Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının iyunun ilk yarısı üçün repertuarı açıqlanıb. “Ədəbiyyat və incəsənət” portalı olaraq repertuarı təqdim etməyi düşündük.
Xatırladım ki, teatrın iyun repertuarına şənbə günü “Artistin taleyi” tamaşası ilə başlanğıc verilib, dünən isə artıq premyera olub. “Kresloda əyləşən kişiyə sevgi etirafı” adlı tamaşa məşhur yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin eyniadlı pyesi əsasında səhnələşdirilib və Azərbaycanın Xalq artisti Natalya Şarovskayanın yubileyinə həsr olunub.
Əsl etiraf adlana biləcək əsər tamaşaçılara ailə münasibətlərinə daha fərqli bucaqdan baxmağa imkan yaradır və yəqin ki, onu izləyənlərin baxış bucağında müəyyən korrektələr oldu.
“Kresloda əyləşən kişiyə sevgi etirafı” kişi-qadın münasibətlərinin tükənməz fəlsəfəsi üzərində qurulmuş pyesdir. Bu monoloq ötüb keçən gənclik, soyuyan hisslər, xəyanət, inciklik, deyilməmiş sözlər, etiraf edilməmiş fikirlərin etirafıdır. Əsər, həmçinin bir ailənin ömür boyu davam edən həyat hekayəsidir.
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir. Dekorasiya üzrə rəssam Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, kostyum üzrə rəssam Azərbaycanın Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır. Musiqi tərtibatı Azərbaycanın Əməkdar mədəniyyət işçisi Vladimir Neverova, xoreoqrafiya Olqa Arsentyevaya, işıq üzrə rəssamlıq Nikolay Rudıçevə məxsusdur.
Bundan başqa, teatrın iyunun birinci yarısı üçün repertuarında “Albalı bağı” (iyunun 7-də), “Kişi, qadın, pəncərə...sevgili” (iyunun 8-də), “Əli və Nino” (iyunun 9-da), mayın 20-də premyerası olmuş “Yekaterinanın yataq otağında” (iyunun 14-də), “Qürur və qərəz” (iyunun 16-də) tamaşaları yer alıb.
“Ədəbiyyat və incəsənət”
(03.06.2024)