Azərbaycanda ilk dəfə olaraq Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Gəncə torpağının yetirməsi, əbədiyaşar Qəmbər Hüseynli adına I "Cücələrim" Uşaq Festivalını təqdim edib.
“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, festivalın sonuncu günü 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş uşaqlardan ibarət musiqi paradı baş tutub. Şəhərin mərkəzindən başlayan parad Gəncə Dövlət Filarmoniyasının önündə konsert proqramı ilə yekunlaşıb.
Konsert proqramında Gəncə şəhər 1, 2, 13 nömrəli körpələr evi-uşaq bağçasının fidanları, Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri, Mehdi Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin, Məhəmməd Füzuli adına 22 nömrəli tam orta məktəbin, İmadəddin Nəsimi adına 44 nömrəli məktəb-liseyin şagirdləri iştirak ediblər. Onlar müxtəlif rəqs və flaşmoblar nümayiş etdiriblər.
Konsert uşaqların ifasında festivalın adını daşıyan "Cücələrim" mahnısı ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(03.06.2024)