Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bir müddət əvvəl belə bir eksperiment elədim. Oxuduğum bütün informasiyalardan, kitablardan beynimdə qalanları qısa konspekt formasında kompüterin yaddaşına köçürdüm.
Eyni zamanda öz düşüncələrimi, bu və ya digər hadisənin beynimdəki inikasını, oxuduğum və eşitdiyim hər hansı informasiyaya, məqaləyə reaksiyamı da ardıcıl həmin fayla yükləməyə başladım. Çox maraqlı düşüncə və mülahizələr, faydalı məsləhətlər, qənaətlər silsiləsi əmələ gəldi.
Uğur qazanmaq yolunda bunlara riayət etməklə insanın çox böyük fayda əldə edəcəyini duydum.
Əslində, tək elə bu konspektim olduqca qalın bir kitab ola bilər. Burada nələr yoxdur. Amma bu nəhəng materialın bizim kitabın cəmi bir bölümü olacağı reallığı məni məcbur etdi ki, böyük ixtisarlar edim. Amma hansı hissələri? Başımı hey sındırdım. Hamısı bir-birindən maraqlı. Axırda əlacım ona qaldı ki, elə əvvəldən ardıcıl yazılanları kitabın bu hissəsi üçün lazım olan işarə sayı qədər götürüb dərc edim.
Beləliklə, buyurun, tanış olun. Uğur qazanmağın daha bir şərti: axmaq frazaların başınızdan çıxarılmasıdır.
***
Əyləclər avtomobilin sürətini azaltmaq və tam dayandırmaq üçündür. Heç fərqinə varmısınız ki, insanın beyninin də əyləcləri var? Bəzi frazalar var ki, insan beynini əsilcə tormozlayır. Bunları mən gündəlik həyatda həmişə hiss eləyirdim. Müvəffəqiyyətə, uğura köklənmiş fəaliyyətimizi bədbin hisslərin, düşüncələrin necə tormozladığının həmişə şahidi olmuşdum.
Bədbinlik və qətiyyətsizlik adlı nəsnələrin gətirdikləri fəsad çox böyükdür.
Devid Şvartsın «Masştablı düşünmək sənəti» kitabını oxudum və müəllifin «Beynin işini bloklayan 4 təhlükəli fraza» ümumiləşməsi ilə tanış oldum.
Beyni bloklayan bir neçə fraza var. Onlar, necə deyərlər, insanın əlini-qolunu yanına salır, beyni fəaliyyətsizliyə kodlaşdırırlar, deyirlər, daha düşünməyinə, həllər axtarmağına ehtiyac yoxdur. Qəribədir ki, insan tez-tez belə frazalardan istifadə edir, amma heç düşünmür də ki, bu necə təhlükəlidir.
Bəli, neyropsixoloqlar həyəcan təbili çalaraq insanları bu adətdən kənarlaşmağa çağırırlar. Devid Şvartsın diqqət yönəltdiyi belə məhvedici frazalardan biri budur: «Mənim heç vaxt bəxtim gətirmir». İş ondadır ki, bəxti gətirmək, əslində təsadüfi bir şey deyil. Hər hansı bəxtigətirməyə diqqətlə baxsaq, görərik ki, onun içində hazırlıq, planlaşdırma, düşüncənin müəyyən obrazı vardır ki, insanı uğura məhz bunlar gətirir. Ona görə də, özünüzdə qələbə üçün lazım olan xüsusiyyətlər formalaşdırın, özünüzü qalib kimi aparın, tezliklə mütləq sizin də bəxtiniz gətirəcək.
Söhbəti burda saxlayıb digər frazalara keçmirik ki, siz bir-bir hamısını yadda saxlayasınız.
Beləliklə, bu gün qərar qəbul edəcəksiniz ki, bir də heç zaman «Mənim heç vaxt bəxtim gətirmir» frazasını təkrarlamayacaqsınız.
“Ədəbiyyat və incəsənət”
(03.06.2024