamlar...
yuxumuza elə-belə gəlmir ki gələn adamlar,
ey siz, yuxusunu suya danışıb bölən adamlar,
o sular axıb gedir,
qayıtmır.
yuxuya qoşa düşdüyün adamla qoşa düşmürsən,
kiməsə sirrini versən, yuxuda işə düşmürsən,
bir də görürsən, bir adam danışır, başa düşmürsən,
əlini sıxıb gedir,
qayıtmır.
yuxuda dirilər adam, adam yuxuda ölər də!
yuxusunu çin istəyir yuxu görən ölülər də,
hamı ölmür bu dünyada...
bilirsənmi,
ölmür,
hərdən çin çıxıb gedir,
qayıtmır.
*
həyat taleyimizi qəfil keçirtdi çarmıxdan,
sonra atamızın şəklini,
gödəkcəsini, papağını asdı
əllərimizdəki, ayaqlarımızdakı o mıxdan
sonrası,
qəfildən uşaq kimi yox,
kişi kimi oyandığın sabah olur...
atasız uşaqları incitməyin,
Allahın xətrinə dəyir,
günah olur!
əslində,
İsanın yox,
bütün atasız uşaqların atası – Allah imiş,
biz xoşbəxt olanda
Allah – baba olur...
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)