Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı Ədəbiyyatı çox sevən şair Elvin İntiqamoğludur.
-Xoş gördük, Elvin bəy.
Elmi ədəbiyyat insanları nadanlıqdan, bədii ədəbiyyat isə kobudluq və bayağılıqdan xilas edir. (N.Q.Çernışevski)
Elvin bəy, Ədəbiyyatın cəmiyyətə təsiri haqqında saatlarla danışmaq olar. Sözlər insan ovqatını dəyişmə gücünə malikdir.
Siz də sualımızı şərti olaraq qəbul edin. Elə bu an söyləsək ki: " Sevdiyin şeiri gəl mənə söylə", Elvin İntiqamoğlunun ruhu bizə hansı şeiri söyləyər?
-Salam, əziz dost. Mən, əsasən, təsirli və bitkin sujet xəttinə malik, eyni zamanda uğurlu bədii tapıntılarla zəngin olan şeirləri oxumağa və məzmununu yadda saxlamağa üstünlük verirəm. Hesab edirəm ki, müasir Azərbaycan ədəbiyyatının ünlü isimlərindən olan dəyərli xalq şairimiz Ramiz Rövşənin "Qara paltarlı qadın" şeiri sadaladığım parametrlərə cavab verən şeirlər sırasına başçılıq edir. Dəfələrlə poeziyasevər oxuculara, məndən peşəkarcasına yazılmış şeir adı istəyən tanışlarıma "Qara paltarlı qadın"ı məsləhət görmüşəm. Həmçinin qələm həmkarlarımla baş tutmuş ədəbi müzakələrimizdə də adını qeyd etdiyim şeir haqqında söhbət açmışıq.
Şeiri uzun-uzadı təhlil etmək fikrim yoxdu, çünki onunla bağlı adlı-sanlı ədəbiyyat bilicilərimiz yetəri qədər öz münasibətlərini bildiriblər.
Sonda sizin yeni rublikanıza uğurlar arzulayır, mənə də zaman ayırdığınıza görə sizə öz minnətdarlığımı bildirirəm.
Qara paltarlı qadın
(Ramiz Rövşən)
Kişilər bir olmur atam balası
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var.
Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dunyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!
Göz yaşları yuduqca baş daşını
Qəbrində qurcalanıb,deyəcəksən: İlahi
İllər boyu ağlatdığım bu qadın
Görən necə saxlayıbdır bu qədər göz yaşını?!
Bircə kərə nə saçını oxşamışam,
Nə gözünü silmişəm.
Gözlərimə batır indi saçlarının hər dəni,
İllər boyu bu qadına mən axı dərd vermişəm
İndi görən niyə çəkir dərdimi?
Bu qadın baş daşımı öpüb sığallamaqdansa,
Yumruğuyla döysə-döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.
Yeri-yeri, qara paltarlı qadın,
Kiri-kiri,qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir.
Baş daşımı bəsdir basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama…
“Ədəbiyyat və incəsənət”
(03.06.2024)