"Yaradılanı sev
Yaradandan ötəri"
Yunus Əmrə
Bu yaxınlarda Ermənistanda yaşayan, ömrünün böyük qismini Bakıda keçirən 92 yaşlı erməni qadının BBC TV-yə verdiyi müsahibəni diqqətlə izlədim.
Müsahibədə Bakıda yaşadığı illəri xatırlayan qadın maraqlı bir hadisə danışdı. Onun bildirdiyinə görə, azərbaycanlılarla ermənilər arasında mehriban münasibətlərin hökm sürdüyü sovet hakimiyyəti illərində xəstələnmiş, Bakı xəstəxanalarının birində müalicə alırmış. Palata yoldaşlarından olan bir azərbaycanlı qadın yaxınlarının gətirdiyi kətənin bərk hissəsini - qırağını özü yeyir, yumşaq hissəsini - ortasını erməniyə verirmiş. Erməni qadını izah etdi ki, onun vəziyyətinin daha ağır olduğu və kətənin bərk hissəsini dişinin kəsməyəcəyini nəzərə alan azərbaycanlı xanım belə edirmiş...
Həcmcə kiçik, mənaca böyük bir həqiqəti əks etdirən bu xatirə Azərbaycan xalqının nəcib xüsusiyyətlərindən, ən ağır anlarında belə, son tikəsini bir neçə günlük yol yoldaşı ilə paylaşmaq qabiliyyətindən, özgə-öz ayırımı etməməsindən, insanı milli mənsubiyyətinə görə yox, sadəcə, şəxs olduğu üçün sevmək üstünlüyündən xəbər verirdi. Tarixə nəzər salsaq, məhz bu bəşəri duyğular bütün türk xalqları kimi, Azərbaycan insanının da ən böyük məziyyəti olmuş, yüksəlişinə, dünyada böyük imperatorluqlar qura bilməsinə yol açmışdır. Faktlar sübut edir ki, insanlığa bu cür yüksək əxlaqi dəyərlərlə yanaşmayan, hər kəsə sevgi qucağı açmayan xalqlar böyük dövlətlər qura bilməzlər. Bir zamanlar bilinən dünyanın az qala, yarısını fəth edən babalarımız məhz bu keyfiyyətləri ilə zəmanələrinə yeni düzən gətirmiş, böyük mədəniyyətlərin yaranmasında, sülhün bərqərar olmasında mühüm rol oynamışdır. Çindən Avropaya qədər uzanan İpək yolu vasitəsilə müasir Qərbə indiki mədəniyyətinin ilk rüşeymlərini daşıyan türkün bu genişürəkliliyi, son tikəsini başqaları ilə paylaşması, özgələrin yüksək keyfiyyətini yaşatmaq və yaymaq qabiliyyəti olmuşdur.
Digər imperiyalardan fərqli olaraq, türk xalqlarının qurduğu dövlətlər yalnız başqalarını özününküləşdirməmiş, əksinə, onların mütərəqqi dəyərlərini mənimsəyərək özünü və insanlığı böyütmüşdür. Təsadüfi deyil ki, Elxanilər dövlətinin ən güclü hökmdarı Qazan xan idarə etdiyi coğrafiyaya mənsub olduğu xalqın mənəvi dəyərlərini zorla qəbul etdirmək yoluyla getməmiş, əksinə, o dövrün mütərəqqi ideyası olan İslam dinini - müsəlman sivilizasiyasını qəbul etmişdir. Halbuki onun öz dəyərlərini özgələrinə zorla qəbul etdirmək şansı vardı. Yaxud uzun illər indiki Hindistana, Pakistana, Əfqanıstana və Banqladeşə rəhbərlik edən Babur Şahın mədəniyyətlərin sinerjisini yaratmaq üçün induizmlə müsəlmanlığı birləşdirmək səyləri tarixin yaddaşına həkk olunub. Bu gün belə, bir çox dünya dövlətlərinin "mədəniyyətlərin çarpışması" ideyasını yaymaq istəməsinə, fərqli düşüncələr arasında müharibələr çıxarmağa çalışmasına baxmayaraq, türk xalqlarının hələ orta əsrlərdə mədəniyyətlərin dialoqunu qurmaq təşəbbüsləri böyük məziyyətin göstəricisidir.
Babur Şahın, Qazan xanın bu geniş təfəkkürü ilə Bakı xəstəxanasındakı azərbaycanlı qadının öz kətəsini erməni ilə bölüşməsi eyni duyğulardan nəşət tapmışdır. Atalar demişkən, kəramət gücə bağlı olduğu kimi, hər kəsin gücü çatdığı qədər ali dəyərləri yaymaq imkanının olduğunu nəzərə alsaq, Bakı xəstəxanasındakı qadının erməni ilə bölüşdüyü kətənin dəyəri Qazan xanın özgə dinini qəbul etməsi arasında heç bir fərq olmadığını anlaya bilərik. Şəxsən, mənim nəzərimcə, bu iki hadisə İlahi Ədalət tərəzisində eyni çəkiyə malikdir. Ən azı, o səbəbdən ki, hər iki əməl böyük türk şairi Yunus Əmrənin dediyi: "Yaradılanı sev Yaradandan ötəri" prinsipindən irəli gəlir.
Nə yazıq ki, bu genişürəkliliyimiz qonşularımızın xəbis liderləri tərəfindən düzgün qiymətləndirilməmiş, xalqımız böyük xəyanətlərə uğramış, nəticədə, yüzillər boyu ərsəyə gətirdiyimiz millətlərarası əmin-amanlıq pozulmuş, böyük qanların tökülməsinə, mədəni və iqtisadi tənəzzüllərə yol açılmışdır.
Sirr deyil ki, ötən əsrdə planetimizi qana bələyən iki dünya müharibəsi türk hegemoniyasının zəifləməsinin və sənaye inqilabından sonra güclənən müasir imperializmin dünyanı yenidən bölüşdürmək istəyinin nəticəsidir. Halbuki türk xaqanlıqlarının uzun əsrlər boyu dünyaya bəxş etdiyi əmin-amanlıq, sülh şəraiti Qərblə Şərq arasında mədəni-iqtisadi inteqrasiyanı təşviq etmiş, mədəniyyətlər arasında yaranan qarşılıqlı əlaqələr bəşəriyyətə, xüsusilə də, Avropaya böyük intibah gətirmişdir. Qərb alimləri də etiraf edirlər ki, indiki uğurlarının böyük qisminə görə türk xalqlarının Çindən Avropaya daşıdığı barıt, kağız, mətbəə texnologiyası və kompas kimi 4 mühüm ünsürə borcludur. Bu 4 ünsür Avropa elminin inkişafına, Amerika, Afrika, Avstraliya, Asiya kimi yeni coğrafiyaların fəthinə gətirib çıxarmış və Qərb ölkələrini dünyanın aparıcı gücünə çevirmişdir. Əvəzində, bizim qazandığımız əsarət, qanlı işğallar, əzəli torpaqlarımızdan tamamilə sürgün edilmək və s. kimi fəlakətlərlə üzləşmək olmuşdur.
Artıq 200 ildən çoxdur ki, müasir imperializminin bizlərə qarşı istifadə etdiyi əsas silahlardan biri də erməni etnik separatizmidir. Erməni kartından təkcə Azərbaycana qarşı yox, eyni şəkildə indiki Gürcüstan, Cənub-Qərbi Rusiya, Suriya kimi ölkələrlə yanaşı, bu coğrafiyalarda hökm sürən tarixi dövlətlər, o cümlədən, Qacar və Osmanlı imperiyaları əleyhinə də istifadə olunmuşdur.
Əslində bu gün üzləşdiyimiz erməni probleminin kökü də məhz İran və Türkiyə coğrafiyalarında yürüdülən etnik separatizm siyasətindən qaynaqlanmaqdadır. Müasir imperializm müstəqil dövlətçilik ənənələrinə sahib həmin ərazilərdə separatizm siyasətlərini həyata keçirə bilmək üçün əsarət altına aldıqları türk torpaqlarına erməniləri köçürmüş və İrəvan xanlığından tutmuş, Bakı, Şamaxı, Qarabağ, Naxçıvan, Lənkəran və başqa tarixi ərazilərimizə qədər bütün Azərbaycan torpaqlarına yaymağa çalışmışlar. Ermənilər öz havadarlarının yardımıyla uydurduqları yalançı "Böyük Ermənistan" ideologiyası sayəsində XIX əsrdən indiyədək bu coğrafiyalarda böyük qanlar axıdılmış, insanlar yerindən-yurdundan didərgin salınmışdır. Təkcə 20-ci yüzillikdə Azərbaycan xalqı dörd böyük köç hadisəsi - ellikcə sürgün faciəsi ilə üzləşmişdir:
1905-1907-ci illər;
1918-1920-ci illər;
1948-1953-cü illər;
1988-1992-ci illər deportasiyaları...
Kiçik aralıqlarla, 100 il boyu davam edən bu sürgün siyasətləri nəticəsində əzəli torpaqlarımız tamamilə boşaldılmış, erməniləşdirilmişdir.
Müasir imperializmin əlində silaha çevrilən qonşularımız (əslində qonaqlarımız) himayədarlarından aldıqları dəstəklə özgə torpaqlarında məskunlaşmaqla qalmamış, tarixdə nadir görülən vəhşiliklərə də imza atmışlar. Bu vəhşiliklər sayəsində bir zamanlar mədəniyyətlərin sintezini qurduğumuz və adına "milləti-sadiqə" deyərək süfrəmizin başında oturtduğumuz ermənilərin əlinə keçən coğrafiyalarda müxtəlif imperialist qüvvələrin dəstəyi ilə monoetnik dövlət quruculuğuna start verilmişdir.
Bunun ən bariz örnəyi Bakıda xəstə azərbaycanlı qadının kətəsinin yumşaq yerini yeyən bir şəxsin mənsub olduğu xalqın qədim İrəvan xanlığı ərazilərində qurduğu Ermənistan adlanan dövlətdir; təbii ki, indi əgər adına dövlət deyə biliriksə.
Sirr deyil ki, erməni vandalizmi təkcə o coğrafiyanın əsl sahibi olan Azərbaycan insanına qarşı yönəlməmiş, digər etnik qrupları və xalqları da hədəfə almışdır. Ermənistan dövlətinin əsl qurucusu olan ruslar belə, bu vəhşiliyin nəticəsində həmin əraziləri tərk etməyə məcbur olmuşlar. Nəticədə, on milyonlarla insanın şad-xürrəm yaşayacağı geniş coğrafiya bir şəhərin kiçik məhəlləsinə yetəcək qədər azsaylı əhalinin əlində iqtisadi və mədəni inkişafa tamarzı hala düşmüşdür.
Beləliklə, son hadisələri də nəzərə almaqla, deyə bilərik ki, ermənilər bölgənin iqtisadi-coğrafi potensialından yetərincə faydalanılmadığı kimi, qonşu dövlətlərin beynəlxalq layihələrindən belə yararlanmaq imkanı itirilmiş, obrazlı ifadə etsək, "tünd sirkənin öz qabını çatlatmaq" effekti baş vermişdir.
Mənim qələmə aldığım "Məşhər divanı. Yalanın 17 anı" əsəri də əslində dünyada və coğrafiyamızda yaşanan insanlığazidd əməllərin kiçik epizodlarına ani bir nəzər salmaq məqsədi daşıyır.
Kitabı kətəsinin yumşaq hissəsini bir neçə günlük xəstəxana yoldaşı ilə bölüşən böyükürəkli azərbaycanlı xanımın və erməni separatizminin zülmünə məruz qalan, yurdundan-yuvasından didərgin salınmış, milli mənsubiyyətindən asılı olmayaraq, bütün insanların əziz xatirəsinə ithaf edirəm.
Sayğılarla...
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)